Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-4197/2024 16.11.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Mirhəsənli Mirnəsir Mirfazil oğlunun sədrliyi, Məhkəmə iclas katibi Teymurov Ayaz Yunus oğlunun katibliyi, Cavabdeh2 iştirakı ilə, İddiaçı BOKT ASC-nin cavabdehlər Cavabdeh2, Cavabdeh6, Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı mənzildən istifadə hüquqlarına xitam verilmiş hesab edilməsi və mənzilin boşaldılması tələbi barədə iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı BOKT ASC-nin cavabdehlər Cavabdeh2, Cavabdeh6, X9, X12, Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı fərdi yaşayış evinin boşaldılması və mülkiyyətçiyə təhvil verilməsi tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2, Cavabdeh6, Cavabdeh1, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllə, ev 16 ünvanında yerləşən 38 saylı mənzildən istifadə hüquqlarına xitam verilmiş hesab edilməsi, cavabdehlər Cavabdeh2, Cavabdeh6, Cavabdeh1, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və mənzildə yaşayan digər şəxslərin həmin mənzildən əşyaları ilə birlikdə çıxarılmaları, mənzilin boşaldılması və İddiaçı BOKT ASC-nə təhvil verilməsi, ödənilmiş dövlət rüsumu 100 manatın İddiaçı BOKT ASC-nin xeyrinə cavabdehlərdən tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı BOKT ASC ilə cavabdeh Hüseynov Əyyub Fərhad oğlu arasında bağlanmış 12 avqust 2015-ci il tariхli, 2015/00131- 01 №-li Krеdit Müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə 60 ay müddətinə illik 28% hesablanmaq şərti ilə 28 000 ABŞ dolları məbləğində krеdit vеrilmişdir. Krеdit müqaviləsinin təminatı оlaraq cavabdeh Hüseynov Əyyub Fərhad oğlu mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən daşınmaz əmlakını ipoteka predmeti kimi İddiaçı BOKT ASC təqdim etmiş və bu barədə İpoteka Müqaviləsi bağlanmışdır. Hüseynov Əyyub Fərhad oğlu tərəfindən kredit üzrə ödənişlər mütəmadi olaraq pozulduğundan İddiaçı BOKT ASC tərəfindən ona qarşı borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair Abşeron rayon Məhkəməsində iddia qaldırılmışdır. Abşeron Rayon Məhkəməsinin 2(012)-515/2018 saylı, 27 sentyabr 2018-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək cavabdeh Hüseynov Əyyub Fərhad oğlundan yaranmış borcun tutulması və tutmanın cavabdehin mülkiyyətində olan ipoteka predmeti olan ünvan 1 ünvanında yerləşən daşınmaz əmlakına yönəldilməsi, həmin əmlakın ilkin satış qiyməti 90 000 manat olmaqla açıq hərracda satılması, satışdan əldə olunan pul hesabına yaranmış borcun bağlanması qət edilmişdir. Qeyd olunan qətnamədən cavabdeh Hüseynov Əyyub Fərhad oğlu apellyasiya şikayəti vermişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 01 mart 2019-cu il tarixli 2(105)-1001/2019 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin olunmamışdır. Qeyd olunan qətnamədən cavabdeh Hüseynov Əyyub Fərhad oğlu kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(102)-5231/2019 saylı qərarı ilə kassasiya şikayəti təmin edilməmişdir. Abşeron Rayon Məhkəməsinin 2(012)-515/2018 saylı, 27 sentyabr 2018-ci il tarixli qətnaməsi üzrə verilmiş icra vərəqəsinə əsasən, Abşeron rayon İcra və Probasiya Şöbəsinin sifarişinə əsasən ipoteka predmeti açıq hərracda satılması üçün “X15” MMC-yə göndərilmişdir. Həmin əmlak açıq hərraca çıxarılmış, lakin satılmadığından İpoteka haqqında Azərbaycan Respublikası Qanunun 43.7-ci maddəsinə əsasən İddiaçı BOKT ASC-yə təklif edilmişdir. “X15” MMC ilə İddiaçı BOKT ASC arasında “hərracın yekunları üzrə əmlakın alqı-satqısı müqaviləsi” bağlanmış və hərracın nəticələri haqqında Yekun Protokol imzalanmışdır. Həmin müqaviləyə və hərracın nəticələri haqqında yekun protokola əsasən Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət ReyestrindənA bşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllə, ev 16, mənzil 38 ünvanında yerləşən daşınmaz əmlaka İddiaçı BOKT ASC-nin mülkiyyət hüququnu təsdiq edən çıxarış alınmışdır (Qeydiyyat № **********, tarix: xx.xx.2020). Hüseynov Əyyub Fərhad oğlu xx.xx.2020-ci ildə vəfat etmişdir. İpoteka predmeti olan əmlakın İddiaçı BOKT ASC-nin mülkiyyətinə keçməsinə baxmayaraq, cavabdehlər hal-hazırdada ünvan 1 ünvanında qeydiyyatdadırlar və həmin ünvanda yaşayırlar. Bu isə bir mülkiyyətçi kimi İddiaçı BOKT ASC-nin hüquqlarını pozur, mənzildən istifadə etmək və sərəncam vermək hüququnu məhdudlaşdırır. Buna görə də hazırki iddianın qaldırılması zərurəti yaranmışdır. Göstərilənlərə əsasən iddia təmin edilməlidir. İddiaçı BOKT ASC-nin nümayəndəsi X3 məhkəməyə ərizə ünvanlayaraq, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh2 iddia tələbinə etiraz edərək bildirdi ki, onlar evi satıb iddiaçının pulunu ödəmək istəylər. İddiaçı əvvəl qəbul etsə də, sonra razılaşmadı. İcrada 33 min manat borc var. Lakin bank onlardan faiz və cərimə də ödənilməsini tələb edir. Onlar ödəniş etməyə etiraz etmirlər. Cavabdehlər Cavabdeh6, Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Belə olan halda məhkəmə Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən işə digər cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə cavabdehin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirərək və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. İş materiallarından olan X2 Yekunları barədə xx.xx.2020-ci il tarixli 13/01 №-li protokolundan müəyyən edilir ki, “X15” MMC tərəfindən keçirilən hərrac zamanı Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllə, 16 nömrəli evin, 38 nömrəli mənzili 57375 manata olmaqla İpoteka haqqında Azərbaycan Respublikası Qanunun 43.7-ci maddəsinə əsasən ipoteka saxlayan İddiaçı BOKT ASC-yə təklif edilmişdir. İş materiallarından olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan müəyyən olunur ki, ünvan 2 mənzil İddiaçı BOKT ASC-nin adına xüsusi mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2020-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. İş materiallarından olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən X1 verilmiş ******* saylı, xx.xx.2022-ci il tarixli Yaşayış yeri üzrə qeydiyyat haqqında arayışın surətindən müəyyən edilir ki, ünvan 2 mənzildə Cavabdeh2, Cavabdeh6, Cavabdeh1, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və X5 qeydiyyatdadırlar. İş materiallarından olan AZ-İİ 108543 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.2020-ci il tarixdə Abşeron rayonu, Xırdalan şəhərində ölmüşdür. İş materiallarından olan xx.xx.2015-ci il tarixli ərizələrin surətindən görünür ki, Cavabdeh2, Cavabdeh3, Cavabdeh5, X6, X7 hər biri X4 məxsus ünvan 2 mənzilin ipotekaya qoyulmasına etiraz etmirlər, həmin əmlaka tutma yönəldiyi və o satıldıqda heç bir məhkəmə qətnaməsi tələb etmədən və məhkəməyə müraciət etmədən qeyd şərtsiz tərk etməyi öhdələrinə götürmüşlər. Məhkəmə tərəfindən işin araşdırılan hallarından müəyyən edilir ki, ünvan 2 mənzil məhkəmə qətnaməsi ilə açıq hərraca çıxarılmış, həmin əmlak iddiaçının mülkiyyətinə keçirilmiş və bu barədə ona müvafiq çıxarış verilmişdir. Lakin cavabdehlər həmin əmlakda yaşayırlar və oranın boşaldılmasından imtina edirlər. Bu səbəbdən iddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh6, Cavabdeh1, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllə, ev 16 ünvanında yerləşən 38 saylı mənzildən istifadə hüquqlarına xitam verilmiş hesab edilməsi, cavabdehlər Cavabdeh2, Cavabdeh6, Cavabdeh1, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və mənzildə yaşayan digər şəxslərin həmin mənzildən əşyaları ilə birlikdə çıxarılmaları, mənzilin boşaldılması və İddiaçı BOKT ASC-nə təhvil verilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ hissəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Həmin maddənin 2-ci hissəsinə əsasən, mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Konstitusiyasının 33-cü maddəsində göstərilmişdir ki, hər kəsin mənzil toxunulmazlığı hüququ vardır. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin tələbinə görə isə heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Qeyd olunan təminatların əsas mahiyyəti həm də ondan ibarətdir ki, qanunla müəyyən edilmiş hallar və ya məhkəmə qərarı istisna olmaqla mənzilin sahibinin iradəsi ziddinə heç kəs mənzilə zorla daxil ola bilməz. Mülki Məcəllənin 152-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadə hüququ əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Sərəncam hüququ əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə görə əgər mülkiyyətçiyə mülkiyyətdən məhrum etmədən maneələr törədilirsə, o, bu hərəkətlərə son qoymağı tələb edə bilər və bu cür hərəkətlər davam edərsə, həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 165-ci maddəsinə əsasən, sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Həmin Məcəllənin 178.1-ci maddəsində göstərilir ki, daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Həmin Məcəllənin 203.1-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat yazısı ləğv edildikdə, daşınmaz əmlaka mülkiyyət hüququ itirilir. Həmin Məcəllənin 228.2-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. V.Q. Teryoxinin şikayəti ilə əlaqədar Konstitusiya Məhkəməsi Plenumunun 15 yanvar 2010-cu il tarixli qərarında mülkiyyət hüququnun məzmununu təşkil edən sahiblik, istifadə və sərəncam hüququ ilə bağlı aşağıdakı hüquqi mövqe formalaşmışdır: “Mülki və torpaq qanunvericiliyinin müddəalarından da göründüyü kimi tərəflərin razılığı ilə yanaşı daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması barədə zəruri şərt həmin əşyaya mülkiyyət hüququnun tam həcmdə əldə edilməsi, xüsusilə də şəxsin onun barəsində sərəncam vermək hüququnun yaranması baxımından mühüm əhəmiyyət kəsb edir”. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Marks Belçikaya qarşı xx.xx.1979-cu il tarixli qərarında göstərmişdir ki, öz əmlakına sərəncam vermək mülkiyyət hüququnun adi və əsasını təşkil edən aspektidir. Mülkiyyətçi öz əmlakını satmaq, icarəyə vermək, girov qoymaq, bağışlamaq barədə öz mülahizəsinə görə qərar qəbul edə bilər. Əmlak üzərində sərəncam verərkən mülkiyyətçi konkret şəxslə (məsələn, əmlakı alanla, girov götürənlə və s.) hüquqi münasibətə girir. Bununla belə sərəncam hüququnun həyata keçirilməsi mülki münasibətlərin digər subyektlərinin maraqlarına toxuna bilər. Sərəncam hüququ sərəncam verən tərəfin daşınmaz əmlakın dövlət reyestrinə əsasən bu hüquqa malik olması ilə təsdiqlənir. Daşınmaz əmlaka mülkiyyət hüququnun məhdudlaşdırılması barədə məlumatlar dövlət reyestrində qeydiyyata alınır. Daşınmaz əmlakın dövlət reyestri Azərbaycan Respublikasının ərazisində aparılan vahid qeydiyyat toplumudur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra — “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun) 2.1-ci maddəsinə uyğun olaraq daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Mülki Məcəlləyə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər hansı fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir. Beləliklə məhkəmə qeyd edilənləri nəzərə alaraq hesab edir ki, cavabdehlər iddiaçıya məxsus mənzildə qanunsuz şəkildə yaşamaqla, onun həmin əmlak üzərində mülkiyyət hüquqlarını məhdudlaşdırmışlar. Belə olan halda cavabdehlər Cavabdeh2, Cavabdeh6, Cavabdeh1, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 ünvan 2 ünvandakı mənzildən əşyaları ilə birlikdə çıxarılmalı və həmin mənzilin boşaldılaraq İddiaçı BOKT ASC-yə təhvil verilməli, iddia tələbi bu hissədə təmin edilməlidir. Məhkəmə iddia tələbinin “cavabdehlərin istifadə hüququna xitam verilməsi” hissəsinə münasibətdə qeyd edir ki, həmin hissədə iddia tələbi əsassızdır və təmin edilməməlidir. Belə ki, cavabdehlərin mübahisəli mənzildən qanunla müəyyən edilmiş qaydada istifadə hüquqları mövcud deyildir. Ona görə də, məhkəmə hesab edir ki, olmayan istifadə hüququna məhkəmə qaydasında xitam verilməsi mümkün deyil. Mülki Prosessual Məcəllənin 107-ci maddəsində göstərilmişdir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbinin 100 manat rüsumun cavabdehlərdən tutulub iddiaçıya ödənilməsi hissəsi təmin edilməli, iddia ərizəsinin verilməsinə görə ödənilmiş 100 manat dövlət rüsumu müştərək qaydada cavabdehlər Cavabdeh2, Cavabdeh6, Cavabdeh1, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 tutularaq İddiaçı BOKT ASC-yə qaytarılmalıdır Beləliklə, qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, mülkiyyət hüququ ilə İddiaçı BOKT ASC-yə məxsus olan ünvan 1 ünvanında faktiki yaşayan cavabdehlər Cavabdeh2, Cavabdeh6, Cavabdeh1, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 həmin evdən əşyaları ilə birlikdə çıxarılmalı və daşınmaz əmlak (mənzil) boşaldılaraq İddiaçı BOKT ASC-yə təhvil verilməli, iddia ərizəsinin verilməsinə görə ödənilmiş 100 manat dövlət rüsumu müştərək qaydada cavabdehlər Cavabdeh2, Cavabdeh6, Cavabdeh1, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 tutularaq İddiaçı BOKT ASC-yə ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Belə ki, iddiaçı iddia tələbinin “digər şəxslərin mübahisəli evdən çıxarılmaları” hissəsi ilə bağlı sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Mülkiyyət hüququ ilə İddiaçı BOKT ASC-yə məxsus olan ünvan 1 ndə faktiki yaşayan cavabdehlər Cavabdeh2, Cavabdeh6, Cavabdeh1, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 həmin evdən əşyaları ilə birlikdə çıxarılsınlar və daşınmaz əmlak (mənzil) boşaldılaraq İddiaçı BOKT ASC-yə təhvil verilsin. İddia ərizəsinin verilməsinə görə ödənilmiş 100 manat dövlət rüsumu müştərək qaydada cavabdehlər Cavabdeh2, Cavabdeh6, Cavabdeh1, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 tutularaq İddiaçı BOKT ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Mirnəsir Mirhəsənli
Məhkəmə qərarları › İş №e-2(012)-4197/2024
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-4197/2024
16.11.2024 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mənzil mübahisələri - Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Mənzilə istifadə hüququna xitam verilməsi - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver