Məhkəmə qərarları › İş №e-2(012)-4942/2023

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-4942/2023

14.12.2023 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Sair mülki iş - Vərəsəlik hüququ üzrə mübahisələr - Digər - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-4942/2023 14.12.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Əliyeva Afaq Əkbər qızının katibliyi, İddiaçı və onun vəkili-nümayəndəsi Nümayəndə1, Cavabdeh1 vəkili-nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, reyestrdən çıxarışın ləğv edilməsi və vərəsəlik payının müəyyən edilməsi tələbinə dair mülki işə Xırdalan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, reyestrdən çıxarışın ləğv edilməsi və vərəsəlik payının müəyyən edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 ilə Cavabdeh2 arasında Abşeron rayon 2 saylı Notariat Ofisində xx.xx.2021-ci il tarixində ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 339.3 kv.metr olan qeyri-yaşayış sahəsinə dair bağlanmış bağışlama müqaviləsinin etibarsız (əhəmiyyətsiz) hesab edilməsi, həmin müqavilə əsasında Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Cavabdeh1 adına verilmiş **********305101-083002 reyestr nömrəli, ********* qeydiyyat nömrəli, xx.xx.2021-ci il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 339.3 kv.metr olan qeyri-yaşayış sahəsi üzərində İddiaçı vərəsəlik payının müəyyən edilməsi, 100 manat dövlət rüsumunun əvəzinin və 100 manat hüquqi xidmət xərcinin Cavabdeh1 tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələb bununla əsaslandırılmışdır ki, Cavabdeh1 onun qardaşı, Cavabdeh2 isə anasıdır. X2 xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. X4 və Cavabdeh2 02 oktyabr 1972-ci ildə nikaha daxil olmuşlar. Onlar birgə nikah dövründə birgə gəlirləri hesabına xx.xx.2005ci il tarixində ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 339.3 kv.metr olan qeyri-yaşayış sahəsini əldə etmişlər. Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi tərəfindən verilmiş dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında xx.xx.2005-ci il tarixli şəhadətnamədən görünür ki, Cavabdeh2 ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 339.3 kv.metr olan qeyri-yaşayış sahəsi üzərində hüquqları rəsmiləşdirilmişdir. Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş MA ******* nömrəli, xx.xx.2007-ci il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllədəki 0.17 ha torpaq sahəsində yerləşən 1 nömrəli binanın 7- 8-ci girişinin 1-ci mərtəbəsində 339.3 kv.metr ümumi, 150.9 kv.metr əsas, 188.4 kv.metr köməkçi sahədən ibarət qeyri-yaşayış sahəsi tam mülkiyyət hüququ üzrə Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrində 1 nömrəli reyestr kitabının 34 nömrəli vərəqində qeydiyyata alınmışdır. Atası vəfat edəndən sonra qardaşı Cavabdeh1 xx.xx.2021-ci il tarixində (yəni atasının vəfatından 45 gün sonra) anasının ağır itkisindən istifadə edərək, onu aldadaraq həmin qeyri-yaşayış sahəsinin ona bağışlanmasına nail olmuşdur. Belə ki, xx.xx.2021-ci il tarixli daşınmaz əmlakın bağışlama müqaviləsinin surətindən görünür ki, Cavabdeh2 ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 339.3 kv.metr olan qeyri-yaşayış sahəsini övladı Cavabdeh1 mülkiyyətinə vermişdir. Məlum olduğu kimi, valideynləri həmin daşınmaz əmlakı birgə nikah dövründə birgə gəlirləri hesabına əldə etmişlər, yəni həmin daşınmaz əmlak anasının adına qeydiyyata alınsa da, qanuna görə həmin daşınmaz həm ata və anasının birgə mülkiyyəti hesab olunur. Qeyd edilən bağışlama müqaviləsi onun mülkiyyət hüququnu, başqa bir ifadə ilə qanunun imperativ normalarını pozduğu üçün etibarsızdır. Göstərilənlərə əsasən iddia təmin edilməlidir. Məhkəmə iclasında İddiaçı və onun vəkili-nümayəndəsi Nümayəndə1 iddianın təmin edilməsini xahiş etdilər. Məhkəmə iclasında Cavabdeh1 vəkili-nümayəndəsi Nümayəndə2 iddia tələbini qəbul etmədi. O bildirdi ki, hazırki tələb üzrə iddia müddəti də ötürülmüşdür. O, bu barədə məhkəməyə ərizə təqdim etdi. Digər Cavabdeh2, həmçinin mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Abşeron rayon 2 saylı Notariat Ofisi və DƏDKR PHŞ 4 saylı Abşeron Ərazi İdarəsi məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh və üçüncü şəxslərin nümayəndələri məhkəməyə gəlməmişlər. MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə mülki işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, işin materiallarını araşdırıb hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməməlidir. İş materiallarında olan dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında 000010 saylı, xx.xx.2005-ci il tarixli şəhadətnamənin surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 339.3 kv.metr olan qeyri-yaşayış sahəsi Cavabdeh2 34201000 köhnə, 6840,20 yeni manata satılmışdır. İşdə olan xx.xx.2021-ci il tarixli arayışdan görünür ki, X4 ilə X12 xx.xx.1972-ci il tarixdə nikaha girmişlər. Nikahdan sonra arvada Xalıqova soyadı verilmişdir. İşdə olan MH ******* saylı, xx.xx.2007-ci il tarixli reyestrdən çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 339.3 kv.metr olan qeyri-yaşayış sahəsi Cavabdeh2 mülkiyyətindədir. Obyektlə bağlı onun adına texniki pasport tərtib edilmişdir. İşdə olan ölüm haqqında AZ-İİ 234125 saylı şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.2020-ci il tarixdə ölmüşdür. İşdə olan xx.xx.2021-ci il tarixli bağışlama müqaviləsindən görünür ki, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 339.3 kv.metr olan qeyri-yaşayış sahəsini Cavabdeh2 Cavabdeh1 bağışlamışdır. İşdə olan ********* qeydiyyat nömrəli, xx.xx.2021-ci il tarixli reyestrdən çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 339.3 kv.metr olan qeyri-yaşayış sahəsi Cavabdeh1 mülkiyyətindədir. Obyektlə bağlı onun adına texniki pasport tərtib edilmişdir. İşdə olan Abşeron Rayon Məhkəməsinin 26 aprel 2022-ci il tarixli qətnaməsindən görünür ki, Cavabdeh2 Cavabdeh1 qarşı bağışlama müqaviləsinin etibarsız sayılması və əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi barədə iddia tələbinin təmin edilməməsi, iddia təmin edilmədiyindən dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. İşdə olan Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 07 mart 2023-cü il tarixli qətnaməsindən görünür ki, apellyasiya şikayəti qismən təmin olunmuş, Abşeron Rayon Məhkəməsinin 26 aprel 2022-ci il tarixli qətnaməsi ləğv olunmuş, yeni qətnamə qəbul edilərək iddia tələbi rədd edilmişdir. İşdə olan Ali Məhkəmənin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli qərarından görünür ki, kassasiya şikayəti təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 07 mart 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Baxılan iş üzrə iddia tələbi əqdin etibarsız sayılması və onun əsasında verilmiş çıxarışın ləğvi barədədir. İddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa, hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Avropa Məhkəməsi dəfələrlə qeyd etmişdir ki, istənilən hüquq sistemində norma nə qədər dəqiq tərtib olunsa da, məhkəmə şərhi qaçılmazdır. Anlaşılmayan məqamların izah olunmasına hər zaman ehtiyac olacaq. Müəyyənlik arzuedilən olsa da, bəzən lüzumsuz sərtliklə müşayiət oluna bilər, halbuki hüquq dəyişən şəraitlə addımlamaq xüsusiyyətinə malik olmalıdır. Müvafiq olaraq bir çox qanunlar qaçılmaz terminlərin istifadəsi ilə tərtib olunmuşlar ki, onlar az və ya çox dərəcədə qeyri-müəyyəndir, onların şərhi və tətbiqi təcrübədən asılıdır. Hüquq müddəasının müxtəlif cür təfsir olunması özü-özlüyündə öncədən görmə tələbinin pozulmasına gətirib çıxarmır. İşlərə baxılarkən məhkəmələrin üzərinə qoyulmuş rol ondan ibarətdir ki, onlar bu cür şübhələri təfsirlə aradan götürsünlər. (Böyük Palatanın CentroEuropa 7 S.R.L. və X10rşı iş üzrə 7 iyun 2012-ci il tarixli Qərarı, §141; X7 və digərləri Polşaya qarşı iş üzrə 17 Fevral 2004-cü il tarixli Qərarı, § 65; X1rşı iş üzrə 20 May 1999-cu il tarixli Qərarı § 34). İddiaçının anası Cavabdeh2 Şirinbala Xalıqovla xx.xx.1972-ci ildə rəsmi nikaha daxil olması, bu nikahdan Zülfiyyə, Zaur, Sevinc, Əminə və Seymur adlı uşaqların doğulması, Şirinbala Xalıqovun xx.xx.2020-ci ildə vəfat etməsi və mübahisəli ünvan 2 ünvanda yerləşən 339,3 kv.metr sahəsi olan qeyri-yaşayış sahəsinin xx.xx.2007-ci il tarixli çıxarışa əsasən Cavabdeh2 məxsus olması işin mübahisəsiz halıdır. Hazırki iddia ərizəsinin məzmunundan görünür ki, iddiaçı müqavilənin etibarsızlığı əsası kimi mübahisəli əmlakı anası ilə mərhum atasının birgə nikah dövründə əldə etmələrinə, atasının qırx mərasimi çıxandan dərhal sonra bu əmlak barəsində anasının sərəncam verməsinə, notariusun əmlak barəsində sərəncam verən tərəfin bu hüququnu müqaviləni təsdiq edərkən yoxlamalı olmasına, lakin müqaviləni təsdiqləmiş notariusun qanunvericiliyin bu tələbini pozduğuna, beləliklə, atası öləndən sonra həmin əmlakda onun vərəsəlik payının mövcud olmasına istinad etmişdir. İşdən görünür ki, mübahisəli əmlak xx.xx.2007-ci il tarixdən Cavabdeh2 məxsus olmuşdur. Əmlak onunla Şirinbala Xalıqovun nikahda olduqları vaxt əldə edilsə də (xx.xx.2005-ci il tarixdə), yalnız Cavabdeh2 adına qeydə alınmış, mərhum Şirinbala Xalıqovun bu əmlakın birgə nikah zamanı əldə edilmiş hesab edilməsi barədə tələbi olmamışdır. Onun ölümündən sonra övladı İddiaçı belə bir tələb irəli sürməsi mövcud qanunvericiliyə ziddir. Mülki Məcəllənin 225.1-ci maddəsinə əsasən ər-arvadın nikah dövründə qazandıqları əmlak əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Ailə Məcəlləsinin 36.1-ci maddəsinin tələbinə görə ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan hər birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ər-arvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir. Həmin Məcəllənin 37.1-ci maddəsinə əsasən ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Həmin Məcəllənin 37.2-ci maddəsinin tələbinə görə ayrı-ayrı hallarda məhkəmə yetkinlik yaşına çatmayan uşaqların mənafeyini və (və ya) ərin (arvadın) diqqətəlayiq mənafeyini, o cümlədən ər-arvaddan biri üzürsüz səbəbdən gəlir əldə etmədiyi və ya birgə mülkiyyəti ailənin mənafeyinə zidd olaraq sərf etdiyi halları nəzərə alıb, onların birgə mülkiyyətinin bölünməsi zamanı payları bərabər bölməyə bilər. Mülki Məcəllənin 225.4-cü maddəsinə əsasən ər-arvaddan hər birinin əmlakı o halda onların birgə mülkiyyəti sayıla bilər ki, nikah dövründə ərlə arvadın ümumi əmlakı və ya ərin (arvadın) şəxsi əmlakı hesabına həmin əmlakın dəyərini əhəmiyyətli dərəcədə artıran vəsait qoyulduğu (əsaslı təmir, yenidənqurma, yeni avadanlıqla təchizetmə və i.a.) müəyyənləşdirilsin. Əgər nikah kontraktında və ya ərlə arvadın razılaşmasında ayrı qayda nəzərdə tutulubsa, bu qayda tətbiq edilmir. Qeyd edildiyi kimi, iş materiallarında mübahisəli əmlakın Cavabdeh2 ilə Ş.Xalıqovun birgə nikahı zamanı birgə vəsait hesabına əldə edilməsi barədə hər hansı mötəbər sübut yoxdur (məhkəmə qətnaməsi, nikah kontraktı, razılaşma və s.). Hazırda isə onların övladı İddiaçı belə bir tələblə çıxış etməsi mövcud qanunvericiliyə əsasən yolverilməzdir. Başqa sözlə, Cavabdeh2 özünə məxsus əmlakı övladı Cavabdeh1 bağışlayarkən heç bir qanun pozuntusu törədilməmiş, bu zaman hər hansı şəxsin hüququ pozulmamışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə görə bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən olunan faktlar həmin şəxslərin iştirak etdiyi başqa mülki işlərə baxıldıqda yenidən sübut edilmir. İşdən, həmçinin görünür ki, Cavabdeh2 hazırki tələbə yaxın iddia ilə məhkəməyə müraciət etmiş və son nəticədə onun iddiası təmin edilməmişdir. Qanuni qüvvəyə minmiş məhkəmə aktlarından görünür ki, xx.xx.2021-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsi elektron qaydada hər iki tərəfin iştirakı ilə tərtib edilməklə imzalanmışdır. Həmin iş üzrə tərəflər arasında əqdin etibarsızlığına əsas olan hallar, yəni mübahisələndirilən əqdin bağlanması zamanı mülki qanunvericilikdə müəyyənləşdirilmiş şərtlərin pozulması halları mövcud deyildir. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir (Mülki Məcəllənin 324.1, 324.2, 342.4 və 324.5-ci maddələri). Hər hansı əqdin (o cümlədən alqı-satqı müqaviləsinin) etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir (Konstitusiya Məhkəməsi Plenumunun 12 aprel 2004-cü il tarixli qərarı). Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır (Mülki Məcəllənin 337.1., 337.2-ci maddələri). Cavabdehlər arasında bağlanmış əqd qanuni olduğundan məhkəmə onun əsasında Cavabdeh1 adına verilmiş **********305101-083002 reyestr nömrəli, ********* qeydiyyat nömrəli, xx.xx.2021-ci il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi üçün heç bir əsas tapmır. Belə ki, Mülki Məcəllənin 140-cı maddəsinə görə reyestrin məzmununun qeyridəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Qeyd edildiyi kimi, mübahisəli əmlakda mərhum Ş.Xalıqovun payı olmadığından bu əmlak miras kütləsinə daxil ola bilməz (Mülki Məcəllənin 1151.1-ci maddəsi). Bu əsasla məhkəmə hesab edir ki, orada iddiaçının miras payının müəyyən edilməsi barədə tələb də əsassızdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Mülki prosessual qanunvericiliyə əsasən, iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Beləliklə, məhkəmə hesab edir ki, birinci növbədə sübutetmə yükü cavabdehin yox, iddiaçının üzərinə düşür və hazırki halda onun tərəfindən iddia sübut edilmədiyindən təmin edilməməli olduğu halda cavabdehin öhdəsinə bunu təkzib edən sübutların gətirilməsi vəzifəsinin qoyulması və bu səbəbdən onun əleyhinə qərar çıxarılması yolverilməzdir. Məhkəmə iddia tələbi ilə əlaqədar qeyd edir ki, iddiaçı əqdin etibarsız hesab edilməsini xahiş etsə də, onun etibarsız hesab edilməsi üçün qanunla nəzərdə tutulmuş əsaslardan hər hansı birinin mövcud olması barədə sübutları məhkəməyə təqdim edə bilməmiş, habelə məhkəmə araşdırması zamanı da belə bir əsas müəyyən edilməmişdir. Yuxarıda qeyd edilən hüquq normalarını hazırki işə tətbiq edən məhkəmə hesab edir ki, mübahisələndirilən əqd tərtib edilərkən sadalanan hüquq normalarının pozuntusu halları olmamışdır. Belə olan halda qeyd edilən bağışlama müqaviləsinin etibarsızlığından, reyestrdən çıxarışın ləğv edilməsindən və vərəsəlik payının müəyyən edilməsindən söhbət gedə bilməz. MPM-nin 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Bu normanın tələbinə görə məhkəməyə müraciət etmiş şəxs birinci növbədə özünün hansı hüquq və azadlığının, eləcə də maraqlarının pozulduğunu sübut etməli və bundan sonra onların təmin edilməsini tələb etməlidir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, reyestrdən çıxarışın ləğv edilməsi və vərəsəlik payının müəyyən edilməsi barədə iddia tələbi əsassız hesab edilməklə təmin edilməməlidir. Məhkəmə iddia müddətinin tətbiqi barədə ərizəyə hüquqi qiymət verərək bildirir ki, hazırki iddia tələbinin qanuni əsası olmaması səbəbi ilə tələb təmin edilmədiyindən iddia müddətinin tətbiqi barədə ərizə təmin edilə bilməz. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edilmədiyindən iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.3-cü və 217.4-cü maddələrinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, reyestrdən çıxarışın ləğv edilməsi və vərəsəlik payının müəyyən edilməsi barədə iddia tələbi təmin edilməsin. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumu İddiaçı özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver