Məhkəmə qərarları › İş №e-2(012)-615/2023

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-615/2023

30.01.2023 · Mənzil mübahisələri - Mənzilə mülkiyyət hüququnun tanınması - Sair mülki iş - Sair mülki iş - Mənzil mübahisələri - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Digər - Maneənin aradan qaldırılması - Mənzilə istifadə hüququnun tanınması -
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-615/2023 30.01.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Kiçibəyov Fərid Faiq oğlunun katibliyi ilə, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh Mənzil Tikinti Kooperativinə qarşı mənzilin təhvil verilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MTK-ya qarşı mənzilin təhvil verilməsi tələbinə dair iddia ərizəsi ilə Abşeron rayon Məhkəməsinə müraciət edərək, X12 ilə Cavabdeh MTK arasında bağlanmış xx.xx.2019-cu il tarixli AZ/B01/MR13/MN105/TRP/270819 saylı müqaviləyə əsasən, Abşeron rayonu, Masazır qəsəbəsində inşa edilən yaşayış kompleksində 01 saylı binanın 13-cü mərtəbəsində, 2 otaqdan ibarət ümumi sahəsi 79.69 kv.m olan 105 saylı mənzilin ayrılaraq X1 və istifadəsinə verilməsi vəzifəsinin Cavabdeh MTK-nın üzərinə qoyulması və mənzil üzərində sahiblik və istifadə hüquqlarının həyata keçirilməsinə hər hansı maneələrin yaradılmasının cavabdehə qadağan edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq) 53-cü maddəsinin tələblərinə əsasən, iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, iddia ərizəsinin “Xahiş edirəm” hissəsində yol verilmiş texniki yanlışlığın aradan qaldırılaraq “X12”nun “İddiaçı” kimi nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh MTK ilə İddiaçı arasında xx.xx.2019-cu il tarixdə bağlanmış AZ/B01/MR13/MN105/TRP/270819 saylı müqaviləyə əsasən, Masazır qəsəbəsində inşa edilən yaşayış kompleksində 01 saylı binanın 13-cü mərtəbəsində, 105 saylı, 2 otaqdan ibarət sahəsi 79.69 kv.m olan mənzil hər kvadratı 650 manatdan olmaqla, 51798.5 manat ödənilməklə İddiaçı satılmışdır. Müqaviləyə əsasən, mənzilin dəyəri iddiaçı tərəfindən tam ödənildiyindən bu barədə xx.xx.2019-cu il tarixdə B1/105 saylı maliyyə arayışı verilmişdir. Bağlanmış müqavilənin 7.6-cı bəndinə əsasən, mənzilin dəqiqləşdirilmiş sahəsinin dəyərinin 70 faizindən az olmayan hissəsinin ödənilməsi şərti ilə alıcı yaşayışa buraxılmalı idi. Həmin müqavilənin 7.8-ci bəndinə əsasən isə mənzilin dəyərinin 100 faiz ödənilməsi şərti ilə alıcıya maliyyə arayışı verilir. İddiaçı tərəfindən mənzilin dəyəri tam ödənilməsinə, bu barədə maliyyə arayışı verilməsinə, bina tikilərək ayrı-ayrı vətəndaşların təmir aparmasına icazə verilməsinə baxmayaraq, müqavilədə nəzərdə tutulan mənzil iddiaçıya təhvil verilməmiş və yaşayış sahəsinə buraxılmamışdır. Bu barədə dəfələrlə şifahi olaraq Cavabdeh MTK-ya bildirilsə də heç bir nəticəsi olmamış, müxtəlif bəhanələr gətirərək, əlavə vəsait almaqla cavabdeh əsassız olaraq varlanmaq iddiasına düşmüşdür. Bu barədə xx.xx.2022-ci il tarixdə iddiaçı rəsmi qaydada Cavabdeh MTK-ya məktub yazmaqla, müqavilə öhdəliklərini yerinə yetirməsini tələb etmiş, lakin heç bir hərəkət olunmamış və iddiaçının hüquqları kobud şəkildə pozulmuşdur. Cavabdeh MTK ilə bağlanmış müqavilənin 7.9-cu bəndinə əsasən, bu müqavilənin şərtlərindən irəli gələn bütün hüquq və öhdəliklər tərəf və onların hüquqi nümayəndələri üçün zəruridir. Ona görə də göstərilənlərə əsasən, iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılması məhkəmədən xahiş olunmuşdur. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsini müdafiə edərək təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmiş və əlavə olaraq, izahatında göstərmişdir ki, iddiaçı cavabdeh MTK ilə bağlanmış müqaviləyə əsasən, aldığı mənzilin təhvil verilməsi ilə bağlı müraciət etmiş, lakin MTK tərəfindən mənzil ucuz qiymətə alındığından və əlavə olaraq, 15000 manat pul vəsaitinin ödənilməsi əsas gətirilmişdir. İddiaçı bundan imtina edərək məhkəmə qaydasında mənzilin verilməsini tələb etmək məcburiyyətində qalmışdır. Həmin proseslərdə iştirak etmiş şahid də təsdiq edə bilər ki, mübahisəli mənzil iddiaçı tərəfindən X3 alınmış, onlar MTK-ya getmiş, MTK-nın rəhbərliyi X4 müqaviləsinə və maliyyə arayışına baxmış, heç bir problem olmadığını nəzərə almışdır. Əksinə, MTK tərəfindən əlavə olaraq, 1300-1400 manat pul alınmışdır ki, mənzil guya bir şəxsdən digər şəxsin adına keçirilmişdir. Ola bilsin ki, müqaviləyə imza atmış Vüsal Atakişiyev MTK-da müavin ola bilər, lakin möhür ondadır, səlahiyyəti yoxdursa, hansı əsasla möhür vuraraq imza atmışdır. Səlahiyyəti yoxdursa, ona həmin öhdəliyin hansı əsasla həvalə edilməsi bəlli deyildir. Əlavə olaraq, evin çıxarışı MTK tərəfindən verilmişdir. İddiaçıya onsuz da müqavilənin ləğv olunduğu bildirilmişdir. Halbuki, birtərəfli qaydada ləğv edilməsi qanunaziddir. Həmin MTK-nın inşa etdiyi bina hündür yaşayış binası olsa da, orada nə qədər mənzillərin olması barədə məlumatı yoxdur. İddiaçıya MTK tərəfindən bildiriş təqdim olunsa da, həmin məktub onların pretenziyasından sonra cavab olaraq göndərilmişdir. Mülki Prosessual Məcəllənin: 62.1 maddəsinə əsasən, məhkəmə tərəfindən mübahisənin düzgün həlli məqsədi işin halları barədə məlumatı olan hər bir şəxs şahid qismində dindirilə bilər. 76.1-ci və 76.2 maddələrinə əsasən, işdə iştirak edən şəxslərin izahatları, eləcə də şahidlərin ifadələri sübutların bir növü kimi qəbul edilir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli, hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadəsində göstərmişdir ki, İddiaçı onun qudasıdır. Qudası ev almaq istədiyini ona bildirmişdir. Qudasının qızı onun gəlinidir. İddiaçı Naxçıvan Muxtar Respublikasının Nehrəm kəndində yaşayır. Tanış makler vasitəsilə Şəhadət adlı adını tam dəqiq xatırlamadığı şəxsin evini təcili satmaq istədiyini bilmişlər. MTK-ya gedəndə Şəhadətin müqaviləsinə, maliyyə arayışına və sənədlərinə baxılmış, problem olmadığı bildirilmişdir. O vaxt icraçı direktor Atakişiyev soyadlı şəxs idi. Mühasibatlığa daxil olanda əməkdaş olan bir rus xanım sənədlərin qaydasında olduğunu bildirmişdir. Həmin vaxt cavabdehlik daşıyan şəxs Atakişiyev soyadlı şəxs və alçaqboylu digər şəxs idi ki, həmin şəxs də hazırda, Atakişiyev soyadlı şəxsin səlahiyyətlərini icra edir. Atakişiyevin yanına getmişlər və o, sənədlərə baxıb problem olmadığını bildirmişdir. Mənzili o vaxt vətəndaş satmışdır. Sənədləşdirmə üçün mənzili satan adam 1000 manat verməli idi, hətta şirkətdə 1500 manat deyilmişdir. Ona görə də onlar 500 manat, mənzili satan adam isə 1000 manat vermiş, maliyyə arayışı, müqavilə təzələnmiş, İddiaçı adına keçirilmişdir. Müqaviləyə onun qudası, maliyyə arayışına isə Atakişiyev və mühasib imza atmışdır. Bir neçə dəfə mənzilə getmişlər, lakin onları içəri buraxmırlar. Həmçinin, bu hal dəfələrlə baş vermişdir. Səbəb isə onların mənzili ucuz qiymətə alması ilə bağlı irəli sürülən iradlardır. Müqavilənin ləğv olunması ilə bağlı onun məlumatı yoxdur. Yəqin ki, İddiaçı bu barədə məlumatı olsaydı, güman ki, ona da məlumat verərdi. İddiaçı kənddə təsərrüfat işi ilə məşğuldur, bu səbəbdən də, bəlkə də bu barədə bilməzdi. Onlar mənzilə gedəndə də bu barədə onlara məlumat verilməmişdi. Mənzilə buraxmayaraq mənzilin onlardan alınmadığını bildirmişlər. Halbuki, o, 50000 manatlıq maşınını 30000 manata satıb pul düzəltmişdir. MTK-nın binası binanın altında, açıq bir yerdə, Abşeron rayonu Masazır kəndində “Qurtuluş-93” yaşayış kompleksinin arxa tərəfində yerləşir. Alış-veriş isə mənzili satan şəxslə Atakişiyev arasında olmuşdur. Ona görə də həmin şəxsin səlahiyyəti olub-olmaması barədə məlumat öyrənməmişlər. Cavabdeh MTK-ya məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də, cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq) 185.5. maddəsinə əsasən, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin izahatını, şahid ifadəsini dinləyib, mülki iş materiallarını nəzərdən keçirərək və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi təmin edilməlidir. Belə ki, mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: -Satıcı Cavabdeh MTK ilə alıcı İddiaçı arasında bağlanmış xx.xx.2019-cu il tarixli AZ/B01/MR13/MN105/TRP/270819 saylı müqavilənin surətindən görünür ki, satıcı Abşeron rayonu Masazır qəsəbəsində inşa etdiyi 1 saylı binanın 13-cü mərtəbəsində 2 otaqlı ümumi sahəsi 79.69 kv.m, hər kv.m-i 650 manatdan olan 105 saylı mənzili tam dəyəri 51798.50 manat olmaqla alıcıya satmışdır. Müqavilənin 1.3-cü və 1.4-cü bəndlərinə əsasən, alıcı tərəfindən seçilən mənzilin dəyəri bu müqavilənin 1.2-ci bəndinə əsasən müəyyən olunur və 51798.50 manat təşkil edir. Mənzilin dəyərinə tikinti xərcləri və rüsumlar daxildir. Müqavilənin 2.3-cü bəndinə əsasən, alıcı mənzilin dəyərinin ödənişini müqavilənin 2.2.1. bəndində göstərilən birdəfəlik tam ödəniş üsulunu seçir, belə ki, müqavilənin 1.3. bəndində göstərilən 51798.50 manat məbləğin 100%-ni müqavilə bağlandığı tarixdə satıcıya ödəyir. Müqavilənin 4.1.2-ci bəndinə əsasən, tərəflərin bu müqavilə ilə öz üzərinə götürdükləri öhdəlikləri yerinə yetirmədiyi halda bu müqavilə pozula bilər. -Cavabdeh MTK tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli B1/105 saylı maliyyə arayışından görünür ki, İddiaçı həqiqətən, Abşeron rayonu, Masazır qəsəbəsində Cavabdeh MTK tərəfindən inşa edilən yaşayış kompleksində AZ/B01/MR13/MN105/TRP/270819 saylı xx.xx.2019-cu il tarixli müqavilə əsasında aldığı bina 1, mərtəbə 13, sahəsi 79.69 kv.m olan 2 otaqlı 105 saylı mənzilin 51798.50 manat dəyərini tam ödəmişdir. -Cavabdeh MTK-nın İddiaçı ünvanladığı xx.xx.2022-ci il tarixli 20 saylı məktubdan görünür ki, İddiaçı Cavabdeh MTK-ya vermiş olduğu müraciətə cavab olaraq bildirilmişdir ki, xx.xx.2019-cu il tarixli AZ/B01/MR13/MN105/TRT/270819 saylı müqavilə və maliyyə arayışı mənzilin dəyəri olan 51798.50 manat pul MTK-nın xəzinəsinə ödənilmədiyindən dəfələrlə bu barədə xəbərdarlıq edildikdən sonra xx.xx.2020-ci il tarixdə ləğv edilmişdir. Araşdırma zamanı müəyyən edilmişdir ki, MTK-ya məxsus mənzilin qiyməti müqavilədə göstərilən 51798.50 manat pulun MTK-nın xəzinəsinə ödənilməsini öhdəsinə götürdüyü halda, İddiaçı və X4 izahatlarından görünür ki, İddiaçı həmin pulun yalnız 28000 manatını Şəhadət Mustafayevə ödəmişdir. Şəhadət isə öz növbəsində, həmin pulu MTK-nın xəzinəsinə ödəmək əvəzinə, guya X9 ona borcu olmasını əsas götürərək mənimsəmişdir. Yəni, mənzilin pulu İddiaçı tərəfindən müqavilə əsasında götürdüyü öhdəliyə əsasən, MTK-nın xəzinəsinə mədaxil edilməmişdir. İddiaçı təqdim etmiş olduğu müqavilə və maliyyə arayışı Cavabdeh MTK-da qeydiyyatı aparılan müqavilələrin qeydiyyatı jurnalında aşkar edilməmişdir. Yəni, İddiaçı təqdim etmiş olduğu müqavilə və maliyyə arayışı MTKdan kənarda aparılmışdır. Mülki Məcəllənin 441-ci maddəsinə əsasən, İddiaçı ilə MTK arasında bağlanmış müqavilə şərtləndirilmiş müqavilə hesab edilir, yəni, İddiaçı MTK-ya məxsus mənzilin dəyəri olan 51798.50 manat pulu ödəməyi öhdəsinə götürmüş, MTK isə həmin pul tam ödənildikdən sonra mənzili İddiaçı sahibliyinə verməyi öhdəsinə götürmüşdür. İddiaçı göstərilən məbləği MTK-nın kassasına mədaxil etmədiyindən bağlanmış müqaviləni birtərəfli qaydada xx.xx.2020-ci il tarixdə ləğv etmişdir. Yəni, İddiaçı üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. 51798.50 manat pulu MTK-nın kassasına ödəyib kassa mədaxil çekini almaq əvəzinə, müqavilənin şərtlərini pozaraq, dediyi kimi, həmin pulun 28000 manatını müqaviləyə aidiyyatı olmayan Şəhadət Mustafayevə qanunsuz olaraq ödəməklə müqavilənin şərtlərini kobud şəkildə pozmuşdur. Şəhadət Mustafayev isə aldığı 8000 manat pulu tanışı X9 ona borcu olduğunu əsas götürərək mənimsəmişdir. Maliyyə arayışını imza etmiş Vasif Atakişiyevin evin alqı-satqı müqaviləsi əsasında maliyyə arayışı verməyə səlahiyyəti olmamışdır.(Maliyyə arayışı MTK-nın sədri, baş mühasibi və xəzinədarı tərəfindən təsdiq edildikdə səlahiyyətli hesab olunur). Bu səbəbdən də, öz təcrübəsizliyini dərk edən Vasif Atakişiyev İddiaçı və MTK-ya bu barədə sonradan məlumat verdiyindən İddiaçı verilmiş müqavilə və maliyyə arayışı ümumi yığıncağın qərarı ilə ləğv edilmişdir. Maliyyə Nazirliyinin Q-02 nömrəli, xx.xx.2013-cü il tarixli Qərarı ilə müəyyən edilmişdir ki, müəssisə və təşkilatların, habelə, sahibkarlıqla məşğul olan fiziki şəxslərin nağd vəsaitlərinin kassada mədaxili müəssisənin rəhbəri, baş mühasib və xəzinədar tərəfindən imzalanmış və möhürlə təsdiqlənmiş ciddi hesabat blankı hesab edilir. Kassa mədaxil qəbzi ciddi hesabat blankıdır, fiziki şəxslərin iş xüsusiyyətlərinə uyğun olaraq ciddi hesabat blanklarının tətbiqi xx.xx.2004-cü il tarixli 118 nömrəli qərarı ilə tənzimlənir. Ciddi hesabat blanklarının onlara oxşar rekvizitlərə malik olan ciddi hesabat blankları sayılmayan ilkin uçot sənədləri ilə əvəz edilməsinə yol verilmir. Forması Maliyyə Nazirliyinin xx.xx.2016-cı il tarixli Q-09 nömrəli Qərarla tənzimlənmişdir. Odur ki, təqdim edilmiş müqavilə və maliyyə arayışı heç bir hüquqi qüvvəsi olmayan, aldatma yolu ilə əldə edilmiş müqavilə və maliyyə arayışı hesab edilir. İddiaçı tərəfindən müqavilədən irəli gələn öhdəlik icra olunmadığından (kooperativin pay haqqının ödənilməsi) bundan irəli gələn hüquqi hərəkətlər (pay haqqını ödəmiş şəxsin kooperativə üzv qəbul olunması barədə üzvlərin ümumi yığıncağının qərarının qəbulu) həyata keçirilməmişdir. Mənzilin pay dəyərinin ödənilməsini təsdiq edən mötəbər sübut qismində qəbul ediləcək xüsusi seriya və nömrəsi olan ilkin uçot sənədi ciddi hesabat blankı İddiaçı tərəfindən təqdim olunmamış və MTK-da da mövcud olmamışdır. Maliyyə Nazirliyinin Q-02 nömrəli xx.xx.2013-cü il tarixli Qərarına əsasən, maliyyə arayışı kassa mədaxil çekini əvəz edə bilməz və mühasibatlıq sənədi sayılmır. Bununla da, bir daha sübut olunur ki, İddiaçı X7 və X13 ilə qanunsuz olaraq bir qrup halında həmin dövrdə MTK-da sədr müavini vəzifəsini icra edən Vasif Atakişiyevin təcrübəsizliyindən, etibarından sui-istifadə edib mənzilin pulunu bir neçə gün müddətində ödəyəcəyinə vəd verib, aldatma yolu ilə MTK-ya məxsus 51798.50 manat dəyərində əmlakını ələ keçirməyə cəhd etmişdir. Bu səbəbdən də, Cavabdeh MTK-nın sədr müavini Vasif Atakişiyev tutduğu vəzifəsindən azad edilmiş və təqdim edilmiş həmin müqavilə və maliyyə arayışı MTK-nın xx.xx.2020-ci il tarixli qərarı ilə ləğv edilmiş və bu barədə İddiaçı məlumat verilmişdir. -Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılmış məlumatdan görünür ki, Hüseynov X10 Muxtar Respublikası Babək rayonu Nehrəm qəsəbə ərazi dairəsi Nehrəm qəsəbəsində qeydiyyatdadır. Beləliklə, məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlar əsasında müəyyən olunmuşdur ki, İddiaçı Cavabdeh MTK ilə bağladığı xx.xx.2019-cu il tarixli AZ/B01/MR13/MN105/TRP/270819 saylı müqaviləyə əsasən, Abşeron rayonu Masazır qəsəbəsində yerləşən 1 saylı binanın 13-cü mərtəbəsindəki 2 otaqlı ümumi sahəsi 79.69 kv.m olan 105 saylı mənzili bir pay kimi almağı öhdəsinə götürmüşdür. Göründüyü kimi, müqavilə üzrə alınmış mənzilin dəyəri 51798.50 manat müəyyən edilməklə dəyəri iddiaçı tərəfindən ödənilmiş və bu barədə Cavabdeh MTK tərəfindən iddiaçının borcunun olmamasına dair maliyyə arayışı verilmişdir. Payçı tərəfindən müqavilə üzrə öhdəlik icra edilərək mənzilin dəyəri tam ödənilmiş, lakin icraçı tərəfindən mənzilin payçıya təhvil verilməsi öhdəliyi icra edilməmişdir. Bu səbəbdən də, hazırda, İddiaçı müqaviləyə əsasən, həmin mənzil üzərində sahiblik və istifadə hüququnun tanınmasının cavabdehin üzərinə həvalə edilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə Mülki Məcəllə adlanacaq): 385.1 maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, tələbkarın isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 389.1 maddəsinə əsasən, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 399.1-ci maddəsinə əsasən, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. 442 maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1 maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 567 maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 405.1 maddəsinə əsasən, tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə, müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. İlkin olaraq, məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin izahatı, mülki iş materiallarına əlavə olunmuş sənədlər və cavabdehin məktubu, həmçinin, şahid ifadəsi əsasında müəyyən etmişdir ki, mübahisə predmeti olan mənzilin xx.xx.2019-cu il tarixli AZ/B01/MR13/MN105/TRP/270819 saylı müqavilə əsasında İddiaçı satılması barədə tərəflər razılığa gəlmiş, iddiaçının borcunun olmamasına dair isə maliyyə arayışı təqdim etmişdir. Cavabdeh məktubunda əslində, mənzilin dəyərinin iddiaçı tərəfindən tam şəkildə ödənilmədiyini bildirsə də, göstərilən bu hallar öz təsdiqini tapmamışdır. Belə ki, məhkəmə daxili inamına və məhkəmə gedişatının nəticəsinə əsaslanaraq belə qənaətə gəlir ki, ilkin olaraq, tərəflər müqavilənin bütün şərtləri barədə razılığa gəlməklə, müqavilə artıq bağlanmış hesab olunmuşdur. Eyni zamanda, müqavilə tərəfi kimi MTK mənzilin ödənişinin tam şəkildə ödənilməsində maraqlı olduğu halda müqavilənin bağlanmasından sonra icraçı tərəfindən ödənişin pozulduğunu bildirsə də müqavilənin ləğvi tələbi ilə çıxış etməmiş, müqaviləyə əsasən, müqavilənin ləğv edilməsi şərti nəzərdə tutulduğu halda, birtərəfli qaydada xx.xx.2020-ci il tarixli qərarı ilə müqavilə və maliyyə arayışı ləğv edilmişdir. MTK eyni zamanda, məktubunda sözügedən müqavilə və maliyyə arayışının ləğv edilməsi barədə iddiaçıya məlumat verildiyini qeyd etsə də, qeyd oluna dəlillər də öz təsdiqini tapmamışdır. Göründüyü kimi, cavabdehin müqavilənin etibarsızlığını məhkəmə qaydasında mübahisələndirmək hüququ olduğu halda müqavilənin bağlandığı gündən bu hüququ mübahisələndirməmiş, başqa sözlə, müqavilə ilə “razılaşmışdır”. Eyni zamanda, Mülki Məcəllənin: 178.8-ci maddəsinə əsasən, mənzil, bağ, qaraj və ya başqa kooperativin üzvü və pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka mülkiyyət hüququ əldə edirlər. 113.3-cü maddəsinə əsasən, mənzil-tikinti kooperativində üzvlük yaşayış sahəsinə sahiblik, ondan istifadə etmək və qanunvericiliklə müəyyən edilmiş hədlərdə barəsində sərəncam vermək üçün əsasdır. Belə ki, məhkəmə araşdırması zamanı tədqiq olunmuş maliyyə arayışı əsasında mübahisə predmeti olan mənzilin dəyərinin iddiaçı tərəfindən tam şəkildə ödənilməsi müəyyən olunmuş, bunun əksi olaraq isə cavabdeh məktubunda iddiaçı tərəfindən yalnız 28000 manat pul vəsaitinin ödənildiyini, bu səbəbdən də mənzilin dəyərinin tam şəkildə ödənilmədiyini bildirsə də, sözügedən ödəniş məbləğinə dair ödəniş qəbzləri də məhkəməyə təqdim olunmamışdır. Bu da nəticə etibarı ilə, “borcun olmaması” barədə maliyyə arayışının həqiqiliyini sübuta yetirir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Önəryıldız Türkiyəyə qarşı” iş üzrə 30 noyabr 2004-cü il tarixli Qərarında göstərmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin 1-ci hissəsində “mülkiyyət” anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: məsələ bütövlükdə nəzərdən keçirilən işin halları ilə həmin maddə əsasında müdafiə olunan əhəmiyyətli mənafelər üzərində titulun ərizəçiyə təqdim edilib-edilməməsinin müəyyənləşdirilməsindən ibarətdir. Müvafiq olaraq, bu müddəanın məqsədləri üçün fiziki mallarla yanaşı, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “əmlak hüquqları” və beləliklə, “mülkiyyət” kimi qiymətləndirilə bilər. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və ərizəçinin maraqlarını, o cümlədən mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinin əldə olunmasına ən azı əsaslı və “qanuni gözləntiyə” malik olduğuna dair tələblərini də əhatə edə bilər. Bununla yanaşı, Avropa İnsan Hüquqları Məhkəməsinin “Axverdiyev Azərbaycana qarşı” işi üzrə 29 yanvar 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, “Ev və mübahisə olunan torpaq sahəsi ərizəçinin “mülkiyyətidirmi”? Məhkəmə təkrarən qeyd edir ki, 1 saylı Protokolun 1-ci maddəsinin birinci hissəsində nəzərdə tutulmuş “mülkiyyət” anlayışı müstəqil məzmuna malik olub maddi əşyalara sahiblik ilə məhdudlaşmır və milli qanunvericilikdəki formal təsnifatından asılı deyil. Maddi əşyalar kimi, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “mülkiyyət hüququ” kimi tanınmalı və beləliklə, bu maddənin məzmunu baxımından “mülkiyyət” hesab olunmalıdır. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir”. Hər bir işdə, işin bütün halları nəzərə alınmaqla, bu halların ərizəçiyə 1 saylı Protokolun 1-ci maddəsi ilə qorunan maddi marağa hüquq verib-verməməsi müəyyən olunmalıdır. Göründüyü kimi, iddiaçının mübahisəli mənzilə münasibətdə sahiblik və istifadə hüququ olmaqla, eyni zamanda, “gözlənilən mülkiyyət hüququ” istisna edilmir. Mülki Məcəllənin 6.1.5 maddəsinə əsasən, müqavilə azadlığı mülki qanunvericiliyin prinsiplərindən biridir. İddiaçının müqavilə üzrə öhdəliyini yerinə yetirərək mənzilin dəyərinin ödənilməsi müqabilində cavabdeh öhdəliyinə əməl etməmişdir. Ona görə də məhkəmə mülki iş materiallarını qiymətləndirib belə qənaətə gəlir ki, iddia ərizəsi təmin edilməli, xx.xx.2019cu il tarixli AZ/B01/MR13/MN105/TRP/270819 saylı müqaviləyə əsasən, Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən yaşayış kompleksində 01 saylı binanın 13-cü mərtəbəsindəki 2 otaqdan ibarət ümumi sahəsi 79.69 kv.m olan 105 saylı mənzilin İddiaçı sahiblik və istifadəsinə verilməsi vəzifəsi Cavabdeh MTK-nın üzərinə qoyulmalı və mənzil üzərində sahiblik və istifadə hüquqlarının həyata keçirilməsinə hər hansı maneələrin yaradılması cavabdehə qadağan edilməlidir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: 112-ci maddəsinə əsasən, mənzil-tikinti kooperativinin üzvü pay haqqını tam ödədikdə, yaşayış sahəsinə mülkiyyət hüququ əldə edir. 113-cü maddəsinə əsasən, şəxsin mənzil-tikinti kooperativinə üzv qəbul edilməsi mənzil-tikinti kooperativi binalarının yaşayış sahələrinə köçmə üçün, nəzərdə tutulmuş pay haqqını tam ödəməsi isə daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüquqlarının qeydə alınması üçün əsasdır. Həmçinin mənzil-tikinti kooperativində üzvlük yaşayış sahəsinə sahiblik, ondan istifadə etmək və qanunvericiliklə müəyyən edilmiş hədlərdə barəsində sərəncam vermək üçün əsasdır. Mülki Prosessual Məcəllənin: 107 maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 124.1 maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumu iddiaçı tərəfindən tələb edilmədiyindən iddiaçının özünə aid edilməlidir. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Sadalananları və Mülki Prosessual Məcəllənin 4, 7, 14, 36, 77, 88, 149, 150 və 216- 236-cı maddələrinin tələblərinə əsaslanaraq, məhkəmə, QƏT ETDİ: İddia ərizəsi təmin edilsin. xx.xx.2019-cu il tarixli AZ/B01/MR13/MN105/TRP/270819 saylı müqaviləyə əsasən, Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən yaşayış kompleksində 01 saylı binanın 13-cü mərtəbəsindəki 2 otaqdan ibarət ümumi sahəsi 79.69 kv.m olan 105 saylı mənzilin İddiaçı sahiblik və istifadəsinə verilməsi vəzifəsi Cavabdeh MTK-nın üzərinə qoyulmaqla mənzil üzərində sahiblik və istifadə hüquqlarının həyata keçirilməsinə hər hansı maneələrin yaradılması cavabdehə qadağan edilsin. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver