Məhkəmə qərarları › İş №e-2(012)-851/2023

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-851/2023

22.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Yaşayış sahəsi üzrə - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair mülki iş -
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-851/2023 22.02.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Əliyeva Afaq Əkbər qızının katibliyi, İddiaçının vəkili-nümayəndəsi Nümayəndə1, Cavabdehin nümayəndəsi Nümayəndə3 iştirakı ilə, İddiaçı Cavabdeh MTK-ya qarşı mənzilin təhvil verilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MTK-ya qarşı mənzilin təhvil verilməsi tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, Xırdalan şəhəri, H.Əliyev prospekti 1 ünvanında yerləşən yaşayış binasının 6-cı girişində, 10-cu mərtəbəsində yerləşən 3 otaqlı, ümumi sahəsi 101,90 kv.metr olan 97 nömrəli mənzilin təhvil verilməsi və mənzildən istifadə zamanı qanunsuz təsirlərin, maneələrin və mənzil toxunulmazlığını pozan hərəkətlərin edilməsinin cavabdehə qadağan edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi bununla əsaslandırılmışdır ki, 05 fevral 2020-ci il tarixdə Cavabdeh MTK ilə İddiaçı arasında “Kooperativ binada mənzil tikintisi haqqında” müqavilə bağlanmışdır. Müqavilənin 1-ci bəndinə əsasən Kooperativ Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti 1 ünvanında yerləşmiş tikintidə olan yaşayış binasının 6-cı girişində, 10 mərtəbəsində yerləşən 97 nömrəli mənzili müəyyənləşdirilmiş mənzil haqqını vaxtında ödəməyi öhdəsinə götürür. Müqavilənin 5-ci bəndinə əsasən ödəniş başa çatdıqdan sonra mənzil payçının şəxsi mülkiyyəti hesab olunmalıdır. Müqavilənin şərtlərinə əsasən müqavilədə göstərilən 3 otaqlı, ümumi sahəsi hörgü daxil olmaqla 101,90 kv.metrdən ibarət mənzilin ümumi dəyəri 36800 manat məbləğində müəyyən olunmuşdur. Payçı İddiaçı tərəfindən müqavilə bağlanan gün 36800 manat tam şəkildə ödənilmiş və Cavabdeh MTK-ya heç bir borcu qalmamışdır. Bu barədə xx.xx.2020-ci il tarixli maliyyə arayışı və kassa mədaxil qəbzi vardır. Hər iki sənəd Cavabdeh MTK tərəfindən imza və möhürlə təsdiq edilmişdir. Müqavilədə qeyd edilmiş mənzilin yerləşdiyi binanın tikintisi tam başa çatmışdır və oradakı mənzillər artıq istifadəyə yararlıdır. Müqavilənin icrası ilə əlaqədar olaraq o, pay haqqını tam ödəməsinə baxmayaraq, cavabdeh həmin mənzilin ona verilməsini müxtəlif bəhanələrlə indiyədək yubatmış, mənzili təhvil verməkdən faktiki olaraq boyun qaçırmışdır. Cavabdeh öz öhdəliklərini yerinə yetirməkdən boyun qaçırmaqla onun konstitusion hüququnu pozmuşdur və o, məcburiyyət qarşısında qalıb məhkəməyə müraciət etməli olmuşdur. Göstərilənlərə əsasən iddia təmin edilməlidir. Məhkəmə iclasında iddiaçının vəkili-nümayəndəsi Nümayəndə1 iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etdi. İştirak etdiyi məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi Nümayəndə3 məhkəmə iclasında iddianı qəbul etmədi və onun rədd edilməsini xahiş etdi. O bildirdi ki, müqavilədə nəzərdə tutulmuş mənzilin yerləşdiyi yaşayış binası üzrlü səbəblərdən hələ inşa edilməmişdir. İştirak etdiyi məhkəmə iclasında cavabdehin nümayəndəsi-vəkili Nümayəndə2 iddianı qəbul etmədi və onun rədd edilməsini xahiş etdi. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: - İddiaçı ilə Cavabdeh MTK arasında kooperativ binanın mənzil tikintisi haqqında bağlanmış xx.xx.2020-ci il tarixli müqavilədən görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti 1 ünvanında yerləşmiş yaşayış binasının 6-cı girişi, 10-cu mərtəbəsində 97 saylı mənzili müəyyənləşdirilmiş mənzil haqqı ödənilməklə payçıya verilir. Mənzilin ümumi sahəsi hörgü daxil olmaqla 101,90 kv.metrdir. Kooperativ mənzili son variant daxili sanitariya avadanlığı və daxili tamamlama işləri görülmədən, bilavasitə payçının özünə verir. Göstərilən mənzilin dəyəri 36800 manat məbləğində müəyyən olunmuşdur. - Cavabdeh MTK-nın xx.xx.2020-ci il tarixli maliyyə arayışından görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti 1 ünvanında yerləşmiş yaşayış binasının 6-cı girişi, 10-cu mərtəbəsində 97 saylı mənzilin dəyəri kimi 36800 manat vəsait İddiaçı tərəfindən ödənilmişdir. - Cavabdeh MTK-nın xx.xx.2020-ci il tarixli kassa mədaxil qəbzindən görünür ki, xx.xx.2020-ci il tarixli müqavilə üzrə 36800 manat vəsait İddiaçı tərəfindən ödənilmişdir. - Cavabdeh MTK-nın xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, İddiaçı Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti 1 ünvanında inşa olunacaq binada mənzil verilməsi nəzərdə tutulmuşdur. Binanın tikintisi üçün lazımi sənədlər toplusu Fövqəladə Hallar Nazirliyinin Ekspertiza şöbəsinə təqdim olunmuş, lakin orada bina müasir şəhərsalma tələblərinə uyğun gəlmədiyinə görə tikintiyə icazə verilməmişdir. Halhazırda göstərilmiş nöqsanların aradan qaldırılması üçün müvafiq tədbirlər görülür. - Abşeron Rayon İcra Hakimiyyətinin xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, "xxxx" MTK rayon icra hakimiyyətinə müraciət edərək ünvan 3 ünvanda inşa etdiyi yaşayış kompleksindəki növbəti 1 girişli, zirzəmili, 16 mərtəbəli, mansardlı yaşayış binasının tikintisinə başlamaq niyyətini bildirmişdir. Həmin binanın tikintisi məqsədilə icazənin verilməsi üzrə icraat çərçivəsində təqdim edilmiş tikinti layihəsinin Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 75.5-ci maddəsinə uyğun olaraq, ekspertizadan keçirilməsi üçün təqdim edilir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, 05 fevral 2020-ci il tarixdə Cavabdeh MTK ilə İddiaçı arasında “Kooperativ binada mənzil tikintisi haqqında” müqavilə bağlanmışdır. Müqavilənin 5-ci bəndinə əsasən ödəniş başa çatdıqdan sonra mənzil payçının şəxsi mülkiyyəti hesab olunmalıdır. Müqavilənin şərtlərinə əsasən müqavilədə göstərilən 3 otaqlı, ümumi sahəsi hörgü daxil olmaqla 101,90 kv.metrdən ibarət mənzilin ümumi dəyəri 36800 manat məbləğində müəyyən olunmuşdur. İşdən görünür ki, payçı İddiaçı tərəfindən müqavilə bağlanan gün 36800 manat vəsait Cavabdeh MTK-ya tam şəkildə ödənilmişdir. Hazırda İddiaçı Cavabdeh MTK-ya qarşı mənzilin təhvil verilməsi tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, Xırdalan şəhəri, H.Əliyev prospekti 1 ünvanında yerləşən yaşayış binasının 6-cı girişində, 10-cu mərtəbəsində yerləşən 3 otaqlı, ümumi sahəsi 101,90 kv.metr olan 97 nömrəli mənzilin təhvil verilməsi və mənzildən istifadə zamanı qanunsuz təsirlərin, maneələrin və mənzil toxunulmazlığını pozan hərəkətlərin edilməsinin cavabdehə qadağan edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.1.5-ci maddəsinə əsasən müqavilələr azadlığı mülki qanunvericiliyin prinsiplərindən biridir. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən öz məzmunundan və xarakterindən asılı olaraq, öhdəlik tərəflərdən hər birinin üzərinə istər müqavilə münasibətləri zamanı, istərsə də belə münasibətlərdən sonra digər tərəfin hüquqlarına və əmlakına xüsusi qayğı göstərmək vəzifəsini qoya bilər. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 389.1-ci maddəsinə görə mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır Həmin Məcəllənin 390.1-ci maddəsinə görə fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 390.2-ci maddəsinə görə müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir. Əgər müqavilə bağlandıqdan sonra onu bağlayarkən qüvvədə olmuş qaydalardan fərqlənən, tərəflər üçün məcburi başqa qaydalar müəyyənləşdirən qanun qəbul edilmişsə, bağlanmış müqavilənin şərtləri qüvvəsini saxlayır, amma qanunda onun qüvvəsinin əvvəllər bağlanmış müqavilələrdən əmələ gələn münasibətlərə şamil olunmasının müəyyənləşdirildiyi hallar istisna təşkil edir. Həmin Məcəllənin 110-3.1-ci maddəsinə əsasən kooperativ öz öhdəliklərinə görə ona məxsus olan əmlakı ilə cavabdehdir. Tərəflər arasında kooperativ binanın mənzil tikintisi haqqında bağlanmış xx.xx.2020ci il tarixli müqavilənin 6-cı bəndində qeyd edilmişdir ki, mübahisəli mənzil "xxxx" MMC-nin yazdığı ziddiyyətli mənzilə görə tərəflər arasında razılaşdırılaraq bağlanır. Göstərilən mənzil 2020-ci ilin mart ayında inşa olunan binadan 15 ay ərzində tikilib təhvil veriləcəkdir. Cavabdeh MTK-nın xx.xx.2023-cü il tarixli məktubundan isə görünür ki, həmin binanın tikintisi üçün lazımi sənədlər toplusu Fövqəladə Hallar Nazirliyinin Ekspertiza şöbəsinə təqdim olunmuş, lakin orada bina müasir şəhərsalma tələblərinə uyğun gəlmədiyinə görə tikintiyə icazə verilməmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, müqavilənin predmetini təşkil edən mənzil hələ hazır deyildir. Mövcud olmayan əmlakın təhvil verilməsi öhdəliyinin MTK-nın üzərinə qoyulması isə məhkəmənin qənaətinə görə yolverilməzdir. Bu hissədə tələb təmin edilmədiyindən mənzildən istifadə zamanı qanunsuz təsirlərin, maneələrin və mənzil toxunulmazlığını pozan hərəkətlərin edilməsinin cavabdehə qadağan edilməsi barədə tələb də təmin edilə bilməz. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək və qüvvədə olan mülki və mülki prosessual qanunvericiliyin tələblərini rəhbər tutaraq, iddia tələblərini əsassız sayır və onun təmin edilməməsi qənaətinə gəlir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia təmin edilmədiyindən mülki iş üzrə iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh MTK-ya qarşı mənzilin təhvil verilməsi barədə iddia tələbi təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver