Məhkəmə qərarları › İş №e-2(019)-848/2023

Balakən Rayon Məhkəməsi Qərardad — İş №e-2(019)-848/2023

18.08.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Balakən Rayonu İş № e-2(019)-848/2023 18.08.2023 BALAKƏN RAYON MƏHKƏMƏSİ Balakən Rayon Məhkəməsinin hakimi Tahirov Zamin Cəbrayıl oğlu, İddiaçı Yol Patrul Xidməti inspektoru Cavabdeh2 və Yol Patrul Xidməti əməkdaşı Cavabdeh1 qarşı iddia ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq, müəyyən etdim: İddiaçı Yol Patrul Xidməti inspektoru Cavabdeh2 və Yol Patrul Xidməti əməkdaşı Cavabdeh1 qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, bir azsaylı xalqın nümayəndəsi kimi onun hüquqlarının qorunmasına köməklik edərək İnzibati Xəta haqqında İXP-5611662 nömrəli protokolun ləğv edilməsinə köməklik göstərilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin (bundan sonra Azərbaycan Respublikası MPM) 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Hazırki ərizənin məhkəmə icraatının mümkünlüyü yoxlanılarkən müəyyən edilmişdir ki, ərizənin Azərbaycan Respublikası MPM-nin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət olunmamışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.3-cü maddəsinə əsasən ərizədə iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.5-ci maddəsinə əsasən iddia ərizəsində ərizəyə əlavə edilən sənədlərin siyahısı göstərilməlidir. Lakin hazırki iddia ərizəsində cavabdehlərin ünvanı, eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinə dair məlumatlar, mobil telefon nömrələri və sair) göstərilməmiş, iddia tələbi və iddia ərizəsinə əlavə edilən sənədlərin siyahısı göstərilməmişdir. Qeyd olunanlar hazırki iddia ərizəsinin qaytarılması üçün əsasdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Azərbaycan Respublikası MPM-nin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur Həmçinin qeyd etmək lazımdır ki, inzibati xəta haqqında iş üzrə qərardan Azərbaycan Respublikası MPM ilə iddia icraatı qaydasında deyil, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələbləri qaydasında şikayət verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində də inzibati xəta haqqında iş üzrə qərardan hansı şəxslərin hansı yerin məhkəməsinə, hansı qaydada və müddətdə şikayət verilməsi təsbit edilmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs,yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.5-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətdən dövlət rüsumu tutulmur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130.1-ci maddəsinə əsasən Bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1 – 57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130.2-ci maddəsinə əsasən Bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət və ya protest verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130.3-cü maddəsinə əsasən buraxılmış müddətin bərpası qeyri-mümkün hesab edildikdə, bu halda vəsatəti rədd etmə haqqında qərardad qəbul edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 131.1-ci maddəsinə əsasən İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə daxil olduğu gündən on gün müddətində baxılır. Yuxarıda göstərilənlərə əsasən hesab edirəm ki, İddiaçı Yol Patrul Xidməti inspektoru Cavabdeh2 və Yol Patrul Xidməti əməkdaşı Cavabdeh1 qarşı iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalı, İddiaçı iddia ərizəsinin qaytarılmasına səbəb olmuş nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə müraciət etmək hüququ, həmçinin barəsində çıxarılması göstərilən inzibati xəta haqqında iş üzrə qərardan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələbləri qaydasında məhkəməyə şikayət vermək hüququ izah edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149- 152,263-264 və 266-268-ci maddələrini rəhbər tutub, q ə r a r a a l d ı m: İddiaçı Yol Patrul Xidməti inspektoru Cavabdeh2 və Yol Patrul Xidməti əməkdaşı Cavabdeh1 qarşı qarşı iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın; İddiaçı iddia ərizəsinin qaytarılmasına səbəb olmuş nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə müraciət etmək hüququ izah edilsin; İddiaçı barəsində çıxarılması göstərilən inzibati xəta haqqında iş üzrə qərardan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələbləri qaydasında məhkəməyə şikayət vermək hüququ izah edilsin. Qərardaddan surəti tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Balakən Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Zamin Tahirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar