Məhkəmə qərarları › İş №e-2(044)-3772/2021

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №e-2(044)-3772/2021

18.10.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № e-2(044)-3772/2021 18.10.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Gəncə şəhəri Nizami rayon Məhkəməsinin hakimi Hünmətov Zaur Adil oğlu, İddiaçı Cavabdeh qızına qarşı “mülki hüquq pozuntularından əmələ gələn öhdəliklər üzrə mübahisələr” tələbinə dair ərizəsini nəzərdən keçirərək, müəyyən etdim: İddiaçı məhkəməyə müraciət edərək Cavabdeh törətdiyi əmələ hüquqi qiymətin verilməsini, onun törətdiyi qanunsuz əməl məhkəmə tərəfindən sübuta yetirilərsə onun yazılı şəkildə üzr istəməsini və gələcəkdə bu cür qanunsuz əməli törətməyəcəyi ilə bağlı yazılı iltizam verilməsi tələbinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini və ona əlavə olunmuş sənədləri araşdıraraq hesab edirəm ki, ərizə və ona əlavə olunmuş sənədlər məhkəmənin icraatına qəbul edilmədən geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsi verilərkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 150.1.2-ci maddəsinin tələbləri pozulmuş, ərizəyə qanunvericiliklə nəzərdə tutulmuş qaydada dövlət rüsumunun ödənilməsi haqqında sənəd əlavə olunmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 150.1.2-ci maddəsinə əsasən iddia ərizəsinə dövlət rüsumunun ödənilməsi haqqında sənəd əlavə edilir. Dövlət rüsumu haqqında Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinə əsasən qiymətləndirilməyən iddia ərizəsinin verilməsinə görə 100 manat məbləğində dövlət rüsumunun tutulması nəzərdə tutulmuşdur. Hazırki iş üzrə iddiaçı 100 manat məbləğində dövlət rüsumu ödəməli olduğu halda 20 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 151.1-ci maddəsinə əsasən iddia ərizəsi həmin Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. - 152.1.5-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 150,152, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq Qərara aldım: İddiaçı Cavabdeh qızına qarşı “mülki hüquq pozuntularından əmələ gələn öhdəliklər üzrə mübahisələr” dair ərizəsi geri qaytarılsın. İddiaçıya izah olunsun ki, ərizənin qaytarılması, nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan 10 (on) gün müddətində Gəncə şəhəri Nizami rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Zaur Hünmətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar