Məhkəmə qərarları › İş №e-2(046)-2212/2025

Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №e-2(046)-2212/2025

08.01.2026 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi - Sair mülki iş - Torpaq mübahisələri - Maneənin aradan qaldırılması - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № e-2(046)-2212/2025 08.01.2026 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Qurbanova Gülnaz İntiqam qızının sədrliyi, Nəsirov Məhəmməd Yasin oğlunun katibliyi, İddiaçı, nümayəndəsi və vəkili Nümayəndə Sirac oğlunun iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı torpaq sahəsi üzərində payların müəyyən edilməsi, torpaq sahəsində payın naturada ayrılması, torpaq sahəsinin sərhəddində mərz-çəkmə işlərinin görülməsinə yaradılan maneələrin aradan qaldırılması tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddia tələbi : İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, RX seriyalı, ******* nömrəli, 20 iyun 2015-ci il tarixli çıxarışa əsasən, Göyçay rayonu, 2-ci Ərəbcəbirli kəndində yerləşən 0.30 ha ümumi-birgə mülkiyyətdə olan həyətyanı torpaq sahəsi üzərində onun 0.05 ha payının müəyyən edilməsinə, bu payın naturada ayrılaraq mülkiyyətçiyə verilməsinə və ayrılmış torpaq sahəsinin sərhədində mərz çəkilməsinə cavabdehlər tərəfindən yaradılan maneələrin aradan qaldırılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı nümayəndəsi və vəkili Nümayəndə Sirac oğlu iddia tələbinin həcminin azaldılması haqqında ərizə verərək RX seriyalı, ******* nömrəli, 20 iyun 2015-ci il tarixli çıxarışa əsasən, Göyçay rayonu, 2-ci Ərəbcəbirli kəndində yerləşən 0.30 ha ümumi-birgə mülkiyyətdə olan həyətyanı torpaq sahəsi üzərində İddiaçı (0.05 ha) payının müəyyən edilməsinə dair qətnamı qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin əsaslandırıldığı hallar : İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, Göyçay rayon Aqrar-İslahat Komissiyasının 28 avqust 1998-ci il tarixli, 41 saylı qərarı ilə X2 və ailə üzvləri - Cavabdeh1, Cavabdeh4 Alağa oğluna, İddiaçı, Cavabdeh3 və X5 həyətyanı məqsədilə 0,30 ha torpaq sahəsi verilmişdir. Mülkiyyət hüququ ilkin olaraq “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə ilə, sonradan isə RX seriyalı, ******* nömrəli, 20 iyun 2015-ci il tarixli çıxarışla rəsmiləşdirilmişdir. Həmin 0.30 ha torpaq sahəsi göstərilən şəxslərin ümumi-birgə mülkiyyət hüququ əsasında mənsubiyyətindədir. X4 şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin MİÜMK-nın 11 iyul 2003-cü il tarixli qərarının qanuniliyinin yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 aprel 2004-cü il tarixli Qərarında şərh edilmişdir ki, mülkiyyət hüququnun subyekti bir şəxs, habelə, iki və ya daha çox şəxs ola bilər. Ümumi mülkiyyətin növləri birgə mülkiyyət (məsələn nikahda olan ər-arvadın mülkiyyəti) və paylı mülkiyyətdən (iştirakçılardan, məsələn ailə üzvlərindən hər birinin payı olan mülkiyyət) ibarətdir. Ümumi mülkiyyət hüququnun həyata keçirilməsi onun iştirakçılarının iradələrinin razılaşdırılması və onların qanuni mənafelərinin nəzərə alınması zəruridir. Ümumi əmlak üzərində sərəncam verilməsi isə yalnız birgə mülkiyyətçilərin qarşılıqlı razılığı ilə həyata keçirilə bilər. Hazırda ümumi-birgə mülkiyyətdə olan 0.30 ha torpaq sahəsində İddiaçı məxsus 0.05 ha pay müəyyən edilmədiyindən və naturada ayrılmadığından mübahisə yaranmışdır. Cavabdehlər tərəfindən sərhəddə mərz çəkilməsinə maneələr yaradılır, torpaq sahəsindən təyinatı üzrə istifadə olunmasına imkan verilmir. Tərəflərin izahatları: Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Nümayəndə Sirac oğlu iddianı müdafiə etdi, iddia ərizəsində göstərilən xüsusatları təsdiq etdi və əlavə olaraq bildirdi ki, iddia ərizəsinə əlavə etdikləri çıxarışdan da göründüyü kimi mübahisə predmeti olan 0.30 ha torpaq sahəsi iddiaçı və digər ümumi birgə mülkiyyətçilərin mülkiyyətindədir. Hal-hazırda həmin mülkiyyət üzərində payın müəyyən edilməsi ilə bağlı iddiaçı ilə cavabdehlər arasında mübahisə olduğuna görə məhkəmədən payların müəyyən olunması barədə qətnamə qəbul edilməsini xahiş edir. İş üzrə cavabdehlərə məhkəmənin yeri və vaxtı barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhkəmə bildirişi vasitəsilə məlumat verilmiş, lakin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 məhkəmə baxışında iştirak etməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda məhkəmə işə baxmağa haqlıdır. Məhkəmə cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. xx.xx.2025-ci il tarixdə keçirilmiş hazırlıq iclasında iştirak etmiş Cavabdeh3 bildirdi ki, İddiaçı adına torpaq yoxdur. Ümumiyyətlə torpaq yalnız rəhmətlik nənəsi X1 adınadır. İddianı qəbul etmir. xx.xx.2025-ci il tarixdə keçirilmiş hazırlı iclasında iştirak etmiş Cavabdeh1 bildirdi ki, iddianı qəbul etmir. İddiaçı onun qızıdır, amma ona torpaq sahəsi düşmür. Ümumiyyətlə torpaq sahəsi satılmış, cavabdehlərin mülkiyyətində deyil. İddiaçı 3 övladını və həyat yoldaşını tərk etmiş, uşaqlar hal-hazırda onun himayəsindəir. Belə qıza torpaq verilməz. İş üzrə proses iştirakçılarının izahatını dinləyən, tədqiq edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. İş materialları: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri tərəfindən qeydiyyata alınmış çıxarışdan görünür ki, Göyçay rayonu, 2-ci Ərəbcəbirli kəndində yerləşən 0.30 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi xx.xx.2015-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 41 nömrəli reyestr kitabının 7 nömrəli vərəqində Cavabdeh1, X6, Cavabdeh4, X7, Cavabdeh3 və X3 adına ümumi birgə mülkiyyət hüququ əsasında qeydə alınmışdır. Göyçay rayon Qeydiyyat Şöbəsinin xx.xx.2025-ci il tarixli 1339 nömrəli arayışdan görünür ki, X8 ilə X7 arasında Şamaxı “Asan xidmət” mərkəzində xx.xx.2023-cü il tarixli, 401 nömrəli akt qeydi tərtib olunmuşdur. Arvada Kərimova soyadı verilmişdir. Elektron Məhkəmə İnformasiya sistemindən görünür ki, X6 xx.xx.2014-cü il tarixdə vəfat etmişdir. ********** saylı qəbzə əsasən iddia ərizəsinin verilməsi üçün 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə baxışı zamanı müəyyən edilir ki, iddia predmeti olan torpaq sahəsinin ümumi birgə mülkiyyətçisi olan iddiaçı öz payının ayrılmasını tələb edir. Məhkəmə baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

77. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir.

107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.

Tətbiq edilən hüquq:

Azərbaycan Respublikası Mülki Məcəlləsi:

152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 213.1. İki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. 213.2. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. 213.3. Əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir. 213.5. Birgə mülkiyyət iştirakçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə məhkəmənin qərarına əsasən ümumi əşyaya bu şəxslərin paylı mülkiyyəti müəyyənləşdirilə bilər. 214.1-ci maddəsinə əsasən əgər paylı mülkiyyət mülkiyyətçilərinin payları bu Məcəlləyə əsasən təyin edilə bilmirsə və bütün mülkiyyətçilərin razılaşması ilə müəyyənləşdirilməyibsə, paylar bərabər sayılır. 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər.

Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 3-cü bəndi:

Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.

Konstitusiyanın 71-ci maddəsinin 2-ci bəndi:

İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz.

Azərbaycan Respublikasının tərəfdar çıxdığı İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsi: Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz.

Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyası müddəalarının və İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikasının Ali Məhkəməsainin Plenumunun 30 mart 2006-cı il tarixli qərarı: Azərbaycan Respublikası İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyasının iştirakçısı və onu ratifikasiya etmiş dövlət kimi 2002-ci ilin aprel ayının 15-dən Konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan hüquqları Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq məhkəmə hakimiyyəti orqanlarının borcudur.

Məhkəmənin mövqeyi:

Məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, Göyçay rayon Aqrar-İslahat Komissiyasının 28 avqust 1998-ci il tarixli, 41 saylı qərarı ilə "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə"də İddiaçı, cavabdehlər Cavabdeh1, Cavabdeh4, X7, Cavabdeh3, X3 və mərhum X1 adları qeyd olunmuş, sonradan isə RX seriyalı, ******* nömrəli, 20 iyun 2015-ci il tarixli çıxarışa əsasən həmin torpaq sahəsi şəhadətnamədə adları qeyd edilən şəxslərin ümumbirgə mülkiyyətinə verilmişdir. Həmçinin, müəyyən olunmuşdur ki, X6 vəfat etmiş və onun payı yeganə vərəsəsi Cavabdeh1 adına rəsmiləşdirilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəəlləsinin 213.5-ci maddəsinə əsasən birgə mülkiyyət iştirakçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə məhkəmənin qərarına əsasən ümumi əşyaya bu şəxslərin paylı mülkiyyəti müəyyənləşdirilə bilər. Hal-hazırda mübahisəli torpaq sahəsinin 6 nəfərin mülkiyyətində olması və onların hər birinin 1/6 hissə payının olması işin mübahisəsiz halıdır. Azərbaycan Respublikası Mülki Məcəəlləsinin 140cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir.

Nəticə:

Məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək qeyd edir ki, iddia tələbi təmin edilməli, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri tərəfindən xx.xx.2015-ci il tarixdə qeydiyyata alınmış çıxarışa əsasən Göyçay rayonu, 2-ci Ərəbcəbirli kəndində yerləşən ümumi birgə mülkiyyətdə olan 0.30 ha torpaq sahəsi üzərində mərhum X1, İddiaçı, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 üzərində 1/6 hissədə payları müəyyən edilməlidir.

Məhkəmə Xərcləri

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib ərizəsində dövlət rüsumunun cavabdehlərdən tutularaq iddiaçıya ödənilməsi ilə bağlı tələb olmadığından iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Şərh olunanları nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 357, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia təmin edilsin. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri tərəfindən xx.xx.2015-ci il tarixdə qeydiyyata alınmış çıxarışa əsasən Göyçay rayonu, 2-ci Ərəbcəbirli kəndində yerləşən ümumi birgə mülkiyyətdə olan 0.30 ha torpaq sahəsi üzərində mərhum X1, İddiaçı, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 üzərində 1/6 hissədə payları müəyyən edilsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Gülnaz Qurbanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver