Məhkəmə qərarları › İş №e-2(055)-1676/2025

Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(055)-1676/2025

10.12.2025 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr - Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № e-2(055)-1676/2025 10.12.2025 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Abuşov İxtiyar Əliyar oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X5, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı kompensasiya verilməsi yolu ilə fərdi yaşayış evindən və həyətyanı təsərrüfat tikililərindən istifadə hüququna xitam verilməsi və fərdi yaşayış evindən çıxarılma tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh 1500 (bir min beş yüz) manat məbləğində pul kompensasiyası ödənilməklə, cavabdehin və övladları X3 və X2 ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evindən və həyətyanı təsərrüfat tikililərindən istifadə hüquqlarına xitam verilməsi, cavabdehin, cavabdehin övladlarının və cavabdehə məxsus əşyaların fərdi yaşayış evindən çıxarılmasına dair məhkəmədə iddia qaldırmışdır. Daha sonra, İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək 3600 (üç min altı yüz) manat məbləğində pul kompensasiyası ödənilməklə iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı zamanı İddiaçı iddianı müdafiə edərək izahatında göstərdi ki, oğlu X7 ilə Cavabdeh el adəti üzrə toy edərək ailə həyatı qurmuşlar, onların rəsmi nikahları 30 may 2015-ci ildə Saatlı rayonu Qeydiyyat Şöbəsində 88 nömrə ilə qeydə alınmışdır. X7 ilə Cavabdeh birgə nikahlarından 26 aprel 2016-cı ildə X9 və 08 oktyabr 2020-ci ildə X8 doğulmuşdur. Oğlu Aqillə, cavabdeh Ülviyyə arasında olan rəsmi nikah qeydi Saatlı Rayon Məhkəməsinin 01 avqust 2024-cü il tarixli, 2(055)-855/2024 saylı qətnaməsi ilə pozulmuşdur. ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi və evin həyatyanı sahəsi 14 iyul 2006-cı ildə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarış əsasında onun mülkiyyətindədir və hazırda da həmin evdə özü, arvadı X4, oğlu X7, Cavabdeh, cavabdehin uşaqları (onun nəvələri) X9 və X8 qeydiyyatda olmaqla yaşayırlar. Lakin, cavabdeh ona ayrılmış üç otaqda ayrı yaşamasına baxmayaraq onunla və arvadı ilə münaqişə aparır, daim evdə narazılıq, dava-dalaş, səs-küy yaradır, onları rahat yaşamağa imkan vermir. Özü və arvadı yaşlı adamlardır, stres və əsəb içində yaşamağa səhətləri imkan vermir. Onların bir yerdə yaşamaqları mümkün deyildir. Saatlı rayonunda evlərin orta aylıq kirayə haqqı təqribən 100-150 manat təşkil edir. Bu barədə ona Saatlı rayon Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi tərəfindən arayış da verilmişdir. Hesab edir ki, Cavabdeh 3600 manat məbləğində pul kompensasiyası ödənilməklə, onun ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evindən və həyətyanı təsərrüfat tikililərindən istifadə hüquqlarına xitam verilməlidir. Dəfələrlə Cavabdeh cehiz əşyalarını da evdən çıxarması barədə xahiş etmişdir. Lakin cavabdeh cehizlərini də evdən çıxarmır. Buna görə də yaranmış problemi aradan qaldırmaq üçün ilk olaraq cavabdehin evdən çıxarılması tələbi ilə Sabirabad 1 saylı Mediasiya təşkilatına ərizə vermiş, lakin cavabdeh ilkin mediasiya sessiyasında iştirak etmədiyindən ona bu barədə arayış verilmiş və eyni zamanda ona izah edilmişdir ki, məhkəməyə iddia ərizəsi ilə müraciət etmək hüququ vardır. Bundan sonra hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Ona görə də göstərdiklərini, həmçinin də iki nəfər qız nəvələrini nəzərə alaraq ödəməli olduğu pul kompensiyasiyasını artıraraq cavabdehə 3600 manat pul kompensasiyası ödənilməklə, cavabdehin və övladları X3 və X2 ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evindən və həyətyanı təsərrüfat tikililərindən istifadə hüquqlarına xitam verilməsi, cavabdehin, onun uşaqlarının və cavabdehə məxsus əşyaların evdən çıxarılması barədə iddiasının təmin ediməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə baxışı zamanı Cavabdeh iddianı qəbul etməyərək izahatında göstərdi ki, İddiaçı oğlu Aqil Fətullayev ilə el adəti evlənərək, rəsmi nikahlarını 30 may 2015-ci ildə Saatlı rayonu Qeydiyyat Şöbəsində 88 nömrə ilə qeyd etdirmişlər. Onların birgə nikahlarından 26 aprel 2016-cı ildə Aysu və 08 oktyabr 2020-ci ildə Aydan adlı iki nəfər uşaqları doğulmuşdur. Əri Aqil ilə onun arasında rəsmi nikah qeydi isə Saatlı Rayon Məhkəməsinin 01 avqust 2024-cü il tarixli, 2(055)-855/2024 saylı qətnaməsi ilə pozulmuş və uşaqlar onun yanında saxlanılmışdır. Nikahları pozulduqdan sonra o, uşaqları ilə birlikdə ər evində yaşamış, iddiaçı evin üç otağını ona və uşaqlarına ayırmış və onların evə girişi-çıxışı ayrı olmuşdur. O, iddiaçının iddia ərizəsində və izahatında göstərdiklərini qəbul etmir, onun barəsində deyilənləri yalan hesab edir. Belə ki, iddiaçı onu və uşaqlarını evdən çıxarmaq üçün belə bəhanələr gətirir və eyni zamanda da, iddiaçının təklif etdiyi 3600 manat pul müqabilində evdən çıxmaq istəmir. Çünki, o evdən çıxdığı təqdirdə onun başqa yerdə yaşamaq üçün evi yoxdur, valideynlərinə məxsus evdə də yer yoxdur ki, gedib onlarla birlikdə yaşasın. Hal-hazırda isə Saatlı şəhərində 100-150 manata normal şəraiti olan kirayə ev tapmaq olmaz. Odur ki, ona iddiaçı tərəfindən Saatlı şəhərində ayrı bir yerdə 20-25 min manat dəyərində bir ev alınarsa, o uşaqları və əşyaları ilə birlikdə iddiaçıya məxsus evdən çıxar, əks halda hazırda yaşadığı ər evindən çıxmır. Ona görə də göstərdiklərinin və azyaşlı uşaqlarının nəzərə alınmaqla iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. İşdə olan və məhkəmə iclasında elan edilmiş 14 iyul 2006-cı il tarixli, seriya MH, № ******* olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş **********20-10301 reyester nömrəli, ********* qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, Saatlı şəhəri, Azərbaycan xiyabanında (indiki Saatlı şəhəri H.Əliyev prospekti, ev 93) mülkiyyətində olan 0,06 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 9 otaqlı, 169,6 kv.m yaşayış, 215,2 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 1 nömrəli reyestr kitabının 18 nömrəli vərəqində qeydiyyata alınmışdır. İşdə olan və məhkəmə iclasında elan edilmiş Saatlı Rayon Məhkəməsinin 01 avqust 2024-cü il tarixli, 2(055)-855/2024 saylı qətnaməsinin surətindən görünür ki, X7 ilə Cavabdeh arasında Saatlı rayonu Qeydiyyat Şöbəsində bağlanmış 30 may 2015-ci il tarixli, 88 nömrəli nikah qeydi pozulmuş, onların birgə nikahlarından 26 aprel 2016-cı ildə doğulmuş X9 və 08 oktyabr 2020-ci ildə doğulmuş X1 Ülviyyə Elman qızının yanında qalması müəyyən edilmişdir. İşdə olan və məhkəmə iclasında elan edilmiş Saatlı rayon İHB-nın Saatlı şəhəri İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş 26 avqust 2025-ci il tarixli, 1334 saylı arayışdan görünür ki, Saatlı şəhəri H.Əliyev prospekti, ev 93-də İddiaçı, X4, X7, Cavabdeh, X9 və X8 qeydiyyatda olmaqla yaşayırlar. İşdə olan və məhkəmə iclasında elan edilmiş Sabirabad 1 saylı Mediasiya təşkilatının 16 iyul 2025-ci il tarixli MŞS/MT023/2025-00852 saylı arayışından görünür ki, Cavabdeh mediasiya sesiyasında iştirak etmədiyi üçün bu arayış İddiaçı ilkin mediasiya sesiyasında iştirak edilməməsi ilə bağlı verilmişdir. İşdə olan və məhkəmə iclasında elan edilmiş Saatlı rayon Mənzil Kommunal Təsərrüfatı İstehsalat birliyinin 18 noyabr 2025-ci il tarixli 94 nömrəli arayışından görünür ki, Saatlı şəhəri ərazisində 2025-ci ilin hal-hazırki tarixinə yaşamaq üçün mənzilin bir aylıq nəzərədə tutulmuş orta aylıq kirayə haqı 100-150 manat təşkil edir. İşdə olan və məhkəmə iclasında elan edilmiş Saatlı rayon İHB-nın Saatlı şəhəri İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş 26 noyabr 2025-ci il tarixli, 5-69-12/2-63/2025 saylı məktubdan görünür ki, məhkəmə sorğusuna cavab olaraq göstərilir ki, Saatlı şəhəri ərazisində orta təmirli fərdi yaşyış evlərinin kirayəsi 180-250 manat arası dəyişir. Məhkəmə tərəfləri dinləyib, işə əlavə edilmiş sənədləri tədqiq edib belə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Konstitusiyası mülkiyyət hüququnu tanıyır və müdafiə edir. Konstitusiyada öz əksini tapmış əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında mülkiyyət hüququnu, o cümlədən xüsusi mülkiyyət hüququnu tənzimləyən maddələr vardır. Azərbaycan Respublikasının Konstitusiyasının: 13-cü maddəsində təsbit olunmuşdur ki, mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur; 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz; 29-cu maddənin İİİ hissəsinə görə mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinə əsasən “hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir”. Yuxarıda qeyd olunan qanunvericilik müddəalarının mənasına görə mülkiyyət hüququ təbiət etibarilə nəinki mülkiyyətçinin hüququ təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlak hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. “F.Ə.Hüseynov və A.Ə.Qasımovun şikayətləri ilə əlaqədar məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstiutsiyasının və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2004-cü il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu şikayətlərlə bağlı qeyd edir ki, mülkiyyət hüququnun tam həcmdə müdafiəsi hüquqi dövlətə xas olan ali dəyərlərdən biri kimi qiymətləndirilir. Azərbaycan Respublikası Konstiutsiyası bu hüququ təsbit etməklə onun effektiv vasitələrlə təmin olunmasına zəmanət verir. Məhz buna görə də mülkiyyət hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında göstərilmişdir. Göründüyü kimi, iddiaçının xüsusi mülkiyyətlərindən sərbəst və maneəsiz istifadə hüququ vardır və bu hüqunun reallaşdırılmasına yaradılan hər bir maneənin qarşısı qanuni yollarla aradan qaldırılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 iyul 2008-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqelərə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. İşin yuxarıda sadalanan hallarını nəzərə almaqla məhkəmə hesab edir ki, İddiaçı iddia tələbi irəli sürməyə imkan verən subyektiv hüququn sahibi kimi qəbul etmək mümkündür. Çünki o, fərdi yaşayış evi üzərində qanunla nəzərdə tutulmuş qaydada mülkiyyət hüququ əldə etmişdir. Ona görə də məhkəmə belə qənaətə gəlir ki, İddiaçı qeyd olunan iddia tələbini irəli sürməkdə haqlıdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 08 oktyabr 2013-cü il tarixli qərarına görə yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 29 mart 2016-cı il tarixli qərarına görə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə hüququna müvafiq kompensasiya ödənilmədən xitam verilməsi həmin hüququn əldə edilməsini zəruri edən əsas (yaşayış sahəsinə ehtiyac) aradan qalxdıqda mümkündür. Belə mübahisələrə baxılarkən məhkəmələr tərəfindən işin faktiki halları, o cümlədən istifadə hüququnun həyata keçirilməməsinin səbəbləri dəqiq və hərtərəfli araşdırılmalı və məhkəmə aktında əsaslandırılmalıdır. Keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə etmək ehtiyacının olmasına baxmayaraq, mülkiyyətçi və (və ya) mənzilin digər sakinləri onun həmin yaşayış sahəsindən istifadəsini mümkünsüz etdiyi hallarda, bu hüquqa yalnız müvafiq kompensasiyanın ödənilməsi şərti ilə xitam verilə bilər. Məhkəmə cavabdeh və cavabdehin uşaqlarının mübahisə predmeti olan fərdi yaşayış evindən istifadə hüququ ilə bağlı qeyd edir ki, qüvvədə olan mənzil məcəlləsinə görə hal-hazırda cavabdehin keçmiş ailə üzvi kimi iddiaçıya məxsus fərdi yaşayış evindən istifadə hüququ olmasa da, iddiaçının kompensasiya ödəməklə cavabdehin fərdi yaşayış evindən çıxarılmasını məhkəmədən tələb etməsini, məhkəmə, cavabdehin sözügedən fərdi yaşayış evi üzərində istifadə hüququnun olması kimi qəbul edir və buna görə də məhkəmə hazırki mülki işin ədalətli həlli üçün Saatlı şəhəri ərazisində orta təmirli fərdi yaşyış evlərinin aylıq kirayəsinin üç il müddətində hesablanmış kompensasiya ödənilməklə cavabdehin və onun uşaqlarının fərdi yaşayış evindən istifadə hüququna xitam verilməsini məqsədəmüvafiqdir hesab edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Məhkəmə diqqətə çatdırır ki, qanunverici, Mülki Məcəllənin 228.2-ci maddəsində istifadə hüququna xitam verilməsi zamanı kompensasiyanın bazar qiymətinə uyğun ödənilməsini müəyyən edib. Yəni, mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən yaşayış sahəsindən istifadə hüququna o vaxt xitam verilə bilər ki, ilk növbədə təklif edilən kompensasiya məbləği real bazar qiymətlərinə uyğun olsun. Hazırki halda iddiaçı mübahisəli fərdi yaşayış evindən istifadə hüquqlarına xitam verilməsinə görə cavabdehə 3600 manat kompensasiya təklif edir. Məhkəmə hesab edir ki, bu məbləğ 3600 manat deyil, 7200 manat olduqda yetərlidir, yəni bu məbləğ hər ay 200 manat kirayə haqqı olmaqla üç il müddətinə cavabdehin və onun uşaqlarının kirayədə yaşamasına və mübahisəli fərdi yaşayış evindən cavabdehin istifadə hüquqlarına xitam verilməsi üçün ağlabatan olmaqla, işin həqiqi hallarına tam uyğundur. Məhkəmə bu qənaətə gələrkən, yəni kompensasiyanın məbləğini bazar qiymətinə uyğun hesablayarkən Saatlı rayon İHB-nın Saatlı şəhəri İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş 26 noyabr 2025-ci il tarixli, 5-69-12/2-63/2025 saylı məktubunu sübut növü olaraq qəbul etmişdir. Saatlı rayon Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 18 noyabr 2025-ci il tarixli 94 nömrəli arayışında göstərilən məbləğlər ağlabatan olmadığından həmin arayış məhkəmə tərəfindən nəzərə alınmamışdır. İddia ərizəsində kompensasiya məbləğinin göstərilib-göstərilməməsindən asılı olmayaraq, işə baxan məhkəmə hər bir halda kompensasiyanın məbləğini bazar qiymətinə uyğun müəyyən etməlidir. Məhkəmə hesab edir ki, iddiaçının təklif etdiyi 3600 manat kompensasiya məbləği deyil, məhkəmənin hesab etdiyi 7200 manat kompensasiya məbləği Saatlı şəhəri üçün açıq-aşkar kirayə bazarı qiymətlərinə uyğundur və eyni zamanda iddiaçı mülkiyyətçi kimi cavabdehə mübahisəli fərdi yaşayış evinə bərabər başqa fərdi yaşayış evi almaq öhdəliyi daşımır, həmçinin də bu, mülki qanunverciliyinin tələblərindən də irəli gəlmir. Digər tərəfdən nəzərə almaq lazımdır ki, iddiaçının oğlu ilə nikahı pozulmuş cavabdehin keçmiş gəlin kimi mübahisə predmeti olan fərdi yaşayış evi ilə hər hansı bağlılığı da qalmamışdır. Odur ki, iddiaçı tərəfindən cavabdehə 7200 manat kompensasiya məbləği ödənilməklə cavabdehin fərdi yaşayış evindən istifadə hüquqlarına xitam verilməsinə yetərli kompensasiya məbləği kimi qəbul edilməlidir. 7200 manat kompensasiya məbləği ödənilməklə cavabdehin və azyaşlı övladlarının fərdi yaşayış evindən istifadə hüquqlarına xitam verilməsinə iddiaçının etirazının olmaması da nəzərə alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İş materiallarında olan 14 iyul 2025-ci və 20 oktyabr 2025-ci il tarixli ödəniş qəbzlərindən görünür ki, İddiaçı tərəfindən mediasiyaya müraciət edilməsi üçün 50 manat və məhkəmədə iddia qaldırmaq üçün 85 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Buradan görünür ki, iddiaçı məhkəmədə qiymətləndirilməyən iddiaya görə 100 manat dövlət rüsumu ödəməli olduğu halda, 85 manat ödəmişdir. Bu hal isə özlüyündə iddiaçı tərəfindən natamam ödənilmiş dövlət rüsumunun tam, yəni əlavə olaraq 15 manat da ödənilməsi zərurətini yaratmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcələsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeydşərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Göstərilən maddələrin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, İddiaçı tərəfindən ödənilmiş 50 manat mediasiya xərcinin yarısı, yəni 25 manat və 85 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməli, əlavə olaraq dövlət rüsumu kimi ödənilməmiş qalan 15 manat məbləğində pul cavabdehdən alınaraq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, 7200 (yeddi min iki yüz) manat məbləğində pul kompensasiyası ödənilməklə, Cavabdeh və onun azyaşlı uşaqları X3, X2 İddiaçı Saatlı şəhəri, Azərbaycan xiyabanında (indiki Saatlı şəhəri H.Əliyev prospekti, ev 93) mülkiyyətində olan 0,06 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evindən və həyətyanı təsərrüfat tikililərindən istifadə hüquqlarına xitam verilməlidir, cavabdeh, cavabdehin uşaqları - X9, X8 və cavabdehə məxsus əşyalar həmin fərdi yaşayış evdən çıxarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Qətetdi: İddia təmin edilsin. 7200 (yeddi min iki yüz) manat məbləğində pul kompensasiyası ödənilməklə, Cavabdeh və onun azyaşlı uşaqları X3, X2 İddiaçı Saatlı şəhəri, Azərbaycan xiyabanında (indiki Saatlı şəhəri H.Əliyev prospekti, ev 93) mülkiyyətində olan 0,06 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evindən və həyətyanı təsərrüfat tikililərindən istifadə hüquqlarına xitam verilsin, cavabdeh, cavabdehin uşaqları - X9, X8 və cavabdehə məxsus əşyalar həmin fərdi yaşayış evdən çıxarılsın. 25 (iyirmi beş) manat mediasiya xərci və məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 85 (səksən beş) manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilsin. Dövlət rüsumu kimi ödənilməmiş qalan 15 (on beş) manat məbləğində pul cavabdehdən alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver