Məhkəmə qərarları › İş №e-2(060)-3622/2022

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №e-2(060)-3622/2022

04.05.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2(060)-3622/2022 04.05.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Sumqayıt şəhər Məhkəməsinin hakimi Tanrıverdiyeva Günel Cəbrayıl qızı, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mülkiyyət hüququnun tanınması və pul tələbinə dair iddia ərizəsini nəzərdən keçirib, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mülkiyyət hüququnun tanınması və pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 verdiyi 31.000 (otuz bir min) manat borc və 10.000 manat məbləğində pulun İddiaçı qaytarılması, Cavabdeh1 tərəfindən Sumqayıt şəhəri, 14-cü məhəllədə yerləşən 22 saylı evin 59 saylı mənzilin Cavabdeh2 bağışlanması barədə bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və həmin mənzil üzərində sonuncu şəxsə məxsus olan mülkiyyət hüququnu təsdiqləyən çıxarışın ləğv edilməsi, Sumqayıt şəhəri, 14-cü məhəllədə yerləşən 22 saylı evin 59 saylı mənzili üzərində ikidə bir hissədə İddiaçı mülkiyyət hüququnun tanınması və həmin mənzilə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.7-ci maddəsinin tələblərinə riayət edilmədən verildiyindən geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 152.1.7-ci maddəsinə əsasən, bir və ya bir neçə cavabdehə bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. İddia ərizəsindən görünür ki, İddiaçı ayrı-ayrılıqda müxtəlif cavabdehlərə qarşı mülkiyyət hüququnun tanınması və pul tələbinə dair bir-biri ilə əlaqəli olmayan bir neçə tələbi bir iddiada birləşdirmişdir. Halbuki, mülki-prosessual qanunvericiliyin tələblərinə görə, o cümlədən işlərə prosessual qanunvericilikdə müəyyən edilmiş müddətlər çərçivəsində tez və vaxtında baxılmasının təmin edilməsi məqsədilə iddiaçılar tərəfindən hər bir cavabdehə qarşı ayrıayrılıqda iddia qaldırılmaqla məhkəməyə müraciət edilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı iddia ərizəsi və ona əlavə olunmuş sənədləri geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-in 152.2-ci maddəsinə görə iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 152, 263, 264-cü maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mülkiyyət hüququnun tanınması və pul tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədləri geri qaytarılsın. İddiaçıya, ərizəninin qaytarılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət etmək hüququ izah edilsin. Qərardaddan, rəsmi qaydada verildiyi (və ya alındığı) gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim Günel Tanrıverdiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver