Azərbaycan Respublikası adından QƏTNAMƏ Babək şəhəri İş № e-2(079)-484/2021 29.10.2021 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi Əliyev Zamiq Xudaverdi oğlu İddiaçı Cavabdeh qarşı borcun tutulması tələbinə dair mülki işə tərəflərin iştirakı olmadan yazılı icraat qaydasında məhkəmənin inzibati binasında baxaraq m ü ə y y ə n e t d i : İddiaçı 29 sentyabr 2021-ci ildə Babək Rayon Məhkəməsinə ərizə ilə müraciət edərək, 06 noyabr 2018-ci il tarixli, YYK03300 nömrəli müqavilə üzrə Cavabdeh 290 (iki yüz doxsan ) manat əsas və 248.47 (iki yüz qırx səkkiz manat, qırx yeddi qəpik) manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə 538.47 (beş yüz otuz səkkiz manat, qırx yeddi qəpik) manat məbləğində borc və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun alınaraq ona ödənməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdehlə İddiaçı arasında bağlanmış 06 noyabr 2018-ci il tarixli, YYK03300 nömrəli nisyə alqı-satqı müqaviləsinə əsasən borcluya 419 manat (borclu tərəfindən edilmiş ilkin ödəniş məbləği daxil olmaqla) dəyərində məişət məhsulu nisyə satılmışdır və məhsul cavabdehə təhvil verilmişdir. Müqavilənin və tərəflər arasında tərtib edilmiş ödəniş qrafikinin şərtlərinə cavabdeh tərəfindən əməl edilməmiş, o, borcun qaytarılmasına dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Cavabdehə dəfələrlə tərəfimizdən yazılı və şifahi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq o, öhdəliyini yerinə yetirməmişdir. Müqavilənin 6.1-ci bəndi və 6.1.1-ci yarımbəndinə əsasən, cavabdeh müqavilə üzrə üzərinə götürdüyü borc öhdəliklərini yerinə yetirmədiyi (lazımınca yerinə yetirmədiyi) təqdirdə, kreditor nisyə mala görə hesablanmış borcu və dəbbə pulunu dərhal tələb etmək hüququna malikdir. Cavabdehin iddiaçı qarşısında müqavilə üzrə qalıq borcu 290 manat təşkil edir. Müqavilənin 5.6-cı bəndinə əsasən borcun ödənişi gecikdirildikdə, hər gecikdirilmiş gün üçün gecikdirilmiş borc məbləğinin 0.3 faizi həcmində cərmə (dəbbə pulu) ödəməyi cavabdeh öhdəsinə götürmüşdür. Cavabdehin kreditor qarşısında müqavilə üzrə cərimə borcu 828.24 manat təşkil edir. Hazırda cavabdehə qarşı güzəşt siyasəti tətbiq etdiyimiz üçün hesablanmış cərimə məbləğinin yalnız 30 faizini ödəməyi borcludan tələb edirik. Belə olan halda, hesablanmış cərimə məbləğinin 30 faizi 248.27 manat təşkil edir. Məhkəmə ilk olaraq iş üzrə tərəflərin nəzərinə çatdırır ki, iddianın qiyməti beş min manatdan aşağı olduğundan və iddiaçı mülki işə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat formasında baxılmasını xahiş etdiyindən, məhkəmə işə həmin icraat formasında baxmışdı. Həmin Məcəllənin 284-5.3-cü maddəsinin tələbinə görə isə ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalı olması qeyd olunduğundan məhkəmə iş üzrə tərəflərin iştirakı olmadan işə baxmışdır. Əlavə olaraq məhkəmə bildirir ki, həmin Məcəllənin 284-6.1-ci maddəsi ilə müəyyən olunur ki, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Mülki prosessual qanunvericiliyin sonuncu qeyd olunan tələbini nəzərə alan məhkəmə iş materiallarını qanunvericiliyin tələbləri daxilində tədqiq edərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə tərəfindən iddianın qismən təmin edilməsi ilə bağlı istinad etdiyi sübutlar isə iddiaçı tərəfindən iddia ərizəsinə əlavə olunmuş və məhkəmə tərəfindən tədqiq olunmuş yazılı sübutlardır. İddia ərizəsinə əlavə edilən sənədlərdən aydın olur ki, iddiaçı öz tələbini qismən əsaslandıran halları təsdiq edən sübutlar məhkəməyə təqdim etmişdir. Məhkəmənin yalnız iddiaçı tərəfin təqdim etdiyi sübutlara əsaslanmasına gəldikdə isə onu qeyd edir ki, “Elektron Məhkəmə” informasiya sistemindən çıxarılmış məlumatdan cavabdeh Babək rayonu, Cəhri qəsəbəsində rəsmi qeydiyyatdadır. Cavabdehə məhkəmə sənədlərinin, yəni iddia ərizəsinin, məhkəmənin 29 sentyabr 2021-ci il tarixli, 2(079)-484/2021 nömrəli qərardadının surəti, eyni tarixli və nömrəli məhkəmə bildirişi Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq onun yaşadığı ünvanına rəsmi qaydada göndərilmişdi. Mülki iş materiallarına əlavə edilmiş sifarişli poçt göndərişinin verilməsi haqqında xəbərnamədən məhkəmə sənədlərinin cavabdehə 04 oktyabr 2021-ci ildə təqdim edilməsi müəyyən edilir. Qeyd olunan məhkəmə sənədlərində cavabdehə iddia tələbinə qarşı etirazının olduğu halda bildirişi aldıqdan sonra 10 gün müddətində bunu əsaslandıran dəlil və sənədləri məhkəməyə təqdim etməsi izah olunsa da, cavabdehin ona qarşı olan iddia tələbini təkzib edən hər hansı bir etiraz və ya sübut məhkəməyə daxil olmamışdı. Eyni zamanda ona göndərilmiş 29 sentyabr 2021-ci il tarixli, 2(079)-484/2021 nömrəli qərardadda Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinin tələbi də izah olunmuşdur. Məhkəmə tərəflərin nəzərinə çatdırır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Eyni zamanda həmin Məcəllənin 78.1-ci maddəsinin mahiyyətinə görə isə sübutlar işdə iştirak edən şəxslər birinci instansiya məhkəməsinə təqdim olunur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 218.1-ci maddəsinin tələbini nəzərə almaqla onu qeyd edir ki, tərəflər mülki hüquq münasibətləri, alqı-satqı müqaviləsindən əmələ gələn öhdəlik münasibətləri mövcuddur. Mülki münasibətlərdə hüquq və vəzifələrin əmələ gəlməsi, bir qayda olaraq, müqavilələrlə (əqdlərlə) bağlıdır. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün tərəflərin razılaşdırılmış iradə ifadəsi olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 386.1-ci maddəsi bəzi istisnalarla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilənin bağlanmalı olduğunu müəyyən edir. Həmin maddədə nəzərdə tutulmuşdur ki, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 6-cı maddəsinin mahiyyətinə əsasən hər kəs müqavilə bağlamaqda müstəqildir və müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir. Həmin prinsip mülki hüquq subyektlərinə müstəqil olaraq, heç kəsin iradəsindən asılı olmadan öz mülahizə və istəklərinə görə mənafelərini nəzərə almaqla müqavilə bağlamaq imkanı verir. Həmin Məcəllənin “Müqavilə hüququ” adlanan 20-ci fəslinin məqsədi müqavilə hüquq münasibətlərinə girən tərəflərin sərbəst iradə ifadəsi və bərabərliyi prinsiplərinə riayət etməklə və onların müqavilə maraqlarını qorumaqla mülki dövriyyənin azadlığını təmin etməkdir. Mülki Məcəllənin 390.1-ci maddəsinin məzmununa görə, fiziki və hüquqi şəxslər müqavilə əsasında öz hüquq və vəzifələrinin, həmçinin müqavilənin qanuna zidd olmayan istənilən şərtinin müəyyən edilməsində sərbəstdirlər. Mülki qanunvericilik müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu təsbit edir. Bu prinsipə görə, bağlanmış müqavilələr onlarda göstərilən və tərəflərin razılığa gəldikləri şərtlər əsasında da icra edilir. İş materiallarına əlavə olunmuş sənədlərdən aydın olur ki, Cavabdeh ilə İddiaçı arasında 06 noyabr 2018-ci il tarixli, YYK03300 nömrəli alqı-satqı müqaviləsi bağlanmış və həmin müqavilə üzrə aşağıda qeyd edilən iş üçün əhəmiyyətli olan şərtlər barədə razılığa gəlmişlər: - müqavilənin predmeti adlanan 1-ci bəndinə əsasən satıcı alıcıya siyahısı təhviltəslim aktında (Əlavə 2) göstərilən mal(lar)ı satır, alıcı isə həmin malı qəbul edir və bu müqavilə ilə razılaşdırılmış qaydada mal(lar)ın dəyərini satıcıya ödəyir; - müqavilənin 1.2-ci bəndindən aydın olur ki, satıcı bu müqaviləyə əsasən dəyəri 419 manat olan avadanlığı alıcıya nisyə satmağı, alıcı isə satılmış əşyaya görə 71 manat ilkin ödəniş edərək malı qəbul edib, bu müqavilənin tərkib hissəsi olan ödəniş cədvəlinə əsasən (Əlavə 1) müəyyənləşdirilmiş müddətdə və qaydada pul məbləğini ödəməyi öhdəsinə götürür; - müqavilənin 2.4 və 2.4.1 bəndlərinə əsasən müqavilədə müəyyən olunmuş qaydada ödəniş cədvəlinə uyğun olaraq borcunu vaxtında və tam ödəmək alıcının vəzifəsidir; -müqavilənin qüvvədə olma müddəti isə həmin müqavilənin 5.1-ci bəndi ilə müəyyən edilir ki, o imzalandığı andan qüvvəyə minir və müqavilə tərəflərin qarşılıqlı öhdəliklərinin tam yerinə yetirilənədək qüvvədə qalır. Müqaviləyə əlavə edilmiş 1 nömrəli əlavəyə görə Cavabdeh müqavilə ilə satılmış əşyanın dəyəri üçün “ödəniş cədvəli” əsasında 06 noyabr 2018-ci ildən başlayaraq 12 ay ərzində İddiaçınə hər ay 29 (iyirmi doqquz) manat öhdəsinə götürür. Tərəflər arasında bağlanmış müqavilədən aydın olur ki, razılaşma üzrə iddiaçının müqavilədə göstərilən malı cavabdehə verməsi, cavabdehin isə müqavilə üzrə müəyyən edilmiş qaydada və müddətdə onun dəyərini hissə-hissə ödəməsi onların müqavilədən irəli gələn əsas öhdəliyidir. Öhdəliklərin icra etməsini sübut etmək vəzifəsinə gəldikdə isə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbini rəhbər tutan məhkəmə tərəflər bildirir ki, hər bir tərəf öz öhdəliyinin icrasını yerinə yetirdiyini sübut etmək vəzifəsi daşıyır. Belə ki, həmin maddəyə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi mülki prosessual qanunvericilik sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Bundan əlavə Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublıkası Konstitusiya Məhkəməsi 18 mart 2019-cu il tarixli qərarında da qeyd olunur ki, prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İddia ərizəsinə əlavə edilmiş 06 noyabr 2018-ci il tarixli əşyaların təhvil-təslim aktından aydın olur ki, iddiaçı müqavilədən irəli gələn əsas öhdəliyini icra edərək müqavilədə göstərilən malı cavabdehə vermişdir. Cavabdeh isə müqavilədən irəli gələn öhdəliyini icra etməsi ilə bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdi. Əksinə isə iş materiallarına əlavə edilmiş İddiaçı tərəfindən ona göndərilmiş 16 sentyabr 2021-ci il tarixli xəbərdarlıq məktubundan və sifarişli poçt göndərişinin siyahısından onun müqavilədən irəli gələn öhdəliyi icra etməməsi müəyyən olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 568-ci maddəsində satıcının əşyanı vermək vəzifəsi müəyyən edilir ki, həmin maddənin tələbinə görə satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Həmin Məcəllənin 600-cü maddəsində nisyə satılmış əşyanın ödənilməsi qaydaları müəyyən edilmişdir. Mülki Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 601-ci maddəsinin tələbinə görə isə əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə Mülki Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.4-cü maddəsi ilə həmçinin müəyyən edilir ki, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Yuxarıda qeyd edilənləri nəzərə alan məhkəmə bildirir ki, iddiaçının cavabdehə qarşı olan borcun qaytarılması barədə tələbi əsaslıdır. Borcun miqdarına gəldikdə isə, iddia ərizəsinə əlavə edilmiş 15 sentyabr 2021-ci il tarixli maliyyə arayışından aydın olur ki, Cavabdeh 06 noyabr 2018-ci il tarixli, YYK03300 nömrəli müqavilə üzrə hazırda əsas borca görə iddiaçıya 290 (iki yüz doxsan ) manat ödənilməmiş öhdəliyi mövcuddur. İddiaçı cavabdehə qarşı olan tələbində cərimənin ödənilməsini də tələb etdiyindən bununla bağlı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 465.2-ci maddəsinin tələbini cavabdehin nəzərinə çatdırır. Həmin maddəyə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Tərəflər arasında bağlanmış müqavilənin 2.4.4-cü bəndindən müəyyən edilir ki, alıcı qalan borcun ödənilməsini gecikdirdiyi halda gecikdirilmiş hər gün üçün gecikdirilmiş borc məbləğinin 0.3 faizi həcmində cərimə (dəbbə) pulu ödəməyi öhdəsinə götürür . Qeyd edilənlərdən İddiaçı Cavabdeh qarşı olan cərimə borcunun ödənilməsi tələbinin də əsaslı olması müəyyən edilir. Lakin cərimə borcunun miqdarına gəldikdə isə, iddia ərizəsinə əlavə edilmiş 15 sentyabr 2021-ci il tarixli maliyyə arayışında Cavabdeh 06 noyabr 2018-ci il tarixli, YYK03300 nömrəli müqavilə üzrə cərimə borcunun 248.47 (iki yüz qırx səkkiz manat, qırx yeddi qəpik) manat miqdarında olması qeyd edilmişdi. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsi ilə müəyyən edilir ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. İddiaçının tələbindən onun 06 noyabr 2018-ci il tarixli, YYK03300 nömrəli müqavilə üzrə cavabdehdən 290 (iki yüz doxsan ) manat əsas borc, onun gecikdirilməsinə görə 248.47 (iki yüz qırx səkkiz manat, qırx yeddi qəpik) manat məbləğində cərimə borcu tələb etməsi aydın olur. Tələbdən də aydın olur ki, cərimə borcu əsas borcdan tənasübsüz şəkildə yüksəkdir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 dekabr 2014-cü il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyi əsas götürərək məhkəmə hesab edir ki, iddiaçının cavabdehə qarşı olan tələbi cərimə borcunun tutulmasına dair münasibətdə qismən təmin edilməli, 30 (otuz) manat cərimə borcu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə bu qənaətə gəlməsini onunla əsaslandırır ki, iş materiallarından cavabdehin ödəniş cədvəlinə əsasən sonuncu ödəməni 06 noyabr 2019-cu il tarixdə həyata keçirməli olması müəyyən edilir. Müəyyən edilmiş qaydada və müddətdə cavabdeh vicdanlılıq prinsipinə sadiq qalaraq öhdəliyini icra etmədikdə, iddiaçı davamlı müddət gözləmədən məhkəməyə müraciət etmək hüququndan istifadə etməyə çalışmalıdır. Cavabdeh müqavilədən irəli gələn öhdəliklərini icra etməməsinə baxmayaraq iddiaçı iki ilə yaxın müddətdə hüquqi addım atmamaqla nəticədə cərimə borcunun artmasına nail olmuşdu. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin yuxarıda qeyd edilən qərarında da qeyd edilir ki, mülki dövriyyənin inkişafı və fəaliyyət göstərməsi üçün əsas şərtlərdən biri mülki hüquq subyektlərinin öz vəzifə və öhdəliklərini vicdanla, lazımınca yerinə yetirmələrindən ibarətdir. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və Mülki Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludur. Həmin Məcəllənin 16.1-ci maddəsində isə müəyyən olunmuşdur ki, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Məhkəmə iddiaçının tələbini qismən əsaslı saydığından, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsində məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməsi qeyd edildiyindən və hazırki iş üzrə iddia təmin edilməli olduğundan iddiaçı tərəfdən iddia qaldırılan zaman ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun 17 (on yeddi) manat, 70 (yetmiş) qəpik miqdarı cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Bundan əlavə məhkəmə onu da qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 222.2-ci maddəsinin tələbinə görə pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Göstərilənləri nəzərə alaraq məhkəmə yekunda aşağıdakı nəticəyə gəlir: - iddia qismən təmin olunmalı; - 06 noyabr 2018-ci il tarixli, YYK03300 nömrəli müqavilə üzrə 290 (iki yüz doxsan) manat əsas və 30 (otuz) manat miqdarında cərimə olmaqla, ümumilikdə 320 (üç yüz iyirmi) manat məbləğində borc Cavabdeh alınaraq İddiaçınə verilməli; -həmçinin Cavabdeh 17 (on yeddi) manat, 70 (yetmiş) qəpik miqdarında dövlət rüsumu alınaraq İddiaçınə ödənilməli; -iddia qalan hissədə əsassız olduğundan rədd edilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 216-220, 284-6.2, 284-6.3, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qət e t d i: İddia qismən təmin olunsun. 06 noyabr 2018-ci il tarixli, YYK03300 nömrəli müqavilə üzrə 290 (iki yüz doxsan) manat əsas və 30 (otuz) manat miqdarında cərimə olmaqla, ümumilikdə 320 (üç yüz iyirmi) manat məbləğində borc Cavabdeh alınaraq İddiaçınə verilsin. Həmçinin Cavabdeh 17 (on yeddi) manat, 70 (yetmiş) qəpik miqdarında dövlət rüsumu alınaraq İddiaçınə ödənilsin. İddia qalan hissədə əsassız olduğundan rədd edilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Babək Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Zamiq Əliyev.
Məhkəmə qərarları › İş №e-2(079)-484/2021
Naxçıvan MR Babək Rayon Məhkəməsi Qətnamə — İş №e-2(079)-484/2021
29.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver