Məhkəmə qərarları › İş №e-2-1(1-8)-2171/2026

Ali Məhkəmə Qərardad — İş №e-2-1(1-8)-2171/2026

03.07.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № e-2-1(1-8)-2171/2026 03.07.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı İddiaçı cavabdeh cavabdeh1 publik hüquqi şəxsinə qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: şikayət üzrə kassasiyanın mümkünlüyü, şikayət üzrə müddətin üzrsüz səbəbdən ötürülməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Vəliyev Sərvər Yaqub oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, İddiaçı İddiaçı cavabdeh cavabdeh1 publik hüquqi şəxsinə qarşı torpaq sahəsinə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla reyestrdən çıxarışın verilməsi tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2026-cı il ## #### tarixli, e-*-*(*-*)-****/**** nömrəli qərardadından cavabdeh tərəfindən verilmiş şikayət üzrə kassasiyanın mümkünlüyünə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARI

1. İddiaçı İddiaçı cavabdeh cavabdeh1 * saylı Bakı Ərazi İdarəsinə qarşı (*hazırda cavabdeh1) Bakı şəhəri, Binəqədi rayonu, 7- ci mikrorayon, Xarici Dairəvi küçəsi, F.Məlikov məhəlləsi, APU-nun yataqxanasının qarşı tərəfində yerləşən Binəqədi Bələdiyyəsinin idarə edilməsi şöbəsinin mühəndis-memarı tərəfindən təsdiq olunmuş torpaq sahəsinin situasiya planında göstərilmiş 70.0 kv.m. torpaq sahəsinin plan və ölçüsünün hazırlanması, torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ödəliyinin cavabdehə həvalə edilməsi barədə iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir.

2. Bakı İnzibati Məhkəməsinin (hakim: A.A.Abdullayeva) 2026-cı il ## ###### tarixli, e-*-*(***)-*****/**** nömrəli qərarı ilə iddia tələbi təmin edilmişdir.

3. Birinci instansiyası məhkəməsinin qərarı cavabdeh tərəfindən mübahisələndirilmiş, qərarın ləğv edilməsi və iddiaçının iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsi xahiş edilmişdir.

4. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: N.X.Nəbizadə /sədrlik edən və məruzəçi/, V.K.Qasımov və C.B.Məmmədov) 2026-cı il ## #### tarixli, e-*-*(*-*)-****/**** nömrəli qərardadı ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti mümkün sayılmamış və apellyasiya şikayətinin qəbul olunmasından imtina edilmişdir.

5. Cavabdeh kassasiya şikayəti verərək, həmin qərardadın ləğv edilməsini və apellyasiya şikayətinin mümkün sayılmasını xahiş etmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ

6. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 9-1.3. İnzibati məhkəmə icraatı elektron qaydada aparıldıqda həmin icraat, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Maddə 22.1. Bu Məcəllə ilə başqa qayda nəzərdə tutulmamışdırsa, müddətin axımı təqdim edilmə anından, təqdim edilmənin bu Məcəllə ilə məcburi hesab olunmadığı hallarda isə, elan edilmə anından başlanır. Maddə 24.1. Bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Maddə 24.2. Buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. Maddə 31.1. İnzibati məhkəmə icraatında inzibati məhkəmə icraatı iştirakçılarının vəkillə təmsil olunmaq hüququ vardır. Dövlət və bələdiyyə orqanları, yaxud hüquqi şəxslər, həmçinin bu Məcəllənin 26.2-ci maddəsində nəzərdə tutulmuş səlahiyyətli nümayəndə vasitəsilə, fiziki şəxslər isə yaxın qohumlar vasitəsilə təmsil oluna bilərlər. Maddə 31.2. Prosessual nümayəndə onun nümayəndəliyini təsdiq edən sənədi məhkəməyə təqdim etdiyi andan məhkəmə icraatı ilə bağlı bütün məhkəmə aktları və digər məhkəmə sənədləri bu Məcəllə ilə müəyyən olunmuş qaydada ona təqdim olunur və həmin nümayəndə təmsil etdiyi şəxsin adından bütün prosessual hərəkətləri həyata keçirə bilər. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 96.2 Ali Məhkəmə kassasiyanın mümkünlüyü əsaslarını yoxlayır. Maddə 96.3. Kassasiya mümkün sayılmadıqda Ali Məhkəmə şikayəti qəbul etməkdən imtina edir və bu barədə əsaslandırılmış qərardad qəbul edir. Kassasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl inzibati məhkəmə icraatı iştirakçılarının dinlənilmə hüququ təmin olunmalıdır. Şikayətin qəbulundan imtina edildiyi hallarda, apellyasiya instansiyası məhkəməsinin qərarı və ya qərardadı qanuni qüvvəyə minir.

KASSASİYA İNSTANSİYASI MƏHKƏMƏSİNİN MÖVQEYİ

7. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin şikayəti üzrə kassasiya mümkün sayılmamalı və kassasiya şikayətinin qəbulundan imtina edilməlidir. Bu aşağıdakı səbəblərdən irəli gəlir.

8. Bu qərardadın 6-cı bəndində istinad olunan normaya görə, kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.

9. İş üzrə materiallardan görünür ki, apellyasiya instansiyası məhkəməsinin qərardadı elektron imza ilə təsdiq edilməklə ##.##.2026-cı il tarixdə AZEMİS-də cavabdehə məxsus şəxsi elektron kabinetə yerləşdirilməklə cavabdehə rəsmi qaydada təqdim olunmuşdur. Həmin qərardaddan cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti isə ##.##.2026-cı il tarixdə, yəni qanunvericiliklə müəyyən edilmiş müddət 3 gün ötürülməklə apellyasiya instansiyası məhkəməsinə təqdim edilmişdir.

10. Bu qərardadın 6-cı bəndində istinad edilən normalara əsasən, inzibati məhkəmə icraatında inzibati məhkəmə icraatı iştirakçılarının vəkillə təmsil olunmaq hüququ vardır. Prosessual nümayəndə onun nümayəndəliyini təsdiq edən sənədi məhkəməyə təqdim etdiyi andan məhkəmə icraatı ilə bağlı bütün məhkəmə aktları və digər məhkəmə sənədləri bu Məcəllə ilə müəyyən olunmuş qaydada ona təqdim olunur və həmin nümayəndə təmsil etdiyi şəxsin adından bütün prosessual hərəkətləri həyata keçirə bilər. İnzibati məhkəmə icraatı elektron qaydada aparıldıqda məhkəmə sənədlərinin proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir.

11. Hazırkı halda apellyasiya instansiyası məhkəməsinin qərardadı ##.##.2026-cı il tarixdə cavabdehin elektron kabinetinə yerləşdirilməklə rəsmi qaydada təqdim olunmuşdur. Kassasiya şikayətinin verilməsi üçün qanunvericiliklə müəyyən edilmiş müddətin axımının başlanması da məhz həmin tarixdən qəbul edilməlidir.

12. Göründüyü kimi, cavabdeh tərəfindən kassasiya şikayəti məhkəmə qərardadının təqdim olunduğu gündən qanunvericiliklə müəyyən olunmuş 10 günlük müddət ötürülməklə verilmişdir.

13. Eyni zamanda, bu qərardadın 6-cı bəndində istinad olunan normaya görə, bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir.

14. Cavabdeh kassasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair ərizəsində qeyd etmişdir ki, apellyasiya instansiya məhkəməsinin qərardadı iş çoxluğu səbəbindən İdarədə ##.##.2026-cı il tarixdə qeydiyyata alınmışdır. İdarəyə EMİS-dən eyni zamanda (##.##.2026-##.##.2026 tarix aralığında) 3400-dən artıq bildiriş daxil olmuşdur. İdarə tərəfindən şikayət verilmə müddəti qeyd olunan tarixdən hesablanmış və mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq, prosessual müddəti ötürmədən şikayət verilmişdir.

15. Məhkəmə kollegiyası qeyd edir ki, ərizədə göstərilmiş hal müddətin bərpa edilməsi üçün əsas kimi qəbul edilə bilməz. İdarəyə çoxsaylı bildirişin daxil olması və bu səbəbdən qeydiyyatın gec aparılması həmin idarənin öz daxili idarəetməsində tənzimlənməli olan haldır və şikayətin vaxtında verilməsi üçün qeydiyyatın vaxtında aparılması cavabdehin məsuliyyət sferasına aiddir.

16. Qeyd olunmalıdır ki, inzibati prosessual qanunvericiliyin tələbinə əsasən müddət inzibati məhkəmə icraatı iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Lakin hazırkı iş üzrə müddətin iddiaçının təqsiri olmadan ötürüldüyü müəyyən edilmir.

17. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası

QƏRARA ALDI:

Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2026-cı il ## #### tarixli, e-*-*(*-*)-****/**** nömrəli qərardadından cavabdeh tərəfindən verilmiş şikayət üzrə kassasiya mümkün sayılmasın və şikayətin qəbulundan imtina edilsin. Qərardad qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar