Məhkəmə qərarları › İş №e-2-1(112)-10006/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-10006/2024

13.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-10006/2024 13.12.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi ilə, İslamova Minayə Etibar qızının katibliyi, İddiaçı və vəkili Nümayəndə, Cavabdehin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “mənzilin fərdi yaşayış evi kimi qeydiyyata alınaraq vahid çıxarışın verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, H.Ağayev küçəsi ev 5, mənzil 2 (yeni qaydalarla Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Həsən bəy Ağayev küçəsi, 11, M1,m1)-in mənzilinin fərdi yaşayış evi kimi qeydiyyatına alınması (mənzildən fərdi yaşayış evinə keçirilməsi), həmin tikilinin altındakı torpaq sahəsinin özəlləşdirilməsi, 169 kv. m torpaq sahəsinə üzərində yerləşən 91,7 kv.m yaşayış evi ilə birlikdə (faktiki ölçülər əsasında) vahid əmlak kimi qeydiyyatdan keçirilərək çıxarışın (91,7 kv.metr) verilməsi və onun əsasında texniki pasportun tərtib edilməsi, eyni zamanda X2 məxsus olan qeydiyyatsız tikili ilə iddiaçıya məxsus olan fərdi yaşayış evi arasında mühafizə zolağının ayrılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı 1989-cu ildə ali məktəbi bitirərək işləmək üçün neft mühəndisi kimi təyinatla "Balaxanıneft" NQÇİ-yə göndərilmişdir. Həmin ilin sentyabr ayında işə qəbul olunduqdan az sonra gənc mütəxəssis kimi növbədənkənar ev növbəsinə qeydə alınmış, 1991-cı ildə ailə üzvlərinin sayına əsasən ona ünvan 1 ünvanlı 2 otaqlı 6 sot həyətyanı sahəsi olan mənzildə yaşamaq üçün order verilmişdir. Lakin MİS tərəfindən evi göstərmək istədikdə bildirdilər ki, həmin mənzildə Ermənistandan gəlmiş ailə müvəqqəti yaşayır və İddiaçı o evin sahibidir. O etiraz edib, bildirmişdir ki, başqa mənzil istəyir. İşlədiyi müəssisədən bildirilmişdir ki, o artıq evlə təmin olunmuş və növbədən çıxarılmışdır. Beləliklə, ailəsi ilə kirayədə yaşamağa davam etmişdir. Nəhayət, 1992-ci ildə Bakı şəhər Baş Prokurorluğuna müraciət etmiş, Prokurorluğun müdaxiləsi nəticəsində ona verilmiş Krasnoarmeyskaya küç. ev 4/1 ünvanlı mənzilin orderi ləğv edilmiş və ona Həsənbəy Ağayev küçəsi 5/2 (yeni ünvan: H. Ağayev-11) ünvanlı - 1,7 sot torpaq sahəsində yerləşən 1 otaqlı mənzil (1 mərtəbəli) təklif olunmuşdur. Müəssisə rəhbərliyindən bildirildi ki, başqa mənzil yoxdur. Əgər razılaşsa, ona icazə veriləcək ki, mənzilin həyətyanı sahəsində əlavə otaq tikib şəraitini yaxşılaşdırsın, ailəsi 3 nəfərdən ibarət olduğundan (1995-ci ildə 2-ci övladım doğuldu və 4 nəfər olduq) həmin otaq çox köhnə, yaşayışa yararsız vəziyyətdə olsa da, təkliflə razılaşmışdır. Kirayədə yaşamaq çətin olduğu üçün 1992-ci ilin sonu həmin mənzilə köçmüş və qohumların köməkliyi ilə tikinti işinə başlamışdır. Həyətyanı sahədə 1 otaq və təmizlik qovşağı tikmışdir. 1993-cü ildə respublikada mənzillərin özəlləşdirilməsinə başlanılmışdır.O da mənzilinin özəlləşdirilməsi üçün "Balaxanıneft" NQÇİ-nin rəhbərliyinə müraciət etmış və kupça hazır olduqda məlum olmuşdur ki, yalnız 18m2-lik otaq kupçada qeyd olunub. Yeni tikilmiş otaq və təmizlik qovşağı və köhnə təmizlik qovşağı, dəhliz də göstərilməyib. Ona izah olunub ki, “mövcud qaydalara görə yalnız yaşayış sahəsi qeydə alınır, yardımçı sahələr (dəhliz, təmizlik qovşağı) və həyətyanı sahə dövlət tərəfindən vətəndaşa təmənnasız verilir.” 1993-cü ilin sonu Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Başçısının X1 və Mülkiyyət hüquqlarının qeydiyyatı İdarəsinə müraciət etmiş, Evə texniki baxış keçirildikdən sonra 4 yanvar 1994-cü il tarixdə ona texniki pasport verilmişdir. Ona aid olan fərdi yaşayış evinin tam qeydə alınması üçün "Balaxanıneft" NQÇİ-nin tabeliyində olan MİS-ə müraciət etmiş və bildirilmişdir ki, artıq gecdir. NQÇİ-nin balansında olan torpaq sahələri “Qəsəbə Sovetinin” balansına verilib. Bakıxanov Bələdiyyəsi yarandıqdan sonra evə təkrar texniki baxış keçirilmiş və xx.xx.1994-cü il tarixli texniki pasportun surəti qeydə alınmiş və illik əmlak vergisi təyin edilmişdir. Lakin bu günədək xx.xx.1994-cü il tarixli texniki pasporta əsasən əmlak vergisi ödənilməsinə baxmayaraq əmlakın tam olaraq (real ölçülər əsasında) dövlət qeydiyyatına alınmasına nail ola bilməmişdir. Aidiyyəti üzrə müxtəlif vaxtlarda müraciət etsə də, ağır “şərt”lə qarşılaşdığı üçün müraciətə baxılmamışdır. xx.xx.2019-cu il tarixdə əmlak vergisi ödəyərkən, yenidən Bakıxanov Bələdiyyəsinə ərizə ilə müraciət edərək köhnəlmiş texniki pasportun dövlət qeydiyyatına alınması və yenilənməsi üçün hüquqi dəstəyin göstərilməsini xahiş etmişdir. Lakin Bələdiyyənin xx.xx.2019-cu il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, “Bakıxanov Bələdiyyəsinin mülkiyyətinə aid olan torpaq sahələrinin Şəhadətnamə və Xəritəsi Bələdiyyəyə təhvil verilmədiyindən, tərəfimizdən hər hansı sənədləşmə işlərinin aparılması mümkün deyildir.Bakıxanov bələdiyyəsinin mülkiyyətinə aid olan torpaq sahələrinin Şəhadətnamə və Xəritəsi bələdiyyəyə təhvil verildiyi halda Sizin müraciətinizə baxıla bilər.” Şifahi olaraq bildirdilər ki, sənədlər onlarda olmasa da, torpaq Bələdiyyənin balansındadır. Bu səbəbdən də əmlak vergisi yığmaq hüquqları var. Əlavə olaraq bildirir ki, 2021-ci ilin mart ayında mənzildən arakəsmə (taxta konstruksiyalı) divarla ayrılan və qonşuya məxsus olan mənzil onun istəyi ilə sökülmüşdür (Qonşu 4 sot həyətyanı sahəsində yeni 2 mərtəbəli fərdi ev tikmişdir). Mənzilin arxa tərəfi açıldığı üçün həmin taxta konstruksiyalı divar daş istinad divarı olaraq və düzlənərək yenidən tikilməsi zərurəti yarandığından yenidən tikilmişdir. Mənzilin arxa tərəfinin atmosfer təsirindən (qar, yağış və s.) mühafizə olunması üçün tikinti normalarına uyğun mühafizə tədbirlərinin görülməsi zərurəti yaranmışdır. Qeyd etdiklərini nəzərə alaraq, mövcud vəziyyətin qeydə alınması üçün sentyabr 2023-cü il tarixdə 4 saylı “ASAN Xidmət” mərkəzi vasitəsilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDXDƏDK və RX publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə (BƏİ) müraciət etdi. Yuxarıdan da qeyd etdiyi kimi, mənzilin səhəsi kiçik olduğundan fəaliyyət göstərdiyi təşkilata müraciəti əsasında, mənzil şəraitinin genişləndirilməsi ilə bağlı müsbət qərar verilmiş və mənzil sahəsi ölçüləri 80,7 kv.m çatdırılmışdır. Bununla bağlı xx.xx.1994-cü ildə aidiyyatı qurumdan belə texniki pasport verilmişdir. Mülkiyyətində olan mənzilə dair faktiki sahəyə uyğun texniki pasportun tərtib edilməsi və çıxarışın verilməsi ilə bağlı cavabdehə etdiyi müraciəinə xx.xx.2023-cü il tarixində imtina edilmiş, belə ki həmin tarixədək İdarəyə texniki pasportun tərtib edilməsi üçün müraciət etmiş, mənzilin faktiki ölçüləri ilə sənəddəki ölçüləri arasında fərq olduğundan texniki pasportun tərtib edilməsindən imtina edilmişdir.Bundan sonra Bakı İnzibati Məhkəməsinə müraciət etsə də, iddia ərizəsini geri götürməyi, əvvəlcə inzibati quruma Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, H.Ağayev küçəsi ev 5, mənzil 2 (yeni qaydalarla Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Həsən bəy Ağayev küçəsi, 11, M1,m1 ) -in mənzilinin fərdi yaşayış evi kimi qeydiyyatına alınması (mənzildən fərdi yaşayış evinə keçirilməsi), həmin tikilinin altındakı torpaq sahəsinin özəlləşdirilməsi, 169 kv. m torpaq sahəsinə üzərində yerləşən 91,7 kv m yaşayış evi ilə birlikdə (faktiki ölçülər əsasında) vahid əmlak kimi qeydiyyatdan keçirilərək çıxarışın (91, 7 kv. metr) verilməsi və onun əsasında texniki pasportun tərtib edilməsi üçün müraciət etməsi tövsiyə edildi. Bundan sonra yuxarıda qeyd etdiyi hallar və eyni zamanda X2 məxsus olan qeydiyyatsız tikili ilə ona məxsus olan fərdi yaşayış evi arasında mühafizə zolağının ayrılması ilə bağlı müvafiq göstəriş verilməsi üçün inzibati quruma müraciət etmiş olsa da, xx.xx.2024-cü il tarixdə müraciətinə imtina edilmiş, imtinaya səbəb kimi isə hüquqmüəyyənedici sənədlər təqdim edilmədiyi bildirilmişdir. Belə ki, ona məxsus olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, H.Ağayev küçəsi ev 5, mənzil 2 faktiki olaraq 91,7 kv.m-dir, xx.xx.1994-cü il tarixdə verilmiş texniki pasportda isə 80,1 kv. metr, torpaq sahəsi isə 169 kv.m göstərilmişdir. Cavabdehin qeyd edilən səbəblərdən müraciətinə imtina etməsi əsassızdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı tərəf xx.xx.2024-cü il tarixdə iddia tələbinə dəqiqləşmə barədə ərizə təqdim edərək Bakı şəhəri, Sabunçu rayonu, ünvan 4 (yeni qaydalarla ünvan 5-in mənzilinin fərdi yaşayış evi kimi qeydiyyata alınması (mənzildən fərdi yaşayış evinə keçirilməsi), həmin tikilinin altındakı torpaq sahəsinin özəlləşdirilməsi, 174,9 kv. m torpaq sahəsinə üzərində yerləşən 87,2 kv.m fərdi yaşayış evi ilə birlikdə (faktiki ölçülər əsasında) vahid əmlak kimi qeydiyyatdan keçirilərək çıxarışın (87,2 kv.metr) verilməsi və onun əsasında texniki pasportun tərtib edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş, məhkəmənin eyni tarixli qərardadı ilə idia tələbi dəqiqləşdirilmiş şəkildə icraata qəbul edilmişdir. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, sözügedən ünvanda yerləşən mənzilin fərdi yaşayış evi kimi torpaq sahəsi ilə birlikdə vahid əmlak şəklində qeydiyyata alınmasına dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində və Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli, 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısı”nda nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. İdarənin mütəxəssisləri tərəfindən ünvana keçirilən yerli baxış zamanı məlum olmuşdur ki, torpaq sahəsinin faktiki ölçüsü 574.5 kv.m təşkil edir. Faktiki mənziı bir mərtəbəli binanın bir hissəsidir. Mənzilə bitişik əlavə sahələr inşa edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli (“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı) Fərmanının 2.4-cü bəndinə əsasən üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış yaşayış evinin torpaq sahəsinə münasibətdə texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il yanvarın 1-dək tərtib olunmuş texniki pasport daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsas hesab olunur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 48.2-ci maddəsini rəhbər tutaraq iddia tələbinin təmin edilməməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı və onun nümayəndəsi (vəkili) iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdilər. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi iddiaya etiraz edərək tələbin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. Eyni təəflər arasında eyni mübahisə ilə bağlı Bakı İnzibati Məhkəməsinin icraatında olmuş 2-1(112)-5289/2024 nömrəli inzibati işə əlavə edilmiş sənədlərdən görünür ki: -Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli məktubu ilə təqdim edilmiş sənədlərdən görünür ki: -Sabunçu rayon İcraiyyə Komitəsinin xx.xx.1993-cü il tarixli 015559 nömrəli orderinə əsasən ünvan 2 ünvanında yerləşən 1 otaqlı 18,0 kv.m ölçüdə mənzil X3 (arvadı F.H.Əskərova) istifadəsinə verilmişdir. -xx.xx.1993-cü il tarixli Müqaviləyə əsasən ünvan 3 ünvanda yerləşən 2 saylı mənzil “Balaxanıneft” NQÇİ-nin əməkdaşı X3 şəxsi mülkiyyətinə əvəzsiz olaraq verilmişdir. -“Balaxanı neft və qazçıxarma” İdarəsinin xx.xx.1999-cu il tarixli 18 nömrəli qərarına əsasən Bakıxanov qəsəbəsi, Ağayev küçəsi, ev 5, 2 nömrəli mənzil X3 xüsusi mülkiyyəti kimi əvəzsiz verilməsi qərara alınmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti başçısının X1 və mülkiyyət hüquqlarının qeydiyyat idarəsinin xx.xx.1994-cü il tarixli 30/14164 nömrəli qeydiyyat vəsiqəsindən görünür ki, ünvan 3, mənzil 2 X3 adına qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Başçısının X1 və mülkiyyət hüquqlarının qeydiyyat idarəsi tərəfindən X3 adına xx.xx.1994cü ildə tərtib edilmiş şəxsi mülkiyyətdə olan mənzilin texniki pasportuna əsasən Bakı şəhəri, Sabunçu rayonu, Qaraçuxur qəsəbəsi, ünvan 4 ünvanında yerləşən mənzilin ümumi sahəsi 80.1 kv.m, yaşayış sahəsi 59.6 kv.m olan, 1-ci otaq – 17.1 kv.m, 2-ci otaq – 11.4 kv.m, 3-cü otaq – 31.1 kv.m, mətbəx – 7.8 kv.m, ön giriş – 8.1 kv.m, daxili dəhliz – 0,7 kv.m təşkil edir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Qaraçuxur qəsəbəsi, ünvan 6, mənzil 2 (yeni qaydalarla ünvan 5 ünvanında yerləşən ümumi sahəsi 36.82 kv.m olan 2 saylı mənzil X3 adına xx.xx.2023-cü il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli məktubu ilə təqdim edilmiş Bakı şəhəri, Sabunçu rayonu, Qaraçuxur qəsəbəsi, ünvan 6 ünvanda yerləşən 2 saylı mənzilin xx.xx.2024-cü il tarixli daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktına əsasən mənzil hüquqmüəyyənedici sənəd üzrə 1 otaq, yaşayış sahəsi – 18.0 kv.m, ümumi sahəsi –, faktiki isə 1 otaq, yaşayış sahəsi – 18.0 kv.m, ümumi sahəsi – 81.7 kv.m-dir. Texniki pasportdan kənarda qalan 10 kv.m əlavə tikilisi mövcuddur. Aktın qeyd hissəsində göstərilmişdir ki, arxiv qovluğunda cizgi və texpasport olmadığından, sənədlər toplusunda olan texniki pasporta əsasən, mövcud vəziyyətin eskizi baxılması üçün tərtib olundu. Arxiv məlumatlarına əsasən bir yaşayış otağı kimi eskiz tərtib edildi. Mənzil ümumilikdə kapital divarlar arasında yerləşir, kənarlaşma yoxdur. Koordinatlar akta əlavə edildi. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli məktubu ilə təqdim edilmiş Bakı şəhəri, Sabunçu rayonu, Qaraçuxur qəsəbəsi, ünvan 6 ünvanda yerləşən 2 saylı mənzilin xx.xx.2024-cü il tarixli daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktına əsasən mənzil hüquqmüəyyənedici sənəd üzrə 1 otaq, yaşayış sahəsi – 18.0 kv.m, ümumi sahəsi – 36.82 kv.m-dir, faktiki isə 3 otaq, yaşayış sahəsi – 60.4 kv.m, ümumi sahəsi – 87.2 kv.m-dir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin iddiaçıya ünvanladığı xx.xx.2024-cü il tarixli məktubunda bildirilmişdir ki, mənzilin sahəsi ilə faktiki sahə arasında fərq mövcuddur. Belə ki, hüquqmüəyyənedici sənədə əsasən mənzilin ümumi sahəsi 36.82 kv.m qeyd edilsə də, ümumi sahəsi 81.7 kv.m təşkil edir. Bu səbəblərdən texniki pasportun tərtib edilməsi mümkün olmamışdır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin iddiaçıya ünvanladığı xx.xx.2024-cü il tarixli məktubunda bildirilmişdir ki, sözügedən ünvanda yerləşən mənzilin fərdi yaşayış evi kimi torpaq sahəsi ilə birlikdə vahid əmlak şəklində qeydiyyata alınmasına dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində və Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli, 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısı”nda nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edilməlidir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrıayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu Qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi əsasında aparılır. İstinad olunan normalardan müəyyən edildiyi kimi öhdəliyin icrası haqqında iddialarla bağlı mübahisələrə baxılarkən müəyyən edilməli olan xüsusi mümkünlük şərtlərindən biri kimi iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmişdir. İddia mahiyyət üzrə qismən əsaslıdır. Belə ki, işin hallarından görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Qaraçuxur qəsəbəsi, ünvan 6, mənzil 2 (yeni qaydalarla ünvan 5 ünvanında yerləşən daşınmaz əmlak ümumi sahəsi 36.82 kv.m mənzil olmaqla İddiaçı adına xx.xx.2023-cü il tarixdə qeydiyyata alınmışdır. Hazırkı iddiasında İddiaçı mülkiyyətində olan daşınmaz əmlakın-mənzilin təyinatının dəyişdirilərək fərdi yaşayış evi kimi dövlət reyestrində qeydiyyata alınmasını, o cümlədən həmin tikilinin yerləşdiyi 174,9 kv.m torpaq sahəsi və üzərində yerləşən 87,2 kv.m fərdi yaşayış evi ilə birlikdə vahid əmlak kimi qeydiyyatdan keçirilərək çıxarışın verilməsini mübahisələndirir. Cavabdehin sözügedən ünvanda yerləşən mənzilin fərdi yaşayış evi kimi torpaq sahəsi ilə birlikdə vahid əmlak şəklində qeydiyyata alınmasından imtina əsası ondan ibarət olmuşdur ki, iddiaçı əmlaka dair hüquqmüəyyənedici sənədləri təqdim etməmişdir. Məhkəmə ilk növbədə iddiaçının mənzilin fərdi yaşayış evi kimi qeydiyyata alınması barədə cavabdehin imtina əsası ilə razılaşmır. Belə ki, təqdim edilmiş sənədlərdən müəyyən olunur ki, sözügedən yaşayış sahəsi mənzil qismində qeydiyyata alınmış əmlak olsa da, lakin tikili olaraq mənzil kimi texniki göstəricilərə deyil, fərdi yaşayış evinə xas olan yerləşmə və texniki xüsusiyyətlərə malikdir. Belə ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 12.1-ci maddəsinə əsasən yaşayış sahələri mənzil hüququnun obyektidir. Həmin Məcəllənin 12.2-ci maddəsinə görə yaşayış sahəsi dedikdə - Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlak hesab edilən və vətəndaşların daimi yaşaması üçün yararlı olan (müəyyən edilmiş sanitariya və texniki norma və qaydalara, qanunvericiliyin digər tələblərinə (bundan sonra – tələblərə) cavab verən) ayrıca sahə başa düşülür. Həmin Məcəllənin 13.1-ci maddəsinə əsasən yaşayış sahələrinə aşağıdakılar aiddir: 13.1.1. yaşayış evi, yaşayış evinin hissəsi; 13.1.2. mənzil, mənzilin hissəsi; 13.1.3. otaq; 13.1.4. bu Məcəllənin 13.5-ci maddəsində nəzərdə tutulmuş yerləşmə vasitələri. Həmin Məcəllənin 13.2-ci maddəsinə əsasən otaqlardan, habelə yaşama ilə əlaqədar məişət və digər ehtiyacların ödənilməsi üçün nəzərdə tutulmuş yardımçı sahələrdən ibarət fərdi müəyyən edilmiş ev yaşayış evi hesab edilir. Həmin Məcəllənin 13.3-cü maddəsinin tələbinə görə isə bir və ya bir neçə otaqdan, habelə yaşama ilə əlaqədar məişət və digər ehtiyacların ödənilməsi üçün nəzərdə tutulmuş yardımçı sahələrdən ibarət, çoxmənzilli binanın ümumi istifadədə olan sahələrinə birbaşa daxil olmaq imkanını təmin edən strukturca ayrıca sahəsi mənzil hesab edilir Qeyd olunan normalardan görünür ki, mənzil və fərdi yaşayış evinin hər ikisi bir və ya bir neçə otaqdan, yaşama ilə əlaqədar məişət və digər ehtiyacların ödənilməsi üçün nəzərdə tutulmuş yardımçı sahələrdən ibarət yaşayış sahəsi olsa da, lakin fərdi yaşayış evi yaşayış sahəsi olaraq fərdi müəyyən edilmiş evdir, mənzil isə çoxmənzilli binanın ümumi istifadədə olan sahələrinə birbaşa daxil olmaq imkanını təmin edən strukturca ayrıca sahədir. Hazırkı iş üzrə mübahisəli əmlakın texniki pasportundan görünür ki, mənzil ümumi sahəsi 80.1 kv.m, mənzilin tikintialtı torpaq sahəsi olmaqla, çoxmənzilli binanın struktur bölməsi kimi çıxış etmir. Başqa sözlə, mənzil faktiki cəhətdən çoxmənzilli binaya aidiyyatı olmayan ayrıca sahəli mənzil deyil, məhz fərdi müəyyən edilmiş evdir. Belə olan halda iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı aparılmış mənzil texpasportundakı məlumatlara əsasən və qanunla yuxarıda göstərilən fərdi yaşayış evi meyarlarına cavab verdiyinə görə onun fərdi yaşayış evi kimi qeydiyyata alınması mümkündür və əsaslıdır. İddiaçının hazırkı tələbi 87.2 kv.m ölçüdə tikiliyə mülkiyyət hüququnun qeydiyyatı ilə bağlıdır. Məhkəmə fərdi yaşayış evinin ölçüləri ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, Bakı şəhər İcra Hakimiyyəti Başçısının X1 və mülkiyyət hüquqlarının qeydiyyat idarəsi tərəfindən X3 adına tərtib olunmuş xx.xx.1994-cü ildə tərtib edilmiş şəxsi mülkiyyətdə olan mənzilin texniki pasportuna əsasən Bakı şəhəri, Sabunçu rayonu, Qaraçuxur qəsəbəsi, ünvan 4 ünvanında yerləşən mənzilin ümumi sahəsi 80.1 kv.m təşkil etdiyi qeyd edilmişdir. Buna baxmayaraq, həmin yaşayış sahəsi üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınarkən daşınmaz əmlakın ümumi sahəsi 36.82 kv.m kimi qeydə alınmışdır. Məhkəmə hesab edir ki, üzərində mülkiiyyət hüququ qeydiyyata alınmış xx.xx.1994cü ildə tərtib edilmiş şəxsi mülkiyyətdə olan mənzilin texniki pasportuna əsasən Bakı şəhəri, Sabunçu rayonu, Qaraçuxur qəsəbəsi, ünvan 4 ünvanında yerləşən mənzilin ümumi sahəsi 80.1 kv.m göstərildiyindən, iddiaçının tələbi həmin hissədə, yəni fərdi yaşayış evinin 80.1 kv.m ölçüdə qeydiyyata alınması hissəsində əsaslıdır, tələb 7.1 kv.m hissədə isə təmin edilə bilməz. Belə ki, iddiaçı öz tələbini qeyd edilən hissədə onunla əsaslandırmışdır ki, 2021-ci ilin mart ayında mənzilindən arakəsmə (taxta konstruksiyalı) divarla ayrılan və qonşuya məxsus olan mənzil onun istəyi ilə sökülmüş, mənzilin arxa tərəfi açıldığı üçün həmin taxta konstruksiyalı divar daş istinad divarı olaraq və düzlənərək yenidən tikilməsi zərurəti yarandığından, iddiaçı tərəfindən yenidən tikilmiş və nəticədə mənzilin sahə ölçüləri genişlənmişdir. Bununla bağlı qeyd edilir ki, iddiaçı tərəfindən xx.xx.1994-cü ildə tərtib edilmiş şəxsi mülkiyyətdə olan mənzilin texniki pasportda göstərilən ölçülərdən əlavə inşa edilən tikiliyə dair mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq əlavə torpaq sahəsinə dair hüquqmüəyyənedici sənəd təqdim edilməli və məlumatlandırma icraatı tətbiq edilməli olduğu halda, iddiaçının belə bir icraatın başlanılması üçün müvafiq hüquqmüəyyəneici sənəd, evin planlaşdırma bölməsi ilə birgə müvafiq icra hakimiyyəti orqanına müraciətinin olması iş materialları ilə öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 82-ci maddəsinə əsasən tikintiyə dövlət nəzarətinin həyata keçirilməsi məqsədləri üçün tikintiyə icazə, xüsusi nişan verildikdə, habelə barəsində məlumatlandırma icraatı tətbiq edilən tikinti obyektlərinə münasibətdə isə tikinti işlərinin başlanması üçün bu Məcəllənin 80.4-cü maddəsində müəyyən olunmuş əsas yarandıqda, bu barədə, habelə müvafiq tikinti layihəsi, tikinti layihəsinin memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələri barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) şəhərsalma və tikinti fəaliyyətinin vahid informasiya təminatı sistemi vasitəsilə elektron qaydada məlumat verilməsi təmin edilir. Belə olan halda iddiaçının mənzilin faktiki əlavə tikili ilə birlikdə qeydı alınmasına dair tələbi əsaslı hesab edilə bilməz. Məhkəmə iddiaçının tikilinin yerləşdiyi torpaq sahəsinin özəlləşdirilməsi hissəsi ilə bağlı hesab ki, cavabdehin iddia tələbinin bu hissəsinə dair verdiyi imtinası əsaslıdır. Qeyd edildiyi kimi sözügedən yaşayış evi fərdi yaşayış evi kimi deyil, mənzil kimi qeydiyyata alınmış və mənzilin iddiaçıya verilməsi və adına özəlləşməsi ilə bağlı sənədlərdə torpaq sahəsinin ayrılması öz əksini tapmamışdır. İddia olunan mənzilin yerləşdiyi iddiaçının istifadəsində olan torpaq sahəsi dövlət mülkiyyətindədir və həmin torpaq sahəsinin xüsusi mülkiyyət olaraq qeydiyyata alınması üçün torpaq sahəsinin ayrılmasına dair torpaqayma sənədləri, o cümlədən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində və Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli, 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısı”nda nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədləri mövcud deyil. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun: -8.0.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; -8.0.2-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol, habelə təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokol; -8.0.3-cü maddəsinə görə daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı; -8.0.4-cü maddəsinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qərarları; -8.0.5-ci maddəsinə görə 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; -8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); -8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; -8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. -8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; -8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd; 8.0.10-1. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyənləşdirilmiş hallarda və qaydada tikinti obyektlərinə münasibətdə - tikinti obyektinin istismarına icazə və torpaq sahəsi üzərində mülkiyyət və ya icarə hüququnu təsdiq edən sənəd; -8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; -8.0.12. 2006-cı il iyulun 6-dan 2009-cu il iyunun 24-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən daşınmaz əmlaka dair verilmiş şəhadətnamələr daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. İş materiallarından görünür ki, iddiaçının mülkiyyətində olan fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin ayrılması ilə bağlı ilkin hüquqmüəyyənedici sənədlər aşkar olunmamışdır. Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli 439 nömrəli Fərmanı ilə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı təsdiq edilmişdir. Siyahının 1-ci bəndinə əsasən Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə qüvvədə olmuş qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair aşağıdakı sənədlər: 1.1. yerli sovetlərin icraiyyə komitələrinin təsərrüfat şöbələri tərəfindən verilən torpaq qeydləri; 1.2. yerli sovetlərin icraiyyə komitələrinin texniki inventarlaşdırma büroları tərəfindən verilən torpaq qeydləri; 1.3. şəhər və rayon xalq deputatları sovetlərinin icraiyyə komitələri tərəfindən verilən torpaqdan istifadə hüququna dair dövlət aktı; 1.4. rayon, şəhər, qəsəbə və kənd zəhmətkeş deputatları sovetləri və xalq deputatları sovetləri tərəfindən torpaq sahələrinin ayrılması barədə qəbul edilmiş qərarlar; 1.5. tikinti hüququ barədə notariat qaydasında təsdiq edilmiş 1948-ci il avqustun 26- dək bağlanmış müqavilələr; 1.6. şəxsi mülkiyyət hüququ ilə yaşayış evlərinin tikintisi üçün torpaq sahələrinin verilməsi haqqında notariat qaydasında təsdiq edilmiş 1948-ci il avqustun 26-dan sonra bağlanılmış müqavilələr; 1.7. yaşayış evinə tikinti hüququnun təsdiq edilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş 1948-ci il avqustun 26-dək qəbul edilmiş qərarları; 1.8. yaşayış evinin (mənzilin) şəxsin mülkiyyətinə verilməsi barədə rayon xalq deputatları sovetləri icraiyyə komitələrinin qərarları və həmin qərarlarda nəzərdə tutulduğu hallarda şəxsin əldə etdiyi yaşayış evinin (mənzilin) dəyərinin ödənilməsi barədə sənəd; 1.9. ər-arvad arasında yaşayış evinin (sahəsinin) bölünməsi haqqında notariat qaydasında təsdiq edilmiş müqavilə (dövlət notariat kontorları olmayan yaşayış məntəqələrində müvafiq rayon, şəhər, qəsəbə və kənd xalq deputatları sovetləri tərəfindən təsdiq edilmiş müqavilə); 1.10. ər-arvad arasında yaşayış evinin (sahəsinin) bölünməsi haqqında yoldaşlıq məhkəməsinin qərarı. 1.11. Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasportlar. Siyahının 2-ci bəndinə əsasən Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə, habelə Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək olan dövrdə qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar və digər təşkilatlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair aşağıdakı sənədlər: -2.1. şəhər və rayon xalq deputatları sovetləri tərəfindən 1992-ci il yanvarın 24-dən 1995-ci il dekabrın 19-dək verilmiş torpağa mülkiyyət, sahiblik, daimi istifadə hüququna dair dövlət aktı və torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamə; -2.2. rayon, şəhər, qəsəbə və kənd xalq deputatları sovetləri tərəfindən torpaq sahələrinin ayrılması barədə 1991-ci il noyabrın 9-dan 1995-ci il dekabrın 19-dək qəbul edilmiş qərar; -2.3. kənd və qəsəbə yaşayış məntəqələrində (o cümlədən statusu dəyişdirilərək şəhərə (qəsəbəyə) çevrilmiş, habelə ləğv edilərək ərazisi şəhər və ya qəsəbələrin ərazisinə verilmiş kəndlərdə) 2001-ci il yanvarın 1-dək inşa edilmiş yaşayış evlərinə və (və ya) onların yerləşdiyi torpaq sahələrinə, eləcə də yaşayış evlərinin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair təsərrüfatbaşına kitablardan çıxarış; -2.4. üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış yaşayış evinin torpaq sahəsinə münasibətdə texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il yanvarın 1dək tərtib olunmuş texniki pasport (texniki pasportda hüququ müəyyən edən sənədlərə istinadın olduğu və həyətyanı torpaq sahəsinin ölçüsü göstərildiyi halda); -2.5. yaşayış evlərinin və bağ evlərinin tikintisi üçün həyətyanı torpaq sahələrinin verilməsi barədə kolxoz üzvlərinin ümumi yığıncağının və ya müvəkkillərinin yığıncağının qərarı, yaxud sovxoz (həmçinin həmin sovxozun yenidən təşkili qaydasında onun bazasında yaradılaraq dövlət orqanlarının tabeliyində olan kənd təsərrüfatı müəssisəsi) rəhbərinin (direktor və s.) əmri, yaxud həyətyanı torpaq sahəsi barədə qaytanlanmış torpaq kitablarından (o cümlədən kolxoz və sovxoz torpaqlarına dair qaytanlanmış kitablardan) çıxarış; -2.6. fərdi mənzil, habelə kooperativ evlərin və bağların tikilməsi üçün mənzil-tikinti və bağ-tikinti kooperativlərinə, çoxmənzilli yaşayış evlərinin tikintisi üçün fərdi evtikdirənlərin mənzil-tikinti kollektivlərinə torpaq sahələrinin ayrılması barədə müvafiq olaraq şəhər, qəsəbə və kənd xalq deputatları sovetlərinin icraiyyə komitələri tərəfindən 1991-ci il noyabrın 9-dək qəbul edilmiş qərarlar; -2.7. yerli icra hakimiyyəti başçısının qərarı əsasında yaşayış evinin tikintisi məqsədilə torpaq sahələrinin ayrılması barədə, yaxud müvafiq torpaq sahəsinin yerli icra hakimiyyəti başçısının qərarında nəzərdə tutulan şəxslər arasında bölüşdürülməsi barədə aidiyyəti inzibati ərazi dairəsi üzrə nümayəndə tərəfindən 2001-ci il yanvarın 1-dək verilmiş qərar hüquqların qeydiyyatı üçün əsas hesab olunur. Göründüyü kimi yuxarıda adıçəkilən Siyahıda yaşayış və bağ evlərinin altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair hüquqmüəyyənedici sənədlər sadalanmışdır ki, iddiaçının mülkiyyətində olan mənzilin yerləşdiyi torpaq sahəsinə dair həmin sənədlərdən hər hansı biri təqdim edilməmişdir. İddiaçıya aid əmlakın yerləşdiyi torpaq sahəsi ilə bağlı sənəd və iddiaçının da mülkiyyət hüququnu təsdiq edən sənəd kimi istinad etdiyi hüquqmüəyyənedici sənəd həmin mənzilə dair xx.xx.1994-cü il tarixdə Bakı Şəhər İcra Hakimiyyəti başçısının X1 və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən tərtib edilmiş texniki pasportdur. Qeyd edilməlidir ki, Siyahının 2.4-cü bəndinə əsasən yalnız tikili fərdi yaşayış evi kimi qeydə alındığı və həmin fərdi yaşayış evinin texniki pasportunda yerləşdiyi torpaq sahəsinin ayrılmasına dair hüquqmmüəyyənedici sənədə istinad olunduğu halda texniki pasport torpaq sahəsinə mülkiyyət hüququnun qeydiyyata alınmasına əsas verə bilər. İddiaçının mülkiyyətində olan daşınmaz əmlaka dair xx.xx.1994-cü ildə müvafiq texniki pasport tərtib edilmiş və həmin texniki pasportda tikili fərdi ev deyil, mənzil kimi qeyd edilmiş, texniki pasortda mənzillin yerləşdiyi torpaq sahəsi ilə bağlı hər hansı torpaqayırma sənədinə istinad edilməmişdir. İddia edilən mənzilin “Balaxanı neft və qazçıxarma” İdarəsi tərəfindən verilmiş ilkin hüquqmüıəyyənedici sənədlərində də tikili mənzil oaraq qeyd edilməklə, torpaqla bağlı hər hansı məlumat qeyd edilməmişdir. Həmçinin, Fərmanla təsdiq edilmiş Siyahının 1.11-ci bəndinə əsasən Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasportların müvafiq əmlaka hüququn daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsas hesab edilir. Təqdim edilən texniki pasport cavabdeh Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən verilmiş texniki sənəddir. Bundan əlavə qeyd edilməlidir ki, “Torpaq islahatı haqqında” Qanunun 10-cu maddəsinə əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Göründüyü kimi qanunverici vətəndaşların qanuni istifadəsində olan o torpaq sahələrinə mülkiyyət hüququnun qeydiyyatını nəzərdə tutur ki, torpaq sahələri ilkin torpaqayırma sənədləri əsasında istifdəyə verilmiş olsun və həmin torpaq sahələrinin istifadəyə götürüldüyü ölçü bəlli olmuş olsun. Hazırkı iş üzrə yuxarıda da qeyd edildiyi kimi iddiaçının iddia etdiyi yaşayış sahəsinin tikintisi üçün torpaqayırma sənədi yoxdur, torpaq sahəsinin istifadəyə verilərkən hansı ölçüdə verildiyi barədə mənzilə dair ilkin hüquqmüəyyənedici sənədlərdə qeydləri mövcud deyildir. İddia olunan əmlakın yerləşdiyi torpaq sahəsi ilə bağlı sənəd yalnız 1994cü ildə tərtib edilmiş texniki pasportdur ki, həmin texniki pasport qanunla müəyyən edilmiş qayadada hüquqmüəyyənedici sənəd qismində deyil, yalnız mənzilə dair verilmiş reyestrdən çıxarışın tərkib hissəsi olan texniki sənəd statusunda çıxış edir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15.1-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. İnzibati Prosessual Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində İnzibati məhkəmə vasitəsilə verilir. Göstərilənlərə əsasən iddia tələbi qismən- Bakı şəhəri, Sabunçu rayonu, ünvan 4 (yeni qaydalarla ünvan 5 ünvanında yerləşən mənzilin ümumi ölçüsü 80.1 kv.m göstərilməklə fərdi yaşayış evi kimi İddiaçı adına xüsusi mülkiyyət hüququ ilə qeydiyyata alınaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun tərtib edilməsi hissəsində təmin edilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52, 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia tələbi qismən təmin edilsin. Bakı şəhəri, Sabunçu rayonu, ünvan 4 (yeni qaydalarla ünvan 5 ünvanında yerləşən mənzilin ölçüsü 80.1 kv.m göstərilməklə fərdi yaşayış evi kimi İddiaçı adına xüsusi mülkiyyət hüququ ilə qeydiyyata alınaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi vəzifəsi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar