Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-10027/2024 03.12.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi ilə, İddiaçı nümayəndəsi (vəkili) Vəkil, Cavabdeh Dövlət Miqrasiya Xidmətinin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı “Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyən edilməsi” barədə iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək xx.xx.2010-cu il təvəllüdlü İddiaçı Azərbaycan Respublikasının vətəndaşlığını alması üçün onun vətəndaşlığa mənsubiyyətinin tanınması vəzifəsinin Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti üzərinə öhdəlik kimi qoyulması barədə Qərar qəbul edilməsini xahiş etmişdir.
2. Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.2010-cü il tarixdə Rusiya Federasiyasının Moskva şəhərində doğulmuşdur. İddiaçı Rusiya Federasiyası tərəfindən verilmiş doğum haqqında şəhadətnaməsi də vardır. Lakin o hazırda Rusiya Federasiyasının vətəndaşlıqla bağlı daxili pasportunu almamışdır. Həm iddiaçının atası (qanuni nümayəndəsi) xx.xx.1973-cü il təvəllüdlü Qanuni nümayəndə, həm də iddiaçının anası xx.xx.1976-cı il təvəllüdlü X3 Azərbaycan Respublikasının vətəndaşlarıdırlar. Bu faktı təsdiq edən Azərbaycan Respublikası şəxsiyyət vəsiqələri də vardır. İddiaçı (onun qanuni nümayəndəsi) Azərbaycan Respublikası vətəndaşlığını alması üçün Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə müraciət etmişdir. Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti tərəfindən İddiaçı vətəndaşlığa mənsubiyyəti yoxlanılmış və Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinin xx.xx.2024-cü il tarixli ******* nömrəli qərarı ilə vətəndaşlığa mənsubiyyəti tanınmamışdır. Qərarda imtina səbəbi olaraq İddiaçı digər ölkə vətəndaşlığını təsdiq edən sənədə malik olması qeyd edilmişdir. Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti öz imtinasını Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 18 mart tarixli 84 nömrəli qərarı ilə təsdiq edilmiş “Şəxsin Azərbaycan Respublikasınınn vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydasının” “3.11 və 4.4”-cü bəndlərinə əsaslanmışdır. Sözügedən, “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydasının” 4.4-cü bəndində “Azərbaycan Respublikasının Vətəndaşlığı Haqqında” Qanunun 18-cimaddəsinin 1-ci, 2-ci və 3-cü bəndlərinə istinad edilmişdir. “Azərbaycan Respublikasının Vətəndaşlığı Haqqında” Qanunun 18-ci maddəsinin yuxarıda qeyd edilən bəndləri Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikasının 30 may 2014-cü il tarixlı Qanunu ilə tənzimlənir (və tətbiqinə başlanılır). Dövlət Miqrasiya Xidməti xx.xx.2024-cü il tarixli ******* nömrəli qərarı qəbul edərkən “Azərbaycan Respublikasının Vətəndaşlığı Haqqında” Qanunun 18-ci maddəsinin tətbiqinin əsası olan “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikasının 30 may 2014-cü il tarixlı Qanunun 2-ci maddəsinin tələblərini nəzərə almamış və pozuntuya yol vermişdir. İddiaçı Rusiya Federasiyasında doğulub oradan doğum haqqında şəhadətnamə almışdır. Bu da vətəndaşlıq seçimi yox, zərurətdən irəli gəlmişdir. Çünki, doğulan şəxsin varlığını müəyyən edən əsas sənəd onun doğum haqqında şəhadətnaməsidir. Buna baxmayaraq yuxarıda da qeyd etdiyi kimi o heç Rusiya Federasiyasında vətəndaşlığı təsdiq edən daxili pasportu almaq üçün müraciət belə etməmişdir. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti tərəfindən mənsubiyyətin tanınmamasının səbəbi onun Rusiya Federasiyasında doğulması və doğulduqdan sonra 2010-cu ildə oradan müvafiq doğum haqqında şəadətnamənin alınmasıdırsa, bu halda həmin imtina əsassız və yuxarıda qeyd etdiyimiz qanunvericilik mövqeyindən qanunsuzdur. Belə ki, bu imtina həm Azərbaycan Respublikasının Konstitusiyasının 52-ci maddəsi ilə konstitusion hüququnu pozuntusu kimi qanunsuzdur həm də “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikasının30 may 2014-cü il tarixli Qanunun 2-cimaddəsinin tələbinə ziddir.
3. Cavabdeh tərəfindən məhkəməyə yazılı etiraz təqdim edilərək bildirilmişdir ki, iddia tələbinin heç bir hüquqi əsası yoxdur və iddia təmin edilməməlidir. Belə ki, iddiaçı Xidmətə müraciət edərək onun Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsini xahiş etmiş və Xidmət tərəfindən müvafiq araşdırma aparılmış və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli 84 saylı qərarı ilə təsdiq edilmiş “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydası”nın 3.11-ci və 4.4-cü yarımbəndlərinə əsasən onun Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmaması barədə xx.xx.2024-cü il tarixli ******* nömrəli qərar qəbul edilmişdir. Hesab edilir ki, Xidmət sözügedən şəxslərlə bağlı düzgün nəticəyə gəlmişdir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, sözügedən şəxs Rusiya Federasiyasının vətəndaşlığını əldə etmiş və Rusiya Federasiyasına məxsus pasportla müxtəlif vaxtlarda ölkə ərazisinə giriş-çıxış etmişdir (bu barədə şəxslərin pasport məlumatları və müvafiq sənədlər etiraza əlavə olunur). Göründüyü kimi, iddiaçı DMX-nin araşdırmasına qədər RF-nin vətəndaşı olmuş və heç bir halda vətəndaşsızlıq halında olmamışdır. Bu səbəbdən şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmamışdır. Bu da onu deməyə əsas verir ki, şəxsrin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması məsələsi “Vətəndaşsızlıq hallarının azaldılması haqqında” Konvensiyanın tələblərinə ziddir. Belə ki, Konvensiyanın 4.1-ci maddəsinə əsasən Razılığa gələn Dövlət öz vətəndaşlığını, əks halda vətəndaşlığı ola bilməyən, ərazisində doğulmamış şəxsə-həmin şəxs doğularkən onun valideynlərindən birinin vətəndaşlığı bu dövlətin vətəndaşlığı olubsa-verir. Şəxs doğularkən onun valideynlərinin vətəndaşlığı eyni olmayıbsa, maraqlı şəxsin vətəndaşlığının atasının, yaxud anasının vətəndaşlığı üzrə getməsi məsələsi Razılığa gələn həmin Dövlətin qanunvericiliyi əsasında müəyyən edilir. Yəni, şəxs vətəndaşlıq iddia etdiyi dövlətin ərazisində doğulmamışdırsa və vətəndaşlığı yoxdursa, həmin şəxs doğularkən onun valideynlərindən birinin vətəndaşlığı bu dövlətin vətəndaşlığı olubsa, o zaman Dövlət ona öz vətəndaşlığını verir. Əlavə olaraq qeyd etmək lazımdır ki, “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi” Qaydası 1.2-ci bəndinə əsasən şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti “Vətəndaşsızlığın ixtisar edilməsi haqqında” 1961-ci il 30 avqust tarixli Konvensiyanın müddəaları nəzərə alınmaqla, “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən müəyyənləşdirilir. Bununla da, sözügedən Qaydanın əsas məqsədinin vətəndaşsızlıq hallarının aradan qaldırılması olduğu görülməkdədir. “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydası”nın 4.4-cü bəndinə əsasən “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinin birinci hissəsinin 1-ci, 2-ci və 3-cü bəndlərində nəzərdə tutulan əsaslar mövcud olduqda, şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmır. “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinə əsasən “Vətəndaşsızlığın ixtisar edilməsi haqqında” 1961-ci il 30 avqust tarixli Konvensiyanın müddəaları nəzərə alınmaqla, aşağıdakılar Azərbaycan Respublikası vətəndaşlığının itirilməsi üçün əsas hesab edilir: 1) Azərbaycan Respublikası vətəndaşının digər dövlətin vətəndaşlığını könüllü əldə etməsi; 2) Azərbaycan Respublikası vətəndaşının xarici dövlətin dövlət və ya bələdiyyə orqanlarında, yaxud silahlı qüvvələrində və ya digər silahlı birləşmələrində könüllü xidmət etməsi; 3) Azərbaycan Respublikası vətəndaşının dövlətin təhlükəsizliyinə ciddi zərər vuran davranışı; Göründüyü kimi, şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması vətəndaşlığı itirilməsi üçün əsas olduğundan mahiyyət etibarilə “Vətəndaşsızlığın ixtisar edilməsi haqqında” 1961-ci il 30 avqust tarixli Konvensiyanın müddəalarına və o cümlədən qanunvericiliyin yuxarıda göstərilən müddəalarına ziddir. Eyni zamanda qeyd olunmalıdır ki, şəxs “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin birinci və ikinci hissəsinin tələblərinə uyğun olaraq Azərbaycan Respublikasının ərazisində son beş il ərzində fasiləsiz olaraq qanuni əsaslarla daimi yaşayan, qanuni gəlir mənbəyi olan, Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına riayət olunması barədə öhdəlik götürən, habelə Azərbaycan Respublikasının dövlət dilini bilməsi haqqında sənəd təqdim edən əcnəbi və vətəndaşlığı olmayan şəxs mənşəyindən, irqi və milli mənsubiyyətindən, cinsindən, təhsilindən, dinə münasibətindən, siyasi və başqa əqidələrindən asılı olmayaraq bu qanuna müvafiq surətdə öz vəsatəti ilə Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilə bilər. Əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin Azərbaycan Respublikasının ərazisində daimi yaşama müddəti ona qanunvericiliklə müəyyən edilmiş qaydada daimi yaşamaq üçün icazə və ya qaçqın statusu verildiyi gündən hesablanır (bu maddənin dördüncü hissəsində nəzərdə tutulan hal istisna olmaqla). Odur ki, yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1, 2.1, 27, 31, 48.2-ci maddələrini rəhbər tutaraq məhkəmədən iddianın təmin edilməməsi barədə müvafiq qərar qəbul edilməsi xahiş edilmişdir.
4. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmaması haqqında” xx.xx.2024-cü il tarixli ******* nömrəli Qərarına əsasən araşdırma nəticəsində şəxsin digər ölkə vətəndaşlığını təsdiq edən sənədlərə malik olduğu müəyyən edilmişdir. 22 mart 2010-cu il təvəllüdlü İddiaçı Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmamışdır.
5. İş materiallarına əlavə olunmuş İV-MİO 849252 nömrəli Doğum haqqında Şəhadətnaməyə əsasən İddiaçı xx.xx.2010-cu il tarixində Rusiya Federasiyası Moskva şəhərində doğulmuşdur. Atası Qanuni nümayəndə və anası X1 vətəndaşıdır.
6. Dövlət Miqrasiya Xidməti tərəfindən təqdim edilən Sərhədkeçmə məlumatlarına əsasən İddiaçı xx.xx.2013-cü il tarixində (giriş), xx.xx.2014-cü il tarixində (çıxış), xx.xx.2023-cü il tarixində (giriş), xx.xx.2023-cü il tarixində (çıxış), xx.xx.2024-cü il tarixində (giriş) X5 Aeroportuna Rusiya Federasiyası vətəndaşı olaraq giriş-çıxış etmişdir.
7. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi və bildirdi ki, cavabdeh orqan mənsubiyyətin tanınmasından imtina edərkən “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydası”nın 4.4-cü bəndinə istinad etmişdir və “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydası”nın 4.4-cü bəndində qeyd olunmuşdur ki, “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinin birinci hissəsinin 1-ci, 2-ci və 3-cü bəndlərində nəzərdə tutulan əsaslar mövcud olduqda, şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmır. “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinin “Vətəndaşsızlığın ixtisar edilməsi haqqında” 1961-ci il 30 avqust tarixli Konvensiyanın müddəaları nəzərə alınmaqla, aşağıdakılar Azərbaycan Respublikası vətəndaşlığının itirilməsi üçün əsas hesab edilir: 1) Azərbaycan Respublikası vətəndaşının digər dövlətin vətəndaşlığını könüllü əldə etməsi;...” nəzərdə tutan redaksiyası 30 may 2014-cü il tarixli Azərbaycan Respublikası Qanunu ilə əlavə edilmişdir. Odur ki, müvafiq müddəa xx.xx.2010-cu il təvəllüdlü (həmin tarixdən Rusiya Federasiyası vətəndaşı olan) iddiaçıya münasibətdə tətbiq edilə bilməz.
8. Məhkəmə iclasında iştirak edən cavabdeh etirazın məzmununa uyğun izahat verərək iddianın təmin edilməməsini xahiş etdi.
II. İddianın növü və mümkünlüyü
9. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 18 mart tarixli 84 nömrəli qərarı ilə təsdiq edilmiş “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi qaydası”nın 3.11-ci bəndinə əsasən, Dövlət Miqrasiya Xidməti sorğunun bu Qayda ilə müəyyən edilmiş tələblərə uyğunluğunu yoxlayır və həmin tələblərə uyğun təqdim olunmuş sorğuya qeydiyyata alındığı vaxtdan 20 günədək müddətdə baxmaqla, müvafiq qərar qəbul edir. Həmin Qaydaların 5.1-ci bəndinə əsasən, Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinə dair qəbul edilmiş müvafiq inzibati aktdan inzibati qaydada və məhkəmə qaydasında şikayət verilə bilər.
10. Məhkəmə hesab edir ki, hazırki iddia tələbi zahirən məcburetmə növündə iddiaya bənzəsə də, iddia tələbi faktiki olaraq vətəndaşlıq mənsubiyyətinə müəyyən edilməsi ilə bağlıdır. Şəxsin vətəndaşlıq mənsubiyyətinin müəyyən edilməsi zamanı inzibati orqan inzibati akt qəbul edir. Lakin bu, müvafiq iddianın məcburetmə növündə iddia kimi qiymətləndirilməsi üçün yetərli deyildir. Belə ki, həmin qərarla iddiaçı üçün status müəyyən edilmir. Müvafiq qərarla şəxsin müvafiq hüququ tanınır və ya tanınmaqlan imtina edilir.
11. İPM-in 2.2.5-ci maddəsinə əsasən inzibati hüquq münasibətinin mövcud olmasına və ya olmamasına, habelə inzibati aktın etibarsız sayılmasına dair iddialara (müəyyən etmə və ya tanınma haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
12. Odur ki, iddia müəyyən etmə növündə iddiadır.
13. İddia mümkündür.
III. Məhkəmənin mövqeyi
14. “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə (Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyət) əsasən aşağıdakı şəxslər Azərbaycan Respublikasının vətəndaşları sayılırlar: 1) bu qanunun qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasının vətəndaşlığında olmuş şəxslər, o şərtlə ki, Azərbaycan Respublikasının vətəndaşı bu Qanunun qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olsun; 2) 1992-ci il yanvarın 1-dək Azərbaycan Respublikasının və ya başqa dövlətin vətəndaşı olmayan, lakin Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olan şəxslər; 3) 1988-ci il yanvarın 1-dən 1992-ci il yanvarın 1-dək Azərbaycan Respublikasının ərazisində məskunlaşmış qaçqınlar; 4) bu qanuna müvafiq surətdə Azərbaycan Respublikası vətəndaşlığını əldə etmiş şəxslər. Bu maddənin birinci hissəsinin 2-ci bəndində nəzərdə tutulmuş şəxslər o halda Azərbaycan Respublikasının vətəndaşlığını əldə edirlər ki, bu qanunun qüvvəyə mindiyi gündən bir il müddətində Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilmək haqqında ərizə ilə müraciət etsinlər. Bu maddənin birinci hissəsinin 3-cü bəndi əsasında Azərbaycan Respublikası vətəndaşlığını əldə etmiş qaçqınlar tərk etdikləri dövlətlərə qayıtmaq hüququnu itirmirlər. Həmin şəxslərə Azərbaycan Respublikasının qanunvericiliyində məcburi köçkünlər üçün nəzərdə tutulmuş güzəştlər şamil edilir. Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilir. Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.
15. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 18 mart tarixli 84 nömrəli qərarı ilə təsdiq edilmiş “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi qaydası”na əsasən: 1.1. Bu Qayda “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin dördüncü hissəsinə uyğun olaraq hazırlanmışdır və şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi qaydasını müəyyən edir. 1.2. Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti “Vətəndaşsızlığın ixtisar edilməsi haqqında” 1961-ci il 30 avqust tarixli Konvensiyanın müddəaları nəzərə alınmaqla, “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən müəyyənləşdirilir. 1.3. Bu Qaydada nəzərdə tutulan hallarda, şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti tərəfindən həyata keçirilir. 4.4. “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinin birinci hissəsinin 1-ci, 2-ci və 3-cü bəndlərində nəzərdə tutulan əsaslar mövcud olduqda, şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmır.
16. “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 18. Azərbaycan Respublikası vətəndaşlığının itirilməsi (30 may 2014-cü il tarixli 973-İVQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə yeni redaksiyada verilmişdir) “Vətəndaşsızlığın ixtisar edilməsi haqqında” 1961-ci il 30 avqust tarixli Konvensiyanın müddəaları nəzərə alınmaqla, aşağıdakılar Azərbaycan Respublikası vətəndaşlığının itirilməsi üçün əsas hesab edilir: 1) Azərbaycan Respublikası vətəndaşının digər dövlətin vətəndaşlığını könüllü əldə etməsi;...
17. “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” 30 may 2014-cü il tarixli 973-İVQD nömrəli Azərbaycan Respublikasının Qanunu: Maddə 2. “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinin ikinci hissəsi və 18-ci maddəsinin birinci hissəsinin 1-ci bəndi ilə müəyyən olunmuş müddəalar bu Qanun qüvvəyə minənədək digər ölkənin vətəndaşlığını əldə etmiş şəxslərə şamil edilmir.
18. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) izahatında bildirmişdir ki, cavabdeh orqan mənsubiyyətin tanınmasından imtina edərkən “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydası”nın 4.4-cü bəndinə istinad etmişdir və “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydası”nın 4.4-cü bəndində qeyd olunmuşdur ki, “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinin birinci hissəsinin 1-ci, 2-ci və 3-cü bəndlərində nəzərdə tutulan əsaslar mövcud olduqda, şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmır. “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinin “Vətəndaşsızlığın ixtisar edilməsi haqqında” 1961-ci il 30 avqust tarixli Konvensiyanın müddəaları nəzərə alınmaqla, aşağıdakılar Azərbaycan Respublikası vətəndaşlığının itirilməsi üçün əsas hesab edilir: 1) Azərbaycan Respublikası vətəndaşının digər dövlətin vətəndaşlığını könüllü əldə etməsi;...” nəzərdə tutan redaksiyası 30 may 2014-cü il tarixli Azərbaycan Respublikası Qanunu ilə əlavə edilmişdir. Odur ki, müvafiq müddəa xx.xx.2010-cu il təvəllüdlü (həmin tarixdən Rusiya Federasiyası vətəndaşı olan) iddiaçıya münasibətdə tətbiq edilə bilməz.
19. Məhkəmə bununla bağlı ilk növbədə qeyd edir ki, “Azərbaycan Respublikası vətəndaşlığının itirilməsi” və “Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətin tanınmasından imtina edilməsi” anlayışları məzmun baxımından fərqli başa düşülməlidir. Belə ki, “Azərbaycan Respublikası vətəndaşlığının itirilməsi” şəxsin həmin anda mövcud olan Azərbaycan Respublikası vətəndaşlığına xitam verilməsini nəzərdə tutur. “Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətin tanınmasından imtina edilməsi” isə şəxsin ümumiyyətlə Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyətinin qəbul edilməməsini nəzərdə tutur.
20. Məhkəmə nəzərə alır ki, “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinin (Azərbaycan Respublikası vətəndaşlığının itirilməsi) birinci hissəsinin 1-ci bəndi ilə müəyyən olunmuş müddəalar, yəni Azərbaycan Respublikası vətəndaşının digər dövlətin vətəndaşlığını könüllü əldə etdiyi təqdirdə Azərbaycan Respublikası vətəndaşlığını itirməsi halı 30 may 2014-cü il tarixədək digər ölkənin vətəndaşlığını əldə etmiş şəxslərə şamil edilmir (30 may 2014-cü il tarixli 973- İVQD nömrəli Azərbaycan Respublikası Qanunu, maddə 2).
21. Məhkəmə hesab edir ki, 30 may 2014-cü il tarixli 973-İVQD nömrəli Azərbaycan Respublikası Qanunun 2-ci maddəsində müəyyən olunmuş qayda yalnız şəxsin mövcud Azərbaycan Respublikası vətəndaşlığına xitam verilməsi (“Azərbaycan Respublikası vətəndaşlığının itirilməsi”) zamanı nəzərə alınmalıdır. Belə ki, şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmasından imtina edilməsi halının yalnız 30 may 2014-cü il tarixdən sonra digər dövlətin vətəndaşlığını könüllü əldə etmiş (30 may 2014-cü il tarixdən əvvəlki dövrə münasibətdə deyil) şəxslərə münasibətdə tətbiq edilməsi qanunvericiliyin məqsədləri ilə ziddiyyət təşkil edir. Nəzərə alınmalıdır ki, şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsinin məqsədi hər bir halda vətəndaşsızlığın ixtisar edilməsidir. Digər ölkənin vətəndaşlığını əldə etmiş (30 may 2014-cü il tarixədək və ya 30 may 2014-cü il tarixdən sonra), yəni vətəndaşlığı olan şəxsin Azərbaycan Respublikasına mənsubiyyətinin tanınması isə müvafiq məqsədə (vətəndaşsızlığın ixtisar edilməsinə) xidmət etmir.
22. Məhkəmə eyni zamanda müəyyən edir ki, “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci maddəsində “Vətəndaşsızlığın ixtisar edilməsi haqqında” 1961-ci il 30 avqust tarixli Konvensiyaya istinad edilir. Müvafiq Konvensiyada isə birbaşa olaraq qeyd edilir ki, razılığa gələn dövlətlər vətəndaşsızlıq hallarının beynəlxalq sazişlə azaldılmasının arzu edildiyini nəzərə alaraq müvafiq razılığa gəlmişdirlər. Odur ki, şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətin tanınmasının mümkünlüyü yoxlanılarkən “digər ölkənin vətəndaşlığını qəbul etmiş olması” halı zaman məfhumuna görə qiymətləndirilməməli, ümumi olaraq imtina əsası kimi nəzərə alınmalıdır.
23. Məhkəmə araşdırması nəticəsində məlum olmuşdur ki, İddiaçı Rusiya Federasiyasında doğulmuşdur, Rusiya Federasiyasına məxsus pasportla müxtəlif vaxtlarda ölkə ərazisinə giriş-çıxış etmişdir və Rusiya Federasiyası vətəndaşı kimi pasportun sahibidir. Göründüyü kimi İddiaçı vətəndaşsızlıq vəziyyətində deyildir.
24. Məhkəmə qeyd edir ki, iddiaçının vətəndaşlıq mənsubiyyətinin tanınmasından imtina edilməsi “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının Qanununun 14-cü maddəsinə əsasən iddiaçını naturalizasiya qaydasında Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilməsi üçün müraciət etmək imkanından məhrum etmir.
25. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
26. Göstərilənlərə əsasən və İPM-in 2.3, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ:
İddia təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.
Hakim Günel Sevdimalıyeva