Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-10034/2022 21.10.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Pərviz Aktiv oğlunun sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X4 üzrə Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X4 üzrə Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X4 üzrə Baş İdarəsinin xx.xx.2021-ci il tarixli **********200400 saylı qərarının ləğv olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X4 üzrə Baş İdarəsinin xx.xx.2022-ci il tarixli **********401800 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil izahatında bildirdi ki, iddiaçı fiziki şəxs olaraq vergi ödəyicisi kimi qeydiyyatdan keçmişdir. İddiaçı həmçinin "xxxx" MMC-nin təsisçisi və qanuni təmsilçisidir. İddiaçı fiziki şəxs olaraq vergi ödəyicisi kimi fəaliyyətini dayandırmışdır. İddiaçı sahibkarlıq fəaliyyətini hüquqi şəxsin təsisçisi və qanuni təmsilçisi kimi davam etdirir. İddiaçının təsisçisi və qanuni təmsilçisi olduğu "xxxx" MMC “X7 Azərbaycan” QSC-dən 2013-cü ildə ABŞ dolları kredit götürmüşdür. İddiaçının şirkəti manatın devolvasiyasından sonra ciddi maliyyə böhranı keçirmiş və kreditin qalıq borcunun məbləğinin (əsas, faiz və cərimə) qaytarılması ilə əlaqədar “X7 Azərbaycan” QSC ilə məhkəmə mübahisəsi başlamışdır. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 16 mart 2020-ci il tarixli qərardadı ilə borcun məbləği təsdiq edilmişdir. Həmin qərardad əsasında iddiaçı 30 mart 2020-ci il tarixdə borcun bir hissəsini “X7 Azərbaycan” QSC-yə ödəmişdir. Bank vəsaiti hüquqi şəxs hesabına mədaxil edib borcdan silməli olduğu halda, borc və bank hesabı dollarla olduğuna görə 340.400,00 manatı 200.000,00 ABŞ dollarına mübadilə etmişdir. Yəni, həmin mübadilə əməliyyatındakı vəsaitin mənbəyi “X7 Azərbaycan” QSC-dən götürülmüş kreditdir və əməliyyat günü də “X7 Azərbaycan” QSC-yə ödənilmişdir. Buna baxmayaraq, cavabdeh orqan həmin məbləği iddiaçının fiziki şəxs kimi gəliri hesab edərək iddiaçıya vergi hesablamışdır və ödəməyini tələb etmişdir. 2021-ci ilin yanvarında iddiaçı Dövlət Vergi Xidmətinə ona vergi hesablamasının əsassız olmasını təsdiq edən sənədləri bir neçə dəfə təqdim və müraciət edərək borcun silinməsini xahiş etmişdir. 04 aprel 2021-ci il tarixli məktubla iddiaçıya müraciəti nəzərə alınaraq şəxsi hesab vərəqəsində düzəliş edildiyi, yəni əsassız hesablanmış borcun ləğv edildiyi bildirilmişdir. Lakin sonra yenə əsassız olaraq 26 aprel 2021-ci il və 07 may 2021-ci il tarixli qərarlarla iddiaçıya eyni əsasla yenə borc hesablanmış, vergi borcu və ona hesablanmış faizlər tələb edilmişdir. Həmin qərarlarda borcun əlaqəli məlumatlara əsasən hesablandığı göstərilmişdir. Lakin bu hesablamaya əsas olmuş məbləğ iddiaçının fiziki şəxs kimi gəliri deyil, təsisçisi və qanuni təmsilçisi olduğu MMC üzrə kredit borcunun dollarla ödənilməsi üçün valyuta mübadiləsi əməliyyatında iştirak edən məbləğdir. İddiaçı həmin qərarın ləğv edilməsi üçün 2021-ci ilin may ayında məhkəmədə iddia qaldırmış, sözügedən qərarın artıq ləğv olunduğuna dair cavabdehin vəsatəti əsasında iş üzrə icraata xitam verilmişdir. Lakin sonradan cavabdeh orqan tərəfindən mahiyyətcə eyni olan xx.xx.2022-ci il tarixli **********401800 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqqlarının hesablanması barədə” qərar qəbul edilmişdir. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 izahatında bildirdi ki, Azərbaycan Respublikası Vergilər Nazirliyinin xx.xx.2020-ci il tarixli əmri ilə təsdiq edilmiş “Valyuta mübadiləsi əməliyyatları üzrə vergi öhdəliklərinin müəyyən edilməsi haqqında” Qaydalarına əsasən fiziki şəxsin konvertasiya olunmuş vəsaitinin vergiyə cəlb olunmadığı aşkar edildikdə həmin şəxsin belə gəliri (vergidən azad olunan gəlir növü istisna olmaqla) onun qeyri-sahibkarlıq fəaliyyətindən gəliri kimi qiymətləndirilir və Vergi Məcəlləsinin 101.2-ci maddəsinə uyğun olaraq həmin gəlirə xərclər çıxılmadan 14 faiz dərəcə ilə kameral vergi yoxlaması qaydasında vergilərin hesablanması həyata keçirilir. Azərbaycan Respublikası Maliyyə Monitorinqi Xidmətindən daxil olmuş məlumatlara əsasən vergi ödəyicisi olan iddiaçı tərəfindən 2020-ci il ərzində 340.400,0 manat ekvivalentində 200.000,0 ABŞ dollarının mübadiləsinin müəyyən edilməsinə baxmayaraq, iddiaçı həmin gəlirin yaranma mənbələri barədə ətraflı izahat məktubunu, təsdiqedici sənədləri, müvafiq dövr üzrə gəlir vergisi bəyannaməsini vergi orqanına təqdim etməməklə gəlir məbləğinin göstərilməməsi vergidən yayınma halı kimi qiymətləndirilərək kənarlaşmanın yaranmasına səbəb olmuşdur. Qeyd edilənlərlə əlaqədar vergi ödəyicisi olan iddiaçıya “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” xx.xx.2021-ci il tarixli məktub göndərilərək 5 gün müddətində müvafiq təsdiqedici sənədləri, ətraflı izahat məktubunu və 2020-ci il üzrə gəlir vergisi bəyannaməsini vergi orqanına təqdim etməklə yaranmış kənarlaşmanın aradan qaldırılması tələb olunmuşdur. Vergi ödəyicisi olan iddiaçı tərəfindən kənarlaşma aradan qaldırılmadığı üçün Vergi Məcəlləsinin 37-ci, 67-ci, 83-cü maddələrinə əsasən kameral vergi yoxlaması ilə gəlir vergisi üzrə 2020-ci il üçün 47.656,0 manat olmaqla (340.400,0 x14%) əlavə vergi məbləği hesablanmışdır. Aparılmış hesablama ilə bağlı iddiaçıya xx.xx.2022-ci il tarixli **********401800 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərar göndərilmişdir. Göstərilənlərə əsasən iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X4 üzrə Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022-ci il tarixli **********401800 nömrəli qərarının təsdiq edilmiş surətindən görünür ki, vergi ödəyicisi İddiaçı, VÖEN **********, vergi orqanı tərəfindən aparılmış kameral yoxlama nəticəsində müəyyən edilmiş vergi və ya sığorta haqqı 47.656,00 manat təşkil edir, kameral yoxlama nəticəsində əlavə hesablanmış vergi və ya sığorta haqqı məbləği 47.656,00 manat hesablanmışdır. Bəyannamə və hesabat növü - gəlir vergisi, bəyannamə və hesabat dövrü - 2020-ci il. İş materiallarında olan xx.xx.2013-cü il tarixli, 213/60720 nömrəli kredit müqaviləsinin (kredit xəttinin açılması barədə müqavilə) surətindən görünür ki, borcverən və ya kreditor “X7 Azərbaycan” QSC bu müqavilə ilə müəyyən edilmiş şərtlərlə verilən kredit(lər) üçün borcalan və ya kredit alan "xxxx" MMC-yə (direktoru İddiaçı) bərpa edilən kredit xətti açır, Borcalan isə kredit xətti üzrə almış olduğu bütün borc pul məbləğlərini bu müqavilə ilə müəyyən edilmiş şərtlərlə Borcverənə qaytarmağı öhdəsinə götürür. Bərpa edilən kredit xətti dedikdə həmin xətt üzrə alınmış kredit məbləğinin bir hissəsi ödənildikdən sonra Borcalana bu müqavilənin 1.2 və 1.3-cü maddələri ilə müəyyənləşmiş hədd və müddət çərçivəsində yeni kredit borcun verilməsi imkanı kimi başa düşülür. Müqavilənin 1.2-ci bəndinə əsasən kredit xəttinin məbləği (limiti) 4.000.000 USD (ABŞ dolları) təşkil edir. Müqavilənin 1.3-cü bəndinə əsasən kredit xətti üzrə borcalana kredit(lər) 28 iyun 2018-ci il tarixədək 60 ay müddətinə verilir. Kredit xətti üzrə ayrılan 3.000.000 USD (ABŞ dolları) məbləğindəki kredit limiti bərpa olunmayan olacaqdır, Firma tərəfindən "xxxx" ASC-dəki İddiaçı və X2 adına olan kreditlərin bağlanması üçün istifadə olunacaq, kredit müddəti 60 ay təşkil edəcək. Digər 1.000.000 USD (ABŞ Dolları) məbləğində olan kredit limiti bərpa olunmayan olacaqdır, dövriyyə vəsaiti üçün istifadə olunacaq, kreditin müddəti 24 ay təşkil edəcək. İş materiallarında olan xx.xx.2013-cü il tarixli, 213/60720 nömrəli kredit müqaviləsinə xx.xx.2020-ci il tarixli razılaşmanın surətindən görünür ki, borcverən və ya kreditor “X7 Azərbaycan” QSC borcalan və ya kredit alan "xxxx" MMC (Direktor İddiaçı) aralarında xx.xx.2013-cü il tarixdə 4.000.000 USD (ABŞ dolları) məbləğində bağlanmış 213/60720 nömrəli kredit müqaviləsinə qarşılıqlı razılıq əsasında vaxtından əvvəl xitam vermişlər, bu razılaşma ilə tərəflər yuxarıda adı çəkilən müqavilə üzrə bir-birinə qarşı hər hansı tələb(lərin) və ya pretenziyanın(ların) olmamasını təsdiq edərək bəyan edirlər. İş materiallarında olan “X7 Azərbaycan” QSC-yə məxsus qəbzin surətindən görünür ki, İddiaçı tərəfindən “X7 Azərbaycan” QSC-də xx.xx.2020-ci il tarixdə 200.000,00 ABŞ dolları məbləğində pul mübadiləsi həyata keçirilmişdir, manat ekvilalenti 340.400,00 manat göstərilmişdir (qəbzdə göstərilən VÖEN ********** - "xxxx" MMC-yə məxsusdur). İş materiallarında olan “X7 Azərbaycan” QSC-yə məxsus kredit hesabından xx.xx.2021-ci il tarixli çıxarışın surətindən görünür ki, İddiaçı tərəfindən “X7 Azərbaycan” QSC-nin kredit hesabına xx.xx.2020-ci il tarixdə 200.000,00 ABŞ dolları məbləğində kredit ödəməsi mədaxil edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Vergilər Nazirliyi Kommersiya qurumunun dövlət reyestrindən çıxarışın notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti xx.xx.2010-cu ildə qeydiyyata alınmışdır, VÖEN **********, təsisçi İddiaçıdur. Göründüyü kimi, iddiaçı tərəfindən “X7 Azərbaycan” QSC-yə kredit hesabına xx.xx.2020-ci il tarixdə 200.000,00 ABŞ dolları məbləğində kredit ödəməsi mədaxil edilmişdir, həmin tarixdə iddiaçı tərəfindən “X7 Azərbaycan” QSC-də 200.000,00 ABŞ dolları məbləğində pul mübadiləsi həyata keçirilmişdir. Qəbzdə göstərilən VÖEN ********** - "xxxx" MMC-yə məxsusdur və iddiaçı həmin MMC-nin təsisçisidir. Qəzdə ABŞ dollarının kursu 1 ABŞ dolları 1,702 manat, mübadilə edilən ABŞ dollarının manat ekvilalenti 340.400,00 manat (200.000,00 x 1,702) göstərilmişdir. Cavabdehin iddia tələbinə etiraz ərizəsindən görünür ki, Maliyyə Monitorinqi Xidmətindən daxil olmuş məlumatlara əsasən vergi ödəyicisi olan iddiaçı tərəfindən 2020-ci il ərzində 340.400,0 manat ekvivalentində 200.000,0 ABŞ dollarının mübadiləsi həyata keçirildiyi üçün gəlir məbləğinin göstərilməməsi vergidən yayınma halı kimi qiymətləndirilmiş, iddiaçıya gəlir vergisi üzrə 2020-ci il üçün 47.656,0 manat olmaqla (340.400,0 x14%) əlavə vergi məbləği hesablanmış, aparılmış hesablama ilə bağlı iddiaçıya xx.xx.2022-ci il tarixli **********401800 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərar göndərilmişdir. Lakin cavabdeh inzibati orqan həmin məbləğin iddiaçının gəliri olmasını təsdiq edən sübutları məhkəməyə təqdim edə bilmədi. Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinin 2-ci hissəsinə əsasən heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergilər və başqa dövlət ödənişləri ödəməyə məcbur edilə bilməz. Azərbaycan Respublikası Vergi Məcəlləsinin: 3.8-ci maddəsinə əsasən heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. 3.11-ci maddəsinə əsasən vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları, vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. 5.0-ci maddəsinə əsasən vergi məbləğləri aşağıdakı formalarda tutulur: 5.0.1. bilavasitə mənbədən (verginin gəlir və ya mənfəət əldə edilməsinədək tutulması); 5.0.2. bəyannamə üzrə (verginin gəlir və ya mənfəət əldə edilməsindən sonra tutulması); 5.0.3. Bildiriş üzrə (vergitutma obyektinin dəyəri və sahəsi əsasında vergi orqanının və ya bələdiyyənin hesabladığı məbləğ üçün təqdim etdiyi tədiyə bildirişi əsasında vergi ödəyicisi tərəfindən verginin ödənilməsi). 23.1.1-ci maddəsinə əsasən vergi orqanlarının bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək hüquqları vardır. 24.0.1-ci və 24.0.2-ci maddələrinə əsasən vergi orqanları vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə; vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə; vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləməyə və müdafiə etməyə borcludur. 36.1-ci maddəsinə əsasən vergi orqanları tərəfindən keçirilən yoxlamalar kameral və ya səyyar ola bilər. 37.1-ci maddəsinə əsasən kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. 37.4-cü maddəsinə əsasən kameral yoxlama nəticəsində vergi bəyannaməsində və ya cari vergi ödəmələrinin hesablanması haqqında arayışda vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. 53.3-cü maddəsinin 4-cü hissəsinə əsasən vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. 77.1-ci maddəsinə əsasən vergi ödəyicisinin bu Məcəllədə göstərilən hallarda və qaydada müəyyən edilən vergini (o cümlədən cari vergi ödəmələrini), hesablanmış faizləri və tətbiq edilmiş maliyyə sanksiyalarını ödəmək vəzifəsi onun vergi öhdəliyi hesab olunur. 77.3-cü maddəsinə əsasən vergi ödəyicisi vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq verginin ödənilməsini nəzərdə tutan şəraitin yarandığı andan vergi öhdəliklərinin yerinə yetirilməsi üçün cavabdehdir. 96.1-ci maddəsinə əsasən rezidentlərin gəlirləri üzrə vergitutma obyekti vergi ili üçün rezidentlərin bütün gəliri ilə həmin dövr üçün bu Məcəllə ilə müəyyənləşdirilən gəlirdən çıxılan məbləğ arasındakı fərqdən ibarət olan vergiyə cəlb edilən gəlirdir. 97.1-ci maddəsinə əsasən rezident vergi ödəyicisinin gəliri onun Azərbaycan Respublikasında və Azərbaycan Respublikasının hüdudlarından kənarda əldə etdiyi gəlirdən ibarətdir. 97.3-cü maddəsinə əsasən gəlirlərə aiddir: 97.3.1. muzdlu işlə əlaqədar əldə edilən gəlir; 97.3.2. muzdlu işə aid olmayan fəaliyyətdən əldə edilən gəlir; 97.3.3. vergilərdən azad edilən gəlirlərdən və əsas vəsaitlərin (vəsaitin) yenidən qiymətləndirilməsindən yaranan artımdan başqa bütün digər gəlirlər. Məhkəmə tərəfindən müəyyən edildi ki, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X4 üzrə Baş İdarəsi tərəfindən aparılmış kameral yoxlama nəticəsində İddiaçı 2020-ci ilin gəlir vergisi üzrə 47.656,00 manat vergi məbləği hesablanmışdır, bununla əlaqədar olaraq cavabdeh tərəfindən “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022-ci il tarixli **********401800 nömrəli qərar qəbul edilmişdir. Lakin cavabdeh iddiaçı tərəfindən 2020-ci il ərzində 340.400,0 manat ekvivalentində 200.000,0 ABŞ dollarının mübadiləsi həyata keçirildiyi üçün gəlir məbləğinin göstərilməməsinin vergidən yayınma halı kimi qiymətləndirərək iddiaçıya gəlir vergisi üzrə əlavə vergi məbləği hesablasa da həmin məbləğin iddiaçının gəliri olmasını təsdiq edən sübutları məhkəməyə təqdim edə bilmədi. Beləliklə, sadalanan qanunvericilik normalarına əsasən və iş materiallarına əlavə edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək məhkəmə hesab edir ki, mübahisələndirilən qərar qəbul edilərkən cavabdeh tərəfindən qanunvericiliyin tələbləri pozulmuşdur. Bu səbəbdən də məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 32, 52, 58.1, 68, 69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı barəsində tərtib edilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X4 üzrə Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022-ci il tarixli **********401800 nömrəli qərarı ləğv edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Hakim: Pərviz Hüseynov
Məhkəmə qərarları › İş №e-2-1(112)-10034/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-10034/2022
21.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver