Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-1(112)-10035/2022 12.09.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Məmmədova Sevda Rövşən qızının katibliyi iddiaçının nümayəndəsi (vəkili) Vəkil, cavabdehin nümayəndəsi X3 iştirakı ilə İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X8 üzrə Baş İdarəsinə qarşı «məcburi vergi uçotuna alınma barədə qərarların ləğv edilməsi və hesablanmış vergi borckarının silinməsi» tələbinə dair iddiası üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı QSC cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X8 üzrə Baş İdarəsinə qarşı «məcburi vergi uçotuna alınma barədə qərarların ləğv edilməsi və hesablanmış vergi borckarının silinməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsində bildirilir ki, İddiaçı QSC ilə vətəndaşlar X4, X5, X2, X6 arasında 2020-ci ildə bağlanmış müqavilələr əsasında həmin şəxslərdən kənd təsərrüfatı məhsullarının alışı həyata keçirilmiş və müvafiq alış aktları ilə rəsmiləşdirilmişdir. İddiaçı QSC tərəfindən həyata keçirilmiş alqısatqı barədə qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq hesabatlar vergi orqanına təqdim olunmuşdur. Lakin, vergi orqanı tərəfindən yuxarıda adları qeyd olunan vətəndaşlar məcburi olaraq vergi ödəyicisi kimi qeydiyyata alınmış və alqı-satqı məbləğləri üzrə həmin vətəndaşlara vergilər hesablanmışdır. Cavabdeh inzibati orqan tərəfindən vergi qanunvericiliyinə zidd olaraq məcburi vergi uçotuna alınma və vergi hesablanması nəticəsində adları qeyd olunan vətəndaşlar şirkətə gələrək narazılıqlarını kəskin formada bildirərək, onlara hesablanmış vergi məbləğinin şirkət tərəfindən ödənilməli olduğunu qeyd edirlər. Bütün bu mübahisələr zəminində şirkətə xeyli zərər dəymiş, kənd təsərrüfatı mallarının alınmasına mənfi təsir göstərmişdir. Belə ki, əhali artıq müqavilə ilə şirkətə məhsul satmaqdan çəkinir, pərakəndə satışa yönəlir, bununla da şirkətə xeyli zərər dəymiş olur. Bundan başqa, İddiaçı QSC kənd təsərrüfatı məhsullarının ixracı fəaliyyəti ilə məşğul olur. İxrac olunan məhsulların alış aktları tərtib olunmadığı təqdirdə qanunvericiliyin tələblərinə əsasən şirkət əldə etmədiyi mənfəətə görə də mənfəət vergisi ödəmək məcburiyyətində olur. Hazırkı vəziyyət kənd təsərrüfatı məhsullarını şirkətə satan şəxslərdə qorxu yaratdığı üçün, həmin şəxslər öz istehsal etdikləri məhsulları yalnız sənədsiz (alış aktı olmadan) satmağa üstünlük verirlər. Bu da sahibkarlıq fəaliyyəti sahəsində böyük çətinliklər yaradır. Ona görə də adları qeyd olunan şəxslərin vergi ödəyicisi olaraq məcburi şəkildə vergi uçotuna alınmaları və onlara əsassız əlavə vergilərin hesablanması şirkətin sahibkarlıq fəaliyyətini həyata keçirməsində ciddi maneələr yaratdığından, həmin şəxslərin hüquqlarının həyata keçirilməsində şirkətin maraqlarına daxildir. Adları qeyd olunan şəxslərdə vergi uçotuna alınmaları ilə bağlı (pin-kod paket) heç bir məlumat yoxdur, sadəcə müəyyən vaxtlarıda hər birinə ölkədən çıxış hüquqlarının məhdudlaşdırılması ilə bağlı məktublar gəlmişdir. Ona görə də onlara hesablanmış vergilərə dair inzibati aktların şirkət tərəfindən əldə olunması mümkün olmamışdır. Bundan başqa, hazırda həmin şəxslər onlara hesablanmış vergilərin şirkət tərəfindən ödənilməsini kəskin şəkildə tələb etdikləri üçün, şirkətlə heç bir ünsiyyətə daxil olmaq istəmirlər və onlara əsassız vergilərin hesablanmasında şirkəti günahkar gördükləri üçün aqressiv münasibət göstərirlər. Bununla bağlı şirkət tərəfindən Dövlət Vergi Xidmətinə şikayət ərizəsi ilə 23 avqust 2021-ci tarixdə müraciət edilmiş, lakin şikayətə baxılması haqqında cavabdeh tərəfindən göndərilmiş məktubda müraciətdə qeyd edilən bəzi məlumatların Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 30.2-ci maddəsinə əsasən vergi sirri və şəxsi həyata dair məlumat hesab olunduğu üçün həmin Məcəllənin 30.6-cı maddəsində göstərilən hallar istisna olmaqla, bu məlumatların digər şəxslərə verilməsinin Vergi Məcəlləsində nəzərdə tutulmadığı göstərilməklə şikayət təmin olunmamışdır. Bu səbəbdən də mübahisələndirilməsi məhz zəruri olan məsuliyyət müəyyən edən qərarlar QSC-yə təqdim edilmədiyindən, yalnız bəzi sənədləri məhkəməyə təqdim edilmir. Dövlət Vergi Xidmətinin Bakı şəhəri X8 üzrə Baş İdarəsi tərəfindən adları qeyd olunan şəxslərə əsassız vergilərin hesablanması, həmin şəxslərə vergilərin hesablanması barədə qərarların təqdim olunmaması, maraqlı tərəf olaraq şirkət tərəfindən vergilərin hesablanmasına dair qərarların tələb olunmasına baxmayaraq təqdim olunmaması hesab edilir ki, şirkət ilə məhsul satan şəxslər arasında konflikt yaranmasına səbəb olmaqla, qərəzli mövqe göstəricisidir. Çünki, qanunvericiliyin tələblərinə əsasən alış aktı tərtib olunubsa və həmin məhsullar vergidən azaddırsa, qanunsuz vergilərin hesablanmasında başqa məqsəd barədə düşünmək mümkün deyildir. Hesab olunur ki, iddiaçının məcburi uçota alınması prosesi özü qanuna ziddir və beləliklə hesablanmış bütün vergilər əsassızdır və silinməlidir. Belə ki, «Nağdsız hesablaşmalar haqqında» Azərbaycan Respublikası Qanununun 3.5.1-ci maddəsinə əsasən kənd təsərrüfatı məhsullarının istehsalçılarından kənd təsərrüfatı məhsullarının qəbulu ilə bağlı hesablaşmalar yalnız nağdsız qaydada həyata keçirilir. Vergi Məcəlləsinin 71-2.1-ci maddəsinə əsasən bu Məcəllənin 130.1-1-ci maddəsinin müddəaları nəzərə alınmaqla vergi orqanında uçotda olmayan şəxslərdən mallar alındıqda alınmış mallara görə alış aktları və malların alışı tarixindən 5 gün müddətində elektron alış aktı tərtib edilir. Həmin Məcəllənin 101.6-cı maddəsinə əsasən vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan fiziki şəxslərin «Nağdsız hesablaşmalar haqqında» Azərbaycan Respublikasının Qanununun 3.5-ci maddəsində göstərilən malların təqdim edilməsindən əldə edilən gəlirlərindən (bu Məcəllə ilə vergidən azad olunan gəlirlər istisna olmaqla) xərclər çıxılmadan 2 faiz dərəcə ilə vergi tutulur. Həmin Məcəllənin 102.1.11-ci maddəsinə əsasən bilavasitə kənd təsərrüfatı məhsullarının istehsalından alınan gəlirlər gəlir vergisindən azaddırlar. Məcəllənin 150.1.14-cü maddəsinin tələblərinə əsasən vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan fiziki şəxslərə «Nağdsız hesablaşmalar haqqında» Azərbaycan Respublikasının Qanununun 3.5-ci maddəsində göstərilən malların təqdim edilməsinə görə (bu Məcəllə ilə vergidən azad olunan gəlirlər istisna olmaqla) ödəmələr verən hüquqi şəxslər və fərdi sahibkarlar ödəmə mənbəyində vergini tutmağa borcludurlar. Azərbaycan Respublikası Konstitusiyasının 73.2-ci maddəsinə əsasən heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergilər və başqa dövlət ödənişləri ödəməyə məcbur edilə bilməz. Vergi məcəlləsinin 3.5-ci maddəsinə əsasən heç bir şəxs əldə etdiyi mənfəətdən (gəlirdən) eyni növ vergini bir dəfədən artıq ödəməyə məcbur edilə bilməz. Belə ki, bu halda gəlir vergisi ödəmə mənbəyində alıcı vergi ödəyicisi tərəfindən tutulur, bildiriş üzrə isə vergi orqanı tərəfindən hesablanır. Bununla da əlavə olaraq Vergi Məcəlləsinin 5-ci maddəsinin tələbləri pozulur. Həmin maddəyə əsasən vergi məbləğləri aşağıdakı formalarda tutulur: (5.0.1) bilavasitə mənbədən (verginin gəlir və ya mənfəət əldə edilməsinədək tutulması); (5.0.2) bəyannamə üzrə (verginin gəlir və ya mənfəət əldə edilməsindən sonra tutulması); (5.0.3) Bildiriş üzrə (vergitutma obyektinin dəyəri və sahəsi əsasında vergi orqanının və ya bələdiyyənin hesabladığı məbləğ üçün təqdim etdiyi tədiyə bildirişi əsasında vergi ödəyicisi tərəfindən verginin ödənilməsi). Həmçinin vergilər vergi orqanı tərəfindən vergi ödəyicisi qeydiyyata alındığı tarixdən əvvəlki dövrlərə hesablanır ki, bunu da qanunsuz hesab edilir. Qeyd olunan hal üzrə Vergi Məcəlləsinin 5.0.1-ci maddəsinə uyğun olaraq vətəndaşların malları təqdim etdiyim şəxs, yəni iddiaçı tərəfindən bilavasitə mənbədən vergi tutulmasına baxmayaraq, vergi orqanı Vergi Məcəlləsinin 5.0.2-ci maddəsinə əsasən də bəyənnamə üzrə vergi hesablamışdır. Qanunvericiliyin tələbindən göründüyü kimi, kənd təsərrüfatı məhsulları satan şəxslərin sahibkarlıq subyekti kimi uçota alınması ilə bağlı qanunvericilikdə hər hansı norma nəzərdə tutulmamışdır. Əksinə, həmin şəxslərin vergi orqanında uçotda olmadan elektron alış aktı əsasında nağd qaydada satıs həyat keçirmək hüququ qanunvericiliklə təsbit edilmişdir. Göstərilənlərə və Azərbaycan Respublikası Konstitusiyasının 60, 73.2, 127-ci maddələrinə, Vergi Məcəlləsinin 3.5, 3.11, 12.3, 13.2.16, 36.2, 71-2.1, 101.6, 150.1.14-cü maddələrinə, Azərbaycan Respublikası MPM-in 59.1-ci maddəsinə, İPM-in 2.2.1, 8.1.2, 13, 32, 45, 46-cı maddələrinə əsaslanaraq, cavabdeh tərəfindən X4, X5 və X1 məcburi vergi uçota alınmalarına dair qərarların ləğv edilməsi və onlara hesablanmış əsassız vergilərin silinməsi barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. Cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri X8 üzrə Baş İdarəsinin iddia ilə bağlı məhkəməyə təqdim olunmuş vəsatətində aşağıdakılar bildirilir: - İddiaçı öz ərizəsində qeyd etmişdir ki, İddiaçı QSC ilə yuxarıda adları qeyd olunan vətəndaşlar arasında kənd təsərrüfatı məhsullarının alqı-satqısı mövcud qanunvericiliyin tələblərinə uyğun şəkildə həyata keçirilsə də, vergi orqanı tərəfindən həmin şəxslərin məcburi vergi uçotuna qoyulmaları və onlara əsassız olaraq vergilərin hesablanması cəmiyyətlə vətəndaşlar arasında ciddi narazılığa və son nəticədə QSC-nin nüfuzuna zərbə vurmaqla maddi cəhətdən ziyan görməsinə səbəb olmuşdur. İddiaçı QSC-nin iddia ərizəsi mövcud qanunvericiliyin tələbləri pozulmaqla tərtib olunduğundan, yəni onun belə bir iddia tələbi ilə məhkəməyə müraciət etmək hüququ olmadığından hazırkı iddia mümkün hesab edilməməlidir. Belə ki, iddia ərizəsindən də göründüyü kimi, iddiaçı tərəf X5 və digərlərinə hesablanmış 2020-ci ilin gəlir vergisi məbləğinin azaldılması və onların vergi uçotunun etibarsız hesab edilməsi tələbini irəli sürərək iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İşə mahiyyəti üzrə baxılmasından əvvəl iddiaçının subyektiv hüququnun olub-olmaması araşdırılmalıdır. Prosessual qanunvericilik baxımından hazırkı inzibati iş üzrə tərəf qismində sonuncular iştirak edə bilərdi. Lakin hazırkı vəziyyətdə İddiaçı QSC-nin heç bir hüququ olmadığı halda, eləcə də onun hansı hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmadan yuxarıda qeyd edilən iddia ərizəsi ilə məhkəməyə müraciət edilmişdir. Bu baxımdan hesab olunur ki, İddiaçı QSC-nin iddia ərizəsi mümkün hesab edilməməlidir. Göstərilənlərə və İPM-in 1.2, 58.7-ci maddələrinə, MPM-in 76.1, 151-ci maddələrinə əsaslanaraq, İddiaçı QSC-nin iddiasının mümkün hesab edilməməsi barədə qərardad qəbul edilməsi məhkəmədən xahiş olunur. Məhkəmə iş materiallarını nəzərdən keçirərək iddianın mümkünlüyü məsələsinin müzakirəsini zəruri saydı. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) Vəkil “iddianın mümkünsüzlüyü barədə” vəsatətin rədd olunmasını və iddianın mümkün sayılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X7 iddianın mümkün sayılmamasını məhkəmədən xahiş etdi. Məhkəmə prosesdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 13.2.4-cü maddəsinə əsasən vergi ödəyicisi – bu Məcəlləyə uyğun olaraq müəyyən edilmiş vergitutma obyektlərindən vergini ödəməli olan istənilən şəxsdir. Həmin Məcəllənin 15.1-ci maddəsinə əsasən vergi ödəyicisinin aşağıdakı hüquqları vardır: - (15.1.7) vergi orqanlarından və onların vəzifəli şəxslərindən vergi ödəyicisinə münasibətdə vergilər haqqında qanunvericiliyə riayət olunmasını tələb etmək; - (15.1.9) müəyyən edilmiş qaydada vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) inzibati qaydada və (və ya) məhkəməyə şikayət etmək. Həmin Məcəllənin 15.2-ci maddəsinə əsasən vergi ödəyicisinin hüquqları və qanuni maraqları qanunvericilik normaları ilə təmin edilir. Vergi ödəyicisinin hüquqlarının və qanuni maraqlarının müdafiəsi qaydası bu Məcəllə və digər qanunlarla müəyyən edilir. Vergi ödəyicisinin hüquqları və qanuni maraqları vergi orqanlarının və onların vəzifəli şəxslərinin səlahiyyətləri ilə təmin edilir. Vergi ödəyicisinin hüquqlarının və qanuni maraqlarının təmin olunmaması və ya lazımınca təmin olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Həmin Məcəllənin 33.3-cü maddəsinə əsasən hüquqi şəxsin və sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən fiziki şəxsin bu Məcəllə ilə vergi ödəməsi vəzifəsini şərtləndirən halların olub-olmamasından asılı olmayaraq onlar vergi orqanında vergi ödəyicisi kimi uçota alınır. Həmin Məcəllənin 34.6-cı maddəsinə görə hər bir vergi ödəyicisinə bütün vergilər üzrə, o cümlədən Azərbaycan Respublikasının gömrük sərhədindən malların keçirilməsi ilə bağlı ödənişlər üzrə Azərbaycan Respublikasının bütün ərazisində vahid olan vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN) verilir. Həmin Məcəllənin 62-ci maddəsinə əsasən hər bir vergi ödəyicisinin və ya başqa vəzifəli şəxsin vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət etmək hüququ vardır. Vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət qanunla müəyyən edilmiş qaydada yuxarı vergi orqanına (yuxarı vəzifəli şəxsə) və (və ya) məhkəməyə verilir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.1-ci maddəsinə əsasən inzibati orqan – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. İPM-in 2.2.1-ci maddəsinə görə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Göründüyü kimi, hazırkı iddiasında İddiaçı QSC başqa şəxslərə münasibətdə cavabdeh inzibati orqanın əlverişsiz inzibati aktlarını və hərəkətlərini mübahisələndirir. Hansı ki, həmin qərarlar və hərəkətlərin hüquqi nəticələri ünvanlandığı şəxslər üçün mövcuddur, müstəqil hüquqi şəxs kimi hazırkı iddiaçıya münasibətdə hər hansı hüquqi nəticə yoxdur. Həmin qərarların və hərəkətlərin mübahisələndirilməsi hüququ yalnız onların ünvanlandığı şəxslərə mənsubdur. Mövcud qanunvericilik normaları onu deməyə əsas verir ki, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddialar yalnız onların mümkünlüyü haqqında şərtlər yerinə yetirildiyi halda yolveriləndir. Nəzərə alınmalıdır ki, bəzi iddia növləri üzrə icraatda iddiaçının müraciəti və ona münasibətdə cavabdehin imtinasının və ya hərəkətsizliyinin mövcudluğu iddianın mümkün sayılaraq, iddia tələbi üzrə yekun qərar qəbul olunmasını şərtləndirən əsas əlamətlərdən biridir. Qeyd olunmalıdır ki, sözügedən məsələ ilə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarında da vurğulanmışdır. Həmin Qərarın 2.3-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yolverilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı QSC-nin hazırkı iddianı qaldırmağa subyektiv hüququ olmadığından, iddia mümkün sayıla bilməz. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsaslanaraq və İPM-in 23.1, 35.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli
Məhkəmə qərarları › İş №e-2-1(112)-10035/2022
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №e-2-1(112)-10035/2022
12.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver