Məhkəmə qərarları › İş №e-2-1(112)-10044/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-10044/2022

02.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-10044/2022 02.12.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi, Əsgərzadə Qələmzər Nizami qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlillik dərəcəsinin bərpa edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək xx.xx.2018-ci il tarixindən ona müddətsiz təyin edilmiş ikinci dərəcə əlilliyin bərpa edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2018-ci il tarixindən Tibbi Sosial Ekspert Komissiyasından ilkin müayinədən keçmişdir. Tibbi Sosial Ekspert Komissyası tərəfindən “anadangəlmə vahid sol böyrəyin xroniki pielonefriti, tez-tez kəskinləşməli gedişlə. Xroniki böyrək çatmamazlığı ikinci dərəcə, konservativ faza. Nefrogen hipertenziya üçüncü dərəcə, çox yüksək risk. Renal anemiya. Şəkərli diabet ikinci tip, ağır forma, dekompensə fazasında, insulin tələbli. Sol böyrəyin daşı. Kəskin asteno-nevrotik sindrom. Sol böyrəyin ikinci dərəcəli hidronefrozu” diaqnozu qoyulmuşdur. Əlilliyin müəyyən olunması meyarı kimi ikinci dərəcə əlillik, nefrektomiya nəticəsində və ya anadan gəlmə bir böyrəyin olmaması ikinci dərəcəli xroniki böyrək çatışmazlığı götürülmüşdür. Bunun nəticəsində ona xx.xx.2018-ci il tarixindən əlillik təyin edilmişdir. Ona əlillik təyin olunduqdan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən etibarsız hesab edilmişdir. Əlilliyinin dayandırılması prosesi zamanı ona heç bir məlumat verilməmişdir. O, bu məsələ ilə bağlı Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə yazılı qaydada müraciət etmişdir. Müraciəti 16 may 2022-ci il tarixində Agentliyə çatmışdır. Buna baxmayaraq ona heç cavab məktubu göndərilməmişdir. Bu müddət ərzində o, telefon vasitəsilə də əlaqə saxladıqda bildirmişlər ki, əlillik etibarsız hesab olunub. Cavab veriləcək. Heç bir əsaslı cabab ala bilməmişdir. Müraciətin çatmasından 40 günə yaxın müddət keçməsinə baxmayaraq ona heç bir rəsmi məlumat verilməmişdir. Buna görə də məhkəməyə müraciət etməyi zəruri hesab etmişdir. O, “anadangəlmə vahid sol böyrəyin xroniki pielonefriti, tez-tez kəskinləşməli gedişlə. Xroniki böyrək çatmamazlığı ikinci dərəcə, konservativ faza. Nefrogen hipertenziya üçüncü dərəcə, çox yüksək risk. Renal anemiya. Şəkərli diabet ikinci tip, ağır forma, dekompensə fazasında, insulin tələbli. Sol böyrəyin daşı. Kəskin asteno-nevrotik sindrom. Sol böyrəyin ikinci dərəcəli hidronefrozu” diaqnozunda qeyd edilən xəstəlikdən əziyyət çəkir. Onun verdiyi analizlər, müayinələr nəticəsində bu diaqnoz qoyulub. Həqiqətən bu xətəliklər onda olmasaydı, rəsmi göndəriş əsasında Agentlik ona əlillik təyin etməzdi. 2018-ci ildə əlilliyin qanuni formada təyin edilməsi, indi isə heç bir səbəb və əsas olmadan etibarsız hesab edilməsi anlaşılan deyil. Hal-hazırda da o, həmin xəstəliklərdən əziyyət çəkir. O cümlədən əlilliyin təyini prosesində heç bir qanuna zidd hərəkət və ya hərəkətsizliyə yol verməmişdir. Bundan əlavə İİ dərəcəli əlilliyinin əlillik altsistemində etibarsız hesab edilməsi ilə əlaqədar olan məsələ sadəcə formal qaydada, heç bir prosedura əməl edilmədən həyata keçirilmişdir. Bu barədə rəsmi qərar yoxdur. O, Agentliyə dəvət edilməmiş, dinlənilməmişdir, bu barədə heç bir inzibati icraat həyata keçirilməyib. Hal-hazırda cavabdeh inzibati qurum tərəfindən maddi hüquq normalarının müddəalarına, yəni müəyyən edilmiş məcburi prosedur qaydalarına riayət edilməmiş, əlilliyin təyin edilməsi barədə olan inzibati akt ləğv edilməmiş, bu inzibati aktın ləğv olunduğu halda hansı qərarla həyata keçirilməsini və bununla əlaqədar olaraq “İnzibati icraat haqqında” Qanunun İV fəslinin müəyyən etdiyi müddəalara riayət edilməklə inzibati icraat həyata keçirilməmişdir. Bundan başqa, qanunvericilikdə əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının etibarsız hesab edilməsi yox, ləğvi nəzərdə tutulmuşdur. Belə olan halda, cavabdeh orqan iddiaçının əlilliyinin əsaslarını mötəbər hesab etmədiyi halda belə, həmin qərarın etibarsız hesab edilməsi barədə deyil, ləğvi barədə qərar qəbul edə bilərdi. Normaların məzmununa əsasən, əlilliyin ləğvi barədə nəticə müayinənin nəticələrinə istinad edilməklə qəbul edilə bilər. Həmçinin vətəndaş yalnız əyani müayinəyə cəlb edildikdən sonra həmin əyani müayinənin nəticələrinə əsasən əlil olmadığı müəyyən edildiyi halda, onun əlil olmaması ilə bağlı inzibati akt qəbul edə bilərdi. Əyani müayinəyə cəlb edilmədən cavabdeh iddiaçının əlilliyini Əlilliyin Qiymətləndirilməsi altsistemində etibarsız hesab etmişdir. Bununla da cavabdehin işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmadan, sübutlar toplamadan əlillik altsistemində iddiaçıya aid qiymətləndirməni etibarsız hesab etməsi qanunvericiliyin müddəalarına tamamilə ziddir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İnzibati iş Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, İddiaçı əlillik vəziyyəti Bakı 2 saylı Dəmiryol Poliklinikasının xx.xx.2018-ci il tarixli, 4384003AACR3 nömrəli göndərişi əsasında baxılmış və “Səbəbi: Ümumi xəstəlik; X1: XİV Sinif - Sidik-cinsiyyət sisteminin xəstəlikləri => N10-N16 - Böyrəyin tubulointerstisial xəstəlikləri => N11 - Xronik tubulointerstisial nefrit => N11.1 - Xronik obstruktiv pielonefrit; Diaqnozun mətni: Anadangəlmə vahid sol böyrəyin xroniki pielonefriti, tez-tez kəskinləşməli gedişlə. Xroniki böyrək çatmamazlığı İİ dərəcə, konservativ faza. Nefrogen hipertenziya İİİ dərəcə, çox yüksək risk. Renal anemiya. Şəkərli diabet İİ tip, ağır forma, dekompensə fazasında, insulin tələbli. Sol böyrəyin daşı. Kəskin asteno-nevrotik sindrom. Sol böyrəyin İİ dərəcəli hidronefrozu; Meyar: 2.2 İkinci dərəcə əlillik => 2.4.2. nefrektomiya nəticəsində və ya anadangəlmə bir böyrəyin olmaması: ikinci dərəcəli xroniki böyrək çatışmazlığı ilə (N18-N18.9,Q60,Z90.5)” səbəbi ilə müddətsiz əlillik dərəcəsi verilmişdir. "xxxx" Qapalı Səhmdar Cəmiyyəti (bundan sonra- Cəmiyyət) tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə xx.xx.2019-cu il tarixli, NVS-132 nömrəli məktub ünvanlanmış və həmin məktuba Əlillərin sosial müdafiəsi siyasəti şöbəsində baxılmışdır. Məktubda qeyd edilmişdir ki, 1270 nəfərdən 234 nəfərə rəsmiləşdirilmiş göndərişlərin araşdırıldığı qeyd edilmişdir. Həmin şəxslərdən Cəmiyyətin strukturuna daxil olan müəssisələr tərəfindən rəsmiləşdirilmiş 71 nəfərin göndərişi öz təsdiqini tapmış, 163 nəfərin (5 nəfər təkrarlanır), (6 nəfər etibarsız olunub **********7 nömrəli məktubla) göndərişinin isə əsassız tərtib edildiyi müəyyən edilmişdir. İddiaçı etibarsız hesab edilənlərin siyahısında adı qeyd edilmişdir. Bundan irəli gələrək, 4384003AACR3 nömrəli göndəriş əsasında aparılmış əlillik təyinatı MEİS-in “Əlillik” altsistemində etibarsız edilmişdir. Bundan əlavə, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 65.1.2-ci maddəsinə uyğun olaraq, müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt etibarsız sayılır. Buna görə də, xx.xx.2019-cu il tarixdə əsaslı olaraq Əlillik altsistemində iddiaçıya aid qiymətləndirmə etibarsız edilmişdir. Məlumat üçün bildirilir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın və 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra - Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra - göndəriş) əsasında aparılır. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir), əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxarıda qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyəyində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması aiddir. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, iddianın mümkünsüzlüyü barədə müvafiq qərardad qəbul edilməsi xahiş edilmişdir. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə xx.xx.2022-ci il tarixli məhkəmə iclasında iddia tələbinə dəqiqləşdirmə barədə ərizə təqdim edərək, xx.xx.2018-ci il tarixindən İddiaçı təyin edilmiş müddətsiz ikinci dərəcə əlilliyin etibarsız hesab olunduğu xx.xx.2019-cu il tarixdən bərpa edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin eyni tarixli qərardadı ilə iddia tələbi dəqiqləşdirilmiş şəkildə icraata qəbul edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı tərəf iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya etiraz edərək tələbin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iddia ərizəsinə əlavə edilmiş sənədləri və cavabdeh tərəfindən təqdim edilmiş inzibati icraat materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarına əlavə edilmiş AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətinə əsasən xx.xx.1980-ci il təvəllüdlü İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2022-ci il tarixli, **********1 nömrəli məktubu ilə göndərilmiş sənədlərdən görünür ki: - İddiaçı əlillik vəziyyətinə Bakı 2 saylı Dəmiryol Poliklinikasının xx.xx.2018-ci il tarixli, 4384003AACR3 nömrəli göndərişi əsasında baxılmış və xx.xx.2018-ci il tarixdə “Səbəbi: Ümumi xəstəlik; X1: XİV Sinif - Sidik-cinsiyyət sisteminin xəstəlikləri => N10-N16 - Böyrəyin tubulointerstisial xəstəlikləri => N11 - Xronik tubulointerstisial nefrit => N11.1 - Xronik obstruktiv pielonefrit; Diaqnozun mətni: Anadangəlmə vahid sol böyrəyin xroniki pielonefriti, tez-tez kəskinləşməli gedişlə. Xroniki böyrək çatmamazlığı İİ dərəcə, konservativ faza. Nefrogen hipertenziya İİİ dərəcə, çox yüksək risk. Renal anemiya. Şəkərli diabet İİ tip, ağır forma, dekompensə fazasında, insulin tələbli. Sol böyrəyin daşı. Kəskin asteno-nevrotik sindrom. Sol böyrəyin İİ dərəcəli hidronefrozu; Meyar: 2.2 İkinci dərəcə əlillik => 2.4.2. nefrektomiya nəticəsində və ya anadangəlmə bir böyrəyin olmaması: ikinci dərəcəli xroniki böyrək çatışmazlığı ilə (N18-N18.9,Q60,Z90.5)” səbəbi ilə müddətsiz əlillik dərəcəsi verilmişdir. - "xxxx" Qapalı Səhmdar Cəmiyyəti Həkim-Sanitar Xidməti tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ünvanlanmış xx.xx.2019-cu il tarixli, NVS-132 nömrəli məktubda bildirilmişdir ki, sizin "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin rəhbərliyinə ünvanladığınız əlillik təyinatlarının araşdırılması ilə əlaqədar xx.xx.2019-cu il tarixli **********8 saylı məktubunuz Cəmiyyətin Həkim-Sanitar Xidmətində ətraflı araşdırılır. Araşdırma nəticəsində müəyyən oldu ki, Dəmir Yolunun tibb müəssisələri tərəfindən TSEK-na rəsmiləşdirilmiş göndərişlər (Forma 088) Respublikada təsdiq olunmuş qaydalara əsasən elektron sistemlə həyata keçirilir. Göndərişlər Respublikanın müxtəlif tibb mərkəzlərinin, kimiki xəstəxanalarının tibbi rəyləri və epikrizləri ilə təsdiq olunmuş diaqnozlara əsasən verilmişdir. Tibbi rəylərin və epikrizlərin doğruluğunu yoxlamaq məqsədi ilə Bakı şəhərindəki bir sıra tibb mərkəzləri və kliniki xəstəxanalarına sorğular göndərildi. Alınan cavablardan müəyyən oldu ki, tərəfinizdən göndərilən siyahıdakı xəstələrin təqdim etdikləri epikrizlərin və tibbi rəylərin sıra nömrəsi, ştampı möhürü və imzalar olmasına baxmayaraq, onların əksəriyyəti tibb müəssisələrinin rəsmi qeydiyyat jurnallarına düşməmişdir. Odur ki, vətəndaşlar tərəfindən təqdim olunan tibbi rəylər və epikrizlərlə bizim sorğularımıza müvafiq tibb müəssisələri tərəfindən verilən cavablardakı uyğunluqsuzluğu nəzərə alaraq, sizin tərəfinizdən təqdim olunan siyahıda (xx.xx.2019-cu iİ tarixli **********8 saylı məktuba qoşma) adları olan 1270 nəfərdən 234 nəfərə verilən TSEK-na göndərişlərin (Forma 088) araşdırılıb, ondan 163 nəfərinki etibarsız hesab olunması məsələsinə baxılması məqsədə müvafiqdir (siyahı əlavə olunur). Tibb müəssisələrində qeydiyyata düşən 71 nəfər vətəndaşlar ayrı siyahıda adı çəkilənlərdir (siyahı əlavə olunur). Həmin məktubla əlavə edilmiş epikrizləri və tibbi rəyləri təsdiq olunmayanların siyahısında 141-ci sırada İddiaçı adı qeyd olunmuşdur. Cavabdeh tərəfindən məhkəməyə təqdim olunmuş Əlillərin sosial müdafiəsi siyasəti şöbəsinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparatına ünvanladığı xidməti məruzədə qeyd edilmişdir ki, "xxxx" Qapalı Səhmdar Cəmiyyəti (bundan sonra-Cəmiyyət) tərəfindən ünvanlanmış xx.xx.2019-cu il tarixli, NVS- 132 nömrəli məktuba Əlillərin sosial müdafiəsi siyasəti şöbəsində baxılmışdır. Məktubda 1270 nəfərdən 234 nəfərə rəsmiləşdirilmiş göndərişlərin araşdırıldığı qeyd edilmişdir. Həmin şəxslərdən Cəmiyyətin strukturuna daxil olan müəssisələr tərəfindən rəsmiləşdirilmiş 71 nəfərin göndərişi öz təsdiqini tapmış, 163 nəfərin (5 nəfər təkrarlanır), (6 nəfər etibarsız olunub **********7 nömrəli məktubla) göndərişinin isə əsassız tərtib edildiyi müəyyən edilmişdir. Qeyd olunanları nəzərə alaraq, 152 nəfərin (adlı siyahı əlavə olunur) əlillik müayinələrinin Əlillik altsistemində etibarsız edilməsinə dair Nazirlik yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinə, vətəndaşın sosial müdafiə və təminat hüququnun yenidən nəzərdən keçirilməsi və artıq ödənilmiş vəsaitin bərpası ilə əlaqədar isə Nazirlik yanında Dövlət Sosial Müdafiə Fonduna tapşırıq verməyiniz xahiş edilir. Həmin məktuba əlavə edilmiş adlı siyahıda İddiaçı adı 5-ci sırada göstərilmişdir. Məhkəmənin sorğusuna cavab olaraq "xxxx" Qapalı Səhmdar Cəmiyyəti Həkim- Sanitar Xidmətinin xx.xx.2022-ci il tarixli, 242684 nömrəli məktubunda qeyd edilmişdir ki, İddiaçı 2 saylı Bakı Dəmiryol Poliklinikası tərəfindən rəsmiləşdirilmiş 4384003AACR3 nömrəli Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə göndəriş Səhiyyə Nazirliyinin portalı vasitəsilə verilmişdir. Portala giriş nazirlik tərəfindən bağlandığından, göndərişi təqdim etmək mümkün deyil. Göndəriş vətəndaşın poliklinikaya təqdim etdiyi Respublika Kliniki Xəstəxanasının epikrizi əsasında verilmişdir. Yoxlama zamanı xəstəxanaya sorğu göndərilmişdir və cavab məktubunda vətəndaşın müalicə almadığı qeyd edilmişdir. Bu məlumat Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə çatdırılmışdır. Həmin məktubla təqdim edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası tərəfindən "xxxx" Qapalı Səhmdar Cəmiyyəti Həkim-Sanitar Xidmətinə ünvanlanmış xx.xx.2019-cu il tarixli, 420 nömrəli məktubda bildirilmişdir ki, məktubda adı qeyd olunan İddiaçı xəstəxananın arxiv jurnallarında qeydiyyatdan keçməmişdir. Əsas: Arxiv qeydiyyat jurnalları. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin 24 saylı Vəkil Bürosunun vəkili Nümayəndə ünvanladığı xx.xx.2022-ci il tarixli, **********6 nömrəli məktubda qeyd olunmuşdur ki, Bakı şəhər sakini İddiaçı əlillik vəziyyəti barədə xx.xx.2022-ci il tarixli 295/22 nömrəli sorğunuza Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində baxılmışdır. Bildirilir ki, İddiaçı əlillik vəziyyəti 2 saylı Dəmiryol Poliklinikasının 4384003AACR3 nömrəli göndərişi əsasında xx.xx.2018-ci il tarixdə şəxsin iştirakı olmadan adsızlaşdınlmış sənədlər üzərindən qiymətləndirilmiş və “ümumi xəstəlik” səbəbindən müddətsiz ikinci dərəcə əlilliyin təyini barədə qərar verilmişdir. Daha sonra Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən əlillik təyinatlarının əsaslılığının müəyyən edilməsi məqsədilə "xxxx" QSC ilə birgə araşdırılma aparılmış və "xxxx" QSC-nin xx.xx.2019-cu il tarixli NVS-132 nömrəli məktubu ilə təqdim olunan siyahıda adları qeyd olunan şəxslərə aparılmış əlillik təyinatlarının ləğv edilməsi məqsədəuyğun hesab edilmişdir. Bununla əlaqədar olaraq İddiaçı aparılmış əlillik təyinatı da xx.xx.2019-cu il tarixdə Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əlillik” altsistemində ləğv olunmuşdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nərimanov rayon şöbəsinin İddiaçı ünvanladığı xx.xx.2019-cu il tarixli, **********1 nömrəli məktubda qeyd olunmuşdur ki, sizin əlilliyinizi təsdiq edən sənəd TSERAS-da ləğv olunduğu üçün xx.xx.2019-cu il tarixdən pensiyanız dayandırılmışdır. Nəticədə 17258.21 manat artıqvermə yaranmışdır. Xahiş edilir, həmin məbləği dövlət nəfinə keçirəsiniz. Əks halda məhkəməyə müraciət olunacaqdır. Beləliklə, işin hallarından müəyyən olunur ki, Bakı 2 saylı Dəmiryol Poliklinikasının xx.xx.2018-ci il tarixli, 4384003AACR3 nömrəli göndərişi əsasında iddiaçının əlillik vəziyyəti qiymətləndirilərək ona xx.xx.2018-ci il tarixdə “anadangəlmə vahid sol böyrəyin xroniki pielonefriti, tez-tez kəskinləşməli gedişlə. Xroniki böyrək çatmamazlığı İİ dərəcə, konservativ faza. Nefrogen hipertenziya İİİ dərəcə, çox yüksək risk. Renal anemiya. Şəkərli diabet İİ tip, ağır forma, dekompensə fazasında, insulin tələbli. Sol böyrəyin daşı. Kəskin asteno-nevrotik sindrom. Sol böyrəyin İİ dərəcəli hidronefrozu” səbəbi ilə müddətsiz ikinci dərəcə əlillik verilmişdir. Cavabdeh orqan iddiaçıya təyin olunmuş əlillik təyinatını xx.xx.2019-cu il tarixdə etibarsız hesab etmişdir. Hazırkı iddiasında iddiaçı cavabdehin əllillik dərəcəsinin təyinatının etibarsız hesab edilməsi ilə bağlı hərəkətlərinin qanunsuzluğunu mübahisələndirir və əlillik təyinatının bərpa olunmasını inzibati məhkəmə icraatında xahiş edir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrıayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Öhdəliyin icrası haqqında iddia növünə münasibətdə iddianın xüsusi mümkünlük şərti iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə cavabdeh orqana müraciət etməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmişdir. Beləliklə, hazırkı iddiaya münasibətdə ümumi və xüsusi mümkünlük şərtləri ödənilir. İddia mahiyyət üzrə əsaslıdır. İddiaçıya əlillik dərəcəsinin təyinatı zamanı qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın: -2.1-ci bəndinə əsasən şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra - Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra - göndəriş) əsasında aparılır. -2.2-ci bəndinə əsasən göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. -2.3-cü bəndinə əsasən göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. -2.4-cü bəndinə görə TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. -2.5-ci bəndinə görə TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. -3.7-ci bəndinə görə əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. -4.9-cu bəndinə görə bu qərardan “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə şikayət verilə bilər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: -1.1-ci maddəsinə görə bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. -2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. -2.0.6-cı maddəsinə görə inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. -21.1-ci maddəsinə görə qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. -21.2-ci maddəsinə görə qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. -24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. -24.3-cü maddəsinə əsasən inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. -24.4-cü maddəsinə görə təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Məhkəmə işin hallarını inzibati orqanın inzibati icraat haqqında qanunvericiliyin yalnız prosessual qaydası baxımından qiymətləndirərək bu nəticəyə gəlir ki, cavabdeh inzibati orqanın iddiaçının adına rəsmiləşdirilmiş göndərişin onu təqdim edən tibb müəssisəsi tərəfindən ləğv edilmədiyi və ya etibarsız hesab edilmədiyi halda əlillik təyinatını etibarsız hesab etməsi yuxarıda qeyd olunan “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 3.7-ci bəndinin tələbinə uyğun olmamışdır. Belə ki, qeyd edilən qanunvericiliyin müddəaları əlillik təyinatını şübhə altına alan əsaslı faktlar aşkar olunduğu halda əlillik təyinatını aparan orqana əlilliyi olan şəxsin təkrar müayinəyə cəlb etməsi vəzifəsini müəyyən etmiş, yalnız bundan sonra əlillik təyinatının etibarlı olub-olmamasını müəyyən etmək, əlillik dərəcəsinin təyin edilməsi barədə qərarın dəyişdirilməsi və ya ləğv edilməsi imkanını tanımışdır. Təqdim edilmiş inzibati icraat materiallarında iddiaçının əyani müayinəyə dəvət edilməsi barədə bildiriş, həmin bildirişin iddiaçıya göndərilməsi barədə sübut (poçt qəbzi və s.) və ya həmin inzibati icraatda iddiaçının iştirakını təsdiq edən hallara rast gəlinməmişdir. Bundan əlavə, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: -57.1-ci maddəsinə əsasən qanunda başqa forma nəzərdə tutulmamışdırsa və ya başqa formaya yol verilmirsə, inzibati akt yazılı formada qəbul edilir. -58.3-cü maddəsinə görə inzibati aktda onun ünvanlandığı hüquqi və ya fiziki şəxslər, nizama saldığı və ya həll etdiyi məsələlər dəqiq göstərilməlidir. -61.1-ci maddəsinə əsasən yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. -61.2-ci maddəsinə görə əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. Məhkəmə qeyd edir ki, iddiaçıya əlillik təyin edilməsi barədə inzibati akt iddiaçı üçün əlverişli inzibati aktdır və iddiaçını belə bir əlverişli inzibati aktın nəticələrindən məhrum edən və ya məhdudlaşdıran, onun hüquqi vəziyyətini dəyişdirə biləcək istənilən tədbir də məhz öz hüquqi formasına görə inzibati aktın qəbulu ilə həyata keçirilməlidir. Başqa sözlə, əlverişli inzibati aktın icrası hər hansı faktiki xarakterli hərəkətlə deyil, “İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğun olaraq aparılmış inzibati icraatın nəticəsi kimi qəbul edilən inzibati aktla ləğv edilə və ya dəyişdirilə bilər. İş üzrə müəyyən olunur ki, cavabdeh inzibati orqan iddiaçıya münasibətdə hər hansı qərar qəbul olunmadan əlilliyi etibarsız hesab etmişdir. Halbuki, cavabdehin rəhbər tutduğu sahə qanunvericiliyinə aid olan “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın yuxarıda qeyd edilən 2.4, 3.7, həmçinin 4.9-cu bəndlərində də cavabdeh orqan tərəfindən əlilliyin təyinatından imtina edildikdə və ya əlillik təyinatı ləğv edildikdə səbəblərini göstərməklə məhz qərarın qəbul edilməsi vurğulanmışdır. “Əlilliyin qiymətləndirilməsi Qaydası”na Əlavədə cavabdeh tərəfindən qəbul ediləcək qərarın forması göstərilmiş və bu qərar forması əlilliyin qiymətləndirilməsinin bütün nəticələrinə aid olan forma kimi nəzərdə tutulmuşdur. Beləliklə, hazırkı işin hallarından müəyyən olunur ki, cavabdeh inzibati orqan iş üzrə sübutların toplanılması, iddiaçının iştirakının təmin edilməsi tələblərinə riayət etməyərək yekunda inzibati icraatın nəticəsi olaraq qərar formasında inzibati akt qəbul etməmiş, qanunvericiliyin qeyd olunan tələblərini yerinə yetirməkdə hərəkətsizlik göstərmiş, prosessual tələblərə riayət etmədən iddiaçı barəsində təyin edilmiş əlilliyi etibarsız hesab etmişdir. Belə olan halda cavabdehin iddiaçının əlillik təyinatının əlillik alt sistemində etibarsız hesab edilməsi ilə bağlı hərəkətləri qanunsuz hesab olunmaqla əlillik təyinatı bərpa edilməlidir (mövcud məhkəmə təcrübəsi də bu istiqamətdə formalaşmışdır). Beləliklə, qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, iddiaçının əlillik dərəcəsi etibarsız hesab edildiyi xx.xx.2019-cu il tarixdən bərpa edilməlidir. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində İnzibati məhkəmə vasitəsilə verilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia tələbi təmin edilsin. İddiaçı xx.xx.2018-ci il tarixdən təyin olunmuş əlillik dərəcəsinin etibarsız hesab edildiyi xx.xx.2019-cu il tarixdən bərpa edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar