Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-10070/2024 20.11.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Cəfərova Yasəmən Fərman qızının katibliyi, iddiaçının nümayəndəsi, vəkil Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (üçüncü şəxs: X2) qarşı “torpaq sahəsinin faktiki ölçülər əsasında daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı (bundan sonra – iddiaçı) cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra – cavabdeh) qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək ünvan 1-ün altındakı və həyətyanı torpaq sahəsinin faktiki ölçülər əsasında (0,09756 ha ) qeydiyyata alınaraq çıxarışın verilməsini öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə X2 üçüncü şəxs qismində zəruri cəlbetmə qaydasında inzibati məhkəmə icraatına cəlb edilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, ünvan 1 iddiaçının anasına məxsus olmuş, anasının vəfatından sonra qeyd edilən fərdi yaşayış evi ½ pay olmaqla, o və bacısı Yakubova Liliya tərəfindən qəbul edilmişdir. Sözügedən fərdi yaşayış evinə çıxarış aldıqdan sonra çıxarışda həyətyanı torpaq sahəsi 0,04878 ha göstərilmişdir. Faktiki sahə isə 0,09756 ha təşkil edir. Belə ki, bacısı Yakubova Liliya xarici vətəndaş olduğu üçün qalan ½ pay torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması mümkün olmamışdır. Bununla belə sözügedən torpaq sahəsi iddiaçının istifadəsindədir. X3 da qeyd ediən torpaq sahəsinin onun adına sənədləşdirilməsinə etirazı yoxdur. Buna görə də sözügedən torpaq sahəsinin faktiki ölçülər əsasında qeydiyyata alınması və çıxarışın verilməsi üçün cavabdehə müraciət etmiş, lakin cavabdeh imtina etmişdir. Cavabdehin imtinasını əsassız hesab edən iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Cavabdeh tərəfindən iddia ərizəsinə dair yazılı etiraz təqdim edilmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Atamoğlan Rzayev küçəsi ünvanındakı 654 saylı fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin faktiki ölçüsünə uyğun olaraq daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ********** nömrəli, xx.xx.2024-cü il tarixli ərizə ilə müraciət etmiş və **********40 saylı, xx.xx.2024-cü il tarixli məktubla cavab verilmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, xx.xx.2012-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnaməyə uyğun olaraq müvafiq fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin ½ hissəsi (0.04878 kv.m) iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Şəhadətnaməyə əsasən qalan ½ hissə üzərində hüquqlar üçüncü şəxsə keçmişdir və üçüncü şəxs əcnəbi olduğundan qalan torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması mümkün olmamışdır. Cavabdeh və üçüncü şəxsə şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında təmsil edilməmişlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 62.3-cü maddəsinə əsasən işə cavabehin və üçüncü şəxsin və (və ya) nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddia ərizəsi ilə oxşar məzmunlu izahat verərək həmçinin bildirdi ki, hal-hazırda həmin torpaq sahəsi və ev iddiaçının istifadəsindədir. Üçüncü şəxsin həmin əmlaka hər hansı tələbi yoxdur. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. İş üzrə məhkəmə tərəfindən aşağıdakı sübutlar tədqiq edilmişdir. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışa əsasən ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi və torpaq sahəsinin üzərində ½ hissədə iddiaçının, fərdi yaşayış evinin üzərində ½ hissədə üçüncü şəxsin mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmışdır. Cavabdeh tərəfindən ünvan 1-ün xx.xx.2018-ci il tarixdə tərtib edilmiş texniki pasportunda mənzilin texniki göstəriciləri əks olunmuşdur. Üçüncü şəxsin xx.xx.2024-cü il tarixli notariat qaydasında təsdiq edilmiş ərizəsinə əsasən o, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin yerləşdiyi 0,09756 ha torpaq sahəsinin qalan 0,04878 ha hissəsinin iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına etiraz etməmişdir. xx.xx.2012-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnaməyə əsasən 22 noyabr 2011-ci ildə vəfat etmiş X1 vərəsələri oğlu İddiaçı və qızı Rusiya Federasiyasının vətəndaşı X2 və onların hər biri miras əmlakdan bərabər hissələrdə irs almalıdır. Şəhadətnamə verilən miras əmlak Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Atamoğlan Rzayev küçəsində istifadədə olan 0,0133 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 68,8 kv.metr, o cümlədən yaşayış sahəsi 52,6 kv.metr, köməkçi sahəsi 16,2 + 35,7 a/ey kv.metr olan 3 (üç) otaqlı 654 saylı fərdi yaşayış evi və ümumi sahəsi 23,9 kv.metr olan həyətyanı tikililərdən ibarətdir. Cavabdehin xx.xx.2024-cü il tarixli imtina məktubunda etirazda göstərilən əsaslar qeyd edilmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş üzrə sübutları tədqiq edərək aşağıdakı nəticəyə gəlir. İddianın mümkünlüyü: İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli Qərarının 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Göründüyü kimi iddiaçı hazırkı iddia tələbində ünvan 1-ün altındakı və həyətyanı torpaq sahəsinin faktiki ölçülər əsasında (0,09756 ha ) qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsini xahiş edir. Həmin iddia mahiyyətcə öhdəliyin icrası haqqında iddiadır. Cavabdeh iddiaya cavab verməli olan inzibati orqandır. Cavabdehin iddiaya etirazından da görünür ki, iddiaçı iddia ərizəsində göstərilən tələblə cavabdehə müraciət etmiş və ona imtina cavabı verilmişdir. Bu səbəbdən iddiaçının hazırkı tələbi mümkün hesab edilmişdir. İddianın mahiyyəti üzrə məhkəmənin mövqeyi: Azərbaycan Respublikası Mülki Məcəlləsində (bundan sonra – Mülki Məcəllə) göstərilmişdir ki, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır (139.1.). Azərbaycan Respublikasının Torpaq Məcəlləsində (bundan sonra – Torpaq Məcəlləsi) göstərilmişdir ki, hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları: müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; hüquqi və fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər; məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü; vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən olunmuş digər yollarla yaranır (55). “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununda göstərilmişdir ki, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır (2.1.). Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır (2.2.). Həmin Qanununun 8-ci maddəsində daşınmaz əmlak üzərində hüquqların əldə edilməsinə əsas olan sənədlərin siyahısı göstərilmişdir. Həmin siyahıya əsasən torpaq sahəsi üzərində hüquqların əldə edilməsi üçün əsas kimi aşağıdakı sənədlər öz əksini tapmışdır: Qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar (8.0.1.). Qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol, habelə təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokol (8.0.2.). Daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatı (8.0.3.) Qanuni qüvvəyə minmiş məhkəmə qərarları (8.0.4.). 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri (8.0.5.) 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış (8.0.7.). Bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər (8.0.8.). İşin müəyyən edilmiş hallarından görünür ki, 22 noyabr 2011-ci ildə vəfat etmiş X1 vəfatı ilə əlaqədar vərəsəlik işi açılmışdır. xx.xx.2012-ci il tarixli qanun üzrə vərəsəlik şəhadətnaməsinə əsasən iddiaçı və üçüncü şəxs Mesufa Minyukovaya məxsus olmuş ünvan 1-dən və torpaq sahəsindən bərabər paylarla irs almalıdırlar. Həmin ünvanda yerləşən fərdi yaşayış evi və torpaq sahəsi üzərində ½ hissədə iddiaçının, fərdi yaşayış evinin ½ hissəsi üzərində üçüncü şəxsin mülkiyyət hüququ dövlət qeydiyyatına alınaraq bu barədə müvafiq çıxarış verilmişdir. Lakin, torpaq sahəsinin üçüncü şəxsin mülkiyyətinə keçməli olan ½ hissəsi üzərində onun mülkiyyət hüququ qeydə alınmamışdır. Hazırda iddiaçı torpaq sahəsinin üzərində üçüncü şəxsin mülkiyyətinə keçməli olan ½ hissəsi üzərində də mülkiyyət hüququnun qeydə alınmasını istəyir. Qeyd edilməlidir ki, iddiaçı öz tələbinin əsası kimi “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsində göstərilmiş hər hansı sənədə əsaslanmamışdır. İddiaçı yalnız üçüncü şəxsin torpaq sahəsinin onun mülkiyyətinə keçməsinə etiraz etmədiyinə əsaslanmışdır ki, qeyd edilən hal həmin torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun qeydə alınması üçün əsas hesab edilə bilməz. Eyni zamanda iddiaçı üçüncü şəxsin əcnəbi olduğu üçün torpaq sahsəinin onun mülkiyyətinə verilməsinin mümkün olmadığına əsaslanmışdır. Bununla bağlı məhkəmə qeyd edir ki, Torpaq Məcəlləsində göstərilmişdir ki, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, xarici hüquqi şəxslər, beynəlxalq birliklər və təşkilatlar, habelə xarici dövlətlər torpaq münasibətlərinin iştirakçıları kimi bu Məcəllənin 48-ci maddəsində nəzərdə tutulmuş məhdudiyyətlərlə çıxış edə bilərlər (3.3). Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, xarici hüquqi şəxslər, beynəlxalq birliklər və təşkilatlar, habelə xarici dövlətlər Azərbaycan Respublikasında torpaq sahələrini yalnız icarə hüququ əsasında əldə edə bilərlər (48.3). Xarici hüquqi və fiziki şəxslərə torpaq sahələrinin vərəsəlik, bağışlama və ipoteka əqdləri nəticəsində keçən mülkiyyət hüququ bir il müddətinə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun özgəninkiləşdirilir. Xarici hüquqi və fiziki şəxslər torpaq sahəsi üzərində olan mülkiyyət hüququnu qanunvericiliyə uyğun özgəninkiləşdirmədikdə, müvafiq icra hakimiyyəti orqanı və ya bələdiyyə torpaq sahəsini bu Məcəllədə nəzərdə tutulmuş qaydada məcburi satın alır (49.4). Göründüyü kimi qanunvericilik əcnəbilərə Azərbaycan Respublikasının ərazisində vərəsəlik, bağışlama və ipoteka əqdləri nəticəsində torpaq sahələrini mülkiyyət hüququ əsasında əldə etməyə imkan verir. Lakin, həmin əsaslarla torpaq sahəsini əldə etmiş əcnəbi bir il ərzində həmin sahəni özgəninkiləşdirməlidir. Məhkəmə qeyd edir ki, hazırkı halda ünvan 1 ünvanında yerləşən torpaq sahəsi üçüncü şəxs tərəfindən öz mülkiyyətinə keçiriə və bundan sonra iddiaçıya bağışlana bilər. Üçüncü şəxs bununla bağlı cavabdehə müraciət edə və imtina cavabı aldığı təqdirdə, müvafiq iddia ərizəsi ilə məhkəməyə müraciət edə bilər. Qeyd olunmalıdır ki, hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün müəyyən olunmuş hallar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsində sadalanmışdır və həmin hallar aşağıdakılardan ibarətdir: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericilklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Məhkəmə hesab edir ki, hazırkı halda iddiaçı hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs olduğundan cavabdeh inzibati orqanın imtinası əsaslı olmuş və iddiaçının hüquqlarını pozmamışdır. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək hesab edir ki, iddiaçının tələbi təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı ünvan 1-ün altındakı və həyətyanı torpaq sahəsinin faktiki ölçülər əsasında qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddiası təmin edilməsin. Qərardan onun rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Emin Abdullayev
Məhkəmə qərarları › İş №e-2-1(112)-10070/2024
Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-10070/2024
20.11.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver