Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-10077/2023 29.11.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Məmmədova Sevda Rövşən qızının katibliyi ilə Tərəflərin iştirakı olmadan İddiaçı Ashrafın cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı «qərarın ləğv edilməsi və iddiaçıya qaçqın statusunun verilməsi»nə dair iddia tələbi üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı Ashraf cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı «qərarın ləğv edilməsi və iddiaçıya qaçqın statusunun verilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 47 – 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi məqsədilə cavabdehə təqdim edilmişdir. İddia ərizəsində bildirilir ki, İddiaçı Ashraf 17 yanvar 2023-cü il tarixdə qaçqın statusu verilməsi haqqında vəsatətlə cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə müraciət etmişdir. Cavabdeh 17 aprel 2023-cü il tarixli İQ-32/1 nömrəli qərarı ilə həmin vəsatəti təmin etməmişdir. Cavabdehin 17 aprel 2023-cü il tarixli İQ-32/1 nömrəli imtina qərarı ləğv edilməli və vəsatətin təmin edilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmalıdır. Belə ki, 17 yanvar 2023-cü il tarixli cavabdehə müraciət üzrə vəsatət onunla əsaslandırılmışdır ki, iddaçının vətəndaşı olduğu ölkədə həyatı təhlükəsizliyinin təminatı inamsızdır və bunu əsaslandıran dəlilləri təqdim etmişdir. Cavabdeh isə vəsatətin dəlillərinə diqqət yetirməmiş və imtina qərarı qəbul etmişdir. Azərbaycan Respublikası Prezidentinin 13 noyabr 2000-ci il tarixli, 419 nömrəli Fərmanı ilə təsdiq edilmiş «“Qaçqın” statusu verilməsi haqqında vəsatətə baxılması Qaydası»nın 1-ci bəndində göstərilir ki, Azərbaycan Respublikasında “qaçqın” statusu almaq niyyətində olan xarici ölkə vətəndaşı və ya vətəndaşlığı olmayan şəxs sərhəd-nəzarət buraxılış məntəqələrində, habelə ölkə ərazisində ona “qaçqın” statusu verilməsi barədə vəsatətlə bilavasitə, yaxud dövlət orqanlarının (Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizlik Xidməti, Dövlət Sərhəd Xidməti və onların struktur bölmələri, habelə yerli icra hakimiyyəti orqanları) vasitəsi ilə Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə müraciət edir. Həmin Qaydanın 15-ci bəndinə əsasən “qaçqın” statusu almış şəxsə və onun ailə üzvlərinə Dövlət Miqrasiya Xidməti tərəfindən “qaçqın vəsiqəsi” və Azərbaycan Respublikasından kənarda hərəkət etmək hüququ verən yol sənədi verilir. Qaçqın vəsiqəsinin və yol sənədinin verilməsinə görə «Dövlət rüsumu haqqında» Qanunla müəyyən edilmiş məbləğdə dövlət rüsumu tutulur. Həmin Qaydanın 13-cü bəndində göstərilir ki, şəxsə “qaçqın” statusu verilməsi və ya bundan imtina edilməsi barədə qərarı Dövlət Miqrasiya Xidməti “qaçqın” statusu verilməsi haqqında vəsatətin qeydə alındığı gündən 3 ay ərzində qəbul edir və bu barədə, imtina haqqında qərar qəbul edildikdə isə belə qərardan inzibati qaydada və (və ya) məhkəmə qaydasında şikayət verilməsi hüququ göstərilməklə, həmin şəxsə və Daxili İşlər Nazirliyinə beş gün müddətində yazılı bildiriş göndərsin. İnzibati orqan qaçqın anlayışının maddihüquq şərtlərini iddiaçıya düzgün tətbiq etməmişdir. 1951-ci il «Qaçqınların statusu haqqında» Konvensiyada və «Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında» Qanunun 1-ci maddəsində müəyyən edilmiş qaçqın anlayışına əsasən qaçqın statusunun verilməsi üçün ilkin tələb edilən zəruri maddihüquq element əsaslı təqib qorxusudur. Cavabdeh əsassız olaraq iddiaçının işində əsaslı təqib qorxusu olmaması nəticəsinə gəlmiş, iddiaçının bildirmiş olduğu məlumatları yetərli səviyyədə araşdırmamışdır. Halbuki, iddiaçı işin mühüm faktları, yəni onun təqibə məruz qalmasını təsdiq edən xüsusiyyətlər barədə müfəssəl izahatlar verib və onun verdiyi izahatlar mötəbərdir. Eləcə də həmin izahatlar bir-biri ilə ziddiyyət təşkil etmir. Nəzərə almaq lazımdır ki, iddiaçının izahatları ona verilən suallar çərçivəsində olub və ona verilməyən sualları əhatə etməyib. Nəticə etibarilə, iddiaçının izahatları müfəssəldir, spesifıkdir və ziddiyətli deyil. Buna görə də həmin izahatlar daxili mötəbərlik tələbini ödəyir. İddiaçının işində digər şahid ifadəsi mövcud deyil. Göstərilənlərə və İPM-in 2.2.1, 2.2.2, 33, 70.1, 73-cü maddələrinə, «Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında» Qanunun 1-ci maddəsinə, «İnzibati icraat haqqında» Qanunun 61-ci maddəsinə, Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin müddəalarına əsaslanaraq, cavabdehin 17 aprel 2023-cü il tarixli İQ-32/1 nömrəli qərarının ləğv edilməsi, iddiaçının qaçqın statusu verilməsi haqqında vəsatətinin təmin edilməsi və ona qaçqın vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. Cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin məhkəməyə təqdim olunmuş etirazında bildirilir ki, iddiaçı Pakistan İslam Respublikasının vətəndaşı İddiaçı Ashrafın iddiasına etiraz olunur. Hesab edilir ki, iddianın heç bir hüquqi əsası yoxdur. İddiaçı Ashraf ona qaçqın statusunun verilməsi ilə bağlı 17 yanvar 2023-cü il tarixdə Dövlət Miqrasiya Xidmətinə müraciət etmiş, həmin müraciət əsasında araşdırılma aparılmış və şəxsə qaçqın statusunun verilməsindən imtina edilməsi haqqında 17 aprel 2023-cü il tarixli İQ-32/1 qərar qəbul edilmişdir. Hesab olunur ki, Dövlət Miqrasiya Xidməti sözügedən şəxslə bağlı düzgün nəticəyə gəlmişdir. Belə ki, iddiaçının ərizə-anket qeydiyyatı və müsahibəsi zamanı dediklərində bəzi ziddiyyətli məqamlar və uyğunsuzluqlar aşkar edilmişdir. Ərizəçi PML-N partiyasının üzvü ilə probleminin ərizəanket qeydiyyatı zamanı 2020-ci ildən başladığını, müsahibəsi zamanı isə PML-N hakimiyyətə gəldikdən sonra başladığını bildirmişdir. PML-N isə hakimiyyətə 10 aprel 2022-ci ildə X1 Milli Assambleyasında etimadsızlıq göstərildikdən və nəticədə o, hakimiyyətdən uzaqlaşdırıldıqdan sonra gəlmişdir. Müsahibələri zamanı ərizəçinin üzvü olduğu PTİ partiyasının sədri İmran Xanın hakimiyyətdən uzaqlaşdırılması tarixini dəqiq bilməməsi onun bu partiyaya həqiqətən üzv olması faktı ilə uyğunsuzluq təşkil edir. Bundan əlavə qeyd olunmalıdır ki, ərizəçi 2020-ci ilin əvvəlindən 2022-ci ilin sonlarına qədər Lahorda yaşamış və onu təqib edənlərin onun Lahorda da yerini tapmasını qeyd etməsinə baxmayaraq həmin şəhərdə qalıb yaşamasını bildirməsi sözügedən şəhərdə ona qarşı ciddi təhdidin olmamasını deməyə əsas verir. Göründüyü kimi, iddiaçı Pakistan İslam Respublikası, yəni dövlət tərəfindən «Qaçqınlar və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında» Qanunun 1.1.1-ci maddəsində, o cümlədən 1951-ci il Konvensiyasının 1-ci maddəsinin A hissəsinin 2-ci bəndində nəzərdə tutulmuş 5 amil üzrə (Azərbaycan Respublikasının vətəndaşı olmayıb, irqi, milli, dini, müəyyən sosial qrupa mənsubluğu və siyasi əqidəsinə) təqib olunmamışdır. Beləliklə, şəxsin barəsində tərtib edilmiş qərar qanunvericiliyin tələblərinə uyğun olaraq qəbul edilmişdir. Odur ki, yuxarıda göstərilənlərə əsaslanaraq, İPM-in 1, 2.1, 27, 31, 48.2-ci maddələrini rəhbər tutaraq məhkəmədən iddianın təmin edilməməsi barədə qərar çıxarılması xahiş olunur. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə məlumat verilmişdir. Tərəflər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 69-cu maddəsinə əsasən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında olarkən, qanunla və ya Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilə ilə başqa hal nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikasının vətəndaşları ilə bərabər bütün hüquqlardan istifadə edə bilər və bütün vəzifələri yerinə yetirməlidirlər. Azərbaycan Respublikası ərazisində daimi yaşayan və ya müvəqqəti qalan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquq və azadlıqları yalnız beynəlxalq hüquq normalarına və Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq məhdudlaşdırıla bilər. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 10.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati icraat Azərbaycan Respublikasının Konstitusiyasında və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş prosessual təminatlar, habelə hüququn və hüquqi dövlətin hamılıqla qəbul olunmuş prinsipləri əsasında həyata keçirilir. Həmin Qanunun 58.1-ci maddəsinə əsasən inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. İPM-in 2.2.2-ci maddəsinə görə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanının hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İşin məhkəmə araşdırılması ilə müəyyən edilir ki, İddiaçı Ashraf Pakistam İslam Respublikasının vətəndaşıdır və 17 yanvar 2023-cü il tarixdə qaçqın statusunun verilməsi haqqında vəsatətlə cavabdeh Dövlət Miqrasiya Xidmətinə müraciət etmişdir. Onun vəsatəti araşdırılması üçün Dövlət Miqrasiya Xidməti tərəfindən araşdırma aparılmış və iddiaçı ilə müsahibə keçirilmişdir. İnzibati icraatın nəticələri üzrə cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti iddiaçının ona qaçqın statusunun verilməsi barədə vəsatətinin təmin edilməməsinə dair 17 aprel 2023-cü il tarixli İQ-32/1 nömrəli qərar qəbul etmişdir. Qərar onunla əsaslandırılmışdır ki, iddiaçının ərizə-anket məlumatları ilə müsahibə zamanı bildirdikləri arasında ziddiyyətli məqamlar və uyğunsuzluzluqlar mövcuddur, həmin ölkədə yaşadığı şəhərdə ciddi təhdidlərə məruz qaldığını təsdiq olunmur. İddiaçı hazırda cavabdehin imtina barədə həmin qərarını mübahisələndirir və ona qaçqın statusunun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb edir. «Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında» Qanunun 1-ci maddəsinə əsasən qaçqın – Azərbaycan Respublikasının vətəndaşı olmayıb, irqi əlamətinə, milliyyətinə, dini etiqadına, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə təqiblərin qurbanı olmaq barəsində tam əsaslı ehtiyat üzündən vətəndaşı olduğu ölkədən kənarda qalan və eyni ehtiyat üzündən həmin ölkənin himayəsindən istifadə edə bilməyən və ya istifadə etmək istəməyən, yaxud müəyyən vətəndaşlığı olmayıb oxşar hallar nəticəsində əvvəl adətən yaşadığı ölkədən kənarda qalan, ehtiyat üzündən oraya qayıda bilməyən və ya qayıtmaq istəməyən şəxsdir. Həmin Qanunun 9-cu maddəsinə görə qaçqın və ya məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusu vermə və qaçqın statusundan məhrum etmə məsələlərinə dair qərarları Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları qəbul edirlər. Azərbaycan Respublikası Prezidentinin 13 noyabr 2000-ci il tarixli 419 nömrəli Fərmanı ilə təsdiq edilmiş «“Qaçqın” statusu verilməsi haqqında vəsatətə baxılması Qaydası»nın 1-ci bəndinin 5-ci hissəsinə görə "Qaçqın" statusu verilməsi barədə vəsatətlə müraciət edən şəxs vəsatətində "Qaçqın" statusu verilməsi xahişinin səbəblərini göstərməklə xüsusi anket blankını doldurmalı, özünün, habelə (himayəsində və qəyyumluğunda olan şəxslər də daxil olmaqla) ailə üzvləri barədə məlumatları göstərməklə ölkəsi, doğulduğu yer, ailə vəziyyəti haqqında məlumatları qeyd edir, yol sənədini və şəxsiyyətini təsdiq edən sənədi (xarici pasport, yol vəsiqəsi və s.) Dövlət Miqrasiya Xidmətinə təhvil verir. Qaydanın 3-cü bəndinin 1-ci hissəsinə əsasən "Qaçqın" statusu almaq niyyətində olan şəxsin vəsatətini qəbul edən Dövlət Miqrasiya Xidməti vəsatəti dərhal qeydiyyata alır və şəxslə aparılan müsahibədən sonra əldə olunmuş nəticələrə görə, vəsatətin baxılması və ya vəsatətə baxılmaqdan imtina edilməsi haqqında qərar qəbul edir. Qaydanın 8-ci bəndinə görə müsahibə zamanı şəxs "Qaçqın" statusu verilməsi xahişinin səbəblərini izah edən faktları bildirməli, həmçinin onun yaşadığı yerlər, hərəkət marşrutları, başqa dövlətlərin ərazisindən dayanma səbəbləri, həmin dövlətlərdə ona "Qaçqın" statusu verilməsi barədə müraciət edib-etməməsi və digər zəruri faktlar barədə məlumat verməlidir. Qaydanın 13-cü bəndinə görə şəxsə "Qaçqın" statusu verilməsi və ya bundan imtina edilməsi barədə qərarı Dövlət Miqrasiya Xidməti "Qaçqın" statusu verilməsi haqqında vəsatətin qeydə alındığı gündən üç ay ərzində qəbul edir və bu barədə, imtina haqqında qərar qəbul edildikdə isə belə qərardan inzibati qaydada və (və ya) məhkəmə qaydasında şikayət verilməsi hüququ göstərilməklə, həmin şəxsə beş gün müddətində yazılı bildiriş göndərsin. Məhkəmə qeyd edir ki, iddiaçı ona “qaçqın” statusunun verilməsi ilə bağlı dəlilləri qanunvericliklə («Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında» Qanunla) “qaçqın”a verilən anlayışın tələbləri, buna dair əlamətlərlə əhatə olunmur. Eləcə də iddiaçı vətəndaşı olduğu ölkədə ciddi təqiblərə məruz qalmasını təsdiqləyən heç tutarlı sübutu nə inzibati icraat çərçivəsində, nə də hazırkı məhkəmə icraatında təqdim etməmişdir, onun gətirdiyi dəlillər isə mülahizələrə söykənir. Məhkəmə qeyd olunanları və işin faktiki hallarını nəzərə alaraq belə nəticəyə gəlir ki, cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin iddiaçıya “qaçqın” statusunun verilməsindən imtina olunması barədə İQ-32/1 saylı 17 aprel 2023-cü il tarixli qərarı qanuna zidd sayıla bilməz. İPM-in 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı Ashrafın cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı «qərarın ləğv edilməsi və iddiaçıya qaçqın statusunun verilməsi» tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı Ashrafın cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı «qərarın ləğv edilməsi və iddiaçıya qaçqın statusunun verilməsi» tələbinə dir iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli
Məhkəmə qərarları › İş №e-2-1(112)-10077/2023
Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-10077/2023
29.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver