Məhkəmə qərarları › İş №e-2-1(112)-10083/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-10083/2025

07.08.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-10083/2025 07.08.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “əmək peniyasının yenidən hesablanması barədə qərarın ləğv edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, Həsənov İlkin Mürşüd oğlunun katibliyi, cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “pensiyanın yenidən hesablnması barədə qərarın ləğv edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 7 avqust 2025-ci il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı (bundan sonra – iddiaçı) xx.xx.1979-cu il təvəllüdlüdür və xx.xx.2013-cü il tarixdə mülki aviasiyadan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçı pensiyaya çıxdıqdan sonra əmək faəliyyətini davam etdirərək fərdi hesabın sığorta hissəsində pensiya kapitalı yığılmış və yığılmış pensiya kapitalı əsasında iddiaçının pensiyası bir neçə dəfə yenidən hesablanmışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının (bundan sonra – cavabdeh) xx.xx.2020-ci il tarixli qərarı ilə iddiaçının əmək pensiyası yenidən hesablanmış və əmək pensiyasının məbləği 509.84 manatdan 676.34 manata artırılmış, yenidən hesablamanın səbəbi “37.3.1” qeyd edilmişdir. Cavabdeh xx.xx.2025-ci il tarixli iddiaçıya ünvanladığı “Artıq ödənilmiş pensiya məbləği haqqında” məktubunda qeyd etmişdir ki, “..."sizə 30 noyabr 2013-cü il tarixindən Fondun keçmiş Suraxanı rayon şöbəsi tərəfindən "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 9.3-cü maddəsinə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilib. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 oktyabr 2006-cı il tarixli 231 nömrəli Qərarı ilə təsdiq olunmuş "Mülki aviasiya uçuş və uçuş -sınaq heyətində işləyənlərin sığorta stajlarının hesablanması Qaydaları”nın 3-cü bəndinə əsasən Qanunun 9.3-cü və 22.3-cü maddələrinə müvafiq olaraq mülki aviasiya uçuş və uçuş -sınaq heyətində işləyənlərin və güzəştli şərtlərlə pensiya almaq hüququ olan şəxslərin sığorta stajı aşağıdakı qaydada hesablanır: təyyarədə çalışan sıravi ekipaj üzvləri üçün ümumi sığorta stajı - sıravi ekipaj üzvü qismində uçuş işinin bütün dövrü ərzində faktiki uçuş saatı 18-ə, alınan nəticə isə 12 aya bölünür. (25x12x18=5400 saat). Eyni zamanda bildiririk ki, aparılmış araşdırma zamanı sizə vaxtilə əmək pensiyası təyin edilərkən pensiya hüququnuzun və pensiya məbləğinizin düzgün hesablanmadığı müəyyən edilmişdir. Mərkəzi Filiala 28 yanvar 2025-ci il tarixli müraciətinizlə əlaqədar Filialın müvafiq sorğusuna "Azərbaycan Hava Yolları” ASC-nin 7 aprel 2025-ci il tarixli 227-ÇS/SWA/AD nömrəli məktubunda sizin uçuş işinin bütün dövrü ərzində tələb olunan 5400 uçuş saatınızın 19 yanvar 2012-ci il tarixində tamam olduğu qeyd olunmuşdur. Nəticədə, sizə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası güzəştli iş stajınızın tamam olduğu 19 yanvar 2012-ci il tarixində təyin olunmalı olduğu halda, səhvən 30 noyabr 2013-cü il tarixində təyin edilib. Belə ki, Qanunun 27-ci maddəsinin 1 iyul 2017ci il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən xx.xx.2006-cı il tarixinədək olan iş stajının hər tam ilinə 170 manat götürülməklə həmin tarixdən sonrakı dövrə fərdi hesabın sığorta hissəsində toplanan pensiya kapitalının cəmindən və həmin dövrdə baza hissəsi götürülməklə əmək pensiyası hesablanırdı. Pensiya işinizə dair sənədlərdə qeyd olunan məlumatlara əsasən 1 yanvar 2006-cı il tarixinədək ümumi iş stajınız gün təşkil edir. Bununla əlaqədar, 1 yanvar 2006-cı il tarixinədək iş stajınıza uyğun olaraq Qanunun 27-ci maddəsinin tələblərinə əsasən həmin tarixə pensiyanızın sığorta hissəsi 10,36 manat (8,78 il x 170 manat : 144 ay) hesablanaraq 19 yanvar 2012-ci il tarixinə indeksləşdirilib 18,31 manat müəyyən edilərək üzərinə, xx.xx.2006-xx.xx.2013-cü il tarixləri arasındakı işlədiyiniz dövr ərzində fərdi hesabınızın sığorta hissəsində qeydə alınmış 21849,12 manat pensiya sığorta kapitalınıza uyğun 151,73 (21849,12: 144) manat və 85,00 manat baza hissəsi üzərinə əlavə edilməklə 19 yanvar 2012-ci il tarixindən 255,05 (18,31+151,73+85,00) manat (indeksləşdirilərək 01.01 2020-ci il tarixinədək 404,53 manat) məbləğində əmək pensiyası təyin edilməli olduğu halda, 30 noyabr 2013-cü il tarixindən 340,28 manat (indeksləşdirilərək xx.xx.2020-ci il tarixinədək 509,84 manat) məbləğində əmək pensiyası təyin edilərək sizə ödənilib. Qanunun 37.3.1 -ci maddəsinin 29 iyun 2022-ci il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən işləyən əmək pensiyaçılarına yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir. Pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir və şəxslər işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə, yaxud pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işlədikdə həmin dövr üzrə sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər, lakin 72 aydan artıq olmamaqla azaldılaraq əmək pensiyası yenidən hesablanır. Sonrakı belə hesablamalar bu maddədə göstərilən şərt nəzərə alınmaqla hər növbəti 6 ildən bir həyata keçirilir. Qanunun 45-ci maddəsinə uyğun olaraq gözlənilən pensiya ödənişi müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin maddənin 29 iyun 2022-ci il tarixindək qüvvədə olan ikinci cümləsinə uyğun olaraq yaşa görə əmək pensiyası təyin olunan şəxslərin əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı (144 ay) güzəştli şərtlə pensiyaya çıxma yaşı ilə Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı (xx.xx.2020-ci il tarixinə kişilər 64 il 6 ay) arasındakı ayların sayı qədər artırılır. Qeyd olunanları nəzərə alaraq, sizə pensiya təyin edildiyi gündən sonra 6 il və daha çox işlədiyinizə görə işləyən əmək pensiyaçısı olduğunuz dövrdə fərdi hesabınızın sığorta hissəsində qeydə alınmış 82411,89 manat pensiya sığorta kapitalınız Qanunun 37.3.1-ci maddəsinin və 45-ci maddəsinin ikinci cümləsinin tələblərinə uyğun qaydada gözlənilən pensiya ödənişi müddəti aylarının sayına - 363 aya (64 il 6 ay - 40 il 3 ay= 291 ay+(M4 ay - 72 ay)) bölünərək 277,03 (82411,89:363) manat əmək pensiyanızın (404,53 manat) üzərinə əlavə edilərək 1 yanvar 2020-ci il tarixindən yenidən hesablanaraq 631,56 (404,53+227,03) manata artırılıb. Qanunun 39.1 -ci maddəsinin 1 yanvar 2023-cü il tarixindən qüvvədə olan redaksiyasına əsasən əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Qeyd olunanlara əsasən, sizə son üç il üzrə 2236,06 manat artıq pul vəsaiti ödənildiyi müəyyən edilib. Həmin vəsaitin əmək pensiyanızdan tutularaq büdcəyə bərpa edilməsi üçün yazılı razılığınızı mümkün qısa müddətdə Mərkəzi Filiala təqdim etməyiniz xahiş olunur.” Cavabdeh xx.xx.2025-ci il tarixli iddiaçıya ünvanladığı “İnzibati aktın qəbul edilməsi haqqında” məktubunda qeyd etmişdir ki, “..."İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra -Qanun) 28.1.2-ci maddəsinə əsasən inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi inzibati icraatın başlanılması üçün əsas hesab olunur. Eyni zamanda, Qanunun 21.3-cü maddəsində qeyd olunanlara əsasən ictimai və ya dövlət maraqlarına ziyan vura biləcək təhlükənin qarşısının alınması və ya aradan qaldırılması ilə əlaqədar inzibati aktın dərhal qəbul olunması zərurəti yarandıqda və dinləmənin keçirilməsi inzibati aktın qəbul edilməsi ilə bağlı müddətin buraxılmasına səbəb ola biləcəyi halda inzibati orqan maraqlı şəxsləri və ya onların nümayəndələrini dinləməkdən imtina edə bilər. Qeyd olunanları və Qanunun 62.1 -ci maddəsinin tələblərini nəzərə alaraq bildiririk ki, Mərkəzi Filial tərəfindən həyata keçirilən inventarlaşma nəticəsində sizin əmək pensiyanız qanunvericiliyin tələblərinə uyğun qaydada yenidən hesablanaraq 1026,00 manat məbləğində müəyyən olunmuşdur. Belə ki, güzəştli şərtlərlə yaşa görə əmək pensiyanızın vaxtilə yenidən hesablanması zamanı pensiya məbləğinizin yanlış müəyyən edildiyi aşkar olunub. "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 39.1 -ci maddəsinə əsasən əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Bununla əlaqədar olaraq, sizə artıq ödənilmiş əmək pensiyası son üç il üzrə məhdudlaşdırılaraq 2236,06 manat təşkil edir.” Cavabdehin xx.xx.2025-ci il tarixli qərarı ilə iddiaçının əmək pensiyası yenidən hesablanmış, əmək pensiyasının məbləği 1097.12 manatdan 1026.00 manata azalmışdır, yenidən hesablanmanın səbəbi “6 illik, 39.1. məhdudlaşdırma” qeyd edilmişdir. Həmçinin iddiaçının pensiya tətinatı tarixi – xx.xx.2012-ci ildən müəyyən edilmişdir. İddia tələbi, iddiaçının əsaslandırması, cavabdehin etirazı və digər prosessual hərəkətlər: İddiaçı cavabdehə qarşı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin 3-17-1/3-8405/2025 nömrəli, xx.xx.2025-ci il tarixli və xx.xx.2020-ci il tarixli **********3 nömrəli qərarların ləğv edilməsini və barəsində Əmək pensiyaları haqqında Qanunun 37.3.1-ci maddəsinin müddəaları tətbiq edilərkən gözlənilən pensiya ödənişi müddəti aylarının sayının artırılmadan pensiyanın yenidən hesablanması öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. (İddia tələbi dəqiqləşdirilmişdir). İşin yuxarıda sadalanan faktiki hallarına istinad edərək iddiaçı tələbini onunla əsaslandırmışdır ki, o güzəştli şərtlərlə yaşa görə əmək pensiyası alır, mülki aviasiyadan pensiyaya çıxmışdır. Pensiyaya çıxdıqdan sonra işləməyə davam edir. Hər növbəti altı ildən bir pensiyası yenidən hesablanır. Cari il ərzində müəyyən etdi ki, pensiyasının təyin tarixi yəni pensiya hüququnun yarandığı tarix düzgün müəyyən edilməyib. Bununla bağlı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına ərizə və müvafiq arayışlar ilə müraciət etmişdir. Müraciəti əsasında pensiyasının təyin tarixi düzgün müəyyən edilsə də, yəni 2013-cü ildən 2012-ci ilə keçirilsə də, növbəti 6 illik yenidən hesablanmalar aparılmayıb. Pensiyasının təyin tarixi 2012-ci ildən müəyyən edildikdən sonra 2012-2018 və 2018-2024 illik dövr üzrə 6 ilin sığorta kapitalının əsasında yenidən hesablanma aparılmalı olduğu halda, cavabdeh tərəfindən icra edilməmişdir. Həmçinin 6 illik sığorta kapitalının 72 aya bölünməsi ilə yenidən hesablanma aparılmalı olduğu halda cavabdeh tərəfindən sığorta kapitalının daha böyük rəqəmə bölünməsi icra edilir. xx.xx.2022-dək pensiyasının yenidən hesablanması hüququ yarananlar xx.xx.2022dək pensiya təyin edilmiş şəxslərdir. Əmək pensiyaları haqqında Qanuna xx.xx.2022 tarixli 530 nömrəli Qanunla dəyişikliklər edilib. Həmin dəyişikliklər xx.xx.2022 tarixindən qüvvəyə minib. 530 nömrəli Qanunun 2.2-ci maddəsinə əsasən, Bu Qanunun 1.11 -ci maddəsi (45ci maddənin ikinci cümləsi qanundan çıxarılması) bu Qanunun qüvvəyə mindiyi günədək təyin edilmiş yaşa görə əmək pensiyalarının yenidən hesablanmasına, eləcə də həmin günədək pensiya hüququ yaranmış şəxslərə yaşa görə əmək pensiyasının təyin edilməsi və yenidən hesablanması hallarına münasibətdə tətbiq edilmir. Həmin cümlənin qanundan çıxarılması aid deyil: bu Qanunun qüvvəyə mindiyi günədək təyin edilmiş yaşa görə əmək pensiyalarının yenidən hesablanmasına bu Qanunun qüvvəyə mindiyi günədək pensiya hüququ yaranmış şəxslərə yaşa görə əmək pensiyasının təyin edilməsi hallarında bu Qanunun qüvvəyə mindiyi günədək pensiya hüququ yaranmış şəxslərə yenidən hesablanması hallarına münasibətdə Cavabdeh diqqət etməlidir ki, bu Qanunun qüvvəyə mindiyi günədək pensiya hüququ yaranmış şəxslərə yenidən hesablanması hallarına münasibətdə həmin pensiyaçıların pensiyasının təyin edilməsi hüququ da xx.xx.2022 tarixədəkdir. xx.xx.2022-dək pensiyasının yenidən hesablanması hüququ yarananlar xx.xx.2022-dək pensiya təyin edilmiş şəxslərdir. Qanun peşəkarlar tərəfindən yazılır və yoxlanılır, böyük bir peşəkarlar qrupunun yoxlamasından keçir. Heç vaxt elə bir xəta ola bilməz ki, qanunda eyni kateqoriyaya aid olanlar barədə iki dəfə göstəriş yazılsın. Çünki “xx.xx.2022 tarixədək təyin edilmiş yaşa görə əmək pensiyalarının yenidən hesablanmasına qanuna edilən dəyişikliklərin şamil edilməməsi” göstərişi əgər cavabdehin dediyini nəzərdə tutursa, o halda HANSİ səbəbə görə, “xx.xx.2022-dək pensiyasının yenidən hesablanması hüququ yarananlar” barədə əlavə şərt həmin 530 nömrəli qanununun keçid müddəalarına əlavə edilib? Çünki xx.xx.2022-dək pensiyasının yenidən hesablanması hüququ yarananlar xx.xx.2022-dək pensiya təyin edilmiş şəxslərdir. Cavabdeh iddia tələbinə yazılı etiraz təqdim edərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, “...iş materiallarına əsasən İddiaçı xx.xx.2013-cü il tarixindən Fondun Suraxanı rayon şöbəsi tərəfindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Belə ki, qeyd olunan tarixdə İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyası Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 oktyabr 2006-cı il tarixli 231 nömrəli Qərarı ilə təsdiq olunmuş “Mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işləyənlərin sığorta stajlarının hesablanması Qaydalan”nın 3-cü bəndinə əsasən Qanunun 9.3-cü və 22.3-cü maddələrinə müvafiq olaraq olaraq faktiki uçuş saatının 18-ə, alınan nəticənin isə 12 aya bölünməsi (25x12x18=5400 saat) qaydasında təyin edilmişdir. Lakin iddiaçının Mərkəzi Filiala 28 yanvar 2025-ci il tarixli müraciətilə əlaqədar onun pensiyasının düzgün hesablanmadığı müəyyən olunmuşdur. Belə ki, "xxxx" ASC-nin 7 aprel 2025-ci il tarixli 227-ÇS/SWA/AD nömrəli məktubunda İddiaçı uçuş işinin bütün dövrü ərzində tələb olunan 5400 uçuş saatının 19 yanvar 2012-ci il tarixində tamam olduğu qeyd olunmuşdur. Nəticədə, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası güzəştli iş stajının tamam olduğu 19 yanvar 2012-ci il tarixində təyin olunmalı olduğu halda, səhvən 30 noyabr 2013-cü il tarixində təyin edilmişdir. Qanunun 27-ci maddəsinin 1 iyul 2017-ci il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən xx.xx.2006-cı il tarixinədək olan iş stajının hər tam ilinə 170 manat götürülməklə həmin tarixdən sonrakı dövrə fərdi hesabın sığorta hissəsində toplanan pensiya kapitalının cəmindən və həmin dövrdə baza hissəsi götürülməklə əmək pensiyası hesablanırdı, iddiaçının pensiya işinə dair sənədlərdə qeyd olunan məlumatlara əsasən 1 yanvar 2006-cı il tarixinədək iş stajına uyğun olaraq “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 27ci maddəsinin tələblərinə əsasən həmin tarixə onun pensiyasının sığorta hissəsi 10.36 manat (8.78 il x 170 manat : 144 av) hesablanaraq 19 yanvar 2012-ci il tarixinə indeksləşdirilib 18,31 manat müəyyən edilərək üzərinə. xx.xx.2006-xx.xx.2013-cü il tarixləri arasındakı işlədiyi dövr ərzində fərdi hesabın sığorta hissəsində qeydə alınmış 21849,12 manat pensiya sığorta kapitalına uyqun 151,73 (21849,12: 144) manat və 85,00 manat baza hissəsi üzərinə əlavə edilməklə 19 yanvar 2012-ci il tarixindən 255,05 (18.31+151,73+85,00) manat (indeksləsdirilərək xx.xx.2020-ci il tarixinədək 404,53 manat) məbləğində əmək pensiyası təyin edilməli olduğu halda, 30 noyabr 2013-cü il tarixindən 340,28 manat (indeksləsdirilərək xx.xx.2020-ci il tarixinədək 509,84 manat) məbləğində əmək pensiyası təyin edilərək İddiaçı ödənilmişdir. İddiaçı xx.xx.2019-cu il tarixində ərizə ilə müraciət edərək güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının yenidən hesablanmasını xahiş etmişdir. İddiaçının müraciəti ilə əlaqədar Mərkəzi Filial tərəfindən Qanunun 45-ci maddəsinin 29 iyun 2022-ci il tarixinədək qüvvədə olmuş ikinci cümləsi nəzərə alınmadan, yəni iddiaçıya pensiya təyin edildiyi gündən sonra 6 il və daha çox işlədiyinə görə işləyən əmək pensiyaçısı olduğu dövrdə fərdi hesabın sığorta hissəsində qeydə alınmış 82411,89 manat pensiya sığorta kapitalı Qanunun 37.3.1-ci maddəsinin və 45-ci maddəsinin ikinci cümləsinin tələblərinə uyğun qaydada gözlənilən pensiya ödənişi müddəti aylarının sayına - 363 aya (64 il 6 av - 40 il 3 ay= 291 ay+(144 av - 72 ay)) bölünərək 277,03 (82411,89:363) manat əmək pensiyanızın (404,53 manat) üzərinə əlavə edilərək 1 yanvar 2020-ci il tarixindən yenidən hesablanaraq 631,56 (404,53+227,03) manat müəyyən edilməli olduğu halda Qanunun 37.3.1-ci maddəsinin tələblərinə uyğun olaraq iddiaçının əmək pensiyası xx.xx.2020-ci il tarixdən yenidən hesablanaraq 509,84 manatdan 676,34 manata artırılmışdır. Son üç il üzrə iddiaçı D.Hikmətə 2236,06 manat artıq pul vəsaiti ödənildiyi müəyyən edilmişdir. Göründüyü kimi iddiaçının müraciətinə əsasən ona təyin edilmiş əmək pensiyası xx.xx.2020-ci il tarixindən yenidən hesablandığından sonrakı hesablamalar 6 ildən sonra həyata keçirilə bilər. Qanunda dəyişiklik edilməsi barədə 13 may 2022-ci il tarixli 530-VİQD nömrəli Qanununun 1.11 -ci maddəsinə əsasən “Əmək pensiyaları haqqında” Qanunun 45-ci maddəsinin ikinci cümləsi Qanundan çıxarılmışdır. Eyni zamanda, 530-VİQD nömrəli Qanunun 2.2-ci maddəsinə görə (Keçid müddəa) qeyd olunan 1.11-ci maddənin (yəni 45-ci maddənin ikinci cümləsinin çıxarılmasının) Qanunun qüvvəyə mindiyi günədək təyin edilmiş yaşa görə əmək pensiyalarının yenidən hesablanmasına, eləcə də həmin günədək pensiya hüququ yaranmış şəxslərə yaşa görə əmək pensiyasının təyin edilməsi və yenidən hesablanması hallarına münasibətdə tətbiq edilməməsini nəzərdə tutmuşdur. Göründüyü kimi, əlavə olunan həmin keçid müddəa dəyişikliyin qüvvəyə mindiyi tarixədək təyin edilmiş Qanunun 9.1-ci (əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlar), 9.2-ci (hipovizqanizm xəstəliyinə tutulan şəxslər (liliputlar), 9.3-cü (mülki aviasiya uçuş və uçuş-sınaq heyətində çalışanlar), 9.5-ci (hərbi qulluqçular) və s. maddələrində nəzərdə tutulmuş şəxslərin pensiyasının yenidən hesablanması zamanı dəyişiklikdən əvvəlki müddəanın tətbiqini nəzərdə tutur. Başqa sözlə, xx.xx.2022-ci il tarixədək həmin maddələr üzrə təyin edilmiş pensiyaların yenidən hesablanması zamanı gözlənilən pensiya ödənişi müddəti aylarının sayı həmin şəxsin pensiyasının yenidən hesablanması tarixinə yaşı ilə Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı arasındakı ayların sayı qədər artırılır. Lakin, həmin tarixdən sonrakı dövrdə sözügedən maddələr üzrə yeni təyinatlar üzrə hesablamalar zamanı gözlənilən pensiya ödəniş aylarının sayının artırılması istisna edilmişdir. Göründüyü kimi, digər hüquqlardan fərqli olaraq sosial hüquqların səmərəli həyata keçirilməsi dövlətin bu hüquqları təmin edə biləcək maliyyə imkanlarından bilavasitə aslı olduğundan bu sahədə dövlətə (o cümlədən qanunverici orqanına) geniş mülahizə Beləliklə, yuxarıda qeyd olunanları nəzərə alaraq hesab edirik ki, qanunverici tərəfindən “Əmək pensiyaları haqqında” Qanuna edilən dəyişiklikliyin təsir dairəsi keçid müddəada müəyyənləşdirildiyindən cavabdeh inzibati orqan tərəfindən hüququn aliiiyi və hüquqi müəyyənlik prinsipləri rəhbər tutulmaqla Qanunun keçid müddəasının tətbiq edilməsi qanunvericiliyə zidd hal kimi qiymətləndirilə bilməz. Qanunun 9-cu maddəsinə əsasən əmək pensiyası təyin edilən şəxslərə münasibətdə nəinki əmək pensiyasının təyinatı zamanı, həmçinin pensiyanın yenidən hesablanması zamanı Qanunun xx.xx.2022-ci il tarixədək qüvvədə olmuş 45-ci maddəsinin ikinci cümləsinə uyğun olaraq gözlənilən pensiya ödənişi müddəti aylarının sayı artırılmalıdır. Qeyd edək ki, iddiaçının əmək pensiyasının yenidən hesablanması xx.xx.2020-ci il tarixdən olmaqla 45-ci maddənin ikinci cümləsinin qüvvədə olduğu dövrdə həyata keçirilmişdir. Tərəflərin iştirakı və izahatları: İddiaçı məhkəmə iclasında iştirak etməmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab edir. Cavabdehin nümayəndəsi iddia ərizəsinə etiraz edərək, etirazın dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın onun pensiyasının yenidən hesablanması nəticəsində pensiya məbləğinin düzgün hesablanmayaraq lazımı qaydada artırılmaması və nəticədə subyektiv hüquqlarının pozulduğunu irəli sürür. Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: İşin mübahisələndirilməyən hallarına görə, iddiaçıya xx.xx.2013-cü il tarixdə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmiş, pensiya təyin edildikdən sonra əmək fəaliyyətinə davam etmiş, fərdi hesabın sığorta hissəsində yığılan pensiya kapitalına əsasən iddiaçının əmək pensiyası yenidən hesablanmışdır. Cavabdehin xx.xx.2020-ci il tarixli qərarı ilə iddiaçının əmək pensiyası yenidən hesablanmış və əmək pensiyasının məbləği 509.84 manatdan 676.34 manata artırılmış, yenidən hesablamanın səbəbi “37.3.1” qeyd edilmişdir. Cavabdehin xx.xx.2025-ci il tarixli qərarı ilə iddiaçının əmək pensiyası yenidən hesablanmış, əmək pensiyasının məbləği 1097.12 manatdan 1026.00 manata azaldılmış, yenidən hesablanmanın səbəbi “6 illik, 39.1. məhdudlaşdırma” qeyd edilmişdir. Həmçinin pensiyanın təyoin tarixi xx.xx.2012-ci il tarix qeyd edilmişdir. Cavabdeh pensiyanın yenidən hesablanması barədə mövqeyini, iddia tələbinə qarşı verilən etirazda göstərilənlərə, yəni “Əmək pensiyaları haqqında” Qanununa 13 may 2022ci il tarixli 530-VİQD nömrəli Qanunla edilmiş dəyişikliyə və həmin X1 istinadla əsaslandırır. Cavabdeh hesab edir ki, iddiaçının pensiyası, yığılmış pensiya kapitalına əsasən yenidən hesablanarkən səhvə yol verilmiş və “Əmək pensiyaları haqqında” Qanunun 45-ci maddəsinin ikinci cümləsi tətbiq edilməli olduğu, yəni pensiya kapitalı 363 aya bölünməli olduğu halda 72-yə bölünmüşdür. İddiaçı isə bununla razılaşmır, tələbini iddia ərizəsində qeyd edilənlərə istinad edir və hesab edir ki, Həmin Qanunda olan dəyişiklik və keçid müddəaları ona tətbiq edilə bilməz. İddiaçı bildirir ki, Qanunun 45-ci maddənin ikinci cümləsi qanundan çıxarılıb. Həmin dəyişiklikdən sonra əmək pensitası fərdi hesabın sığorta hissəsində toplanılan pensiya kapitalına uyğun olaraq 72-yə bölünməklə yenidən hesablanır. Məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir. Mübahisədən göründüyü kimi hazırkı işin mübahisəli halı iddiaçının yığılmış sığorta kapitalına əsasən pensiyasının yenidən hesablanması zamanı qanunvericiliyin tətbiqi ilə bağlıdır. Məhkəmə hesab edir ki, qanunvericilikdə istifadə olunan ifadələrə aydınlıq gətirilməlidir. “Əmək pensiyaları haqqında” Qanuna əsasən, əmək pensiyaları sığortaolunanın fərdi hesabının sığorta hissəsində ödənilmiş məcburi dövlət sosial sığorta haqları hesabına qeydə alınmış və yığım hissəsində toplanmış vəsait – pensiya kapitalı əsasında müəyyən edilərək vətəndaşlara ödənilir. Pensiya kapitalı müvafiq olaraq fərdi hesabın sığorta hissəsində qeydə alınan və fərdi hesabın yığım hissəsində toplanan vəsaitlərin məbləğini nəzərdə tutur. Əmək pensiyasının sığorta hissəsi isə fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının gözlənilən pensiya ödənişi müddətinin aylarının sayına nisbəti şəklində hesablanan məbləğini ehtiva edir. Əmək pensiyasının yığım hissəsi dedikdə, fərdi hesabın yığım hissəsində toplanan pensiya kapitalının gözlənilən pensiya ödənişi müddətinin aylarının sayına nisbəti şəklində hesablanan məbləğ başa düşülür (“Əmək pensiyaları haqqında” Qanunun 1.0.10, 1.0.12 və 1.0.13-cü maddələri). Gözlənilən pensiya ödənişi müddəti əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında istifadə olunan göstərici olmaqla, mövcud qanunvericiliklə 144 ay (12 il) müddətində nəzərdə tutulmuşdur (“Əmək pensiyaları haqqında” Qanunun 1.0.14 və 45-ci maddəsinin birinci cümləsi). Həmin Qanunun 1.0.15-ci maddəsinə əsasən, əmək pensiyasının müəyyən edilməsi dedikdə, əmək pensiyasının təyin edilməsi, onun məbləğinin yenidən hesablanması və əmək pensiyasının bir növündən digərinə keçid nəzərdə tutulur. Əmək pensiyasının və əmək pensiyasına əlavənin ödənilməsi qaydalarına dair müddəalar “Əmək pensiyaları haqqında” Qanunun 37-ci maddəsində əks etdirilmişdir. Həmin Qanunun 37.3.1-ci maddəsinə əsasən, işləyən əmək pensiyaçılarına yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir. Həmin maddədə pensiya təyin olunduqdan sonra işləyən əmək pensiyaçılarının pensiyasının yenidən hesablanması qaydası da müəyyən edilərək göstərilmişdir ki, pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir. İşləyən əmək pensiyaçısı işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə, yaxud pensiyaçı işləməyə davam etdiyi təqdirdə hər 6 ildən bir həmin dövr üzrə sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər, lakin 72 aydan artıq olmamaqla azaldılaraq əmək pensiyası yenidən hesablanır. “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsinin qeyd edilən müddəalarından aydın olur ki, qanunverici pensiya təyin olunduqdan sonra işləyən əmək pensiyaçılarına münasibətdə pensiyanın yenidən hesablanmasını sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması ilə əlaqələndirmiş, pensiya ödənişi müddəti aylarının sayının isə pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər azaldılmaqla hesablandığını göstərmişdir. Beləliklə, qanunverici göstərilən maddədə pensiyaya çıxmasına baxmayaraq, hər hansı sahədə əmək fəaliyyətini davam etdirən şəxslərin ödədikləri məcburi dövlət sosial sığorta haqları hesabına pensiya kapitalının sığorta, habelə yığım hissələri üzrə toplanmanın davam etdiyini, həmin şəxsin sonradan işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə və ya işləməyə davam etdiyi təqdirdə hər 6 ildən bir əmək pensiyalarının bu maddədə nəzərdə tutulmuş qaydada yenidən hesablanmalı olduğunu imperativ qaydada müəyyən etmişdir. “Əmək pensiyaları haqqında” Qanuna əsasən pensiya kapitalını fərdi hesabın sığorta hissəsində qeydə alınan və fərdi hesabın yığım hissəsində toplanan vəsait təşkil edir, hansı ki, fərdi hesabın sığorta hissəsi əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır. “Sosial sığorta haqqında” Qanunun 1-ci maddəsinə əsasən sosial sığorta bu Qanunla nəzərdə tutulmuş hallarda fiziki şəxslərin itirilmiş əmək haqlarının, gəlirlərinin və ya əlavə xərclərinin kompensasiya edilməsinə, habelə itirilməsinin qarşısının alınmasına yönəldilmiş təminat formasıdır. Qanunun 4-cü maddəsinə əsasən sosial sığorta hadisəsi elə bir haldır ki, onun baş verməsi ilə sığortaolunanın sığorta təşkilatından sığorta ödəməsi almaq hüququ yaranır. Sosial sığorta hadisəsinə aşağıdakılar daxildir: pensiya yaşına çatmaq;... Qanunun 6-cı maddəsinə əsasən sosial sığorta hadisəsi baş verdikdə aşağıdakı sığorta ödəmələri verilir: Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə müəyyən edilən əmək pensiyaları... Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 15 sentyabr tarixli 189 nömrəli qərarı ilə təsdiq edilmiş “Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında Əsasnamə”nin 2-ci bəndinə əsasən məcburi dövlət sosial sığorta ödəmələri sosial sığorta hadisəsi baş verdikdə verilən ödənclərdir. Bunlara aşağıdakılar aiddir: Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə müəyyən edilən əmək pensiyaları... Əsasnamənin 3-cü hissəsinə əsasən məcburi dövlət sosial sığortasına cəlb olunan şəxslərin sosial sığorta ödəmələrini almaq hüququ vardır. Qanunvericilikdə nəzərdə tutulmuş müddət ərzində xeyrinə məcburi dövlət sosial sığorta fəaliyyəti həyata keçirilməyən şəxslərin (qanunvericiliklə müəyyən olunmuş hallar istisna olmaqla) sosial sığorta ödəmələrini (pensiya, müavinət) almaq hüququ yoxdur. Məhkəmə qeyd edir ki, iddiaçı pensiya təyin edildikdən sonra işləmiş və pensiya kapitalının formalaşdırılması üçün onun aldığı əmək haqqından məcburi dövlət sosial sığorta haqqı hesablanmışdır. İddiaçıya pensiya təyin edildiyindən hazırkı halda sığorta hadisəsi kimi “Əmək pensiyaları haqqında” Qanunun 37-ci maddəsinə əsasən onun əmək pensiyasının yenidən hesablanması hüququnun yaranması təşkil edir ki, istinad olunan normalara əsasən sığorta hadisəsi baş verdikdə şəxsin sığorta ödəməsini, yəni onun fərdi hesabında toplanan pensiya kapitalını almaq hüququ vardır. Hazırkı mübahisənin yaranmasına səbəb iddiaçının fərdi hesabını sığorta hissəsində yığılmış pensiya kapitalının hesablanması zamanı qanunvericiliyin tətbiqidinə yaranan fərqli mövqe ilə əlaqədardır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 45-ci maddəsinin 10 mart 2017-ci il tarixli 543-VQD nömrəli Qanunla (xx.xx.2017-ci ildən qüvvəyə minmişdir) 29 iyun 2022-ci il tarixə qədər qüvvədə olan redaksiyası aşağıdakı kimi olmuşdur: Bu Qanunun məqsədləri üçün gözlənilən pensiya ödənişi müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir (normanın birinci cümləsi). Buraya gözlənilən pensiya ödənişi müddəti, yəni 144 ay (12 il) daxildir. Bu Qanunun 9-cu maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin olunan şəxslərin əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı güzəştli şərtlə pensiyaya çıxma yaşı ilə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı arasındakı ayların sayı qədər artırılır (normanın ikinci cümləsi). Bu Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavə almaq hüququ olan şəxsin yaşa görə əmək pensiyasının bu Qanunun 37.3.1-ci maddəsinə uyğun olaraq yenidən hesablanması zamanı sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı həmin şəxsin pensiyasının yenidən hesablanması tarixinə yaşı ilə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı (bu yaşa çatdığı hallar istisna olmaqla) arasındakı ayların sayı qədər artırılır (normanın üçüncü cümləsi). 13 may 2022-ci il tarixdə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununda dəyişiklər edilməsinə dair 530-VİQD nömrəli Qanun qəbul edilmiş (həmin Qanun 29 iyun 2022-ci il tarixdən qüvvəyə minmiş) və Qanunun 1.11-ci maddəsinə əsasən “Əmək pensiyaları haqqında” Qanunun 45-ci maddəsinin ikinci cümləsi Qanundan çıxarılmışdır. Qanunun 45-ci maddəsinə dəyişiklik edilməsi ilə bağlı 530-VİQD nömrəli Qanununun Keçid müddəalarının 2.2-ci bəndində qeyd edilmişdir ki, qeyd olunan 1.11-ci maddənin Qanunun qüvvəyə mindiyi günədək təyin edilmiş yaşa görə əmək pensiyalarının yenidən hesablanmasına, eləcə də həmin günədək pensiya hüququ yaranmış şəxslərə yaşa görə əmək pensiyasının təyin edilməsi və yenidən hesablanması hallarına münasibətdə tətbiq edilmir. Məhkəmə hesab edir ki, cavabdeh Keçid müddəalarını hazırkı mübahisəyə səhv tətbiq etmişdir. - xx.xx.2017-ci il tarixədək qüvvədə olan maddə 45. Bu Qanunun məqsədləri üçün gözlənilən pensiya ödənişi müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir (“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə 6 mart 2006-cı il tarixli 377 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanının 2.11-ci bəndinə görə Qanunun 45-ci maddəsinin birinci cümləsinə uyğun olaraq həmin Qanunun məqsədləri üçün gözlənilən pensiya ödənişi müddəti 144 ay (12 il) nəzərdə tutulur). ƏPQ-nin 45-ci maddəsinə xx.xx.2017-ci il tarixli 543-VQD nömrəli Qanunla (xx.xx.2017ci ildən qüvvəyə minmişdir) 45-ci maddəsinə əsasən aşağıdakı məzmunda ikinci cümlə əlavə edimişdir: “Bu Qanunun 9-cu maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin olunan şəxslərin əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı güzəştli şərtlə pensiyaya çıxma yaşı ilə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı arasındakı ayların sayı qədər artırılır.”. xx.xx.2022-ci il tarixli 530-VİQD nömrəli Qanunun (xx.xx.2022-ci ildən qüvvəyə minmişdir) 1.11-ci maddəsi ilə ƏPQ-nin 45-ci maddəsinin ikinci cümləsi çıxarılmışdır. Yəni ƏPQ-nin 45-ci maddəsinə edilmiş dəyişikliklərlə Qanunun 9-cu maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin olunan şəxslər üçün gözlənilən pensiya ödənişi müddəti aylarının sayı: - xx.xx.2017-ci il tarixədək 144; - xx.xx.2017-xx.xx.2022-ci illərdə 144+ güzəştli şərtlə pensiyaya çıxma yaşı ilə Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı arasındakı ayların sayı; -xx.xx.2022-ci ildən yenidən 144 olmuşdur. İşdən görünür ki, cavabdeh iddiaçının 6 il işləməsi ilə bağlı əmək pensiyasını xx.xx.2020-ci il tarixdə və xx.xx.2025-ci il tarixdə yenidən hesablamış və xx.xx.2017xx.xx.2022-ci illərdə qüvvədə olmuş 45-ci maddənin 2-ci cümləsini tətbiq edərək, gözlənilən pensiya ödənişi müddəti aylarının sayını güzəştli şərtlə pensiyaya çıxma yaşı ilə Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı arasındakı ayların sayı qədər artırmışdır. Cavabdeh bu zaman xx.xx.2022-ci il tarixli 530-VİQD nömrəli X1 istinad edir. Belə ki, həmin 2.2-ci maddəyə əsasən Qanunun 1.11-ci maddəsi bu Qanunun qüvvəyə mindiyi günədək təyin edilmiş yaşa görə əmək pensiyalarının yenidən hesablanmasına, eləcə də həmin günədək pensiya hüququ yaranmış şəxslərə yaşa görə əmək pensiyasının təyin edilməsi və yenidən hesablanması hallarına münasibətdə tətbiq edilmir. Məhkəmə cavabdehin bu istinadı ilə razılaşmayaraq aşağıdakıları qeyd edir. Belə ki, ƏPQ-nin 1.0.14-cü maddəsinə əsasən gözlənilən pensiya ödənişi müddəti - bu Qanunun məqsədləri üçün müəyyən edilən və əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında istifadə olunan göstəricidir. Gözlənilən pensiya ödənişi müddəti -pensiyaya çıxan şəxsin orta hesabla pensiya alacağı illərin sayını ifadə edir. Bu müddət statistik göstəricilərə əsaslanaraq müəyyən edilir və ölkədəki orta ömür uzunluğu, pensiyaya çıxma yaşı və digər demoqrafik faktorlarla əlaqəlidir. Bu göstərici əsasən aşağıdakı məqsədlər üçün istifadə olunur: 1. Pensiya kapitalının hesablanması – İşləyən şəxsin topladığı pensiya kapitalı onun gözlənilən pensiya ödənişi müddətinə bölünərək aylıq pensiya məbləği müəyyən edilir. 2. Pensiya sisteminin dayanıqlığının təmin edilməsi – Dövlət və ya pensiya fondları pensiya ödənişlərini planlaşdırarkən, gözlənilən ömür uzunluğunu nəzərə alaraq sistemin maliyyə dayanıqlığını təmin edirlər. 3. Fərdi pensiya planlaşdırılması – Şəxslər pensiyaya çıxdıqda, onların yığılmış pensiya kapitalının nə qədər müddətə çatacağını hesablamaq üçün bu göstəricidən istifadə olunur. Qanunvericiliyə nəzər saldıqda aydın olur ki, xx.xx.2017-ci ilədək gözlənilən pensiya ödənişi müddəti bütün əmək pensiyaçılarına münasibətdə dəyişməz olmuş, 144 ay (12 il) müəyyən edilmişdir. Sonradan, xx.xx.2017-xx.xx.2022-ci illər arasındakı dövrdə həmin müddət 9-cu maddəyə əsasən güzəştli şərtlə pensiyaya çıxan şəxslərə münasibətdə pensiyaya çıxma yaşı ilə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı arasındakı ayların sayı qədər artırılmış, bununla da xüsusi hallara görə daha tez yaşa görə əmək pensiyası təyin edilmək hüququ olan şəxslərin vəziyyəti ağırlaşdırılmışdır. Belə ki, pensiya təminatı sisteminin hər bir iştirakçısının ödədiyi sığorta haqlarının onun alacağı pensiya məbləğinə mütənasib olmasının təmin edilməsi qüvvədə olan pensiya qanunvericiliyinin əsas məqsədlərindən biridir. Qanunvericilikdə əmək pensiyalarının təyin edilməsi üçün müəyyən edilmiş zəruri şərtlərdən olan sığortaolunanın sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrləri ilə əlaqələndirilmiş və həmin iş dövrlərinin nəzərə alınması üçün məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi əsas şərt kimi təsbit edilmişdir (“Əmək pensiyaları haqqında” Qanunun 1.0.2 və “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – “Sosial sığorta haqqında” Qanun) 8-ci maddəsi). “Əmək pensiyaları haqqında” Qanunun 8, 9 və 20-ci maddələrində bəzi kateqoriyadan olan şəxslərin əmək pensiyası hüququnun yaranmasında və hesablanmasında müəyyən güzəştlərin tətbiq olunması nəzərdə tutulmuşdur. Həmin Qanunun 9-cu maddəsində güzəştli şərtlərlə əmək pensiyası hüququ olan şəxslər sadalanaraq, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə işləyən şəxslərin digər şəxslərə münasibətdə daha tez əmək pensiyası təyin edilmək hüququ müəyyən edilmişdir. Qanunvericinin bu zaman əsas məqsədi sağlamlıq riski daşıyan, nəticədə orqanizmi daha tez qocalan və əmək qabiliyyəti daha tez azalan şəxslərin xüsusi sosial təminat mexanizmləri müəyyən etməklə sosial təminat hüququnun həyata keçirilməsi ilə bağlıdır. Məhz buna görə də qanunverici sonradan həmin şəxslərin pensiya təminatı hüququnu digər pensiyaçılara münasibətdə ağırlaşdıran 45-ci maddənin ikinci cümləsini ƏPQ-dən çıxarmışdır. Keçid müddəaya gəldikdə isə, həmin norma xx.xx.2017-xx.xx.2022-ci il tarixlərdə əmək pensiyası (yaxud yenidən hesablama) hüququ yaranan, lakin həmin tarixdə deyil, sonradan əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması barədə qərar qəbul edilən şəxslərə yeni normanın şamil edilməməsini nəzərdə tutur. Nə qədər ki, iddiaçının əmək pensiyasının yenidən hesablanması hüququ xx.xx.2022-ci ilə qədər deyil, həmin tarixdən sonra yaranmışdır, deməli, iddiaçıya hüququnun yarandığı vaxt qüvvədə olan norma tətbiq edilməlidir, qüvvədən düşmüş norma deyil. Məhkəmə cavabdehin Keçid müddəlarına istinad edərək iddiaçının pensyasını yenidən hesablaması ilə bağlı həmçinin qeyd edir ki, Keçid müddəalarında həmin normanın təsbit edilməsi onunla əlaqədardır ki, qeyd olunan dəyişiklik əmək pensiyaçılarının xeyrinə baş vermiş dəyişiklikdir. Lakin Qanuna edilmiş dəyişiklik, xx.xx.2022-ci il tarixdən qüvvəyə mindiyinə görə, həmin tarixdən sonra olacaq pensiya təyinatına və pensiyanın yenidən hesablanması hallarına şamil edilə bilər. Keçid müddəasına əsasən həmin dəyişiklik qüvvəyə minənənədək (xx.xx.2022) Qanunun əvvəlki redakasiyasına əsasən (yəni gözlənilən pensiya ödənişi müddəti aylarının sayının artırılması tətbiq edilmiş şəxslər) əmək pensiyası təyin edilmiş və ya əmək pensiyası yenidən hesablanmış əmək pensiyaçıları həmin dəyişikliyə istinad edərək, pensiyanın yenidən hesablanması ilə bağlı cavabdehə müraciət edə bilməz. Keçid müddəalarındakı məhdudiyyətin tətbiqi zamanı qanunverici orqanın məqsədi və keçid müddəalarının mahiyyəti bundan ibarət olmuşdur. Lakin cavabdeh həmin keçid müddəalarındakı normaların əks yanaşmasını tətbiq edərək normanın artıq qüvvədən düşmüş ikinci cümləsinə istinad etmiş və iddiaçının pensiyasını yenidən hesablamışdır. Məhkəmə təkrar olaraq qeyd edir ki, Keçid müddəaları əmək pensiyaçıların həmin norma qüvvəyə minənədək pensiyası yenidən hesablanmış şəxslərin həmin normaya istinadən yenidən hesablama tələb etməsi ilə bağlı məhdudiyyəti nəzərdə tutur. Yəni fərz edək ki, cavabdeh iddiaçının pensiyasının yenidən hesablayarkən Qanunun 45-ci maddəsinin 2-ci cümləsini tətbiq edərək yığılmış pensiya kapitalını 72 aya deyil, həmin normaya görə gözlənilən pensiya ödənişi müddəti aylarının sayının güzəştli şərtlə pensiyaya çıxma yaşı ilə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı arasındakı ayların sayı qədər artıraraq (136) aya bölərək pensiya təyin etdiyi halda, iddiaçı həmin normanın ləğvindən sonra cavabdehə müraciət edərək normanılm ləğv edildiyinə istinad edib, yığılmış pensiya kapitalını 72 aya bölməklə yenidən hesablama tələb edə bilməzdi. Keçid müddəlarındakı məhdudiyyət əmək pensiyaçılarına münasibətdə nəzərdə tutulmuşdur və cavabdehə həmin normalara istinad edib, ləğv olunmuş normanı tətbiq edərək əmək pensiyaçısının ziyanına olan pensiyanın yenidən hesablanmasını aparmaq hüququ vermir. Nə qədər ki, iddiaçının əmək pensiya hüququ xx.xx.2017-ci il tarixdən əvvəl, pensiyanın yenidən hesablanması hüququ isə xx.xx.2022-ci il tarixdən sonra yaranmışdır iddiaçıya hüququnun yarandığı vaxt qüvvədə olan norma tətbiq edilməlidir, qüvvədən düşmüş norma deyil. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 214/2025 nömrəli iş üzrə, xx.xx.2025-ci il tarixli qərarında kassasiya məhkəməsi qeyd etmişdir ki, “...məhkəmə kollegiyası həmçinin onu da qeyd etməyi zəruri sayır ki, iddiaçının əmək pensiyasının yenidən hesablanması zamanı cavabdeh tərəfindən “Əmək pensiyaları haqqında” Qanunun 29.2-ci maddəsi ilə yanaşı, həm də həmin Qanunun 45ci maddəsinin 2-ci cümləsinə də istinad edilə bilməz. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 45-ci maddəsinin xx.xx.2017-ci il tarixdən xx.xx.2022-ci il tarixədək qüvvədə olmuş 2-ci cümləsi, həmin normanın qüvvədə olduğu dövrdə pensiya hüququ yaranmış şəxslərə münasibətdə tətbiq oluna bilərdi. İddiaçının pensiya hüququ isə 2008ci ildə yaranmışdır və həmin ildən də ona müvafiq növdə pensiya təyin olunmuşdur. Odur ki, iddiaçının fərdi hesabının sığorta hissəsində toplanmış 16719,79 manat pensiya kapitalı əsasında əmək pensiyası “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsinə əsasən yenidən hesablanmalıdır və bu zaman həmin Qanunun 29.2-ci maddəsi və 45-ci maddəsinin 2-ci cümləsi iddiaçıya münasibətdə tətbiq oluna bilməz”. Bundan başqa işdən həmçinin müəyyən edilir ki, cavabdeh iddiaçıya ilk dəfə yanlış olaraq xx.xx.2013-cü il tarixdə pensiya təyin etmiş, sonradan iddiaçıya əslində xx.xx.2012-ci il tarixdə pensiya təyin edilməli olmasını müəyyən edərək qəbul etdiyi ikinci qərarda (xx.xx.2024) pensiya təyin edilməsi tarixini xx.xx.2012-ci il tarixdən müəyyən etmişdir. Belə olan halda, iddiaçının fərdi hesabın sığorta hissəsində yığılmış pensiya kapitalına görə pensiyasının 6 ildən bir yenidən hesablanması aparılarkən pensiyanın xx.xx.2012-ci il tarixdən təyin edilməsi nəzərə alınmalıdır. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə, qərara aldı: İddia təmin edilsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının İddiaçı “Əmək pensiyasının yenidən hesablanması haqqında” xx.xx.2020-ci il tarixli **********3 nömrəli və 3-17-1/3-8405/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarları ləğv edilsin. İddiaçı pensiyası yenidən hesablanması zamanı Əmək pensiyaları haqqında Qanunun 37.3.1-ci maddəsinin müddəaları tətbiq edilərkən gözlənilən pensiya ödənişi müddəti aylarının sayının artırılmadan pensiyanın yenidən hesablanması öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Bəhlul Cəlalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar