Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-10085/2025 24.09.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qənbərova Səlma İsgəndər qızının sədrliyi, İddiaçının nümayəndəsi Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (üçüncü şəxs Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi) qarşı “məhdudiyyətin götürülməsi” tələbinə dair inzibati işə Bakı İnzibati Məhkəməsinin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq şifahi məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı (bundan sonra – İddiaçı) cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı tərəfindən Hüquqların Dövlət qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrində ******* nömrəli (xx.xx.2012-ci il tarixli) çıxarışla qeydiyyata alınmış, Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, 94 a ünvanında yerləşən 25.0 kv qeyri-yaşayış sahəsi və 0.06 hektar torpaq sahəsinin üzərindən məhdudiyyətin aradan götürülməsi barədə öhdəliyin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi və "xxxx" ASC üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmiş, məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə "xxxx" ASC-nin üçüncü şəxs qismində inzibati məhkəmə icraatında iştirakına xitam verilmişdir. İddiaçı tələbini bununla əsaslandırmışdır ki, İddiaçı tərəfindən Hüquqların Dövlət qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrində 033529 nömrəli (xx.xx.2012ci il tarixli) çıxarışla qeydiyyata alınmış, Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, 94 a ünvanında yerləşən, 25.0 kv qeyri-yaşayış sahəsi və 0.06 hektar torpaq sahəsinin üzərinə müvafiq məhdudiyyətlər qoyulduğundan mülkiyyətçi həmin əmlak üzərində sərəncam verə bilmir. Həmin əmlakla bağlı hər hansı məhkəmə mübahisəsi olmamış, həmçinin əmlakın özgəninkiləşməsini məhdudlaşdıran məhkəmə aktı qəbul edilməmişdir. ******* nömrəli (xx.xx.2012-ci il tarixli) çıxarışla qeydiyyata alınmış, Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, 94 a ünvanında yerləşən qeyri-yaşayış təyinatlı, ümumi sahəsi 25.0 kv.m torpaq sahəsi 0.06 hektar qeyri-yaşayış binası üzərindəki müvafiq məhdudiyyətlər Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xx.xx.2015-ci il tarixli müraciətinə uyğun olaraq qoyulmuşdur. Cavabdehin “Elektron məhkəmə” informasiya sistemi vasitəsi ilə məhkəməyə təqdim etdiyi iddiaya yazılı etirazı ilə iddianın təmin olunmamasını xahiş edərək bildirmişdir ki, sözügedən əmlakın üzərinə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin məktubu əsasında məhdudiyyət qoyulmuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddianı müdafiə etdi və iddia ərizəsində göstərilənləri təsdiqləyərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, tərəflərə təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). Məhkəmə tərəflərin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İnzibati Prosessual Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9-cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Hazırkı iddia mülkiyyət hüququnun qoyulmuş məhdudiyyətin götürülməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasından ibarətdir ki, bu iddia öhdəliyin icrası haqqında iddia növünə uyğun iddiadır. Öhdəliyin icrası haqqında iddia növünə münasibətdə iddianın xüsusi mümkünlük şərti iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə cavabdeh orqana müraciət etməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmişdir. İddianın əsaslılığına gəldikdə məhkəmə qeyd edir ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən ********** nömrəli, xx.xx.2012-ci il qeydiyyat tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, Xətai rayonu, Babek prospketi, 94a ünvanında yerləşən 25 kv.metr qeyri-yaşayış sahəsi və onun yerləşdiyi 0.06 ha torpaq sahəsi İddiaçı xüsusi mülkiyyətindədir. Cavabdehin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, sözügedən əmlakın üzərinə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin məktubu əsasında məhdudiyyət qoyulmuş, lakin məhdudiyyətin götürülməsi ilə bağlı “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsininin 1 saylı Bakı Ərazi İdarəsinə müvafiq məktub daxil olmamışdır. İddiaçı hazırda Daxili İşlər Nazirliyinin məktubu əsasında qoyulmuş bu məhdudiyyətin götürülməsini xahiş edir. Məhkəmə qeyd edir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun: - 1.0.3-cü maddəsinə əsasən hüququn məhdudlaşdırılması (məhdudiyyət, yüklənmə) - qanunla və qanunda nəzərdə tutulmuş qaydada hüquq sahibinin daşınmaz əmlaka mülkiyyət və ya digər əşya hüquqlarının həyata keçirilməsini məhdudlaşdıran şərtlər və qadağalardır (servitut, uzufrukt, ipoteka, etibarlı idarəetmə, icarə, əmlakın üzərinə həbs qoyulması və sairə); - 8.0-ci maddədə daşınmaz əmlak üzərində hüquqların məhdudlaşdırılmasının (yüklülüyünün) dövlət qeydiyyatı üçün əsaslar göstərilmişdir. - 9.4-cü maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların məhdudlaşdırılmasının (yüklülüyünün) dövlət qeydiyyatı həmin daşınmaz əmlak üzərində əvvəl yaranmış hüquqların dövlət reyestrində qeydiyyata alındığı təqdirdə aparılır. -13.1-ci maddəsinə əsasən dövlət reyestrində daşınmaz əmlak, onlar üzərində həm mövcud olan, həm də xitam verilmiş hüquqlar və hüquq sahibləri barədə məlumat saxlanılır. Cinayət Prosessual Məcəllənin 249.1-ci maddəsinə əsasən əmlak üzərinə həbs yalnız cinayət işi üzrə toplanılmış materiallar üzrə kifayət qədər əsas verdikdə qoyula bilər. Həmin Məcəllənin 249.2-ci maddəsinə əsasən əmlak üzərinə həbs, bir qayda olaraq, məhkəmənin qərarı əsasında qoyulur. Məhkəmə əmlak üzərinə həbs qoyulması haqqında qərarı aşağıdakı hallarda çıxarır: -249.2.1.məhkəməyə müstəntiqin əsaslandırılmış vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun müvafiq təqdimatı daxil olduqda; -249.2.2.məhkəməyə müraciət etmiş şəxslər bu Məcəllənin 249.1-ci maddəsində nəzərdə tutulmuş halların təsdiq edilməsi üçün kifayət olan ilkin sübutlar təqdim etdikdə, habelə əmlak üzərinə həbs qoyulmasının zəruriliyini əsaslandırdıqda. Həmin Məcəllənin 249.5-ci maddəsinə əsasən təxirə salına bilməyən hallarda cinayət törətmiş şəxs tərəfindən əmlakın və ya cinayət yolu ilə əldə edilmiş əşya və vasitələrin məhv edilməsini, zədələnməsini, korlanmasını, gizlədilməsini və ya verilmiş mülki iddianın təmin edilməsi hesabına özgəninkiləşdirilməsini güman etməyə əsas verən dəqiq məlumat olduqda, müstəntiq məhkəmənin qərarı olmadan bu Məcəllənin 177.2—177.5-ci maddələrində nəzərdə tutulmuş tələblər yerinə yetirildikdə əmlak üzərinə həbs qoya bilər. Həmin Məcəllənin 249.6-cı maddəsinə əsasən bu Məcəllənin 249.5-ci maddəsində nəzərdə tutulmuş hallarda müstəntiq əmlak üzərinə həbs qoyulması barədə əsaslandırılmış qərar çıxarır. Müstəntiqin qərarı bu Məcəllənin 249.3-cü maddəsinin tələblərinə uyğun olaraq və məhkəmənin qərarı olmadan əmlak üzərinə həbs qoyulmasının zəruriliyi və təxirə salına bilməməsi əsaslandırılmaqla tərtib edilir. Hazırkı işin hallarından müəyyən olunur ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin məktubuna əsasən cavabdeh tərəfindən mübahisəli əmlak üzərinə məhdudiyyət qoyulmuşdur. Halbuki, qeyd edilən cinayət prosessual qanunvericiliyin normalarının tələblərindən görünür ki, cinayət işi ilə əlaqədar əmlak üzərinə həbs yalnız məhkəmənin qərarına əsasən, qanunvericilikdə nəzərdə tutulan təxirəsalınmaz hallarda isə müstəntiqin qərarına əsasən qoyula bilər. Hazırkı iş üzrə isə iddiaçıya məxsus əmlak üzərinə həbs qoyulması barədə nə qanuni qüvvəsini almış məhkəmə qərarının, nə də müstəntiqin əsaslandırılmış qərarının qəbul olunduğu müəyyən olunmamışdır. Belə olan halda cavabdeh daşınmaz əmlakın dövlət reyestrini həyata keçirən orqanın təqdim edilmiş məktub əsasında iddiaçının mülkiyyətində olan mənzil üzərinə məhdudiyyət (nəzarət) qoyması ilə bağlı hərəkətləri qanunsuz hesab edilməlidir. Çünki Mülki Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Mülkiyyət hüququ mülkiyyətçinin ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək, həmçinin qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan həmin əmlak üzərində dövlət tərəfindən təminat altına alınmış üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir (Konstitusiya Məhkəməsi Plenumunun “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsinin müddəaları baxımından şərh edilməsinə dair” 2020-ci il 27 avqust tarixli Qərarı). Belə olan halda aydındır ki, cavabdehin məktuba əsaslanaraq mübahisəli əmlaka dair məhdudiyyəti qeydə alması əsaslı olmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə, göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, iddia əsaslı olmuş, cavabdehin dəlilləri əsassız olmaqla formal xarakter daşımışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, qərara aldı: İddia təmin edilsin. İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, ünvan 3 ünvanında yerləşən **********52-06301 reyestr nömrəli daşınmaz əmlakın üzərinə qoyulmuş məhdudiyyətə dair qeydin ləğv edilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Səlma Qənbərova
Məhkəmə qərarları › İş №e-2-1(112)-10085/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-10085/2025
24.09.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver