Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-1(112)-10087/2024 10.12.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi İmranova Zəminə Şahin qızının katibliyi, İddiaçının vəkili X2 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı 3-cü şəxs X6 işə cəlb edilməklə qeydiyyatın ləğv edilməsi tələbi barədə işə ünvan 1 ünvanda məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı ünvan 2 saylı mənzilinə dair xx.xx.2000-ci il tarixdə X5 adına verilmiş qeydiyyat vəsiqəsinin və bununla bağlı dövlət reyestrində aparılmış qeydiyyatın ləğv edilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, ana nənəsi X4 xx.xx.1990-cı ildə rəhmətə getmişir. Bakı şəhəri, Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsi, 6 saylı evin 123 saylı mənzilinə dair Bakı şəhər X11 İcraiyyə Komitəsi tərəfindən 1986-cı il tarixdə onun adına order verilmişdir. Daha sonra həmin mənzil onunla qonşusunun şifahi razılığına əsasən 126-ya dəyişdirilmiş, bu barədə müvafiq orqan tərəfindən nənəsinin pasportuna möhür də, vurulmuş, nənəsi rəhmətə gedənə qədər həmin ünvanda qeydiyyatda olmaqla yaşamışdır. Nənəsi rəhmətə gedəndən sonra həmin mənzil məlum hadisələrlə əlaqədar məcburi köçkünlər tərəfindən tutulmuş və onlar da, məlum vəziyyətə görə hər hansı bir hərəkət etməyərək dözmüşlər. Torpaqlar işğaldan azad olunduğu üçün o, mənzilin artıq öz sahibinə, yəni onlara təhvil verilməsi ilə maraqlanan zaman məlum olmuşdur ki, mənzilin necəsə üçüncü şəxs tərəfindən alqı-satqı yolu ilə alınmışdır. Həmin ərəfədə sənədləşmə işləri zamanı ona məlum olmuşdur ki, valideynləri tərəfindən nənəsinin ölüm haqqında şəhadətnaməsi vaxtında alınmamışdır. Həmin vaxt onun yaşı az olduğu üçün sənədləşmə və sair işlərdən kənarda qalmışdır. Bu halı bilən kimi o, mülkiyyət hüquqlarının müdafiəsi məqsədilə əvvəlcə nənəsinin ölüm haqqında şəhadətnaməsini almaq üçün “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə” Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e- 2(001)-6627/2023 saylı qətnaməsi ilə onun ərizəsi təmin edilərək nənəsi xx.xx.1925-ci il təvəllüdlü X1 xx.xx.1990-cı il tarixdə Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilmişdir. Qətnamə qanuni qüvvəsini aldıqdan sonra o, nənəsinin ölüm haqqında şəhadətnaməsini əldə etmiş və hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Mübahisəli mənzillə bağlı aidiyyəti orqanlardan əldə edilmiş məlumatlara əsasən müəyyən edilmişdir ki, mübahisəli mənzilə dair Bakı şəhər İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən xx.xx.2000-ci il tarixdə qeydiyyat vəsiqəsi verilmişdir. Halbuki, yuxarıda da, qeyd edildiyi kimi, Bakı şəhər X11 İcraiyyə Komitəsi tərəfindən 1986-cı il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsi, 6 saylı evin, 123 saylı mənzilinə dair nənəsinin adına order verilmiş, 1988-ci ildə isə həmin mənzil 126 saylı mübahisəli mənzilə dəyişdirilmiş, 1990-cı ilə qədər nənəsi orada onunla birlikdə yaşamış, sonra nənəsi rəhmətə getmiş, qısa müddət sonra isə həmin mənzil məcburi köçkünlər tərəfindən zəbt edilmişdir. Həmin mənzilə dair nənəsinin adına order ola-ola, necə ola bilər ki, 2000-ci ildə başqa şəxsin adına qeydiyyat vəsiqəsi verilsin. Həmin ərəfələrdə ona order əsasında qeydiyyat vəsiqəsinin verilməməsinə səbəb kimi mənzilin məcburi köçkünlər tərəfindən zəbt edilməsi göstərilirdi və deyilirdi ki, onlar mənzillə təmin olunduqdan sonra onlara çıxarışlar veriləcəkdir. Məhkəmənin 2-1(112)-10087/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə X6 iş üzrə üçüncü şəxs qismində cəlb edilmişdir. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinin tələblərinə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətlərinin cavabdehə təqdim edilməsi barədə sərəncam təqdim edilmiş və iddiaya qarşı yazılı münasibətin (etirazın) bildirilməsi tələb olunmuşdur. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı münasibət (etiraz) təqdim edilərək iddia tələbinin mümkün sayılmaması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Etiraza əsasən, iddiaçının müraciətinin təmin edilməsindən xx.xx.2024-cü il tarixli **********72 saylı məktubla imtina edilmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.3-cü və 2.4-cü maddələrinə əsasən daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər və hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Bundan başqa, ünvan 2 ünvanında yerləşən müvafiq daşınmaz əmlak satıcı X12 ilə alıcı X7 arasında bağlanılmış xx.xx.2000-ci il tarixi alqı-satqı müqaviləsi əsasında X5 mülkiyyətinə keçmişdir. Daha sonra X7 ilə X6 arasında bağlanılan Bakı şəhəri 22 saylı notariat ofisi tərəfindən təsdiq edilmiş xx.xx.2012-ci il tarixli 4Ə-1-83 reyestr nömrəli alqı-satqı müqaviləsi əsasında özgəninkiləşdirilmişdir. Hazırda sözügedən mənzil daşınmaz əmlakın dövlət reyestrində X3 mülkiyyətindədir. İş üzrə məhkəmə hazırlıq iclası təyin edilmiş, məhkəmə iclasında məhkəmə iddianın mümkünlük məsələsini həll etməyi zəruri saymışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəmə iclasına gəlməməsinin səbəbi barəsində isə məhkəməyə hər hansı bir məlumat verməmişdir. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən iddiaçının vəkilinin izahatını dinləyib, iddia ərizəsini və iş materiallarını araşdıraraq, hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə görə qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. “İnzibati və mülki hüququ münaibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 4 nömrəli Qərarının 1-ci bəndində göstərilmişdir ki, məhkəmələrin nəzərinə çatdırılsın ki, mübahisənin məhkəmə aidiyyəti müəyyənləşdirilərkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə “MPM”) 24-26-cı və 30-cu maddələri, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə “İPM”) 2-ci maddəsi, habelə həmin Məcəllənin XV-XİX fəsillərinin aidiyyətlə bağlı müddəaları rəhbər tutulmalıdır. Həmin Qərarın 2-ci bəndində göstərilmişdir ki, nəzərə alınmalıdır ki, mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. Həmin Qərarın 3.1-ci bəndində göstərilmişdir ki, xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir; xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir. Həmin Qərarın 3.2-ci bəndində göstərilmişdir ki, inzibati hüquq münasibətlərində tərəflərdən ən azı biri “İnzibati icraat haqqında” Qanunun 2.0.1 və 3.1-ci maddələrində nəzərdə tutulmuş mənada inzibati orqan olmalıdır. Həmin Qərarın 4-cü bəndində göstərilmişdir ki, inzibati orqanın iştirak etdiyi hüquq münasibətinin inzibati və ya xüsusi hüquqi münasibət olduğunu müəyyənləşdirərkən inzibati orqanın həmin münasibətdə xüsusi hüququn subyekti (mülki dövriyyənin iştirakçısı) kimi iştirak etdiyinin, yaxud hakimiyyət səlahiyyətlərinin subyekti kimi inzibati orqanın yalnız ona xas olan fəaliyyəti həyata keçirdiyinin müəyyən edilməsi vacibdir. Bu zaman ümumi (publik) hüquq sahəsinin ictimai idarəetmə ilə bağlı olması və hakimiyyət səlahiyyətlərinin tətbiq edilməsi ilə müşayiət olunduğu nəzərə alınmalıdır. Həmin Qərarın 5.1-ci bəndində göstərilmişdir ki, inzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququnun tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciətinin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə (mübahisələndirmə haqqında), yaxud həmin aktların etibarsızlığının (qanunsuz) tanınması barədə (müəyyən etmə və tanınma haqqında) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 2.1-ci maddəsinə əsasən mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 may 2014-cü il tarixli qərarında qeyd edilmişdir ki, daşınmaz əmlakın alqı-satqısı və dövlət qeydiyyatı ilə bağlı mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli yalnız qaldırılmış iddia tələbinin hüquqi təbiətindən, onun mülki-hüquqi və ya inzibati-hüquqi tələb olmasından asılıdır. Məhkəmə araşdırması zamanı məhkəmənin sorğusuna əsasən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixli, 3-21-3-30/2-31695/2024 **********95 nömrəli məktuba əsasən təqdim edilmiş sənədlərlə müəyyən edilmişdir ki, iddiaçının mübahisələndirdiyi qeydiyyat vəsiqəsi cavabdeh tərəfindən notarial qaydada təstiq edilmiş alğı-satqı müqaviləsi əsasında verilmişdir. Beləliklə, işin faktiki hallarını qanunvericiliyin yuxarıda sadalanan normalarına tətbiq edərək məhkəmə qeyd edir ki, hazırki mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlər ümumi (publik) münasibətlərə aid olmayıb, inzibati məhkəmə icraatının predmetinə aid olan mübahisə deyil, alğı-satqı müqaviləsindən irəli gələrək mülki məhkəmə icraatının predmetini təşkil etməklə xüsusi hüququn nizamasalma predmetinə aid münasibətlərindən irəli gələn mübahisədir və sözügedən mübahisəyə ümumi məhkəmə icraatı qaydasında hüquqi qiymət verilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunvericiliyin tələbinə əsasən, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın məhkəmə tərəfindən mümkün sayılması üçün vacib şərtlər-tərəfin məhkəməyə müraciət etməsinə əsas verən mübahisənin mövcudluğu, tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddianın subyektiv hüquqa malik olan şəxs tərəfindən verilməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Məhkəmə yuxarıda qeyd edilənlərə əsasən hesab edir ki, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80.1-ci maddəsin əsasən Bu Məcəlləyə əsasən barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərardadının elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 80 və 85-cı maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: İddiaçı iddia tələbi mümkün sayılmasın. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına şikayət verilə bilər. Hakim Aygün Abdullayeva
Məhkəmə qərarları › İş №e-2-1(112)-10087/2024
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №e-2-1(112)-10087/2024
10.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver