Məhkəmə qərarları › İş №e-2-1(112)-10107/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-10107/2023

13.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-10107/2023 13.12.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi ilə, Babaşova Səbunə Firəddin qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “sadələşdirilmiş vergi ödəyicisi qeydiyyatının bərpa olunması” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsiə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin üzərinə ƏDV qeydiyyatının ləğv edilərək, sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququnun bərpası ilə bağlı öhdəliyin icrası tələbinin qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 218.1-ci maddəsinə əsasən aşağıda göstərilən şəxslər sadələşdirilmiş verginin ödəyicisi olmaq hüququna malikdir: 218.1.1. bu Məcəllənin Xİ fəslinin müddəaları nəzərə alınmaqla, ƏDV məqsədləri üçün qeydiyyata alınmamış və ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) vergi tutulan əməliyyatların həcmi 200.000 manat və ondan az olan şəxslər; 218.1.2.vergi tutulan əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) 200.000 manatdan artıq olan ticarət və (və ya) ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslər. Fəaliyyətinin ictimai iaşə fəaliyyəti olmasına və tərəfindən xx.xx.2022-ci il tarixdə ərizə təqdim edilməsinə baxmayaraq, vergi orqanı tərəfindən əsas olmadan xx.xx.2023-cü il tarixdən məcburi qaydada ƏDV qeydiyyatına alınmışdır. Əlavə dəyər vergisi üzrə qeydiyyatının ləğvi və yenidən sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququnun bərpa edilməsi ilə bağlı vergi orqanına müraciət etsə də, vergi orqanı tərəfindən müraciəti üzrə haqlı tələbi icra edilməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2023-cü il tarixli, **********071700 nömrəli etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, Vergi Məcəlləsinin 155.1-ci maddəsinin müddəalarına uyğun olaraq sahibkarlıq fəaliyyəti göstərən və ardıcıl 12 aylıq dövrün istənilən ayında vergi tutulan əməliyyatların həcmi 200000 manatdan artıq olan şəxslər, Məcəllənin 157.3.1-ci maddəsində göstərilən tarixdən 10 gün ərzində ƏDV-nin məqsədləri üçün qeydiyyata dair ərizə verməyə borludur. Vergi ödəyicisinin uçot-baza məlumatlarına əsasən xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan müddət ərzində Online kassa üzrə dövriyyəsinin 200000 manatdan artıq olduğu müəyyən edilmişdir. Qeyd edilənlərlə əlaqədar vergi ödəyicisinə xx.xx.2022-ci il tarixli **********264300 nömrəli “Əlavə dəyər vergisi məqsədləri üçün Qeydiyyata dair ərizə verilməsi barədə” Bildiriş göndərilmiş və 10 gün ərzində ƏDV məqsədləri üçün qeydiyyata dair müvafiq ərizə təqdim edilməsi bildirilmiş və qeyd olunan müddət ərzində ƏDV məqsədləri üçün qeydiyyata dair ərizə təqdim edilmədiyi halda vergi orqanı tərəfindən qanunvericiliyə uyğun olaraq müəyyən edilmiş tarixdən məcburi qaydada ƏDV məqsədləri üçün qeydiyyata alınacağı barədə məlumat verilmişdir. Qeyd edilən müddətlərdə ƏDV qeydiyyatı ilə və ya ictimai iaşə (8%) məlumat forması təqdim edilmədiyindən vergi ödəyicisi Vergi Məcəlləsinin 157.3.1-ci maddəsinin tələblərinə uyğun olaraq xx.xx.2023-cü il tarixdə xx.xx.2022-ci il tarixdən ƏDV məqsədləri üçün qeydiyyata alınmışdır. Aparılmış araşdırma zamanı vergi ödəyicisinin obyektinin ictimai iaşə fəaliyyətinə uyğun olmadığı müəyyən edilmişdir. Belə ki, vergi ödəyicisinin uçot baza məlumatarına əsasən əsas fəaliyyət növünün “Yeməkxanalar tərəfindən xidmətlərin göstərilməsi” olduğu halda müvafiq fəaliyyət növü ilə bağlı aktiv obyekti müəyyən edilməmiş və eyni zamanda digər fəaliyyət növünün “İstirahət və əyləncələrin təşkili üzrə sair fəaliyyət” növü olduğu müəyyən edilmişdir. Vergi Məcəlləsinin 158.1-ci maddəsinə əsasən vergi ödəyicisi, o cümlədən bu Məcəllənin 218.1.2-ci və ya 218.1.3-cü maddələrində göstərilən şəxslər (Vergi Məcəlləsinin 16.3-cü maddəsində nəzərdə tutulan hallar istisna edilməklə) ƏDV-nə cəlb olunan əməliyyatlar aparmağı dayandırırsa, ƏDV-nin məqsədləri üçün qeydiyyatın ləğv olunmasına dair ərizə verməyə borcludur. Bu halda, ƏDV-nin məqsədləri üçün qeydiyyatın ləğv olunması vergi ödəyicisinin vergi tutulan əməliyyatları tam dayandırdığı gün qüvvəyə minir. Vergi tutulan əməliyyatların tam dayandırılması dedikdə, vergi ödəyicisi tərəfindən ƏDV-nə cəlb olunan əməliyyatlar aparmağı dayandırması və ya vergi uçotundan çıxarılması məqsədilə müvafiq ərizə ilə vergi orqanına müraciət nəzərdə tutulur. Həmçinin, ƏDV-nin məqsədləri üçün qeydiyyata alınan və ƏDV tutulan əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) 200.000 manatdan artıq olan ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslər bu fəaliyyət üzrə müvafiq olaraq 8 faiz dərəcə ilə sadələşdirilmiş verginin ödəyicisi olmaq hüququndan istifadə etdikdə, cari ilin birinci rübü ərzində ƏDV qeydiyyatının ləğvi barədə ərizəni və aprel ayının 20-dək sadələşdirilmiş verginin bəyannaməsini vergi orqanına təqdim etməlidirlər. Vergi Məcəlləsinin 16.1.3-cü maddəsinə əsasən qanunvericiliklə nəzərdə tutulmuş qaydada gəlirlərinin (xərclərinin) və vergitutma obyektlərinin uçotunu aparmağa, həmin Məcəllənin 16.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada vergi orqanlarına və onların vəzifəli şəxslərinə zəruri olan məlumatları və sənədləri, habelə mühasibat uçotu elektron formatda aparıldığı halda, özünün və filiallarının elektron daşıyıcılarında olan məlumatlara birbaşa və ya məsafədən çıxış imkanı yaratmaqla, həmin məlumatları vergi orqanının tələbi ilə təqdim etmək vergi ödəyicisinin vəzifəsinə aid edilmişdir. 23.1.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək, habelə Vergi Məcəlləsinin 23.1.2-ci maddəsinə əsasən vergi ödəyicilərində bütün maliyyə sənədlərini, mühasibat kitablarını, hesabatları, smetaları, nağd vəsaitləri, qiymətli kağızları və başqa qiymətliləri, bəyannamələri və vergilərin hesablanması və ödənilməsi ilə bağlı olan digər sənədləri qanunvericiliklə müəyyən edilmiş qaydada yoxlamaq, yoxlamaların keçirilməsi zamanı yoxlamaya aid olan məsələlərlə bağlı vergi ödəyicilərindən və ya onun vəzifəli şəxslərindən lazımi izahatlar, arayışlar və məlumat almaq, habelə mühasibat uçotu elektron formatda aparıldığı halda elektron auditin məqsədləri üçün vergi ödəyicisinin və onun filiallarının elektron daşıyıcılarındakı məlumatlarının verilməsini, həmin məlumatlara birbaşa və ya məsafədən çıxış imkanının yaradılmasını tələb etmək vergi orqanlarının hüquqlarına aid edilmişdir. 24.0.1-ci və 24.0.2-ci maddələrinə əsasən, vergi orqanları vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə, vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə və vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləməyə borcludur. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə xx.xx.2023-cü il tarixli məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirməsi barədə ərizə təqdim edərək əlavə dəyər vergisi üzrə qeydiyyatın xx.xx.2022-ci il tarixdən ləğv edilməsi və həmin tarixdən sadələşdirilmiş vergi ödəyicisi hesab olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin eyni tarixli qərardadı ilə iddia tələbi dəqiqləşdirilmiş şəkildə icarata qəbul edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı tərəf iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya etiraz edərək tələbin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. İş materiallarına əlavə edilmiş Vergi ödəyicisinin Təsərrüfat subyektinin (obyektinin) qeydiyyatı, Vergi ödəyicisi haqqında məlumat: VÖEN: **********, adı: İddiaçı, rayonu: Bakı Şəhəri Xətai Rayonu. Obyekt haqqında məlumat: rayonu: Bakı Şəhəri Xətai Rayonu, adı: “Lamiland” X6, əsas sahə: 171.65, yardımçı sahə: 0, təsnifatı: istirahət və əyləncə obyekti, icarə vəziyyəti: ödəmə mənbəyində, obyektin ünvanı: AZ1025, ünvan 1 mən. 0, mobil telefonu **********, obyektin fəaliyyət sahəsi: Kodu: 93290, Adı: istirahət və əyləncələrin təşkili üzrə sair fəaliyyət (əsas). Rəhbər haqqında: soyadı Abdullayeva, adı: Aytəkin, atasının adı: Kamran qızı. İş materiallarına əlavə edilmiş xx.xx.2019-cu il tarixli İcarə müqaviləsinə əsasən icarəyə verən X2 Bakı şəhəri, Xətai rayonu, Bakı Ağ şəhər layihəsinin BW-30-31-32-33 torpaq sahəsində yerləşən 7 mərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 171.65 kv.m olan 23 saylı qeyri yaşayış sahəsinin tam mülkiyyət hüququ üzrə ona məxsus hissəsindən 171.65 kv.m qeyri yaşayış sahəsini icarəçi İddiaçı icarəyə verir. Bakı şəhəri X3 üzrə Baş İdarəsinin İddiaçı (VÖEN: **********) ünvanladığı Əlavə dəyər vergisi məqsədləri üçün Qeydiyyata dair ərizə verilməsi barədə Bildirişdə bildirilmişdir ki, təqdim edilmiş e-qaimə fakturalara, ixrac əməliyyatlarına və ya onlayn kassa məlumatlarına əsasən 2022-ci ilin dekabr ayı üzrə Vergi Məcəlləsinin 155.1-ci maddəsinin müddəalarına uyğun olaraq sahibkarlıq fəaliyyətində ardıcıl 12 aylıq dövr ərzində vergi tutulan əməliyyatların həcmi 200000 manatdan artıq olduğundan tərəfinizdən 10 gün ərzində ƏDV məqsədləri üçün qeydiyyata dair müvafiq ərizə təqdim edilməlidir. Qeyd olunan müddət ərzində ƏDV məqsədləri üçün qeydiyyata dair ərizə təqdim edilmədiyi halda vergi orqanı tərəfindən qanunvericiliyə uyğun olaraq müəyyən edilmiş tarixdən məcburi qaydada ƏDV məqsədləri üçün qeydiyyata alınacaqsınız. İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidmətinin Əlavə dəyər vergisi ödəyicisinin qeydiyyat barədə **********8 nömrəli Bildirişdə qeyd olunmuşdur ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X3 üzrə Baş İdarəsi bildirir ki, İddiaçı (VÖEN: **********) Azərbaycan Respublikasının Əlavə dəyər vergisi ödəyicilərinin Dövlət reyestrinə daxil edilmişdir. Qeydiyyatın aparılmasına əsas: **********884600. Qeydiyyatın qüvvəyə minmə tarixi: xx.xx.2022. Qeydiyyata alınma tarixi: xx.xx.2023. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X3 üzrə Baş İdarəsinin İddiaçı (VÖEN: **********) ünvanladığı xx.xx.2022-ci il tarixli, **********848500 nömrəli Bildirişdə qeyd edilmişdir ki, tərəfinizdən vergi orqanına təqdim edilmiş “İctimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququndan istifadə haqqında” Məlumat formasına qeydiyyatda olduğunuz vergi orqanında baxılmışdır. Bildiririk ki, sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququndan istifadə etməyiniz vergi orqanı tərəfindən İctimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslər vergi tutulan əmliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) 200.000 manatdan artıq olduqda növbəti ayın ilk 10 günü ərzində uçotda olduğu vergi orqanına sadələşdirilmiş verginin ödəyicisi olmaq hüququndan istifadə etmək barədə məlumatı təqdim edir. Müvafiq məlumat forması təqdim edilmədikdə həmin şəxslər Vergi Məcəlləsinin 155.1-ci maddəsinə uyğun olaraq ƏDV-nin məqsədləri üçün qeydiyyata alınır. Qeyd edilənlərlə əlaqədar dövriyyənizin 2022-ci ilin noyabr ayında 200.000 manatdan artıq olması və növbəti ayın ilk 10 günü ərzində sadələşdirilmiş verginin ödəyicisi olmaq hüququndan istifadə etmək barədə məlumatın təqdim edilmədiyi səbəbdən qəbul edilməmişdir. Əlavə məlumat almaq üçün İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Çağrı Mərkəzinə və ya Vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin iddiaçıya ünvanladığı xx.xx.2023-cü il tarixli müraciətə baxılması barədə məktubunda bildirilmişdir ki, Sizin ictimai iaşə fəaliyyəti ilə məşğul olan vergi ödəyicilərinin sadələşdirilmiş vergi mükəlləfiyyətinin aktivləşdirilməsi barədə müraciətinizə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində baxılmışdır. Müraciətinizlə əlaqədar olaraq bildiririk ki, Vergi Məcəlləsinin 218.1.2-ci maddəsinə əsasən vergi tutulan əməliyyatların həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) 200.000 manatdan artıq olan ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslər 8 faiz sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququndan istifadə edə bilər. Araşdırma zamanı uçot baza məlumatarına əsas fəaliyyət növünüzün “Yeməkxanalar tərəfindən xidmətlərin göstərilməsi” olduğu halda müvafiq fəaliyyət növü ilə bağlı aktiv obyektiniz müəyyən edilmədiyindən və eyni zamanda digər fəaliyyət növünüzün “İstirahət və əyləncələrin təşkili üzrə sair fəaliyyət” növü olduğu üçün müraciətinizin icrası məqsədəmüvafiq hesab edilməmişdir. Vergi qanunvericiliyi və inzibatçılığı, sığorta haqlarının hesablanmasına və ödənilməsinə münasibətdə sosial sığorta, işsizlikdən sığorta və tibbi sığorta qanunvericilikləri ilə bağlı əlavə məlumat almaq üçün İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin internet saytına (www.taxes.gov.az), Çağrı Mərkəzinə (195) və ya vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin iddiaçıya ünvanladığı xx.xx.2023-cü il tarixli müraciətə baxılması barədə məktubunda bildirilmişdir ki, Sizin əlavə dəyər vergisinin məqsədləri üçün qeydiyyatının ləğv olunması barədə müraciətinizə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində baxılmışdır. Sizin eyni məzmunlu xx.xx.2023-cü il tarixli **********679100 nömrəli müraciətiniz xx.xx.2023-cü il tarixli **********663100 nömrəli məktubla cavablandırılmışdır. Təkrar olaraq nəzərinizə çatdırırıq ki, Vergi Məcəlləsinin 218.1.2-ci maddəsinə əsasən vergi tutulan əməliyyatların həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) 200.000 manatdan artıq olan ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslər 8 faiz sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququndan istifadə edə bilər. Müraciətinizlə əlaqədar araşdırma zamanı müəyyən edilmişdir ki, uçot baza məlumatarına əsas fəaliyyət növünüzün “Yeməkxanalar tərəfindən xidmətlərin göstərilməsi” olduğu halda müvafiq fəaliyyət növü ilə bağlı aktiv obyektiniz müəyyən edilmədiyindən və eyni zamanda digər fəaliyyət növünüzün “İstirahət və əyləncələrin təşkili üzrə sair fəaliyyət” növü olduğu üçün müraciətinizin icrası məqsədəmüvafiq hesab edilməmişdir. Vergi qanunvericiliyi və inzibatçılığı, sığorta haqlarının hesablanmasına və ödənilməsinə münasibətdə sosial sığorta, işsizlikdən sığorta və tibbi sığorta qanunvericilikləri ilə bağlı əlavə məlumat almaq üçün İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin internet saytına (www.taxes.gov.az), Çağrı Mərkəzinə (195) və ya vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrıayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Öhdəliyin icrası haqqında iddia növünə münasibətdə iddianın xüsusi mümkünlük şərti iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə cavabdeh orqana müraciət etməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmişdir. İşin hallarından görünür ki, iddiaçı xx.xx.2019-cu ildən sadələşdirilmiş vergi ödəyicisi olaraq VÖEN ********** nömrəsi ilə qeydiyyata alınmışdır. İddiaçının xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan müddət ərzində online kassa üzrə dövriyyəsinin 200000 manatdan artıq olduğu müəyyən edilmiş, iddiaçıya “Əlavə dəyər vergisi məqsədləri üçün Qeydiyyata dair ərizə verilməsi barədə” Bildiriş göndərilərək 10 gün ərzində ƏDV məqsədləri üçün qeydiyyata dair müvafiq ərizə təqdim edilməsi bildirilmişdir. Cavabdeh orqanın iddiaçının qeyd edilən müddətlərdə ƏDV qeydiyyatı ilə və ya ictimai iaşə (8%) fəaliyyəti ilə məşğul olması ilə əlaqədar sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququndan istifadə etməsi barədə məlumat forması təqdim etmədiyini əsas gətirərək vergi ödəyicisini xx.xx.2023-cü il tarixdə xx.xx.2022-ci il tarixdən ƏDV məqsədləri üçün qeydiyyata alınmışdır. Hazırkı iddiasında iddiaçı ƏDV qeydiyyatının ləğvini və əvvəlki sadələşdirilmiş vergi ödəyicisi qeydiyyatının bərpası vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş edir. Vergi Məcəlləsininaşağıdakı maddələrinə əsasən: -154.1. ƏDV-nin ödəyicisi kimi qeydiyyatdan keçən və ya qeydiyyatdan keçməli olan şəxs ƏDV-nin ödəyicisidir. -154.2. Qeydiyyatdan keçən şəxs qeydiyyatın qüvvəyə mindiyi andan etibarən vergi ödəyicisi olur. Qeydiyyata dair ərizə verməli olan, lakin qeydiyyatdan keçməmiş şəxs qeydiyyata dair ərizə vermək öhdəliyinin yarandığı dövrdən sonrakı hesabat dövrünün başlanğıcından etibarən vergi ödəyicisi sayılır. -155.1. Sahibkarlıq fəaliyyəti göstərən və ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) vergi tutulan əməliyyatlarının həcmi 200.000 manatdan artıq olan şəxslər, o cümlədən bu Məcəllənin 218.1-ci maddəsi ilə müəyyən edilmiş hüquqdan istifadə etməyən ticarət və (və ya) ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslər (bu Məcəllənin 218.4.1-ci, 218.4.2-ci və 218.4.3-cü maddələrində göstərilənlər istisna olmaqla) bu Məcəllənin 157.3.1-ci maddəsində göstərilən tarixdən 10 gün ərzində ƏDVnin məqsədləri üçün qeydiyyata dair ərizə verməyə borcludur. Bir əqd və ya müqavilə üzrə əməliyyatın ümumi dəyəri 200.000 manatdan artıq olduqda, bu əməliyyat ƏDV tutulan əməliyyat sayılır və həmin əməliyyatı həyata keçirən şəxs bu əməliyyatın aparıldığı günədək ƏDV-nin məqsədləri üçün qeydiyyata dair ərizə verməyə borcludur. Bu Məcəllənin 218.1.2-ci maddəsində göstərilən şəxslər həmin maddədə müəyyən edilmiş hüquqdan istifadə etdikdə ardıcıl 12 aylıq dövrün istənilən ayında vergi tutulan əməliyyatlarının həcmi 200.000 manatı keçdiyi aydan sonrakı ayın 1-dən etibarən 10 gün ərzində fəaliyyətlərini sadələşdirilmiş vergi ödəyicisi kimi davam etdirəcəkləri barədə vergi orqanına yazılı formada ərizə təqdim etməlidirlər. -157.1. ƏDV-nin məqsədləri üçün məcburi və ya könüllü qeydiyyat haqqında ərizə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi forma üzrə verilməlidir. -157.2. Şəxs ƏDV-nin məqsədləri üçün qeydiyyatdan keçərkən vergi orqanı həmin şəxsi ƏDV ödəyicilərinin dövlət reyestrində qeydə almağa və ərizə verildikdən sonra 5 iş günündən gec olmayaraq ona müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi forma üzrə qeydiyyat bildirişi verməyə, həmin bildirişdə vergi ödəyicisinin adını və ona aid olan digər məlumatı, qeydiyyatın qüvvəyə mindiyi tarixi və VÖEN-i göstərməyə borcludur. -157.3. Qeydiyyat hansı tarixin əvvəl başlanmasından asılı olaraq aşağıdakı tarixlərin birində qüvvəyə minir: 157.3.1. məcburi qeydiyyat zamanı: - ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) vergi tutulan əməliyyatların həcmi 200.000 manatdan artıq olduqda - növbəti ayın birinci günündə; - bir əqd və ya müqavilə üzrə ƏDV-yə cəlb olunan əməliyyatın ümumi dəyəri 200.000 manatdan artıq olduqda - əməliyyatın aparıldığı günədək; - bu Məcəllənin 154.6-cı maddəsində nəzərdə tutulan fəaliyyətlə məşğul olan şəxslərin dövlət qeydiyyatına və ya vergi orqanında uçota alındığı gündə, bu fəaliyyətlə sonradan məşğul olduqları halda isə həmin fəaliyyəti həyata keçirməyə başladığı gündə. - 157.5. ƏDV-nin məqsədləri üçün qeydiyyatdan keçməyə borclu olan, lakin qeydiyyat üçün ərizə verməyən vergi ödəyicisini vergi orqanı öz təşəbbüsü ilə qeydiyyata alır və ona müvafiq qeydiyyat bildirişi göndərir. -218.1. Aşağıda göstərilən şəxslər sadələşdirilmiş verginin ödəyicisi olmaq hüququna malikdir: 218.1.1. bu Məcəllənin Xİ fəslinin müddəaları nəzərə alınmaqla, ƏDV məqsədləri üçün qeydiyyata alınmamış və ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) vergi tutulan əməliyyatların həcmi 200.000 manat və ondan az olan şəxslər; 218.1.2. vergi tutulan əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) 200.000 manatdan artıq olan ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslər. Sadalanan normalardan müəyyən olunur ki, ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) vergi tutulan əməliyyatlarının həcmi 200.000 manatdan artıq olan şəxslər növbəti ayın birinci günündən 10 gün ərzində ƏDV-nin məqsədləri üçün qeydiyyata dair ərizə vermədikdə vergi orqanı tərəfindən məcburi ƏDV qeydiyyatına alınırlar. Eyni zamanda ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslər vergi tutulan əməliyyatlarının həcmi 200.000 manatı keçdiyi növbəti ayın birinci günündən 10 gün ərzində uçotda olduğu vergi orqanına sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququndan istifadə etmək barədə məlumatı təqdim etmək imkanına malikdir. İş üzrə müəyyən olunur ki, xx.xx.2022-ci il tarixə iddiaçının dövriyyəsinin 200.000 manatı keçmiş, bu zaman iddiaçının ƏDV qeydiyyatı barədə ərizə təqdim etmək, eləcə də sadələşdirilmiş vergi ödəyicisi kimi davam etmə barədə ərizə ilə müraciət etmək hüququ üçün 10 günlük müddət axımı növbəti ayın, yəni dekabrın 1-dən başlamışdır. İddiaçı sadələşdirilmiş vergi ödəyicisi hüququndan istifadə etmə barədə ərizəsini vergi orqanına xx.xx.2022-ci il tarixdə təqdim etmiş, lakin vergi orqanı iddiaçının növbəti ayın 10 günü ərzində sadələşdirilmiş verginin ödəyicisi olmaq hüququndan istifadə etmək barədə məlumatın təqdim edilmədiyini, eləcədə iddiaçının obyektinin ictimai iaşə fəaliyyətinə uyğun olmadığını əsas gətirərək iddiaçını xx.xx.2023-cü il tarixdə xx.xx.2022-ci il tarixdən ƏDV ödəyicisi kimi qeydiyyata almışdır. Məhkəmə aşağıdakılara əsasən iddiaçının ƏDV ödəyicisi kimi saxlanılması barədə cavabdehin mövqeyi ilə razılaşmır. İşin yuxarıda qeyd edilən hallarından göründüyü kimi iddiaçı üçün sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququndan istifadə etmək barədə ərizəni təqdim etmək hüququ xx.xx.2022-ci il tarixdə yaranmış və sonuncunun qanunla xx.xx.2022-ci il tarixədək ərizəni təqdim etmək hüququ nəzərdə tutulmuşdur. Vergi Məcəlləsinin 68.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyən edilən hər hansı müddətin axımı onun hesablanmasını şərtləndirən hüquqi hərəkətin və ya faktiki hadisənin həyata keçirildiyi sonrakı gündən başlanır. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsaən hər hansı müddət bu Məcəllədə göstərilən dövrün sonuncu gününün axırında bitir. Bu Məcəllədə nəzərdə tutulan hər hansı müddət qeyri-iş gününə təsadüf edərsə, həmin müddət onun ardınca gələn ən yaxın növbəti iş gününə keçir. İşin hallarından görünür ki, iddiaçı üçün sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququndan istifadə barədə ərizəni təqdim etmək üçün son gün xx.xx.2022-ci il həftənin qeyri iş gününə-şənbə gününə düşmüş, bu zaman Məcəllənin 68.2-ci maddəsinin tələbinə uyğun olaraq son gün növbəti iş günü-xx.xx.2022-ci il tarixi olmuşdur. Göründüyü kimi iddiaçı müvafiq ərizəni qanunla nəzərdə tutulmuş müddətdə vergi orqanına təqdim etmişdir. İddiaçının sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququndan istifadə barədə ərizəni təqdim etmək hüququnun olub-olmaması, yəni Məcəllənin 1551.1 və 218.1.2-ci maddələrinə əsasən ictimai iaşə faəliyyəti ilə məşğul olan şəxs kimi 8%-lə sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququnun olması ilə bağlı məhkəmə aşağıdakıları qeyd edir. Vergi Məcəlləsinin 13.2.56-cı maddəsinə əsasən ictimai iaşə fəaliyyəti – fəaliyyət göstərdiyi xidmət obyektinin ərazisində və ya səyyar qaydada alıcıya istehlak məqsədilə hazırlanmış (bişirilmiş) qida (yeyinti) məhsullarının təqdim edilməsi ilə əlaqədar sahibkarlıq fəaliyyətidir. İşin hallarından görünür ki, iddiaçının uçot aza məlumatların aəsasən əsas fəaliyyət növü “yeməkxanalar trəfindən xidmətlərin göstərilməsi”, digər faəliyyət növü isə “istirahət və əyləncələrin təşkili üzrə sair fəaliyyət” növü olmuşdur. İddiaçının vergi uçotuna alındığı əsas fəaliyyət növü ictimai iaşə fəaliyyəti növünə uyğundur. Cavabdeh iddiaçının əsas fəaliyyət növü ilə bağlı aktiv obyektinin müəyyən edilmədiyini iddia etsə də işin hallarından müəyyən olunur ki, iddiaçı xx.xx.2019-cu il tarixli icarə müqaviləsinə əsasən Bakı şəhəri, Xətai rayonu, Bakı Ağ şəhər layihəsinin BW-30-31-32-33 torpaq sahəsində yerləşən 7 mərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 171.65 kv.m olan 23 saylı qeyri yaşayış sahəsini icarəyə götürmüş, həmin obyekt “Lamiland” X6 adı ilə vergi ödəyicisinin adına uçota alınmışdır. Uçot məlumatlarında qeyd edilən obyektin iddiaçının digər fəaliyyət növü- “istirahət və əyləncələrin təşkili üzrə sair fəaliyyət” kodu üzrə uçota alınsa da iddiaçının həmin obyektdə əsas fəaliyyəti “yeməkxanalar tərəfindən xidmətlərin göstərilməsi” olmuş, eyni zamanda həmin fəaliyyətə əlavə olaraq eyni obyektdə digər fəaliyyət növü olan “istirahət və əyləncələrin təşkili üzrə sair fəaliyyət”ini də həyata keçirmişdir. Təqdim edilmiş vergi ödəyicisi üzrə kassa əməliyyatları (onlayn kassa) müəyyən olunur ki, sözügedən obyektdə TPS 320 smart POS markalı kassa aparatı quraşdırımış, cavabdeh özü də kassa əməliyyatları barədə məlumatda məhz Bakı şəhəri, Xətai rayonu, Bakı Ağ şəhər layihəsinin BW-30-31-32-33 torpaq sahəsində yerləşən 7 mərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 171.65 kv.m olan 23 saylı qeyri yaşayış sahəsində quraşdırılmış kassa aparatı ödənişlərini nəzərə almış, dövriyyənin yeməkxanalar təərfindən xidmətlərin göstərilməsi əsas fəaliyyəti üzrə ödənilmiş vəsaitlərlərdən yarandığını qəbul etmişdir. Beləliklə, iddiaçının fəaliyyət göstərdiyi obyektin onun əsas fəaliyyət növü üzrə deyil, digər fəaliyyət növü üzrə qeydə alınması onun qeydə alınmış təsərrüfat obyektində yeməkxanalar tərəfindən xidmətlərin göstərilməsi şəklində ictimai iaşə fəaliyyəti həyata keçirmədiyini iddia etməyə əsas vermir. Vergi ödəyicisinin təsərrüfat obyektini onun əsas fəaliyyət növü koduna uyğun qeydə alınmaması uçotla bağlı məlumatları dəqiqləşdirərək sistemə daxil etməyə məsul olan vergi orqanının məsuliyyət sferasına aid olduğundan və iddiaçının həmin obyektdə ictimai iaşə fəaliyyətini həyata keçirmədiyini təsdiq edən müvafiq sübutlar təqdim edilmədiyindən məhkəmə bu qənaətə gəlir ki, cavabdeh iddiaçının ərizəsini nəzərə alaraq onu sadələşdirilmiş vergi ödəyicisi qalmaq hüququndan məhrum etməkdə haqlı olmamışdır. İnzibati Prosessual Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd еdilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, İddiaçı (VÖEN **********) əlavə dəyər vergisi üzrə qeydiyyatının xx.xx.2022-ci il tarixdən ləğv edilməsi və həmin tarixdən sadələşdirilmiş vergi ödəyicisi kimi qeydiyyatının bərpa edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə həvalə edilməlidir. İnzibati Prosessual Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52, 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia tələbi təmin edilsin. İddiaçı (VÖEN **********) əlavə dəyər vergisi üzrə qeydiyyatının xx.xx.2022-ci il tarixdən ləğv edilməsi və həmin tarixdən sadələşdirilmiş vergi ödəyicisi kimi qeydiyyatının bərpa edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar