Məhkəmə qərarları › İş №e-2-1(112)-10109/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-10109/2023

19.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-10109/2023 19.12.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi ilə, İddiaçı MMC-nin cavabdeh Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq: TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı MMC cavabdeh Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı tələbinə dəqiqləşmə verərək 14 oktyabr 2022-ci il tarixli cavabdehin qərarının (əmlak vergisi və Vergi Məcəlləsinin 58.7.1-ci maddəsinə əsasən tətbiq edilmiş maliyyə sanskiyası hissəsində istisna olmaqla) ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Ərizə icraata qəbul edilmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehin qərarına əsasən 01 noyabr 2018-ci il tarixdən 31 oktyabr 2021-ci il tarixədək dövr əhatə etməklə cəmiyyətdə səyyar vergi yoxlaması aparılmışdır. Yoxlama nəticəsində cəmiyyətə mənfəət, əlavə dəyər, ödəmə mənbəyində tutulan vergi olmaqla və maliyyə sanksiyası tətbiq edilmişdir. Qeyd olunur ki, əlavə dəyər vergisi və mənfəət vergisinin hesablanmasında səbəb Vergi Məcəlləsinin 14.10-cu maddəsinə istinad edilərək təqdim edilmiş dərman vasitələrinin qiymətlərinin Tarif Şurası tərəfindən müəyyən edilmiş qiymətlərin əsas götürülməsi olmuuşdur. Halbuki, həmin hal tam əsassız və qanunsuzdur. Belə ki, qanunvericiliyin tələbi topdansatış əzcacılıq müəssisələri və aptek təşkilatlarına aid edilir. İddiaçı isə əczacılıq müəssisələrinə dərman vasitələrini təqdim edən idxalçı müəssisədir. Tarif Şurasının qiymətlərinin iddiaçıya heç bir aidiyyəti yoxdur. Cəmiyyətin bankda olan hesabına ümumiyyətlə pul vəsaiti daxil olmadığı halda Tariş Şurasının qiymətlərinin əsas götürülməsi əssasız vergi hesablanmasına səbəb olmuşdur. Ödəmə mənbəyində tutulan verginin hesablanması ilə bağlı qeyd edilir ki, borc müqaviləsi faizlə və faizsiz bağlanıla bilər. Lakin, vergi orqanı heç bir əsaslı səbəb olmadan borcun təsisçidən faizlə alınması qənaətinə gəlmişdir. Cavabdehin etirazı: Etiraz onunla əsaslandırılmışdır ki, yoxlama ilə əhatə edilən dövrdə elektron qaimə ilə təqdim edilmiş dərman vasitələri yoxlama ilə nəzərə alınmış, alınmış dərman vasitələrinin pərakəndə qaydada satışı üstünlük təşkil etdiyi üçün Tarif Şurası ilə tənzimlənən dərman vasitələrinin topdan satışı qiyməti tətbiq edilməklə mənfəət və ƏDV üzrə hesablama cavabdeh tərəfindən düzgün olaraq aparılmışdır. ÖMV üzrə də müəyyən edilmişdir ki, cəmiyyətin təsisçisi E.Tağıyev müəssisəyə 290 min manat borc vermiş və həmin müəssisənin bank hesabına həmin vəsait mədaxil edilmiş, lakin geri qaytarılmamışdır. Buna uyğun faiz səviyyəsi nəzərə alınmaqla da faizlər hesablanmış və təsisçiyə ödənilməli olan faiz məbləğlərindən ödəmə mənbəyində 10 faiz dərəcə ilə vergi tutulub dövlət büdcəsinə ödənilməsi təklif edilmişdir. Eyni zamanda, iddiaçıya Vergi Məcəlləsinin 58.8.3-cü maddəsinin tələbləri də nəzərə alınmaqla maliyyə sanksiyası hesablanmışdır. Belə ki, iddiaçı tərəfindən tibb xidmətlərinin çeşidi, miqdarı və real qiymətləri barədə ilkin sənədlər tam təqdim edilməmişdir. Əldə edilən məlumatlar əsasında isə ƏDV bəyannməsində göstərilən məbləğlərin bəyannamədə göstərilməli olan məbləğinə nisbətən azaldıldığı aşkar edilmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: İddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. Həmin qərardan inzibati qaydada verilmiş şikayətlər və qəbul edilmiş qərarlar da nəzərə alınmaqla məhkəmə hesab edir ki, müddətlə bağlı şərt də pozulmamışdır. Faktiki hallar və sübutlar: İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İqtisadiyyat Nazirliyinin Apellyasiya Şurasının, eləcə də Dövlət Vergi Xidmətinin inzibati şikayətin təmin edilməməsi haqqında qərarlarında qeyd edilmişdir ki, vergi məbləğinin hesablanması zamanı Tarif Şurası tərəfindən əsasən müəyyənləşdirilən qiymətlərin əsas götürülməsi, eləcə də faizə verilmiş təsisçidən alınan borc qismində nəzərə alınma qanunvericiliyin tələbinə uyğun olmuşdur. Mübahisələndirilən 14 oktyabr 2022-ci il tarixli qərarında qeyd edilmişdir ki, iddiaçı müxtəlif cəmiyyətlərə müxtəlif tərkibli dərman vasitələri təqdim etmişdir. Qanunvericiliyin tələbinə əsasən dövlət qeydiyyatına alınmış dərman vasitələrinin topdan və ya pərakəndə satışı Tarif Şurası tərəfindən müəyyən edilən qiymətlərlə həyata keçirilir. İddiaçının topdansatışı üstünlük təşkil etdiyi üçün Tarif Şurasının müəyyən etdiyi qiymət əsasında hesablama aparılmış və kənarlaşan dövriyyə müəyyən edilmişdir. Bundan əlavə, vergi ödəyicisi tərəfindən dərman vasitələri xarab olmuş, lakin həmin xarab olan mallara Vergi Məcəlləsinin 159.5-ci maddəsinə əsasən əlavə dəyər vergisi hesablanmamışdır. Nəticədə vergi hesablaması ilə yanaşı maliyyə sanksiyasının tətbiqi üçün əsas olmuşdur. Bundan başqa təsisçi tərəfindən iddiaçıya borc verilmişdir ki, həmin vəsait mədaxil olunmuş, lakin qaytarılmamışdır. Buna uyğun olaraq da faiz nəzərə alınmaqla iddiaçıya hesablama həyata keçirilmişdir. Bəzi malların isə alışını təsdiq edən sənədlər olmadan satışının həyata keçirildiyi aşkar edilmiş və maliyyə sanksiyası tətbiq edilmişdir. Həmçinin, iddiaçıya 2020-ci ilin əmlak vergisinə kameral vergi yoxlaması ilə əlavə 22,64 manat vergi hesablanmışdır. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Məhkəmə işin yuxarıda göstərilən faktiki hallarını, o cümlədən tətbiq edilməli olan maddi və prosessual hüquq normalarının tələblərini nəzərə almaqla hesab edir ki, iddia təmin olunmalıdır. Gəlinən nəticə ilə bağlı aşağıdakıların da qeyd edilməsi zəruridir. İşin faktiki hallarından, o cümlədən mübahisələndirilən qərardan da göründüyü kimi tərəflər arasında yaranmış inzibati mübahisə iddiaçıya Tarif Şurası tərəfindən müəyyən edilmiş qiymətlər əsasında mənfəət və əlavə dəyər vergisinin hesablanması, eləcə də malların xarab olması ilə əlaqədar Vergi Məcəlləsinin 159.5-ci maddəsinin tətbiqi, həmçinin təsisçi tərəfindən verilmiş borc məbləğinə uyğun faiz nəzərə alınmaqla hesablamanın aparılması, maliyyə sanksiyasının tətbiqi ilə bağlıdır. Dəqiqləşmə ərizəsindən də göründüyü kimi qərar digər əmlak vergisi və Vergi Məcəlləsinin 58.7.1-ci maddəsinə əsasən tətbiq edilmiş maliyyə sanskiyası hissəsində mübahisələndirilməmişdir. Məhkəmə iddiaçıya Tarif Şurası tərəfindən müəyyən edilmiş qiymətlər əsasında mənfəət və əlavə dəyər vergisinin hesablanması, eləcə də maliyyə sanskiyasının tətbiq edilməsinə münasibətdə cavabdehin qərarın qanunsuz və əsassız olmasına münasibətdə aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. “Dərman vasitələri haqqında” Azərbaycan Respublikası Qanununa əsasən: - 1.0.10. topdansatış əczaçılıq müəssisəsi - bu Qanunun tələbləri nəzərə alınmaqla dərman vasitələrinin topdansatışını həyata keçirən hüquqi şəxs; - 1.0.11. aptek təşkilatı - bu Qanunun tələbləri nəzərə alınmaqla dərman vasitələrinin pərakəndə satışını (dərman vasitələrinin fərdi sifarişlər əsasında hazırlanması da daxil olmaqla) həyata keçirən fiziki və hüquqi şəxs; - 1.0.12. dərman vasitələri istehsalçısı - bu Qanunun və Azərbaycan Respublikasında qüvvədə olan müvafiq standartların tələbləri nəzərə alınmaqla dərman vasitələrini sənaye üsulu ilə istehsal edən hüquqi şəxs; - 4.6. Dövlət qeydiyyatına alınmış dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi və həmin qiymətlərə nəzarətin həyata keçirilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 3 iyun tarixli 209 nömrəli qərarı ilə təsdiq edilmiş “Dövlət qeydiyyatına alınmış dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi və həmin qiymətlərə nəzarətin həyata keçirilməsi Qaydası”na əsasən: - 1.1. Bu Qayda “Dərman vasitələri haqqında” Azərbaycan Respublikası Qanununun 4.6-cı maddəsinə uyğun olaraq hazırlanmışdır və Azərbaycan Respublikasında dərman vasitələrinin qiymətlərinin tənzimlənməsini və onlara nəzarətin həyata keçirilməsi qaydalarını müəyyən edir. - 1.2. Bu Qayda “Dərman vasitələri haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.10-1.0.12-ci maddələrində nəzərdə tutulmuş şəxslərə şamil edilir. - 1.3. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınaraq “Azərbaycan Respublikasının dərman vasitələrinin Reyestri”nə daxil edilmiş dərman vasitələrinin qiymətləri Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası (bundan sonra - Şura) tərəfindən tənzimlənir. -2.1. Dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi bazis qiymətlər əsasında həyata keçirilir. Bazis qiymət dərman vasitəsinin dozası, ticarət qablaşdırması və qablaşdırmadakı miqdarı nəzərə alınmaqla müxtəlif ölkələrdə topdansatış əczaçılıq müəssisələrinə rəsmi satış qiymətlərinin müqayisəsi əsasında müəyyən edilən qiymətdir. - 3.1. Dərman vasitəsinin ƏDV-siz topdansatış qiyməti ölkədaxili topdansatış əczaçılıq müəssisəsinə şərti satış qiymətinə bu Qaydanın 3.4-cü bəndinin cədvəl hissəsində topdansatış əczaçılıq müəssisəsi üçün nəzərdə tutulan müvafiq əlavələr edilməklə hesablanır. Dərman vasitəsinin ölkədaxili topdansatış əczaçılıq müəssisəsinə şərti satış qiyməti Şura tərəfindən istinad üçün müəyyən edilən tarixə milli valyutanın ABŞ dollarına olan rəsmi məzənnəsi, Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən təsbit edilən satış məzənnəsi üçün yuxarı hədd və nəzarət markasının qiyməti nəzərə alınmaqla bazis qiymət əsasında hesablanan qiymətdir. - 3.2. Dərman vasitəsinin ƏDV-siz pərakəndə satış qiyməti dərman vasitəsinin ƏDVsiz topdansatış qiymətinə bu Qaydanın 3.4-cü bəndinin cədvəl hissəsində aptek təşkilatı üçün nəzərdə tutulan müvafiq əlavələr edilməklə hesablanır. - 5.3. Dərman vasitələrinin tənzimlənmiş qiymətləri və tətbiqi tarixi barədə məlumat 2 (iki) iş günü müddətində Şuranın rəsmi internet saytında yerləşdirilir. - 5.4. Şura tərəfindən təsdiq edilmiş qiymətlər Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təqdim edilən dərman vasitələri haqqında məlumatlarda əks olunur. - 5.7. Dərman vasitələri üzrə təsdiq edilən qiymətlər Şuranın qərarı ilə müəyyən edilən tarixdən qüvvəyə minir. İstinad olunan normalardan görünür ki, dərman vasitələrinin bazis qiyməti müvafiq metoda əsasən təqdim edilən məlumatlar əsasında Şura tərəfindən müəyyən edilir və həmin dərmanın topdan və pərakəndə satış qiyməti müəyyən edilmiş qiymət nəzərə alınmaqla Qaydanın 3.4-cü bəndinin cədvəl hissəsində nəzərdə tutulan müvafiq əlavələr edilməklə hesablanır. Azərbaycan Respublikasının Tarif (Qiymət) Şurasının dövlət qeydiyyatına alınmış dərman vasitələrinin qiymətlərini müəyyən edən “Dövlət qeydiyyatına alınmış dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi barədə” qərarlarından, o cümlədən yuxarıda istinad edilən Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 2020-ci il 19 iyun tarixli 1 nömrəli qərarından görünür ki, həmin qərarlarla dərman vasitələrinin aptek təşkilatlarına topdan və aptek təşkilatı tərəfindən pərakəndə satış qiymətləri təsdiq edilmişdir. Tarif Şurasının həmin qərarlarının (o cümlədən Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 2020-ci il 19 iyun tarixli 1 nömrəli qərarının) 2-ci hissəsində müəyyən edilir ki, qərarın 1-ci hissəsi ilə təsdiq edilmiş əlavə Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası tərəfindən qiymətləri tənzimlənmiş dərman vasitələri üzrə onların ticarət adını, təsiredici maddəsinin adını, dozasını, farmasevtik formasını, ticarət qablaşdırmasını, qablaşdırma miqdarını, istehsal ölkəsini, istehsalçı şirkətini, aptek təşkilatlarına topdan və aptek təşkilatı tərəfindən pərakəndə satış qiymətini və qüvvəyə minmə tarixini əks etdirən icmal siyahıdır. Belə olan halda aydın olur ki, Azərbaycan Respublikasının Tarif (Qiymət) Şurası tərəfindən yalnız aptek təşkilatlarına topdan və aptek təşkilatı tərəfindən pərakəndə satış qiyməti təsdiq edilir. İş materiallarından isə görünür ki, iddiaçı topdan satış formasında satdığı malları aptek təşkilatlarına deyil, aptek təşkilatlarına topdan satışı həyata keçirən şirkətlərə təqdim etmişdir. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh iddiaçının satdığı həmin mallara Azərbaycan Respublikasının Tarif (Qiymət) Şurası tərəfindən təsdiq edilmiş qiymətləri tətbiq etməkdə haqlı olmamışdır. Əks halda, həmin satışdan mənfəətin formalaşması əsasının nədən ibarət olması ilə bağlı məntiqə uyğun olmayan hal yaranacaqdır ki, belə ki, iddiaçı aptek təşkilatlarına da topdan satışı həyata keçirərkən həmin qiymət əsas götürülməklə aptel təşkilatı tərəfindən satışın həyata keçirilməsi zamanı satış məbləğlərinin bərabərliyindən söhbət gedəcəkdir ki, məhkəmə qeyd olunan nüans nəzərə alınmaqla cavabdehin qərar qəbul edilərkən həmin mövqeyinin qanunsuz və əsassız olması qənaətindədir. Beləliklə də, cavabdeh nəzərə almamışdır ki, iddiaçı aptek təşkilatlarına topdan satışı həyata keçirən cəmiyyət olduğundan cavabdehin Tarif Şurası tərəfindən müəyyən edilən qiymətlər nəzərə almaqla vergi hesablaması və maliyyə sanskiyası tətbiq edilməsi əsası mövcud olmamışdır. Bundan əlavə, mübahisələndirilən qərardan görünür ki, cavabdeh dərman vasitələrinin xarab olması, lakin həmin xarab olmuş mallara Vergi Məcəlləsinin 159.5-ci maddəsinin tətbiq edilməməsi və əlavə dəyər vergisinin hesablanmamasına istinad edərək əlavə dəyər vergisi hesablamışdır. Buna uyğun olaraq da, məsuliyyət tədbirinin də həyata keçirilməsi qərara alınmışdır. Adıçəkilən maddənin isə tələbindən göründüyü kimi vergi ödəyicisi malları (işləri, xidmətləri) ƏDV-ni ödəməklə əldə edirsə və müvafiq əvəzləşdirmə alırsa və ya almaq hüququna malikdirsə, belə mallardan (işlərdən, xidmətlərdən) qeyri-kommersiya məqsədləri üçün istifadə edilməsi, fövqəladə hallardan, qanunvericiliklə müəyyən edilmiş təbii itki normaları daxilində zayolmadan əmələ gələn itkilərdən, təbii itki normaları daxilində xarabolmalar və bu kimi əskikgəlmələrdən başqa, malların itməsi, əskik gəlməsi, xarab olması, tam amortizasiya olunmadan uçotdan silinməsi və ya oğurlanması vergi tutulan əməliyyat sayılır. Qeyd olunmalıdır ki, xarab olmuş mallara görə ödənilmiş əlavə dəyər vergisi cəmiyyət tərəfindən Vergi Məcəlləsinin 175-ci maddəsinin tələbləri pozulduğuna görə cəmiyyətin həmin mallara görə ödənilmiş ƏDV-ni əvəzləşdirmək hüququ olmamışdır. Vergi orqanı tərəfindən xarab olmuş mallara görə həmin malların alışı zamanı cəmiyyət tərəfindən əlavə dəyər vergisinin ödənilməsi cəmiyyət tərəfindən ƏDV-ni əvəzləşdirmək hüququnun olması və həmin malların dəyərinin cəmiyyətin vergi tutulan dövriyyəsində əks etdirilməsi müəyyən edilməmiş, cəmiyyətə məxsus olmalarının buna uyğun olaraq inventarizasiyası keçirilməmişdir. Vergi Məcəlləsinin 159.7-ci maddəsinə əsasən bu maddənin digər müddəalarından asılı olmayaraq malları ƏDV-nə cəlb edilən əməliyyatlar nəticəsində əldə edən, lakin bu malları əldə edərkən Məcəllənin 175-ci maddəsinə əsasən ƏDV-ni əvəzləşdirmə hüququ olmayan şəxsin həmin malları göndərməsinə vergi tutulan əməliyyat kimi baxılmır. Beləliklə maddənin tələbindən də göründüyü kimi malların xarab olması o zaman vergi tutulan əməliyyat hesab edilə bilər ki, vergi ödəyicisi malları (işləri, xidmətləri) ƏDV-ni ödəməklə əldə etsin və müvafiq əvəzləşdirmə alsın və ya almaq hüququna malik olsun. Nəzərə alınmalıdır ki, AR İPM-nin 14-cü maddəsinin tələbinə əsasən mübahisələndirmə növündə iddia üzrə iddianın təminini istisna edən faktiki şərtlərinin mövcudluğunu cavabdeh sübut etməlidir ki, qeyd olunan hesablama ilə bağlı cavabdeh xarab olmuş malların vergi tutulan əməliyyat hesab edilməsinə əsas ola biləcək göstərilən halları sübut edə bilməmişdir. Təsisçinin iddiaçıya vermiş olduğu borca münasibətdə faiz nəzərə alınmaqla vergi hesablanması və məsuliyyət tədbirinin tətbiqinə münasibətdə işə məhkəmə aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 739.1. borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Qeyd olunmalıdır ki, vergi orqanı təsisçinin müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxs olmasını müəyyən etmədən iddiaçı arasında olan borc (kredit) münasibətlərində ehtimallara əsaslanmaqla Mərkəzi Bankın kreditlər üzrə orta faiz dərəcəsinə əsasən mənfəətinin olduğu qənaətinə gəlmişdir. Nəzərə alınmalıdır ki, Vergi Məcəlləsinin 12.3-cü maddəsinə görə vergitutma obyekti gəlir, mənfəət, əmlak, torpaq, faydalı qazıntılar, təqdim edilmiş malların (işin, xidmətin) dəyəri, ticarət əlavəsi və ya bu Məcəllə ilə müəyyənləşdirilən digər vergitutma obyektləridir. Məcəllənin 104.1-cü maddəsinə görə rezident müəssisə üçün vergitutma obyekti onun mənfəətidir. Cavabdeh isə heç bir əsaslı səbəb olmadan borc məbləğləri hələ qaytarılmamış vəziyyətdə inzibati orqan tərəfindən mənfəət kimi vergitutma obyekti qismində qiymətləndirilmişdir. İlk növbədə həmin pul vəsaitləri qaytarılmadığı halda, ümumiyyətlə vergitutmanın obyekti ola bilməz. Bundan başqa, kredit və ya digər formada pul vəsaitlərinin verilməsinin hazırkı təsisçinin sahibkarlıqla bağlı fəaliyyət istiqamətinə daxil olmaması (yəni, onun bank təşkilatı və ya BOKT olmaması) və bu vəsaitlərin verilməsinin məqsədi nəzərə alınmalı idi. Qeyd edilməlidir ki, mülki qanunvericiliyin tələbindən də göründüyü kimi borcun mütləq qaydada faizlə verilməsi barədə şərt nəzərdə tutulmamış, faizsiz də borcun verilməsinin mümkünlüyü qanunvericiliklə təsbit edilmişdir. Hətta, həmin hal mövcud olsa belə, cavabdeh tərəfindən həmin məbləğ xərc kimi də nəzərə alınmamışdır. Həmçinin qeyd edilməlidir ki, “Məhkəmə və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 79-1-ci maddəsinə görə vahid məhkəmə təcrübəsi məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsini təmin etmək məqsədilə formalaşdırılır. Ali Məhkəmə hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini baxdığı işlər üzrə məhkəmə kollegiyalarının və Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə formalaşdırır. Göründüyü kimi hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin formalaşdırılması təkcə Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə deyil, eyni zamanda məhkəmə kollegiyalarının fərdi işlər üzrə qərarları vasitəsi ilə də həyata keçirilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-2215/2023 saylı iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qərarında qeyd edilmişdir ki, iddiaçının təsis etdiyi digər hüquqi şəxslərə verdiyi borc məbləğləri hələ qaytarılmamış vəziyyətdə inzibati orqan tərəfindən mənfəət kimi vergitutma obyekti qismində qiymətləndirilmişdir. İlk növbədə həmin pul vəsaitləri qaytarılmadığı halda, ümumiyyətlə vergitutmanın obyekti ola bilməz. Bundan başqa, kredit və ya digər formada pul vəsaitlərinin verilməsinin hazırkı iddiaçının fəaliyyət istiqamətinə daxil olmaması (yəni, onun bank təşkilatı və ya BOKT olmaması) və bu vəsaitlərin verilməsinin məqsədi nəzərə alınmalı idi. Sadalanan xüsusatların qiymətləndirilməsi həmin pul vəsaitlərinin faizlə verilən borc məbləğlərinə aid edilməsini, eləcə də pul vəsaitlərinin hərəkəti üzrə iddiaçının mənfəət əldə etməsi ehtimalını aradan qaldırır. Halbuki, cavabdeh inzibati orqan iddiaçının həmin borc vəsaitlərindən faizlər üzrə gəlir əldə etməsini konkret sübutlara söykənmədən, ehtimal olunan hallarla əsaslandırmaqla kifayətlənmişdir. Belə halı isə, Vergi Məcəlləsinin müddəaları (o cümlədən, 53-cü maddəsi) vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətin əsası kimi müəyyən etməmişdir. Həmçinin həmin aktlar iddiaçıya vergi qanunvericiliyi ilə müəyyən edilməyən qaydada hesablanmış müvafiq məbləğdə vergi borcunu ödəmək öhdəliyi yaradır. Halbuki, belə hal Vergi Məcəlləsinin 3.8-ci maddəsinin tələblərinə ziddir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-2215/2023 saylı iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qərarında qeyd edilmişdir ki, iddiaçı borc vermişdir və bu maliyyə vəsaitinin yaranma mənbəyi iddiaçının öz təsisçisindən aldığı borcdur. Yəni, təsisçi fiziki şəxs öz müəssisəsinə (iddiaçıya) borc vermiş, iddiaçı isə həmin vəsaiti özünün də təsisçisi olduğu digər müəssisəyə ("xxxx" MMC-yə) yenidən borc olaraq vermişdir. Qeyd olunan əməliyyatları təsdiq edən müqavilələr iş üzrə materiallarda mövcuddur. Göründüyü kimi, iddiaçı borc təqdim edəndir və bu əməliyyat üzərindən onun hər hansı gəliri formalaşmamışdır. Müqavilələrdə iddiaçının borcu faizlə verdiyi nəzərdə tutulmamışdır və borcun verilməsi hər hansı faizlə şərtləndirilməmişdir. Yalnız iddiaçının borcu faizlə verdiyi və borc verilən məbləğin geri qaytarıldığı təqdirdə, iddiaçının faizlərdən gəliri formalaşa və ya yarana bilərdi. Hazırki mübahisəyə münasibətdə isə müqavilələrdə belə şərt təsbit edilməmişdir və bu hal Mülki Məcəllənin 390-cı və 739.2-ci maddələrinin borc münasibətlərinin rəsmiləşdirildiyi dövrdə qüvvədə olan redaksiyasının tələblərinə uyğundur. MM-nin 739.2-ci maddəsinin 2-ci cümləsinə əsasən (xx.xx.2023-cü il tarixdən borc fəsli yeni redaksiyada verilmişdir), müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Hazırki iş üzrə materiallardan iddiaçının belə fəaliyyətlə məşğul olan şəxs olduğu görünmür. Bu baxımdan iddiaçının borcu faizsiz verdiyi, onun hər hansı gəlirinin formalaşmadığı qəbul olunmalıdır. Göründüyü kimi cavabdeh vergi orqanının qərarı mübahisələndirilən hissədə, yəni əmlak vergisi və Vergi Məcəlləsinin 58.7.1-ci maddəsinə əsasən tətbiq edilmiş maliyyə sanskiyası hissəsində istisna olmaqla digər hissələrdə qanunsuz və əsassız olmuşdur. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. Cavabdehin **********163520 nömrəli 14 oktyabr 2022-ci il tarixli qərarı (əmlak vergisi və Vergi Məcəlləsinin 58.7.1-ci maddəsinə əsasən tətbiq edilmiş maliyyə sanskiyası hissəsində istisna olmaqla) ləğv edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim: Orxan Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar