Məhkəmə qərarları › İş №e-2-1(112)-10111/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-10111/2023

01.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-10111/2023 01.09.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı və vəsiqəsinin verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı və vəsiqəsinin verilməsi” qərar qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı N2-ci il tarixdə hərbi xidmətə yollanmış, hərbi hissə komandirinin əmri ilə atıcı vəzifəsinə təyin edilmiş, N3-cü il 22 mart tarixinə kimi N saylı hərbi hissədə xidmətini davam etdirmiş, N3-cü ilin fevral ayının 12-dən 28 fevral N3-cü il tarixədək N nömrəli hərbi hissənin tərkibində Ağdərə rayonu uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Lakin, cavabdeh heç bir üzrlü səbəb olmadan onun statusunun tanınmasından imtina etdiyindən məhkəməyə müraciət etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, onun N3-cü ilin fevral ayında Ağdərə uğrunda döyüşlərdə iştirakı barədə məlumat mövcud olmamışdır. 13 fevral N3-cü il tarixli sərəncamındna əlavə şəxsin hər hansı bir səbəblə hər hansı bir bölgəyə ezamiyyətə göndərilməsi hərbi hissə komandirinin müvafiq əmrində hər bir şəxisn ayrı-ayrılıqda adları qeyd olunmaqla öz əksini tapmalıdır. N nömrəli hərbi hissədən N nəfər şəxsin Ağdərə istiqamətində döyüşlərə göndərilməsi qeyd olunsa da iddiaçının həmin şəxsi heyətion sıralarında olması N nömrəli hərbi hissənin nizami hissə üzrə əmrlərində öz əksini tapmalıdır. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. İddia tələbinin mahiyyəti ilə bağlı isə məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Gəlinən nəticə ilə bağlı aşağıdakıların qeyd edilməsi zəruri hesab olunur. İş materiallarında olan: Arxiv arayışından görünür ki, 28 dekabr N2-ci il tarixdə N nömrəli hərbi hissə komandirinin əmri ilə iddiaçı atıcı vəzifəsinə təyin edilmiş, 22 mart N3-cü il tarixli 3N nömrəli əmrlə N nömrəli hərbi hissənin siyahısına daxil edilmişdir. 30 iyun N7-ci il tarixli N nömrəli hərbi hissənin N nömrəli əmrlə ştat ixtisarı ilə iddiaçı qanuni əsaslarla ehtiyata buraxılmışdır. Arxiv arayışında qeyd edilir ki, N nömrəli hərbi hissə komandirinin sentyabr- 08 dekabr N2-ci il tarixli və N3-cü il tarixli nizami hissə üzrə əmrləri Arxivə daxil olmamışdır. Bu səbəbdən onun N3-cü il fevral ayında döyüşlərdə iştirak etməsi barədə araşdırma aparıla bilmir. 13 fevral N3-cü il tarixli Baş Qərargah rəisinin sərəncamından görünür ki, Ağdərə istiqamətində vəziyyətin çətin olması əsası ilə N saylı hərbi hissədən N nəfər əsgər və N nəfər zabit Ağdərə rayonunda 3-cü motoatıcı briqadasının komandirinin sərəncamına göndərilmişdir. Müdafiə nazirliyinin məktubunda qeyd edilmişdir ki, onun N nömrəli hərbi hissə komandirinin N mart N3-cü il tarixdən 10 may N4-cü il tarixədək əmrlərində döyüş əməliyyatları bölgəsinə göndərilməsinə dair məlumat aşkar edilməmişdir. N nömrəli hərbi hissənin mübahisəli dövr üzrə əmrləri Arxivə təhvil verilməmişdir. Təhvil verilməmə səbəbləri barədə məlumat da mövcud deyil. 13 fevral N3-cü il tarixli istinad olunan sərəncamın tərtib edilməsinə əsas olmuş sənədlərin saxlama müddəti qurtardığına görə məhv edilmişdir. İddiaçıya məxsus hərbi biletin surətindən görünür ki, onun 12 fevral-28 fevral N3-cü il tarixdə döyüşməsi N nömrəli hərbi hissənin aidiyyəti şəxsinin imzası ilə təsdiq edilmişdir. Balakən Rayon Məhkəməsinin qətnaməsindən görünür ki, XN n nömrəli hərbi hissənin tərkibində N3-cü ilin fevral ayında döyüşlərdə iştirak etməsi faktının müəyyən edilməsi barədə məhkəməyə müraciət etmiş, sərəncama istinad edilərək döyüşə göndərilməsi, Müdafiə nazirliyinin arxivində həmin hərbi hissə ilə bağlı həmin dövrdə əmrlərin olmamasına istinad edilmiş, həmin sənədlər, eləcə də birgə döyüşdüyü şəxslərdən müharibə veteranı vəsiqəsi olan Pəhlivan Balaqardaşov, Fazil Tosov, İmran Nuriyev şahid ifadələri əsasında ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilmişdir. Qobustan Rayon Məhkəməsinin qətnaməsindən görünür ki, X1 ərizəsi üzrə də məhkəmə faktı təsdiq etmişdir. Həmin şəxs ərizəsində onunla Ağdərə istiqamətində döyüşən 11 nəfər sağ qalmış şəxsin adlarını sadalamışdır ki, iddiaçının adı da həmin şəxslər siyahısındadır. Həmin məhkəmə iclasında da V.Əzizov, Z.Feyzullayev də komandir rota Ş,Abullayevin döyüşlərdə iştirakını təsdiq etmiş, məhkəmə həmin şahid ifadələri və digər sənədlərə istinad etməklə faktın tanınması barədə qətnamə qəbul etmişdir. Bundan əlavə məhkəmə qətnamə qəbul edərkən iddiaçının notariat qaydada vermiş olduğu şəxsin döyüşməsi faktının təsdiq edilməsi barədə ərizəsinə istinad etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş həmin şəxslərdən Ş.Abdullayev, P. Balaqardaşov, Q.Nəsirov, V.Əliyev, İ.Nuriyev, M.Həşimov, V.Əzizov iddiaçının döyüşlərdə onlarla birgə döyüşməsi faktını, məhz 13 fevral N3-cü il tarixli sərəncam əsasında N nömrəli hərbi hissənin tərkibindən N nəfərlik heyətdə Ağdərə uğrunda döyüşlərə cəlb edildiklərini qeyd etmişdir. İddiaçı Ağdərə uğrunda döyüşlərdə iştirakı barədə yuxarıda qeyd olunan faktiki halların reallığı əks etdirməsi barədə qəzet materiallar məhkəməyə təqdim etdi. Qeyd olunmalıdır ki, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3cü maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Bu müddəa Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir. Həmin Qanunun 7-ci maddəsinə əsasən müharibə veteranı adının verilməsi qaydası və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.N5-ci il tarixli 216 saylı qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri" haqqında Əsasnamənin 1-ci bölməsinə əsasən, müharibə veteranı adı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən N4-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin N4-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Bu Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış şəxslərə isə sonuncu xidmət keçdiyi (qulluq etdiyi) yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir. Bəhs edilən normalardan görünür ki, qanunvericilikdə həm hərbi qulluqçulara, həm də hərbi qulluqçu olmayan şəxslərə müharibə veteranı adı və vəsiqəsinin verilməsi nəzərdə tutulmuşdur. Həmin normanın məzmununa görə hərbi qulluqçu olan aşağıdakı şəxslərə müharibə veteranı adı və vəsiqəsi verilə bilər: -döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, -döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə - döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş. Aşağıdakı şəxslərə isə müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün onların hərbi qulluqçu olması şərti nəzərdə tutulmuşdur: -N4-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçular. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hazırkı iddia məcburetmə növündə iddia olduğundan AR İPM-nin 14-cü maddəsinin tələbinə əsasən iddianın təminini istisna edən faktiki şərtlərin mövcudluğunu cavabdeh sübut etməlidir. İddiaçıya müharibə veteranı statusu və vəsiqəsinin verilməsindən cavabdehin imtina əsası ilə onunla bağlıdır ki, onun N3-cü ilin fevra ayında Ağdərə uğrunda gedən döyüşlərdə iştirakını təsdiq edə biləcək əmrlər Arxivə təhvil verilməməsi səbəbindən mövcud olmamış, Baş Qərargah rəisi tərəfindən tərtib edilmiş N nömrəli hərbi hissədən N nəfər şəxsin ezamiyyə göndərilməsi barədə sərəncama aid siyahı mövcud olmamış, iddiaçının adı da olmamışdır. Məhkəmə həmin halların iddianın təminini istisna edən faktiki şərtlərin mövcudluğu kimi qəbul etməyərək ilkin növbədə qeyd etməyi zəruri hesab edir ki, mövcud inzibati məhkəmə praktikası üçün iddianın rədd edilməsi ilə bağlı qərarlar üçün xarakterik olan qanuni əsaslarla ehtiyata buraxılma halının mövcud olmaması hazırkı iş üzrə istina edilir. Belə ki, iddiaçı N2-ci il tarixdən N7-ci il tarixədək hərbi xidmət etmiş və xidmətdən qanuni əsaslarla ehtiyata buraxılmışdır. İşin faktiki hallarından görünür ki, hazırkı inzibati mübahisə iddiaçı N3-cü ilin fevral ayında Ağdərə döyüşlərdə iştirak edib-etməməsi ilə bağlıdır ki, məhkəmə hesab edir ki, kifayət qədər sübutlarla iddiaçının həmin döyüşlərdə iştirakı müəyyən edilmiş, cavabdehin istinad etdiyi halların iddiaçının məsuliyyət sferasına aid olmaması da aşkar edilmişdir. İddiaçının həqiqətən də həmin döyüşlərdə iştirakı ilə bağlı mötəbər sübutlar kimi məhkəmə qeyd etməyi zəruri hesab edir ki, ilkin olaraq hərbi biletdə həmin döyüşlərdə sərəncam istinad edilərək hərbi hissənin aidiyyəti vəzifəli şəxsi tərəfindən imza ilə qeyd nəzərə alınmalıdır. Təbii haldır ki, təkcə həmin qeydin mövcudluğu iddianın təmini üçün yeganə sübut hesab edilə bilməz. Məhkəmə, iddianın təminə əsasən verən digər bir sübut qismində sərəncamın da qeyd edilməsini zəruri hesab edir. Həmin sərəncamdan görünür ki, N nömrəli hərbi hissədən N zabit, N əsgər olmaqla məhz Ağdərə istiqamətində döyüşlərlə bağlı şəxslər ezam olunmuşdur ki, həmin şəxslərdən birinin iddiaçı olması istisna edilmir. Cavabdeh hər nə qədər şəxslərin siyahısına istinad edir ki, cavabdeh həmin siyahını tərtib etməli olan aidiyyəti şəxsin iddiaçı olmamasını nəzərə almamış, Qərargah rəisinin sərəncamına dair siyahının onun və ya onun tabeliyində olan şəxslər tərəfindən tərtib edilməli olması ilə bağlı halı diqqətə almamışdır. Halbuki, həqiqətən də sərəncam qəbul edilərkən sərəncama siyahı əlavə edilməli idi ki, həmin siyahının olmaması iddiaçının yox, cavabdehin məsuliyyət sferasına aid olmuşdur. Əksinə hərbi biletdə olan qeydlə məhz həmin sərəncama uyğun olaraq iddiaçının Ağdərə döyüşlərində iştirakı təsdiq edilmişdir ki, məhkəmə inzibati və inzibati məhkəmə icraatı üçün əsaslı sübut növlərindənn biri olan mötəbərliyi də məhkəmədə şübhə doğurmayan şahid ifadələrinin hazırkı iş üzrə nəzərə alınmalı olması qənaətindədir. Belə ki, şahid qismində dindirilmiş aralarında Ağdərə istiqamətində həmin vaxt döyüşlərdə iştirak etməsi ilə bağlı müharibə veteranı vəsiqəsini almış şəxslər tərəfindən verilmiş ifadələrdən görünür ki, məhz adıçəkilən sərəncam əsasında həmin şəxslər, eləcə də iddiaçılar N nömrəli hərbi hissədən Ağdərə döyüşlərində iştirak etmək üçün göndərilmişdir ki, şahidlərin mötəbərliyi şübhə doğurmayan, dəqiq ifadələri ilə də müəyyən edilir ki, iddiaçı həqiqətən də məhz həmin sərəncam əsasında döyüşlərdə iştirak etmişdir. Bundan əlavə, həmin şahidlərdən bəziləri barədə məhkəmə qətnamələri, eləcə də həmin qətnamələrdə istinad olunan hallar da iddiaçının həmin döyüşlərdə istər iştirakı, istərsə də eyni faktiki, hüquqi hallara uyğun olmuşdur ki, məhkəmə həmin halların diqqətə alınmasının zəruri olduğu qənaətindədir. Ümumiyyətlə bununla əlaqədar olaraq qeyd edilməlidir ki, inzibati xəta və cinayət prosessual qanunvericilikdə məhkəmə praktikasında sübut növü kimi xüsusi əhəmiyyət daşıyan şahid ifadələrinin mülki, eyni zamanda inzibati icraatda istifadəsi ilə bağlı hər hansı məhdudiyyət nəinki mövcuddur, hətta şahid ifadələrinin istifadəsi birbaşa olaraq həm inzibati, həm də AR İPM-nin 1.2-ci maddəsi nəzərə alınmaqla tətbiqinə inzibati məhkəmə icraatında imkan verən mülki prosessual normalarda öz təsbitini tapmışdır. Başqa sözlə inzibati və ya inzibati məhkəmə icraatında sübut qismində mütləq qaydada sənədlərin çıxış etməsi ilə bağlı qayda mövcud deyil. Şahid ifadələri də sübut növüdür və işin mahiyyəti üzrə həllində digər sübutlarla yanaşı tətqiq edilməlidir. AR İPM-nin: 58.2. Məhkəmə sübutlara yerində baxış keçirə, şahidləri, ekspertləri və proses iştirakçılarını dindirə, zəruri sənədləri tələb edə bilər. 59.2. Proses iştirakçıları şahidlərə, ekspertlərə və inzibati orqanların nümayəndələrinə işə aid suallar verə bilərlər. Suala etiraz olunduğu hallarda sualın mümkünlüyü haqqında məsələ hakim və ya işə baxan məhkəmə kollegiyası tərəfindən həll edilir. AR MPM-nin: 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Göründüyü kimi şahid ifadəsi sübut növlərinin siyahısında qeyd edilmişdir. MPM-nin: 62.1. Məhkəmə tərəfindən mübahisənin düzgün həlli məqsədi ilə işin halları barədə məlumatı olan hər bir şəxs şahid qismində dindirilə bilər. 62.2. Şahid qismində məhkəməyə çağırılan şəxs məhkəməyə gəlməyə və iş üzrə ona məlum olan məlumatları və halları bildirməyə borcludur. 62.3. Şahid düzgün ifadə verməyə, hakimlərin və prosesdə iştirak edən şəxslərin suallarına cavab verməyə borcludur. 62.4. Şahid bilərəkdən yalan ifadə verməyə və ifadə verməkdən boyun qaçırmağa görə cinayət məsuliyyəti daşıyır. AR CM-nin 297-ci maddəsindən də göründüyü kimi məhkəmədə yalan ifadə vermə cinayət məsuliyyətinə səbəb olur. Göründüyü kimi proses iştirakçısının özünümüdafiə xarakterli ola biləcək izahatlarından fərqli olaraq şahidin məhkəməni yanıltmağa yönəlmiş yalan ifadə verməsi cinayət məsuliyyətinə səbəb olan haldır. Bu səbəbdən məhkəmə hesab edir ki, şahid ifadəsinin sübut növü kimi əhəmiyyəti həmin ifadənin yalan olacağı təqdirdə cinayət məsuliyyətinə ekspert rəyi kimi səbəb olması səbəbi ilə mütləq nəzərə alınmalıdır. Məhkəmə də inzibati orqanın qərarının, hərəkət və hərəkətsizliyinin qanuniliyinin müəyyən edilməsində əhəmiyyət daşıya biləcəyindən şahid ifadəsinin düzgün olması baxımından şahidin hüquq və vəzifələri ilə yanaşı, şahidin yalan ifadə verməsi zamanı yaranacaq cinayət məsuliyyəti ilə bağlı xəbərdarlıq etmiş, sosial statusundan asılı olmayaraq həmin şəxsin cinayət məsuliyyəti daşıya biləcəyi şəxsin diqqətinə çatdırılmış, şahid həmin məsuliyyətin ona tam aydın olduğunu bildirərək müvafiq qəbzə imza etməklə ifadə vermişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, əksər hissəsi veteran statusunda olan şəxslər kimi istər verdiyi ifadədə, istər verilən suallara cavablarında şahidlərin yalan ifadə verməsi ilə bağlı hala rastlaşmamış, verilən ifadənin inandırıcılığını istisna edən hal müəyyən etməmişdir ki, məhkəmə həmin ifadələrin işin faktiki halının müəyyən edilməsində kifayətedici sübut növü qismində qiymətləndirməklə həmin şəxslərin iddiaçının döyüşlərdə iştirak halını müəyyən etmək üçün əsas hesab edir. Məhkəmə, xüsusi ilə vurğulamağı zəruri hesab edir ki, şahid qismində ifadə verən şəxsin ifadəsinin şübhə doğurmaması üçün nəzərə alınmalı olan hallardan biri də təbii haldır ki, həmin şəxsin şəxsiyyətini xarakterizə edən hallardır. Hazırkı iş üzrə şahid qismində dindirilən şəxslər isə məhz iddiaçının qeyd etdiyi dövrdə döyüşdə, məhz Ağdərə döyüşlərində iddiaçının hərbi hissəsindən ezam edilməklə iştirak etmiş şəxslərdir ki, həmin şəxslərin mötəbərliyi şübhdə doğurmayan ifadələrinə daha da mötəbər edən 2 xüsusi halın nəzərə alınmalı olması mütləqdir. İlkin olaraq odur ki, həmin kateqoriya şəxslərin bilə-bilə yalan ifadə verərək məhkəməni aldatmağa çalışması istər mötivin olmaması, istərsə də şəxslərin müharibə veteranı statusu kimi statusda olması səbəbindən inandırıcı görünmür. İkincisi isə həmin döyüşlərdə iştirak etmiş, döyüş yoldaşlarını itirmiş, müharibənin gedişatında mütləq psixoloji təsirə məruz qalmış şəxslərin döyüşlərdə iştirak etməyən bir şəxsi onlarla birlikdə döyüşmüş kimi göstərmək istəyi də inandırıcı görünmür. Məhkəmə hesab edir ki, məhz həmin hərbi hissədən ezam edilməklə döyüşlərdə iştirak edən şəxslərin iddiaçının döyüşlərdə iştirakı barədə əsaslı ifadələri işin digər halları ilə birlikdə qiymətləndirilməlidir ki, həmin qiymətləndirmə də iddianın təminini əsaslı edir. Məhkəmə iddianı təmin edərkən həmçinin onun da nəzərə alınmasını zəruri hesab edir ki, işin faktiki hallarına diqqət yetirdikdə iddiaçının N3-cü ilin fevral ayında döyüşlərdə iştirakını istisna edən konkret sübut cavabdehdə mövcud olmamışdır. Cavabdeh məhz əmrlərin olmamasına istinad edir ki, məhkəmə sorğusuna cavabdan da görünür ki, ümumiyyətlə N nömrəli hərbi hissəyə dair heç bir əmr Arxivə təhvil verilməmişdir, arxivə təhvil verilməmə səbəbləri də məlum deyildir. Göründüyü kimi istər iddiaçı, istər digər şəxslərin döyüşlərdə iştirakını həmin dövr üzrə müəyyən edə biləcək əmrlər və digər aidiyyəti sənədlər heç bir üzrlü səbəb olmadan Arxivə təhvil verilməmişdir ki, həmin halın özü anlaşılmazlıq yaradır ki, ümumiyyətlə sərəncamda istinad olunan N nəfər şəxs kim olmuş, kimlər Ağdərə istiqamətində döyüşmüşdür. Elə məhz həmin səbəbdən də həmin N nəfər şəxsdən sağ qalmış şəxslər məhkəmələrə müraciət edərək veteran statusu almaq barədə iradə ifadəsini nümayiş etdirmişdir. Belə ki, həmin dövrə aid heç bir sənəd arxivə təhvil verilmədiyindən həmin şəxslərdən vəfat edən və ya yaralanan yoxdursa onların döyüşlərdə iştirakının müəyyən edilməsi mümkün olmayacaqdır ki, istər iddiaçı, istərsə də şahid qismində dindirilmiş şəxslər, eləcə də məhkəmə qətnamələrində adlarını gedən şəxslərlə bağlı faktiki hallardan görünür ki, döyüşlərdə iştirak etmiş həmin şəxslərin müraciətinin inzibati qaydada təmini mümkün olmamış, məhkəmə tərəfindən həmin hallar öz təsdiqini tapmış, səbəb isə arxivə həmin sənədlərin verilməməsi ilə bağlı olmuşdur. Göründüyü kimi cavabdehin həmin dövrdə aidiyyəti şəxslərinin müharibə şəraiti nəzərə alınmaqla obyektiv səbəblərdən olsa belə arxivləşdirmə səlahiyyətinin düzgün icra edilməməsi döyüşlərdə iştirak kimi ciddi faktiki və hüquqi halın istisna edilməsinə səbəb ola bilməz. Bu səbəbdən də iddiaçıdan döyüşlərdə iştirakını təsdiq edə biləcək sübutlar məhkəmə hesab edir ki, kifayət qədərdir və hər bir halda məhkəmədə iddianın təmininə yönələn daxili inamın formalaşmasına səbəb olmuşdur. Məhkəmənin işin mahiyyətinə münasibətdə mövqeyinin daxili inamla bağlılığı isə inzibati prosessual qanunvericiliklə birbaşa tənzimlənmişdir. Belə ki, AR İPM-nin 68.1-ci maddəsi konkret olaraq 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Eləcə də, həmin prinsip ümumi norma kimi “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunu ilə də öz təsbitini tapmışdır. Adıçəkilən Qanunuun 100-cu maddəsinə əsasən məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Həmçinin qeyd edilməlidir ki, “Məhkəmə və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 79-1-ci maddəsinə görə vahid məhkəmə təcrübəsi məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsini təmin etmək məqsədilə formalaşdırılır. Ali Məhkəmə hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini baxdığı işlər üzrə məhkəmə kollegiyalarının və Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə formalaşdırır. Göründüyü kimi hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin formalaşdırılması təkcə Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə deyil, eyni zamanda məhkəmə kollegiyalarının fərdi işlər üzrə qərarları vasitəsi ilə də həyata keçirilir. Bu konkteskdə məhkəmə kassasiya instansiya məhkəməsinin qərarlarında məhkəmə təcrübəsinə dair verilən aşağıdakı izahların qeyd edilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-1408 /2021 saylı iş üzrə qəbul etdiyi xx.xx.2021-ci il tarixli qərarında qeyd edilmişdir ki, “İddiaçı da xx.xx.N2-ci il tarixli, 15/HBC saylı əmrə müvafiq olaraq döyüş şəraitində yaralı əsgərlərə və mülki vətəndaşlara təcili tibbi yardım göstərilməsi üçün döyüş bölgəsinə ezam olunmuşdur. Beləliklə, iddiaçının döyüş zonasında döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunduğu təsdiq olunduğundan iddia tələbi əsaslıdır. Cavabdeh iddiaçıya müharibə veteranı adı və vəsiqəsinin verilməsindən imtinanı zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmiş, buna baxmayaraq apellyasiya instansiya məhkəməsi hazırkı qərarın 19-23-cü bəndlərində göstərilən normaların tələblərinə zidd qərar qəbul etmişdir.” Ali Məhkəmənin № 2-1(102)-230/2022 saylı iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qərarında da qeyd edilmişdir ki, , iddiaçı ezamiyyətdə olarkən döyüş əməliyyatları bölgəsində tərcüməçi fəaliyyəti ilə bağlı xidməti vəzifəsini yerinə yetirmişdir. Qeyd edilənlər işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş halları ilə öz təsdiqini tapmışdır. Cavabdeh iddiaçının döyüş əməliyyatlarında döyüş əməliyyatları aparan hərbi hissələrə döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmaması ilə bağlı məhkəmələrə hər hansı mötəbər sübut təqdim etməmişdir. Cavabdehin təqdim etdiyi əmrlərdə iddiaçının döyüş əməliyyatları bölgəsinə xidməti ezamiyyətə göndərilməsi açıq-aşkar qeyd edilmişdir. Nəzərə almaq lazımdır ki, hərbi doktrina nöqteyi-nəzərincə sülh və ya müharibə dövründə silahlı qüvvələrin arxa təminatı - silahlı qüvvələrin silahla, hərbi sursatla, yanacaqla, sair maddi-texniki vasitələrlə təmin edilməsi üzrə kompleks tədbirlər sistemini ehtiva edir. Arxa hissə təminatı silahlı qüvvələrin döyüş qabiliyyətinin lazımi səviyyədə saxlanılması üçün onların ehtiyaclarının ödənilməsi, döyüş əməliyyatları zonasında hərbi hissələr tərəfindən hərbi vəzifələrin uğurla həyata keçirilməsinin təmin edilməsi məqsədlərinə xidmət edir və döyüş əməliyyatları təminatının tərkib hissəsi sayılır. Bu baxımdan döyüş təminatı ilə bağlı tapşırıqların yalnız və sadəcə olaraq əməliyyat təminatı kimi təfsir olunması məqbul sayıla bilməz. Döyüş əməliyyatlarının uğurlu olması üçün əməliyyat təminatı ilə yanaşı həm də digər təminat növlərinin, o cümlədən arxa hissə təminatının lazımi şəkildə və qaydada həyata keçirilməsi tələb olunur. Məhkəmə tərkibi hesab edir ki, hazırkı mübahisəyə münasibətdə, iddiaçının döyüş əməliyyatları zonasına tərcüməçi xidməti göstərmək məqsədi ilə ezam olunmasını və bununla bağlı onun yerinə yetirdiyi xidməti vəzifəni qeyd olunan kontekstdən qiymətləndirmək lazımdır. Başqa sözlə, hərbi hissə komandirinin əmrinə əsasən iddiaçının döyüş əməliyyatlarında iştirak edən hərbi hissələrdə tərcüməçi xidməti üzrə hərbi tapşırıqları yerinə yetirməsi öz əhəmiyyətinə görə döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi kimi dəyərləndirilməlidir. Bundan başqa, Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-677/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarında qeyd olunmuşdur ki, “Hazırkı mübahisəyə münasibətdə, iddiaçının döyüş əməliyyatları zonasına tibbi yardım məqsədi ilə ezam olunmasını və bununla bağlı onun yerinə yetirdiyi xidməti vəzifəni qeyd olunan kontekstdən qiymətləndirmək lazımdır. Başqa sözlə, iddiaçının döyüş əməliyyatlarında iştirak edən hərbi hissələrə tibbi yardım üzrə hərbi tapşırıqları yerinə yetirməsi öz əhəmiyyətinə görə döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi kimi dəyərləndirilməlidir.” Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalıdır Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci , 69-cu , 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı müharibə veteranı adı və müharibə veteranı vəsiqəsinin verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. Hakim: Orxan Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar