Məhkəmə qərarları › İş №e-2-1(112)-10136/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-10136/2025

24.12.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-10136/2025 24.12.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Cəfərova Yasəmən Fərman qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxs: "xxxx" MMC) “mənzilə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə çıxarışın və texniki pasportun verilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı (bundan sonra - iddiaçı) Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək "xxxx" MMC tərəfindən Azadlıq prospekti ilə İzzət Həmidov küçələrinin kəsişməsindəki 753-cü məhəllədə (hazırda Azadlıq prospekti 64) inşa edilən 21 mərtəbəli yaşayış binasının 6-cı mərtəbəsində, ümumi sahəsi 259,6 kvadrat metr olan 4 otaqlı mənzilinə dair mülkiyyət hüquqlarının qeydiyyata alınmaqla bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə iş üzrə "xxxx" MMC 3cü şəxs qismində inzibati məhkəmə icraatına adi cəlbetmə qaydasında cəlb edilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2006-cı il tarixində iddiaçı "xxxx" MMC tərəfindən Azadlıq prospekti ilə İzzət Həmidov küçələrinin kəsişməsindəki 753-cü məhəllədə (hazırda Azadlıq prospekti 64) ünvanında inşa edilən 21 mərtəbəli yaşayış binasının 6-cı mərtəbəsində, ümumi sahəsi 259,6 kvadrat metr olan 4 otaqlı mənzili şirkətlə bağladığı müqavilə əsasında almışdır. Həmin tarixdən etibarən bugünkü günədək ailəsi ilə birlikdə həmin mənzildə yaşayır. 2007-ci ilin əvvəlində mənzilin su, qaz və elektrik enerjisi sayğacları onun adına rəsmiləşdirilib və artıq 20 ilə yaxındır ki, o, kommunal xidmətlərin aylıq ödənişlərini ödəyir. xx.xx.2006-cı il tarixdə sözügedən mənzilə Bakı Şəhəri İcra Hakimiyyəti Başçısının Aparatı tərəfindən 013715 saylı Order verilmişdir. xx.xx.2009-cu il tarixindən etibarən yuxarıda qeyd edilən ünvanda qeydiyyatdadır. Hazırda yaşadığı binada 55 mənzil var. Onlardan 30 mənzilə müvafiq order, 6 mənzilə isə hətta daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. "xxxx" MMC-nin rəhbərliyi müəyyən qanun pozuntularına yol verdiyinə görə təxminən 2008-ci ildə istintaq orqanlarına cəlb edilmişdir. Hazırda bina üzrə təmsilçilik bina sakinləri tərəfindən həyata keçirilir. İddiaçı hazırkı tələblə cavabdehə müraciət etsə də, cavabdeh bundan imtina etmişdir. Cavabdeh tərəfindən iddia ərizəsinə dair yazılı etiraz təqdim edilmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, qeyd olunan ünvanda yerləşən yaşayış binasının istismarına icazə sənədinin 1 saylı Bakı Ərazi İdarəsinə təqdim edilmədiyi müəyyən edilmişdir. İdarənin mütəxəssisləri tərəfindən ünvanda yerli baxış keçirilən zaman məlum olmuşdur ki, mənzilin faktiki ümumi sahəsi 230 kv.m təşkil edir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmunu ilə oxşar izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında təmsil edilməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş üzrə məhkəmə tərəfindən aşağıdakı sübutlar tədqiq edilmişdir. Surəti iddia ərizəsinə əlavə edilmiş xx.xx.2006-cı il tarixli mənzilin alqı-satqısı haqqında müqaviləyə əsasən "xxxx" MMC tərəfindən Azadlıq prospekti ilə İzzət Həmidov küçələrinin kəsişməsindəki 753-cü məhəllədə (hazırda Azadlıq prospekti 64) inşa edilən 21 mərtəbəli yaşayış binasının 6-cı mərtəbəsində, ümumi sahəsi 259,6 kvadrat metr olan 4 otaqlı mənzil iddiaçıya satılmışdır. Həmin mənzilə dair Bakı Şəhər İcra Hakimiyyəti başçısı aparatı tərəfindən iddiaçının adına verilmiş xx.xx.2006-cı il tarixli orderin surəti və torpaqdan müvəqqəti istifadə hüququna dair JN 5950 KOD 00800003 şəhadətnamə məhkəməyə təqdim edilmişdir. Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidmətinin xx.xx.2025-ci il tarixli məktubunda göstərilmişdir ki, Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 88 ünvanında inşa edilmiş 1 ədəd 1 girişli, zirzəmili, birinci mərtəbəsi qeyri-yaşayış sahəsi olan 22 mərtəbəli yaşayış binasının Dövlət Şəhərsalma Norma və Qaydalarının “Şəhər, qəsəbə və kənd yaşayış məskənlərinin planlaşdırılması və tikilib abadlaşdırılması” 2.6-1 AzDTN-nin, 2.7-2 “Yaşayış binaları. Layihələndirmə normaları” AzDTN-nin, “Su təchizatı. Xarici şəbəkə və qurğular” 2.11-1 Azərbaycan Respublikasının Dövlətlərarası Tikinti Normalarının, “Binaların daxili su təchizatı və kanalizasiyası. Layihələndirmə normaları” 2.04.01-85* Тikinti Norma və Qaydalarının, 2.12-2 “İsitmə, ventilyasiya və havanın kondisiyalaşdırılması. Layihələndirmə normaları” AzDTN-nin, “Bina və qurğuların yanğın avtomatikası” 2.04.09-84 Tikinti Norma və Qaydalarının, “Bina və qurğuların yanğın təhlükəsizliyi” 2.02.01-97 Dövlətlərarası Tikinti Normalarının yanğına qarşı yönəldilmiş tələblərinə əməl edilməklə inşa edildiyi müəyyən edilmişdir Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin məhkəmə sorğusuna xx.xx.2025-ci il tarixli cavab məktubunda Komitənin arxivində "xxxx" MMC tərəfindən Azadlıq prospekti və İzzət Həmidov küçələrinin kəsişməsindəki 753-cü məhəllədə (hazırda Azadlıq prospekti 64) inşa edilən 21 mərtəbəli yaşayış binasının “Tikintisi başa çatmış obyektin istismara qəbul edilməsi haqda dövlət qəbul komissiyasının aktı” aşkar edilməmişdir. Cavabdehin məhkəmə sorğusuna xx.xx.2025-ci il tarixli cavab məktubunda "xxxx" MMC tərəfindən Azadlıq prospekti və İzzət Həmidov küçələrinin kəsişməsindəki 753-cü məhəllədə inşa edilən 21 mərtəbəli yaşayış binasının qeydiyyatdan keçməsi haqqında məlumatın aşkar edilməməsi bildirilmişdir. Cavabdehin məhkəmə sorğusuna xx.xx.2025-ci il tarixli cavab məktubu həmin binada yerləşən ********** qeydiyyat nömrəli çıxarışlı mənzilin arxiv qovluğu məhkəməyə təqdim edilmişdir. Cavabdeh tərəfindən iddiaçıya verilmiş imtina məktubu iddiaya yazılı etirazla oxşar məzmunda əsaslandırılmışdır. Məhkəmə iddiaçının izahatını dinləyib, iş üzrə sübutları tədqiq edərək aşağıdakı nəticəyə gəlir. İddianın mümkünlüyü: İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli Qərarının 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Göründüyü kimi iddiaçı hazırkı iddia tələbində mənzilə dair mülkiyyət hüququnun dövlət qeydiyyatına alınaraq reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsini xahiş edir. Həmin iddia mahiyyətcə öhdəliyin icrası haqqında iddiadır. Cavabdeh iddiaya cavab verməli olan inzibati orqandır. Cavabdehin iddiaya etirazından da görünür ki, iddiaçı iddia ərizəsində göstərilən tələblə cavabdehə müraciət etmiş və ona imtina cavabı verilmişdir. Bu səbəbdən iddiaçının hazırkı tələbi mümkün hesab edilmişdir. İddianın mahiyyəti üzrə məhkəmənin mövqeyi: Azərbaycan Respublikası Mülki Məcəlləsində (bundan sonra – Mülki Məcəllə) göstərilmişdir ki, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır (139.1.). Mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə) daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur (139- 1.1.6). “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununda göstərilmişdir ki, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır (2.1.). Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır (2.2.). Mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə) əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin əsası hesab edilir (8.0.6). İşin hallarına görə, iddiaçı qanuni sahibliyində və istifadəsində olan, "xxxx" MMC tərəfindən Azadlıq prospektinin İzzət Həmidov küçələrinin kəsişməsindəki 753-cü məhəllədə (hazırda Azadlıq prospekti 64) inşa edilən 21 mərtəbəli yaşayış binasının 6-cı mərtəbəsində, ümumi sahəsi 259,6 kvadrat metr olan 4 otaqlı mənzil üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq reyestrdən çıxarışın verilməsi ilə bağlı cavabdehə müraciət etmiş, cavabdeh tərəfindən isə iddiaçının tələbinin təmin edilməsindən imtina edilmişdir. Cavabdehin imtinasının əsası ondan ibarət olmuşdur ki, qeyd olunan ünvanda yerləşən yaşayış binasının istismarına icazə sənədi təqdim edilməmişdir. Mənzilin faktiki ümumi sahəsi 230 kv.m təşkil edir. Qeyd olunmalıdır ki, cavabdehin məhkəmə sorğusuna xx.xx.2025-ci il tarixli cavab məktubu ilə həmin binada yerləşən ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış mənzilin arxiv qovluğu məhkəməyə təqdim edilmişdir. Həmin sənədlərdən görünür ki, bina iddiaçı ilə yanaşı digər sakinlər tərəfindən faktiki olaraq istismar olunur, hətta sakilərdən birinin mülkiyyət hüquqları iddiaçının təqdim etdiyi sənədlərlə eynilik təşkil edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Belə olan halda, iddiaçıya verilən imtina onun Azərbaycan Respublikasının Konstitusiyasında təsbit edilmiş bərabərlik hüququnu pozmuş olur, eyni zamanda inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadının qanunla qorunduğunu şübhə altına alır. Azərbaycan Respublikasının Konstitusiyasına əsasən hamı qanun və məhkəmə qarşısında bərabərdir (maddə 25). “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununda göstərilmişdir ki,hamı qanun və inzibati orqan qarşısında bərabərdir (12.1.). İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır (12.2.). İnzibati orqan tərəfindən fərqli mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə eyni cür qərarların qəbul edilməsi qadağandır (12.3.). İnzibati orqan diskresion səlahiyyətləri eyni üsulla və eyni qaydada həyata keçirməyə borcludur. Bu müddəa diskresion səlahiyyətlərin icrası ilə bağlı mövcud inzibati praktikanın dəyişdirilməsini istisna etmir (12.4.). İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur (13.1.). İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır (13.2.). Müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur (13.3.). İnzibati orqanların bu Qanunun 13.3-cü maddəsində nəzərdə tutulmuş vədləri və ya bəyanatları yalnız yazılı formada olduqda etibarlı təminat sayılır və şəxsin etimad hüququnun əsasını təşkil edir. Bu Qanunun 63-cü və 67-69-cu maddələri də təminatlara şamil olunur (13.4.). Fiziki və ya hüquqi şəxslərin etimadı qanunsuz hərəkətlərə əsaslana bilməz (13.5.). Odur ki, məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Konstitusiyasında və “İnzibati icraat haqqında” Qanunda nəzərdə tutulmuş bərabərlik və etimad prinsipləri əsas götürülməklə iddiaçının mülkiyyət hüququnun qeydə alınmasında imtina üçün cavabdehin göstərdikləri səbəblər əsaslı hesab edilə bilməz. Qeyd olunmalıdır ki, hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsinin halları “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsi ilə müəyyən edilərək göstərilmişdir. Həmin maddəyə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Cavabdehin imtinasından və iddiaya dair etirazından isə görünür ki, iddiaçının müraciətindən imtina olunarkən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsində hüquqların dövlət qeydiyyatına alınması üçün müəyyən olunmuş əsaslardan heç biri qeyd olunmadan, yalnız formal mülahizələrə istinad olunmuşdur. İşin yuxarıda şərh edilən hallarından görünür ki, cavabdehin imtinası iddiaçının qanuni əsaslarla əldə etdiyi mənzil üzərində mülkiyyət hüquqlarının tam şəkildə həyata keçirilməsini əsassız olaraq məhdudlaşdırdığından iddia əsaslıdır. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək hesab edir ki, iddia təmin edilməli, "xxxx" MMC tərəfindən Azadlıq prospekti ilə İzzət Həmidov küçələrinin kəsişməsindəki 753-cü məhəllədə (hazırda Azadlıq prospekti 64) inşa edilən 21 mərtəbəli yaşayış binasının 6-cı mərtəbəsində, ümumi sahəsi 259,6 kvadrat metr olan 4 otaqlı mənzilinə dair iddiaçının mülkiyyət hüququnun qeydiyyata alınaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi vəzifəsi cavabdehə həvalə olunmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. "xxxx" MMC tərəfindən Azadlıq prospekti ilə İzzət Həmidov küçələrinin kəsişməsindəki 753-cü məhəllədə (hazırda Azadlıq prospekti 64) inşa edilən 21 mərtəbəli yaşayış binasının 6-cı mərtəbəsində yerləşən, ümumi sahəsi 259,6 kvadrat metr olan 4 otaqlı mənzilə dair İddiaçı mülkiyyət hüququnun dövlət qeydiyyatına alınaraq, daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə) həvalə olunsun. Qərardan onun rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar