Məhkəmə qərarları › İş №e-2-1(112)-10142/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-10142/2023

29.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-10142/2023 29.09.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçı və cavabdehin nümayəndəsinin iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhər Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı MMC cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhər Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh tərəfindən 21 nəfər fiziki şəxsin işlərin yerinə yetirilməsinə əmək müqaviləsi olmadan cəlb edilməsinə görə cavabdeh tərəfindən məsuliyyətə cəlb edilmə barədə qərar qəbul edilmişdir. İddiaçı hesab edir ki, həmin şəxslərin işə əmək müqaviləsi olmadan cəlb edilməsi həyata keçirilməmişdir. Cavabdeh tərəfindən yalnız həmin şəxslərin şəxsiyyəti müəyyən edilmiş, işçi olduğu qərara alınmışdır. Halbuki, həmin gün bir-neçə şəxs işə qəbulla bağlı dəvət olunmuşdur. Həmin obyektdə, ümumiyyətlə ofisiantlar qəbz əsasında fəaliyyət göstərmiş, həmin gün dəvət olunmuş şəxslər isə bacarıqlarının müəyyən edilməsi ilə bağlı dəvət edilmişdir. Razılıq əldə ediləcəyi təqdirdə həmin şəxslərin qəbz əldə edilmələri tələb edilməsi nəzərdə tutulmuşdur. Cavabdehin etirazları: Cavabdehin etirazı onunla əsaslandırılmışdır ki, vergi nəzarət tədbiri zamanı əmək müqaviləsi olmadan fiziki şəxsin qanunsuz olaraq işlərin yerinə yetirilməsinə cəlb edilməsi faktı müəyyən edilmişdir. Tərtib edilmiş akt əsasında qərar qəbul edilərək qanuni və əsaslı maliyyə sanksiyası tətbiq edilmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. Faktiki hallar və sübutlar: İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarışdan görünür ki, əhali iddiaçının obyektində operativ vergi nəzarətinin həyata keçirilməsi reyestrdə qeydiyyata alınmışdır. Operativ vergi nəzarətinin keçirilməsi haqqında qərara əsasən iddiaçının obyektində operativ vergi nəzarətinin keçirilməsi və yoxlamada iştirak edəcək şəxslərin dairəsi müəyyən edilmişdir. Aktda qeyd edilmişdir ki, iddiaçının səlahiyətli rəhbəri heç bir üzrlü səbəb göstərmədən qərar, çıxarışla tanış olmasına baxmayaraq onu imzalamaqdan imtina etmişdir. 11 mart 2023-cü il tarixli digər bir aktda qeyd edilmişdir ki, 35 nəfərə fiziki şəxsin müqavilə ilə işə cəlb edilməsi müəyyən edilsə də, 21 nəfər fiziki şəxsin işlərin yerinə yetirilməsinə müqavilə olmadan cəlb edilməsi müəyyən edilmişdir. Həmin şəxslər iş yükü ilə əlaqədar olaraq yazılı izahat vermədən imtina etmişdir. Ş.Şıxıyevın izahatında qeyd edilmişdir ki, 21 nəfər fiziki şəxslə müqavilənin bağlanılması təmin ediləcəkdir. 2023-cü il tarixdə Şadlıq sarayında ilk toy məclisinin olduğunun nəzərə alara və həmin şəxslərin bir günlük işə cəlb edilməsi ilə onlarla əmək müqaviləsi bağlanılmamışdır. Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına məsuliyyətə cəlb edilməsi haqqında qərardan görünür ki, iddiaçı 21 nəfər fizik şəxsin əmək müqaviləsi olmadan işə cəlb edilməsi əsası ilə məsuliyyətə cəlb edilmişdir. Tətbiq edilən hüquq və məhkəmənin hüquqi mövqeyi: İddia tələbinin mahiyyəti ilə bağlı məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Vergi Məcəlləsinin: 50.1. Operativ vergi nəzarəti sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəə-material ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti ücün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən və aşağıdakı məsələləri əhatə edən vergi nəzarəti formasıdır: 50.1.7. Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi; 50.2. Operativ vergi nəzarətinin həyata keçirilməsi üçün əsaslar aşağıdakılardır: 50.2.1.vergi orqanı tərəfindən keçirilən səyyar vergi yoxlaması zamanı aşkar edilmiş faktlar; 50.2.2.vergi orqanları tərəfindən mənbəyi bəlli mənbələrdən əldə etdikləri məlumatlar; 50.2.3. vergi ödəyicisi tərəfindən vergi qanunvericiliyinin pozulması hallarının aradan qaldırılması barədə vergi orqanlarının tələblərini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə; 50.2.4. vergi orqanlarının bu Məcəllənin 50.1-ci maddədə göstərilən məsələlər barədə qanunvericiliyin sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslər tərəfindən pozulması barədə kifayət qədər əsası olduqda; 50.2.5. vergi ödəyicisi riskli vergi ödəyicisi olduğu halda. 50.4. Operativ vergi nəzarəti vergi ödəyicisinə əvvəlcədən xəbərdarlıq edilmədən başlanır və vergi ödəyicilərinin faktiki iş vaxtı həyata keçirilir. Operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi nəzarətə başladıqdan sonra bu Məcəllənin 50.3-cü maddəsində nəzərdə tutulmuş vergi orqanının qərarını vergi ödəyicisinə dərhal təqdim etməlidir 53.3. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. 54.0. Şəxs aşağıda müəyyən olunmuş hallardan ən azı biri olduqda, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilə bilməz: 54.0.1. vergi qanunvericiliyi ilə bağlı hüquqpozuntusu hadisəsinin olmaması; 54.0.2. vergi qanunvericiliyi ilə bağlı hüquqpozuntusunda şəxsin təqsirinin olmaması; 54.0.3. vergi qanunvericiliyi ilə bağlı hüquqpozuntusunu törədən fiziki şəxsin həmin əməl törədildiyi ana məsuliyyətə cəlb edilmə yaşına çatmaması; 54.0.4. vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb etmə müddətinin qurtarması. 58.10. Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi yolu ilə onların gəlirlərinin gizlədilməsinə (azaldılmasına) şərait yaradıldığına görə işəgötürənə, habelə bu Məcəllənin 220.10-cu maddəsinə uyğun olaraq aparıcılıq, çalğıçılıq, rəqqaslıq, aşıqlıq, məzhəkəçilik və digər oxşar fəaliyyətlə məşğul olan şəxslərin, foto, audio-video sahəsində məşğul olan şəxslərin və iaşə obyektlərində müştərilərə xidmət göstərən fiziki şəxslərin (ofisiantın) fəaliyyətə başlayanadək, “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsinə görə vergi orqanında uçotda olan sifarişçiyə hər bir belə şəxs üzrə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə 2000 manat, ikinci dəfə yol verdikdə 4000 manat, üç və daha çox dəfə yol verdikdə 6000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: -49.1. Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsi: 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Yuxarıda adıçəkilən qanunvericiliyin normalarından göründüyü kimi, operativ vergi nəzarəti sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti üçün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən vergi nəzarət formasıdır. Vergi Məcəlləsində vergi orqanları tərəfindən vergilərin yalnız kameral və səyyar vergi yoxlamaları ilə hesablanması, həmçinin operativ nəzarət tədbirləri ilə maliyyə sanksiyalarının tətbiqi nəzərdə tutulmuşdur. Buna müvafiq olaraq operativ vergi nəzarətinin keçirilməsi qaydaları, o cümlədən operativ vergi nəzarəti üçün əsaslar, nəzarətin keçirilməsi haqqında qərarın qəbul edilməsi və onun nəticələrinin rəsmiləşdirilməsi VM ilə müəyyən edilmiş qaydada həyata keçirilir. Göstərilən hesablama qərarlarından (inzibati aktlardan) başqa hər hansı digər fərqli formada vergilərin hesablanması qanunvericilikdə nəzərdə tutulmamışdır. Beləliklə, vergi öhdəliyi yaradan vergilərin hesablanması və ya yenidən hesablanması üçün inzibati aktların qəbul edilməsi tələb olunur. Belə inzibati aktlar vergi öhdəliyinin yaranmasının hüquqi əsasını təşkil edirlər və müvafiq olaraq şəxsi hesab vərəqəsində onlara uyğun hesablama əməliyyatları aparılır. Operativ vergi nəzarəti zamanı aşkar olunan nöqsanlar əsasında vergi ödəyicisinin maliyyə sanksiyasına cəlb olunması ilə bağlı isə qeyd olunmalıdır ki, maliyyə sanksiyasıvergi qanunvericiliyinin pozulmasına görə vergi ödəyicilərinə, vergi agentlərinə və banklara tətbiq edilən pulla ifadə edilmiş tənbeh növüdür. Operativ vergi nəzarəti zamanı maliyyət sanksiyasının hansı hallarda tətbiq edildiyi qanunvericilikdə ətraflı olaraq sadalanmışdır ki, bunlardan biri də əmək müqaviləsi qüvvəsini almadan işəgötürən tərəfindən şəxsin əmək fəaliyyətinə cəlb edilməsidir. Göründüyü kimi, operativ vergi yoxlaması zamanı vergi ödəyicisinə maliyyə sanksiyasının tətbiq edilməsində əsaslardan biri də məhz əmək müqaviləsinin hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi durur. Əlbəttə, “əmək müqaviləsinin hüquqi qüvvəyə minməsi” anlayışı əmək münasibətlərini tənzimləyən Əmək Məcəlləsində təsvir olunur. Əmək müqaviləsi (kontraktı) dedikdə işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilə başa düşülür. Əmək müqaviləsinin hüquqi qüvvəyə minməsi anı isə əmək müqaviləsi bildirişinin elektron informasiya sistemində qeydiyyata alınmasından aslıdır. Məhkəmə diqqətə çatdırır ki, qanunvericilik imperativ qaydada işəgötürən və işçi arasında əmək müqaviləsinin bağlanmasını, əmək müqaviləsi bildirişinin elektron informasiya sistemində qeydiyyata alınmasını və tərəflər arasında əmək münasibətlərinin tənzimlənməsi qaydasını nəzərdə tutur ki, vergi ödəyicisi tərəfindən bu hallara əməl olunmadığı təqdirdə, onun vergi qanuvericiliyinin tələbləri baxımından maliyyə sanksiyasına cəlb olunması istisna olunmur. Digər tərəfdən nəzərə alınmalıdır ki, operativ vergi nəzarətinin həyata keçirilməsi üçün vergi ödəyicisinin hansı dövrdən sahibkarlıq fəaliyyətinə başlaması və ya hansı müddətə sahibkarlıq fəaliyyəti göstərməsi qanunvericilikdə heç bir əsasla şərtləndirilməmişdir. VM-in 58.10-cu maddəsində qeyd olunan vergi hüquq pozuntusu formal tərkibli olduğundan, həmin əmələ görə vergi ödəyicinə maliyyə sanksiyasının tətbiqi vergidən yayınma faktının baş verməsi ilə şərtləndirilə bilməz. Başqa sözlə, VM-in 58.10-cu maddəsinin tətbiqi üçün əmək müqaviləsi hüquqi qüvvəyə minmədən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi faktının müəyyən edilməsi yetərlidir. Belə ki, qanunverici məhz həmin faktın özünü gəlirlərinin gizlədilməsinə (azaldılmasına) şərait yaradan hal kimi normada təsbit etmişdir. Bu zaman, əməlin həmin norma ilə tövsif olunması üçün cəlb edilən işçinin işləri (xidmətləri) hansı müddətdə yerinə yetirdiyinin də əhəmiyyəti yoxdur. Mübahisələndirilən qərardan görünür ki, cavabdeh tərəfindən iddiaçı barəsində “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi” haqqında qərarın qəbul edilməsinin əsası odur ki, vergi ödəyicisi sahibkarlıq fəaliyyətini icra edərkən Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələblərini pozmuş və əmək müqaviləsi hüquqi qüvvəyə minmədən fiziki şəxsləri işə cəlb etmişdir. Həqiqətən də, yuxarıda göstərildiyi kimi, əgər əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən cəlb olunmuş əməkdaşların əmək funksiyalarının yerinə yetirilməsi aşkar olunursa, bu zaman vergi ödəyicisinə təqvim ili ərzində belə hallara neçə dəfə yol verilməsindən asılı olaraq maliyyə sanksiyası tətbiq edilir. İşin faktiki hallarından isə görünür ki, istər maddi, istər prosessual baxımından qəbul edilmiş qərar qanunsuz və əsassız olmuş, iddiaçı barəsində məsuliyyətə cəlb edilmə barədə qərar qəbul edilərkən vergi qanunvericiliyi, eləcə də inzibati icraatla bağlı qanunvericiliyin, həmçinin də inzibati məhkəmə icraatı zamanı formalaşmış məhkəmə təcrübəsinin tələbləri nəzərə alınmamışdır. Bununla bağlı isə qeyd edilməlidir ki, “Məhkəmə və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 79-1-ci maddəsinə görə vahid məhkəmə təcrübəsi məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsini təmin etmək məqsədilə formalaşdırılır. Ali Məhkəmə hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini baxdığı işlər üzrə məhkəmə kollegiyalarının və Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə formalaşdırır. Göründüyü kimi hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin formalaşdırılması təkcə Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə deyil, eyni zamanda məhkəmə kollegiyalarının fərdi işlər üzrə qərarları vasitəsi ilə də həyata keçirilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin bağlı 2-1(102)-1264/2023 saylı oxşar işlə bağlı 14 iyul 2022-ci il tarixli qərarında qeyd edilmişdir ki, Vergi qanunvericiliyinin tələbləri baxımından, cavabdeh vergi orqanı iddiaçıya məxsus obyektdə aşkar etdiyi pozuntuları protokollaşdırmalı, foto və (və ya) video çəkilişdən istifadə etməli olduğu halda bunları etməmişdir. Nəzərə alınmalıdır ki, yalnız foto və (və ya) video çəkilişdən istifadə edilərək protokollaşdırılan hallar məhkəmə və ya inzibati icraat çərçivəsində sübut qismində istifadə oluna bilər. Hazırkı halda, vergi qanunvericiliyinin tələbləri baxımından, iddiaçı barəsində məsuliyyət qərarlarının qəbul edilməsi üçün sadəcə, cavabdeh tərəfindən tərtib edilmiş aktlara istinad edilməsi mötəbər əsas kimi qəbul edilə bilməz. Belə ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 50.6-cı maddəsində operativ vergi nəzarətinin nəticələri üzrə vergi orqanının vəzifəli şəxsləri tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada akt tərtib olunduğu qeyd edilsə də, eyni zamanda operativ vergi nəzarəti tədbirlərinin keçirilməsi zamanı bu Məcəllənin 39-43-cü və 46-49-cu maddələrinin müddəaları tətbiq edildiyi də göstərilmişdir ki, bu da həmin Məcəllənin 41-ci maddəsində qeyd olunan xüsusatların operativ vergi nəzarətinə də şamil olunduğunu ehtiva edir. Cavabdehin əməkdaşları tərəfindən tərtib edilmiş 000913 nömrəli xx.xx.2020-ci il tarixli akta əsasən, müəssisənin işçisi kimi qeyd olunmuş X2 yoxlamaya təqdim olunan izahatında həmin müəssisədə işləmədiyini, iş axtardığını bildirmişdir. Qeyd olunan izahatdan da göründüyü kimi, həmin şəxs orada işləməmiş, yalnız iş axtarışında olduğu üçün həmin gün obyektdə olmuşdur. Eyni zamanda, aktda adı olan digər şəxslərdən isə izahat alınması və akta onların imza etmələri vergi orqanının əməkdaşları tərəfindən təmin edilməmiş, habelə bütövlükdə həmin və digər şəxslərin sözügedən obyektdə olmaları və işləmələri yalnız aktla birtərəfli qaydada rəsmiləşdirilmişdir. Hansı ki, vergi orqanın əməkdaşları pozuntu faktını foto və ya video çəkilişlə qeydə almaq hüquqları olduğu halda bunu etməmişlər, ona görə də cavabdeh hazırki halda iddiaçının əmək müqaviləsi olmadan hansısa şəxsləri işə cəlb etməsini əsaslandıran mötəbər sübut təqdim edə bilməmişdir. Eyni zamanda, Ali Məhkəmənin digər bir 2-1(102)-505/2023 saylı iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qərarında qeyd edilmişdir ki, Vergi Məcəlləsinin 41.1-ci maddəsinə görə Vergi nəzarəti tədbirləri ilə əlaqədar vergi ödəyicisinin ərazilərinə, binalarına, nəqliyyat vasitələrinə, habelə sənədlərinə və əşyalarına baxış keçirilərkən aşkar olunmuş pozuntular protokolla rəsmiləşdirilir və bu zaman foto və (və ya) video çəkilişdən istifadə olunur. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən Bu Məcəllənin 41.1-ci maddəsi ilə müəyyən edilmiş foto və (və ya) video çəkilişin nəticələri vergi ödəyicisi tərəfindən vergi qanunvericiliyinin pozulması hallarının sübut edilməsi məqsədilə məhkəmə və ya inzibati icraat çərçivəsində istifadə edilir. Foto və (və ya) video çəkilişin nəticələri üçüncü şəxslərə yalnız vergi ödəyicisinin yazılı razılığı əsasında açıqlana bilər. Bu səbəbdən də məhkəmə kollegiyası hesab edir ki, məlum kafedə baxış keçirildiyi zaman foto və (və ya) video çəkiliş cavabdehdən tələb edilməli və digər sübutlarla yanaşı araşdırılmalıdır. Ali Məhkəmənin digər bir 2-1(102)-1318/2023 saylı iş üzrə qəbul etdiyi xx.xx.2023cü il tarixli qərarında qeyd edilmişdir ki, cavabdeh vergi orqanı iddiaçı barəsində operativ vergi yoxlamasının həyata keçirilməsi qərarına gəlsə də, operativ vergi nəzarətinin nəticələrinin protokollaşdırılmasında Vergi Məcəlləsinin tələblərinə əməl etməmişdir. Vergi qanunvericiliyinin tələbləri baxımından, cavabdeh vergi orqanı iddiaçıya məxsus obyektdə aşkar etdiyi pozuntuları protokollaşdırmalı, foto və (və ya) video çəkilişdən istifadə etməli olduğu halda bunları etməmişdir. Nəzərə alınmalıdır ki, yalnız foto və (və ya) video çəkilişdən istifadə edilərək protokollaşdırılan hallar məhkəmə və ya inzibati icraat çərçivəsində sübut qismində istifadə oluna bilər. Hazırkı halda, vergi qanunvericiliyinin tələbləri baxımından, iddiaçı barəsində məsuliyyət qərarlarının qəbul edilməsi üçün sadəcə, cavabdeh tərəfindən tərtib edilmiş aktlara istinad edilməsi mötəbər əsas kimi qəbul edilə bilməz. cavabdeh inzibati orqanın əməkdaşları tərəfindən İddiaçı, həmçinin aktda adı olan 2 nəfərdən izahat alınması və akta onların imza etmələri təmin edilməmiş, habelə həmin şəxslərin sözügedən obyektdə olmaları və işləmələri yalnız aktla birtərəfli qaydada rəsmiləşdirilmişdir. Həmçinin xx.xx.2021-ci il tarixli, 002264 nömrəli akta nəzər yetirildikdə yalnız vergi orqanının əməkdaşları tərəfindən imza edildiyi, X3 akta imza etməkdən imtina etməsi və Şahid1 barəsində isə, ümumiyyətlə, heç bir məlumat əks etdirilməməsi müəyyən edilmişdir. X9 məhkəmə iclasında ifadə verərək şadlıq sarayının işçisi olmadığını, həmin gün toyda iştirak etdiyini, toy sahibinin tapşırığı ilə şadlıq evinə məxsus anbarın qabağında olduğunu, anbara nəzarət etdiyini təsdiq etmişdir, vergi orqanı əməkdaşları tərəfindən ondan izahat alınmadığını bildirmişdir. Cavabdeh inzibati orqan operativ vergi yoxlaması apararkən maddi hüquq normalarında nəzərdə tutulan tədbirlər görə bilərdi, o cümlədən göstərilən şəxslərin izahatlarını ala bilərdi. Lakin cavabdeh inzibati orqanın əməkdaşları pozuntu faktını foto və ya video çəkilişlə qeydə almaq və həmin şəxslərdən izahat almaq hüquqları olduğu halda bunu etməmişdirlər. Cavabdeh iddiaçının əmək müqaviləsi olmadan X5 və Şahid1 işə cəlb etməsinə istinad etsə də, öz qərarında bu halı əsaslandırmamış, məhkəmə iclaslarında da iddiaçının həmin şəxsləri əmək müqaviləsi bağlamadan işə cəlb etdiyini sübut edə bilməmişdir. Məhkəmə, qeyd etməyi zəruri hesab edir ki, hazırkı iş üzrə də işin faktiki halları oxşar olmuş, iddiaçının direktorunun izahatı alınsa da 21 nəfər siyahıda adıçəkilən şəxslərin izahatlarının alınması təmin edilməmiş, üzrlü səbəb kimi iş yükünün çoxluğu ilə əlaqələndirilsə də bunu təsdiq edən sübutu məhkəməyə təqdim etməmişdir. Ümumiyyətlə, iddiaçının direktorunun izahat verdiyi halda, işçisi ehtimal olunan şəxslərin izahatın verilməsindən imtinaya yönələn hərəkətlərinin mövcudluğu baxımından da məhkəmə də daxili inamın formalaşması üçün hər hansı sübut mövcud olmamışdır. Məhkəmənin işin mahiyyətinə münasibətdə mövqeyinin daxili inamla bağlılığı isə inzibati prosessual qanunvericiliklə birbaşa tənzimlənmişdir. Belə ki, AR İPM-nin 68.1-ci maddəsi konkret olaraq 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Eləcə də, həmin prinsip ümumi norma kimi “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunu ilə də öz təsbitini tapmışdır. Adıçəkilən Qanunuun 100-cu maddəsinə əsasən məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Eyni zamanda, məhkəmə iclasında da izahatı alınmış iddiaçının direktoru tərəfindən izahat verilərək işçilərin əmək müqavilələrin bağlanılması təmin ediləcəkdir formalı izahatının mötəbərliyi ilə bağlı da araşdırma aparılmışdır ki, məhkəmə iclasında iştirak edən iddiaçının direktoru izahatın verilməsi ilə bağlı istiqamətləndirildiyi bildirmiş, işçilərin müqaviləsiz cəlb edilməsi ilə bağlı hər hansı halın olmadığını qeyd etmişdir ki, hətta həmin izahatın özündə belə ilk toy məclisinin olması, həmin şəxslərin yoxlama üçün cəlb edilməsinə dair iddia ərizəsində də qeyd olunan oxşar mövqe qeyd edilməyə çalışılmışdır. İddia ərizəsində və məhkəmə iclasında qeyd olunanlardan aydın olur ki, həmin şəxslər yoxlama üçün gətirilmiş şəxslər olmuşdur ki, toy şənliklərinin xarakteri baxımından ilk toy məclisinin həyata keçirilməsi planlaşdırılan gün üzrə həmin yoxlamanın keçirilməsinə yönələn hərəkətlərin mövcudluğu məhkəmədə şübhə doğurmur. Belə ki, iş materiallarında olan X1 Xidmətinin məktubundan da göründüyü kimi işçi heyətinə malik olan iddiaçı tərəfindən məhz toy məclisinin ilk günü müəyyən əlavə işçi heyətinin gələcəkdə cəlbinə yönələn bacarıqların yoxlanılmasına yönələn hərəkətlər məntiqə uyğundur ki, məhkəmə hesab edir ki, əks halı AR İPM-nin 14-cü maddəsinə əsasən sübut etməyə məcbur olan cavabdeh sübut edə bilməmişdir. Məhkəmə, həmçinin qeyd etməyi zəruri hesab edir ki, izahatı alınmış iddiaçının direktorunun məhkəmə iclasında vermiş olduğu izahata işin faktiki hallarının uyğun olması, sonradan həmin şəxsin cavabdeh tərəfindən tərtib edilmiş aktları imzalamaqdan imtina etməsi də təsdiq edir. Belə ki, iş materiallarında olan aktdan görünür ki, iddiaçının direktoru izahat vermiş olsa da, tərtib edilən aktla razılaşmadığından onun imzalanmasından imtina etmişdir ki, qeyd olunan hal həmin aktdan başqa iddiaçının qərarının qəbul edilməsinə yönələn digər bir mötəbər sübutunun olmamasına dəlalət edir. Halbuki, Ali Məhkəmənin yuxarıda istinad olunan qərarlarından, eləcə də vergi qanunvericiliyin tələbindən göründüyü kimi vergi orqanı iddiaçıya məxsus obyektdə aşkar etdiyi pozuntuları protokollaşdırmalı, foto və (və ya) video çəkilişdən istifadə etməli olduğu halda bunları etməmişdir. Nəzərə alınmalıdır ki, yalnız foto və (və ya) video çəkilişdən istifadə edilərək protokollaşdırılan hallar məhkəmə və ya inzibati icraat çərçivəsində sübut qismində istifadə oluna bilər. Eləcə, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, 2-1(102)-1047/2023 saylı iş üzrə qəbul edilən xx.xx.2023-tarixli qərarda və digər oxşar xarakerli qərarlarda qeyd edilmişdir ki, Vergi Məcəlləsinin 50.2-ci maddəsində operativ vergi nəzarətinin həyata keçirilməsi üçün əsasların dəqiq siyahısı göstərilmişdir (vergi orqanı tərəfindən keçirilən səyyar vergi yoxlaması zamanı aşkar edilmiş faktlar; vergi orqanları tərəfindən mənbəyi bəlli mənbələrdən əldə etdikləri məlumatlar; vergi ödəyicisi tərəfindən vergi qanunvericiliyinin pozulması hallarının aradan qaldırılması barədə vergi orqanlarının tələblərini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə; vergi orqanlarının bu Məcəllənin 50.1ci maddədə göstərilən məsələlər barədə qanunvericiliyin sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslər tərəfindən pozulması barədə kifayət qədər əsası olduqda; vergi ödəyicisi riskli vergi ödəyicisi olduğu halda). Hazırkı iş üzrə cavabdehin operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında xx.xx.2021-ci il tarixli, **********9054 nömrəli qərarında Vergi Məcəlləsinin 50.2-ci maddəsində qeyd edilən hər hansı əsasa istinad edilməmişdir (yalnız reyestrdən çıxarışda 50.2.2-ci maddə (vergi orqanları tərəfindən mənbəyi bəlli mənbələrdən əldə etdikləri məlumatlar) qeyd edilmiş, lakin bununla bağlı hər hansı sübut təqdim edilməmişdir). Həmin qərarda VM-nin 50.2-ci maddəsində göstərilən əsaslardan birinə istinad olunsa belə, qeyd edilməlidir ki, operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında qərar qəbul edərkən vergi orqanının sadəcə qanunun konkret normasına istinad etməsi yetərli sayıla bilməz. Hüquqi müəyyənlik prinsipinin tələbləri baxımından cavabdeh istinad etdiyi normada nəzərdə tutulmuş halları və məlumatları açıqlamağa, habelə yoxlamanın başlanılmasını zəruri edən halları və məlumatları öz qərarında əsaslandırmağa borcludur. Belə ki, operativ vergi nəzarətinin həyata keçirilməsi əsaslarının qanunvericiliklə dəqiq və həm də qapalı şəkildə müəyyən edilməsi, bir tərəfdən, sahibkarlıq fəaliyyətinə yersiz müdaxilələrin qarşısının alınması, əlverişli investisiya mühitinin yaradılması, sahibkarlıq fəaliyyəti üzərində administrativ təzyiqin azaldılması məqsədlərinə, digər tərəfdən isə vergi ödəyicisinin hüquqlarının müdafiəsi məqsədlərinə xidmət edir. Məhz bu baxımdan, sahibkarlıq fəaliyyəti subyektlərinə münasibətdə aparılan yoxlamaların əsasları qanunvericiliklə dəqiq tənzimlənmişdir və vergi orqanı inzibati orqan kimi hər bir halda yoxlamanın keçirilməsi barədə öz qərarını əsaslandırmağa borcludur. Bu zaman həm də nəzərə almaq lazımdır ki, diskresion səlahiyyət əsasında qərar (inzibati akt) qəbul etdiyi hallarda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə izah etməli, diskresion səlahiyyətlərindən niyə məhz bu cür istifadə etdiyini əsaslandırmalıdır. yuxarıda qeyd edildiyi kimi, cavabdeh vergi orqanı bu və ya digər növ yoxlamanı seçməkdə, həmçinin VM-nin 50.2-ci maddəsində sadalanan əsaslardan birinə görə, operativ vergi yoxlamasının keçirilməsi ilə bağlı qərar qəbul etməkdə diskresion səlahiyyətə malikdir. Nəzərə almaq lazımdır ki, inzibati orqan diskresion səlahiyyətə malik olduğu hallarda həmin səlahiyyəti qanunvericiliklə, o cümlədən vergi qanunvericiliyi ilə müəyyən olunmuş hüdudlar çərçivəsində və həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə düzgün həyata keçirməyə borcludur. Belə olan halda, hazırkı mübahisəyə münasibətdə diskresion səlahiyyətlərin məhz operativ vergi nəzarətinin təyin edilməsi qaydasında həyata keçirilməsini zəruri edən şərtlərin mövcudluğu inzibati orqan tərəfindən əsaslandırılmalıdır. Belə ki, səlahiyyətverici normanın məzmununa görə, cavabdeh belə yoxlamanı keçirə bilər, lakin bunu bütün hallarda və həmişə etməyə borclu deyil. Əgər, inzibati orqan operativ vergi nəzarətinin həyata keçirilməsi barədə qərara gəlmişdirsə, onda VM-nin 38.3-cü və 14.3-cü maddələrinin müddəaları baxımından diskresion səlahiyyətindən niyə məhz bu qaydada istifadə etməsini açıqlamaq və əsaslandırmaq öhdəliyi daşıyır. Bu zaman həm də nəzərə alınmalıdır ki, şəxsin, o cümlədən də iddiaçının inzibati orqandan diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsini tələb etmək hüququ vardır. İnzibati orqanların fəaliyyəti üzərində məhkəmə nəzarəti həmin orqanlar, o cümlədən cavabdeh tərəfindən diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsinin yoxlanılmasını da ehtiva edir. İnzibati orqanın diskresion səlahiyyətə malik olduğunu bilmədiyi və ya həmin səlahiyyətdən düzgün istifadə etmədiyi hallarda inzibati orqan tərəfindən qəbul olunmuş qərar qanunsuz hesab olunur. İşin faktiki hallarından, eləcə də operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında qərarda 50-ci maddəyə istina edilsə də operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında qərar qəbul edərkən vergi orqanının sadəcə qanunun konkret normasına istinad etməsi yetərli sayıla bilməz. Hüquqi müəyyənlik prinsipinin tələbləri baxımından cavabdeh istinad etdiyi normada nəzərdə tutulmuş halları və məlumatları açıqlamağa, habelə yoxlamanın başlanılmasını zəruri edən halları və məlumatları öz qərarında əsaslandırmağa borcludur. Lakin, işin hallarından da göründüyü kimi toy məclislərinin ilk günündə hazırkı yoxlamanın keçirilməsinə yönələn vergi yoxlamasının keçirilmə əsasları baxımından qanuniliyi müəyyən edilmir. Həmin halın vergi yoxlamasının keçirilməsini həyata keçirən izahatı məhkəmə iclasınd alınmış vergi orqanı əməkdaşlarının şahid ifadələri ilə də müəyyən edilməsi məhkəmə hesab edir ki, mümkün olmamışdır. Həmçinin, Ali Məhkəmənin 2-1(102)-1469/2023 saylı iş üzrə qəbul edilmiş xx.xx.2023 saylı iş üzrə qəbul edilmiş qərarında qeyd edilmişdir ki, cavabdehin operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında qərarı Vergi Məcəlləsinin 50.2-ci maddəsinin tələbləri baxımından əsaslandırılmıamış, bununla da əsassız yoxlama tədbirləri keçirilmişdir. Yəni həmin qərarda Vergi Məcəlləsinin 50.2-ci maddəsində sadalanmış əsaslardan heç biri göstərilməmişdir. Halbuki, Vergi Məcəlləsinin 50.3-cü maddəsinin tələbinə əsasən operativ vergi nəzarəti vergi orqanının əsaslandırılmış qərarına əsasən həyata keçirilir Mübahisələndirmə haqqında iddialarla bağlı mübahisələr üzrə məhkəmə qərarı, öhdəliyin icrası və məcburetmə haqqında iddialardan fərqli olaraq, mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına uyğun çıxarılmalıdır. Bu məqsədlə, inzibati aktın qanuniliyi iki mərhələdə yoxlanılır: 1) formalhüquqi baxımdan; 2) maddi-hüquqi baxımdan. İnzibati akt qanunda əksini tapan şərtlərə uyğun gəlmirsə, qanuna zidd sayılır. İnzibati aktın qanuni hesab edilməsi üçün aşağıdakı şərtlərin mövcudluğu zəruridir: 1. inzibati aktın səlahiyyətli orqan tərəfindən qəbul edilməsi və bu zaman icraat və forma ilə bağlı bütün müddəalara riayət olunması (formal-hüquqi baxımdan qanunilik); 2. inzibati aktın qüvvədə olan hüquqa uyğun olması. İnzibati orqanın əsaslandığı səlahiyyətverici normanın dispozisiya şərtləri konkret halda mövcud olmalı və inzibati aktın nəticəsi həmin normada nəzərdə tutulmuş nəticə ilə üstüstə düşməlidir (maddi-hüquqi baxımdan qanunilik). Hazırkı iş mübahisələndirmə haqqında iddia əsasında başlandığından iddiaçı deyil, sübut etmə vəzifəsi mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan tərəfindən həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu sübut edilməlidir. Lakin cavabdeh tərəfindən maliyyə sanksiyasının tətbiqinə dair qərarın əsaslılığı ilə bağlı yoxlama aktından başqa hər hansı bir sübut məhkəmələrə təqdim edilməmişdir. Belə ki, cavabdeh tərəfindən yoxlama aktında sadalanmış şəxslərdən hər hansı izahatlar alınmamış, heç kim dindirilməmiş, şahidlər çağırılmamışdır. İnzibati icraat haqqında qanunun tələbinə əsasən inzibati icraat zamanı inzibati orqan sənədlərdən, tərəflərin və işdə iştirak edən üçüncü şəxslərin izahatlarından, şahid ifadələrindən, müvafiq müayinələrin aparılmasından ekspert rəylərindən və digər vasitələrdən sübutetmə vasitələri kimi istifadə etməlidir. Lakin iş materiallarından da göründüyü kimi cavabdeh öz işini yoxlama aktını yazmaqla bitmiş hesab etmişdir. Halbuki İnzibati icraat haqqında qanunun 24-cü maddəsində qeyd edilmişdir ki, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Məhkəmə, də hesab edir ki, istər vergi qanunvericiliyi, istərsə də AR İPM-nin 14-cü maddəsinin tələbi baxımından qərarın qəbul edilməsini əsaslılığı ilə bağlı faktiki halların mövcudluğu məhz cavabdeh tərəfindən sübut edilməlidir. vergilərin düzgün hesablanması vergi orqanlarının vəzifəsidir. Vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Vergi qanunvericiliyi ilə bağlı hüquqpozuntusu hadisəsi olmadıqda, şəxs vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilə bilməz. Qanunvericiliyin mənasından göründüyü kimi əksi sübut olunmayanadək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Bu zaman konkret sübutlar, dəlillərə istinad olunmalı, başqa sözlə vergi orqanı ehtimallara, fərziyələrə əsasən vergi ödəyicisini məsuliyyətə cəlb edə bilməz. Eyni zamanda, məhkəmə iclasında şahid qismində dindirilmiş şəxslərin izahatında göstərilmişdir ki, həmin şəxslər məhz iş axtarılması, yoxlanılması üçün şadlıq sarayında olmuş, sonradan da həmin şadlıq evində də işləmədiklərini qeyd etmişdir. Ümumiyyətlə bununla əlaqədar olaraq qeyd edilməlidir ki, inzibati xəta və cinayət prosessual qanunvericilikdə məhkəmə praktikasında sübut növü kimi xüsusi əhəmiyyət daşıyan şahid ifadələrinin mülki, eyni zamanda inzibati icraatda istifadəsi ilə bağlı hər hansı məhdudiyyət nəinki mövcuddur, hətta şahid ifadələrinin istifadəsi birbaşa olaraq həm inzibati, həm də AR İPM-nin 1.2-ci maddəsi nəzərə alınmaqla tətbiqinə inzibati məhkəmə icraatında imkan verən mülki prosessual normalarda öz təsbitini tapmışdır. Başqa sözlə inzibati və ya inzibati məhkəmə icraatında sübut qismində mütləq qaydada sənədlərin çıxış etməsi ilə bağlı qayda mövcud deyil. Şahid ifadələri də sübut növüdür və işin mahiyyəti üzrə həllində digər sübutlarla yanaşı tətqiq edilməlidir. AR İPM-nin: 58.2. Məhkəmə sübutlara yerində baxış keçirə, şahidləri, ekspertləri və proses iştirakçılarını dindirə, zəruri sənədləri tələb edə bilər. 59.2. Proses iştirakçıları şahidlərə, ekspertlərə və inzibati orqanların nümayəndələrinə işə aid suallar verə bilərlər. Suala etiraz olunduğu hallarda sualın mümkünlüyü haqqında məsələ hakim və ya işə baxan məhkəmə kollegiyası tərəfindən həll edilir. AR MPM-nin: 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Göründüyü kimi şahid ifadəsi sübut növlərinin siyahısında qeyd edilmişdir. MPM-nin: 62.1. Məhkəmə tərəfindən mübahisənin düzgün həlli məqsədi ilə işin halları barədə məlumatı olan hər bir şəxs şahid qismində dindirilə bilər. 62.2. Şahid qismində məhkəməyə çağırılan şəxs məhkəməyə gəlməyə və iş üzrə ona məlum olan məlumatları və halları bildirməyə borcludur. 62.3. Şahid düzgün ifadə verməyə, hakimlərin və prosesdə iştirak edən şəxslərin suallarına cavab verməyə borcludur. 62.4. Şahid bilərəkdən yalan ifadə verməyə və ifadə verməkdən boyun qaçırmağa görə cinayət məsuliyyəti daşıyır. AR CM-nin 297-ci maddəsindən də göründüyü kimi məhkəmədə yalan ifadə vermə cinayət məsuliyyətinə səbəb olur. Göründüyü kimi proses iştirakçısının özünümüdafiə xarakterli ola biləcək izahatlarından fərqli olaraq şahidin məhkəməni yanıltmağa yönəlmiş yalan ifadə verməsi cinayət məsuliyyətinə səbəb olan haldır. Bu səbəbdən məhkəmə hesab edir ki, şahid ifadəsinin sübut növü kimi əhəmiyyəti həmin ifadənin yalan olacağı təqdirdə cinayət məsuliyyətinə ekspert rəyi kimi səbəb olması səbəbi ilə mütləq nəzərə alınmalıdır. Məhkəmə də inzibati orqanın qərarının qanuniliyinin müəyyən edilməsində əhəmiyyət daşıya biləcəyindən şahid ifadəsinin düzgün olması baxımından şahidin hüquq və vəzifələri ilə yanaşı, şahidin yalan ifadə verməsi zamanı yaranacaq cinayət məsuliyyəti ilə bağlı şəxsləri dəfə xəbərdarlıq etmiş, sosial statusundan (yaş, cins və digər xüsusiyyətlər) asılı olmayaraq həmin şəxsin cinayət məsuliyyəti daşıya biləcəyi şəxsin diqqətinə çatdırılmış, şahidlər həmin məsuliyyətin ona tam aydın olduğunu bildirərək müvafiq qəbzə imza etməklə ifadə vermişdir. Həmin ifadələrin məzmunundan da aydın olur ki, şəxslər şadlıq sarayında işçi olmamış, iş tapmaq üçün həmin yerdə olmuşdur. İddiaçının direktorunun izahatına münasibətdə isə, məhkəmə əlavə olaraq onun da qeyd edilməsini zəruri hesab edir ki, C.Əzimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2 aprel 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 28 noyabr 2018-ci il tarixli qərarında qeyd edilmişdir ki, “...iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud sübutlarla təsdiq edilib əsaslandırılmalıdır. Materiallar o zaman sübut kimi qəbul oluna bilər ki, onlar faktları təsdiq edən halları nəzərdə tutsun və yalnız obyektiv təsdiqini tapan həmin hallar əsasında məhkəmə iş üçün əhəmiyyət daşıyan faktiki halları müəyyən etsin...Məhkəmə faktın etiraf edilməsi barədə işdə iştirak edən şəxsin izahatını dərhal əsaslı sübut kimi qəbul edə bilməz. Etiraf hər bir halda prosessual qanunvericiliyə əsasən məhkəmə tərəfindən yoxlanılmalıdır...” Konstitusiya Məhkəməsinin istinad olunan qərarındakı hüquqi mövqeni nəzərə almaqla məhkəmə qeyd edir ki, faktın etiraf edilməsi barədə işdə iştirak edən şəxsin izahatı bütün hallarda əsaslı sübut kimi qəbul edilmir. İlk öncə etiraf da, digər sübutlar kimi, hər bir halda prosessual qanunvericiliyə əsasən məhkəmə tərəfindən yoxlanılmalıdır. Əgər iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edilərsə, yalnız bu zaman həmin etiraf - izahatın sübut kimi qəbuledilənliyi məhkəmə üçün labüd olur. Real həyat müşahidələri də göstərir ki, etiraf, hər zaman şəxsin sərbəst iradəsini ifadə etmir. Mümkündür ki, əhəmiyyətli yanılma və ya digər hallarda hər hansı faktla bağlı izahat verilsin. Lakin sonradan işin əsli məlum olduğunda müəyyən korreksiyaların edilməsi və ya fərqli məzmunda mövqe göstərişi istisna olunmur. (bax: Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2-1(102)-1950/2022 saylı qərarı). Hətta, iddiaçının direktorunun yoxlama zamanı vermiş olduğu izahatı etirafedici izahat qismində qiymətləndirilsə belə, həmin etirafın mütləq qaydada digər sübutlarla yanaşı qiymətləndirilməsi mütləqdir. Belə ki, təqsir və məsuliyyətlə bağlı halların müəyyən edilməsi ilə əlaqədar inzibati xəta və cinayət prosessual qanunvericiliyin prinsiplərindən biri odur ki, etiraf digər sübutlarla birlikdə qiymətləndirilməlidir. Hazırkı iş üzrə də qərarın mahiyyəti məhz məsuliyyət və iddiaçının təqsiri ilə bağlı olduğundan etiraf xarakterli hesab edilsə belə izahatda qeyd edilənlərin, yəni işçilərlə əmək müqaviləsi sonradan bağlanılacaqdır formasında izahatın, məhz həmin şəxslərin işçi hesab edilməsi kimi başa düşülməsi məhkəmə işin hallarına uyğun hesab edilmir. Belə ki, iş üzrə digər sübutlarla həmin şəxslərin iddiaçının işçisi olmaması sübuta yetirilmiş, cavabdeh tərəfindən bunun əksini müəyyən edə biləcək akt isə audio və video aparılmadan, protokollaşdırılmadan tərtib edilmişdir. Təkcə iş materiallarında olan izahata istinadla isə, məhkəmə Konstitusiya Məhkəməsinin qərarının tələbləri, eləcə də məsuliyyət və təqsirlə bağlı oxşar münasibətləri tənzimləyən prosessual qanunvericiliyin tələbləri, eləcə də işin tam və obyektiv araşdırılmasının inzibati orqan və məhkəmə tərəfindən borclu olunması nəzərə alındıqda həmin izahatın mübahisələndirilən qərarın qəbuluna əsas vermədiyi müəyyən edilir. Halbuki, iddiaçının direktoru həmin izahatın mötəbərliyini təsdiq etməmiş, izahatın özündə belə qərarın qəbulunu istisna edə biləcək hallara işarə verməsi, sonradan isə aktı imzalamaqdan imtina etməklə həmin izahatın mötəbərliyinə əsaslı şübhələrin mövcudluğu öz təsdiqini tapmışdır ki, mövcud şübhələr nəzərə alınmaqla qeyd olunan şübhələrin iddiaçının xeyrinə şərh olunması qanunvericiliyin tələbidir. Belə ki, məsuliyyət müəyyən edən prosessual normaların, eləcə də Vergi Məcəlləsinin 53-cü maddəsinin konkret tələbinə əsasən vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Qeyd olunanlar nəzərə alınmaqla məhkəmə hesab edir ki, iddia əsaslıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia qismən təmin edilsin. İddiaçı barəsində qəbul edilmiş cavabdehin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 25 aprel 2023-cü il tarixli **********2827 saylı qərarı ləğv edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. Hakim Orxan Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar