Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-10172/2025 23.09.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi İmranova Zəminə Şahin qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1axaraq, aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İşin halları
1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı əmək pensiyasının yenidən hesablanması barədə qərar qəbul edilməsinə dair iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 52 yaşından güzəştli şərtlərlə yaşa görə pensiyaya çıxmışdır. Pensiyaya çıxdıqdan sonra işləməyə davam etdiyi üçün pensiyası 6 ildən sonra yenidən hesablanmalı idi. 6 il keçdiyi üçün yenidən hesablanarkən qanunvericiliyə riayət olunmamış, pensiyası az artırılmış və nəticədə hüquqları pozulmuşdur. Pensiyası yenidən hesablanan zaman bu işlədiyi son 6 il ərzində fərdi sosial sığorta hesabında yığılan vəsait 72-ə bölünərək pensiyasına əlavə edilməli olduğu təqdirdə daha böyük rəqəmə bölünmüş və nəticədə pensiyası çox az məbləğdə artırılmışdır. Bu məsələ ilə bağlı məhkəmələrin çoxsaylı müsbət qərarları vardır. Nümunə kimi, analoji məsələ ilə bağlı bir məhkəmə qərarını əlavə edir. Qeyd edilənləri nəzərə alaraq cavabdehə müraciət edib aşağıdakıları xahiş etmişdir: işlədiyi son 6 il ərzində fərdi sosial sığorta hesabında yığılan vəsaitin 72-ə bölünərək, həmin məbləğin pensiyasına əlavə edilməsi şərtilə pensiyasın yenidən hesablansın. Lakin, cavabdeh imtina etmişdir. Cavabdehin imtinasını qanunsuz hesab edir. Belə ki, “Əmək pensiyaları haqqında” Qanuna əsasən,əmək pensiyaları sığortaolunanın fərdi hesabının sığorta hissəsində ödənilmiş məcburi dövlət sosial sığorta haqları hesabına qeydə alınmış və yığım hissəsində toplanmış vəsait – pensiya kapitalı əsasında müəyyən edilərək vətəndaşlara ödənilir. Pensiya kapitalı müvafiq olaraq fərdi hesabın sığorta hissəsində qeydə alınan və fərdi hesabın yığım hissəsində toplanan vəsaitlərin məbləğini nəzərdə tutur. Əmək pensiyasının sığorta hissəsi isə fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının gözlənilən pensiya ödənişi müddətinin aylarının sayına nisbəti şəklində hesablanan məbləğini ehtiva edir. Əmək pensiyasının yığım hissəsi dedikdə, fərdi hesabın yığım hissəsində toplanan pensiya kapitalının gözlənilən pensiya ödənişi müddətinin aylarının sayına nisbəti şəklində hesablanan məbləğ başa düşülür (“Əmək pensiyaları haqqında” Qanunun 1.0.10, 1.0.12 və 1.0.13-cü maddələri). Gözlənilən pensiya ödənişi müddəti əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında istifadə olunan göstərici olmaqla, mövcud qanunvericiliklə 144 ay (12 il) müddətində nəzərdə tutulmuşdur (“Əmək pensiyaları haqqında” Qanunun 1.0.14 və 45-ci maddəsinin birinci cümləsi). Həmin Qanunun 1.0.15-ci maddəsinə əsasən, əmək pensiyasının müəyyən edilməsi dedikdə, əmək pensiyasının təyin edilməsi, onun məbləğinin yenidən hesablanması və əmək pensiyasının bir növündən digərinə keçid nəzərdə tutulur. Əmək pensiyasının və əmək pensiyasına əlavənin ödənilməsi qaydalarına dair müddəalar “Əmək pensiyaları haqqında” Qanunun 37-ci maddəsində əks etdirilmişdir. Həmin Qanunun 37.3.1-ci maddəsinə əsasən, işləyən əmək pensiyaçılarına yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir. Həmin maddədə pensiya təyin olunduqdan sonra işləyən əmək pensiyaçılarının pensiyasının yenidən hesablanması qaydası da müəyyən edilərək göstərilmişdir ki, pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir. İşləyən əmək pensiyaçısı işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə, yaxud pensiyaçı işləməyə davam etdiyi təqdirdə hər 6 ildən bir həmin dövr üzrə sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər, lakin 72 aydan artıq olmamaqla azaldılaraq əmək pensiyası yenidən hesablanır. “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsinin qeyd edilən müddəalarından aydın olur ki, qanunverici pensiya təyin olunduqdan sonra işləyən əmək pensiyaçılarına münasibətdə pensiyanın yenidən hesablanmasını sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması ilə əlaqələndirmiş, pensiya ödənişi müddəti aylarının sayının isə pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər azaldılmaqla hesablandığını göstərmişdir. Beləliklə, qanunverici göstərilən maddədə pensiyaya çıxmasına baxmayaraq, hər hansı sahədə əmək fəaliyyətini davam etdirən şəxslərin ödədikləri məcburi dövlət sosial sığorta haqları hesabına pensiya kapitalının sığorta, habelə yığım hissələri üzrə toplanmanın davam etdiyini, həmin şəxsin sonradan işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə və ya işləməyə davam etdiyi təqdirdə hər 6 ildən bir əmək pensiyalarının bu maddədə nəzərdə tutulmuş qaydada yenidən hesablanmalı olduğunu imperativ qaydada müəyyən etmişdir. “Əmək pensiyaları haqqında” Qanuna əsasən pensiya kapitalını fərdi hesabın sığorta hissəsində qeydə alınan və fərdi hesabın yığım hissəsində toplanan vəsait təşkil edir, hansı ki, fərdi hesabın sığorta hissəsi əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır. “Sosial sığorta haqqında” Qanunun 1-ci maddəsinə əsasən sosial sığorta bu Qanunla nəzərdə tutulmuş hallarda fiziki şəxslərin itirilmiş əmək haqlarının, gəlirlərinin və ya əlavə xərclərinin kompensasiya edilməsinə, habelə itirilməsinin qarşısının alınmasına yönəldilmiş təminat formasıdır. Qanunun 4-cü maddəsinə əsasən sosial sığorta hadisəsi elə bir haldır ki, onun baş verməsi ilə sığortaolunanın sığorta təşkilatından sığorta ödəməsi almaq hüququ yaranır. Sosial sığorta hadisəsinə aşağıdakılar daxildir: pensiya yaşına çatmaq;... Qanunun 6-cı maddəsinə əsasən sosial sığorta hadisəsi baş verdikdə aşağıdakı sığorta ödəmələri verilir: Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə müəyyən edilən əmək pensiyaları... Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 15 sentyabr tarixli 189 nömrəli qərarı ilə təsdiq edilmiş “Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında Əsasnamə”nin 2-ci bəndinə əsasən məcburi dövlət sosial sığorta ödəmələri sosial sığorta hadisəsi baş verdikdə verilən ödənclərdir. Bunlara aşağıdakılar aiddir: Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə müəyyən edilən əmək pensiyaları... Əsasnamənin 3-cü hissəsinə əsasən məcburi dövlət sosial sığortasına cəlb olunan şəxslərin sosial sığorta ödəmələrini almaq hüququ vardır. Qanunvericilikdə nəzərdə tutulmuş müddət ərzində xeyrinə məcburi dövlət sosial sığorta fəaliyyəti həyata keçirilməyən şəxslərin (qanunvericiliklə müəyyən olunmuş hallar istisna olmaqla) sosial sığorta ödəmələrini (pensiya, müavinət) almaq hüququ yoxdur. Belə ki, iddiaçı pensiya təyin edildikdən sonra işləmiş və pensiya kapitalının formalaşdırılması üçün onun aldığı əmək haqqından məcburi dövlət sosial sığorta haqqı hesablanmışdır. İddiaçıya pensiya təyin edildiyindən hazırkı halda sığorta hadisəsi kimi “Əmək pensiyaları haqqında” Qanunun 37-ci maddəsinə əsasən onun əmək pensiyasının yenidən hesablanması hüququnun yaranması təşkil edir ki, istinad olunan normalara əsasən sığorta hadisəsi baş verdikdə şəxsin sığorta ödəməsini, yəni onun fərdi hesabında toplanan pensiya kapitalınıalmaq hüququ vardır. Hazırkı mübahisənin yaranmasına səbəb iddiaçının fərdi hesabını sığorta hissəsində yığılmış pensiya kapitalının hesablanmasızamanı qanunvericiliyin tətbiqidinə yaranan fərqlimövqe ilə əlaqədardır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 45-ci maddəsinin 10 mart 2017-ci il tarixli 543-VQD nömrəli Qanunla qüvvəyə minmiş 29 iyun 2022-ci il tarixə qədər qüvvədə olan redaksiyasıaşağıdakı kimi olmuşdur: Bu Qanunun məqsədləri üçün gözlənilən pensiya ödənişimüddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir (normanın birinci cümləsi). Buraya gözlənilən pensiya ödənişi müddəti, yəni 144 ay (12 il) daxildir. Bu Qanunun 9-cu maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin olunan şəxslərin əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı güzəştli şərtlə pensiyaya çıxma yaşı ilə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı arasındakı ayların sayı qədər artırılır (normanın ikinci cümləsi). Bu Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavə almaq hüququ olan şəxsin yaşa görə əmək pensiyasının bu Qanunun 37.3.1-ci maddəsinə uyğun olaraq yenidən hesablanması zamanı sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı həmin şəxsin pensiyasının yenidən hesablanması tarixinə yaşı ilə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı (bu yaşa çatdığı hallar istisna olmaqla) arasındakı ayların sayı qədər artırılır (normanın üçüncü cümləsi). 13 may 2022-ci il tarixdə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununda dəyişiklər edilməsinə dair 530-VİQD nömrəli Qanun qəbul edilmiş (həmin Qanun 29 iyun 2022-ci il tarixdən qüvvəyə minmiş) və Qanunun 1.11-ci maddəsinə əsasən “Əmək pensiyaları haqqında” Qanunun 45-ci maddəsinin ikinci cümləsi Qanundan çıxarılmışdır. Qanunun 45-ci maddəsinə dəyişiklik edilməsi ilə bağlı 530-VİQD nömrəli Qanununun Keçid müddəalarının 2.2-ci bəndində qeyd edilmişdir ki, qeyd olunan 1.11-ci maddənin Qanunun qüvvəyə mindiyi günədək təyin edilmiş yaşa görə əmək pensiyalarının yenidən hesablanmasına, eləcə də, həmin günədək pensiya hüququ yaranmış şəxslərə yaşa görə əmək pensiyasının təyin edilməsi və yenidən hesablanması hallarına münasibətdə tətbiq edilmir. Hesab edirlər ki, cavabdeh Keçid müddəalarını hazırkı mübahisəyə səhv tətbiq etmişdir. Belə ki, cavabdeh iddiaçının xx.xx.2023-cü il tarixli müraciəti əsasında Qanunun 37.3.1-ci maddəsini tətbiq edərək iddiaçının pensiyasını yığılmış sığorta kapitalı əsasında yenidən hesablamış, bu zaman yığılmış pensiya kapitalını 72-yə bölmüşdür. Lakin sonradan Qanunun 45-ci maddəsində edilən yuxarıda qeyd edilən dəyişikliklə bağlı Qanunun Keçid müddəalarını tətbiq edərək inzibati icraat aparmış və qəbul etdiyi xx.xx.2024-cü il tarixli qərarla iddiaçının pensiyasını yeni qaydada, Qanunun 45-ci maddəsinin ləğv edilmiş ikinci cümləsini tətbiq edərək gözlənilən pensiya ödənişi aylarının sayını artırmış, nəticədə pensiya məbləğində azalma baş vermişdir. Belə ki, cavabdeh Qanunun 37.3.1-ci maddəsinə əsasən yenidən hesablanma apararkən iddiaçının fərdi hesabın sığorta hissəsində toplanmış pensiya kapitalını 186 aya (238158,12:186 ay (65 il- 55 il 6 ay=114 ay+(144 ay-72 ay))) bölmüşdür. Qeyd edirlər ki, Keçid müddəasında qeyd edilmişdir ki, qeyd olunan 1.11-ci maddənin Qanunun qüvvəyə mindiyi günədək təyin edilmiş yaşa görə əmək pensiyalarının yenidən hesablanmasına, eləcə də həmin günədək pensiya hüququ yaranmış şəxslərə yaşa görə əmək pensiyasının təyin edilməsi və yenidən hesablanması hallarına münasibətdə tətbiq edilmir. Hüquq normasının düzgün, dəqiq və eyni cür başa düşülməsi və tətbiq edilməsi üçün normanın hərfi mənası ilə yanaşı, mahiyyəti və qəbul edilmə məqsədi də aşkar olunmalıdır. Bu zaman qanunverici orqanın niyyəti təhrif edilməməlidir. Belə ki, normanın məzmununu və təyinatını obyektiv şəkildə aydınlaşdırmaq üçün onun qəbul edildiyi konkret şəraiti və qəbul edilməsini zəruri edən halları nəzərə almaq lazımdır.
3. Sonradan iddiaçı tərəfindən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək cavabdehin “Əmək pensiyasının yenidən hesablanması barədə” xx.xx.2025-ci il tarixli və xx.xx.2025-ci il tarixli qərarlarının ləğv edilməsi və pensiya məbləğinin gözlənilən pensiya ödəniş müddətinin azalması sayının artırılmadan yenidən hesablanması öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Dəqiqləşmiş ərizə icraata qəbul edilmişdir.
Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri
4. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinin tələblərinə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətlərinin cavabdehə təqdim edilməsi barədə təqdim edilmiş və iddiaya qarşı yazılı münasibətin (etirazın) bildirilməsi tələb olunmuşdur. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı münasibət (etiraz) təqdim edilərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Etiraza əsasən, İddiaçı iddia ərizəsində məhkəmədən "Əmək pensiyaları haqqında" Qanunun qüvvədən düşmüş 45-ci maddəsinin ikinci cümləsinin müddəaları nəzərə alınmadan Qanunun 37.3.1-ci maddəsinə əsasən pensiyanın hesablanması öhdəliyinin cavabdeh orqanın üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Buna əsasən, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsini rəhbər tutaraq işə dair etirazı təqdim edirlər. Hesab edirlər ki, cavabdehin imtinası qanunidir və iddiaçının iddia tələbi aşağıda qeyd olunan əsaslara qörə təmin edilməməlidir: Bildirirlər ki, İddiaçı 2 yanvar 2019-cu il tarixindən Fondun Sumqayıt şəhər şöbəsi tərəfindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Belə ki, İddiaçı əmək pensiyası xx.xx.2025-ci il tarixdə "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun (Qanun) 37.3.1-ci maddəsinə əsasən yenidən hesablanaraq 2458, 10 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası"nın 6.1-ci bəndinə əsasən, əmək pensiyaçısının müraciəti, yaxud Fondun fəaliyyət istiqamətlərinə uyğun olaraq apardığı yoxlamalar nəticəsində əmək pensiyasının məbləğinin düzgün hesablanmadığı aşkar edildikdə əmək pensiyaları yenidən hesablanır. "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 28.1.2-ci maddəsinə əsasən inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi inzibati icraatın başlanılması üçün əsasdır. Bununla əlaqədar olaraq, İddiaçı barəsində inzibati icraat başlanmışdır. Həmin inzibati icraatın gedişində Mərkəzi Filial tərəfindən iddiaçının müraciəti əsasında xx.xx.2025-ci il tarixdən əmək pensiyası yenidən hesablanaraq 2458,91 manat məbləğində müəyyən edilmişdir. Belə ki, "Əmək pensiyaları haqqında" Qanunun 45-ci maddəsinin xx.xx.2022-ci il tarixədək qüvvədə olmuş ikinci cümləsinə əsasən Qanunun 9-cu maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin olunan şəxslərin əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı güzəştli şərtlə pensiyaya çıxma yaşı ilə həmin Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı arasındakı ayların sayı qədər artırılırdı. Qanunda dəyişiklik edilməsi barədə 13 may 2022-ci il tarixli 530-VİQD nömrəli Qanununun 1.11-ci maddəsinə əsasən "Əmək pensiyaları haqqında" Qanunun 45-ci maddəsinin ikinci cümləsi Qanundan çıxarılmışdır. Eyni zamanda, 530-VİQD nömrəli Qanunun 2.2-ci maddəsinə görə (Keçid müddəa) qeyd olunan 1.11-ci maddənin (yəni 45- ci maddənin ikinci cümləsinin çıxarılmasının) Qanunun qüvvəyə mindiyi günədək təyin edilmiş yaşa görə əmək pensiyalarının yenidən hesablanmasına, eləcə də həmin günədək pensiya hüququ yaranmış şəxslərə yaşa görə əmək pensiyasının təyin edilməsi və yenidən hesablanması hallarına münasibətdə tətbiq edilməməsini nəzərdə tutmuşdur. Göründüyü kimi, əlavə olunan həmin keçid müddəa dəyişikliyin qüvvəyə mindiyi tarixədək təyin edilmiş Qanunun 9.1-ci (əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlar), 9.2-ci (hipovizqanizm xəstəliyinə tutulan şəxslər (liliputlar), 9.3-cü (mülki aviasiya uçuş və uçuş-sınaq heyətində çalışanlar), 9.5-ci (hərbi qulluqçular) və s. maddələrində nəzərdə tutulmuş şəxslərin pensiyasının yenidən hesablanması zamanı dəyişiklikdən əvvəlki müddəanın tətbiqini nəzərdə tutur. Başqa sözlə, xx.xx.2022ci il tarixədək həmin maddələr üzrə təyin edilmiş pensiyaların yenidən hesablanması zamanı gözlənilən pensiya ödənişi müddəti aylarının sayı həmin şəxsin pensiyasının yenidən hesablanması tarixinə yaşı ilə Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı arasındakı ayların sayı qədər artırılır. Lakin, həmin tarixdən sonrakı dövrdə sözügedən maddələr üzrə yeni təyinatlar üzrə hesablamalar zamanı gözlənilən pensiya ödənişi aylarının sayının artırılması istisna edilmişdir. Bu məsələ ilə bağlı nəzərə alınmalıdır ki, Konstitusiyada təsbit olunmuş digər hüquqlarla (şəxsi, iqtisadi, siyasi və mədəni) bərabər, sosial hüquqların eyni qaydada qorunmasına və müdafiəsinə təminat verilməsinə baxmayaraq, həmin hüquqların təmin edilməsində və həyata keçirilməsində bir sıra səciyyəvi xüsusiyyətlər mövcuddur. Belə ki, şəxsi və siyasi hüquqlardan fərqli olaraq, sosial hüquqların səmərəli həyata keçirilməsi dövlətin bu hüquqları təmin edə biləcək maliyyə imkanları ilə bağlıdır. Xüsusilə qeyd olunmalıdır ki, qanunverici pensiyaların növlərinin, onların hesablanmasının, pensiyaların təyin və əldə edilməsinin, həmçinin bəzi kateqoriya vətəndaşlara güzəştli şərtlərlə pensiyanın təyin edilməsinin ümumi əsaslarının və qaydalarının tənzimlənməsində müstəqildir (sərbəstdir) (Konstitusiya Məhkəməsi Plenumunun "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 8.1-ci və 8.3-cü maddələrinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair" 1 dekabr 2010-cu il tarixli Qərarı). Eyni zamanda, Konstitusiya Məhkəməsi Plenumunun "Hərbi qulluqçuların pensiya təminatı haqqında" və "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanunlarının bəzi müddəalarının zamana görə tətbiq edilməsi baxımından şərh edilməsinə dair" 27 mart 2014-cü il tarixli Qərarında qeyd edilmişdir ki, qanunverici bu hüquqları tənzimləyərkən geniş mülahizə sərbəstliyinə malikdir. Bu mənada qeyd olunmalıdır ki, pensiyaların növlərinin, onların hesablanmasının, pensiyaların təyin və əldə edilməsinin, həmçinin bəzi kateqoriya vətəndaşlara güzəştli şərtlərlə pensiyanın təyin edilməsinin ümumi əsaslarının və qaydalarının tənzimlənməsində, habelə bu sahədə mövcud qanunvericiliyə dəyişikliklərin edilməsində qanunverici Konstitusiyanın tələblərini nəzərə almaqla mülahizə sərbəstliyinə malikdir. Göründüyü kimi, digər hüquqlardan fərqli olaraq sosial hüquqların səmərəli həyata keçirilməsi dövlətin bu hüquqları təmin edə biləcək maliyyə imkanlarından bilavasitə asılı olduğundan bu sahədə dövlətə (o cümlədən qanunverici orqanına) geniş mülahizə sərbəstliyi verilmişdir. Məhz bu səbəbdəndir ki, sosial təminat sahəsində dəyişikliklə bağlı qanunvericilik aktlarında həmin aktların hüquqi qüvvəsini tənzimləyən keçid müddəaları əlavə olunur. Həmin Keçid müddəalarının nəzərə alınmaması isə onun deklarativ xarakter daşımasına gətirib çıxarar. Eyni zamanda, hər hansı normativ hüquqi aktın bu və ya digər norması tətbiq olunarkən həmin aktın məqsədi, hüquqi funksiyası, habelə həmin sahə üzrə ardıcıl həyata keçirilən dəyişikliklər də mütləq nəzərə alınmalıdır. Bu baxımdan, qanunverici orqan 13 may 2022-ci il tarixli Qanunun 2.2-ci maddəsinin məntiqi davamı olaraq 05 noyabr 2022-ci il tarixli Qanunun 1.13-cü maddəsində Qanunun 45-ci maddəsinə yeni məzmunda ikinci cümlə əlavə etmişdir. Beləliklə, hər iki dəyişiklik dövlətin sosial sahədə siyasətinin maliyyə yükü ilə bağlı olması müddəası ilə uzlaşmaqla Qanunun 45-ci maddəsinin ikinci cümləsinin tətbiq dairəsini müəyyənləşdirir. Beləliklə, yuxarıda qeyd olunanları nəzərə alaraq hesab edirlər ki, qanunverici tərəfindən “Əmək pensiyaları haqgında” Qanuna edilən dəyişiklikliyin təsir dairəsi keçid müddəada müəyyənləşdirildiyindən cavabdeh inzibati orqan tərəfindən hüququn aliliyi və hüquqi müəyyənlik prinsipləri rəhbər tutulmagla Qanunun keçid müddəasının tətbiq edilməsi qanunvericiliyə zidd hal kimi qiymətləndirilə bilməz. Əlavə olaraq qeyd edirik ki, Qanunun 37.3.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir və pensiya təyin olunduqdan, həmçinin bu maddəyə əsasən yenidən hesablandıqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir. Pensiyaçı işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə və ya əmək pensiyası təyin olunduğu, yaxud bu maddəyə əsasən yenidən hesablandığı gündən sonra 6 il işlədikdə əmək pensiyası avtomatlaşdırılmış qaydada (bu Qanunun 37.3.2-1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla) yenidən hesablanır. Bu zaman sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya təyin edildikdən, yaxud bu maddəyə əsasən yenidən hesablandıqdan sonra işlədiyi ayların sayı qədər, lakin 72 aydan çox olmamaqla azaldılır. Qanunun xx.xx.2022-ci il tarixədək qüvvədə olan 45-ci maddəsinin ikinci cümləsinə əsasən bu Qanunun 9-cu maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin olunan şəxslərin əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı güzəştli şərtlə pensiyaya çıxma yaşı ilə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı arasındakı ayların sayı qədər artırılır. Gösterilənlərə əsasən vurğulayırıq ki, Qanunun 45-ci maddəsinin ikinci cümləsinde qeyd olunan "hesablanma" ifadəsi ümumi məna kəsb etməklə, həm pensiya təyinatı, həm də Qanunun 37.3.1-ci maddəsində qeyd olunmuş pensiyanın yenidən hesablanması zamanı əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasını ifadə edir. Həmçinin, onu da xüsusilə qeyd edirik ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının xx.xx.2017-ci tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları"nın 5.3-cü bəndinə dair 48-ci misalda Qanunun 37.3.1-ci maddəsinə əsasən pensiyanın yenidən hesablanması zamanı 45-ci maddənin ikinci cümləsi tətbiq edilməklə hesablanma aparılmış, yəni gözlənilən pensiya ödənişi müddəti aylarının sayı güzəştli şərtlə pensiyaya çıxma yaşı ilə Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı arasındakı ayların sayı qədər artırılmışdır. Digər tərəfdən, Qanunun 45-ci maddəsinin adından da göründüyü kimi, maddə "Əmək pensiyasının gözlənilən pensiya ödənişi müddəti"nin tənzimlənməsi ilə əlaqədar olmaqla, həm əmək pensiyasının təyinatı, həm də pensiyanın yenidən hesablanması zamanı gözlənilən pensiya ödənişi müddətinin hesablanması ilə bağlıdır. Beləliklə, Qanunun 9-cu maddəsinə əsasən əmək pensiyası təyin edilən şəxslərə münasibətdə nəinki əmək pensiyasının təyinatı zamanı, həmçinin pensiyanın yenidən hesablanması zamanı Qanunun xx.xx.2022-ci il tarixədək qüvvədə olmuş 45-ci maddəsinin ikinci cümləsinə uyğun olaraq gözlənilən pensiya ödənişi müddəti aylarının sayı artırılmalıdır. Odur ki, pensiyanın yenidən hesablanması hüququ xx.xx.2022ci il tarixdən sonra yaranan şəxslərə həmin tarixdən əvvəl pensiya təyin edilmişdirsə, keçid müddəaya əsasən gözlənilən ödənişi müddəti aylarının sayı artırılmalıdır. İddiaçı xx.xx.2022-ci il tarixdən əvvəl, yəni xx.xx.2019-cu il tarixdə pensiya təyin olunmuş, əmək pensiyası yenidən hesablanarkən fərdi hesabının sığorta hissəsində toplanmış pensiya kapitalı qanunvericiliyə uyğun olaraq gözlənilən pensiya ödənişi müddəti aylarının sayına 156 aya ((65 yaş-58 yaş)=84 ay+(144 ay-72 ay)) bölünməklə 1102,81 (172038,36:156) manat əmək pensiyasının üzərinə əlavə edilərək iddiaçının pensiya məbləği 1356,10 manatdan 2458,91 (1356,10+1102,81) manata artırılmışdır. Göstərilənlərlə əlaqədar, iddiaçının əmək pensiyası qanunvericiliyin tələblərinə uyğun qaydada yenidən hesablanaraq 2458,91 manat məbləğində müəyyən olunması nəzərdə tutulmuşdur. "İnzibati icraat haqqında" Qanunun 21-ci maddəsinə əsasən qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə borcludur.
5. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinə və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəyə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi.
6. Şifahi məhkəmə baxışı iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbini qəbul etməyərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi.
Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
7. Cavabdeh tərəfindən iddiaçıya “Əmək pensiyasının yenidən hesablanmasının mümkün olmaması haqqında” xx.xx.2025-ci il tarixli, 3-17-1/2-A-75648/2025 məktub ünvanlanmışdır.
8. “Əmək pensiyasının yenidən hesablanması barədə” xx.xx.2025-ci il tarixli, 3-17- 1/3-3-522/2025 nömrəli qərarına əsasən iddiaçının pensiyası yenidən hesbalanaraq əmək pensiyasının məbləği 2297.28 manat müəyyən edilmişdir. Yenidən hesablanmaya əsas kimi, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.3.1-ci maddəsi (6 il və daha çox) əsas göstərilmişdir.
9. “Əmək pensiyasının yenidən hesablanması barədə” xx.xx.2022-ci il tarixli, 3-17- 1/3-3-3674/2025 nömrəli qərarına əsasən iddiaçının pensiyası yenidən hesbalanaraq əmək pensiyasının məbləği 2297,28 manat əvəzinə 2458,91 manat müəyyən edilmişdir. Yenidən hesablanmaya əsas kimi, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.3.1-6-ci maddəsinə istinad edilmişdir.
10. Məhkəmənin sorğusuna əsasən cavabdeh tərəfindən iddiaçıya məxsus pensiya işinin və inzibati icraat materiallarının təsdiq edilmiş surətləri məhkəməyə təqdim edilmişdir.
İddianın növü və mümkünlüyü
11. Məhkəmə qeyd edir ki, hazırki iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati prosessual qanunvericiliyə əsasən hazırki tələb mübahisələndirmə haqqında iddia növünə aiddir.
12. İnzibati Prosessual Məcəllənin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
13. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd).
14. İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malikdir.
15. İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər.
16. Həmin Məcəllənin 38.3-cü maddəsinə görə inzibati aktla (inzibati aktın qəbul edilməsindən imtina ilə) bağlı şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.1-ci və ya 73.2-ci maddələrində nəzərdə tutulmuş müddətlərdə müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma verildiyi halda bu Məcəllənin 38.1-ci və 38.2ci maddələrində nəzərdə tutulmuş iddia müddətlərinin axımı aşağıdakı vaxtadək dayandırılır: -38.3.1. müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun şikayət üzrə qəbul etdiyi qərardan (verdiyi yazılı cavabdan) şikayət verilməsi üçün “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.1-ci və ya 73.2-ci maddələrində nəzərdə tutulmuş müddətlər bitənədək (müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma şikayət verilmədiyi halda); -38.3.2. müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun qərarından (yazılı cavabından) müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma şikayət verildiyi halda isə həmin qurumun şikayət üzrə qəbul etdiyi qərar (verdiyi yazılı cavabı) şikayətçiyə təqdim edilənədək.
17. Mübahisələndirmə haqqında iddiaya münasibətdə xüsusi mümkünlük şərti iddia müddətinə riayət edilməsidir.
18. İddiaçı cavabdehin xx.xx.2025-ci il tarixli və xx.xx.2025-ci il tarixli qərarlarının ləğv edilməsi ilə bağlı məhkəməyə xx.xx.2025-ci il tarixdə müraciət etsə də, o, həmin qərarların mövcudluğundan cavabdehin onun pensiya məbləğinin azaldılması ilə bağlı faktiki xarakterli hərəkətlərindən müdafiə məqsədilə məhkəməyə müraciət etdikdən sonra, məhkəmə icraatının gedişatında məlumatlı olmuş, bundan sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət etməklə sözügedən qərarları mübahisələndirmiş, bununa da, prosessual müddətə riayət etmişdir.
19. Belə olan halda hazırki iddia mümkünlük şərtlərinə cavab verir.
Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
20. Məhkəmə işdə iştirak edən tərəflərin izahatını dinləyib, iddia ərizəsini iş üzrə toplanmış sənədlərlə birgə tədqiq edərək, hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir.
21. Belə ki, “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 79-1-ci maddəsinin 1-ci və 2-ci hissələrinin tələblərinə əsasən vahid məhkəmə təcrübəsi məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsini təmin etmək məqsədilə formalaşdırılır. Ali Məhkəmə hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini baxdığı işlər üzrə məhkəmə kollegiyalarının və Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə formalaşdırır.
22. Azərbaycan Respublikası Ali Məhkəməsinin analoji faktlara əsaslanan oxşar iş üzrə (xx.xx.2025-ci il tarixli, 2-1(102)-816/2025 nömrəli) qəbul etdiyi qərarında qeyd edilir ki: “21. Kassator həmçinin bildirir ki, iddiaçıya hazırda 479,35 manat pensiya ödənilir ki, bu da yığılan kapitala mütənasibdir.
22. Kassasiya instansiyası məhkəməsinin analoji faktlara əsaslanan oxşar iş üzrə qəbul etdiyi xx.xx.2025-ci il tarixli 2-1(102)-215/2025 nömrəli iş üzrə qərarında qeyd edilmişdir: İddiaçının əmək pensiyasının yenidən hesablanması zamanı cavabdeh tərəfindən “Əmək pensiyaları haqqında” Qanunun 29.2-ci maddəsi ilə yanaşı, həm də həmin Qanunun 45-ci maddəsinin 2-ci cümləsinə də istinad edilə bilməz. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 45-ci maddəsinin xx.xx.2017-ci il tarixdən xx.xx.2022-ci il tarixədək qüvvədə olmuş 2-ci cümləsi, həmin normanın qüvvədə olduğu dövrdə pensiya hüququ yaranmış şəxslərə münasibətdə tətbiq oluna bilərdi. İddiaçının pensiya hüququ isə 2008-ci ildə yaranmışdır və həmin ildən də ona müvafiq növdə pensiya təyin olunmuşdur. Odur ki, iddiaçının fərdi hesabının sığorta hissəsində toplanmış 16719,79 manat pensiya kapitalı əsasında əmək pensiyası “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsinə əsasən yenidən hesablanmalıdır və bu zaman həmin Qanunun 29.2-ci maddəsi və 45-ci maddəsinin 2-ci cümləsi iddiaçıya münasibətdə tətbiq oluna bilməz.
23. Məhkəmə kollegiyası oxşar iş üzrə Ali Məhkəmənin qərarını rəhbər tutaraq bildirir ki, iddiaçı xx.xx.2009-cu ildə ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edildikdən sonra faktiki olaraq 3 il 9 ay 7 gün (45 ay) işləmişdir. (xx.xx.2009 – xx.xx.2010, xx.xx.2010 – xx.xx.2012, xx.xx.2014 – xx.xx.2016) Sığorta kapitalı “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsinin tələblərinə uyğun olaraq pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalı 99 (144 ay-45 ay (əmək pensiyaçısı kimi işlədiyi ayların sayı) aya bölməklə (yəni gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiya təyin edildikdən sonra işlədiyi ayların sayı qədər azaldılmaqla) qanuni əmək pensiyanın üzərinə əlavə edilərək və qanunvericiliyin tələblərinə uyğun olaraq indeksləşdirilərək ödənilməlidir.”
23. Beləliklə, Azərbaycan Respublikasının Ali Məhkəməsinin yuxarıda qeyd edilən qərarında sərgilənən hüquqi mövqeyə əsasən məhkəmə hesab edir ki, “Əmək pensiyaları haqqında” Qanunun 45-ci maddəsinin xx.xx.2017-ci il tarixdən xx.xx.2022-ci il tarixədək qüvvədə olmuş 2-ci cümləsi, həmin normanın qüvvədə olduğu dövrdə pensiya hüququ yaranmış şəxslərə münasibətdə tətbiq oluna bilərdi. Odur ki, iddiaçının fərdi hesabının sığorta hissəsində toplanmış pensiya kapitalı əsasında əmək pensiyası “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsinə əsasən yenidən hesablanmalıdır və bu zaman həmin Qanunun 29.2-ci maddəsi və 45-ci maddəsinin 2-ci cümləsi iddiaçıya münasibətdə tətbiq oluna bilməz.
24. Odur, mövcud məhkəmə təcrübəsinə əsasən məhkəmə hesab edir ki, iddiaçının tələbi əsaslı hesab edilməklə təmin edilməlidir.
25. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.
26. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatın nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir.
27. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
28. Beləliklə, göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsaslı hesab edilməklə təmin edilməlidir.
NƏTİCƏ HİSSƏSİ:
Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 73, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə
QƏRARA ALDİ:
İddia tələbi təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının “Əmək pensiyasının yenidən hesablanması barədə” xx.xx.2025-ci il tarixli və xx.xx.2025-ci il tarixli qərarları ləğv edilsin və iddiaçının əmək pensiyasının yenidən hesablanması zamanı gözlənilən pensiya ödənişi müddəti aylarının sayının artırılmadan yenidən hesablanması öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Aygün Abdullayeva