Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-1(112)-10195/2024 28.10.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçının direktoru X3, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin X2 Baş İdarəsinə (üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi) qarşı “qərarın ləğv edilməsi” tələbinə dair tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.B.Vəzirov küç.56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin X2 Baş İdarəsinə qarşı “xx.xx.2023-cü il tarixli **********659400№-li qərarı ləğv edərək icraatın dayandırılması” tələbi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin X2 Baş İdarəsi xx.xx.2023-cü il tarixində vergi ödəyicisi İddiaçı MMC-nin(VÖEN: **********) ƏDV sub-uçot hesabında olan pul vəsaitinin dondurulması barədə **********659400 №-li Qərar qəbul etmişdir. Qərarını onunla əsaslandırmışdır ki, Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin qərarı əsasında hesabat dövrü üçün vergilərin, sosial sğorta və işsizlik sğortası haqqında hesablanmış məbləğ ƏDV üzrə 546715,22 manat, faiz üzrə 8840,12 manat ümumilikdə ƏDV üzrə 555555,34 manat məbləğində borcu aşkarlaması ilə bağlı hesabda olan pul vəsaiti dondurulmuşdur. Qeyd olunmalıdır ki, xx.xx.2024-cü il tarixində Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin **********957100№-li qərarı ilə bəyənnamə və hesabat dövrü (yanvar 2024-cü ilə) bəyənnamə və hesabat təqdim edilməməsinə əsasən 5567,00 manat, qərarın hazırlandığı tarixə vergi və sığorta üzrə 657118,63 manat borc olduğu müəyyən edilmişdir. xx.xx.2024-cü il tarixdə Dövlət Vergi Xidmətinin X2 Baş İdarəsinin **********0№-li bildirişinə görə isə 662947,28 manat ümumi vergi borcu olduğu qeyd edilir. İddiaçı hesab edirik ki, həmin qərar əsassız olduğundan ləğv olunmalıdır. Məhkəmənin qərardadı ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi iddianın mümkün sayılmaması barədə vəsatinin onunla əsaslandırmışdır ki, iddia üzrə prosessual müddət ötürülməklə iddia verilmişdir. 08 dekabr 2023-cü il tarixli qərar 19 aprel 2024-cü il tarixdə oxunmuşdur. Məhkəməyə 05 iyun 2024-cü il tarixdə müraciət edilmişdir. Məhkəmə iddia ərizəsini və digər sənədləri nəzərdən keçirərək, hesab edir ki, iddia mümkün sayılmamalıdır. Gəlinən nəticə ilə bağlı aşağıdakıların qeyd edilməsi zəruridir. İş materiallarında olan: Mübahisələndirilən 08 dekabr 2023-cü il tarixli qərardan görünür ki, iddiaçının ƏDV üzrə borcun 105 faizi həcmində ƏDV sub-uçot hesabında olan pul vəsaitinin dondurulması qərara alınmışdır. Qərarın qəbulu əsası Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin qərarı əsasında hesablanmış borc olmuşdur. Elektron sistemdən çıxarışdan görünür ki, 08 dekabr 2023-cü il tarixli həmin qərar 19 aprel 2024-cü il tarixdə oxunmuşdur. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPMdə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini...yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. (8.6-cı bənd); Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. (9-cu bənd)” Plenum qərarındakı hüquqi mövqelərə görə işə baxan məhkəmələr icraatın bütün mərhələlərində iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcud olubolmadığını yoxlamalıdırlar. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 1.1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. 2.0.1-ci maddəsinə əsasən inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. 2.0.2-ci maddəsinə görə inzibati akt-inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Bu maddə ilə inzibati aktın aşağıdakı əlamətləri müəyyən edilmişdir: inzibati akt inzibati orqan tərəfındən qəbul edilir; ümumi (publik) sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədini daşıyır; ünvanlandığı hüquqi və ya fiziki şəxs üçün müəyyən hüquqi nəticələr yaradır; qərar, sərəncam və ya digər formada hakimiyyət tədbirini ifadə edir. 2.0.6-cı maddəsinə görə inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. 3.1-ci maddəsinə əsasən bu Qanunun müddəaları Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati orqan kimi müəyyən (təsnif) edilmiş orqanların fəaliyyətinə şamil olunur. 3.2-ci maddəsinə görə bu Qanun inzibati orqanların cinayət təqibi üzrə cinayətprosessual fəaliyyətinə və inzibati xətalara dair işlər üzrə fəaliyyətinə şamil olunmur. 4.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər. Göründüyü kimi, sözügedən Qanun inzibati orqanlar və ya qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş fiziki və ya hüquqi şəxslər tərəfindən publik hüquq sahəsində həyata keçirilən inzibati fəaliyyətə tətbiq edilir. Həmçinin qeyd olunan normaların tələblərinə və yuxarıda göstərilən müvafiq Plenum qərarındakı hüquqi mövqelərə görə işə baxan məhkəmələr icraatın bütün mərhələlərində iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcud olubolmadığını yoxlamalıdırlar ki, həmin şərtlərdən biri də iddiaçının inzibati orqanın hərəkət və ya hərəkətsizliyi nəticəsində subyektiv hüquqların pozulmasının əsaslandırılmasıdır. Belə ki, inzibati məhkəmə icraatı inzibati hüquq münasibətləri ilə bağlı mübahisələr üzrə aparılır. İnzibati mübahisələrin predmetini inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri (hərəkətsizliyi) təşkil edir. Beləliklə, inzibati məhkəmə icraatı qaydasında iddia iddiaçının publik hüquqdan irəli gələn subyektiv hüquqlarının müdafiəsi məqsədilə qaldırılır və iddianın mümkün sayılması üçün mübahisəli münasibətə dair cavabdeh orqanın cavabdehliyi, onun hüquqi mövqeyini ehtiva edən iradə ifadəsi (inzibati akt, faktiki hərəkəti və ya hərəkətsizliyi) mövcud olmalıdır. Başqa sözlə, iddiaçı ilk növbədə qanundan irəli gələn hüquq və mənafelərin mövcudluğunu, cavabdehin qərar, hərəkət və hərəkətsizliyinin isə onun həmin hüquq və mənafelərinə toxunduğunu sübut etməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarının 6.1-ci bəndinə əsasən, iddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır (6.1-ci bənd). İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun (6.2-ci bənd). Nəzərə alınmalıdır ki, hər hansı bir iddiaya mahiyyəti üzrə baxılması üçün iddiaçının iddia tələbinin təmin olunmasında hüquqi marağı olmalıdır. Hüquqi maraq şəxsin çatmağı arzuladığı məqsədin nədə ifadə edilməsini ehtiva edir. Başqa sözlə, iddiaçı irəli sürdüyü iddia tələbi ilə onun xeyrinə olan halın yaranmasını, yəni hüquqi və ya faktiki, o cümlədən maddi vəziyyətinin yaxşılaşdırılmasını arzulayır. Məhkəmə qeyd edir ki, iddiaçının hüququ marağının mövcud olub-olmamasının müəyyən edilməsi iddianın mümkün olubolmamasının müəyyən edilməsi ilə birbaşa asılılıqdadır. Yəni, iddiaçının iddia qaldırmaqda hər hansı hüquqi marağı mövcuddursa, başqa sözlə qaldırılan iddia onun hüquq və mənafelərinin müdafiəsi ilə bağlı qaldırılmışdırsa iddia mahiyyəti üzrə qiymətləndirilməlidir. İddia tələbindən də göründüyü kimi iddiaçı pul vəsaitinin ƏDV sub-uçot hesabında dondurulması barədə qərarın ləğv edilməsini tələb edir. Halbuki iddiaçının hüquqi marağı yoxlamanın vergi borcunun hesablanmasına əsas olmuş inzibati akt ləğvi, həmin hesablanmış borcun silinməsi ilə bağlıdır. Hazırkı tələbi təmin edilsə belə onun çatmaq istədiyi məqsədə çatmaq üçün kifayət etmir. Nəzərə alınmalıdır ki, hazırkı tələb məhz iddiaçının yaranmış vergi borcunun ödənilməsinə yönələn tədbirlərdən biri kimi çıxış etdiyindən həmin borcun yaranmasına əsas olmuş qərarın mübahisələndirilməsi iddialarına münasibətdə asılı tələb qismində çıxış edir. Belə ki, həmin qərar ləğv olunacağı təqdirdə həmin qərar əsasında yaranmış vergi borcu da mövcud olmayacaq, vergi borcu mövcud olmayacağı təqdirdə isə onun təmin edilməsinə yönəlmiş tədbirlər, eləcə də həmin borcun ödənilməsinə yönələn tədbir kimi pul vəsaitinin dondurulmasının qanuniliyi də aradan qalxmış olacaqdır Həmçinin qeyd edilməlidir ki, “Məhkəmə və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 79-1-ci maddəsinə görə vahid məhkəmə təcrübəsi məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsini təmin etmək məqsədilə formalaşdırılır. Ali Məhkəmə hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini baxdığı işlər üzrə məhkəmə kollegiyalarının və Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə formalaşdırır. Göründüyü kimi hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin formalaşdırılması təkcə Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə deyil, eyni zamanda məhkəmə kollegiyalarının fərdi işlər üzrə qərarları vasitəsi ilə də həyata keçirilir. Qeyd olunmalıdır ki, məhz hazırkı növ mübahisələndirilən qərarla bağlı olmasa da, əslində hüquqi nəticə baxımından oxşar qərarların inzibati məhkəmə icraatı qaydasında mübahisələndirilməsinin yolverilməzliyi ilə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-2212/2021 saylı iş üzrə xx.xx.2021-ci il tarixli qərarında vergi borcu ilə bağlı əmlakın siyahıya alınması ilə barədə qərarın ayrıca mübahisələndirilməsinin mümkün olmaması barədə mövqe nümayiş edirilmişdir. Eyni zamanda Ali Məhkəmə 2-1(102)-1851/2021 saylı iş üzrə xx.xx.2021-ci il tarixli qərarında qeyd etmişdir ki, Göründüyü kimi, əmlakın siyahıya alınması, vergi ödəyicisinin vergi öhdəliyini Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə yaranmış vergi borclarının ödənilməsini təmin etmək üsuludur, yəni vergi ödəyicisinin vergi borcları yarandığı və Vergi Məcəlləsində müəyyən edilmiş müddətdə yerinə yetirilmədiyi halda, vergi orqanı əmlakın siyahıya alınması üsulunu tətbiq etməyə haqlıdır. Əmlakın siyahıya alınması müstəqil bir prosessual hərəkət olmadığından inzibati akt sayıla bilməz və nəticə etibarı ilə də iddiaçının hüquqlarını poza bilməz. Həmçinin qeyd edilməlidir ki, vergi ödəyicisinə vergilər düzgün hesablanmadığı halda, onun bu məsələnin məhkəmədə mübahisələndirmək hüququ vardır. Mübahisələndirilən qərar da əmlakın siyahıya alınması barədə qərarla oxşar məqsədə xidmət edən vergi borcunun ödənilməsinin təmininə yönələn qərar hesab olunur. Həmin qərarlar üçün oxşar cəhət ondan ibarətdir ki, göstərilən qərarlar məhz vergi borcunun ödənilməsinə yönəlir və vergi borcunun yaranmasına əsas olan qərarların icrası xarakteri daşıyır. Həmin qərarlar ləğv olunacağı təqdirdə də hazırkı qərar öz hüquqi əhəmiyyətini itirir. Lakin vergi ödəyicisi barədə əsas qərarların ləğv edilməməsi vergi orqanına vergi borcunun ödənilməsinə yönəlmiş tədbirlərin həyata keçirilməsi səlahiyyəti verir ki, həmin səlahiyyətin həyata keçirilməməsi isə inzibati məhkəmə icraatı qaydasında məhz bu tipli münasibətlərin tənzimlənməsinə xidmət edən müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizənin verilməsi ilə həyata keçirilir ki, əmlakın siyahıya alınması, tələbin icraya yönəldilməsinin, sub-uçot hesabının dondurulmasının qadağan edilməsi formasında müvəqqəti xarakterli müdafiə tədbirləri barədə ərizənin əsas qərarlar verildiyi iş üzrə verilməsi də məhz həmin qərarların ayrıca iddianın predmeti olmaması ilə bağlıdır. İddiaçı isə həmin qərarın da ayrıca mübahisələndirməsini həyata keçirmişdir ki, həmin qərarın vergi borcunun ödənilməsinin təmini məqsədi ilə aralıq inzibati akt formasında qəbulu nəzərə alındığından məhkəmə iddianın mümkün olmaması qənaətindədir. Eləcə də, Ali Məhkəmənin 2-1(102)-383/2021 saylı iş üzrə qəbul etdiyi xx.xx.2021-ci il qərarda qeyd edilmişdir ki, cavabdehin hərəkəti və ya hərəkətsizliyi nəticəsində iddiaçı onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmadığından, iddia predmeti olan səyyar vergi yoxlaması aktı və imtina aktı inzibati icraat çərçivəsində (əlverişsiz) inzibati akt olmadığından və iddiaçı barəsində hər hansı vəzifə yaratmadığından iddia haqlı olaraq mümkün sayılmamışdır. Ali Məhkəmənin 2-1(102)-1200/2022 saylı iş üzrə qəbul etdiyi xx.xx.2022 qərarında isə qeyd edilmişdir ki, istər növbəti, istərsə də növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsi barədə qəbul edilmiş qərarlar vergi ödəyicisi üçün hüquqi nəticə yaratmadıqlarından inzibati akt hesab edilmirlər və inzibati məhkəmə icraatında müstəqil surətdə mübahisələndirilə bilməzlər. 2-1(102)-1754/2022 iş üzrə qəbul edilmiş xx.xx.2022 -ci il tarixli qərar, 2-1(102)- 900/2022 saylı iş üzrə qəbul edilmiş xx.xx.2022-ci il tarixli qərarlarda da məhkəmə oxşar mövqedən çıxış etmişdir. Göründüyü kimi oxşar məqsədə, yəni vergi borcunun dövlət büdcəsinə ödənilməsinə xidmət edən və ya vergi borcunun və ya vergi məsuliyyətini müəyyən edən qərarlar ayrıca mübahisələndirilməsi mümkün olmayan qərarlardır və həmin işlər üzrə iddia məhz vergi məsuliyyətinə cəlb edilmə və ya vergi borcunun hesablanmasına dair qərarların ləğv edilməsi ilə əlaqədar olmalıdır. Bundan əlavə, məhkəmə qeyd edir ki, mübahisələndirilən qərarın ayrıca mübahisələndirilməsi hüquqi maraq baxımından mümkün olsa belə, iddia prosessual müddət səbəbindən mümkün hesab edilməməlidir. Belə ki, qərar 08 dekabr 2023-cü il tarixdə qəbul edilmiş, 19 aprel 2024-cü il tarixdə qərar barədə tərəf məlumatlı olmuş, məhkəməyə isə 1 aylıq müddət ötdükdən sonra müraciət etmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hazırkı iş üzrə verilmiş iddia İPM-nin 2.2.1-ci və 32-cı maddələrinə əsasən mübahisələndirmə haqqında iddiadır. Bu növ iddialar Azərbaycan Respublikası İPM-nin 38.1-ci maddəsində iddia müddətlərinə tabe tutulur və iddia müddəti, inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi halda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müəyyən olunmuşdur. Qeyd olunur ki, mübahisəli məsələyə münasibətdə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “T.İdrisovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 9 dekabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 28 dekabr 2015-ci il tarixli qərarında ifadə edilmiş hüquqi mövqeyinin tətbiq edilməsi zəruridir. İstinad edilən qərarda göstərmişdir ki, mübahisələndirmə haqqında iddia onunla xarakterizə olunur ki, hüquqi əhatəsinə müdaxilə edilməklə şəxsi əlverişsiz vəziyyətə salan inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi məhkəmədən tələb olunur. Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İPM-in 38.1-ci maddəsi) əməl olunmalıdır. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 70.2-1-ci maddəsində qeyd olunmuşdur ki, sənədlər (onların surətləri) vergi orqanı tərəfindən vergi ödəyicisinə aşağıdakı formalardan birinə uyğun göndərildikdə (verildikdə), lazımi qaydada çatdırılmış sayılır: ... 70.2-1.3. elektron üsulla elektron kabinetinə göndərildikdə – elektron üsulla göndərildiyi gündən 3 iş günü keçdikdən sonra. Beləliklə yuxarıda qeyd olunan maddi normaya əsasən sənədlər vergi ödəyicisinə elektron üsulla elektron kabinetinə göndərildikdə – elektron üsulla göndərildiyi gündən 3 iş günü keçdikdən sonra lazımi qaydada çatdırılmış sayılır. Başqa sözlə desək, mübahisələndirilən qərarın onun tərəfindən 19 aprel 2024-cü il tarixdə oxunması onu deməyə əsas verir ki, iddiaçının həmin qərarı 30 gün müddətində mübahisələndirmək hüququ olmuş, lakin o həmin prosessual müddəti ötürərək 2 aya yaxın müddət keçməsinə baxmayaraq həmin qərarı mübahisələndirmək üçün məhkəməyə müraciət etmiş, bununla da qanunvericilikdə nəzərdə tutulmuş müddəti ötürmüşdür. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 145/2023 saylı iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qərarında qeyd olunmuşdur ki, “iddiaçının mübahisələndirdiyi “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2021-ci il tarixli **********0074 nömrəli qərar xx.xx.2021- ci il tarixdə iddiaçının elektron qutusuna göndərilmiş və iddiaçı tərəfindən xx.xx.2021- ci il tarixdə, saat 13:22-də oxunmuşdur. İddiaçı həmin qərarın mübahisələndirilməsi ilə bağlı məhkəməyə iddia ərizəsi ilə isə 02.06.22-ci il tarixdə müraciət etmişdir. Hazırkı qərarın 15-ci bəndində qeyd olunan maddi normaya əsasən sənədlər vergi ödəyicisinə elektron üsulla elektron kabinetinə göndərildikdə – elektron üsulla göndərildiyi gündən 3 iş günü keçdikdən sonra lazımi qaydada çatdırılmış sayılır” Eyni zamanda nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-997/2023 saylı iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qərarında qeyd olunmuşdur ki, “İddiaçı tərəfindən mübahisələndirilən 23 noyabr 2018-ci il tarixli qərarın onun tərəfindən 4 dekabr 2018-ci il tarixdə oxunması onu deməyə əsas verir ki, iddiaçının həmin qərarı 30 gün müddətində mübahisələndirmək hüququ olmuşdur. Lakin iş materiallarından göründüyü kimi, iddiaçı hazırkı iddia ilə məhkəməyə ən azı 29 iyul 2019-cu il tarixdə müraciət edərkən də həmin qərarın mübahisələndirilməsi üçün qanunla nəzərdə tutulmuş iddia müddətini ötürmüşdür.” Analoji mövqe 2-1(102)-1036/2024 saylı iş üzrə qəbul edilmiş xx.xx.2024-cü il tarixli qərarında, 2-1(102)-433/2024 saylı iş üzrə qəbul edilmiş xx.xx.2024-cü il tarixli qərarında da təkrarlanmışdır. Yuxarıda göstərilən məhkəmə qərarlarından da göründüyü kimi kassasiya instansiya məhkəməsi eyni mövqeyidən çıxış edərək mübahisələndirmə haqqında iddia növündə iddiaçının mübahisələndirilən qərarın mövcudluğundan xəbərdar tutduğu müddəti vergi ödəyicisinin həmin qərarı oxuduğu müddətdən müəyyən etmişdir. Hazırkı halda da, hüquqi maraq baxımından mümkün olsa belə, hər bir halda qərarın mübahisələndirilməsi ilə əlaqədar iddia müddəti də ötürülmüşdür ki, həmin əsas belə müstəqil formada iddianın müddət baxımından mümkünsüzlüyünə dəlalət edir. Bu zaman, məhkəmə, həmçinin qeyd edir ki, ötürülmüş prosessual müddətin bərpası üçün də hər hansı əsas müəyyən edilməmişdir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35, 80, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim: Orxan Həsənov
Məhkəmə qərarları › İş №e-2-1(112)-10195/2024
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №e-2-1(112)-10195/2024
28.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver