Məhkəmə qərarları › İş №e-2-1(112)-10212/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-10212/2022

06.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-10212/2022 06.10.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Ağalarov Həmid Azər oğlunun sədrliyi, məhkəmə iclasının katibi X10 qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil və tərcüməçi X2 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı, X7 üçüncü şəxs qismində cəlb edilməklə “atalığın müəyyən edilməsi və doğum haqqında akt qeydlərində dəyişiklik edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.B.Vəzirov küç.56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 5 saylı “Asan xidmət” mərkəzi tərəfindən AZ-İ № 413181 saylı xx.xx.2021-ci il tarixdə verilmiş “Atalığın müəyyən edilməsi haqqında” şəhadətnamədə (atalığın müəyyən edilməsi haqqında akt qeydləri kitabı qeydiyyat № 254) “Vətəndaş; İddiaçı” qrafasındakı qeydin, eləcə də xx.xx.2021-ci il tarixli AZ-İV № 592664 nömrəli “Doğum haqqında” şəhadətnamədə (doğum haqqında akt qeydləri kitabında qeydiyyat № 2670) atası qrafasında qeydlərin dəyişdirilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı X7 ilə faktiki nikah münasibətində olmuşdur. xx.xx.2021-ci il tarixdə X1 doğulmuşdur. O, yanlışlıqla özünü yeni doğulmuş uşağın atası bilərək Diana Budılova ilə xx.xx.2022-ci il tarixdə 5 saylı Bakı “Asan xidmət” mərkəzində yerləşən Ədliyyə Nazirliyinin Qeydiyyat Şöbəsinə onun ad və soyadının yeni doğulan uşağa verilməsi üçün ərizə vermişdir. Onların verdiyi ərizələr əsasında xx.xx.2021-ci il tarixdə yuxarıda adını çəkdiyi qurumda ata qrafasında onun adı və soyadı yazılmaqla AZ-İ № 413181 nömrəli “Atalığın müəyyən edilməsi haqqında şəhadətnamə” və onun əsasında həmin tarixdə AZ-İV № 592664 nömrəli “Doğum haqqında şəhadətnamə” verilmişdir. Lakin daha sonra Diana uşağın onun olmadığını və bioloji atasının başqa adam olduğunu bildirmişdir. Ona məlum olmuşdur ki, Diananın oğu Daniilin atasının başqası olmasını Budılovanın ailəsində anası və başqa qohumları uzun müddətdir bilirmişlər. Belə olduğuna görə o, başqasının övladının atası statusunu daşımasına razı deyildir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə, X7 üçüncü şəxs qismində (zəruri cəlbetmə) inzibati məhkəmə icraatına cəlb edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi və üçüncü şəxs məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin və üçüncü şəxsin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı və iddiaçının nümayəndəsi və vəkili iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və onun təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: AZ-İ 413181 nömrəli 22 aprel 2021-ci il tarixli “Atalığın müəyyən edilməsi haqqında şəhadətnamə”yə əsasən İddiaçı 12 aprel 2021-ci ildə doğulmuş X4 atası hesab edilmişdir. Bu barədə atalığın müəyyən edilməsi haqqında akt qeydləri kitabında 2021-ci ilin 04-cü ayının 22-ci günündə 254 №-li qeyd edilmişdir; AZ-İV 592664 nömrəli “Doğum haqqında şəhadətnamə”nin surətindən görünür ki, X8 xx.xx.2021-ci ildə Bakı şəhərində doğulmuş, atası kimi İddiaçı, anası kimi isə X7 qeyd edilmişdir; Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhər Nizami Rayon Qeydiyyat Şöbəsinin xx.xx.2022-ci il tarixli, 05/Q-958/15 nömrəli imtina məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 №-li qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən müddəların 23-cü bəndinə əsasən Vətəndaşlıq vəziyyəti aktlarının ilkin qeydlərinin ləğv olunması məhkəmə qətnaməsi əsasında qeydiyyat şöbəsi tərəfindən icra edilir. Sənədləri nəzərdən keçirərkən müəyyən olundu ki, xx.xx.2022-ci il tarixdə vətəndaş X5 doğulmuş X4 atası İddiaçı hesab edilmişdir. 5 saylı “Asan xidmət” mərkəzinin qeydiyyat şöbəsi tərəfindən xx.xx.2021-ci il tarixdə atalığın müəyyən edilməsi aktı tərtib edilmişdir. Atalığın müəyyən edilməsi haqqında akt qeydi ləğv edilməsi ilə bağlı yaşadığı ünvan üzrə məhkəməyə müraciət edə bilər. Məhkəmə araşdırması zamanı 5 saylı Bakı “Asan Xidmət” mərkəzində qeydiyyat şöbəsi tərəfindən xx.xx.2022-ci il tarixli məktubla X6 2670 №-li xx.xx.2021-ci il tarixli “Doğum haqqında akt qeydi” və 254 №-li, xx.xx.2021-ci il tarixli “Atalığı müəyyən etmək haqqında akt qeydi” məhkəməyə təqdim edilmişdir. İşin faktiki hallarından müəyyən olunur ki, iddiaçının və üçüncü şəxsin inzibati orqana birgə müraciəti əsasında o, xx.xx.2021-ci il tarixdə doğulmuş X4 atası hesab edilərək, xx.xx.2021-ci il tarixdə atalığın müəyyən edilməsi aktı tərtib edilmişdir. Həmçinin həmin akt əsasında iddiaçının X4 atası olmasına dair atalığın müəyyən edilməsi haqqında və doğum haqqında şəhadətnamələr verilmişdir. Hazırda iddiaçı atalığın müəyyən edilməsi və doğum haqqında akt qeydlərində atası olmaması ilə əlaqədar dəyişiklik edilməsini xahiş edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 44.3-cü maddəsinə əsasən, uşağın anası ilə nikahda olmayan şəxsin atalığı uşağın atasının və anasının müvafiq icra hakimiyyəti orqanına birgə ərizə vermələri ilə müəyyən olunur; 45.1-ci maddəsinə əsasən, uşaq aralarında nikah olmayan şəxslərdən olduqda və valideynlərin birgə ərizəsi və ya uşağın atasının ərizəsi olmadıqda, atalıq uşağın valideynlərindən birinin, uşağın qəyyumunun (himayəçisinin), uşağı saxlayanın, habelə uşaq yetkinlik yaşına çatdıqda onun özünün ərizəsi əsasında məhkəmə qaydasında müəyyən olunur. Bu zaman məhkəmə uşağın konkret şəxsdən törəməsi ilə əlaqədar istənilən sübutun mötəbərliyini nəzərə ala bilər; 46.1-ci maddəsinə əsasən, valideynlər öz aralarında nikahda olmadıqda uşağın anası haqqında qeyd ananın ərizəsi, atası haqqında qeyd isə uşağın atasının və anasının birgə ərizəsi və ya atanın ərizəsi əsasında, habelə məhkəmənin qərarı əsasında aparılır; 47.1-ci maddəsinə əsasən, bu Məcəllənin 46.1-ci və 46.2-ci maddələrinə uyğun olaraq doğum haqqında şəhadətnamədə valideynlər barədə qeyd haqqında mübahisə yalnız məhkəmə yolu ilə, uşağın valideyni qismində yazılmış şəxsin və ya onun həqiqi valideyninin, habelə uşaq yetkinlik yaşına çatandan sonra onun özünün və ya uşağın qəyyumunun, eləcə də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan hesab edilən valideynin qəyyumunun tələbi ilə açıla bilər; 47.2-ci maddəsinə əsasən, bu Məcəllənin 46.2-ci maddəsinə əsasən uşağın atası kimi yazılmış şəxs qeydlər zamanı özünün uşağın həqiqi valideyni olmadığını bilirdisə, onun atalığa dair mübahisə açma haqqında tələbi təmin oluna bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydası”nın: 1.4-cü bəndinə əsasən, qeydiyyat şöbəsi və konsulluq idarəsi fəaliyyət istiqamətinə uyğun olaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemi (bundan sonra – Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sistemi) vasitəsilə doğumun, nigahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün dövlət qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr və ya arayışlar verirlər; 6.1-ci bəndinə əsasən, ərizə əsasında atalığın müəyyən edilməsi valideynlərin seçdiyi, atalıq məhkəmə tərəfindən müəyyən edildikdə isə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə qeydiyyat şöbəsində və ya konsulluq idarəsində dövlət qeydiyyatına alınır; 6.2-ci bəndinə əsasən, atalığın müəyyən edilməsi valideynlərin birgə ərizəsi və ya məhkəmənin qətnaməsi əsasında qeydə alınır. 6.5-ci bəndinə əsasən, qeydiyyat şöbəsi və konsulluq idarəsi tərəfindən atalığın müəyyən olunmasının dövlət qeydiyyatı zamanı atalığın müəyyən olunması haqqında aktların qeydiyyat kitabında atalığın müəyyən olunması barədə akt qeydləri tərtib edilir; 6.7-ci bəndinə əsasən, uşağın anası ilə nikahda olmayan şəxsin atalığı uşağın atasının və anasının Qeydiyyat şöbəsinə və konsulluq idarəsinə birgə ərizə vermələri ilə müəyyən olunur. 6.14-cü bəndinə əsasən, doğum haqqında akt qeydində ata haqqında məlumat göstərilmişdirsə, Qeydiyyat şöbəsi və konsulluq idarəsi atalığın müəyyən edilməsi barədə ərizəni qəbul etməmişdən əvvəl doğum haqqında akt qeydində ata haqqında məlumatın hansı əsasla yazıldığını yoxlamalıdır. Uşağın doğum haqqında akt qeydində ata haqqında məlumat nikahın bağlanması və ya atalığın müəyyən edilməsi haqqında akt qeydlərinə əsasən yazılmışdırsa, doğum haqqında akt qeydində müvafiq dəyişikliyin edilməsi barədə məhkəmənin qərarı olmadan atalığın müəyyən edilməsinin qeydə alınmasından imtina olunmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli, 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəalar”ın preambulasına görə bu əsas müddəalar Azərbaycan Respublikasının Ailə Məcəlləsinə uyğun olaraq hazırlanmışdır və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin xaricdəki konsulluq idarələri (bundan sonra — qeydiyyat şöbələri və konsulluq idarələri) tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edir. Həmin Müddəaların: 3-cü bəndinə əsasən, vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişikliklər aşağıdakı hallarda edilir: ... atalıq müəyyən edildikdə, uşağın doğulması haqqında qeydə ata barəsində yeni məlumat yazıldıqda, doğum haqqında aktın qeydindən uşağın atası və ya anası haqqında məlumatlar çıxarıldıqda; ... atalığın müəyyən edilməsi ləğv olunduqda; 4-cü bəndinə əsasən, vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edilməsi üçün aşağıdakılar əsas hesab edilir: ... atalığın müəyyən edilməsi haqqında məhkəmənin qərarı və ya valideynlərin ərizəsi; atalığın müəyyən olunmasına dair məhkəmənin əvvəllər çıxarılmış qətnaməsinin ləğv edilməsi haqqında məhkəmənin qətnaməsi; Məhkəmə ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, iddiaçının və üçüncü şəxsin inzibati orqana birgə müraciəti əsasında atalığın müəyyən edilməsi və onun əsasında atalığın müəyyən edilməsi haqqında və doğum haqqında şəhadətnamələrin verilməsi işin mübahisəsiz halıdır. İnzibati orqan tərəfindən qeyd edilən hərəkətlərin edilməsində, yəni akt qeydlərinin tərtib edilməsində səhvə yol verməsinə istinad edilməmişdir. Hazırda uşağın valideynləri (iş üzrə iddiaçı və üçüncü şəxs) uşağın həqiqi atasının İddiaçı olmamasına istinad edərək yuxarıda istinad olunan akt qeydlərinə dəyişiklik edilməsini istəyirlər. Hazırkı müraciətlə bağlı cavabdeh inzibati orqanın imtinasının qanuniliyinin yoxlanılması üçün Azərbaycan Respublikası Ailə Məcəlləsinin 47.1-ci və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydası”nın 6.14-cü bəndinin ikinci cümləsinə diqqət yetirilməlidir. Həmin müddəaların tələblərin əsasən, uşağın doğum haqqında akt qeydində ata haqqında məlumat nikahın bağlanması və ya atalığın müəyyən edilməsi haqqında akt qeydlərinə əsasən yazılmışdırsa, doğum haqqında akt qeydində müvafiq dəyişikliyin edilməsi barədə məhkəmənin qərarı olmadan atalığın müəyyən edilməsinin qeydə alınmasından imtina olunmalıdır. Yəni valideynlər barədə qeyd haqqında mübahisə məhkəmə yolu ilə həll olunduqdan sonra doğum haqqında akt qeydində müvafiq dəyişiklik edilməlidir. Həmin müddəalarda qeyd olunan məhkəmə qərarı dedikdə, inzibati məhkəmənin qərarı deyil, atalığın mübahisələndirilməsi ilə bağlı mülki məhkəmə icraatının nəticəsində qəbul ediləcək məhkəmə qətnaməsi nəzərdə tutulmuşdur. Belə ki, inzibati orqanın məhkəmə qərarı olmadan hərəkətin edilməsindən imtina etməsi imperativ qaydada nəzərdə tutulduğu halda, inzibati orqanın üzərinə inzibati məhkəmənin qərarı ilə öhdəlik qoyula bilməz. Bu səbəbdən də, həmin “məhkəmə qərarı” ifadəsi atalığın mübahisələndirilməsinə dair məhkəmə qətnaməsini ehtiva edir. Eyni zamanda, Azərbaycan Respublikası Ailə Məcəlləsinin yuxarıda qeyd edilən 47.2-ci maddəsinin tələblərinin yoxlanılması, yəni uşağın atası kimi yazılmış şəxsin qeydlər zamanı özünün uşağın həqiqi valideyni olmadığını bilib-bilməməsi məsələsi inzibati mühakimə icraatı qaydasında baxılan hazırkı məhkəmə tədqiqatının predmeti ola bilməz. Bundan əlavə, uşağın atası haqqında qeyd valideynlərinin birgə ərizəsi əsasında aparılıbsa, yenidən ərizə ilə onun dəyişdirilməsi qanunvericilikdə nəzərdə tutulmamışdır. Əks yanaşma, hər dəfə ərizə verilməklə bu barədə qeydin dəyişdirilməsi qeyrimüəyyənliyə və nəticədə uşağın hüquq və mənafelərinin pozulmasına gətirib çıxara bilər. Qeyd edilənlər bir daha təsdiq edir ki, uşağın doğum haqqında akt qeydində ata haqqında məlumat atalığın müəyyən edilməsi haqqında akt qeydinə əsasən yazılmışdırsa, atalığa dair mübahisə mülki məhkəmə icraatı qaydasında həll olunmadan həmin qeyd dəyişdirilə bilməz. Məhkəmə həmçinin vurğulayır ki, uşağın hər iki valideyninin hazırkı vəziyyətdə qeyd edilən məsələ ilə əlaqədar razılığı atalığın məhkəmə qaydasında mübahisələndirilməsinin qarşısını almır və mülki məhkəmənin iddia ərizəsinin qəbulundan imtina etməsinə və ya iş üzrə icraata xitam verilməsinə əsas vermir. Çünki, atalığın mübahisələndirilməsi iddiaçının cavabdehlə mübahisəsi deyil, həmin qeyd haqqında mübahisədir. Nəzərə alınmalıdır ki, həmin icraatda cavabdehin (hazırkı halda uşağın anasının) iddianı etiraf etməsi halında belə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 52.5-ci maddəsinin tələbləri baxımından həmin etirafın qanuna uyğun olub-olmaması, uşağın və ya digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozub-pozmaması yoxlanılmalıdır. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 №-li qərarının: 9.1-ci bəndinə əsasən, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını aparan orqanlar (Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin və Naxçıvan Muxtar Respublikasının ərazisində Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri, nikah evləri, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin xaricdəki konsulluq idarələri, rayon tabeli şəhərlərdə, qəsəbələrdə və kəndlərdə rayon, şəhər, şəhər rayonu icra hakimiyyətlərinin nümayəndəlikləri) tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin aparılması, qeydlərin aparılmasından imtina olunması və ya həmin qeydlərdə düzəlişlərin edilməsindən imtina olunması, yaxud vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin düzgün olmamasının müəyyən edilməsi ilə bağlı maraqlı şəxslərlə həmin orqanlar arasındakı mübahisələrə, habelə adın, ata adının və soyadın dəyişdirilməsindən imtina olunması ilə bağlı verilən iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. 9.2-ci bəndinə əsasən, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını aparan orqanlarda qeydə alınmalı olan hüquqlara dair maraqlı şəxslər arasındakı mübahisələrə (nikahın etibarsızlığı, atalığın müəyyən edilməsi, valideynlər tərəfindən uşağa adın verilməsi və s.) mülki məhkəmə icraatı qaydasında baxılır. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq, məhkəmə hеsаb еdir ki, iddiaçının “atalığın müəyyən edilməsi və doğum haqqında akt qeydlərində dəyişiklik edilməsi” tələbindən qаnuni əsаslаrlа imtinа оlunduğundаn, işin bu cür hаlındа isə cavabdeh tərəfindən hər hаnsı qаnunsuz hərəkətə yоl vеrilməsi hər hаnsı dəlil ilə sübutа yеtirilmədiyindən, iddia təmin еdilməməlidir. İPM-in: 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Cavabdehnə qarşı, X7 üçüncü şəxs qismində cəlb edilməklə “atalığın müəyyən edilməsi və doğum haqqında akt qeydlərində dəyişiklik edilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim: Həmid Ağalarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar