Məhkəmə qərarları › İş №e-2-1(112)-10222/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-10222/2025

16.01.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-10222/2025 16.01.2026 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Cəfərova Yasəmən Fərman qızının katibliyi, cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı (bundan sonra – iddiaçı) Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh tərəfindən qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2025-ci il tarixli, 3-21-2-3/2-7439/2025 nömrəli qərarının 28622,34 manat əlavə hesablanmış gəlir vergisi hissəsində ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə məhkəməyə ərizə təqdim edərək cavabdeh tərəfindən qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2025-ci il tarixli, 3-21-2-3/2-7439/2025 nömrəli Qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş və ərizə icraata qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh tərəfindən 2024-cü ilin X9 28622,34 manat əlavə vergi məbləğinin hesablanması barədə “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” müvafiq olaraq xx.xx.2025-ci il tarixli, 3-21-2- 3/2-7439/2025 nömrəli qərar qəbul edilərək iddiaçıya göndərilmişdir. Qeyd edilən qərardan iddiaçı tərəfindən yuxarı vergi orqanına şikayət ünvanlanmış, yuxarı vergi orqanı tərəfindən xx.xx.2025-ci il tarixində qəbul edilmiş **********392700 nömrəli qərarla iddiaçının inzibati şikayəti təmin edilməmişdir. Belə ki, iddiaçı 2024-cü il üzrə gəlir vergi bəyannaməsini təqdim edərkən qanunvericiliyin tələblərinə müvafiq olaraq 75 % güzəşt məbləğini tətbiq etmiş, lakin vergi orqanı tərəfindən kameral vergi yoxlaması nəticəsində iddiaçının güzəşt tətbiq olunan vergi ödəyicisi kateqoriyasına aid olmadığı, işçi sayı ilə bağlı qanunvericilikdə müəyyən edilən şərti tamamlamadığı və gəlir və xərcin uçotunu düzgün aparmadığını əsas gətirilərək ona azaldılmış vergi məbləği həcmində əlavə vergi hesablanmışdır. İddiaçının qanunvericiliklə nəzərdə tutulan güzəşt məbləğindən istifadə etmək hüququ olmuşdur. Bu səbəblə də, kameral vergi məbləğinin hesablanması barədə qərar qeyd edilənlərə əsasən ləğv edilməlidir. Belə ki, Vergi orqanı iddiaçın işçilərinin eyni zamanda başqa iş yerinin olmasını əsas gətirərək heç bir məntiqi və hüquqi əsaslandırma aparmadan bu halı güzəşt hüququnu aradan qaldıran hal hesab etmiş, iddiaçının vergidən yayınma sxemi olduğunu iddia etdiyi əməliyyatlarının konkret olaraq nələrdən ibarət olduğunu, iddiaçının işçiləri işə götürməkdəki məqsədinin vergidən yayınma olduğunu nəyə əsasən müəyyən etdiyini, vergidən yayınma məqsədinin bu halda özünü nədə ehtiva etdiyi sübutlarla əsaslandıra bilməmişdir. Şəxsin əmək qanunvericiliyinə əsasən 1-dən çox iş yerinin olmasına hər hansı qadağa qoyulmamışdır və işçinin əsas və əlavə iş yerlərinin olmas ımümkündür. Vergi Məcəlləsi il ərzində ən azı 3 işçisi olan mikro sahibkara gəlirlərinin 75 faizi miqdarında güzəşt nəzərdə tutulan müvafiq maddəsində həmin işçinin əsas və yaxud əlavə iş yerinin olması baxımdan hər hansı məhdudiyyətin tətbiq olunması müəyyənləşdirilməmişdir. Siyahıda adları, vəzifələri və işə qəbul tarixləri qeyd edilmiş şəxslər 2024-cü il üzrə iddiaçının rəsmi əmək müqavilələri üzrə muzdlu işçiləridir: X15 sürücü (xx.xx.2024), X7 – mühasib (xx.xx.2024), X2 - sürücü (xx.xx.2024), X5 - sifarişlərlə bağlı koordinator (xx.xx.2024), X12 – texniki köməkçi (nəqliyyat vasitələrinin sazlanması üzrə) (xx.xx.2024), X8 - texniki köməkçi (nəqliyyat vasitələrinin sazlanması üzrə) (xx.xx.2024), X19 - texniki köməkçi (nəqliyyat vasitələrinin sazlanması üzrə) (xx.xx.2024), X16 – mühasib köməkçisi (xx.xx.2024) və X17 – insan resurları (Kadr) üzrə menecer (xx.xx.2024). Bu işçilərə münasibətdə Əmək Məcəlləsinin tələblərinə uyğun şəkildə əmək müqaviləsi bağlanmış, işçilər iş iliərzində Əmək Məcəlləsində işçi üçün müəyyənləşdirilmiş bütün hüquqlarından istfadə etmiş, həmçinin bu işçilərə münasibətdə vergi, sosial və icbari tibbi sığorta qanunvericiliyində nəzərdə tutulmuş bütün ödənclər iddiaçı tərəfindən tutularaq dövlət büdcəsinə köçürülmüşdür. Cavabdehin qərarından belə qənaətə gəlmək mümkündür ki, vergi orqanı bu şəxsləri iddiaçının həqiqi-real işçiləri kimi qəbul etməmiş, bu iddiasını heç bir əsaslı sübutla təsdiq edə bilməmişdir. Digər tərəfdən, vergi orqanı nəzərə almamışdır ki, iddiaçı yük daşıma fəaliyyəti sahəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olur və 2024-cü il üzrə dövriyyəsi 200 000 manata yaxın olmuşdur. Belə ki, iddiaçıya yükdaşıma nəqliyyat vasitələrini idarə etmək üçün sürücülər, yük maşınlarının daşımaya başlamazdan əvvəl sazlığını yoxlayaraq sınaqdan keçirmək üçün texniki işçilər, ödənişlərin həyata keçirilməsi, elektron qaimə fakturaların vurulması və qəbul edilməsi və sairə kimi həmçinin mühasibatlıq hərəkətlərinin həyata keçirilməsi üçün mühasib, daşıma xidmətləri ilə əlaqədar müştərilərdən gələn sifarişlərin idarə edilməsi üçün koordinator və sairə işçilərin lazım olduğu birmənalı faktdır. Aydın məsələdir ki, fərdi sahibkar olan iddiaçı il ərzində bu həcmdəki xidmətləri təkbaşına həyata keçirə bilməzdi və ona görə də, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsində müvafiq işçiləri işə götürməsində hər hansı vergidən yayınma kimi qiymətləndirilə biləcək hal yoxdur. Həmçinin, vergi orqanının iddiaçı tərəfindən təqdim olunmuş elektron qaimə fakturalarda texniki səhvlərə yol verilməsi, vergi orqanının iddia etdiyi kimi iddiaçının 2024-cü il üzrə gəlir vergisi üçün 75 faizlik güzəşt hüququnu itirməsinə səbəb ola bilməz. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz məhkəməyə təqdim edilmişdir. Etirazda göstərilmişdir ki, kameral vergi yoxlaması ilə aparılan araşdırma zamanı vergi ödəyicisi tərəfindən xx.xx.2024-cü il tarixdə 2024-cü il təqdim edilmiş dəqiqləşdirilmiş gəlir vergisi bəyannaməsinin 3 nömrəli əlavəsinin 38-ci sətrində güzəşt məbləğ qeyd edildiyi halda Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannamələri məlumatlarına əsasən orta aylıq işçi sayı 3 nəfərdən az olduğu müəyyən edilmişdir ki, bu da kənarlaşma yaranmasına səbəb olumuşdur. Qeyd edilən kənarlaşma ilə əlaqədar vergi ödəyicisinə “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” xx.xx.2024-cü il tarixli **********387600 nömrəli məktub göndərilərək dəqiqləşdirilmiş bəyannamə və araşdırma üçün zəruri olan sənədlərin təqdim edilməsi tələb edilmiş, fərdi sahibkar tərəfindən dəqiqləşdirilmiş bəyannamə, zəruri olan sənədlərin və uyğunsuzluq barədə əsaslandırılmış izahat təqdim edilmədiyi üçün Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83-cü maddələrinə əsasən 2024-cü il üçün gəlir vergisi üzrə 28622,34 manat əlavə vergi məbləği hesablanması barədə xx.xx.2025-ci il tarixli, 3-21-2-3/2-7439/2025 nömrəli qərar qəbul olunmuş və iddiaçıya göndərilmişdir. İddiaçının həmin qərardan verdiyi inzibati şikayət təmin edilməmişdir. İddiaçı tərəfindən 2024-cü il ərzində "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə (VÖEN: **********) yük daşıma xidməti əlaqədar 199888,20 manat məbləğində elektron qaimə-fakturaların təqdim edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Əmək müqaviləsi bildirişləri” bazasının məlumatlarına əsasən iddiaçının yanvar, fevral, mart ayları üzrə işçilərinin olmamış, aprel, may, iyun və iyul ayları üzrə 4, avqust və sentyabr ayları üzrə 3 və oktyabr, noyabr, dekabr ayları üzrə isə 8 işçisinin olmuşdur. İddiaçı tərəfindən elektron qaimə-fakturalar 2024-cü ilin mart-oktyabr aylarında təqdim edilmiş, ən son təqdim edilən xx.xx.2024-cü il tarixli, MT2409 seriyalı, 12061634 nömrəli elektron qaimə-fakturanın malın adı hissəsində “Yük daşıma xidməti Sentyabr 2024” qeyd edilmiş, iddiaçının faktiki olaraq 2024-cü ilin oktyabr ayından ilin sonunadək sahibkarlıq fəaliyyətin olmamışdır. İddiaçı sahibkarlıq fəaliyyəti olmadığı dövrdə əlavə olaraq 5 muzdlu işçini işə götürmüş, götürülən işçilərin eyni zamanda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Əmək müqaviləsi bildirişləri” bazasının məlumatlarına əsasən iddiaçının xidmət göstərdiyi vergi ödəyicisi tərəfindən də işə götürülmüş işçilər olmuşlar. İddiaçı tərəfindən xx.xx.2024-cü il tarixdə işə götürülmüş 4 muzdlu işçinin də fərdi sahibkarın elektron qaimə-faktura təqdim etdiyi şəxsə xidmət göstərən digər fiziki şəxslər tərəfindən də muzdlu işçi kimi işə götürüldüyü qeyd olunan əməliyyatların vergidənyayınma sxemi yaradılmaqla vergi üstünlüyü əldə etmək məqsədinin olmasını şərtləndirdiyi, Vergi Məcəlləsinin tələblərinə əsasən gəlir və xərclərinin uçotunun həmin məcəllədə nəzərdə tutulmuş qaydada aparılmadığı müəyyən edilmişdir. İş üzrə şifahi məhkəmə baxışı iclası xx.xx.2026-cı il tarixində keçirilmiş, məhkəmə qərarı xx.xx.2026-cı il tarixində elan edilmişdir. Şifahi məhkəmə baxışı iclasında iddiaçının nümayəndəsi, Vəkil iddia ərizəsinin məzmununa oxşar izahat verərək, həmçinin bildirdi ki, cavabdehin etirazda irəli sürdüyü dəlillər yalnız ehtimallar üzərində qurulmuşdur. Belə ki, iddiaçı ilə əmək müqaviləsi bağlayan işçilərin digər bir vergi ödəyicisi ilə də əmək müqavilələrinin olmasında qanunsuz heç bir şey yoxdur. Qeyd edilənlərə əsasən nümayəndə iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsi X6 yazılı etirazın məzmunu ilə oxşar izahat verərək, həmçinin bildirdi ki, iddiaçının faktiki sahibkarlıq fəaliyyəti həyata keçirdiyi dövrdə işçilərinin az olması, lakin faktiki olaraq hər hansı sahibkarlıq fəaliyyətinin olmadığı dövrdə daha çox işçi işə götürməsi onun vergidən yayınma sxemi yaratmağa çalışdığını sübut edir. Qeyd edilənlərə əsasən nümayəndə iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. İş üzrə məhkəmə tərəfindən aşağıdakı sübutlar tədqiq edilmişdir. İddia ərizəsinə əlavə edilmiş 2024-cü il üzrə gəlir vergisi bəyannaməsinin “hissə 1 – hesabat dövrünün gəlirləri” hissəsində ümumi gəlir 199888,20 manat, “hissə 2 – hesabat dövründə gəlirlərin əldə edilməsi ilə bağlı xərclər” hissəsində cəmi xərclər 12998,27 manat və “hissə 3 - hesabat dövrü üçün vergilərin hesablanması” hissəsində ödənilməli gəlir vergisi 9344,50 manat göstərilmişdir. Həmin gəlir bəyannaməsinə 1 saylı əlavədə CƏMİ AKTİVLƏR - 409812,40 manat (dövr ərzində daxil olmuşdur) və 215.22 (hesabat dövrünün sonuna) və CƏMİ KAPİTAL VƏ ÖHDƏLİKLƏR - 186889,93 (dövr ərzində daxil olmuşdur), 177330,21 manat (təqdim edilmişdir), 9344,50 manat (silinmişdir) və 215.22 (hesabat dövrünün sonuna) göstərilmişdir. Cavabdeh tərəfindən xx.xx.2025-ci il tarixli məktubla iddiaçıdan kameral vergi yoxlaması üçün zəruri sənədlər tələb edilmişdir. İddia ərizəsinə X1, X14 və X10 iddiaçı ilə bağladığı (müvafiq olaraq) xx.xx.2024-cü il tarixli, xx.xx.2024-cü il tarixli, xx.xx.2024-cü il tarixli əmək müqavilələri bildirişləri əlavə edilmişdir. İddia ərizəsinə iddiaçının şəxsi hesab vərəqəsi əlavə edilmişdir. Cavabdeh tərəfindən qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2025-ci il tarixli, 3-21-2-3/2-7439/2025 nömrəli qərara əsasən iddiaçıya 28622,34 manat əlavə vergi borcu hesablanmışdır. Qərar onunla əsaslandırılmışdır ki, 2024-cü il gəlir vergisi bəyannaməsinin 3 nömrəli əlavəsində mikro güzəşt məbləğ qeyd edildiyi halda Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannamələri məlumatlarına əsasən orta aylıq işçi sayı 3 nəfərdən az olduğu müəyyən edilmişdir ki, bu da kənarlaşma yaranmasına səbəb olumuşdur. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xx.xx.2025-ci il tarixli qərarına əsasən iddiaçının inzibati şikayəti təmin edilməmişdir. Məhkəmə iclasında şahid X11 ifadə verərək bildirdi ki, iddiaçının yanında təxminən 2024-cü ilin fevral-mart aylarında mühasib kimi işə başlamış, 2024-cü ilin sonları, təxminən dekabr ayında işdən çıxmışdır. İşdən çıxma səbəbi işlərin yaxşı getməməsi olmuşdur. O, 2023-cü ilin may ayından bəri "xxxx" MMC-də maliyyə rəhbəri işləyir. İddiaçını əvvəllər tanımamışdır və MMC ilə əməkdaşlıq etdikdən sonra onunla işləmişdir. Belə ki, iddiaçı ona iş təklif etmiş, o da əlavə iş kimi iddiaçının yanında onlayn şəkildə işləmişdir. İddiaçının yanında işləyərkən aylıq əməkhaqqı 200 manat təşkil etmişdir. Hazırkı işlədiyi MMC-də isə aylıq 500 manat əməkhaqqı alır. İddiaçı "xxxx" MMC ilə tərəfdaşlıq etmiş, şirkətlə aralarında müqavilə bağlanmışdır. Belə ki, şirkət vasitəçilik rolunu oynamışdır. İddiaçı “Azərsun” şirkətinin nəzdində fəaliyyət göstərən “Al Market”in qida və qeyri-qida məhsullarının daşınması işini həyata keçirmişdir. Onda olan məlumata əsasən iddiaçının texniki işlərinə əlavə işçilər cəlb olunmuşdur. Orada işlədiyi müddətdə işçiləri tanımışdır. Belə ki, iddiaçının yanında sürücü kimi Hüseyn və Fəxri, texnik kimi Qafar, Bəhruz və Elçin, koordinator kimi Sevgiyyə, mühasib köməkçisi kimi Səbuhi adlı şəxsləri tanıyır. Günel xanım əvvəllər menecer kimi işləsə də, iş tapa bilmədiyi üçün şirkətdə xadimə kimi işə düzəlmiş, daha sonra iddiaçının yanında öz ixtisasına uyğun olaraq menecer kimi fəaliyyət göstərmişdir. Məhkəmə iclasında şahid X4 ifadə verərək bildirdi ki, iddiaçının işçisi olmuşdur. Orada təxminən 2024-cü ilin mart ayında sürücü kimi işə başlamış və təxminən 1 ilə yaxın müddətdə işləmişdir. O, "xxxx" MMC-də işləməmişdir. İddiaçı ilə təsadüfən, köhnə iş yoldaşı Səid vasitəsi ilə tanış olmuşdur. Səid də iddiaçının işçisi olmuşdur. Özü “Mersedes Ateko” markalı avtomobili idarə etmiş və “Al Market”in qida və qeyri-qida məhsullarını daşımışdır. İş yeri Bayıl qəsəbəsində yerləşirdi və məhsulları Dərnəgül qəsəbəsindən daşıyırdı. İddiaçının yanında işləyən zaman aylıq əməkhaqqı təxminən 360 manat təşkil etmişdir. Hazırda “Bakubus” şirkətində işləyir. İddianın mümkünlüyü: İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli Qərarının 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Göründüyü kimi iddiaçı hazırkı iddia tələbində cavabdehin xx.xx.2025-ci il tarixli, 3- 21-2-3/2-7439/2025 nömrəli qərarının ləğvini xahiş edir. Həmin qərarla iddiaçıya əlavə vergi məbləği hesablanmış və iddiaçının hüquqları məhdudlaşdırılmışdır. Bu səbəbdən iddia mahiyyətcə mübahisələndirmə barədə iddiadır. Həmin qərarın rəsmi qaydada iddiaçıya təqfim edilməsi barədə iş materiallarında sübut mövcud deyildir. Bu səbəbdən iddiaçının hazırkı tələbi mümkün hesab edilmişdir. İddianın mahiyyəti üzrə məhkəmənin mövqeyi: Azərbaycan Respublikasının Vergi Məcəlləsinə (bundan sonra – Vergi Məcəlləsi) əsasən dövlət vergilərinə aşağıdakılar aiddir: fiziki şəxslərin gəlir vergisi; hüquqi şəxslərin mənfəət vergisi (bələdiyyə mülkiyyətində olan müəssisə və təşkilatlardan başqa); əlavə dəyər vergisi; aksizlər; hüquqi şəxslərin və bu Məcəllənin 198.1-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla, fiziki şəxslərin əmlak vergisi; hüquqi şəxslərin və bu Məcəllənin 206.1-ci maddəsində nəzərdə tutulmuş halda fiziki şəxslərin torpaq vergisi; yol vergisi; mədən vergisi; sadələşdirilmiş vergi (6.1.). Vergi o halda müəyyən edilmiş hesab olunur ki, bu zaman vergi ödəyicisi və aşağıdakı vergitutma elementləri müəyyən edilmiş olsun: vergitutma obyekti; vergitutma bazası; vergi dövrü; vergi dərəcəsi; verginin hesablanması qaydası; verginin ödənilməsi qaydası və müddəti (12.1.). Vergitutma obyekti gəlir, mənfəət, əmlak, torpaq, faydalı qazıntılar, təqdim edilmiş malların (işin, xidmətin) dəyəri, ticarət əlavəsi və ya bu Məcəllə ilə müəyyənləşdirilən digər vergitutma obyektləridir (12.3.). Vergitutma bazası - vergitutma obyektinin vergi tutulan hissəsinin kəmiyyətcə ifadəsidir (12.4.). Qeyd edilən hüquq normalarının məzmunundan görünür ki, yalnız qanunda nəzərdə tutulmuş vergitutma elementləri müəyyən edildikdə fiziki və hüquqi şəxslər barəsində vergi hesablana və onlar vergiyə cəlb edilə bilərlər. Vergitutma elementlərinin mövcud olmaması fiziki və ya hüquqi şəxslərin vergiyə cəlb edilməsini istisna edir. Vergi Məcəlləsində göstərilmişdir ki, rezident və qeyri-rezident fiziki şəxslər gəlir vergisinin ödəyiciləridirlər (95). Rezidentlərin gəlirləri üzrə vergitutma obyekti vergi ili üçün rezidentlərin bütün gəliri ilə həmin dövr üçün bu Məcəllə ilə müəyyənləşdirilən gəlirdən çıxılan məbləğ arasındakı fərqdən ibarət olan vergiyə cəlb edilən gəlirdir. Ödəmə mənbəyində vergi tutulduğu halda, vergitutma obyekti vergiyə cəlb olunan gəlirdir (96.1.). Rezident vergi ödəyicisinin gəliri onun Azərbaycan Respublikasında və Azərbaycan Respublikasının hüdudlarından kənarda əldə etdiyi gəlirdən ibarətdir (97.1.). Gəlirlərə aiddir: muzdlu işlə əlaqədar əldə edilən gəlir; muzdlu işə aid olmayan fəaliyyətdən əldə edilən gəlir; vergilərdən azad edilən gəlirlərdən və əsas vəsaitlərin (vəsaitin) yenidən qiymətləndirilməsindən yaranan artımdan başqa bütün digər gəlirlər (97.3.). Fiziki şəxs tərəfindən muzdlu işlə əlaqədar alınan gəlir - əmək haqqı, bu işdən alınan hər hansı ödəmə və ya fayda, o cümlədən əvvəlki iş yerindən, yaxud gələcək muzdlu işdən alınan gəlirdir (98.1.). Muzdlu işə aid olmayan fəaliyyətdən gəlirlər sahibkarlıq və qeyrisahibkarlıq fəaliyyətindən gəlirlərdən ibarətdir (99.1). Sahibkarlıq fəaliyyətindən gəlirə o cümlədən aşağıdakılar aiddir: sahibkarlıq fəaliyyəti məqsədləri üçün istifadə olunan aktivlərin təqdim edilməsindən gəlir; sahibkarlıq fəaliyyətinin məhdudlaşdırılmasına və ya müəssisənin bağlanmasına razılıq verilməsinə görə alınan gəlir; əsas vəsaitlərin təqdim edilməsindən alınan və bu Məcəllənin 114.7-ci maddəsinə uyğun olaraq gəlirə daxil edilən məbləğlər; bu Məcəllənin 141-ci maddəsinə uyğun olaraq gəlirdən çıxılan kompensasiya edilən məbləğlərdən və ya ehtiyatların azalmasından gəlir (99.2.). Qeyri-sahibkarlıq fəaliyyətindən gəlirə, o cümlədən aşağıdakılar aiddir: faiz gəliri; dividend; əmlakın icarəyə verilməsindən gəlir; royalti; vergi ödəyicisinə bağışlanmış borcun məbləği, bu Məcəllənin 98.2.4-cü maddəsində göstərilənlər istisna olmaqla; sahibkarlıq fəaliyyəti məqsədləri üçün istifadə olunmayan aktivlərin təqdim edilməsindən gəlir; təqvim ili ərzində alınan hədiyyə və mirasların məbləği, bu Məcəllənin 98.2.2-ci maddəsində göstərilənlər istisna olmaqla; vergi ödəyicisinin aktivlərinin ilkin qiymətinin artdığını göstərən hər hansı digər gəlir (təqdim olunduğu təqdirdə) - əmək haqqından başqa; həyatın yığım sığortası üzrə sığorta olunanın ödədiyi və ya onun xeyrinə ödənilən sığorta haqları ilə sığorta ödənişləri arasındakı fərq; xüsusi notarius tərəfindən aparılan notariat hərəkətlərinə, habelə notariat hərəkətləri ilə əlaqədar göstərilən xidmətlərə görə alınan haqlar; vəkillik fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən bu fəaliyyətlə bağlı göstərilən xidmətə görə alınan haqq; lotereyalardan və idman mərc oyunlarından əldə edilən uduşlar; mediator fəaliyyəti ilə məşğul olan fiziki şəxslər tərəfindən bu fəaliyyətlə bağlı göstərilən xidmətə görə alınan haqq, o cümlədən əldə olunan mükafat (99.3.). Qeyd edilən hüquq normalarının məzmunundan görünür ki, şəxsin gəlir vergisinə cəlb olunan gəlirlərinin konkret dairəsi müəyyən edilmişdir. Belə ki, şəxsin vergiyə cəlb edilən gəlirləri muzdlu işlə əlaqədar olan və olmayan gəlirlərdir. Muzdlu işlə əlaqədar olmayan gəlirlər isə sahibkarlıq və qeyri-sahibkarlıq fəaliyyətindən əldə edilən gəlirlər olmaqla iki hissəyə ayrılır. Həmçinin, Vergi Məcəlləsinin 102.1.30-cu maddəsində göstərilmişdir ki, bu Məcəllənin 102.1.30-1-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla, müvafiq il üzrə orta aylıq muzdlu işçi sayı 3 nəfərdən az olmayan və məcburi dövlət sosial sığorta haqları üzrə borcu olmayan mikro sahibkarlıq subyekti olan fərdi sahibkarların sahibkarlıq fəaliyyətindən əldə etdikləri gəlirinin 75 faizi gəlir vergisindən azaddır. Müvafiq il üzrə orta aylıq muzdlu işçi sayı təqvim ili ərzində muzdlu işçilərin sayının cəmlənərək 12-yə bölünməsi yolu ilə müəyyən edilir. Vergi ödəyicisi vergi güzəştinin tətbiqi məqsədilə bu maddədə müəyyən edilən şərtlərə cavab vermədikdə və növbəti hesabat ilində mikro sahibkarlıq subyektindən digər kateqoriya sahibkarlıq subyektinə keçdikdə fərdi sahibkarın mikro sahibkar olduğu əvvəlki 3 təqvim ilinin yekunlarına görə hesablanmış və ödənilmiş gəlir vergisinin 75 faizi həcmində vergi güzəşti müəyyən edilməklə digər sahibkarlıq subyekti olduğu dövrlərdə gəlir vergisi öhdəliyindən çıxılır. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı 2024-cü il üzrə gəlir vergisi bəyannaməsini təqdim edərkən Vergi Məcəlləsinin 102.1.30-cu maddəsinin tələblərinə uyğun olaraq sahibkarlıq fəaliyyətindən əldə etdiyi gəlirlərə 75 faiz güzəşt tətbiq etmişdir. Cavabdeh isə bunun əsaslı olmadığını hesab edərək kameral vergi yoxlamasının nəticəsi olaraq ididaçıya 28.622,34 manat əlavə gəlir vergisi hesablamışdır. Cavabdehin etirazının əsasları ondan ibarət olmuşdur ki, iddiaçı sahibkarlıq fəaliyyəti ilə bağlı sonuncu qaiməni xx.xx.2024-cü ildə təqdim etmişdir. Yəni, iddiaçının həmin dövrdən sonra faktiki sahibkarlıq fəaliyyəti olmamışdır. İddiaçının 2024-cü ilin aprel ayından oktyabr ayına kimi 4 işçisi olmuş və oktyabr ayında əlavə 5 işçini də işə götürmüşdür. Aprel ayında işə götürülmüş 4 işçi eyni zamanda iddiaçının xidmət göstərdiyi "xxxx" şirkətinin işçiləri olmuşlar. Bu isə iddiaçının vergidən yayınma mexanizmi yaratmasına çalışdığını göstərir. Qeyd edilməlidir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin bölgüsü” Meyarlarına əsasən işçi sayı 1-10 arasında olan və illik gəliri 200 000 manatdan az olan sahibkarlıq subyekti mikro sahibkarlıq subyektlərinə aiddir. Belə olan halda iddiaçının Vergi Məcəlləsinin 102.1.30-cu maddəsinə əsasən əldə etdiyi gəlirin 75 faizi həcmində gəlir vergisindən azad olması üçün onun mikro sahibkarlıq subyektləri sırasına daxil olması sübut edilməlidir. Yəni, işçilərinin sayı 10 nəfərdən, illik gəliri isə 200 000 manatdan az olmalıdır. İş materiallarından görünür ki, iddiaçının illik gəliri 200 000 manatdan azdır. Digər tərəfdən, işin hallarından görünür ki, iddiaçının mütəmadi olaraq işçi sayı 10-dan artıq olmamışdır. Belə ki, iddiaçının yanvar-fevral-mart aylarında işçisi olmamış, aprelmay-iyun-iyul aylarında 4, avqust-sentyabr aylarında 3, oktyabr-noyabr-dekabr aylarında isə 8 işçisi olmuşdur və bu hal məhkəmə iclası zamanı cavabdehin nümayəndəsi tərəfindən də təsdiqlənmişdir. İddiaçının 4 ay üçün 4 (4x4=16), 2 ay üçün 3 (2x3=6) və 3 ay üçün 8 (3x8=24) işçisinin olmasını nəzərə aldıqda yuxarıda qeyd edilənlərə əsasən müvafiq hesablama yolu ilə onun orta aylıq işçi sayının təxminən 3-ə bərabər olması müəyyən edilir (16+6+24=48:12=3.18). İşdən görünür ki, iddiaçı cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli qərarın ləğv edilməsini xahiş edir. İddiaçı hesab edir ki, qanunvericilikdə nəzərdə tutulmuş 75 faiz vergi güzəştini qanuni olaraq tətbiq etmiş, lakin vergi orqanı kameral vergi yoxlamasının nəticələrinə əsaslanaraq işçilərin güzəşt hüququnu aradan qaldıran kateqoriyaya aid olduğunu və gəlir-xərc uçotunun düzgün aparılmadığını əsas gətirməklə əlavə 28.622,34 manat vergi hesablamışdır. Muzdlu işçilərlə əmək münasibətləri real və qanunidir, işçilərin başqa iş yerlərinin olması güzəşt hüququnu istisna etmir və vergi orqanının vergidən yayınma ilə bağlı iddiaları sübuta yetirilməmişdir. Cavabdeh isə etirazını onunla əsaslandırır ki, kameral vergi yoxlaması zamanı iddiaçının 2024-cü il üzrə təqdim etdiyi gəlir vergisi bəyannaməsində güzəşt məbləği göstərilsə də, muzdlu işlə əlaqədar təqdim olunmuş bəyannamələrə əsasən orta aylıq işçi sayının 3 nəfərdən az olması müəyyən edilmişdir. Cavabdeh, həmçinin iddiaçının fəaliyyət göstərmədiyi dövrdə əlavə işçilər cəlb etdiyini, işçilərin eyni zamanda xidmət göstərilən vergi ödəyicisi və digər şəxslər yanında da işlədiyini, bu halların vergidən yayınma sxemi yaratmaqla vergi üstünlüyü əldə etmək məqsədi daşıdığını bildirir. Bu səbəbdən, Vergi Məcəlləsinin tələblərinə əsasən əlavə vergi hesablanmasının qanuni olduğunu və iddianın təmin edilməməli olduğunu qeyd edir. Göründüyü kimi hazırkı mübahisə mövzusu iddiaçıya vergi güzəştinin tətbiq edilməli olubolmaması ilə bağlıdır. Belə ki, cavabdeh işçilərin güzəşt hüququna uyğun olmadığını və orta aylıq işçi sayının tələblərinə cavab vermədiyini əsas gətirir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 58-ci maddəsinə əsasən əmək müqaviləsinin şərtləri imkan verdiyi hallarda işçi əsas iş yeri üzrə müəyyən olunmuş iş vaxtından sonra həm əsas iş yerində, həm də əvəzçilik qaydasında əmək müqaviləsi bağlayaraq başqa iş yerlərində də əmək fəaliyyəti ilə məşğul ola bilər. Bu zaman əvəzçilik üzrə əmək müqaviləsi bağlanan iş yeri işçinin əlavə iş yeri sayılır (1). Əvəzçilik üzrə iş vaxtının müddəti bu Məcəllənin 89-cu maddəsi ilə müəyyən edilmiş normanın yarısından çox olmamaqla tərəflərin razılığı ilə müəyyən edilir (2). İş vaxtından sonra əvəzçilik üzrə əlavə iş yerlərində işləməyə əsas iş yeri üzrə işəgötürənin razılığı tələb edilmir. İş vaxtı ərzində isə əvəzçilik üzrə işləməyə işəgötürənin razılığı ilə yol verilir. Əvəzçilik üzrə əmək şəraitinin şərtlərini, əmək funksiyasının həcmini əlavə iş yerinin işəgötürəni ilə əmək müqaviləsi bağlanarkən tərəflərin özləri müəyyən edirlər (3). Əlavə iş yerində əvəzçilik üzrə əmək fəaliyyəti göstərən işçilərə bu maddənin beşinci və altıncı hissələrində göstərilən hallar istisna olunmaqla heç bir məhdudiyyət qoyulmadan əmək qanunvericiliyi ilə müəyyən edilmiş bütün normalar, qaydalar və müddəalar şamil edilir (4). Əgər işçi əsas iş yerində zərərli, təhlükəli və insanın sağlamlılığına mənfi təsir göstərən amillər olan əmək şəraitində işləyirsə, onda onun eyni əmək şəraitli əlavə iş yerində əvəzçilik üzrə çalışması yolverilməzdir (5). Yaşı 18-dən az olan işçilərin əvəzçilik qaydasında əlavə iş yerində çalışmalarına yalnız onların həm əsas, həm də əlavə iş yerində gündəlik iş vaxtının cəmi bu Məcəllənin 91-ci maddəsində onlar üçün nəzərdə tutulmuş qısaldılmış iş vaxtından çox olmadıqda, yol verilir(6). Bilavasitə qanunvericilikdə nəzərdə tutulmuş hallarda dövlət orqanlarının müvafiq vəzifəli şəxslərinə bu maddədə nəzərdə tutulan əvəzçilik üzrə əmək müqaviləsi bağlayaraq əlavə iş yerində işləmək hüququ şamil olunmur (7). Göründüyü kimi qanunvericilikdə işçilərin əsas və ya əlavə iş yerində çalışması ilə bağlı hər hansı məhdudiyyət nəzərdə tutulmamışdır. Məhkəmə hesab edir ki, cavabdeh iddiaçının süni şəkildə vergidən yayınma mexanizmi yaratdığına əsaslansa da, öz mövqeyini yalnız ehtimallar üzərində qurmuşdur. Belə ki, iş materiallarından müəyyən edilir ki, iddiaçı tərəfindən 2024-cü il ərzində işçilərlə rəsmi əmək müqavilələri bağlanmış, həmin müqavilələr Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron sistemində qeydiyyata alınmışdır. Bununla yanaşı işçilərin əməkhaqları ödənilmiş və vergi, sosial sığorta və icbari tibbi sığorta haqları tutulmuş və dövlət büdcəsinə köçürülmüşdür. Həmçinin, məhkəmə iclası zamanı şahid kimi ifadə vermiş şəxslər iddiaçının yanında işçi kimi işlədiklərini və əməkhaqqı aldıqlarını təsdiq etmişlər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən 14.1. mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir (14.1). İnzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür (14.2). İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür (14.3). Cavabdehin əsaslandığı dəlillər, yəni iddiaçının sonuncu qaiməni xx.xx.2024-cü ildə təqdim etməsi, bundan sonra hər hansı fəaliyyətinin olmaması, lakin həmin dövrdən sonra 5 işçini işə götürməsi, işçilərin bəzilərinin iddiaçının əməkdaşlıq etdiyi hüquqi şəxsin də işçiləri olması cavabdehin mövqeyinin haqlı olduğu anlamına gəlmir. Belə ki, iddiaçının fəaliyyətində qanunvericiliyin tələblərindən hər hansl kənara çıxma müşahidə edilməmişdir. Göründüyü kimi iddiaçı 2024-cü il üzrə 75 faiz gəlir vergisi güzəştindən istifadə etmək hüququna malik olmuşdur. Lakin cavabdeh ona həmin güzəşti tətbiq etməyərək iddiaçı barəsində xx.xx.2025-ci il tarixli, 3-21-2-3/2-7439/2025 nömrəli qərar qəbul etmişdir. Beləliklə, qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin olunmalı, cavabdeh tərəfindən qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2025-ci il tarixli, 3-21-2-3/2-7439/2025 nömrəli qərar ləğv edilməlidir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia təmin olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2025-ci il tarixli, 3-21-2-3/2- 7439/2025 nömrəli qərar ləğv edilsin. Qərardan onun rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar