Məhkəmə qərarları › İş №e-2-1(112)-10271/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-10271/2025

01.12.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-10271/2025 01.12.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ hаkim Hаcıbəyоvа Miminаt Tаcib qızının sədrliyi, X7 kаtibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil və cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “ona xx.xx.2024-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” bаrədə iddiа tələbi üzrə işə məhkəmə binаsındа аçıq məhkəmə iclаsındа bахаrаq müəyyən etdi: TƏSVİRİ HİSSƏ Mübahisənin predmeti İddiaçı Bakı İnzibati Məhkəməsində cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia qaldırarq “ona xx.xx.2024-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” bаrədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.1964-cü ildə doğulmuşdur. Əmək fəaliyyətinə 1983-cü ildən, əmək kitabçasında göstərilən müxtəlif müəssisələrdə çalışmaqla başlamış və hal-hazırda da Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi publik hüquqi şəxsdə direktor müavini vəzifəsində işləyir. Cavabdehin mübahisələndirdiyi xüsusilə güzəştli iş stajı olan xx.xx.1997-ci il tarixdən xx.xx.2002-ci il tarixədək proses üzrə operator (indiki hasilat üzrə texnik (Neft və qaz hasilatı üzrə operator) vəzifə adına uyğundur), xx.xx.2002-ci il tarixdən xx.xx.2002-ci il tarixədək Hasilat üzrə supervayzer (indiki Hasilat üzrə qurup rəhbəri (neft, qaz və ərizəni imzalayan şəxs haqqında məlumat: qaz kondesatı hasilatı üzrə sexin operativ istehsalat xidmətləri üzrə rəis müavini) vəzifə adına uyğundur), xx.xx.2002-ci il tarixdən xx.xx.2003-cü il tarixədək Əməliyyatlar üzrə Superintendentin köməkçisi (indiki Hasilat üzrə qurup rəhbəri (neft, qaz və qaz kondensatı hasilatı üzrə sexin operativ istehsalat xidmətləri üzrə rəis müavini) vəzifə adına uyğundur), xx.xx.2003-cü il tarixdən xx.xx.2008-ci il tarixədək Əməliyyatlar üzrə məsləhətçi (indiki Hasilat üzrə qurup rəhbəri (neft , qaz və qaz kondensatı hasilatı üzrə sexin operativ istehsalat xidmətləri üzrə rəis müavini) vəzifə adına uyğundur), xx.xx.2008-ci il tarixdən xx.xx.2014-cü il tarixədək Quruda Sahə meneceri (indiki əməliyyatlar üzrə sahə meneceri (neft, qaz və qaz kondensatı hasilatı üzrə sexin operativ istehsalat xidmətləri üzrə rəisi) vəzifə adına uyğundur), xx.xx.2016-cı il tarixdən xx.xx.2018-ci il tarixədək Əməliyyatlar qurupunun rəhbəri (indiki Hasilat üzrə qurupun rəhbəri (neft , qaz və qaz kondensatı hasilatı üzrə sexin operativ istehsalat xidmətləri üzrə rəis müavini) vəzifə adına uyğundur) işlədiyi vəzifələri hazırkı mübahisənin predmetini təşkil edir. İddiaçının bütün bu vəzifələrdə çalışmaqla əmək stajı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasına çıxmaq üçün lazım olan 12 il 6 aylıq xüsusi, zəruri olan 25 illik ümumi stajı və yaş həddi xx.xx.2024-cü il tarixdə tamam olmuşdur. Hal-hazırda 40 ildən çox ümumi iş stajı var. Bununla bağlı hüquqmüəyyənedici sənədlər cavabdeh təşkilata göndərilməyinə baxmayaraq, əsassız olaraq müraciəti müsbət həll edilməmişdir. Cavabdehin imtina məktubunda əsassız olaraq göstərilmişdir ki, guya yuxarıda qeyd edilən vəzifələr, siyahıda adı qeyd edilən neft, qaz və qaz kondensatı hasilat üzrə (neftqaz mədənlərinə) sexlərin operativ istehsalat xidmətlərinin rəisləri və onların müavinləri vəzifəsinə uyğun deyil. BP Eksploreyşn (Kaspian st) ltd şirkətinin AR Nümayəndəliyi tərəfindən verilmiş İddiaçı gördüyü işin xarakteri barəsindəki xx.xx.2024-cü il tarixli arayışından görünür ki, yuxarıda qeyd edilən vəzifələri güzəştli şərtlərlə pensiya hüququ yaradan vəzifələrə uyğundur və eyni xarakterli funksiyanı daşıyır. Nəzərə almaq lazımdır ki, müvafiq sahədə əmək fəaliyyəti ilə məşğul olan işçilərin mənsubiyyəti prinsip olaraq həmin sahədə çalışan Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş siyahıda qeyd olunan peşələrin funksional təyinatını və işin xarakterini dəyişdirmir və dəyişdirmək imkanına da malik deyildir. Belə ki, müvafiq sənaye sahəsində işləyən şəxslərin hamısı adları siyahıda nəzərdə tutulub-tutulmamasından asılı olmayaraq zərərli sahədə çalışıblar. Həmin vəzifələrin siyahıda nəzərdə tutulmaması adları siyahıda nəzərdə tutulmuş vəzifələrə yaxın vəzifələrdə işləyən şəxslərin güzəştli şərtlərlə pensiya almaq hüququndan məhrum edilməsi üçün əsas sayıla bilməz. Bu kimi peşə sahəsində olan işçilərin güzəştli şərtlərlə pensiya hüququ işçinin çalışdığı funksional fəaliyyət sahəsinə və peşə mənsubiyyətinə bağlıdır. Burada həlledici məqam bu kimi işçilərin icra etdikləri funksiyaların güzəştli pensiya hüququ verən və siyahıda nəzərdə tutulan peşəyə bağlı olmasıdır. Hazırkı mübahisəyə münasibətdə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 №-li Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin” Siyahında qeyd edilən neft və qaz hasilatı üzrə operator, neft, qaz və qaz kondensatı hasilat üzrə (neft-qaz mədənlərinə) sexlərin operativ istehsalat xidmətlərinin rəisləri və onların müavinləri peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 №-li Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin” Siyahının müvafiq bölməsində nəzərdə tutulması həmin bölmənin adları keçməmiş peşələrə münasibətdə tətbiq olunmasını istisna edən hal kimi təfsir oluna bilməz. Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 47-ci mаddəsinə əsаsən verilmiş məhkəmə sərəncamı ilə bağlı cаvаbdеh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı iddiаyа dаir еtirаzında bildirmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra Qanun) 9.1 -ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 7-ci maddəsinə əsasən 65 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Eyni zamanda, Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı əsasnaməsinə uyğun olaraq öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezdentinin fərmanlarını və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Əmək və X9 Nazirliyinin Əsasnaməsini və Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsini, Nazirliyin normativ-hüquqi aktlarını, əmək və əhalinin sosial müdafiəsi nazirinin əmr və sərəncamlarını, X15 qərarlarını, X15 sədrinin sərəncam və əmrlərini rəhbər tutur. Qanunun 9.1 -ci madddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.1.20-ci yarımbəndinə əsasən yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş müddəti şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair işəgötürənin bu məktuba əlavə olunmuş formada hazırlanmış arayışına əsasən müəyyən edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı pensiya təyin edən müvafiq quruma təqdim olunmalıdır. Bununla əlaqədar olaraq, iddiaçı tərəfindən zərərli əmək şəraitində işlədiyi dövrün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması, gördüyü iş, tutduğu vəzifə və malik olduğunuz peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi), işin konkret halları (tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) iş yerinin arayışında dəqiq göstərilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın neftin qazılıması və hasilatı, neft, qaz kondensatı, kömür va şistin emalı bölməsinin (10) neft, qaz və qaz kondensatının hasilatı bəndinin (10.2) fəhlələr yarimbəndində (a) neft və qaz hasilatı üzrə operatorlar, rəhbərlər və mütəxəssislər yarimbəndində (b) neft, qaz və qaz kondensatı hasilatı üzrə (neft-qaz mədənlərində) sexlərin operativ islehsalat xidmətlərinin rəisləri və onların müavinləri vəzifəsi nəzərdə tutulmuşdur. İddiaçının Mərkəzi Filiala təqdim etdiyi sənədlərdə qeyd olunan məlumatlara əsasən "BP Exploration" LTD-nin iddiaçıya dair xx.xx.2024-cü il tarixli arayışında xx.xx.1997- xx.xx.2002-ci il tarixləri arasındakı dövr ərzində sözügedən müəssisədə proses üzrə operator, xx.xx.2002-xx.xx.2017-ci il tarixləri arasındakı dövr ərzində hasilat üzrə supervayzer, xx.xx.2002-xx.xx.2003-cü il tarixləri arasındakı dövr ərzində əməliyyatlar üzrə Superintendentin köməkçisi, xx.xx.2003xx.xx.2008-ci il tarixləri arasındakı dövr ərzində əməliyyatlar üzrə məsləhətçi, xx.xx.2008xx.xx.2014-cü il tarixləri arasındakı dövr ərzində quruda sahə meneceri, xx.xx.2016xx.xx.2018-ci il tarixləri arasındakı dövr ərzində isə əməliyyatlar qrupunun rəhbəri vəzifələrində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi, iddiaçının işlədiyi proses üzrə operator vəzifəsi yuxarıda qeyd olunan neft və qaz hasilatı üzrə operatorlar vəzifəsinə, hasilat üzrə supervayzer, əməliyyatlar üzrə Superintendentin köməkçisi, əməliyyatlar üzrə məsləhətçi, quruda sahə meneceri, əməliyyatlar qrupunun rəhbəri vəzifələri isə neft, qaz və qaz kondensatı hasilatı üzrə (neft-qaz mədənlərində) sexlərin operativ islehsalat xidmətlərinin rəisləri və onların müavinləri vəzifələrinə uyğun deyildir. Göstərilən səbəblərdən də iddiaçının güzəştli iş stajı yoxdur. Qeyd olunanlar nəzərə alınmaqla iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün olmamışdır. Bundan əlavə Azərbaycan Respublikası Ali Məhkəməsinin 2020-ci il 18 noyabr tarixli icmal məktubunda məhkəmələrə izah olunmuşdur ki, iş yerindən əldə edilən sənəd məzmunca iddiaçının arayışda qeyd olunan işlərdə və müddətlərdə zərərli əmək şəraitində işləməsini müəyyən etməyə imkan verməli, ümumi ifadələrdən istifadə edilməməli, iddiaçının işlədiyi sahələr, peşələr və vəzifələrin müvafiq icra hakimiyyətinin təsdiq etdiyi siyahılarda təsbit olunmuş aidiyyəti kodlara uyğunluğu göstərilməlidir. Lakin onu da nəzərə almaq lazımdır ki, məhkəmələr iş yerindən təqdim edilmiş belə arayışı heç də həmişə birmənalı sübut kimi qəbul etməməlidir. Məhkəmə Azərbaycan Respublikası İPM-in 58.6-cı maddəsinə uyğun olaraq işə baxılarkən həmin arayışın məzmunu diqqətlə tədqiq edilməli və qiymətləndirməli, zərurət yaranarsa, sənədi vermiş müəssisədən əlavə məlumat, vəzifə təlimatları tələb edilməklə və ya digər müvafiq araşdırma aparılmaqla iddiaçının həqiqətən güzəştli şərtlə pensiyaya hüquq verən sahədə və peşədə işləyib-işləmədiyi mötəbər qaydada müəyyən etməlidir. Oxşar işlər üzrə artıq formalaşmış Ali Məhkəmənin mövqeyinə əsasən, məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğunluğu dəqiq göstərilməlidir. Bu halda, məhkəmə iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada, söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyinin müəyyən olunmasından gedir. Funksional vəzifənin (işin) eyniliyi isə iş yerindən və ya səlahiyyətli orqanlardan bu barədə əldə edilmiş vəzifə təlimatlarına əsasən müəyyən edilə bilər Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu sosial təminat hüququnun məzmununu dəfələrlə təhlil edərək qeyd etmişdir ki, Konstitusiyada təsbit olunmuş digər hüquqlarla (şəxsi, iqtisadi, siyasi və mədəni) bərabər, sosial hüquqların eyni qaydada qorunmasına və müdafiəsinə təminat verilməsinə baxmayaraq, həmin hüquqların təmin edilməsində və həyata keçiriliməsində bir sıra səciyyəvi xüsusiyyətlər mövcuddur. Belə ki, şəxsi və siyasi hüquqlardan fərqli olaraq sosial hüquqların səmərəli həyata keçirilməsi dövlətin bu hüquqları təmin edə biləcək maliyyə imkanları ilə bağlıdır. (Konstitusiya Məhkəməsinin Plenumunun “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1 -ci və 8.3-cü maddələrini Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair 1 dekabr 2010-cu il tarixli Qərarı). Lakin bütün hallarda pensiya təyin edilməsi və ödənilməsinin qanunverici tərəfindən tənzimlənməsi bərabərlik hüququna, o cümlədən Konstitusiyada normativ hüquqi aktların hüquqa və haqq-ədalətə (bərabər mənafelərə bərabər münasibətə) əsaslanmalı və Konstitusiyaya zidd olmaması tələblərinə uyğun həyata keçirilməlidir. Eyni zamanda Qərarda qeyd olunur ki, sosial təminat sahəsində münasibətlərin hüquqi tənzimlənməsi zamanı eyni hüquqi vəziyyətdə olan subyektlər arasında ayrı-seçkiliyə yol verilməsi belə tənzimləmənin bütün subyektlərə münasibətdə qüsurlu olmasına gətirib çıxara bilər. Beləliklə, iddiaçı güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün qanunla müəyyən olunmuş yaş həddinə çatmasına baxmayaraq, güzəştli sosial sığorta stajı olmadığından onun güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmır. Cavabdeh göstərilənlərə əsasən iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsində göstərilən məzmunda çıxış edərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia ərizəsinə dair etirazda göstərilən məzmunda çıxış edərək iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. ƏSASLANDİRMA HİSSƏSİ İddianın növü və mümkünlüyü Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 33.2-ci maddəsinə əsasən bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Həmin Məəcəllənin 35.1. -ci maddəsinə əsasənBu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Faktiki hallar və sübutlar. AA seriyalı ******* №-li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.1984-cü il təvəllüdlü X8 Azərbaycan Respublikası vətəndaşıdır. ИТ-İ seriyalı ******* nömrəli əmək kitabçasından görünür ki, Dövlət Elmi-Tədqiqat və Layihə İnstutuna işə qəbul olmazdan öncə əmək stajı 3 il 6 ay 12 gün təşkil edir (kolxozçunun əmək kitabçası). O, xx.xx.1983-xx.xx.1989-cu illərdə Lenin ordenli X6 tələbəsi olmuş, xx.xx.1989-xx.xx.1997-ci illərdə “Dövlətdəniznefqazlayihə” Dövlət Elmi- Tədqiqat və Layihə İnstitutunda mühəndis və layihəçi-mühəndis vəzifələrində işləmişdir. xx.xx.1997-ci ildə Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətində proses üzrə operator vəzifəsinə qəbul edilmişdir. xx.xx.1999-cu ildə Şirkətin təşkilati formasınının dəyişdirilməsi ilə əlaqədar olaraq BP Eksploreyşn (Kaspian Si) LTD Şikrətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinə keçirilir. xx.xx.1999-xx.xx.2024-ci illərdə BP Eksploreyşn (Kaspian Si) LTD Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyində proses üzrə operator, Hasilat üzrə Supervayzer, Əməliyyatlar üzrə Superinterdentin köməkçisi, əməliyyatlar üzrə məsləhətçi, sahə meneceri, menecer, əməliyyatlar qrupu rəhbəri, Nəqliyyat Parkının və X4 rəhbəri, İnfrastruktur qrupunun rəhbəri, Tullantıların İdarə olunması üzrə rəhbər vəzifələrində işləmişdir. xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyi “Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi” publik hüquqi şəxsin inzibati-təsərrüfat işləri üzrə direktor müavini vəzifəsinə təyin edilmişdir. BP Eksploreyşn (Kaspian Si) Ltf. Şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinin İnsanlar və Korporativ mədəniyyət üzrə xidmətlər bölməsi tərəfindən verilmiş “şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair” 20 iyun 2024cü il tarixli arayışdan görünür ki, İddiaçı Azərbaycan Respublikasının əmək pensiyaları qanunvericiliyinə uyğun olaraq, güzəştli şərtlə yaşa görə pensiya hüququ verən “Əməliyyatlar qrupunun rəhbəri (indiki Hasilat üzrə qrupun rəhbəri (neft, qaz və qaz kondensatıhasilatı üzrə sexin operativ istehsalat xidmətləri üzrə rəis müavini) vəzifə adına uyğundur))” vəzifəsində 21 aprel 1997-ci il tarixli müqavilə ilə 21 aprel 1997-ci il tarixdən bu günə qədər işləmişdir. İş yerinin adı Sənqəçal Terminal. Vəzifələr: - xx.xx.1997 xx.xx.2002 - Proses üzrə operator (indiki Hasilat üzrə texnik ( Neft və qaz hasilatı üzrə operator) vəzifə adına uyğundur)). - xx.xx.2002 - xx.xx.2002 - Hasilat üzrə supervayzer (indiki Hasilat üzrə qrupun rəhbəri (neft, qaz və qaz kondensatı hasilatı üzrə sexin operativ istehsalat xidmətləri üzrə rəis müavini) vəzifə adına uyğundur)). - xx.xx.2002 - xx.xx.2003 - Əməliyyatlar üzrə Superintendentin köməkçisi (indiki Hasilat üzrə qrupun rəhbəri (neft, qaz və qaz kondensatı hasilatı üzrə sexin operativ istehsalat xidmətləri üzrə rəis müavini) vəzifə adına uyğundur)). - xx.xx.2003 - xx.xx.2008 - Əməliyyatlar üzrə məsləhətçi (indiki Hasilat üzrə qrupun rəhbəri (neft, qaz və qaz kondensatı hasilatı üzrə sexin operativ istehsalat xidmətləri üzrə, rəis müavini) vəzifə adına uyğundur)). - xx.xx.2008 - xx.xx.2014 - Quruda sahə meneceri (indiki Əməliyyatlar üzrə sahə meneceri (neft, qaz və qaz kondensatı hasilatı üzrə sexin operativ istehsalat xidmətləri üzrə rəisi) vəzifə adına uyğundur)). - xx.xx.2016 - xx.xx.2018 - Əməliyyatlar qrupunun rəhbəri (indiki Hasilat üzrə qrupun rəhbəri (neft, qaz və qaz kondensatı hasilatı üzrə sexin operativ istehsalat xidmətləri üzrə rəis müavini) vəzifə adına uyğundur)). İşlədiyi vəzifə üzrə sosial sığorta (və ya iş) stajı 19 il 2 ay 11 gün (xx.xx.2018-ci il tarixində kimi hesablanmışdır) təşkil edir. İşlədiyi vəzifənin güzəştli pensiya hüququna əsas olan xüsusiyyətləri aşağıda göstərilənlərdən ibarət olmaqla, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahının 10.2(a) və (b) bəndində - (yarımbəndində) və (və ya) vəzifə kodunda müəyyən edilmiş sahənin və vəzifənin xüsusiyyətləri ilə eynidir.

1. Hasilat üzrə texnik – (Neft, qaz və qaz kondensatının hasilatı, qəbulu və saxlanması sahəsi vəziələrinə uyğundur) - Tutduğu vəzifə üzrə işləri Sangəçal Terminalında çətin şəraitində, açıq havada, küləkli, qeyri-sabit, isti və soyuq hava şəraitində növbə metodu ilə (gecə və gündüz vaxtında 12 saat istirahət, 12 saatlıq əmək şəraiti), yerinə yetirir. - Və metal boruların əhatəsində idarəetmə və elektron avadanlıqların, ölçü cihazlarının quraşdırılması, monitorinqin aparılması, sınaqdan çıxarılması, texniki xidmət və təmiri ilə məşqul olur. - Bundan başqa X10, X13 və Hava Kompresorlarında (hansı ki işlək vəziyyətdə səsin tezliyi 100 dB İ keçir və orda işləyən zaman iki qat qulaqcıqdan istifadə olunur) olan hissəsində olan müxtəlif növ siyirtmələrə, nəzarət ölçü cihazlarına (təzyiq, temperatur, səviyyə, sərf ölçən, sürət ölçən) qulluq cari və planlaşdırılmış təmiri, dəyişdirilməsi və monitorinqi aparır. - Neftin qazdan, sudan ayrılması processlərində istifadə olunan sobalarda qızdırılması, soyudulması, separatorlarda yenidən processlərin gedişində istifadə olunan bütün növ NOC (təzyiq, temperatur, səviyyə, sərf ölçən, radar, nucleonic səviyyə cihazları) qulluq cari və planlaşdırılmış təmiri, dəyişdirilməsi və monitorinqi eləcə də su və nefti bir yerdən başqa yerlərə ötürmək üçün istifadə edilən bütün növ motorların da qulluğu bura daxildir. - Təhlükəsiz, tələblərə uyğun, etibarlı əməliyyatlar həyata keçirərək BP şirkətinin Sağlamlıq, Əməyin Təhlükəsizliyi, Təhlükəsizlik və X11 (SƏTTƏM) və istismar sahəsi ilə bağlı gözləntilərinin yerinə yetirilməsini təmin edir. - Avadanlıqlar və texnoloji proseslərin monitorinqini apararaq onlara nəzarət edir və obyektdə əməliyyatların istismar haqqında Təlimatda/Prosedurlarda qeyd olunmuş parametrlər çərçivəsində qalmasını təmin edir və hər hansı kənaraçıxma haqqında sahə rəhbərliyinə məllumat verir. - Qurğu və avadanlıqların istismar göstəricilərini optimallaşdırır və avadanlıqların optimallaşdırılması üçün variantlar mövcud olduğu halda onların sahə rəhbərliyinin və Əməliyyatlara Dəstək (ƏD) qrupunun diqqətinə çatdırılmasını təmin edir. - Operativ işləri təhlükəsiz və effektli şəkildə icra edir. (Qeyd: cari iş rejimi, X12 (SİP), əsas müddəalara diqqət yetirilməsi və s.). - Əməliyyatların bütün təhlükəsizlik aspektlərinə riayət edir, tələblərə uyğunluqla bağlı hər hansı boşluqları müəyyənləşdirir və onları təsdiq edir. (Qeyd: TİP-lər, Dəyişikliklərin idarə olunması (DİO), X1 (ƏRQ), kənaraçıxma halları, bağlı vəziyyətdə saxlanılan/açıq vəziyyətdə saxlanılan siyirtmələr, sızmalar və dağılmalar, təhvil verilmələr və s. daxil olmaqla). - Vəzifə üçün bütün İşə Nəzarət tələblərinə tam riayət edir. (Qeyd: izolyasiyaları hazırlamaq və tətbiq etmək, monitorinq, bütövlük və işəsalmadan öncə yoxlamalar aparmaq, texnoloji prosesi tənzimləmək, texniki xidmətdən sonra bərpa işlərini icra etmək və s.) - Sahənin ciddi riskləri və davam edən əməliyyat riskləri ilə bağlı məlumatlılığı təmin edir və sahə rəhbərliyinə hər hansı yaranan risklər haqqında məlumat verir. - Davamlı Təkmilləşdirmə (DT) imkanlarını müəyyənləşdirir və zərurət yarandığı halda nasazlığın əsas səbəblərinin təhqiq olunması proseslərində iştirak edir. - Tələblərə uyğun olaraq iş prosedurlarını nəzərdən keçirərək qurğu və avadanlıqları istismar etmək üçün istifadə olunan prosedurların dəqiqliyini təmin edir. - Əməliyyatların planlaşdırılmasına, layihələrə və Dövri Texniki Xidmət (DTX) sənədlərinin hazırlanmasına operativ kömək göstərir və zərurət yarandığı halda təchizatçılara və qonaqlara dəstək verir.

2. Hasilat üzrə qrupun rəhbəri – (Neft, qaz və qaz kondensatının hasilatı, qəbulu və saxlanması sahəsi vəzifəsinə uyğundur) - Texnoloji proses və personalın təhlükəsizliyinin idarə olunması üçün hasilat qrupuna sahədə texniki təhlükəsizlik mədəniyyətinin təmin olunmasına rəhbərlik edir. - Hasilat qrupunu prosedurlara uyğun surətdə təşkil etməklə ciddi/dəqiq iş intizamına görə məsuliyyət daşıyır və riskə əsaslanan özünü yoxlama yolu ilə hər hansı boşluqları/nöqsanları başa düşür. (Qeyd: prosedura X12 (SİP), İşə Nəzarət, İşin idarə olunması və fəaliyyətin inteqrasiyası prosesləri daxildir). - Hasilat qrupuna gündəlik hasilatı planla müqayisədə təhlükəsiz şəkildə maksimuma çatdırmaq üçün rəhbərlik edir və hasilat itkilərinin başa düşülməsini təmin edir və sahənin həssaslıq dərəcəsinin müəyyənləşdirilməsi prosesində fəal iştirak edir. - Daha geniş strategiyaların həyata keçirilməsi üçün operativ planların işlənib hazırlanmasına kömək göstərir, zərurət yarandığı halda operativ məsələlər və məhdudiyyətlərin fəal surətdə idarə olunmasını təmin etmək üçün texniki təcrübə təklif edir. - Qurğunun hazırlanması qrafiki və sahə məhdudiyyətləri nəzərə alınmaqla əməliyyatların sahənin inteqrasiya olunmuş qrafikinə daxil edilməsinə görə məsuliyyət daşıyır. - Əməliyyatlara dair iş proqramının, o cümlədən başqa subfunksiya həcmləri üçün işlərə imkan yaradan əməliyyatların icra olunmasına görə məsuliyyət daşıyır. (Qeyd: 2 həftəlik əsas kriteriyalar üçün İşə Nəzarətə hazırlıq tələbləri daxil olmaqla). - İş riskinin effektli şəkildə müəyyənləşdirilməsinə görə məsuliyyət daşıyır və riskin qarşısının alınması və azaldılması mexanizmlərinin həyata keçirilməsini təmin edir və onların tətbiq olunmasına zəmanət verir. - Özünün birbaşa tabeçiliyində çalışan qrupu idarə edir və ona hamilik edir, uğur qazanmaq üçün müvafiq davranış qaydalarına riayət olunmasını və eləcə də davamlı təkmilləşmə mədəniyyətinə nail olunmasını təmin edir. İmkanlar ilə bağlı çatışmazlıqları müəyyənləşdirir, çatışmazlıqların aradan qaldırılması planlarını hazırlayıb tətbiq edir, sahənin Hasilat Qrupunun təşkilatçılıq səriştəsinin və mövcud vasitələrdən məs: X5 Təminat Sistemi, İşə Nəzarət ilə bağlı təlim və qiymətləndirmə və s-dən istifadə edərək təsdiq olunmuş fəaliyyət planlarını təhlükəsiz icra etmək qabiliyyətinin inkişaf etdirilməsinə görə məsuliyyət daşıyır.

3. Peşənin adı: Əməliyyatlar üzrə sahə meneceri (Neft, qaz və qaz kondensatının hasilatı, qəbulu və saxlanması sahəsi vəzifələrinə uyğundur): - Vəzifə təlimatları: - Sahədəki qrupların ümumi fəaliyyətləri səmərəli şəkildə icrasına və risklərin idarə edilməsinə rəhbərlik vasitəsi ilə əməliyyatların təhlükəsiz, səmərəli və tələblərə uyğun şəkildə yerinə yetirilməsi üçün sahədə yerləşən qrupların gündəlik fəaliyyətini idarə edir və onların prioritetlərini müəyyənləşdirir. - Kəşfiyyat və Hasilat bölümünün İnə Nəzarət (İN) prosedurunun icrası yolu ilə BP tərəfindən idarə ediən sahələrdə işlərin təhlükəsiz icrasına görə cavabdehdir. - Sahədə işi idarəetmə proseduruna riayət edilməsinə görə cavabdehdir (Qeyd: Kompleks plan-qrafikdə yüksək prioritetə malik/yeni yaranan işlərin daxil edilməsinə və icra qrafikinə təsirinə görə xüsusi məsuliyyət daşıyır). - Sahədə fəaliyyətin inteqrasiyası proseduruna riayət olunmasına görə cavabdehdir (Qeyd: Sahədəki məhdudiyyətlərə görə 6 həftəlik və daha az kompleks qrafikin razılaşdırılmasına, işin icrasına operativ hazırlığın və yerinə yetirilən fəaliyyətlərin icra göstəricilərinin idarə olunmasına görə vahid məsul şəxsdir.) - Riskin fəal şəkildə müəyyənləşdirilməsinə və operativ, şəxsi və texnoloji təhlükəsizlik risklərinin idarə olunmasına rəhbərlik edir. (Qeyd: Sahədə riskin reyestrinin aparılmasında Əməliyyatlara Dəstək üzrə Qrup Rəhbəri (ƏDQR) ilə əməkdaşlıq edir). - Zəif cəhətlərin və itkilərin müəyyənləşdirilməsi və idarə edilməsi də daxil olmaqla, plan ilə müqayisədə istismar göstəricilərini idarə edir. - Sahədə qəzalara hazırlıq da daxil olmaqla, fəaliyyətləri təhlükəsiz yerinə yetirmək üçün təşkilatı səriştə və imkanları idarə edir. - Davamlı inkişaf mədəniyyəti də daxil olmaqla, müvəffəqiyyətə nail olmaq üçün müvafiq davranışları təmin edərək birbaşa tabe olan qrupu idarə edir və onlara təlim keçir. Funksional nəticələrə nail olmaq istəyənlərin iş icra göstəriciləri üçün funksional məlumatları təmin edir. İmkanlardakı boşluqları müəyyənlşdirir və onların aradan qaldırılması üçün planlar tərtib edir. - İstismar ilə əlaqədar məsələlərin və məhdudiyyətlərin fəal şəkildə idarə olunmasını təmin etmək üçün lazım olan hallarda texniki təcrübəsini təklif edərək daha geniş strategiyaların icrası üçün operativ planların işlənib hazırlanmasına yardım edir. - X2 (ƏİS) tələbləri, o cümlədən, özünüyoxlama, davamlı inkişaf və müqavilə öhdəlikləri (tətbiq edilərsə) vasitəsi ilə quraşdırma üçün biznes idarəetmə prosesini təmin edir. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş BP Eksploreyşn LTD tərəfindən verilmiş xx.xx.2025-vi il tarixli arayışlardan görünür ki, İddiaçı xx.xx.1997-ci il tarixdən xx.xx.2024-cü ilədək BP Eksploreyşn (Kaspian Si) Ltf. Şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyində çalışmışdır. 1997-ci ildən 2006-cı ilədək İddiaçı ödənilmiş əməkhaqqılar, tutulmuş gəlir vergiləri və DSMF ödənişləri məhkəməyə təqdim edilmişdir. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2024-cü il tarixli 3-17-1/2-Ə- 201537/2024 nömrəli “güzəştli şərtlərlə pensiya təyinatından imtina haqqında” məktubda bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür vaşistin emalı bölməsinin (10) neft, qaz və qaz kondensatının hasilatı bəndinin (10.2) fəhlələr yarimbəndində (a) neft və qaz hasilatı üzrə operatorlar, rəhbərlər və mütəxəssislər yarımbəndində (b) neft, qaz və qaz kondensatı hasilatı üzrə (neft-qaz mədənlərində) sexlərin operativ islehsalat xidmətlərinin rəisləri və onların müavinləri vəzifəsi nəzərdə tutulub. Mərkəzi Filiala təqdim etdiyi “BP Exploration" LTD-nin ona dair xx.xx.2024-cü il tarixli arayışında xx.xx.1997-xx.xx.2002-ci il tarixləri arasındakı dövr ərzində sözügedən müəssisədə proses üzrə operator, xx.xx.2002xx.xx.2017-ci il tarixləri arasındakı dövr ərzində hasilat üzrə supervayzer, xx.xx.2002xx.xx.2003-cü il tarixləri arasındakı dövr ərzində əməliyyatlar üzrə Superintendentin köməkçisi, xx.xx.2003-xx.xx.2008-ci il tarixləri arasındakı dövr ərzində əməliyyatlar üzrə məsləhətçi, xx.xx.2008-xx.xx.2014-cü il tarixləri arasındakı dövr ərzində quruda sahə meneceri, xx.xx.2016-xx.xx.2018-ci il tarixləri arasındakı dövr ərzində isə əməliyyatlar qrupunun rəhbəri vəzifələrində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi, işlədiyi proses üzrə operator vəzifəsi yuxarıda qeyd olunan neft və qaz hasilatı üzrə operatorlar vəzifəsinə, hasilat üzrə supervayzer, əməliyyatlar üzrə Superintendentin köməkçisi, əməliyyatlar üzrə məsləhətçi, quruda sahə meneceri, əməliyyatlar qrupunun rəhbəri vəzifələri isə neft, qaz və qaz kondensatı hasilatı üzrə (neft-qaz mədənlərində) sexlərin operativ islehsalat xidmətlərinin rəisləri və onların müavinləri vəzifələrinə uyğun deyil. Göstərilən səbəblərdən də onun güzəştli iş stajı yoxdur. Qeyd olunanları nəzərə alaraq, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir.

Tətbiq edilən hüquq.

“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən: Maddə 1. Əsas anlayışlar 1.0.2. sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Maddə 7. Yaşa görə əmək pensiyasının təyin edilməsi şərtləri. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır Maddə 9. Güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslər. 9.1. Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Maddə 21. Sığorta stajına daxil edilən iş və ya digər fəaliyyət müddətləri. 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. 21.2. Sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, aşağıdakı müddətlər daxil edilir: 21.2.1. işçinin işəgötürən tərəfindən hesablanmış əməkhaqqına məcburi dövlət sosial sığorta haqqı ödənilən hər hansı işinin müddəti; 21.2.3. müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət müddəti. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı"na əsasən: Bölmə 10. Neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür va şistin emalı 10.2. Neft, qaz və qaz kondensatının hasilatı, qəbulu və saxlanması sahəsi a) fəhlələr neft və qaz hasilatı üzrə operatorlar b) rəhbərlər və mütəxəssislər: neft, qaz və qaz kondensatı hasilatı üzrə (neft-qaz mədənlərində) sexlərin operativ islehsalat xidmətlərinin rəisləri və onların müavinləri

Məhkəmənin mövqeyi:

Məhkəmə iş materiallarını araşdıraraq, iddianının nümayəndəsi və vəkilinin və cavabdehin nümayəndəsinin izahatlarını dinləyərək, hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. “Əmək pensiyaları haqqında” Qanun yuxarıda qeyd olunan tələblərinə görə əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun yaranmasını üç xüsusatla şərtləndirir: 1) iddiaçının müvafiq (qanunla müəyyən edilmiş) yaş həddinə, yəni 60 yaşa çatması; 2) həmin vaxtadək 25 ildən artıq ümumi iş stajının toplanması; 3) həmin vaxtadək toplanmış ümumi iş stajının 12 il 06 ayının əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (AR NK-nın 12 nömrəli 23 yanvar 2007-ci il tarixli qərarı ilə təsdiqlənmiş Siyahıda göstərilən) işlərdə çalışması. Göründüyü kimi, iddiaçıya 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün onun 60 yaşının tamam olduğu xx.xx.2024-cü il tarixədək 25 il ümumi, 12 il 6 ay güzəştli stajının tamam olması və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verəcək həddə olması gərəkdir. Yaşa görə güzəştli şərtlərlə əmək pensiyasının təyin olunması üçün qanunvericilikdə nəzərdə tutulmuş yaş həddi ilə bağlı şərt iddiaçı tərəfindən ödənilmişdir. Belə ki, işin faktiki hallarından da göründüyü kimi, xx.xx.1964-cü il təvəllüdlü iddiaçının xx.xx.2024-cü il tarixində, yəni 60 yaşında pensiya yaşına çatması işin mübahisəsiz hallarına aiddir. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş əmək kitabçasından görünür ki, iddiaçının ümumi stajı 25 ildən çoxdur və bu hal cavabdeh inzibati orqan tərəfindən mübahisəli hal kimi qeyd edilməmişdir İddiaçıya yaşa görə pensiyanın təyin edilməsi ilə bağlı cavabdeh tərəfindən mübahisələndirilən hal ondan ibarətdir ki, iddiaçının işlədiyi proses üzrə operator vəzifəsi müvafiq sıyahıda qeyd olunan neft və qaz hasilatı üzrə operatorlar vəzifəsinə, hasilat üzrə supervayzer, əməliyyatlar üzrə superintendentin köməkçisi, əməliyyatlar üzrə məsləhətçi, quruda sahə meneceri, əməliyyatlar qrupunun rəhbəri vəzifələri isə neft, qaz və qaz kondensatı hasilatı üzrə (neft-qaz mədənlərində) sexlərin operativ islehsalat xidmətlərinin rəisləri və onların müavinləri vəzifələrinə uyğun deyil, belə olan halda iddiaçının güzəştli iş stajı yoxdur. Məhkəmə iddiaçının güzəştli iş stajı ilə bağlı şərtin ödənilib-ödənilməməsinə münasibət bildirərək qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”na əsasən, müraciət edən şəxs “Əmək pensiyaları haqqında” Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışını təqdim etməlidir. Yəni, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən qanunvericiliyin göstərilən normalarına uyğun olaraq iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır. Bu arayışın təyinatı, şəxsin işlədiyi peşənin və istehsalat sahəsinin sözügedən siyahılarda nəzərdə tutulmuş zərərli istehsalat sahələri və ya peşələrlə uyğunluğunu dürüstləşdirməkdir. Bu arayışın məzmunu sadəcə, şəxsin çalışdığı peşənin və istehsalat sahəsinin siyahıda göstərilən hər hansı bölməyə aid olmasından ibarət olmalı deyil, işçinin gördüyü işin siyahılara uyğunluğunu müəyyən etmək üçün nəticəyə gəlməyə əsas verən zəruri qiymətləndirici istehsalat-texnoloji məlumatları, eyniləşdirmə üçün zəruri olan meyar əlamətlərini əks etdirməli, əsaslandırılmış olmalıdır. Şərh olunan normaların məzmunundan da müəyyən olunur ki, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunmaq iddiasında olan şəxsin işlədiyi peşənin və istehsalat sahəsinin sözügedən siyahılarda nəzərdə tutulmuş zərərli istehsalat sahələri və ya peşələrlə uyğunluğu barədə işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) tələb edilməlidir. Hazırki iş üzrə iş materiallarına əlavə edilmiş iddiaçının işlədiyi müəssisə tərəfindən verilmiş arayışda iddiaçının həmin müəssidə işlədiyi işlərin, peşələrin və vəzifələrin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı"nda qeyd edilən hansı peşə və vəzifələrə eynilik təşkil etməsi və uyğun olması qeyd edilmişdir. İddiaçının işlədiyi vəzifələrin və işlərin vəzifə təlimatlarına əsaslanaraq onların müvafiq siyahıdakı zərərli vəzifələrə uyğunluğu müəssisə tərəfindən təsdiq edilmişdir. Məhkəmə cavabdehin imtina məktubunda göstərdiyi əsasa münasibətdə bildirir ki, iddiaçı 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiya hüququnun qazanılması üçün ümumi və güzəştli iş stajı ilə bağlı şərti də ödəmişdir. İPM-nin 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 73.1-ci maddəsinin tələbinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. İş materiallarından görünür ki, hazırkı iş üzrə iddiaçı arzuladığı inzibati aktın qəbulunu konkret halda zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilmiş, cavabdeh inzibati orqan isə iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu ilə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmamış, cavabdehin imtinası qanunauyğun olmamışdır. İmtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır. Odur ki, cavabdehin imtinası əsassız olmuşdur. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı 60 yaşı tamam olduğu xx.xx.2024-cü il tarixdən güzəştli şərtlərlə pensiya təyin olunması vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməlidir. Azərbaycan Respublikasının İPM-nin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə, işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə – tərəflər; dövlət rüsumu ödəməkdən azad olunurlar.

NƏTİCƏVİ HİSSƏ

Yuxarıda göstərilənlərə əsasən və İPM-nin 2, 33, 68, 69, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ:

İddia tələbi təmin edilsin. İddiaçı 60 yaşı tamam olduğu xx.xx.2024-cü il tarixdən güzəştli şərtlərlə pensiya təyin olunması vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan şikayət qərarın tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı şəhəri, Z.Xəlilov, 540-cı məhəllə ünvanda yerləşən Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına Bakı İnzibati Məhkəməsi vasitəsilə verilə bilər.

Hakim Miminat Hacıbəyova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar