Məhkəmə qərarları › İş №e-2-1(112)-10282/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-10282/2025

06.08.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-10282/2025 06.08.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “pensiyanın yenidən hesablnması barədə qərarın ləğv edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, Həsənov İlkin Mürşüd oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “pensiyanın yenidən hesablnması barədə qərarın ləğv edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 6 avqust 2025-ci il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Dövlət Gömrük Komitəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək gömrük orqanlarında xidmətdən pensiyaya çıxdığı dövrə təminat xərcliyi kimi hesablanmış 6680.14 manat məbləğində aylıq gəlirinin üzərinə 1206.5 manat məbləğin əlavə edilərək pensiya məbləğinin yenidən hesablanması üçün müvafiq məlumat vərəqəsinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə X4 Filialına göndərilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin e-2(112)-7469/2024-cü il nömrəli, xx.xx.2024-cü il tarixli qərarı ilə, iddia tələbi təmin edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiasının 2-1(103)-4012/2024 nömrəli, xx.xx.2024-cü il tarixli Qərarı ilə, cavabdehin apellyasiya şikayəti təmin edilməmiş və Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(112)-7469/2024-cü saylı qərarı dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiasının 2-1(103)-4012/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarından kassasiya şikayəti verilməmiş və qərar qanuni qüvvəsini almışdır. Məhkəmə qərarı icra olunmuş və Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi tərəfindən Dövlət Gömrük Komitəsinin sabiq əməkdaşı İddiaçı pensiya məbləğinin yenidən hesablanması üçün yeni məlumat vərəqi tərtib edilərək Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə X4 Filialına göndərilmişdir. Dövlət Gömrük Komitəsi tərəfindən tərtib edilərək cavabdehə göndərilən ***-**** nömrəli Məlumat Vərəqəsinə əsasən, vəzifəsi: Komtənin Əməliyyat-İstintaq Baş İdarəsi, Baş İdarə rəsinin müavini, hərbi rütbəsi: GXP(250) olan xx.xx.1973-cü il təvəllüdlü İddiaçı ali təhsil: 2 il; təqvim üzrə xidmət illəri - 23 il 9 ay 1 gün; cəmi iş stajı və xidmət illəri: 25 il 9 ay 1 gün; ehtiyata buraxıldığı tarix – xx.xx.2022-ci il, Ehtiyata buraxılması üçün götürülmüş qanun və maddəsi “GOXH” Əsənamənin 120-ci maddəsinin 3-cü bəndi, pensiyaya çıxmaq hüququ verən xidmət illəri; vəzifə maaşı – 1270.00; rütbə maaşı – GXP 159.00; Xidmət illərinə görə əlavə - 30%, 428.7 manat; ərzaq payı: 32 manat, digər növ əlavələr – vəzifə maaşına əlavə 20% 254 manat; digər növ əlavələr – büdcə fondun vəsaiti hesabına aldığı vəzifə maaşına əlavə 4536.44 manat; digər növ əlavər – pül mükafatı 1206.5; cəmi təminat xərcliyi– 7886.64 manat qeyd edilmişdir. İddiaçı xx.xx.2025-ci il tarixdə ərizə ilə cavabdehə müraciət edərək Mərkəzə daxil olmuş yeni məlumat vərəqinə əsasən yaşa görə pensiyasının yenidən hesablanmasını xahiş etmişdir. Cavabdehin xx.xx.2025-ci il tarixli Əmək pensiyasının hesablanması haqqında məktubunda bildirilmişdir ki, “…"Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonar - Qanun) 1.0.5-ci maddəsinə əsasən, təminat xərcliyi hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə (sərəncamdan ehtiyata və ya istefaya buraxılarkən sərəncama götürüldüyü günə) aldıqları miqdarda aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla), artımlardan ibarət olan məbləğdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 avqust 2007-ci il tarixli 135 nömrəli Qərarı ilə təsdiq edilmiş "Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları”nın 2-ci hissəsinin ikinci cümləsinə əsasən hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin təminat xərcliyi (pul təminatı) həmin şəxslərin qulluq etdiyi orqanlar tərəfindən "Əmək pensiyaları haqqında” Qanunun 1.0.5-ci maddəsinə uyğun olaraq hesablanır. "Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 10.2-ci maddəsinə əsasən, hərbi qulluqçulara təminat xərcliyi verilməsinin qaydası və bu xərcliyin normalarının dəyişdirilməsi Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən olunur. Eyni zamanda bildiririk ki, sizə dair Mərkəzi Filiala təqdim edilmiş məlumat vərəqinə əsasən 30 avqust 2022-ci il tarixindən müvafiq təminat xərcliyinizə uyğun olaraq hərbi qulluqçu (xüsusi rütbəli şəxs) kimi əmək pensiyası təyin edilərək ödənilir. Əlavə olaraq bildiririk ki, Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli e- 2-1(112)-7469/2024 nömrəli qərarında Mərkəzi Filialın üzərinə hər hansı öhdəlik qoyulmayıb. Qeyd olunanları nəzərə alaraq, məlumat vərəqənizdə göstərilən pul mükafatı qismində 1206,50 manat vəsait Qanunun 1.0.5-ci maddəsində nəzərdə tutulan aylıq ödənclərdən deyil, digər ödəniş olduğundan həmin vəsaitin təminat xərcliyinin tərkibinə daxil edilərək əmək pensiyanızın yenidən hesablanması qanunvericiliyin tələblərinə uyğun deyil.” İddia tələbi, iddiaçının əsaslandırması, cavabdehin etirazı və digər prosessual hərəkətlər: İddiaçı cavabdehə qarşı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı İnzibati Məhkəməsinin qanuni qüvvəyə minmiş xx.xx.2024-cü il tarixli e-2-1(112)- 7469/2024 nömrəli qərarı əsasında Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən 7886,64 AZN məbləğində təminat xərcliyinə dair hazırlanaraq Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına təqdim edilmiş yeni məlumat vərəqəsinin cavabdeh tərəfindən qəbul edilməsindən imtina edilməsinin qanunsuz hesab edilməsi və onun əmək pensiyasının 7886,64 AZN məbləğində təminat xərcliyinə uyğun yenidən hesablanaraq ödənilməsi öhdəliyinin cavabdeh inzibati orqanın üzərinə qoyulmasına barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşin yuxarıda sadalanan faktiki hallarına istinad edərək iddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh inzibati orqanın imtinasının qanunsuz, tələbinin isə əsaslı olmasına dair dəlillərini aşağıdakı qaydada təqdim edir: Xidmət illərinə dair: 1999-cu ilin sentyabr ayından 2022-ci ilin avqust ayının 29-dək Dövlət Gömrük Komitəsinin müxtəlif struktur bölmələrində xidmət edərək sonuncu iş yeri Əməliyyat- İstintaq Baş İdarəsinin rəis müavini vəzifəsi olmuşdur. Gömrük xidməti polkovniki xüsusi rütbəsi vardır. Xidmət etdiyi dövrdə Dövlət Gömrük Komitəsinin müxtəlif medal və döş nişanları ilə, həmçinin “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunun 24.2-ci maddəsinə əsasən Azərbaycan Respublikası Prezidentinin xx.xx.2014-cü il tarixli Sərəncamı ilə «Dövlət qulluğunda fərqlənməyə görə» medalı ilə, xx.xx.2017-ci il tarixli Sərəncamı ilə isə “Əməkdar hüquqşünas” Fəxri adı ilə təltif olunmuşdur. Beləliklə, 1999-cu ilin sentyabr ayından 2022-ci ilin avqust ayının 29-dək gömrük orqanında dövlət qulluğunun xüsusi növündə xidmət illərim 23 il 9 ay 1 gün təşkil etmişdir. xx.xx.2022-ci il tarixdə ərizə ilə Dövlət Gömrük Komitəsi Sədrinə müraciət etmiş və bununla bağlı elə həmin tarixdə, 1000/554ş nömrəli müvafiq əmr imzalanaraq Komitənin aidiyyəti struktur bölmələrinə əmrdən irəli gələn məsələlərin həlli məqsədilə müvafiq tapşırıqlar verilmiş və buna müvafiq olaraq Dövlət Gömrük Komitəsi tərəfindən təminat xərcliyinə dair müvafiq məlumat vərəqəsi hazırlanaraq Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına göndərilmiş və mənə 4068 AZN məbləğində pensiya təyin edilmişdir. Xidmətdən azad olunduqdan sonra tərəfindən müəyyən edilmişdir ki, Dövlət Gömrük Komitəsinin Maliyyə və Təchizat İdarəsi tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları”nın təsdiq edilməsi haqqında 27 avqust 2007-ci il tarixli 135 nömrəli Qərarına əsasən 2022-ci ilin iyul ayında tərəfindən əldə olunmuş gəlirlə bağlı “Əmək pensiyası təminatı üçün hərbi (xüsusi) rütbəli şəxs haqqında təqdim olunan” 88/2022 nömrəli məlumat vərəqəsi hazırlanaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına göndərilmiş və həmin məlumat vərəqəsində onun vəzifə maaşı, rütbə maaşı, xidmət illərinə görə əlavə, ərzaq payı, digər növ əlavələr kimi (60%) gəlirlər göstərilsə də, faktiki olaraq tərəfindən həmin ay ərzində (pensiyanın hesablanması üçün əsas götürülmüş 2022-ci ilin iyul ayı) əldə edilmiş 1206.5 manat məbləğində gəlir göstərilməmiş və sözügedən məlumat vərəqəsinin tərtibi zamanı da nəzərə alınmamışdır. 2022-ci ilin iyul ayında Dövlət Gömrük Komitəsinin 1000/483ş nömrəli xx.xx.2022-ci il tarixli “Qurban bayramı münasibətilə pul mükafatının verilməsi haqqında” Əmrinə əsasən 07 iyul 2022-ci il tarixdə 1 fbir) aylıq vəzifə maaşı həcmində manat məbləğində pul mükafatı əmək haqqı kartına mədaxil edilmiş və bu gəliris müvafiq bank hesabı çıxarışı ilə təsdiq olunmuşdur. Sözügedən 1000/483ş nömrəli xx.xx.2022-ci il tarixli “Qurban bayramı münasibətilə pul mükafatının. verilməsi haqqında” Əmrdə qeyd olunmuşdur: “Gömrük orqanlarında xidmət haqqında ”Əsasnamənin 95-ci maddəsini, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 157-ci maddəsinin ikinci hissəsini, “Dövlət qulluqçularının mükafatlandırılmasının növləri və qaydaları haqqında Əsasnamə”nin 4-cü bəndini və “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi haqqında Əsasnamə”nin 5.6.18-ci yarımbəndini rəhbər tutaraq Əmr edir: Dövlət Gömrük Komitəsinin aparatı və Komitə sisteminə daxil olan qurumlarının əməkdaşlarına (barələrində intizam tənbehi tədbirləri tətbiq olunan əməkdaşlar istisna olmaqla) büdcə vəsaiti hesabına bir aylıq vəzifə maaşı həcmində pul mükafatı verilsin. Maliyyə və Təchizat İdarəsinə və Komitə sisteminə daxil olan qurumların rəhbərlərinə tapşırılsın ki, bu əmrdən irəli gələn məsələləri həll etsinlər. X2 İdarəsi əmrin aidiyyəti üzrə göndərilməsini təmin etsin. ” Göründüyü kimi yuxanda qeyd olunan bir aylıq vəzifə maaşı həcmində mükafat məbləğinin ödənilməsi büdcədənkənar vəsaitlər hesabına olmamış, əksinə büdcə vəsaiti hesabına həyata keçirilmişdir. Bu səbəbdən də, Dövlət Gömrük Komitəsinə ərizə ilə müraciət edərək gömrük orqanlarında xidmət etdiyim dövr ərzində hesablanmış 6680.14 manat təminat xərcliyi məbləğinin üzərinə vəzifə maaşından hesablanan digər əlavə gəliri kimi 1206.5 manat məbləğin də əlavə edilərək pensiya məbləğinin yenidən hesablanması üçün müvafiq məlumat vərəqəsinin həmin iş üzrə 3-cü şəxs olan Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına göndərilməsini xahiş etmiş, DGK tərəfindən xahişinə imtina verilmişdir. Bundan sonra Bakı İnzibati Məhkəməsində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə qarşı iddia qaldıraraq: Onun gömrük orqanlarında xidmətdən pensiyaya çıxdığı dövrə təminat xərcliyi kimi hesablanmış 6680.14 manat məbləğində aylıq gəlirimin üzərinə 1206.5 manat məbləğin əlavə edilərək pensiya məbləğimin yenidən hesablanması üçün müvafiq məlumat vərəqəsinin 3-cü şəxs Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına göndərilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı inzibati Məhkəməsinin hakimi Aygün Əhədovanm sədrliyi ilə 23.05. 2024-cü il tarixdə keçirilən məhkəmə hazırlıq iclası zamanı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının 3-cü şəxs kimi cəlb edilməsindən e-2-l(l 12)- 7469/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərardadı ilə imtina edilərək bildirilmişdir ki, “İş üzrə qəbul ediləcək qərarın Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının hüquqlar ma müdaxilə etmədən qəbul edilməsinin mümkün olmaması iş üzrə müəyyən edilmir. İddiaçı da bu halın əksini sübut edən hər hansı bir sənədi və ya əsaslandırmanı məhkəməyə təqdim etməmişdir. Bundan əlavə qeyd edilməlidir ki, zərurət olduğu təqdirdə iddiaçının pensiya təyinatı ilə bağlı mübahisənin həllində əhəmiyyət kəsb edən halların aydınlaşdırılması məqsədilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müvafiq sorğu göndərilməsi olduğu halda, sonuncunun əlavə olaraq üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilməsinə zərurət yoxdur,” Sözügedən məhkəmə araşdırması zamanı işin mübahisəsiz müəyyən edilən hallarından göründüyü kimi: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin xx.xx.2022-ci il tarixli, 1000/483ş nömrəli əmrində “Qurban” bayramı münasibətilə pul mükafatının verilməsi haqqında “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin 95-ci maddəsini, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 157-ci maddəsinin ikinci hissəsini, “Dövlət qulluqçularının mükafatlandırılmasınm növləri və qaydaları haqqında Əsasnamə"nin 4-cü bəndini və “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi haqqında Əsasnamə"nin 5.6.18-ci yarımbəndini rəhbər tutularaq Dövlət Gömrük Komitəsinin aparatı və Komitə sisteminə daxil olan qurumlarının əməkdaşlarına (barələrində intizam tənbehi tədbirləri tətbiq olunan əməkdaşlar istisna olmaqla) büdcə vəsaiti hesabına bir aylıq vəzifə maaşı həcmində pul mükafatı verilməsi qərara alınmışdır. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin xx.xx.2024-cü il tarixli 3-33/2-009182/2024 nömrəli məktubunda qeyd edilmişdir ki, Dövlət Gömrük Komitəsinin 4 iyul 2022-ci il 1000/483ş nömrəli əmrinə əsasən əməkdaşlara büdcə vəsaiti hesabına 1 aylıq vəzifə maaşı həcmində pul mükafatı hesablanıb ödənilmişdir. "Sosial sığorta haqqında" Qanunun 15-ci maddəsinə əsasən iddiaçıya ödənilmiş pul mükafatı məcburi dövlət sosial sığorta haqqına cəlb olunmuşdur. "Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin 93-cü maddəsinə əsasən mükafat qanunvericilikdə nəzərdə tutulan digər əlavələrə aid edilmir. İddiaçı xidmətdən azad edildiyi günədək aldığı əmək haqqı barədə məlumatdan görünür ki, vəzifə maaşı 1270,00 manat; vəzifə maaşına əlavə 20%; vəzifə maaşına əlavə 254,00 manat; rütbə maaşı 159,00 manat; xidmət illərinə görə əlavə 30%; xidmət illərinə görə əlavə 428,70 manat; ərzaq pulu 32,00 manat; büdcə fondun vəsaiti hesabına aldığı vəzifə 60% əlavə 4536,44 manat; cəmi 6680,14 təşkil etmişdir. Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 7 fevral tarixli 194 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət qulluqçularına əmək pensiyasının təyin edilməsi üçün dövlət məvacibinin hesablanması” Qaydalarının: l. Bu Qaydalar əmək pensiyası təyin edilməsi üçün dövlət məvacibinin hesablanmasını tənzimləyir. əmək pensiyasının təyin edilməsi üçün dövlət məvacibi dövlət qulluqçusunun pensiya təyinatı tarixinədək sonuncu artımlar nəzərə alınmaqla, müvafiq vəzifədə aldığı vəzifə maaşının, məcburi dövlət sosial sığortasına cəlb olunan mükafatların, ixtisas dərəcəsinə, qulluq stajına görə əlavələrin və Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilən digər pul ödənişlərinin məbləği əsasında bu Qaydaların 3-12-ci bəndlərinə müvafiq olaraq hesablanır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.05 və 20.14-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 may 2020-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “(....) Təminat xərcliyi gəlir növü kimi, “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən, məcburi dövlət sosial sığorta haqqı hesablanan gəlir növlərinə aiddir. -“Əmək pensiyaları haqqında” Qanunun 1.0.2-ci maddəsində müəyyən edilmişdir ki, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanlarına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Hazırkı iş üzrə cavabdeh inzibati orqanın mənə ünvanladığı cavab məktubunda mənə pensiyanın ödənilməsinin dayandırılmasının əsası kimi göstərilir: “Bildiririk ki, “Əməkpensiyaları haqqında ” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 1.0.5-ci maddəsinə əsasən, təminat xərcliyi hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə (sərəncamdan ehtiyata və ya istefaya buraxılarkən sərəncama götürüldüyü günə) aldıqları miqdarda aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla), artımlardan ibarət olan məbləğdir. Əlavə olaraq bildiririk ki, Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-1(112)-7469/2024 nömrəli qərarında Mərkəzi Filialın üzərinə hər hansı öhdəlik qoyulmayıb. Qeyd olunanları nəzərə alaraq, məlumat vərəqənizdə göstərilən pul mükafatı qismində 1206,50 manat vəsait Qanunun 1.0.5-ci maddəsində nəzərdə tutulan aylıq ödənclərdən deyil, digər ödəniş olduğundan həmin vəsaitin təminat xərcliyinin tərkibinə daxil edilərək əmək pensiyanızın yenidən hesablanması qanunvericiliyin tələblərinə uyğun deyil. ” Hesab edir ki, cavabdeh inzibati orqanın mənə ünvanladığı cavab məktubunda “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.5-ci maddəsinə istinadən göstərdiyi xüsusatların qanuna uyğun olmamasına dair mövqeyi əsassız və qanunsuzdur. Cavabdeh iddia tələbinə yazılı etiraz təqdim edərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.2025-ci il tarixdə ərizə ilə müraciət edərək xx.xx.2025-ci il tarixdə Mərkəzi Filiala daxil olmuş yeni məlumat vərəqəsinə əsasən pensiyanın yenidən hesablanmasını xahiş etmişdir. Lakin müraciəti müsbət həll etmək mümkün olmamışdır. Bundan narazı qalan İddiaçı tərəfindən məhkəməyə iddia ərizəsi ünvanlanmışdır. İddia ərizəsində Bakı İnzibati Məhkəməsinin qanuni qüvvəyə minmiş xx.xx.2024-cü il tarixli e-2-1(112)-7469/2024 nömrəli qərarı əsasında Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına təqdim edilmiş 7886,64 AZN məbləğində təminat xərcliyinə dair yeni məlumat vərəqəsinin cavabdeh tərəfindən qəbul edilməsindən imtina edilməsinin qanunsuz hesab edilməsi və əmək pensiyasının 7886,64 AZN məbləğində təminat xərcliyinə uyğun yenidən hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarına əsasən xx.xx.2022-ci il tarixli əmrlə “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin 120-ci maddəsinin 3-cü bəndinə əsasən İddiaçı gömrük orqanlarında xidmətlərinə xitam verilmişdir. Bundan sonra İddiaçı xx.xx.2022-ci il tarixdə Mərkəzi Filiala ərizə ilə müraciət edərək Dövlət Gömrük Komitəsindən təxris olunduğu üçün pensiya təyin olunmasını xahiş etmişdir. Təqdim olunmuş məlumat vərəqəsi əsasında Mərkəzi Filialın xx.xx.2022- ci il tarixli **********1 nömrəli qərarı əsasında hüququnun yarandığı hərbi qulluqçu (xüsusi rütbəli şəxs) kimi əmək pensiyası təyin edilmişdir. Daha sonra İddiaçı xx.xx.2024-cü il tarixdə Mərkəzi Filiala müraciət edərək yeni məlumat vərəqəsi əsasında pensiyanın yenidən hesablanması üçün göstəriş verilməsini xahiş etmişdir. Təqdim edilmiş yeni məlumat vərəqinə əsasən əmək pensiyası yenidən hesablanaraq 5239,97 manat (cari il üzrə indeksləşdirilmə nəzərə alınmaqla) məbləğində müəyyən edilmişdir. Bundan sonra İddiaçı xx.xx.2025-ci il tarixdə ərizə ilə müraciət edərək xx.xx.2025-ci il tarixdə Mərkəzi Filiala daxil olmuş yeni məlumat vərəqəsinə əsasən pensiyanın yenidən hesablanmasını xahiş etmişdir. Göründüyü kimi, təminat xərcliyinə aid edilmiş ödənişlər vəzifə maaşından hesablanan və hər ay ödənilən pul ödənişləridir. Həmçinin məlumat vərəqəsində göstərilən pul mükafatı qismində 1206,50 manat vəsait “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.5-ci maddəsində nəzərdə tutulan aylıq ödənclərdən deyil, digər ödəniş olduğundan həmin vəsaitin təminat xərcliyinin tərkibinə daxil edilərək əmək pensiyasının yenidən hesablanması qanunvericiliyin tələblərinə uyğun deyildir. Tərəflərin iştirakı və izahatları: İddiaçı iddia tələbini müdafiə edərək təmin edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi iddia ərizəsinə etiraz edərək, etirazın dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın onun pensiyasının yenidən hesablanması nəticəsində pensiya məbləğinin azalmasını və nəticədə subyektiv hüquqlarının pozulduğunu irəli sürür. Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: İşin mübahisələndirilməyən hallarına görə, Bakı İnzibati Məhkəməsinin e-2(112)- 7469/2024-cü il nömrəli, xx.xx.2024-cü il tarixli Qərarı ilə, iddia tələbi təmin edilmiş və İddiaçı gömrük orqanlarında xidmətdən pensiyaya çıxdığı dövrə təminat xərcliyi kimi hesablanmış 6680.14 manat məbləğində aylıq gəlirinin üzərinə 1206.5 manat məbləğin əlavə edilərək pensiya məbləğinin yenidən hesablanması üçün müvafiq məlumat vərəqəsinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə göndərilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi üzərinə qoyulması qərara alınmışdır. Məhkəmə qərarı qanuni qüvvəsini alaraq icra olunmuş və Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi tərəfindən Dövlət Gömrük Komitəsinin sabiq əməkdaşı İddiaçı pensiya məbləğinin yenidən hesablanması üçün məlumat vərəqi tərtib edilmişdir. Lakin cavabdeh yeni məlumat vərəqinə əsasən iddiaçının pensiyasını yenidən heasblamaqdan imtina edir. Cavabdeh bu mövqeyini onunla əsaslandırır ki, təminat xərcliyinə aid edilmiş ödənişlər vəzifə maaşından hesablanan və hər ay ödənilən pul ödənişləridir. Həmçinin məlumat vərəqəsində göstərilən pul mükafatı qismində 1206,50 manat vəsait “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.5-ci maddəsində nəzərdə tutulan aylıq ödənclərdən deyil, digər ödəniş olduğundan həmin vəsaitin təminat xərcliyinin tərkibinə daxil edilərək əmək pensiyasının yenidən hesablanması qanunvericiliyin tələblərinə uyğun deyildir. Məhkəmə hesab edir ki, cavabdehin mövqeyi əsassızdır, iddia tələbi təmin edilməlidir. Belə ki, Dövlət Gömrük Komitəsi tərəfindən tərtib edilərək cavabdehə göndərilən ***- **** nömrəli Məlumat Vərəqəsinə əsasən, vəzifəsi: Komtənin Əməliyyat-İstintaq Baş İdarəsi, Baş İdarə rəsinin müavini, hərbi rütbəsi: GXP(250) olan xx.xx.1973-cü il təvəllüdlü İddiaçı ali təhsil: 2 il; təqvim üzrə xidmət illəri - 23 il 9 ay 1 gün; cəmi iş stajı və xidmət illəri: 25 il 9 ay 1 gün; ehtiyata buraxıldığı tarix – xx.xx.2022-ci il, Ehtiyata buraxılması üçün götürülmüş qanun və maddəsi “GOXH” Əsənamənin 120-ci maddəsinin 3-cü bəndi, pensiyaya çıxmaq hüququ verən xidmət illəri; vəzifə maaşı – 1270.00; rütbə maaşı – GXP 159.00; Xidmət illərinə görə əlavə - 30%, 428.7 manat; ərzaq payı: 32 manat, digər növ əlavələr – vəzifə maaşına əlavə 20% 254 manat; digər növ əlavələr – büdcə fondun vəsaiti hesabına aldığı vəzifə maaşına əlavə 4536.44 manat; digər növ əlavər – pül mükafatı 1206.5; cəmi təminat xərcliyi– 7886.64 manat qeyd edilmişdir. "Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin aşağıdakı bəndlərinə əsasən: 93 Gömrük orqanlarının vəzifəli şəxslərinin əmək haqqı vəzifə maaşlarından, xüsusi rütbələrə, fasiləsiz xidmət illərinə, elmi dərəcəyə görə əlavələrdən, habelə natural şəkildə verilməyən ərzaq payının dəyərindən və qanunvericilikdə nəzərdə tutulan digər əlavələrdən ibarətdir. 95.Gömrük orqanlarının vəzifəli şəxslərinə pul mükafatlarının verilməsi dövlət qulluqçularının mükafatlandırılmasına dair normativ hüquqi aktlarla tənzimlənir. Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli, 774 nömrəli fərmanı ilə təsdiq edilmiş "Dövlət qulluqçularının mükafatlandırılmasının növləri və qaydaları haqqında” Əsasnamənin:

1. Bu Əsasnamə "Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 24.1-ci maddəsinə əsasən hazırlanmışdır və dövlət qulluqçularının mükafatlandırılmasının növlərini və qaydalarını müəyyən edir.

2. Mükafatın müəyyən edilməsi üçün götürülən dövr (hesablaşma dövrü) və mükafatlandırmanın şərtləri dövlət qulluqçusunun qulluq keçdiyi dövlət orqanının rəhbəri tərəfindən müəyyən edilir.

3. Dövlət qulluqçuları işin nəticələrinə görə mükafatlandırılmanın aşağıdakı növləri üzrə həvəsləndirilir: kollektiv mükafatlandırılma; fərdi mükafatlandırılma.

11. Dövlət qulluqçularının mükafatlandırılması onların qulluq keçdikləri orqanlara bu məqsəd üçün dövlət büdcəsindən ayrılan vəsaitlər hesabına həyata keçirilir.

12. Dövlət qulluqçularının mükafatlandırılması məqsədi ilə hər il növbəti il üçün təsdiq olunan dövlət büdcəsində bu orqanlarda dövlət qulluqçuları üçün müəyyən olunmuş aylıq vəzifə maaşının 3 misli həcmində əlavə vəsaitlər nəzərdə tutulur. Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 7 fevral tarixli 194 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Dövlət qulluqçularına əmək pensiyasının təyin edilməsi üçün dövlət məvacibinin hesablanması” Qaydalarının:

1. Bu Qaydalar əmək pensiyası təyin edilməsi üçün dövlət məvacibinin hesablanmasını tənzimləyir.

2. əmək pensiyasının təyin edilməsi üçün dövlət məvacibi dövlət qulluqçusunun pensiya təyinatı tarixinədək sonuncu artımlar nəzərə alınmaqla, müvafiq vəzifədə aldığı vəzifə maaşının, məcburi dövlət sosial sığortasına cəlb olunan mükafatların, ixtisas dərəcəsinə, qulluq stajına görə əlavələrin və Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilən digər pul ödənişlərinin məbləği əsasında bu Qaydaların 3-12-ci bəndlərinə müvafiq olaraq hesablanır. "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 may 2020-ci il tarixli Qərarında qeyd edilmişdir ki, "(....) Təminat xərcliyi gəlir növü kimi, "Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən, məcburi dövlət sosial sığorta haqqı hesablanan gəlir növlərinə aiddir. "Əmək pensiyaları haqqında” Qanunun 1.0.2-ci maddəsində müəyyən edilmişdir ki, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanlarına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Həmçinin Qanunun 1.0.5-ci maddəsinə müvafiq olaraq, təminat xərcliyi dedikdə hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə aldıqları miqdarda (sonrakı artırmalar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla), artımlardan ibarət olan məbləğdir. Şəxsin əmək pensiyasının hesablanması və ya yenidən hesablanması zamanı o vəsaitlər (və vəsaitlərdəki artımlar) nəzərə alınır ki, həmin şəxs: - "Əmək pensiyaları haqqında” Qanunun 1.0.1 və 1.0.5-ci maddələrinə uyğun olaraq bu vəsaitləri müvafiq olaraq pensiya təyin ediləndən əvvəl (əmək haqqı və dövlət məvacibinə münasibətdə) və ya xidmətdən buraxıldığı günə (təminat xərcliyinə münasibətdə) almış olsun; - "Əmək pensiyaları haqqında” Qanunun 1.0.2-ci maddəsinə görə həmin vəsaitlərdən sosial sığorta haqqı ödəmiş olsun. Beləliklə, göstərilənlərdən aydın olur ki, sığortaolunanın əmək pensiyası ona pensiya təyin olunduqdan əvvəl aldığı əməkhaqqı və digər gəlirlərin kompensasiyası məqsədilə verilən pul ödənişidir. Belə olan halda isə artıq pensiya alan şəxslərə münasibətdə pensiya təyin edildikdən sonra almadıqları və məcburi dövlət sosial sığortasına cəlb edilməyən əmək haqqına və ya ona edilən əlavələrə görə əmək pensiyalarının yenidən hesablanması əmək pensiyaları haqqında qanunvericiliyin sosial sığorta prinsiplərini özündə əks etdirən məzmununa cavab vermir.” Göründüyü kimi gömrük orqanı əməkdaşının əmək haqqına həm də qanunvericilikdə nəzərdə tutulan digər əlavələr də daxil edilmişdir. Eyni zamanda Əsasnamə gömrük orqanlarının vəzifəli şəxslərinə pul mükafatlarının verilməsi ilə bağlı məsələdə bilavasitə dövlət qulluqçularının mükafatlandırılmasına dair normativ hüquqi aktlara göndəriş edir. Dövlət qulluqçularının mükafatlandırılması isə qulluq keçdikləri orqanlar tərəfindən bu məqsəd üçün dövlət büdcəsindən ayrılan vəsaitlər hesabına həyata keçirilir. Eyni zamanda müəyyən olunur ki, məcburi dövlət sosial sığortasına cəlb olunan mükafatlar pensiya təyin edilməsi üçün dövlət məvacibinin tərkibində nəzərə alınır. Konstitusiya Məhkəməsinin yuxarıda adıçəkilən Qərarında da mövqe ondan ibarət olmuşdur ki, pensiya təyinatı üçün hərbi qulluqçunun xidmətdən buraxıldığı günə aldığı pul vəsaitləri, həmin vəsaitlərdən sosial sığorta haqqı ödəmə şərtilə təminat xərcliyinə daxil edilməklə pensiya təyin edilməsi və ya yenidən hesablanması zamanı nəzərə alınmalıdır. Qeyd edilənlərdən çıxış edərək hazırkı iş üzrə müəyyən olunur ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin xx.xx.2022-ci il tarixli, 1000/483ş nömrəli əmri ilə xüsusən "Dövlət qulluqçularının mükafatlandırılmasının növləri və qaydaları haqqında Əsasnamə"nin 4-cü bəndi rəhbər tutularaq Dövlət Gömrük Komitəsinin əməkdaşlarına:

1. kollektiv mükafat olaraq;

2. büdcə vəsaiti hesabına;

3. bir aylıq vəzifə maaşı həcmində pul vəsaiti verilmiş;

4. həmin vəsaitdən məcburi dövlət sosial sığorta haqqı ödənilmişdir. Beləliklə, göründüyü kimi qeyd edilən pul mükafatının iddiaçının təminat xərcliyinə daxil edilməsini istisna edən hal müəyyən olunmur. Cavabdeh orqan hüquqtətbiq edən orqan olaraq "Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin 93-cü maddəsinə əsasən "qanunvericilikdə nəzərdə tutulan digər əlavələr”in nədən ibarət olduğunu açıqlamamış, iddiaçıya ödənilmiş mükafatın həmin əlavələrə aid edilməməsinin əsaslarını məhkəməyə təqdim edə bilməmişdir. Beləliklə, iddiaçı gömrük orqanlarında xidmətdən pensiyaya çıxdığı dövrə təminat xərcliyinin tərkibində Komitənin xx.xx.2022-ci il tarixli, 1000/483ş nömrəli əmri ilə verilmiş 1 aylıq vəzifə maaşı məbləğində pul mükafatı məbləğinin (məcburi dövlət sosial sığorta haqları tutulandan sonra qalan hissə) nəzərə alınaraq pensiyasının yenidən hesablanmasını tələb etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 avqust tarixli 135 nömrəli qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları”:

1. Bu Qaydalar “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 22.4-cü maddəsinə uyğun olaraq hazırlanmışdır və həmin Qanunun 1.0.3-cü maddəsində nəzərdə tutulmuş hərbi qulluqçular - Azərbaycan Respublikası Təhlükəsizlik Şurasının katibinin xidmətində, Azərbaycan Respublikasının Müdafiə Nazirliyində, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyində, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyində, Azərbaycan Respublikasının Hərbi Prokurorluğunda, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətində, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidmətində, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətində, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətində, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X1 Xidmətində, Azərbaycan Respublikasının Strateji X3 Agentliyində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə xidmət etmiş hərbi rütbəli şəxslərə və 1.0.4-cü maddəsində nəzərdə tutulmuş xüsusi rütbəli şəxslər - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi, Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dövlət Feldyeger Xidməti, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində xidmət etmiş xüsusi rütbəli şəxslərə əmək pensiyasının təyin edilməsi üçün təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların həmin orqanlar tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna (bundan sonra – Fond) təqdim olunması qaydalarını müəyyən edir.

2. Bu Qaydaların 1-ci hissəsində nəzərdə tutulmuş hərbi və xüsusi rütbəli şəxslərin (bundan sonra – hərbi və xüsusi rütbəli şəxslər) təminat xərcliyi (pul təminatı) həmin şəxslərin sonuncu xidmət keçdiyi orqan tərəfindən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – Qanun) 1.0.5-ci maddəsinə uyğun olaraq hesablanır.

3. Bu Qaydaların 7-ci hissəsi nəzərə alınmaqla, hərbi və ya xüsusi rütbəli şəxsin hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumat vərəqi (1 nömrəli əlavə) əmək pensiyası hüququnun yarandığı tarixdən onun, həmin şəxs vəfat etdikdə isə ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ olan ailə üzvünün müraciəti əsasında xidmət keçdiyi orqan tərəfindən elektron qaydada qeydiyyata alınması məqsədilə 15 iş günü müddətində müvafiq elektron informasiya sisteminə səlahiyyətli şəxsin gücləndirilmiş elektron imzası vasitəsilə daxil edilməklə Fonda ötürülür. Pensiya alan hərbi və ya xüsusi rütbəli şəxs öldükdə, ona vaxtilə pensiya təyin edilməsi üçün xidmət illəri və təminat xərcliyinə dair sənədlərdəki məlumatlarda dəyişikliklər baş vermişdirsə, ailə başçısını itirməyə görə pensiya hüququ yaranan ailə üzvünün Fonda müraciətindən 10 iş günü müddətində göndərilən Fondun sorğusu əsasında məlumat vərəqi bu hissədə nəzərdə tutulan müddətdə və qaydada təqdim edilir.

4. Bu Qaydaların 7-ci hissəsi nəzərə alınmaqla, şəxsin əmək pensiyasının yenidən hesablanmasına əsas verən, onun xidmət illərinin müddətindəki, təminat xərcliyinin tərkibindəki və vəzifə uyğunlaşdırılması ilə bağlı dəyişikliklər barədə əsaslandırılmış məlumatlar müəyyən edildiyi tarixdən 7 iş günü müddətində Qaydaların 1-ci hissəsində göstərilən orqanlar tərəfindən müvafiq elektron informasiya sisteminə səlahiyyətli şəxsin gücləndirilmiş elektron imzası vasitəsilə daxil edilməklə Fonda ötürülür.

5. Məlumat vərəqindəki məlumatlar təsdiqləndiyi tarixdən 5 iş günü müddətində Fondun səlahiyyətli vəzifəli şəxsi tərəfindən yoxlanılır, uyğunsuzluqlar aşkar edilmədikdə qəbul olunaraq pensiya təyinatı aparılır, əks təqdirdə səbəbi qeyd olunmaqla qəbulundan imtina edilərək müvafiq informasiya sistemi vasitəsilə aidiyyəti quruma məlumat verilir. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə,

qərara aldı:

İddia təmin edilsin. İddiaçı təyin olunmuş pensiyanın Dövlət Gömrük Komitəsi tərəfindən tərtib edilmiş məlumat vərəqəsi əsasında 7886,64 AZN məbləğində təminat xərcliyinə uyğun yenidən hesablanması öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim Bəhlul Cəlalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar