Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-10302/2025 04.12.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçının vəkil və nümayəndəsi Vəkil1, cavabdehin nümayəndəsi X2, üçüncü şəxslərin vəkil və nümayəndəsi Vəkil2 iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinə (üçüncü şəxs X4, X9, X6, X7, X8, X10 və X11, Azərbaycan Respublikasının Müdafiə Nazirliyi) qarşı “ilkin istifadəçinin hüquqlarının tanınması barədə qərar çıxarılması və s” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) qapalı məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinə qarşı “ilkin istifadəçinin hüquqlarının tanınması barədə qərar çıxarılması və s” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia onunla əsaslandırılır ki, Satınalma və Təchizat İdarəsi İdarəsi ilə 28 aprel 2016-cı il tarixdə satınalma müqaviləsi bağlanılmış, məhsulun istehsalına başlanılmışdır. Daha sonra məhsul Müdafiə Nazirliyinin müvafiq bölmələrinə təhvil verilmişdir. İlkin istifadə hüququnun tanınması barədə müraciət edilmiş, müraciət təmin edilməmişdir. İddiaçı hesab edir ki, etirazın əsassız hesab edilməsi və patent predmetinə ilkin istifadə hüququnun tanınması barədə iddia qaldırılması zərurəti vardır. Belə ki, patent sahiblərinin faydalı model üzrə ilkinlik tarixi 27 yanvar 2017-ci il tarixdir. 28 aprel 2016-cı il tarixli satınalma müqaviləsindən görünür ki, faydalı modelin istehsalı 28 aprel 2016-cı il tarixdən başlanılmış, istehsal tamamlanmış, 30 iyul 2016-cı il tarixdən sifarişçiyə təhvil verilmişdir. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. İddia tələbinin mahiyyəti ilə bağlı isə məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Gəlinən nəticə ilə bağlı aşağıdakıların qeyd edilməsi zəruri hesab olunur. Faktiki hallar və sübutlar: İşin faktiki hallarından görünür ki, X12, X9, X6, X7, X8, X10 və X1 etdikləri şəxsi heyət üçün sığınacaq adlı faydalı modelə patent Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyi tərəfindən xx.xx.2021-ci il tarixində (ilkinlik tarixi xx.xx.2017) dövlət reyestrində “F 2021 01 M” nömrə ilə qeydiyyata alınmışdır. 28 aprel 2016-cı il tarixli İddiaçı və Müdafiə Nazirliyinin Satınalma və Təchizat İdarəsi arasında bağlanılmış müqavilə əsasında malların satın alınması ilə əlaqədar 531 000 000 məbləğində təklif qəbul edilmişdir. İlkin istifadə hüququnun tanınması barədə cavabdehə müraciət edilmiş vəsatətə patent sahibləri etiraz etdiyindən məhkəmə qaydasında müraciətə baxılması iddiaçıya cavabdeh tərəfindən izah edilmişdir. Qeyd olunmalıdır ki, “Patent haqqında” Qanunun Maddə 1. Əsas anlayışlar Bu Qanunda istifadə edilən əsas anlayışlar aşağıdakılardır: faydalı model – qurğuya aid olan texniki həllər; patent – ixtira, faydalı model və sənaye nümunəsi üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum tərəfindən verilən mühafizə sənədi Maddə 12. Patent sahibi Patent aşağıda göstərilən şəxslərə verilir: ixtira, faydalı model və sənaye nümunəsinin müəllifinə (müəlliflərinə) və ya onun (onların) varisinə; patent verilməsi barədə iddia sənədində, yaxud ixtira, faydalı model və sənaye nümunəsi qeydiyyata alınana qədər müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumuna verilmiş ərizədə müəllifin (müəlliflərin) və ya onun (onların) hüquqi varislərinin göstərdikləri hüquqi və ya fiziki şəxslərə (onların razılığı ilə); bu Qanunun 13-cü maddəsində nəzərdə tutulan hallarda işəgötürənə. Maddə 14. İxtira, faydalı model və sənaye nümunəsindən istifadə üçün müstəsna hüquq
1. Sənaye mülkiyyəti obyektindən istifadə üçün müstəsna hüquq, digər patent sahiblərinin hüquqlarını və bu Qanunu pozmamaq şərtilə, patent sahibinə mənsubdur.
2. Patent sahibi patentə görə aşağıdakı müstəsna hüquqlara malikdir: a) patentin obyekti məhsul (məmulat) olduqda, patent sahibinin razılığı olmadan üçüncü şəxs tərəfindən onun icazəsiz istehsalının, istifadəsinin, satış üçün təklif olunmasının, satışının və bu məqsədlər üçün idxalının qarşısını almaq; b) patentin obyekti üsul olduqda, patent sahibinin razılığı olmadan üçüncü şəxs tərəfindən bu üsulun tətbiqi ilə bağlı hərəkətlərin, habelə bilavasitə bu üsulla alınan məhsuldan istifadənin, məhsulun satışının, satış üçün təklif olunmasının və ya bu məqsədlər üçün idxalının qarşısını almaq. Mühafizə olunan sənaye nümunəsinin sahibi onun icazəsi olmadan üçüncü şəxs tərəfindən həmin nümunənin və ya ona bənzər olan nümunənin surətini özündə daşıyan və ya tərkibinə daxil edən məmulatın kommersiya məqsədilə hazırlanmasının, satışının və ya idxalının qarşısını almaq hüququna malikdir.[35]
3. Patent sahibi patentlə verilən hüquqlardan dövlətin və cəmiyyətin mənafelərinə xələl gətirmədən istifadə etməlidir.
4. ixtira, faydalı model və sənaye nümunəsinin bir neçə patent sahibi olduqda patent üzrə hüquqlar onların hər biri tərəfindən öz aralarındakı müqaviləyə uyğun başqa hüquqi və ya fiziki şəxsə verilə bilər. Onlar razılığa gələ bilmədikdə mübahisələrə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi ilə məhkəmədə baxılır. Maddə 16. İlkin istifadə hüququ
1. Patentlə mühafizə olunan ixtira, faydalı model və sənaye nümunəsinin ilkinlik tarixinə qədər onun müəllifindən asılı olmayaraq eyni ixtira, faydalı model və sənaye nümunəsini yaradıb Azərbaycan Respublikası ərazisində vicdanla istifadə etmiş və ya ondan istifadə üçün zəruri hazırlıq işlərini görmüş hüquqi və ya fiziki şəxsin ixtiyarı var ki, maneəsiz olaraq və patent sahibinə haqq ödəmədən, istifadə həcmini genişləndirməmək şərtilə bu obyektdən müstəqil istifadəni davam etdirsin.
2. İlkin istifadəçinin hüquqlarının tanınması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum onun vəsatəti əsasında iddiasına baxıb bu barədə patent sahibinə 1 ay ərzində bildiriş göndərir. İlkin istifadəçi vəsatət verdikdə müəyyənləşdirilmiş haqqı ödədiyini təsdiqləyən sənədi də təqdim edir. Patent sahibindən ilkin istifadə barədə 2 ay ərzində etiraz gəlmədikdə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum ilkin istifadəçinin hüquqlarının tanınmasına dair qərar çıxararaq müvafiq dövlət reyestrində qeydə alır və rəsmi bülletendə dərc edilməsini təmin edir. İlkin istifadəçi ilə patent sahibi arasında mübahisələrə məhkəmə qaydasında baxılır.
3. İlkin istifadə hüququ varisə, başqa hüquqi və ya fiziki şəxsə yalnız ixtira, faydalı model və sənaye nümunəsinin istifadə edildiyi və ya onun istifadəsi üçün hazırlıq işləri görülmüş istehsalatla birlikdə verilir. Varis, hüquqi və ya fiziki şəxs həmin hüquqdan bu maddənin 1-ci bəndinə uyğun olaraq ilkin istifadəçiyə verilmiş həcmdə istifadə edə bilərlər. Yuxarıda göstərilən normativ tənzimləmədən də göründüyü kimi ilkin istifadəçinin hüquqlarının tanınması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum onun vəsatəti əsasında iddiasına baxıb bu barədə patent sahibinə 1 ay ərzində bildiriş göndərir. Patent sahibindən ilkin istifadə barədə 2 ay ərzində etiraz gəlmədikdə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum ilkin istifadəçinin hüquqlarının tanınmasına dair qərar çıxararaq müvafiq dövlət reyestrində qeydə alır və rəsmi bülletendə dərc edilməsini təmin edir. İşin faktiki hallarından da göründüyü kimi iddiaçının ilkin istifadə hüququnun tanınması ilə əlaqədar müraciət üzrə inzibati icraat həyata keçirilmiş, yuxarıda göstərilən tələblərə uyğun olaraq patent sahibi tərəfindən etiraz olub-olmaması yoxlanılmış və patent sahibləri tərəfindən ilkin istifadə hüququnun tanınmasına etirazın mövcud olduğu müəyyən edildiyindən mübahisə məhkəmə qaydasında baxılmalı olması iddiaçının diqqətinə çatdırılmışdır. Maddənin redaksiyasından da görünür ki, qeyd edilir ki, ilkin istifadəçi ilə patent sahibi arasında mübahisələrə məhkəmə qaydasında baxılır. Məhkəmə də məhz həmin müddəanın tələbinə əsasən qeyd edilməsini zəruri hesab edir ki, ilkin istifadəçi ilə patent sahibi arasında mübahisələrə məhkəmə qaydasında baxılması dedikdə, həmin mübahisənin həlli üsulu kimi cavabdehə hər hansı öhdəliyin həvalə edilməsindən, eləcə də üçüncü şəxslər tərəfindən verilmiş etirazın əsassız hesab edilməsinin inzibati orqan və məhkəmə tərəfindən müəyyən edilməsindən söhbət gedə bilməz. Qeyd olunur ki, AR İPM-nin: 1.1. Bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin (bundan sonra – inzibati mübahisələr) məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. 2.1. Qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. 2.2.1. şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia); 2.2.2. inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia); 33.1. Məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. 33.2. Bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Qeyd olunur ki, göstərilən növ iddialar üzrə cavabdehin inzibati akt qəbul etməsi və ya faktiki xarakterli hərəkət etmə öhdəliyinin mövcudluğundan o zaman söhbət gedə bilər ki, publik münasibətin tərəfi kimi cavabdeh həmin inzibati akt qəbul etmək və ya faktiki xarakterli hərəkət etməli olduğu halda onu etməsin, qanuni və əsaslı olmayan imtina səbəbindən müraciət edən şəxsin qanun və mənafeləri pozulmuş olsun. Təsadüfi deyildir ki, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilməsi kimi müddəa qeyd olunmuşdur. Hazırkı işin faktiki hallarına münasibətdə isə cavabdehin mübahisə üzrə qərar qəbul etmək öhdəliyi patent sahibi tərəfindən etiraz daxil olmadığı halla məhdudlaşır. Həmin etiraz patent sahibi tərəfindən edilmişdirsə bu barədə cavabdeh inzibati orqanın ilkin istifadə hüququnun tanınmasına dair səlahiyyətindən söhbət gedə bilməz. Bu zaman göstərilən normada aşkar da qeyd edildiyi kimi patent sahibi və müraciət edən şəxs arasında mübahisə məhkəmə qaydasında həll edilməli, həmin mübahisə üzrə mülki icraat qaydasında məhkəmə qərarı mövcud olduğu halda cavabdeh tərəfindən ilkin istifadə hüququ tanınmalıdır. Aydın məsələdir ki, məhkəmə tərəfindən müraciət edən şəxsin ilkin istifadə hüququnun tanınması barədə qərarı inzibati orqan üçün məcburidir ki, həmin məcburi tələbi təmin etməmə yuxarıda göstərilən iddianın inzibati məhkəmə icraatı qaydasında verilməsi üçün əsas ola bilər. Lakin nə qədər ki, patent sahibi etiraz edir, həmin etirazın qanuni olub-olmamasının məhkəmələr tərəfindən həll edilməli olması, etiraz əsassız olsa belə müraciətin təminindən əsaslı imtina edən inzibati orqanın üzərinə hər hansı vəzifənin həvalə edilməli olmasını istisna edir. Belə ki, cavabdeh etirazın dəlillərini, düzgün olub-olmamasını yoxlama səlahiyyətində olmadığından göstərilən müraciətin təmin imkanı mövcud olmur. Təsadüfi deyildir ki, yuxarıda adıçəkilən patent sahiblərinin arasında olan mübahisəyə münasibətdə məhkəmə qaydasında mübahisəyə baxılmalı olması və bu mübahisənin Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi ilə məhkəmədə baxılmalı olması birmənalı olaraq göstərilmişdir ki, iddiaçının mövqeyi ilə patent sahibləri arasında mülki prosessual qanunvericiliklə işə mülki icraat qaydasında baxılmalı,ancaq ilkin istifadə hüququna iddia edən şəxslə patent sahibləri arasında mübahisə isə inzibati məhkəmə icraatı qaydasında həll edilməlidir. Halbuki, eyni prosedur qaydanı müəyyən edən hər iki norma patent sahiblərinin öz aralarında və ya patent sahibi ilkin istifadə hüququnu iddia edən şəxs arasında mübahisənin inzibati məhkəmə icraatı qaydasında cavabdehə hər hansı vəzifəni həvalə edilməsi üsulu ilə həllini istisna edir. Qeyd edilir ki, iki patent sahibi olan və istifadə hüququnun tanınması barədə müraciət üzrə bir patent sahibinin razılığı, digərinin razılığı olmadığı halda işə mülki icraat qaydasında, hər ikisinin etirazı olduqda isə inzibati icraat qaydasında baxılmalı olması kimi halın mövcudluğu göstərilən mövqe müdafiə edildikdə olacaqdır ki, bir-biri ilə əlaqəli və bənzər olan tərəflər arasında mübahisənin həllinin üsulu aşkardır və inzibati məhkəmə icraatı həmin mübahisəni həll edən icraat hesab edilmir. Lakin, qeyd edilməlidir ki, hazırkı iddia göstərilən səbəbdən mümkünlük şərtini ödəməyən iddia qismində də çıxış etmir. Necə ki, qeydiyyatdan çıxarılma barədə iddialar üzrə istifadə hüququ məsələsinə mülki icraat qaydasında qiymət verilməli olması, naturada əmlakın ayrılmaqla ayrılıqda çıxarış verilməsi iddialarında mülki icraat qaydasında naturada bölgüyə baxılmalı olması, eləcə də vətəndaşlıq vəziyyəti aktlarında qeydlərdə dəyişikliklərin edilməsi iddialarında ailə qanunvericiliyin tələblərinə əsasən mülki icraat qaydasında baxılmalı olması məhkəmələr tərəfindən müəyyən edilərkən iddialar mahiyyəti üzrə qiymətləndirməklə rədd edilir, hazırda da 16-cı maddənin tələblərinə cavabdehin riayət etməsi mümkünsüzlük yox, ona münasibətdə iddianın rədd edilməsi üçün əsas qismində çıxış edir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi rədd olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci , 69-cu , 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
İddia rədd edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər.
Hakim: Orxan Həsənov