Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-1(112)-10303/2025 19.06.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, Həsənov İlkin Mürşüd oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi“ tələbinə dair inzibati işə hazırlıq icraatı ilə bağlı açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı (bundan sonra – iddiaçı) cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin “Vergilərin, sosial sığorta və işsizlikdən sığorta haqlarının hesablanması” barədə 3-21-2-3/2-110769/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh elektron kabinet vasitəsi ilə vəsatət verərək iddianın mümkün sayılmamasını xahiş etmişdir. Vəsatət onunla əsaslandırılmışdır ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən İddiaçı barədə 3-21-2-3/2- 110769/2025 saylı, xx.xx.2025 tarixli qərar qəbul edilərək asandoc.az saytında müvafiq xanaya əlavə edilməklə portala əlavə edilmişdir. Həmin qərar iddiaçı tərəfindən qərarı elektron qutuda xx.xx.2025-ci il tarixində oxunmuşdur. "Elektron imza və elektron sənəd haqqında” xx.xx.2024-cü il tarixli Azərbaycan Respublikası Qanununun 1.1.5-ci maddəsinə əsasən imza sahibinin nəzarəti altında olan elektron imza vasitələri ilə yaradılan və yalnız imza sahibinə məxsus olmaqla onu identikləşdirən, əlaqəli olduğu məlumat bildirişinin bütövlüyünü, dəyişməzliyini, təhrif olunmadığını və saxtalaşdırılmadığını müəyyən etməyə imkan verən elektron imza gücləndirilmiş elektron imzadır. Həmin Qanunun 1.1.10-cu maddəsinə əsasən elektron imzanın həqiqiliyi dedikdə elektron imzam yoxlama məlumatları vasitəsilə yoxlanılan elektron imzanın sahibinə məxsus olmasının, imzanın əlaqəli olduğu məlumat bildirişinin bütövlüyünün, dəyişdirilmədiyinin və təhrif edilmədiyinin təsdiqi nəzərdə tutulur. Qeyd olunan Qanunun 1.1.9-cu maddəsinə əsasən elektron imza yoxlama məlumatları isə elektron imzanın həqiqiliyini yoxlamaq üçün istifadə edilən kod və ya kriptoqrafik açardan ibarət olan və elektron imza yaratma məlumatlarına uyğun təkrarolunmaz verilənlərdir. Maddənin tələbindən də göründüyü kimi elektron imzanın həqiqiliyi yalnız QR kodla deyil, həm də kriptoqrafik açarla müəyyən edilir. Cavabdeh tərəfindən imzalanan sənədlərdə elektron imzanın həqiqiliyini təsdiq edən kriptoqrafik kodlar mövcuddur və qeyd olunan məlumatlar məhkəməyə təqdim edilir Eləcə də, bildiririk ki, cavabdehin rəsmi internet səhifəsində (https://www.taxes.gov.az/az/page /asan-imza) vergi ödəyiciləri ASAN İmza ilə bağlı məlumatlandırılmış, asan imza ilə imzalanmış sənədlərin asandoc (adoc) faylla açılması, həmin adoc faylın kim tərəfindən nə zaman imzalanmasının müəyyən edilməsi üçün hazırlanmış məlumat xarakterli videoların linkləri öz əksini tapmışdır. Eyni zamanda vergi ödəyicisi ilə vergi orqanı arasında xx.xx.2018-ci il tarixli "Elektron sənəd mübadiləsi haqqında” müqavilə imzalanmışdır. Həmin müqavilənin 4.1.7-ci bəndinə əsasən, vergi orqanı tərəfindən elektron şəkildə göndərilmiş sənədlərlə mütəmadi olaraq (3 gündə 1 dəfədən gec olmayaraq) tanış olmaq və lazımi tədbirlər görmək vergi ödəyicisinin vəzifəsidir. Göründüyü kimi, vergi orqanı hazırda mübahisələndirilən qərarı elektron imza ilə imzalamış və vergi ödəyicisinə çatdırmışdır. Cavabdeh tərəfindən asan imza ilə imzalanmış sənədlərə hər hansı dəyişikliyin edilə bilməsinin mümkünsüzlüyü də onun fərdi, identifik olması həmin sənədlərin gücləndirilmiş elektron imza ilə imzalanmasını təsdiq edir. xx.xx.2025-ci il tarixdə oxunmasına baxmayaraq İddiaçı yuxarıda adıçəkilən qərardan inzibati şikayət verməmiş, yalnız xx.xx.2025-ci il tarixində iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, 3-21-2-3/2-110769/2025 saylı, xx.xx.2025 tarixli qərarı mübahisələndirmişdir. Qeyd olunanlara baxmayaraq iddiaçı iddianın qaldırılması üçün qanunvericiliklə müəyyən edilmiş prosessual müddəti ötürülmüşdür. Belə ki, İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Həmin Məcəllənin 24.1-ci və 24.2-ci maddələrinə əsasən bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. Həmin Məcəllənin 22.2-ci maddəsinə əsasən müddətlərlə bağlı İnzibati Prosessual Məcəllənin 5ci fəslinin müddəaları nəzərə alınmaqla, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi ilə müəyyən olunmuş qaydalar tətbiq olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 130.1-ci və 130.3-cü maddələrinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun "İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli 5 nömrəli qərarında göstərilir: məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Qeyd edilən normaların tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Məhkəmə iclasında iddianın mümkünlüyü ilə bağlı məsələ (iddia müddətinin ötürülməsi) iş üzrə iddiaçının vəkili və nümayəndəsi ilə müzakirə edildi. İddiaçının vəkili və nümayəndəsi iddia müddətinin ötürülmədiyini, iddiaçının qərarların ləğvi ilə bağlı şikayət instansiyasına müraciət etdiyini bildirmiş və iddianın mümkün hesab edilərək baxılmasını xahiş etmişdir. Cavabdehin nümayəndəsi məhkəməyə ərizə göndərərək, iş yükünün çoxluğu ilə əlaqədar və müvafiq etirazın hazırlanıb məhkəməyə təqdim edilməsi üçün əlavə araşdırma zərurəti olduğundan məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Cavabdeh yazılı etirazında iddianın mümkün hesab edilməməsi ilə bağlı mövqeyini bildirdiyinə görə, məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olamadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iş materiallarını araşdıraraq və iddiaçının vəkili və nümayəndəsinin izahatını dinləyərək hesab edir ki, iddia mümkün sayılmamalıdır. İddianın mümkünlük şərtlərinin yoxlanılması məsələsi ilə bağlı, məhkəmə “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarında göstərilmiş mövqeyinin nəzərə alınmasını zəruri hesab edir. Qərarda göstərilmişdir ki, “Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır.” İPM-in 12.1-ci maddəsində nəzərdə tutulmuş işin araşdırılması prinsipi iddianın mümkünlük şərtlərinin mövcudluğunun yoxlanılmasına da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 35.1-ci maddəsinə görə, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda adışəkilən qərarının 2.3-cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Göründüyü kimi, iddia müddətlərinə riayət edilməsi iddianın mümkünlüyü komponentlərindən biridir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” xx.xx.2001-ci il tarixli qərarında göstərilmişdir ki, iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir, birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyrimüəyyənliyin, qeyrisabitliyin aradan qaldırılmasına xidmət göstərir, üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa, bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı. İPM-in 38.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Baxılan işdə iddiaçı cavabdehin xx.xx.2025-ci il tarixli qərarını mübahisələndirir və elektron iddia ərizəsi xx.xx.2025-ci il tarixdə məhkəməyə təqdim edilmişdir. Cavabdehin təqdim etdiyi sənədlərdən isə müəyyən edilir ki, mübahisələndirilən qərar iddiaçının elektron kabinetinə xx.xx.2025-ci il tarixdə göndərilmiş və xx.xx.2025-ci il tarixdə oxunmuşdur. “İnzibati icraat haqqında” Qanunun 62.2-ci maddəsinə görə, poçt rabitəsi vasitəsilə ölkə daxilində göndərilmiş inzibati akt, onun poçta təqdim edildiyi gündən 5 gün keçdikdən sonra, elektron üsulla göndərilmiş inzibati akt isə göndərildiyi gündən 3 gün keçdikdən sonra maraqlı şəxsə təqdim olunmuş sayılır. Vergi Məcəlləsinə əsasən: - maddə 13.2.72. elektron kabinet – vergi ödəyicisi kimi uçota alınma zamanı təqdim edilən ərizəyə əsasən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində yaradılan, gücləndirilmiş elektron imza və (və ya) vergi orqanı tərəfindən verilən kod-parol ilə daxil olmağa imkan verən, vergi ödəyicisi ilə vergi orqanı arasında qarşılıqlı məlumat mübadiləsini təmin edən fərdi elektron səhifədir. - maddə 70.2. Vergi orqanının vergi ödəyicisinə göndərdiyi hər hansı qərar, akt, bildiriş, tələbnamə, məktub və ya digər sənədlər (onların surətləri) adı göstərilməklə vergi orqanının rəhbəri (onun müavini) tərəfindən imzalanmalı və möhürlə təsdiq edilməlidir. Elektron üsulla göndərilən sənədlərin möhürlə təsdiq edilməsi tələb olunmur. - maddə 70.2-1. Sənədlər (onların surətləri) vergi orqanı tərəfindən vergi ödəyicisinə aşağıdakı formalardan birinə uyğun göndərildikdə (verildikdə), lazımi qaydada çatdırılmış sayılır: - maddə 70.2-1.3. elektron üsulla elektron kabinetinə göndərildikdə – elektron üsulla göndərildiyi gündən 3 iş günü keçdikdən sonra. Mübahisələndirilən qərar iddiaçının elektron kabinetinə göndərilmiş və belə olan halda Vergi Məcəlləsinin və “İnzibati İcraat haqqnda” Qanunun istinad olunan normalarının tələblərinə əsasən iddiaçıya rəsmi qaydada təqdim edilmiş sayılır. 30 günlük iddia müddətinin axımı qərarın elektron kabinetə yerləşdirildiyi tarixdən 3 gün sonra, yəni xx.xx.2025-ci il tarixdən başlanır. İddiaçı həmin qərardan 30 gün müddətində, yəni xx.xx.2025-ci il tarixdə iddia verə bilərdi. Lakin iddiaçı xx.xx.2025-ci il tarixdə iddia verərək göstərilən müddəti ötürmüşdür. Göstərilənlərə əsasən vergi qanunvericiliyi elektron üsulla göndərilən sənədlərin möhürlə təsdiq edilməsini tələb etmədiyindən, vergi orqanının aktı elektron üsulla elektron kabinetinə göndərildikdə – elektron üsulla göndərildiyi gündən 3 iş günü keçdikdən sonra lazımi qaydada çatdırılmış sayıldığından, qanunla nəzərdə tutulmuş müddəti ötürməklə məhkəmədə iddia qaldırdığından və bu zaman müddətin ötürülməsinin onun təqsiri ucbatından baş vermədiyini təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim etmədiyindən iddia mümkün sayılmamalıdır. Analoji işlər üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-1901/2024 nömrəli iş üzrə, xx.xx.2024-cü il tarixli qərardadı ilə iddiaçının kassasiya şikayəti mümkünsüz sayılmışdır. Məhkəmə kollegiyası həmin qərardadında qeyd etmişdir ki, “...kassasiya instansiyası məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi qərarlarda (2-1(102)1045/2023 nömrəli, 2-1(102)344/2024 nömrəli 2-1(102)1036/2024 nömrəli qərarlarda) formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, vergi ödəyicilərinin elektron kabinetinə göndərilən inzibati aktlar “İnzibati icraat haqqında” Qanunun 62.2-ci maddəsinə əsasən, göndərildiyi gündən 3 gün keçdikdən sonra təqdim olunmuş sayılır. Beləliklə, mübahisəli məsələyə münasibətdə hüququn tətbiqinə dair vahid məhkəmə təcrübəsi mövcud və aydındır, eləcə də həmin təcrübə kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrilmişdir. Məhkəmə təcrübəsini müəyyən edən qərarlar Ali Məhkəmənin internet saytında yerləşdirildiyinə, həmçinin sözügedən hüquqi mövqe məhkəmə mübahisələri üzrə çıxarılmış qərarlarda təkrarlandığına görə, kassasiya şikayəti verən iddiaçı üçün əlçatan və bəlli olmuşdur”. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının “İnzibati məhkəmə icraatında kassasiya şikayətinin mümkünlüyünə dair” 2023-cü il 06 noyabr tarixli Qərardadındakı hüquqi mövqelərə əsasən hüquqi məsələlərin həllinə yanaşmanın sabitliyinin, ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiqinin və hüququn inkişafına nail olmanın təmin edilməsi məsələsinə Ali Məhkəmədəki icraatın özəl xüsusiyyətləri nəzərə alınmaqla baxılaraq qərara alınmışdır ki: “1. “Azərbaycan Respublikasının Konstitusiyasının 131-ci maddəsində və İnzibati Prosessual Məcəllənin 91 və 94.2-ci maddələrində müəyyən edilmiş Ali Məhkəmənin konstitusion statusuna və kassasiya icraatının xüsusi təyinatına uyğun olaraq kassasiya şikayəti hüququn düzgün tətbiq edilmədiyinə və vahid məhkəmə təcrübəsinə dair dəlillər əks olunmaqla əsaslandırılmalıdır.
2. Kassasiya şikayətində hüququn düzgün tətbiq edilmədiyinə dair dəlillər göstərilərkən məhkəmə tərəfindən mübahisəyə tətbiq edilməli olan hüquq normalarının tətbiq edilmədiyinə və ya natamam tətbiq edildiyinə, tətbiq edilməli olmayan normaların tətbiq edildiyinə, yaxud da normaların düzgün təfsir edilmədiyinə dair münasibət işin halları ilə əlaqəli şəkildə əsaslandırılmış qaydada təqdim olunmalıdır.
3. Kassasiya şikayətində vahid məhkəmə təcrübəsinə dair dəlillər göstərilərkən məhkəmənin iş üzrə gəldiyi nəticənin mövcud məhkəmə təcrübəsinə zidd olduğu və ya məhkəmə təcrübəsinin özünün ziddiyyətli olduğu, yaxud təcrübənin ümumiyyətlə olmadığı, yaxud da mövcud təcrübənin dəyişdirilməsinə zərurət yarandığı əsaslandırılmalıdır.
4. Baxılan mübahisə üzrə vahid məhkəmə təcrübəsi mövcud və aydın olduqda, eləcə də həmin təcrübə kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrildikdə, həmçinin təcrübə tərəflər üçün əlçatan və bəlli olduqda, əgər oxşar işlər üzrə kassasiya şikayəti həmin təcrübəni nəzərə almadan və ya təcrübəni dəyişdirməyə yönəlmiş yeni dəlillərə istinad olunmadan verilmişsə, şikayət əsaslandırılmamış hesab edilə bilər.
5. Hüququn düzgün tətbiq edilmədiyinə və vahid məhkəmə təcrübəsinə dair dəlillər kassasiya şikayətində lazımi qaydada əsaslandırılmadıqda, eləcə də şikayət hüququndan sui-istifadə edildikdə İnzibati Prosessual Məcəllənin 96.2 və 96.3-cü maddələrinə əsasən kassasiya şikayəti mümkün sayılmaya bilər”. Göründüyü kimi, hazırkı məsələ ilə bağlı kassasiya instansiya məhkəməsinin formalaşdırdığı vahid təcrübə mövcuddur. Məhkəmə qeyd edir ki, qanunvericilikdə təsbit olunan müddətlərin, o cümlədən məhkəmədə iddia qaldırmaq üçün müəyyən olunan müddətlərin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını müdafiə etməyə məcbur edir; ikinci, hüquq münasibətlərində qeyrimüəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanını yaradır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra – Avropa Məhkəməsi) Novakovic Xorvatiyaya qarşı iş üzrə 23 iyul 2015-ci il tarixli Qərarında müddətlərin düzgün tətbiqinin işin ədalətli həllinə təsiri ilə bağlı qeyd etmişdir ki, daxili qanunvericiliyin təfsiri problemlərini həll etmək ilk növbədə milli dövlət orqanlarına, xüsusən məhkəmələrə aiddir. Məhkəmənin rolu belə bir təfsirin nəticələrinin Konvensiyaya zidd olub-olmamasının yoxlanılmasından ibarətdir. Bu xüsusən sənədlərin tədqim edilməsi və ya şikayətlərin verilməsini tənzimləyən müddət məhdudiyyətləri kimi prosessual xarakterli qaydaların məhkəmələr tərəfindən tətbiqinə şamil edilir. Avropa Məhkəməsi məhkəmə iddiasını müəyyən edilmiş prosessual müddət daxilində vermək tələbinin ədalət mühakiməsinin düzgün həyata keçirilməsinin qanuni məqsədinə və xüsusən hüquqi müəyyənlik prinsipinə xidmət etdiyini vurğulamışdır. Qeyd edilənlərə əsasən məhkəmə bu qənaətə gəlir ki, Azərbaycan Respubikası Ali Məhkəməsini bu məsələ ilə bağlı formalaşdırdığı vahid təcrübənin olması da nəzərə alınmaqla, vergi ödəyicisinin elektron kabinetə yerləşdirdiyi qərar (inzibati akt) rəsmi qaydada təqdim edilmiş hesab olunmalıdır. İddiaçının hazırda mübahisələndirdiyi qərardan məlumatlı olması, onun həmin qərardan xx.xx.2025-ci il tarixdə inzibati şikayət verməsi ilə təsdiq edilir. İddiaçının nümayəndəsi və vəkili verdiyi izahatında həmin qərardan inzibati şikayət verdiyini bildirərək müddəti ötürülmədiyni bildirmişdir. Məhkəmə bununla bağlı qeyd edir ki, iddia ərizəsinə əlavə edilmiş Dövlət Vergi Xidmətinin 8.04.2025-ci il tarixli, 3-21-2-1/2-5802/2025 nömrəli, “Müraciətə baxılması və araşdırmada iştirak edilməsi barədə” məktubundan müəyyən edilir ki, iddiaçı inzibati şikyati xx.xx.2025-ci il tarixdə vermişdir. Göründüyü kimi, iddiaçı həmin qərardan məlumatlı olduğu halda inzibati şikayət verilməsi müddətini də ötürmüşdür. Belə ki, İPM-in 38.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində müddətində qaldırıla bilər. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq məhkəmə hesab edir, iddia mümkün sayılmamalıdır. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35, 80, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
İddia mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim Bəhlul Cəlalov