Məhkəmə qərarları › İş №e-2-1(112)-10351/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-10351/2024

07.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-10351/2024 07.08.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Cəfərova Yasəmən Fərman qızının katibliyi, cavabdehin nümayəndəsi X1 iştirakları ilə, iddiaçı "xxxx" MMC-nin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti X2 Baş İdarəsinə qarşı “faiz borcunun silinməsi” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: "xxxx" MMC (bundan sonra - iddiaçı) Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti X2 Baş İdarəsinə (bundan sonra - cavabdeh) qarşı iddia ərizəsi Bakı İnzibati Məhkəməsinə müraciət edərək, iddiaçının şəxsi hesab vərəqəsindəki tələbetmə müddəti bitmiş 800,52 manat faiz borcunun silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, vergi orqanının xx.xx.2017-ci və xx.xx.2018-ci il tarixli qərarlarına əsasən iddiaçıya 2017-ci ilin 2-ci rübü üzrə 6246 manat və 2017-ci ilin 3-cü rübü üzrə 452 manat sadələşmiş vergi üzrə vergi borcu hesablanmışdır. İddiaçı həmin tarixdən fəaliyyət göstərməmiş və gəlirləri olmadığından borc bağlanmamışdır. Hazırda vergi öhdəliyinin yerinə yetirilmə müddəti bitdiyi üçün borclar ümidsiz borclar kimi silinməlidir. Həmçinin müəssisənin silinməli borclarına görə rəhəbrinin ölkədən getmək hüququ məhdudlaşdırılmış və beləcə sərbəst hərəkətlə bağlı konstusion hüququ pozulmuşdur. Cavabdehə silinmə ilə bağlı rəsmi müraciət edilsə də, silinmədən qeyri-qanuni olaraq imtina edilmişdir. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz məhkəməyə təqdim edilmişdir. Etirazda göstərilmişdir ki, iddiaçının dövlət büdcəsinə yaranmış vergi borcunun silinməsi barədə müraciətinə aidiyyəti üzrə baxılmış və müraciəti xx.xx.2024-cü il tarixli məktubla cavablandırmışdır. Həmin məktub ilə iddiaçıya məlumat verilmişdir ki, onun dövlət büdcəsinə xx.xx.2024-cü il tarixə borcu - vergilər üzrə 100 manat maliyyə sanksiyası, 800,52 manat faiz borcudur. Aparılmış araşdırma zamanı fəaliyyət göstərilən müvafiq dövrlər ərzində iddaçının bank hesablarına vəsaitlər daxil olmasına baxmayaraq, öhdəliklərin yerinə yetirilmədiyi məlum olmuşdur. Həmçinin, vergi orqanı tərəfindən hüquqi şəxslərin elektron kabinetinə göndərilmiş kameral vergi yoxlaması üzrə uyğunsuzluq məktublarında bank hesablarına pul vəsaitlərinin daxil olduğu barədə məlumatlar əks edilmişdir. Məhkəməyə təqdim olunmuş sənədlərdən də göründüyü kimi xx.xx.2024-cü il tarixə iddiaçnın ümumilikdə 800,52 manat faiz üzrə borcunun tələbetmə müddətinin bitdiyi müəyyən edilmişdir. İddiaçının faiz borcu 2017-ci ilin İİ və İİİ rübləri üzrə hesablanmış sadələşdirilmiş verginin vaxtında ödənilməməsi nəticəsində yaranmışdır. Aparılmış araşdırma zamanı vergi orqanı tərəfindən vergi ödəyicilərinin borc məbləğlərinin alınması istiqamətində əmlaklarının siyahıya alınması barədə hər hansı sənəd və ya məlumatlar müəyyən edilməmişdir. Borcların alınması istiqamətində tədbirlər natamam həyata keçirilmiş vergi ödəyicilərinə münasibətdə vergi borclarının silinməsi məqsədəmüvafiq hesab edilmir. 5 illik tələb etmə müddətinin bitməsi əsas gətirilərək, xüsusilə də borcların alınması istiqamətində tədbirləri natamam həyata keçirilmiş vergi ödəyicilərinə münasibətdə vergi borclarının silinməsi həyata keçirilməməli, lakin bu müddətdən sonra vergi borcu tələb edilməməlidir. Bununla yanaşı vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borclar məhkəmə qərarı ilə ümidsiz borc hesab edildikdə qanunla müəyyən edilmiş qaydada şilinə bilər. Digər hallarda vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borclar məhkəmə qərarı ilə ümidsiz borc hesab edildikdə qanunla müəyyən edilmiş qaydada silinə bilər. Müvafiq ümidsiz borc məbləğinin silinməsi Vergi Məcəlləsinin 93.1.3-cü maddəsinə əsasən məhkəmə qərarının qüvvəyə mindiyi tarixdən 5 illik müddət keçdikdə mümkündür. Vergi ödəyici tərəfindən vergi öhdəliklərinin yerinə yetirilməsi ilə bağlı vergi orqanı tərəfindən müvafiq tədbirlər görülmüşdür. Belə ki, hesablanmış vergi borclarının ödənilməsi üçün “Vergi borcunun ödənilməsinə dair” bildirişlər göndərilmiş və Vergi Məcəlləsinin 65.1-ci maddəsinə əsasən göndərilmiş bildirişlərdə göstərilən borcların 5 gün müddətində ödənilməsinin təmin edilməsi tələb edilmişdir. Bildirişdə borcların dövlət büdcəsinə vaxtında ödənilməməsinə görə əlavə tədbirlərin görüləcəyi qeyd olunmuşdur. Lakin yaranmış borc məbləğləri ödənilməmişdir. Eləcə də, cavabdeh tərəfindən borc məbləğləri ilə bağlı banklara və ya digər kredit təşkilatlarına icra (ödəniş) sənədi olan sərəncamın göndərilməsi təmin edilmişdir. İddiaçıya məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 62.3-cü maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia ərizəsinə yazılı etirazla oxşar məzmunlu izahat verırık iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. İş üzrə məhkəmə tərəfindən aşağıdakı sübutlar tədqiq edilmişdir. İş materiallarından görünür ki, iddiaçının hüquqi ünvanı Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi, ev 4, mənzil 1-dir. İddiaçı ********** VÖEN-i ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində qeydiyyatdan keçmişdir. İşdə olan iddiaçının 2017-ci ilin 3 rübü üzrə sadələşdirilmiş vergi bəyannaməsindən görünür ki, iddiaçı tərəfindən rübün birinci ayında təqdim edilmiş malların (işlərin, xidmətlərin) dəyəri 113000 manat olmuşdur. Sonrakı aylarda isə həmin göstərici 0 olmuşdur. İddiaçının şəxsi hesab vərəqəsindən görünür ki, iddiaçının 2017-ci il üzrə xx.xx.2024-cü il tarixinə 800,52 manat faiz borcu mövcuddur. İddiaçı tərəfindən 800,52 manat faiz borcunun silinməsi ilə bağlı cavabdehə müraciət edilmiş və cavabdeh bundan imtina etmişdir. İmtina cavabı iddia ərizəsinə verilmiş yazılı etirazla oxşar məzmunda əsaslandırılmışdır. İddianın mümkünlüyü: İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli Qərarının 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Göründüyü kimi iddiaçı hazırkı iddia tələbində ona 2017-ci il üzrə hesablanmış 800,52 manat faiz borcunun şəxsi hesab vərəqəsindən silinməsini xahiş edir. İddia tələbi mahiyyətcə öhdəliyin icrası ilə bağlıdır. Cavabdeh iddiaya cavab verməli olan inzibati orqandır. İddiaçı həmin tələblə cavabdehə müraciət etmiş və cavabdeh tərəfindən tələbin təmin edilməsindən imtina edilmişdir. Bu səbəbdən məhkəmə iddianı mümkün hesab etmişdir. İddianın mahiyyəti üzrə məhkəmənin mövqeyi: Azərbaycan Respublikasının Vergi Məcəlləsində (bundan sonra – Vergi Məcəlləsi) göstərilmişdir ki, hər bir vergiyə dair ödənilmə müddətləri müəyyən edilir. Vergilərin müəyyən edilmiş ödənilmə müddətinin dəyişdirilməsi yalnız bu Məcəllə ilə müəyyən edilmiş qaydada həyata keçirilə bilər (85.1.). Vergilərin (o cümlədən cari vergi ödəmələrinin) ödənilmə müddətlərinin pozulmasına görə vergi ödəyicisi bu Məcəllə ilə müəyyən edilmiş qaydada və şərtlərlə faiz ödəyir (85.2.). Vergi orqanları vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində vergi ödəyicisinin vergisini, faizləri və maliyyə sanksiyasını hesablamaq və hesablanmış məbləği yenidən hesablamaq, verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış (yenidən hesablanmış) məbləğini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra (səyyar vergi yoxlaması zamanı əlavə hesablanmış vergilər, faizlər və maliyyə sanksiyaları üzrə səyyar vergi yoxlamasının materiallarına baxılmanın nəticələri üzrə çıxarılmış qərarın tarixindən etibarən) 5 il ərzində tutmaq hüququna malikdirlər. Bu maddə ilə müəyyən edilən 3 illik müddət (məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları istisna olmaqla) səyyar vergi yoxlamasının keçirilməsi barədə vergi orqanının qərar qəbul etdiyi tarixdən əvvəlki 3 illik dövrü əhatə edir. Vergi ödəyicisi tərəfindən bu maddədə göstərilən müddətdə təqdim edilən vergi bəyannaməsi üzrə vergi orqanı tərəfindən vergilərin hesablanması bu Məcəllənin 37.2-ci maddəsində göstərilən müddətdə həyata keçirilir (85.4.). Göründüyü kimi vergiləri ödəmək hər bir vətəndaşın borcu olsa da, qanun vergi ödəyicisinə vergilərin hesablanması və hesabanmış vergilərin ondan tutulması ilə bağlı vergi orqanı üçün müddət müəyyən edir. Belə ki, hesabat dövrü bitdikdən sonra vergi orqanı 3 il ərzində həmin dövr üçün olan vergiləri hesablamaq və hesabat dövründən 5 il keçənə qədər həmin vergiləri tutmaq hüququna malikdir. Hazırkı iddiasında iddiaçı 2017-ci il üzrə ona hesablanmış faiz borcunun tutulması üçün qanunvericilikdə müəyyən edilmiş müddətin keçməsi səbəbindən, həmin borcun iddiaçının şəxsi hesab vərəqəsindən silinməsini xahiş edir. Cavabdehin etirazının əsasları isə ondan ibarətdir ki, iddiaçıya münasibətdə vergi borcunun alınması istiqamətində tədbirlər natamam həyata keçirildiyindən, ona hesablanmış vergi borcu silinə bilməz. Vergi Məcəlləsində həmçinin göstərilir ki, vergilər, faizlər və maliyyə sanksiyaları üzrə ümidsiz borclar vergi orqanları tərəfindən aşağıdakı hallarda silinir: bu Məcəllədə müəyyən edilmiş vergi öhdəliyinin yerinə yetirilməsi müddəti qurtardıqda; bu Məcəllədə müəyyən edilmiş əsaslar üzrə vergi öhdəlikləri qüvvədən düşdükdə, qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə təmin edilmiş vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının (məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları istisna olmaqla) dövlət büdcəsinə alınması barədə məhkəmə qərarının qüvvəyə mindiyi tarixdən 5 illik müddət keçdikdə (93.1.). Digər hallarda vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borclar məhkəmə qərarı ilə ümidsiz borc hesab edildikdə qanunla müəyyən edilmiş qaydada silinə bilər (93.2.). Göründüyü kimi Vergi Məcəlləsinin 85.4-cü maddəsi vergi orqanı üçün vergilərin hesablanması üçün hesabat dövrü bitdikdən sonra 3 il, vergilərin tutulması üçün həmin dövr bitdikdən sonra 5 il tələbetmə müddəti müəyyən edir. Məcəllənin 93.1-ci maddəsi isə vergi öhdəliklərinin qüvvədən düşməsi nəticəsində vergi borcunun silinməsinin vergi orqanı tərəfi ndən həyata keçirilməsini təsbit etmişdir. İddiaçının silinməsini tələb etdiyi borc 2017-ci il üçün hesablanmış faiz borcudur. Göründüyü kimi həmin borcun hesablanmasından 5 ildən artıq müddət keçmişdir. Vergi orqanı üçün həmin borcun tutulması ilə bağlı qanunla müəyyən edilmiş müddət keçmişdir. Lakin, cavabdeh həmin borcun silinməsindən imtina etmiş və bunu həmin borcun iddiaçıdan tutulması üçün zəruri olan tədbirlərin tam həyata keçirilməməsi ilə əlaqələndirmişdir. Məhkəmə cavabdehin həmin dəlilini əsassız hesab edərək qeyd edir ki, həmin hal iddiaçının tələbindən imtina üçün əsas deyildir. Belə ki, vergi orqanı tərəfindən verginin tutulması üçün zəruri tədbirlərin həyata keçirilməməsi həmin vergi borcu üzrə, tələbetmə müddətinin ötməsi səbəbindən borcun qüvvədən düşməsi üçün əsas deyildir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia təmin olunmalı, iddiaçının şəxsi hesab vərəqəsində tələbetmə müddəti bitmiş 800,52 manat faiz borcunun silinməsi öhdəliyi cavabehin üzərinə qoyulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şəxsi hesab vərəqəsində olan 2017-ci il üçün hesablanmış 800 (səkkiz yüz) manat 52 (əlli iki) qəpik faiz borcunun silinməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti X2 Baş İdarəsinin üzərinə qoyulsun. Qərardan onun rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar