Məhkəmə qərarları › İş №e-2-1(112)-10353/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-10353/2025

13.01.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-10353/2025 13.01.2026 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ iddiaçı X7 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlilliyin təyin edilməsi” tələbinə dair iddiası üzrə Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, Vəliyeva Şəms Aslan qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi X4 iştirakları ilə, iddiaçı X5 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlilliyin təyin edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 13 yanvar 2026-cı il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi 29), açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək X6 birinci dərəcə əlilliyin təyin olunmasından imtina barədə cavabdehin xx.xx.2025-ci il tarixli qərarını ləğv edərək iddiaçıya münasibətdə xx.xx.2024-cü il tarixdən birinci dərəcə əlilliyin təyin olunması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı tərəfin ərizələri nəzərə alınaraq, məhkəmənin müvafiq qərardadları ilə iş üzrə iddiaçı əsl iddiaçı X7 ilə əvəz edilmiş, iddia tələbi isə “X6 X13 tərəfindən verilən xx.xx.2025-ci il tarixli, S00253177GDY nömrəli tibbi göndəriş (Forma 88) əsasında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli, 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 14.10.5.2-ci yarımbəndinə əsasən orqanizmin funksiyalarının pozulması faizi 85-100 faiz olmaqla 2 il müddətinə əlillik təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsi” kimi dəqiqləşdirilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 14 may 2014-cü il təvəllüdlü X5 2019-cu ildən etibarən sağlamlığında problemlər yaranmış və nəticədə ona qan xərçəngi diaqnozu qoyulmuşdur. Bundan sonra xəstəxana tərəfindən 0172003AABEM nömrəli Forma-088 (göndəriş vərəqəsi) doldurularaq əlilliyinin qiymətləndirilməsi məqsədilə Tibbi-Sosial Еksрегtiza Komissiyasına göndərilmişdir. Həmin göndəriş əsasında iddiaçıya “Kəskin limfoblast leykemiya. X9 variant L1, Bİİ. Orta risk qrupu kəskin period” diaqnozu ilə cavabdeh tərəfindən xx.xx.2019-cu il tarixində üç illik müddətə xx.xx.2022-ci il tarixinədək İ dərəcə əlillik təyin olunmuşdur. İddiaçı əlil statusu daşıdığı 3 illik müddətdə mütəmadi olaraq müayinə olunmuş, bir müddətdən sonra artıq müalicə həkimi kimyaterapiyaya zərurət yarandığını bildirməsi səbəbi ilə kimyaterapiya başlamışdır. İddiaçı 6 ay müddətində həftədə iki dəfə, 6 ay sonra isə həftədə 1 dəfə kimyaterapiya olunmağa başlamışdır. Əlilliyinin qüvvədə olma müddəti bitənə yaxın yenidən göndəriş vərəqəsi ilə əlilliyinin qiymətləndirilməsi üçün TSEK-ə müraciət edilmişdir. Baş Səhiyyə İdarəsinin N00021210MXZ nömrəli göndərişi əsasında onun əlilliyi xx.xx.2022-ci il tarixində qiymətləndirilərək ona xx.xx.2024-cü il tarixinə qədər təkrar olaraq “kəskin limfoblast leykemiya (ALL), Kəskin limfoblast leykemiya” diaqnozu ilə birinci dərəcə əlillik təyin edilmişdir. Növbəti dəfə iddiaçının əlilliyinin qiymətləndirilməsi məqsədilə X8 D00225293İGG nömrəli göndərişi əsasında xx.xx.2024-cü il tarixində göndərişin natamam doldurulması əsası ilə əlillik təyinatının aparılması mümkün olmamış göndəriş geri qaytarılmışdır. İddiaçı 30 sentyabr 2024-cü il tarixindən pensiya almır. Əlilliyinin qiymətləndirilməsi və ona əlillik təyin edilməsi məqsədilə xx.xx.2025-ci il tarixində tibb müəssisəsinin S00253177GDY nömrəli göndərişi TSEK-ə göndərilmişdir. 28 fevral 2025-ci il tarixində iddiaçı əyani müayinədən keçməsi üçün cavabdeh quruma yaxınlaşmış və həkim mütəxəssislər tərəfindən əyani müayinə olunmuşdur. Ona qoyulmuş diaqnoz “Kəskin limfoblast leykemiya (ALL), B hüceyrəli kəskin limfoblast leykoz” olmuş və barəsində xx.xx.2025-ci il tarixdən “Diaqnozun əlillik əlaməti təyin etməməsi” barədə qərar qəbul edilmişdir. Lakin bu günə kimi həmin qərar iddiaçı tərəfə təqdim olunmamışdır. İddiaçı tərəf məhkəməyə müraciət etmək niyyətində olduğu üçün cavabdeh quruma yaxınlaşaraq həmin qərarı əldə etmişdir. Bu məqsədlə cavabdehə yaxınlaşdıqda iddiaçıya dair “Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi” vərəqəsi təqdim olunmuşdur. Həmin vərəqin sağ aşağı küncündə onun Əlillik Altsistemindən çıxarılma tarixi qeyd olunmuşdur. xx.xx.2025-ci il tarixində çap edilmişdir. TSEK tərəfindən bu qərarın qəbulu zamanı qanunvericiliyin tələbləri pozulmuşdur. Belə ki, TSEK-in şəxsi əyani müayinəyə dəvət edərək əlilliyini qiymətləndirməsi üçün əsas olmadığı halda şəxs əlavə əyani müayinəyə cəlb olunmuşdur. Cavabdeh qurum tərəfindən, həmçinin, inzibati icraatın əsas prinsiplərindən biri olan etimad hüququnun qorunması prinsipi də kobud şəkildə pozulmuşdur. Belə ki, mövcud praktikaya əsasən iddiaçıda olan diaqnoz qoyulmuş şəxslərə İ dərəcə əlillik təyin edildiyi halda cavabdeh əlilliyin təyin olunmasından imtina barədə Qərar qəbul etmişdir. Göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsi məhkəmədən xahiş edilmişdir. Cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən məhkəməyə təqdim edilmiş yazılı münasibətdə iddiaçının tələbinə etiraz edilərək bildirilmişdir ki, X7 “Kəskin limfoblast leykemiya [ALL], B hüceyrəli kəskin limfoblast leykoz” diaqnozu ilə müayinə edilmiş və “Diaqnoz əlillik əlaməti təyin etmir” barədə qərar qəbul edilmişdir. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia tələbini dəqiqləşdirilmiş formada müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya qarşı təqdim edilmiş etirazı müdafiə edərək tələbin təmin edilməməsini xahiş etdi. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə ilk öncə qeyd edir ki, irəli sürülmüş iddia məcburetmə haqqında iddia olduğundan inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş edir. İPM-in 2.2.2-ci maddəsinə əsasən, inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən, məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 33.2-ci maddəsinə əsasən, bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Həmin Məcəllənin 38.2-ci maddəsinə əsasən, məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 59.1.5-ci maddəsinə əsasən, yazılı inzibati aktda həmin akta qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə müddəti və bununla bağlı maraqlı şəxsin şikayət (iddia) verə biləcəyi orqan (orqanlar, o cümlədən məhkəmə) haqqında məlumat əks olunmalıdır. Məhkəmə qeyd edir ki, xx.xx.2025-ci il tarixli tibbi göndəriş əsasında əlillik vəziyyəti qiymətləndirildikdən sonra nəticəsi üzrə qəbul edilmiş inzibati aktın iddiaçıya nə zaman təqdim edilməsi və ona hüquqi müdafiə vasitələrinin izah edilməsinə dair cavabdeh tərəfindən hər hansı sübut təqdim edilməmişdir. Halbuki, “İnzibati icraat haqqında” Qanunun 62.1-ci maddəsinə əsasən, inzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. Məhkəmə hesab edir ki, iddia ərizəsi tələb olunan mümkünlük şərtlərinə cavab verir. İddianın əsaslılığı: Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: -Milli Hematologiya və Transfuziologiya Mərkəzinin uşaq şöbəsi tərəfindən verilmiş stasionar xəstənin tibbi kartasından çıxarışdan görünür ki, X7 xx.xx.2019-xx.xx.2019-cu il tarixlərdə “Kəskin leykoz, limfoblast variant, L1. KLL B İİ (Common). Orta Risk qrupu. Kəskin period. Tam remissiya” kliniki diaqnozu ilə stasionarda olmuşdur. -TSEK müayinələrinə dair Əlillik altsistemindən çıxarışlara əsasən, X7: -xx.xx.2019-cu il tarixdə müayinə olunmuş və "X2: İİ Sinif – Bədxassəli yenitörəmələr => C81-C96 – Limfoid, qanyaradıcı və onlara mənşə və quruluşca yaxın toxumaların bədxassəli yenitörəmələri => C91 – Limfoid leykoz (limfoleykoz) => C91.0 – Kəski..., Diaqnozun mətni: Kəskin leykoz, limfoblast variant L1.KLL Bİİ (Common) orta orta risk qrupu. Kəskin period. Tam remissiya” diaqnozu, göndərişin natamam doldurulması səbəbi ilə imtina olunmuşdur. -xx.xx.2019-cu il tarixdə müayinə olunmuş və "Səbəbi: Ümumi xəstəlik, X2: İİ Sinif – Bədxassəli yenitörəmələr => C81-C96 –Limfoid, qanyaradıcı və onlara mənşə və quruluşca yaxın toxumaların bədxassəli yenitörəmələri => C91 – Limfoid leykoz (limfoleykoz) => C91.0 – Kəski..., Diaqnozun mətni: Kəskin limfoblast leykemiya. X9 variant L1. Bİİ. Orta orta risk qrupu kəskin period." səbəbi ilə 3 il müddətinə əlillik verilmişdir. -xx.xx.2022-ci il tarixdə müayinə olunmuş və "Səbəbi: Ümumi xəstəlik, X2: C91.0 - Yenitörəmələr => Limfoid, qanyaradıcı və onlara mənşə və quruluşca yaxın toxumaların bədxassəli yenitörəmələri => Leykozlar, xroniki miyeloid leykemiya => Kəskin faza (akselerasiya, blast tutmaları), Diaqnozun mətni: Kəskin limfoblast leykemiya [ALL], Kəskin limfoblast leykemiya. Diaqnoz şərhi: Kliniko hematoloji remissiya. Dəri örtüyü solğun, dodaqları və dırnaq yataqları avazımış. Gözlərin altı kölgəli, şişkindir. Dərialtı piy təbəqəsi zəif inkişaf etmişdir. Dalaq və qaraciyər əllənmir” səbəbi ilə 2 il müddətinə əlillik verilmişdir. -xx.xx.2024-cü il tarixdə müayinə olunmuş və "Diaqnozun mətni: Əsas diaqnoz C91.0 Kəskin limfoblast leykemiya [ALL], B hüceyrəli kəskin limfoblast leykoz” diaqnozu, göndərişin natamam doldurulması səbəbi ilə imtina olunmuşdur. -xx.xx.2025-ci il tarixdə müayinə olunmuş və "Diaqnozun mətni: Kəskin limfoblast leykemiya [ALL], B hüceyrəli kəskin limfoblast leykoz” diaqnozu, göndərişin natamam doldurulması səbəbi ilə imtina olunmuşdur. -xx.xx.2025-ci il tarixli əyani müayinə aktından görünür ki, aparılan əyani müayinə zamanı X5 hal-hazırkı vəziyyəti ilə tibbi sənədlərində qeyd edilmiş “Kəskin limfoblast leykemiya [ALL], B hüceyrəli kəskin limfoblast leykoz” diaqnozu arasında uyğunluq olmaması və əlillik təyinatına əsas olmaması müəyyən edilmişdir. -Milli Hematologiya və Transfuziologiya Mərkəzi tərəfindən verilmiş ambulator xəstənin kartından çıxarışdan görünür ki, X7 “A- Əsas diaqnoz – C91.0 Kəskin limfoblast leykemiya [ALL]” diaqnozu ilə xx.xx.2025-ci il tarixdə giriş etmişdir. Hal-hazırda xəstə dispanser qeydiyyatındadır. Mütəmadi olaraq müalicə və müayinə üçün müraciət edir. İşin məhkəmə araşdırması zamanı məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə-tibbi ekspertizası təyin edilərək ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X11-Təcrübi və Tədris Birliyinə tapşırılmış və ekspertlər qarşısında aşağıdakı suallar qoyulmuşdur:

1. xx.xx.2014-cü il təvəllüdlü X5 canlı müayinə olunmaqla (zərurət yarandıqda instrumental müayinə vasitələrindən istifadə olunmaqla) xəstəlik (xəstəliklər) diaqnozu müəyyən edilsin.

2. X5 canlı müayinəsi zamanı xx.xx.2025-ci il tarixli, S00253177GDY nömrəli göndərişdə (Forma 88) qoyulmuş diaqnoz müəyyən olunurmu?

3. X5 canlı müayinəsi zamanı onda hal-hazırda hansı xəstəlik və qüsurlar (X1 10-cu yenidən işlənmiş variantında göstərilmiş kodlara uyğun göstərilməklə) aşkar olunur?

4. X5 əyani müayinəsi zamanı onda kəskin limfoblast leykemiya (ALL), B hüceyrəli kəskin limfoblast leykoz müəyyən olunurmu?

5. X5 əyani müayinəsi zamanı onda leykozlar, xroniki miyeloid leykemiya (C91) diaqnozu təsdiqini tapırsa, bu xəstəliyin onda xroniki fazaya keçməsi, yaxud bu xəstəlik nəticəsində onda dalağın böyüməsi müşahidə olunurmu? Əgər dalağın böyüməsi müşahidə olunursa (böyümənin ölçüləri müəyyən edilsin), bu hal iddiaçının ümumi vəziyyətinə hansı formada təsir edir?

6. X5 əyani müayinəsi zamanı onda leykozlar, xroniki miyeloid leykemiya (C91) diaqnozu təsdiqini tapırsa, bu xəstəliyin onda kəskin fazaya keçməsi (akselerasiya, blast tutmaları) müşahidə olunurmu?

7. Tibbi terminologiya baxımından “akselerasiya, blast tutmaları” nədir? Və bu ağırlaşma şəxsin sağlamlıq vəziyyətində hansı formada təzahür edir? Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X11- Təcrübi və Tədris Birliyi tərəfindən verilmiş T 780/2025 nömrəli, xx.xx.2025-ci il tarixli ekspert rəyinin nəticə hissəsində aşağıdakılar bildirilmişdir: 1-5-ci suallar üzrə: Azyaşlı S.S.Məmmədzadənin iş materiallarında olan tibbi sənədlərinə əsasən əlillik vəziyyətinin tibbi-sosial ekspert komissiyası tərəfindən qiymətləndirilməsi üçün adına X13 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, S00253177GDY saylı Forma 088 göndərişində qeyd edilmiş “Kəskin limfoblast leykemiya (ALL), B hüceyrəli kəskin limfoblast leykoz” diaqnoz ona stasionarlarda müayinə və müalicə zamanı obyektiv, kliniki, laborator-instrumental müayinələr əsasında müəyyən edilsə də, xəstəlik halhazırda remissiya mərhələsində olmuşdur. Azyaşlı S.S.Məmmədzadənin xx.xx.2025-ci il tarixdə abdominal USM zamanı dalağın konturları hamar və aydın, ölçüləri (norma 12-6 sm-ə qədər) uzunluğu 8-14 sm, eni – 4.04 sm, parenxima eynicinsli, törəmə yoxdur. 6-cı və 7-ci suallar üzrə: Qərardadın müvafiq sualları meyarların təyini ilə əlaqədar olduğundan onların həlli məhkəmə-tibbi ekspertinin deyil, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli, 11 saylı Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 1-ci bəndinə görə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X3- Sosial Ekspert Komissiyaları tərəfindən həyata keçirilir.

Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq:

Məhkəmə iddianın qanuni əsasları ilə bağlı aşağıdakı normalara istinad edir: Belə ki, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun: -3.1-ci maddəsinə əsasən, şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. -3.2-ci maddəsinə əsasən, şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. -3.3-cü maddəsinə əsasən, əlilliyin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. -3.4-cü maddəsinə əsasən, əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq edir. Azərbaycan Respublikası Prezidentinin 30 iyun 2020-ci il tarixli 1077 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət Tibbi-Sosial Ekspertiza və Agentliyinin” Nizamnaməsinin: -1.1-ci bəndinə əsasən Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi əlilliyin müəyyən edilməsi və əlilliyi olan şəxslərin reabilitasiyası sahəsində (müvafiq sahə) fəaliyyət göstərən publik hüquqi şəxsdir; -2.1-ci bəndinə əsasən strukturuna daxil olan tibbi-sosial ekspert komissiyaları vasitəsilə əlilliyin qiymətləndirilməsini həyata keçirmək Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin fəaliyyət istiqamətlərinə daxildir; -3-cü bəndinə əsasən müvafiq sahədə tibbi-sosial ekspertiza keçirərək, şəxslərin əlilliyini və reabilitasiya imkanlarını qiymətləndirmək, əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlilliyinin dərəcəsini, əlilliyin müddəti və səbəbi barədə qərar qəbulunu təmin etmək, fəaliyyət istiqamətləri üzrə rəy və təkliflər vermək, təhlillər və ümumiləşdirmələr aparmaq, analitik materiallar hazırlamaq bu Nizamnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin vəzifələri sırasına daxildir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş «Əlilliyin qiymətləndirilməsi Qaydası»nın: -1.2-ci bəndinə əsasən, Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra-Nazirlik) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra-Xidmət) tibbi-sosial ekspert komissiyaları (bundan sonra-TSEK) tərəfindən həyata keçirilir. -1.6-cı bəndinə əsasən, əlilliyin səbəbinin, dərəcəsinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra altsistem) vasitəsilə aparılır. -1.8-ci bəndinə əsasən, əlillik Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda nəzərdə tutulan insanın həyat fəaliyyətinin əsas kateqoriyaları və onların məhdudlaşma dərəcələri və “Əlilliyin müəyyən olunması meyarları”na Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə əsasən müəyyən olunur. -2.1-ci bəndinə əsasən, şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra- Komissiya) tərəfindən “Tibbisosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. -2.4-cü bəndinə əsasən, TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Xidmət tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. -2.9-cu bəndinə əsasən, göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın: -3.1-ci bəndinə əsasən, anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 3.1.1. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİİ dərəcə məhdudlaşması halında – 81-100 faiz; 3.1.2. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİ dərəcə məhdudlaşması halında – 61-80 faiz; 3.1.3. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması halında – 31-60 faiz. 3.2. Xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının klinik funksional xüsusiyyətləri, XBT-10, orqanizmin funksiyalarının pozulması faizi və müddəti bu Meyarlara Əlavədə müəyyən edilmişdir. XBT-10 – xəstəliklərin və sağlamlıqla bağlı problemlərin beynəlxalq statistik təsnifatı, X baxış. Beləliklə, hazırkı halda iddiaçının hüquqi marağı və məqsədi X13 tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, S00253177GDY nömrəli tibbi göndəriş (Forma 88) üzrə orqanizmin funksiyalarının pozulma faizinə uyğun olaraq (85-100 % arası) müvafiq əlilliyin təyin edilməsindən ibarətdir. Bununla bağlı cavabdehə müraciəti “Diaqnoz əlillik əlaməti təyin etmir” səbəbi ilə təmin edilməmişdir. Məhkəmə iş üzrə toplanmış sübutları nəzərdən keçirərək hesab edir ki, cavabdehin imtinası qanunauyğun olmamışdır. Ona görə də iddiaçıya xx.xx.2025-ci il tarixli göndəriş əsasında əlillik təyin edilməlidir. Belə ki, X13 tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, S00253177GDY nömrəli tibbi göndərişdən (Forma 88) görünür ki, iddiaçıda aşağıdakı xəstəliklər müəyyən edilmişdir: Əsas diaqnoz – C91.0- Kəskin limfoblast leykemiya [ALL], B hüceyrəli kəskin limfoblast leykoz. Məhkəmə iddiaçının əlilliyinin qiymətləndirildiyi xx.xx.2025-ci il tarixli göndərişdəki (Forma 88) və ekspert rəyində müəyyən edilmiş xəstəliklər diaqnozunu nəzərdən keçirərək hesab edir ki, iddiaçıya müvafiq əlilik dərəcəsinin təyin edilməsi üçün əsaslar mövcuddur. Belə ki, iş materiallarında olan sənədlərdən və tərəflərin məhkəmə iclasında verdiyi izahatlarından müəyyən olunur ki, iddiaçı barəsində eyni diaqnoz üzrə ilk dəfə xx.xx.2019cu il tarixdən xx.xx.2022-ci il tarixədək 3 il müddətinə, daha sonra xx.xx.2022-ci il tarixdən xx.xx.2024-cü il tarixədək 2 il müddətinə orqanizmin funksiyalarının 100 % pozulması ilə əlillik təyin edilmiş (cavabdeh tərəfindən bu halın əksini, yaxud əvvəlki qiymətləndirmələrin əsassız olmasını təsdiq edən hər hansı sübut təqdim olunmamışdır), əlillik müddəti bitdiyindən xx.xx.2025-ci il tarixli göndəriş əsasında yenidən əyani müayinə olunaraq “diaqnoz əlillik əlaməti təyin etmir” səbəbindən imtina verilmişdir. Cavabdeh qurum iddiaçının təqdim etdiyi diaqnoz üzrə əlillik təyinatı aparmaqdan imtina etmiş və bunu həmin diaqnozun “Əlilliyin müəyyən olunması meyarları”na uyğun olmaması ilə əsaslandırmışdır. Lakin təqdim olunmuş sənədlər və iş materiallarından görünür ki, cavabdeh tərəf təqdim edilən göndəriş sənədində əks olunan xəstəliklərin və diaqnostik nəticələrin iddiaçıda mövcud olmasını mübahisələndirməmiş, sadəcə həmin xəstəliklərin əlilliyin təyininə əsas vermədiyini hesab etmişdir. Həmçinin nəzərə alınmalıdır ki, ekspert rəyində iddiaçıda qeyd olunan xəstəliklərin olduğu göstərilmiş və hal-hazırda remissiya mərhələsində olduğu qeyd edilmişdir. Göründüyü kimi ekspert rəyi ilə iddiaçıda qeyd olunan diaqnozun mövcudluğu və xəstəliyin davam etməsi təsdiq edilmişdir. İddiaçının diaqnozuna uyğun olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli, 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 14.10.5-ci bəndində C91-C93 XBT kodu altında nəzərdə tutulan “leykozlar, xroniki miyeloid leykemiya” xəstəliyi aşağıdakı hallarda əlilliyin təyini üçün əsas verir: 14.10.5.1. xroniki faza, ümumi vəziyyətə təsirdən asılı olaraq, dalağın böyüməsi 65-80 faiz – müddətsiz. 14.10.5.2. kəskin faza (akselerasiya, blast tutmaları) 85-100 faiz – 2 il. Göründüyü kimi, istinad olunan Meyarlara əsasən şəxsə C91-C93-kodu altında qeyd olunmuş diaqnoz qoyularkən 14.10.5.1-14.10.5.2-ci altbəndlərdə nəzərdə tutulmuş ağırlaşmalar üzrə qiymətləndirilmə aparılmalıdır. Həmin qiymətləndirilmədən asılı olaraq şəxsin sağlamlıq vəziyyətində müvafiq ağırlaşmalar müəyyən edildiyi halda, orqanizmin funksiyalarının pozulmasının faiz dərəcəsi və müddəti müəyyən edilməklə əlillik dərəcəsi təyin edilir. Məhkəmə qeyd edir ki, iddiaçının təqdim etdiyi tibbi sənədlər və ekspert rəyi əsasında onda qeydə alınmış “Kəskin limfoblast leykemiya [ALL], B hüceyrəli kəskin limfoblast leykoz” kompleks şəkildə orqanizmə sistemli təsir göstərmiş və davamlı xarakter daşıyan funksional pozuntulara səbəb olmuşdur. Nəzərə alınmalıdır ki, həmin xəstəlik iddiaçının orqanizminin “leykozlar, xroniki miyeloid leykemiya” xəstəliyinə dair kəskin fazada ağırlaşmasının göstəricisidir. Qeyd olunan funksional pozuntuların xarakteri və davamlılığı da Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli, 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 14.10.5.2-ci bəndində nəzərdə tutulan ağırlaşmalar halına uyğundur. Göstərilən xəstəliklər iddiaçının orqanizminin funksiyalarının 85-100 faiz pozulması kimi qəbul edilməsinə və ona 2 il müddətinə əlillik təyin edilməsi üçün əsas verir. Məhkəmə hesab edir ki, sözügedən xəstəliyin hazırda remissiya mərhələsində olması bu xəstəliyin tam sağalması və ya gələcəkdə ağırlaşmaların baş verməsi ehtimalının aradan qalxması demək deyildir. Belə ki, iddiaçıda sözügedən xəstəliyin əvvəllər yüksək faizlə orqanizmin funksiyalarının pozuntusuna səbəb olması, bununla da davamlı xarakter daşıması, bu xüsusda uzunmüddətli tibbi nəzarət və müalicə tələb etdiyi nəzərə alındıqda, xəstəliyin remissiya mərhələsində olması (kliniki əlamətlərinin müvəqqəti zəifləməsi və ya itməsi) halı bu xəstəliyin yenidən aktivləşməsi və sağlamlıq vəziyyətinə mənfi təsir göstərməsi riskini istisna etmir. Odur ki, məhkəmə cavabdehin remissiya faktına əsaslanan arqumentlərini iddianın təmin edilməsini istisna edən yetərli əsas kimi qəbul etmir. Oxşar mübahisələr üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-1882/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə cavabdehin kassasiya şikayəti mümkün sayılmamışdır. Məhkəmə kollegiyası qeyd etmişdir ki, “…kassasiya şikayətinin məhkəmələr tərəfindən cavabdehin səlahiyyəti ilə bağlı əsassız qərar qəbul edilməsi dəlilinə münasibətdə kassasiya instansiyası məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-522/2024 nömrəli, 2-1(102)-1428/2024 nömrəli 2-1(102)-1148/2024 nömrəli, 2-1(102)-1218/2024 nömrəli, 2-1(102)-2378/2023 nömrəli, qərarları) iddiaçının faktiki sağlamlıq vəziyyətinin obyektiv göstəricilər əsasında cavabdeh tərəfindən qiymətləndirilməsi, həm də qiymətləndirmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə tələb olunan xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh tərəfindən şəxsə əlillik dərəcəsinin təyin edilməsindən imtinası məhkəmə tərəfindən tam şəkildə yoxlanıla bilər. Bundan əlavə, iddiaçıda olan xəstəliklərin (ağırlaşmaların) əlilliyə əsas verməməsi ilə bağlı cavabdeh orqanın təkrarlanan dəlilinə münasibətdə qeyd edilməlidir ki, kassasiya instansiyası məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, (Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-2500/2023 nömrəli, 2- 1(102)-1218/2024 nömrəli, 2-1(102) 2378/2023 nömrəli qərarları) tibb müəssisəsi tərəfindən tərtib edilmiş Forma 88-də əks olunmuş xəstəliklərin şəxsdə aşkar edilməsi (məhkəmə tibbi ekspertizası vasitəsi ilə) və həmin xəstəliklərin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”də və (və ya) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarları”nda əks olunması əlilliyin təyininə hüquqi və faktiki olaraq əsas yaradır. Göründüyü kimi, formalaşmış məhkəmə təcrübəsi də o yöndədir ki, tibb müəssisəsi tərəfindən tərtib edilmiş Forma 88-də əks olunmuş xəstəliklərin məhkəmə tibbi ekspertizası vasitəsi ilə şəxsdə aşkar edilməsi və həmin xəstəliklərin “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarları”nda əks olunması əlilliyin təyininə üçün hüquqi baza kimi çıxış edir. “İnzibati icraat haqqında” Qanunun 17-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 24.1-ci maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir (24.3). Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, iş üzrə iddiaçının xəstə olması iş materialları ilə öz təsdiqini tapdığından və həmin diaqnoz əlillik təyin edilməsi üçün Meyarlara uyğun olduğundan, cavabdeh inzibati orqan tərəfindən əlilliyin təyin olunmasından imtina edilməsi onun qanunla qorunan hüquqlarını pozmuş və işin konkret halı nəzərə alınmaqla onun vəziyyətinə mütənasib olmamışdır. Beləliklə, məhkəmənin gəldiyi nəticə odur ki, iddia əsaslı olduğundan təmin edilməlidir. İPM-in: -52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. -68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. -68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

NƏTİCƏVİ HİSSƏ Şərh edilənlərə əsasən və İPM-in 2, 33.1, 52, 58, 68-69, 75.4, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı X6 X13 tərəfindən verilən xx.xx.2025-ci il tarixli, S00253177GDY nömrəli tibbi göndəriş (Forma 88) əsasında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli, 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 14.10.5.2-ci yarımbəndinə əsasən orqanizmin funksiyalarının pozulması faizi 85-100 faiz olmaqla 2 il müddətinə əlillik təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulsun. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Tural Məlikov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar