Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-1038/2025 29.05.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Cəfərova Yasəmən Fərman qızının katibliyi, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (3-cü şəxs Binəqədi rayonu Binəqədi Bələdiyyəsi) “yaşayış evinə bitişik torpaq sahəsinə dair dövlət reyestrindən çıxarışın verilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı (bundan sonra - iddiaçı) Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, 9-cu mikrorayon, H.Babaşov küçəsində uzun müddət istifadəsində olan yaşayış evinə bitişik 251 kv.metr torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə Binəqədi rayonu Binəqədi Bələdiyyəsi (bundan sonra – üçüncü şəxs) 3-cü şəxs qismində adi cəlbetmə qaydasında hazırkı məhkəmə icraatına cəlb edilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayon, H.Babaşov küçəsində yerləşən 300 kv.metr torpaq sahəsi üçüncü şəxs tərəfindən iddiaçıya sanitariya və ekoloji vəziyyəti yaxşılaşdırmaq, meyvə və bəzək ağacları kolları əkməklə yaşıllaşdırmaq məqsədi ilə xx.xx.2003-cü il tarixli icarə müqaviləsi ilə icarəyə verilmişdir. Bundan başqa Azərbaycan Respublikası Bakı şəhəri Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin xx.xx.2008-ci il tarixli, 109 saylı qərarı ilə iddiaçının mülkiyyətində olan Bakı şəhəri, 9-cu mikrorayon, H.Babaşov küçəsində uzun müddət istifadəsində olan yaşayış evinə bitişik 251 kv.m torpaq sahəsi fərdi evinin tikintisi üçün əlavə edilmiş cizgiyə uyğun olaraq onun adına qeydiyyata alınması qərara alınmışdır. Həmin qərar əsasında iddiaçı ilə üçüncü şəxs arasında sözügedən torpaq sahəsinin alqısatqı yolu ilə mülkiyyətə verilməsi haqqında xx.xx.2008-ci il tarixli, 74 nömrəli müqavilə bağlanmışdır. Eyni zamanda üçüncü şəxs büdcənin vergi ödəyicisi olan fiziki şəxsin uçota alınması haqqında xx.xx.2020-ci il tarixli şəhadətnamə də iddiaçının adına qeydiyyata alınmışdır. Həmin vaxtdan etibarən istər torpaq sahəsi, istərsə də tikilmiş fərdi ev iddiaçının faktiki istifadəsindədir. Lakin bütün bunlara baxmayaraq torpaq sahəsi və onun üzərində tikilmiş fərdi yaşayış evinə dair heç bir hüquqmüəyyənedici sənəd mövcud deyildir. İddiaçı torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması ilə bağlı cavabdehə müraciət etmiş, lakin cavabdeh tərəfindən imtina edilmişdir. Cavabdehin imtinası ilə razılaşmayan iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Cavabdeh tərəfindən iddia ərizəsinə dair yazılı etiraz təqdim edilmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2024-cü il tarixli, ********** nömrəli ərizə ilə cavabdehə müraciət etmiş və xx.xx.2024-ci il tarixli, **********73 xaricolma nömrəli məktubla cavab verilmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılan araşdırma zamanı məlum olmuşdur ki, təqdim edilmiş sənədlərdə olan üçüncü şəxsin xx.xx.2008-ci il tarixli, 109 saylı qərarı xx.xx.2007-ci il tarixdən sonra verilmişdir. Torpaq sahəsinə dair Azərbaycan Respublikası Prezidentinin xx.xx.1997-ci il tarixli, 534 nömrəli fərmanının həmin dövrdə qüvvədə olan bəndinə əsasən torpaqların alqı-satqısına dair ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təsdiq edilmiş akt təqdim edilməmişdir. Elektron kadastr baza məlumatlarına əsasən sahə dövlət mülkiyyəti torpağıdır. Cizgi təqdim edilmədiyindən sahənin mövqeyini müəyyənləşdirmək mümkün olmayıb. Göstərilən ərazi faktiki olaraq M.Ə.Rəsulzadə qəsəbəsinin ərazisidir. İdarənin mütəxəssisləri tərəfindən ünvana keçirilən yerli baxış zamanı məlum olmuşdur ki, torpaq sahəsinin ölçüsü 279 kv.metrdir. İddiaçıya və üçüncü şəxsə şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında təmsil edilməmişlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 62.3-cü maddəsinə əsasən işə iddiaçının və üçüncü şəxsin nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdehin nümayəndəsi məhkəmə iclasında etirazla oxşar məzmunlu izahat verərək iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. İş üzrə məhkəmə tərəfindən aşağıdakı sübutlar tədqiq edilmişdir. Binəqədi rayonu Binəqədi bələdiyyəsinin 02 may 2008-ci il tarixli, 109 nömrəli qərarı ilə 9-cu mikrorayon, H.Babaşov küçəsində uzun müddət istifadəsində olan yaşayış evinə bitişik 215 kv.metr torpaq sahəsinin fərdi yaşayış evinin tikintisi üçün əlavə edilmiş cizgiyə uyğun olaraq iddiaçının mülkiyyətinə ayrılması qərara alınmışdır. Binəqədi rayonu Binəqədi bələdiyyəsinin inzibati ərazisində olan torpaq sahəsinin alqı-satqı yolu ilə mülkiyyətə verilməsi haqqında 02 may 2008-ci il tarixli, 74 saylı müqaviləyə əsasən Binəqədi rayonu Binəqədi bələdiyyəsi Bələdiyyənin ümumi iclasının 28 dekabr 2007-ci il tarixli Pr N 17 nömrəli qərarına əsasən 9-cu mikrorayon, H.Babaşov küçəsində uzun müddət istifadə etdiyi 215 kv.metr torpaq sahəsini fərdi yaşayış evinin tikintisi üçün iddiaçıya təklif etmiş, iddiaçı həmin sahəni qəbul etmişdir. Dövlət Arxivinin Bakı Filialının məhkəmə sorğusuna xx.xx.2024-cü il tarixli cavab məktubunda göstərilmişdir ki, Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin arxiv fondu üzrə 109 saylı qərarı xx.xx.2008-ci il tarixli deyil, xx.xx.2008-ci il tarixli olmaqla Dövlət Arxivinin Bakı filialında mövcuddur. Lakin həmin qərarda iddiaçı barəsində heç bir məlumat yoxdur. Bakı şəhəri Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin məhkəmə sorğusuna 31 may 2024-cü il tarixli məktubuna əsasən Binəqədi Bələdiyyəsinin xx.xx.2002-ci il tarixli müqaviləsi, xx.xx.2008-ci il tarixli, 109 saylı qərarının təsdiq olunmuş surəti və onun verilməsinə əsas olan sənədlərin məhkəməyə təqdim edilməsi ilə bağlı bildirilmişdir ki, bələdiyyənin 2000-2010-cu illərə aid sənədləri idarə daxili mühafizə müddəti bitdiyi üçün qanunvericilikdə nəzərdə tutulan qaydada Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin Bakı filialına təhvil verilmişdir. Cavabdeh tərəfindən iddiaçının müraciətinə verilmiş imtina məktubu etirazla oxşar məzmunda əsaslandırılmışdır. Məhkəmə iddiaçının izahatını dinləyib, iş üzrə sübutları tədqiq edərək aşağıdakı nəticəyə gəlir. İddianın mümkünlüyü: İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli Qərarının 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Göründüyü kimi iddiaçı hazırkı iddia tələbində yaşayış evinə bitişik torpaq sahəsinə dair dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsini xahiş edir. Həmin iddia mahiyyətcə öhdəliyin icrası haqqında iddiadır. Cavabdeh iddiaya cavab verməli olan inzibati orqandır. Cavabdehin iddiaya etirazından da görünür ki, iddiaçı iddia ərizəsində göstərilən tələblə cavabdehə müraciət etmiş və ona imtina cavabı verilmişdir. Bu səbəbdən iddiaçının hazırkı tələbi mümkün hesab edilmişdir. İddianın mahiyyəti üzrə məhkəmənin mövqeyi: Azərbaycan Respublikası Mülki Məcəlləsində (bundan sonra – Mülki Məcəllə) göstərilmişdir ki, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır (139.1.). Qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsasdır (139-1.1.1). Azərbaycan Respublikasının Torpaq Məcəlləsində (bundan sonra – Torpaq Məcəlləsi) göstərilmişdir ki, hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları: müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; hüquqi və fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər; məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü; vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən olunmuş digər yollarla yaranır (55). “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununda göstərilmişdir ki, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır (2.1.). Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır (2.2.). Qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsasdır (8.0.1.). İşdən göründüyü kimi iddiaçı Bakı şəhəri Binəqədi Bələdiyyəsinin xx.xx.2008-ci il tarixli, 109 nömrəli qərarı ilə ona torpaq sahəsi ayrılması və bələdiyyə ilə aralarında bağlanmış eyni tarixli 74 nömrəli torpaq sahəsinin alqı-satqı müqaviləsinə əsaslanaraq həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınması üçün cavabdehə müraciət etmişdir. Cavabeh isə imtina cavabında bələdiyyə qərarının xx.xx.2007-ci ildən sonra verildiyini, torpaqların alqı-satqısına dair ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təsdiq edilmiş akt təqdim edilmədiyini, sahənin dövlət mülkiyyətində olduğunu, cizgi təqdim edilmədiyindən sahənin mövqeyini müəyyənləşdirməyin mümkün olmadığını, göstərilən ərazinin faktiki olaraq M.Ə.Rəsulzadə qəsəbəsinin ərazis olduğunu bildirmişdir. Öncə qeyd edilməlidir ki, məhkəmə araşdırması zamanı Bakı şəhəri Binəqədi Bələdiyyəsinin 02 may 2008-ci il tarixli, 109 nömrəli qərarının həqiqiliyini müəyyən etmək üçün həm üçüncü şəxsə, həm də Dövlət Arxivinin Bakı Filialına sorğular verilmişdir. Üçüncü şəxs cavab məktubunda həmin dövrə aid olan sənədlərin arxivə təhvil veridliyini bildirmişdir. Dövlət Arxivinin Bakı Filialının cavab məktubunda isə Bakı şəhəri Binəqədi Bələdiyyəsinin 109 nömrəli qərarının xx.xx.2008-ci il tarixli olduğu bildirilmiş və həmin qərarın iddiaçıya torpaq sahəsi ayrılması barədə olmadığı bildirilmişdir. Məhkəməyə göndərilmiş həmin qərardan görünür ki, qərarda tamam başqa şəxsə, yəni X2 adlı şəxsə torpq sahəsi ayrılması qərara alınmışdır. Yəni, iddiaçının əsaslandığı bələdiyyə qərarının arxiv nüsxəsi mövcud deyildir. Eyni zamanda “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 9.1-ci maddəsinin xx.xx.2008-ci il tarixdən sonrakı redaksiyasına əsasən bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə bu Qanunun 9.8-ci maddəsində müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunan hallarda və qaydada istismarına icazə verilməsi üçün aparılmış müayinənin nəticələrinə əsasən istismara hazırlığı barədə müsbət rəy verilmiş tikinti obyektinin yerləşdiyi torpaq sahəsinin fiziki və hüquqi şəxslərin mülkiyyətinə satılması və ya icarəsinə verilməsi halları, “Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq bərpa olunan enerji mənbələri ərazisinin əhatə etdiyi torpaq sahəsinin dövlət mülkiyyətinə və ya icarəsinə, elektrik enerjisi istehsalçısının icarəsinə verilməsi halları istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. Həmin maddənin xx.xx.2007-ci ildən sonra qüvvədə olan nüsxəsində isə qeyd edilirdi: Azərbaycan Respublikasında bələdiyyə torpaqları üzərində mülkiyyət, istifadə və icarə hüquqları yalnız torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. Göründüyü kimi Binəqədi rayonu Binəqədi bələdiyyəsinin 02 may 2008-ci il tarixli, 109 nömrəli qərarı qəbul edilən vaxt bələdiyyələrin torpaq ayırmaq səlahiyyəti yalnız torpaq hərracları və ya müsabiqələri vasitəsilə həyata keçirilə bilərdi. Yəni, hətta həmin qərarın həqiqiliyi müəyyən edilmiş olsa belə, bələdiyyənin həmin vaxt müsbiqə və hərrac keçirmədən torpaqayırma səlahiyyəti olmadığından qərar qanuni hesab edilə bilməz. Eyni zamanda iddiaçı tərəfindən torpaq sahəsinin yerləşmə cizgisi təqdim edilməmiş və bu səbəbdən də cavabdeh tərəfindən ayrılmış torpaq sahəsinin iddiaçının təqdim etdiyi əraziyə uyğun olub-olmaması müəyyən edilə bilməmişdir. Yuxarıda qeyd edilən hallar iddianın rədd edilməsinə əsas olduğu üçün məhkəmə həmin halla bağlı ətraflı araşdırma aparılmasına lüzum görmür. Qeyd olunmalıdır ki, hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün müəyyən olunmuş hallar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsində sadalanmışdır və həmin hallar aşağıdakılardan ibarətdir: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericilklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Göründüyü kimi, cavabdeh inzibati orqanın imtinası əsaslı olmuş və iddiaçının hüquqlarını pozmamışdır. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək hesab edir ki, Bakı şəhəri, 9-cu mikrorayon, H.Babaşov küçəsində uzun müddət istifadəsində olan yaşayış evinə bitişik 251 kv.metr torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə tələbi təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı Bakı şəhəri, 9-cu mikrorayon, H.Babaşov küçəsində uzun müddət istifadəsində olan yaşayış evinə bitişik 251 kv.metr torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddiası təmin edilməsin. Qərardan onun rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Emin Abdullayev
Məhkəmə qərarları › İş №e-2-1(112)-1038/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-1038/2025
29.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver