Məhkəmə qərarları › İş №e-2-1(112)-10394/2023

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №e-2-1(112)-10394/2023

14.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-1(112)-10394/2023 14.06.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, Həsənov İlkin Mürşüd oğlunun katibliyi ilə, İddiaçı Bakı şəhəri Binəqədi rayonu Binəqədi Bələdiyyəsinə qarşı “cizgi-situasiya planının etibarsız hesab edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.B.Vəzirov küç.56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Bakı şəhəri Binəqədi rayonu Binəqədi Bələdiyyəsinə qarşı idddia ərizəsi ilə məhkəməyə müraciət edərək Binəqədi Rayonu Binəqədi Bələdiyyəsinin Bakı şəhəri, Binəqədi rayonu 9-cu mkr., C.Cabbarlı küçəsində 200 kv.m. torpaq sahəsinin üçüncü şəxsə ayrılmasına dair 13 oktyabr 2004-cü il tarixli, 245 saylı qərarına əsasən tərtib edilmiş cizgi-situasiya planının etibarsız sayılmasına dair qərar qəbul edilməsini xahiş etmişdir (iddia tələbi dəqiqləşdirilmişdir). İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Binəqədi rayonu 9-cu mkr., C.Cabbarlı küçəsində 330 kv.m. torpaq sahəsi Binəqədi Rayonu Binəqədi Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 595 saylı Qərarı ilə ona ayrılmış, xx.xx.2006-cı il tarixdə 682 saylı alqı-satqı müqaviləsi bağlayaraq fərdi yaşayış evi tikmək üçün torpaq sahəsini alıb. 2018ci ilin noyabr ayının əvvəllərində yaşayış evinin tikintisinə başlayan zaman hazırkı iş üzrə üçüncü şəxs bu yerin 200 kv.m. sahəsinin ona aid olduğunu iddia etmiş, bununla bağlı aralarında həm inzibati, həm də mülki mübahisələr başlamışdır. Belə ki, o, cavabdeh Binəqədi Rayonu Binəqədi Bələdiyyəsinin Bakı şəhəri, Binəqədi rayonu 9-cu mkr., C.Cabbarlı küçəsində 200 kv.m. torpaq sahəsinin X1 (hazırkı adı X2) ayrılmasına dair 13 oktyabr 2004-cü il tarixli, 245 saylı qərarının (həmin qərar əsasında o adına çıxarış almış, sonradan qısa müddətdə torpaq sahəsi bir neçə şəxsə, sonda isə hazırkı iş üzrə üçüncü şəxsə satılmışdır.) ləğv edilməsinə dair iddia ilə məhkəməyə müraciət edib. Bakı İnzibati Məhkəməsinin 14 oktyabr 2020-ci il tarixli, 2-1(112)-72/2020 saylı qərarı ilə iddia rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2- 1(103)-1007/2021 saylı qərarı ilə apellyasiya şikayəti təmin edilməyərək, Bakı İnzibati Məhkəməsinin 14 oktyabr 2020-ci il tarixli, 2-1(112)-72/2020 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Ali Məhkəmənin xx.xx.2021-ci il tarixli Qərarı ilə həmin qərardan verdiyi kassasiya şikayəti də təmin edilməmişdir. Mülki qaydada isə çıxarış mübahisələndirilmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 18 mart 2023-cü il tarixli, 2(001)-11/2022 saylı qətnaməsi ilə üçüncü şəxsə qarşı çıxarışın ləğv edilməsi tələbinə dair iddia tələbi rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 28 oktyabr 2022-ci il tarixli, 2(103)-6575/2022 saylı qətnaməsinə əsasən tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamış, kassasiya şikayəti isə verilməmişdir. Qüvvədə olan sözügedən məhkəmə aktları ilə açıq-aşkar müəyyən edilmişdir ki, Binəqədi Rayonu Binəqədi Bələdiyyəsinin Bakı şəhəri Binəqədi rayonu 9-cu mkr., C.Cabbarlı küçəsində 200 kv.m. torpaq sahəsinin üçüncü şəxsə ayrılmasına dair 13 oktyabr 2004-cü il tarixli, 245 saylı qərarına əsasən situasiya planı ilə ona təklif olunan torpaq sahəsi ilə Bakı şəhəri Binəqədi rayonu 9-cu mkr.,C.Cabbarlı küçəsində 330 kv.m. torpaq sahəsinin Binəqədi Rayonu Binəqədi Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 595 saylı Qərarı ilə ona fərdi yaşayış evinin tikintisi üçün situasiya planı ilə təklif olunan torpaq sahəsi üst-üstə düşmür. Hətta xüsusi bilik olmadan belə vizual olaraq, həmin cizgisituasiya planına baxanda görünür ki, onlar fərqli yerlər barədə tərtib edilmişdir. Çünki situasiya planları biri-birindən kəskin şəkildə fərqlənir. Halbuki eyni yer olduğu iddia edilən sahə ilə bağlı cizgi-situasiya planı biri-birindən bu şəkildə kəskin fərqlənə bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47 – 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi üçün iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. Cavabdeh iddia tələbinə münasibət bildirməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş tərəflər məhkəmə iclasında iştirak etməmiş, bunun səbəbləri barədə məhkəməyə hər hansı bir məlumat verməmişlər. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iddia ərizəsini və digər sənədləri nəzərdən keçirərək, hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 2.0.2-ci maddəsinə əsasən, inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; 3.1-ci maddəsinə əsasən, bu qanunun müddəaları Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati orqan kimi müəyyən (təsnif) edilmiş orqanların fəaliyyətinə şamil olunur. İddianın mümkünlük şərtlərinin yoxlanılması məsələsi ilə bağlı, məhkəmə “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarında göstərilmiş mövqeyinin nəzərə alınmasını zəruri hesab edir. Qərarda göstərilmişdir ki, “Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olubolmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır.” İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə əsasən, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Hazırkı işdə iddiaçı Bakı şəhəri, Binəqədi rayonu 9-cu mkr., C.Cabbarlı küçəsində 200 kv.m. torpaq sahəsinin üçüncü şəxsə ayrılmasına dair 13 oktyabr 2004-cü il tarixli, 245 saylı qərarına əsasən tərtib edilmiş cizgi-situasiya planının etibarsız sayılmasını xahiş edir. Məhkəmə qeyd edir ki, iddiaçının həmin sənədi mübahisələndirə bilməsi üçün ilk növbədə inzibati akt xüsusiyyətlərinə malik olmalıdır. İnzibati akt dedikdə, inzibati münasibətləri tənzimləyən və ya konkret inzibati məsələni (mübahisəni) həll edən, hüquq subyektlərinin yeni hüquqi statusunu müəyyənləşdirən, səlahiyyətli orqan və ya vəzifəli şəxslər tərəfindən inzibati qaydada qəbul edilən (idarəetmə prosesi çərçivələrində), idarəçilik funksiyalarının həyata keçirilməsi və onun məqsədlərinə nail olmaq üçün qəbul edilən akt başa düşülür. İnzibati hüquqi akt bir tərəfdən qeyri-müəyyən hüquq münasibətlərini tənzimləyir, yəni fiziki və hüquqi şəxslərin qeyri-məhdud dairəsi üçün məcburi davranış qaydalarını müəyyən edir, digər tərəfdən isə fərdi hüquqi tənzimləməni həyata keçirir, yəni publik hüquq müstəvisində yaranan konkret məsələləri və mübahisələri həll edir. İnzibati aktın yaratdığı idarəetmə hüquq münasibətlərinin tərkibi iki əsas elementdən ibarətdir. Hüquq münasibətinin subyekti kimi aktı qəbul edən orqan, obyekti kimi isə barəsində akt qəbul edilən şəxs çıxış edir. Beləliklə, inzibati akt səlahiyyətli inzibati orqan tərəfindən birtərəfli qaydada qəbul edilən, ümumi (publik) hüquq sahəsində ictimai maraqlara xidmət edən və icrası vacib olan iradə ifadəsidir. Mübahisələndirilən cizgi-situasiya plan sənədi yuxarıda sadalanan əlamətlərin hamısına malik deyil, “həmin şəxslər üçün müəyyən hüquqi nəticələr yaratma” əlamətindən məhrumdur. Cavabdeh tərəfindən verilən torpaq sahəsinə dair cizgi-situasiya planı özü-özlüyündə hüquqi qüvvəyə malik, yaxud gələcəkdə hüquqi qüvvəyə minəcək hər hansı müəyyən nəticə yaratmamışdır. Belə ki, torpaq sahəsinin cizgi-situasiya planı ayrı-ayrılıqda deyil, həmin torpaq sahəsinin ayrılmasına dair qərara əlavə edilən sənəd olmaqla, Bələdiyyə tərəfindən ayrılmış torpaq sahəsinin yerləşdiyi yeri əks etdirir. İddiaçının əlavə etdiyi sənədlərdən müəyyən edilir ki, iddiaçı başqa məhkəmə mübahisələri zamanı mübahisəli torpaq sahəsinin ayrılmasına əsas olmuş Bələdiyyə qərarını, həmçinin mübahisələndirilən qərar əsasında Mehriban Aslan qızının adına verilmiş dövlət reyestrindən çıxarışı mübahisələndirmiş və iddia tələbləri təmin olunmamışdır. Belə olan halda, hazırda mübahisələndirilən cizgi-situasiya planının ayrılıqda mübahisələndirilməsi, həm həmin sənədin verilməsinə əsas olmuş Qərarın artıq mübahisələndirilməsi əsası ilə, həmçinin yuxarıda qeyd edildiyi kimi mübahisələndirilən sənədin inzibati akt olmaması əsası ilə mümkünsüzdür. Məhkəmə iddianın mümkün sayılmaması ilə bağlı iddiaçının dinlənilmə hüququnun təmin edilməsi və müvafiq hüquqi yardım edilməsi məsələsinə qiymət verərək qeyd edir ki, e-2-1(112)-10394/2023 saylı inzibati iş məhkəməyə elektron kabinet vasitəsi ilə verilmiş, iş üzrə aparılmış prosessual hərəkətlər barədə (məhkəmə iclasının təyin edilməsi və s.) iddiaçı tərəf məlumatlı olmuşdur. İddiaçı tərəfin məhkəmə icraatından məlumatlı olması, iddiaçının nümayəndəsi və vəkilinin məhkəməyə elektron kabinet vasitəsi ilə iddia tələbinə dəqiqləşmə ərizəsinin verilməsi ilə təsdiq edilir. Lakin iddiaçı tərəf məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə hər hansı bir məlumat verməmişdir. Bundan başqa məhkəmə iddiaçıya hüquqi yardımın edilməsi məsələsinə də hüquqi qiymət verərək qeyd edir ki, İPM-nin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Hazırkı iddia tələbində normada qeyd edilən aradan qaldırıla biləcək nöqsanlar ilə bağlı iddiaçı tərəfə hüquqi yardımın edilməsi zərurəti yoxdur. Çünki iddiaçı formal baxımdan düzgün iddia vermiş, iddia düzgün cavabdehə qarşı yönəlmiş, iddiaçının hazırkı hüquqi marağına uyğun iddianın digər iddia növü ilə əvəz edilməsi ilə yardımın edilməsi də hazırkı işin halları baxımından mümkün deyil. Çünki yuxarıda qeyd edildiyi kimi iddiaçı hazırda mübahisələndirdiyi sənədin verilməsinə əsas olmuş qərarı artıq məhkəmədə mübahisələndirmişdir. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35, 80, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Bakı şəhəri Binəqədi rayonu Binəqədi Bələdiyyəsinə qarşı “cizgi-situasiya planının etibarsız hesab edilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Bəhlul Cəlalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar