Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-10396/2023 29.09.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə pensiyanın təyin edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, Həsənov İlkin Mürşüd oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı güzəştli şərtlərlə yaşa görə pensiyanın təyin edilməsi tələbinə dair iddiası üzrə inzibati işə 29 sentyabr 2023-cü il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı (bundan sonra – iddiaçı) xx.xx.1961-ci il təvəllüdlüdür. A 764532 nömrəli diploma əsasən iddiaçı xx.xx.1981-ci il tarixindən xx.xx.1982-ci il tarixinədək 14 nömrəli Bakı Texniki Peşə Məktəbinin “Buruqlara xidmət üzrə elektrik montyoru ixtisasında əyani təhsil almışdır ( 9 ay, 17 gün). xx.xx.1979-cu il tarixindən xx.xx.1981-ci il tarixinədək həqiqi hərbi xidmətdə olmuşdur (2 il, 1 ay, 7 gün). ИТ-İ ******* nömrəli əmək kitabçasına əsasən iddiaçı: xx.xx.1978-ci il tarixindən xx.xx.1979-cu il tarixinədək Gədəbəy rayon istehsalat kombinatının Düzyurd kərpic zavodunda fəhlə işləmişdir (1 il 1 ay, 20 gün). xx.xx.1982-ci il tarixindən xx.xx.1988-ci il tarixinədək “Xəzərdənizgəmi təmiri” İB “D.Bünyatzadə” adına Gəmi təmiri zavodunda elektrik montyoru işləmişdir (5 il, 6 ay, 28 gün). xx.xx.1988-ci il tarixindən xx.xx.1989-cu il tarixinədək Gəmi-quraşdırma sexində elektrik montajçısı işləmişdir (1 il, 6 ay, 27 gün). xx.xx.1989-cu il tarixdən xx.xx.1992-ci il tarixinədək Elektrik-mexaniki şöbəsində Elektrik avadanlıqlarına xidmət üzrə elektrik montyoru işləmişdir (2 il, 6 ay, 5 gün). xx.xx.1992-ci il tarixindən xx.xx.1992-ci il tarixinədək SPSS ustasının öhdəliklərini icra edən işləmişdir (3 ay 10 gün). xx.xx.1992-ci il tarixindən xx.xx.1995-ci il tarixinədək 3 saylı ÜTQD-nin “Bleyxert” gəmisində üzən heyətdə elektrik çilingəri işləmişdir (3 il, 5 ay, 25 gün). xx.xx.1995-ci il tarixindən xx.xx.1998-ci il tarixinədək həmin gəmidə baş elektrik mexaniki işləmişdir (2 il, 11 ay, 9 gün). xx.xx.2003-cü il tarixindən xx.xx.2003-cü il tarixinədək YK-315 gəmisində baş elektrik mexanik işləmişdir (1 ay, 28 gün). xx.xx.2007-ci il tarixindən xx.xx.2007-ci il tarixinədək “Xəzərdənizgəmitəmiri” İB-nin “Zaqfederasiya” adına gəmi təmiri zavodunda elektrik quraşdırma sahəsində elektrik quraşdırıcısı işləmişdir (1 ay, 17 gün). xx.xx.2007-ci il tarixindən xx.xx.2014-cü il tarixinədək “Xəzərdənizgəmitəmiri” İB-nin “Paris Kommunası” adına zavodda gəmi elektrik quraşdırıcısı işləmişdir (6 il, 2 ay, 8 gün). xx.xx.2014-cü il tarixindən xx.xx.2017-ci il tarixinədək elektrik quraşdırma sexində radioelektron aparatlarının və cihazların tənzimləyicisi işləmişdir (3 il, 7 ay, 1 gün). xx.xx.2017-ci il tarixindən hal-hazıra kimi "xxxx" QSC-nin “Zığ” Gəmi Təmiri zavodunda elektrik quraşdırma bölməsində Avtomat nəzarət ölçü cihaz sahəsində gəmi radioelektron aparatların və cihazların tənzimləyicisi işləyir (xx.xx.2021-ci il tarixədək 3 il, 9 ay, 9 gün). İddiaçı xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına (bundan sonra – cavabdeh) ərizə ilə müraciət edərək, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Cavabdeh xx.xx.2021-ci il tarixli məktubla iddiaçının tələbini təmin etməkdən imtina etmiş və bildirmişdir ki, “...Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın Metal emalı bölməsinin (11) Qazanxana, gəmi gövdəsi, gəmiqayırma və gəmi təmiri işləri bəndinin (11.6) fəhlələr yarımbəndində (a): - sualtı qayıqların quraşdırılması, təmiri və modernləşdirilməsi zamanı bölmələrin daxili işlərində bilavasitə məşğul olan fəhlələr; istilik texniki nəzarət sistemlərinin və atom energetik qurğularının avtomatik tənzimlənməsinin sazlayıcıları, gəmi radioquraşdırıcıları, radioelektron aparatlarının və cihazlarının tənzimləyiciləri vəzifəsi nəzərdə tutulmuşdur. Mərkəzi Filiala təqdim etdiyiniz "xxxx" QSC-nin “Zığ” Gəmi Təmiri və Tikintisi zavodunun sizə dair 21 dekabr 2021-ci il RM01/55 nömrəli arayışında xx.xx.2014-cü il tarixindən bu günədək sözügedən zavodun Elektrikquraşdırma bölməsində 6-cı dərəcəli radioelektron aparatların və cihazların tənzimləyicisi vəzifəsində işlədiyiniz qeyd olunmuşdur. Göründüyü kimi, işlədiyiniz radioelektron aparatların və cihazların tənzimləyici vəzifəsi sualtı qayıqların quraşdırılması, təmiri və modernləşdirilməsi zamanı bölmələrin daxili işlərində bilavasitə məşğul olan fəhlələr aid deyil. Bu səbəbdən də sizin güzəştli iş stajınız 12 il 6 aydan az (6 il 3 ay 22 gün (xx.xx.2007-xx.xx.2007-ci il, xx.xx.2007-xx.xx.2014-cü il tarixləri arasındakı dövrlər)) təşkil edir. Qeyd olunanları nəzərə alaraq sizə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir”. İddia tələbi və onun əsaslandırması: İddiaçı cavabdehə qarşı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun 15 iyun 2021-ci il tarixdə 60 yaşı tamam olduğu vaxtdan güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi və ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşin yuxarıda qeyd edilən faktiki hallarına istinad edərək iddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdehin imtinası əsassızdır. Belə ki, Azərbaycan Xəzər Dəniz Gəmiçiliyində “Bibiheybət Gəmi Təmiri Zavodunda” 18 yanvar 1988-ci il tarixdən 13 avqust 1989-cu il tarixədək gəmi elektrik quraşdırıcısı əmək şəraiti zərərli işlə məşğul olmuş (01 il 06 ay 25 gün), 01 iyun 1992-ci il tarixdə 3 saylı ÜTQD-nin “Bleyxert” gəmisində üzən heyətdə elektrik çilingəri işinə qəbul olunub gəmidə baş elektrik mexaniki vəzifəsinə keçirilib 04 yanvar 1998-ci il tarixdən işdən azad olunmuşdur. 01 oktyabr 2001-ci il tarixdən 04 mart 2003-cü il tarixədək “Üzən Kopyor” gəmisinin üzən heyətində baş elektrik mexanik əmək şəraiti zərərli işlə məşğul olmuşdur (05 il 09 ay 03 gün). Azərbaycan Xəzər Dəniz Gəmiçiliyində “Zığ Gəmi Təmiri və Tikintisi Zavodu”nda 04 oktyabr 2007-ci il tarixdən 19 noyabr 2007-ci ilədək 4-cü dərəcəli gəmi elektrikquraşdırıcısı (01 ay 15 gün) işləmiş, 26 noyabr 2007-ci il tarixdən hal hazıradək gəmi radioelektron aparatların və cihazların tənzimlyəicisi işləyir. İddia tələbinə etirazın əsasları: Cavabdeh tərəfindən iddiaya yazılı etirazını məhkəməyə təqdim edərək iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 №li Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın Nəqliyyat bölməsinin (21) Dəniz və çay donanması bəndinin (21.2) üzən heyət yarımbəndində (b) dəniz, çay donanmasının və balıqçılar sənayesi donanmasının gəmi heyəti (daim liman akvatoriyasında işləyən liman gəmiçiləri, yardımçı-xidmət gəmiləri, xidmət, şəhərətrafı və şəhərdaxili yol gəmiləri istisna olmaqla) nəzərdə tutulmuşdur. "xxxx" ASC-nin 3 saylı Tikinti Quraşdırma Dəstəsinin xx.xx.2020-ci il tarixli 12/k nömrəli arayışında İddiaçı xx.xx.1992-xx.xx.1995-ci illər ərzində sözügedən müəssisənin “Bleyxert” gəmisində elektrik çilingəri, xx.xx.1995-xx.xx.1998-ci illər ərzində baş elektrik mexaniki peşələrində, xx.xx.2001-xx.xx.2002-ci və xx.xx.2003-xx.xx.2003-cü i illər ərzində “Üzən kopyor-315” gəmisində baş elektrik mexaniki vəzifələrində işlədiyi qeyd olunmuşdur. İş stajına aid məlumatların yerində dəqiqləşdirilməsi zamanı İddiaçı işlədiyi “Bleyxert” gəmisinin Bakı sahil Buxtasında sahildə bərkitmə işləri zamanı dənizin sahillə birləşdiyi yerlərə svayların vurulması işləri ilə məşğul olduğu, görülən işlər limanda aparıldığından həmin gəminin limandan kənarda olmadığı müəyyən edilmişdir. Bu fakt "xxxx" ASC-nin 3 saylı Tikinti Quraşdırma Dəstəsinin xx.xx.2023-cü il tarixli birgə aktı ilə təsdiq edilmişdir. Bu səbəbdən də İddiaçı güzəştli iş stajı 12 il 6 aydan az (7 il 10 ay 17 gün (xx.xx.1988xx.xx.1989-cu il, xx.xx.2007-xx.xx.2007-ci il, xx.xx.2007-xx.xx.2014-cü il tarixləri arasındakı dövrlər)) təşkil edir. Tərəflərin iştirakı və izahatları: İddiaçının nümayəndəsi və vəkili iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi iddia ərizəsinə etiraz edərək, etirazın dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Hazırki iddianın növü məcburetmə haqqında iddiadır. İPM-in 2.1 və 2.2.2-ci maddələrinə görə inzibati məhkəmə icraatında inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) baxılır. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır. İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 7. Yaşa görə əmək pensiyasının təyin edilməsi şərtləri 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. 9.1. Axırıncı iş yerindən asılı omayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı trəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərrtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. (xx.xx.2022-ci il tarixədək qüvvədə olan redaksiyasına əsasən) 1.0.2. sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. 21.2.3. müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət müddəti. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. İş stajına bunlardan başqa aşağıdakılar daxil edilir: ...v) hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti;... ...ğ) ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti;... 22.1. Əmək pensiyası hüququ verən sığorta stajının hesablanması təqvim (illər, aylar, günlər) əsasında həyata keçirilir. 23.2. 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada sığorta stajına daxil edilir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları” (xx.xx.2022-dək qüvvədə olan): 3.1. Sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: 3.1.1. Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; 3.1.2. Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. 3.2. 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası; ... 4.1.10. Qanunun 9.8-ci maddəsinə uyğun olaraq pensiya o halda təyin oluna bilər ki, həmin şəxslər əvvəllər qüvvədə olmuş qanuna əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan xüsusi və ümumi sığorta stajını Qanunun qüvvəyə mindiyi 2006-cı il yanvarın 1-dək qazanmış olsunlar. “Qaydalar”a 2 nömrəli əlavə olan “Əmək pensiyasının təyin olunması üçün zəruri sənədlərin Siyahısı”nın 2.4.1-ci bəndinə görə, Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim edilməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsi: 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmənin mövqeyi: İşin hallarına görə iddiaçı ona güzəştli şərtllə yaşa görə əmək pensiyasının təıyin edilməsi üçün cavabdehə müraciət etmiş, cavabdeh isə iddiaçının güzəştli stajını mübahisələndirərək iddiaçının müraciətinin təmin etməkdən imtina etmişdir. Hazırkı halda iddiaçıya güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün dörd element birlikdə mövcud olmalıdır: a) İddiaçının azı 25 il ümumi iş stajının mövcud olması; b) İddiaçının 12 il 6 ay güzəştli iş stajının mövcud olması; c) fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi; d) iddiaçı pensiya təyinatına imkan verən yaş həddinə çatması İddiaçının pensiya yaşına çarması, ümumi iş stajı ilə bağlı şərti ödəməsi və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi cavabdeh tərəfindən mübahisələndirilməmişdir. Cavabdehin mübahisə etdiyi məsələ iddiaçının tələb olunan güzəştli iş stajının olmaması ilə bağlıdır. İş üzrə iddiaçının güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışları təqdim edilmişdir. Bu arayışlarda iddiaçının çalışdığı peşələrin və istehsalat sahələrinin siyahıda göstərilən hansı bölməyə və hansı bəndə aid olması konkret olaraq göstərilmişdir. Belə ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti 3 saylı Üzən Tikinti Quraşdırma Dəstəsinin xx.xx.2020-ci il tarixli arayışına əsasən iddiaçı xx.xx.1992-ci ildə (Əmr № 67, xx.xx.1992) 3 saylı ÜTQD-nin “Bleyxert” gəmisində üzən heyətdə elektrik çilingəri işinə qəbul edilib. xx.xx.1995-ci ildə (Əmr № 84, xx.xx.1995) həmin gəmidə baş elektrik mexaniki vəzifəsinə keçirilib. xx.xx.1998-ci ildə (Əmr № 5, xx.xx.1998) işdən azad edilib. xx.xx.2001-ci il tarixdən (Əmr № 38, xx.xx.2001) xx.xx.2002-ci ilədək (Əmr № 56, xx.xx.2002) və xx.xx.2003-cü ildən (Əmr № 4, xx.xx.2003) xx.xx.2003-cü ilədək (Əmr № 23, xx.xx.2003) “Üzən kopyor – 315” gəmisinin üzən heyətində baş elektrik mexaniki vəzifəsində işləmişdir (6 il, 7 ay, 17 gün). Göstərilən vəzifələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 №-li qərarına əsasən “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”na daxildir. (bölmə 21.Nəqliyyat. 21.2.b) Üzən heyət). "xxxx" QSC “Zığ” Gəmi Təmiri və Tikintisi Zavodunun xx.xx.2023-cü il tarixli arayışına əsasən iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti “Zığ” Gəmi Təmiri və Tikintisi zavodunun Elektrikquraşdırma bölməsində 6-cı dərəcəli radioelektron aparatların və cihazların tənzimləyicisi peşəsində çalışır. xx.xx.2007-ci il “Xəzərdənizgəmitəmiri” İB “Zaqfederasiya” adına Gəmi Təmiri zavodu Elektrikquraşdırma sahəsinə 4-cü dərəcəli gəmi elektrik quraşdırıcısı (Əmr 134 xx.xx.2007-ci il). xx.xx.2007-ci ildən işdən azad edilmişdir (Əmr 165 xx.xx.2007-ci il). xx.xx.2007-ci il “Xəzərdənizgəmitəmiri” İB Paris Kommunası adına zavod Elektrikquraşdırma sahəsinə 5-ci dərəcəli elektrikquraşdırıcısı (gəmi üzrə) (Əmr K-450 xx.xx.2007 –ci il). xx.xx.2009-cu il həmin sahədə 6-cı dərəcəli elektrikquraşdırıcı (gəmi üzrə) (TK-18 xx.xx.2009-cu il). xx.xx.2011-ci il “Zaqfederasiya” adına BİV-nin Elektrikquraşdırma sahəsinə 6-cı dərəcəli gəmi elektrikquraşdırıcısı keçirilmişdir (Əmr 286/k xx.xx.2011-ci il). Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2014-cü il tarixli 18 nömrəli Qərarı ilə “Zığ” Gəmi təmiri zavodu adlandırılıb. xx.xx.2014-cü ildən Elektrikquraşdırma sexində 6-cı dərəcəli gəmi radioelektron aparatların və cihazların tənzimləyicisi keçirilmişdir. (Əmr 48 xx.xx.2014). xx.xx.2017-ci il "xxxx" QSC-nin “Zığ” Gəmi Təmiri zavodunun adı dəyişdirilərək "xxxx" QSC-nin “Zığ” Gəmi Təmiri və Tikintisi zavodu adlandırılmışdır. Hal-hazırkı vaxta kimi “Zığ” Gəmi Təmiri və Tikintisi zavodunun Elektrikquraşdırma bölməsində 6-cı dərəcəli gəmi radioelektron aparatların və cihazların tənzimləyicisi peşəsində çalışır (15 il, 6 ay, 24 gün – arayışın verildiyi xx.xx.2023-cü il tarixinə kimi). Yuxarıda göstərilən peşələr güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli qərarının 11.6 a bəndinə əsasən güzəştli şərtlərlə pensiya almaq hüququna malikdir. Təqdim edilən arayışlara əsasən iddiaçının 22 ildən çox güzəştli stajının olması müəyyən edilir. Göstərilənlərdən əlavə iddiaçı xx.xx.1988-ci il tarixindən xx.xx.1989-cu il tarixinədək Gəmi-quraşdırma sexində elektrik montajçısı işləmişdir (1 il, 6 ay, 27 gün) ki, cavabdeh həmin dövrləri iddiaçının güzəştli stajına daxil etmişdir. İşin hallarına əsasən, qanunvericiliklə güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan bütün şərtlər iddiaçıya münasibətdə mövcuddur, yəni onun xx.xx.2021-ci ilədək ümumilikdə 25 ildən çox əmək stajı vardır və qanunla müəyyən edilmiş 12 il 6 aydan artıq müddət ərzində o güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi hüququ verən peşələrdə işləmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli qərarının 11.6-cı bölməsində Qazanxana, gəmi gövdəsi, gəmiqayırma və gəmi təmiri işləri, a) fəhlələr peşəsi güzəştli staj kimi nəzərdə tutulmuşdur. Cavabdeh iddiaçının müraciətini təmin etməkdən imtina edərkən göstərilən Qərarın 21.2-ci bəndinə istinad edərək iddiaçının işlədiyi “Bleyxert” və “Üzən kopyor -315” gəmisinin sahil buxtasında sahil bərkitmə işləri limanda aparıldığından, həmin gəmilərin limandan kənarda olmadıqlarını əsas gətirərək iddiaçının həmin yerlərdəki işini güzəştli staj hesab etməmişdir. Məhkəmə bununla bağlı ilk növbədə qeyd edir ki, Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC “Zığ” Gəmi Təmiri və Tikintisi Zavodunun xx.xx.2023-cü il tarixli arayışına əsasən iddiaçının işlədiyi peşələr gəmidə deyil, gəmi təmiri zavodunda olmuşdur ki, iddiaçının həmin yerlərdə güzəştli iş stajı 15 il 6 ay 24 gündür. Həmin peşələr isə Qərarın 21.2-ci bəndi deyil, “Meta emalı” adlanan 11-ci bəndinin, “Qazanxana, gəmi gövdəsi, gəmiqayırma və gəmi təmiri işləri” adlnan 21.6-cı bəndinin təsir dairəsinə düşür. Digər tərəfdən "Azərnəqliyyatyoltikinti” Açıq Səhmdar Cəmiyyəti 3 saylı Üzən Tikinti Quraşdırma Dəstəsinin xx.xx.2020-ci il tarixli arayışına əsasən iddiaçının “Bleyxert” və “Üzən kopyor – 315” gəmisinin üzən heyətində işləməsi və həmin peşələrin güzəştli peşələrə aid olması öz təsdiqini tapmışdır. Cavabdeh öz mülahizəsinə əsasən həmin peşələri güzəştli saymamaqla iddiaçının pensiya hüququnu məhdudlaşdırmışdır. Ona görə də, cavabdehin imtinası əsassızdır. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq, məhkəmə hеsаb еdir ki, iddia əsaslı olmaqla yuxarıda sadalanan qanunvericiliyin tələblərinə uyğun olduğundan təmin edilməli, İddiaçı xx.xx.2021-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və hazırkı dövrə qədər yaranmış fərqin ödənilməsi vəzifəsi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməlidir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə, qərara aldı: İddia tələbi təmin edilsin. İddiaçı xx.xx.2021-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və hazırkı dövrə qədər yaranmış fərqin ödənilməsi vəzifəsi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Bəhlul Cəlalov
Məhkəmə qərarları › İş №e-2-1(112)-10396/2023
Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-10396/2023
29.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver