Məhkəmə qərarları › İş №e-2-1(112)-10397/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-10397/2024

24.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-10397/2024 24.09.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, İddiaçı iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), şifahi, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2(006)-2814/2023 saylı qətnaməsinə əsasən Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağlarında yerləşən 0.12 ha sahəsi olan 2893 saylı sahəyə dair mülkiyyət hüququ barədə çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, vaxtilə işlədiyi iş yerindən (Korporativ 179) ona hədiyyə verilən Ləhiş bağlarında olan torpağına dair çıxarış almasını xahiş edir. İddiaçı qeyd edir ki, Milli Arxiv İdarəsindən qərarı almış, lakin orderini itirmiş, heç bir idarədə də yoxdur. Order və ya orderin arxiv arayışı qanunla Bakı Şəhər İcra Hakimiyyəti başçısı Aparatının Sənədlərlə və Vətəndaşların Müraciətləri ilə X3malıdı olduğundan dəfələrlə müraciət etmiş, lakin orada da olmadığı bildirilmişdir. DƏDKR PHŞ-nin 1 saylı Bakı Ərazi İdarəsi xx.xx.2023-cü il tarixli məktubunda orderin arxivdə olmadığı, xx.xx.2023-cü il tarixli məktubda isə 2893 saylı sahənin iddiaçıya aid olduğunu qeyd edir. Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2(006)-2814/2023 saylı qətnaməsinə əsasən Bakı Şəhər XDS İK-nin xx.xx.1990-cı il tarixli, 3/78 saylı qərarı əsasında 179 nömrəli bağ tikinti kooperativin verdiyi 0.12 ha (1200 kv m=12 sot) 2893 saylı sahənin Sabunçu rayonu Ləhiş bağları ünvanındakı mülkiyyətə verilmiş torpağın İddiaçı məxsus olması təsdiq edilmişdir. Lakin Nəsimi Rayon Məhkəməsinin qətnaməsinə baxmayaraq cavabdeh çıxarış vermək istəmir, bildirir ki heç bir öhdəliyi yoxdur. Qeyd edilənlərə əsasən iddiaçı hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına daxil olduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə göndərilmişdir. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş yazılı münasibətdə bildirilmişdir ki, sərəncamın icrası ilə əlaqədar aparılan araşdırma zamanı məlum olmuşdur ki, İdarənin arxiv əsaslarında mövcud olan xx.xx.2005-ci il tarixli akta əsasən Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1992-ci il tarixli, 941 saylı sərəncamını əsas götürərək İddiaçı adına 179 nömrəli bağ tikinti kooperativi nəzdində olan 2893 saylı sahəyə dair verilmiş sənədlərin (orderin) ləğv olunaraq X1 boş bağlar balansına keçirilməsi məqsədəuyğun hesab edilmişdir. Bundan əlavə, aktda qeyd edilən Ləhiş bağ massivində yerləşən “2893” saylı torpaq sahəsinə dair İddiaçı adına verilmiş order nüsxəsi İdarənin arxivində aşkar edilməmişdir. Elektron kadastr məlumatına əsasən göstərilən torpaq sahəsinin bir hissəsi digər bağ sahələrinin (2892 saylı bağ və bölünənləri) ərazisinə uyğun gəlir. Həmçinin torpaq sahəsinin sənəd üzrə sahəsi 1200 kv.m qeyd edilsə də, faktiki 1193 kv.m təşkil edir. Əlavə olaraq bildirilir ki, təqdim edilmiş Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(006)-2814/2023 saylı qətnaməsi ilə İdarənin üzərinə hər hansı bir öhdəlik qoyulmamışdır. Göstərilənlərə əsasən, iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə ilk öncə qeyd edir ki, irəli sürülmüş iddia öhdəliyin icrası növünə aid iddia olduğundan inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Belə ki, İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İddia tələb olunan mümkünlük şərtlərinə cavab verir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi hər hansı üzrlü səbəb bildirmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddianı müdafiə edərək, iddia ərizəsində göstərilənlərə uyğun məzmunda izahat verdi və tələbin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: -Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən iddiaçıya verilmiş xx.xx.2022, 12.04.023, xx.xx.2023, xx.xx.2023, xx.xx.2024-cü il tarixli oxşarməzmunlu bildiriş və məktubların surətlərindən görünür ki, iddiaçının müraciətlərinə baxılmış və etirazdakı dəlillərə uyğun imtina cavabı verilmişdir. -“Bağ-tikinti kooperativinin yaradılması və vətəndaşlara bağ sahəsinin ayrılması”na dair Bakı şəhər X2 İcraiyyə Komitəsinin xx.xx.1990-cı il tarixli, 3/78 nömrəli qərarının arxiv çıxarışından görünür ki, Azərbaycan SSR Nazirlər Sovetinin 195 nömrəli, xx.xx.1988-ci il tarixli və Bakı şəhər Sovetinin xx.xx.1988-ci il tarixli 6/333 nömrəli qərarlarına uyğun olaraq 179 nömrəli Ləhiş bağ-tikinti kooperativi üzvlərinin siyahısı təsdiq edilmiş və onlara bağ sahəsi ayrılmışdır. Həmin siyahıdan görünür ki, ünvan 2 ünvanda qeydiyyatda olan İddiaçı 179 nömrəli bağlar-tikinti kooperativi üzvlərinin siyahısında 5-ci sırada göstərilmişdir. -Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 20 oktyabr 2023-cü il tarixli, e-2(006)- 2814/2023 saylı qətnaməsindən görünür ki, İddiaçı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi və Bakı Şəhər İcra Hakimiyyəti üçüncü şəxs qismində cəlb edilməklə hüquqmüəyyənedi sənədlərin həmin şəxsə məxsus olması faktının təsdiq edilməsi tələbinə dair ərizəsi təmin edilmiş və Bakı Şəhər XDS İKnin (indiki BŞİH-in) xx.xx.1990-cı il tarixli 3/78 saylı qərarı əsasında 179 nömrəli bağ tikinti kooperativin verdiyi Sabunçu rayonu Ləhiş bağlarındakı 0.12 ha sahəsi olan 2893 saylı sahənin (torpağın) xx.xx.1947-ci il təvəllüdlü İddiaçı məxsus olması faktı müəyyən edilmişdir. -Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadında görünür ki, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən yuxarıda qeyd edilən qətnamədən verilmiş apellyasiya şikayəti prosessual normalara riayət edilmədən verildiyindən geri qaytarılmışdır -Bakı Şəhər İcra Hakimiyyətinin məhkəmənin sorğusuna cavab olaraq təqdim etdiyi Bakı şəhər İcra Hakimiyyəti başçısının “Bağ-tikinti kooperativlərinin tərkibində iki ildən çox bağ sahəsi ilə təmin edilib, lakin heç bir abadlıq və becərmə işləri görməyən vətəndaşlar barədə” 941 nömrəli, xx.xx.1992-ci il tarixli sərəncamının təsdiq edilmiş surətində aşağıdakılar göstərilmişdir:

1. Bağlar təsərrüfatı idarəsi bağ ərazisinin yerləşdiyi qəsəbə (kənd) icra hakimiyyəti aparatının deputatları ilə birlikdə bağ-tikinti kooperativlərinin tərkibində iki və daha çox il bağ sahəsi ilə təmin edilib, lakin heç bir abadlıq və becərmə işləri görməyən belə vətəndaşlar barədə yerində akt tərtib edilsin.

2. Akt əsasında abadlıq və beərmə işləri görməyən belə vətəndaşlardan həmin bağ sahələrini geri alınsın və onlardakı orderlər etibarsız sayılsın.

3. Geri alınmış bağ sahələri Bağlar təsərrüfatı İdarəsində növbədə dayanan vətəndaşların istifadələrinə verilsin. Müvafiq sorğu ilə cavabdeh tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 179 nömrəli Bağ-Tikinti Kooperativinin arxiv əsaslarında olan sənədlərin təsdiq edilmiş surəti məhkəməyə təqdim edilmişdir. Həmin materiallara əlavə edilmiş sənədlərdən görünür ki: -İddiaçı 179 saylı BTK üzvlərinin xx.xx.1990-cı il tarixli siyahısında 5-ci sırada göstərilmişdir. -2893 saylı bağ sahəsi Ləhiş bağ massivində yerləşən 179 saylı BTK-nın bağların bölgü sxemində mövcuddur. -Sabunçu rayon Nardaran qəsəbəsi üzrə nümayəndəsinin, Sabunçu rayonu Kürdəxanı bələdiyyəsinin sədrinin, Sabunçu rayon Maştağa qəsəbə Bələdiyyəsinin, Bakı şəhəri X1 Ləhic ərazisi üzrə nümayəndəsinin, sahə mühəndislərinin iştirakı ilə xx.xx.2005ci ildə tərtib edilmiş aktda göstərilmişdir ki, Ləhiş ərazisində 1988-1995-ci illər ərzində ayrıayrı BTK-lar tərkibində paylanmış və həmin günə qədər istifadəsiz qalmış bağ sahələrinin müəyyənləşdirilməsi məqsədilə ərazidə reyd keçirilərək sərəncamda nömrələri qeyd olunan bağ sahələrinin verilən ildən həmin günə qədər istifadə olunmadığı, ətrafı çəpərə alınmadığı, tikinti və abadlıq işlərinin aparılmadığı müəyyən edilərək,...179 saylı BTK tərkibində Kesxoveli ev 158, mənzil 7-də yaşayan İddiaçı verilmiş 2893 saylı....bağ sahələrinin...gələcəkdə zibilxanalara çevrilərək antisanitariyanın qarşısını almaq məqsədilə BŞİH başçısının xx.xx.1992-ci il tarixli 941 saylı Sərəncamını və Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 73-cü maddəsinin 1-ci bəndinin 2-ci, 4-cü, 8-ci abzaslarını əsas tutaraq yuxarıda göstərilən bağ sahələrinə verilmiş bağ sənədlərinin ləğv olunaraq X1 boş bağların balansına daxil olmasını komissiya üzvləri məqsədəuyğun hesab edirlər. Beləliklə, işin faktiki hallarından görünür ki, iddiaçının məqsədi 179 nömrəli BTK tərəfindən Ləhiş bağ massivində ona ayrılmış 0,12 ha sahəsi olan 2893 nömrəli bağ sahəsinin üzərində mülkiyyət hüququnun qeydiyyata alınması və bu barədə dövlət reyestrindən çıxarış verilməsindən ibarətdir. İddiaçı tələbinin əsası kimi ona bağ sahəsi ayrılmasına dair Bakı şəhər XDS İK-nin xx.xx.1990-cı il tarixli 3/78 saylı qərarına və həmin qərar əsasında 179 nömrəli bağ tikinti kooperativin verdiyi Sabunçu rayonu Ləhiş bağlarındakı 0.12 ha sahəsi olan 2893 saylı sahənin ona məxsus olması faktının təsdiq edilməsi barədə Nəsimi Rayon Məhkəməsinin 20 oktyabr 2023-cü il tarixli, e-2(006)- 2814/2023 saylı qətnaməsinə istinad edir. İddiaçı qeyd olunan sənədlərlə cavabdeh inzibati orqana müraciət etmiş, lakin tələbi təmin edilməmişdir. Cavabdeh iddiaçıya bağ sahəsinin ayrılmasına dair orderin nüsxəsinin İdarənin arxivində aşkar edilmədiyini, İdarənin arxivində mövcud olan xx.xx.2005-ci il tarixli aktda torpaq sahəsinin baxımsız olması səbəbindən İddiaçı ayrılmış 2893 saylı torpaq sahəsinin X1 boş bağlar balansına daxil olmasının məqsədəuyğun hesab edildiyi, elektron kadastr məlumatlarına əsasən göstərilən torpaq sahəsinin bir hissəsinin digər bağ sahələrinin ərazisinə uyğun gəldiyi, həmin torpaq sahəsinin faktiki ölçüsünün 1193 kv.metr olduğunu səbəb gətirərək iddiaçının müraciətini təmin etməkdən imtina etmişdir. İddiaçı hazırda cavabdehin imtinasını mübahisələndirir. Məhkəmə aşağıda göstərilən qanunvericiliyin tələblərinə əsasən iddia tələbinin əsaslı olduğu nəticəsinə gəlmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslar «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində nəzərdə tutulmuşdur. Həmin Qanunun 8.0-cı maddəsinə əsasən, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol, habelə təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokol; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatı; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 8.0.7. 2007-ci il mayın 22dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd; 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; 8.0.12. 2006-cı il iyulun 6-dan 2009-cu il iyunun 24-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən daşınmaz əmlaka dair verilmiş şəhadətnamələr. Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli, 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı” təsdiq edilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 10.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. Eyni Qanunun 10.2-ci maddəsinə əsasən, qeydiyyat orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri əlavə olunmalıdır (10.2.1). Həmin Qanunun 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn tanınması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam səlahiyyətinə malik olmadıqda, bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olmuş hallar aradan qaldırılmadıqda. Həmin Qanunun 10-cu maddəsinə görə həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Kollektiv bağlar özəlləşdirilərkən torpaq sahəsi bağçılığın hər üzvünün mülkiyyətinə verilir. Dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların torpaqları hər bir icarəçinin, kooperativ bağların torpaqları hər bir kooperativ üzvünün mülkiyyətinə verilir. Bağ sahələrinin torpaqları özəlləşdirilərkən onların üzərindəki tikililər, ağaclar və digər obyektlər əvəzsiz olaraq bağ sahiblərinin xüsusi mülkiyyətinə keçir. Həmin Qanunun 25-ci maddəsinin 4-cü bəndində göstərilir ki, bu Qanunun 9-cu maddəsinin müddəaları 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən dövlət mülkiyyətində olan torpaqlardan vətəndaşlara ayrılmış bağ sahələrinin altındakı torpaqlara da şamil edilir. "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununun bağların əvəzsiz olaraq vətəndaşların mülkiyyətinə verilməsini nəzərdə tutan 9-cu maddəsinin tələblərinin icrasında ləngimələrə yol verildiyini nəzərə alaraq, bağ sahələri ilə bağlı münasibətlərin müasir dövrün tələblərinə uyğunlaşdırılmasının təmin edilməsi məqsədilə qəbul edilmiş “Yerli icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli sərəncamına əsasən yerli icra hakimiyyəti orqanlarının, o cümlədən Bakı şəhəri İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, onların yalnız arxivlərinin Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli, 1017 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsi”nin: -3.0.23-cü bəndinə əsasən daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri, torpaq sahələrinin planını və ölçüsünü tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün kadastr planlarını hazırlamaq; -3.0.50-ci bəndinə əsasən, Azərbaycan Respublikası vətəndaşlarının qanuni istifadəsindəki yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud uyğunsuzluqlar aradan qaldırılmaqla, onların mülkiyyətinə verilməsini rəsmiləşdirmək Xidmətin vəzifələrinə aiddir. AR Konstitusiya Məhkəməsi Plenumunun “Q.Məmmədova və digərlərinin şikayəti üzrə 2015-ci il 15 iyul tarixli və “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli Qərarlarında qeyd edilmişdir ki, məhkəmənin qanuni qüvvəyə minmiş qərarları preyudisial əhəmiyyətə malikdir. Preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir. İPM-in 78-ci maddəsinə əsasən, mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı inzibati məhkəmə icraatının iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Göründüyü kimi, mövcud qanunvericilik daşınmaz əmlaka hüquqların müvafiq reyestrdə qeydiyyatına əsasların dairəsini konkret müəyyən edir və qanunverici “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsində nəzərdə tutulan hər hansı sənədlərdən birinin təqdim olunmasını hüquqların dövlət qeydiyyatı üçün kifayət hesab edir. Məhkəmə qeyd edir ki, iddiaçı Bakı şəhər XDS İK-nin xx.xx.1990-cı il tarixli 3/78 saylı qərarı əsasında 179 nömrəli bağ tikinti kooperativi tərəfindən Sabunçu rayonu Ləhiş bağlarından 0.12 ha sahəsi olan 2893 saylı sahənin ona ayrılmasına dair orderi cavabdehə təqdim edə bilməsə də, sözügedən bağ sahəsinin ona məxsus olması faktının təsdiq edilməsi barədə Nəsimi Rayon Məhkəməsinin 20 oktyabr 2023-cü il tarixli, e-2(006)-2814/2023 saylı qanuni qüvvəsini almış və tərəflər üçün preyudisial əhəmiyyət daşıyan qətnaməsini cavabdehə təqdim etmişdir. İstinad olunan Qanunun 8.0.4-cü maddəsinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qərarları daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin əsaslarından biri kimi nəzərdə tutulmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, mübahisəli bağ sahəsinin üzərində iddiaçının mülkiyyət hüququnun qeydiyyata alınması üçün hüquqi əsas mövcuddur. Eyni zamanda işin araşdırılan hallarından da göründüyü kimi, Bakı şəhər X4 İcraiyyə Komitəsinin 19 aprel 1990-cı il tarixli 3/78 nömrəli qərarının arxiv əsası saxlanılır, 179 saylı BTK-nın üzvləri siyahısında iddiaçının adı aşkar edilir, həmçinin həmin bağların bölgü sxemində 2893 nömrəli bağ sahəsinin olduğu müəyyən edilir. Məhkəmə cavabdehin imtina dəlillərinə münasibətdə aşağıdakıları bildirir. Cavabdehin İdarənin arxivində olan xx.xx.2005-ci il tarixli akt əsasında torpaq sahəsinin baxımsız olması səbəbindən İddiaçı adına ayrılmış sözügedən torpaq sahəsinin X1 boş bağlar balansına daxil edilməsi ilə bağlı olan dəlilinə münasibətdə qeyd edilir ki, Bakı şəhər İcra Hakimiyyəti Başçısının 13 iyun 1992-ci il tarixli 941 nömrəli sərəncamında 2893 saylı bağ sahəsinin İddiaçı adına ayrılmasına dair orderin etibarsız hesab edilməsinə aid hər hansı məlumat aşkar edilməmişdir. Həmin sərəncam ümumi xarakter daşıyır və iddiaçıya 2893 saylı bağ sahəsinin ayrılması barədə orderin və ya həmin orderin verilməsi üçün əsas olmuş qərarın ləğv edilməsi barədə birbaşa göstəriş yoxdur. Məhkəmə xüsusi olaraq qeyd edir ki, 1996-ci il tarixdə qəbul edilmiş və qüvvədə olan «Torpaq islahatı haqqında» AR Qanunun 9-cu maddəsinə görə vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Göstərilən normanı hazırkı işə tətbiq edilməsi onu deməyə əsas verir ki, 2893 saylı bağ sahəsi İddiaçı qanuni əsaslarla istifadəsində olması işin halları ilə müəyyən edildiyindən həmin bağ sahəsi «Torpaq islahatı haqqında» Qanun qüvvəyə mindiyi gündən artıq əvəzsiz olaraq onun xüsusi mülkiyyətinə keçmişdi. Belə olan halda iddiaçının torpaq sahəsi üzərində mülkiyyət hüququna Azərbaycan Respublikasının 25 iyun 1999-cu il tarixli 695-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş və hazırda qüvvədə olan Torpaq Məcəlləsinin tələblərinə əsasən xitam verilə bilərdi. Həmin Məcəllənin 73.1-ci maddəsinə əsasən, torpaq sahəsi və ya onun bir hissəsi üzərində mülkiyyət, istifadə və ya icarə hüququna aşağıdakı hallarda xitam verilir: torpaq sahəsindən könüllü imtina edildikdə və ya torpaq mülkiyyətçisi onu özgəninkiləşdirdikdə; torpaq sahəsinin istifadəyə və ya icarəyə verildiyi müddət qurtardıqda; hüquqi şəxslərin fəaliyyətinə xitam verildikdə; torpaqdan məqsədli təyinatına görə istifadə edilmədikdə: əmək münasibətləri əsasında müvəqqəti istifadə edilən torpaq sahələri ilə əlaqədar işçilərin fərdi əmək müqavilələrinə xitam verildikdə; istifadə və ya icarə müqaviləsi şərtlərinə əməl edilmədikdə; torpaq vergisi və icarə haqqı üzürlü səbəb olmadan 1 il ödənilmədikdə; kənd təsərrüfatı istehsalı üçün verilmiş torpaq sahəsindən dalbadal 2 il ərzində və qeyri-kənd təsərrüfatı ehtiyacları üçün verilmiş torpaq sahəsindən 1 il ərzində üzürlü səbəb olmadan istifadə edilmədikdə; istifadə zamanı torpağın keyfiyyətinin pisləşməsinə və eroziyasına, kimyəvi və radioaktiv maddələrlə çirklənməsinə, bataqlaşmasına, təkrar şoranlaşmasına, torpaq sahəsində olan meliorasiya və irriqasiya sistemlərinin istismar qaydalarının pozulmasına, ətraf təbii mühitin çirklənməsinə yol verildikdə; dövlət ehtiyacları üçün torpaqların alınması zəruriliyi yarandıqda; torpaq sahəsinin mülkiyyətçisinə mənsub olan və həmin sahədə yerləşən tikili və qurğuya mülkiyyət hüququ keçdikdə; torpaq mülkiyyətçisi, istifadəçisi (icarəçisi) öldükdə və vərəsələr olmadıqda; torpaq sahəsinin ipotekası zamanı ipoteka ilə təmin edilmiş öhdəlik icra edilmədikdə. Həmin Məcəllənin 73-cü maddəsinin 2-ci bəndində göstərilir ki, bu maddənin 1-ci bəndinin 5-ci, 8-ci, 9-cu və 10-cu abzaslarında nəzərdə tutulan müddəalar xüsusi mülkiyyətdə olan torpaqlara şamil edilmir. Həmin Məcəllənin 84-cü maddəsinə görə torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Məhkəmə qeyd edir ki, xx.xx.2005-ci il tarixli akt tərtib edildiyi vaxt “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvədə olmadığından, həmin dövrdə torpaq sahələri üzərində mülkiyyət, istifadə və icarə hüquqlarının məhdudlaşdırılması və xitamı məsələləri Torpaq Məcəlləsinin 73-cü maddəsinin tələblərinə uyğun şəkildə tənzimlənməli idi. Hansı ki həmin normanın tələbindən göründüyü kimi, xüsusi mülkiyyətdə olan torpaq sahəsinin istifadə edilməməsinə görə hüquqlara xitam verilməsinə yol verilmir. Belə olan halda cavabdehin istinad etdiyi xx.xx.2005-ci il tarixli akt iddiaçıya ayrılmış torpaq səhəsi üzərində hüquqlarına təsir edə bilən nəticəyə səbəb olan sənəd kimi dəyərləndirilə bilməz. Cavabdeh mübahisəli 2893 saylı bağ sahəsinin bağların bölgüsünə dair sxematik xəritə ilə uyğunsuzluq təşkil etdiyini, göstərilən sahənin bir hissəsinin 2892 saylı bağın və onun bölünənlərinin ərazisinə uyğun gəldiyini bildirsə də, məhkəməyə bununla bağlı hər hansı sübut təqdim etməmişdir. Qeyd edilir ki, iddia olunan 2893 saylı bağ sahəsinin 2892 saylı bağ sahəsinin ərazisinə (onun bölünənlərinə) uyğunluğu müəyyən olunsaydı belə, bu hal daşınmaz əmlak üzərində hüquqların qeydiyyatında imtina etmək üçün cavabdehə əsas vermirdi. Çünki həmin hallar iddiaçının iradəsindən asılı deyil və uyğunsuzluq olduğu təqdirdə bu uyğunsuzluğun aradan qaldırılması da cavabdehin səlahiyyətlərindədir. Yuxarıda istinad olunan müddəalardan da göründüyü kimi, Xidmətin müvafiq torpaq sahəsinin plan və ölçüsünü tərtib etmək vəzifəsi müəyyən edilmişdir. Bağ sahəsi iddiaçının mübahisəsiz istifadəsindədir, həmin sahəyə digər şəxslərin müraciətinin qeydə alınması, yaxud üst-üstə düşməsi barədə hər hansı dəlil məhkəməyə təqdim edilməmişdir. Torpaq sahəsinin faktiki ölçüsünün sənəd üzrə ölçülərdən fərqlənməsinə gəlincə bildirilir ki, iş üzrə keçirilmiş xx.xx.2024-cü il tarixli məhkəmə iclasında iddiaçı 1193 kv.metr torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınmasına heç bir etirazının olmadığını bildirmişdir. Qeyd olunmalıdır ki, hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün müəyyən olunmuş hallar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsində sadalanmışdır və həmin hallar aşağıdakılardan ibarətdir: 15.1.1 – dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2 – hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3 – hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4 – daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5 – daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6 – bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Göründüyü kimi, qanunverici hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsaslarını dəqiq müəyyən etmişdir. Hazırkı mübahisəyə münasibətdə iş üzrə aparılmış araşdırma zamanı həmin hallardan hər hansı birinin mövcudluğu müəyyən edilməmişdir. Beləliklə, qeyd olunanları ümumiləşdirərək məhkəmə belə hesab edir ki, qeyd olunan dəlillər qanunvericiliklə torpaq sahəsinə dair hüquqların müvafiq qaydada qeydiyyatının aparılmasından imtina əsası kimi nəzərdə tutulmadığından, iddiaçının arzuladığı məqsədə nail olmaq üçün maneə hesab edilməməlidir. Odur ki, cavabdehin imtinası iddiaçının hüquqlarını pozan hal kimi qiymətləndirilməli, iddia əsaslı olduğundan təmin edilməli, iddiaçının Bakı şəhər X4 İcraiyyə Komitəsinin verdiyi xx.xx.1990-cı il tarixli, 3/78 saylı qərarı əsasında 179 nömrəli BTK tərəfindən Ləhiş bağ massivində ayrılmış 1193 kv.m sahəsi olan 2893 nömrəli bağ sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və ona bu barədə dövlət reyestrindən çıxarış verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməlidir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 15.2-ci maddəsinə əsasən qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 19.2-ci maddəsinə əsasən, təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Həmin Qanunun 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İPM-in: - 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. - 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. - 58.7-ci maddəsinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2, 33, 52, 45, 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

İddia təmin edilsin. İddiaçı Bakı şəhər X4 İcraiyyə Komitəsinin verdiyi xx.xx.1990-cı il tarixli, 3/78 saylı qərarı əsasında 179 nömrəli BTK tərəfindən Ləhiş bağ massivində ayrılmış 1193 kv.m sahəsi olan 2893 nömrəli bağ sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və ona bu barədə dövlət reyestrindən çıxarış verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Tural Məlikov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar