Məhkəmə qərarları › İş №e-2-1(112)-10398/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-10398/2024

14.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-10398/2024 14.10.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçı Cavabdehnə qarşı “yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı “yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia onunla əsaslandırılmışdır ki, fərdi yaşayış qeydiyyata alınmış əmlak iddiaçının mülkiyyətindədir. Həmin sahənin yarımzirzəmisini qeyri-yaşayış sahəsinə keçirmək niyyətindədir. Məqsəd həmin sahədə pərakəndə ticarət dükanının istifadəsi ilə əlaqədardır. Bunun üçün də, bütün zəruri texniki və hüquqi imkanlar mövcuddur. Həmin sahənin küçəyə ayrıca çıxış imkanları mövcuddur. Sahə birinci mərtəbənin altında yerləşir. Binanın girişindən istifadə etmədən həmin sahəyə girmə mümkündür. Lakin, cavabdeh müraciətin təminindən əsassız olaraq imtina etmişdir. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. İddia tələbinin mahiyyəti ilə bağlı isə məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: 15 yanvar 2024-cü il qeydiyyat tarixli çıxarışdan görünür ki, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi 498,10 kv.m olmaqla və 0,03 ha torpaq sahəsi İddiaçı mülkiyyətində olmuşdur. 15 aprel 2024-cü il qeydiyyat tarixli çıxarışdan görünür ki, həmin fərdi yaşayış evinin torpaq sahəsi və fərdi yaşayış evinin bir hissəsi, o cümlədən 116,6 kv.m-dən ibarət yarımzirzəmi iddiaçının mülkiyyətində saxlanılmış, digər hissələr paylı mülkiyyət əsasında digər şəxslərin mülkiyyətinə verilmişdir. Cavabdehin imtina məktubunda qeyd edilmişdir ki, sənədlər toplusu təqdim edildikdən sonra məsələyə yenidən baxılacaqdır. "xxxx" MMC-nin tərəfindən tərtib edilən texniki sənəddən görünür ki, fərdi yaşayış evi və layihələndirilən yarımzirzəmi barədə məlumatlar, ümumi sahə və tikinti altı sahə ilə bağlı məlumatlar əks olunmuşdur. Fərdi yaşayış evinin texniki pasportundan görünür ki, fərdi yaşayış evi 4 mərtəbədən ibarətdir, yarımzirzəminin ölçüsü 116,6 kv.m təşkil edir. Qeyd olunmalıdır ki, Mənzil Məcəlləsinin: 13.1. Yaşayış sahələrinə aşağıdakılar aiddir: 13.1.1. yaşayış evi, yaşayış evinin hissəsi; 13.1.2. mənzil, mənzilin hissəsi; 13.1.3. otaq; 13.1.4. bu Məcəllənin 13.5-ci maddəsində nəzərdə tutulmuş yerləşmə vasitələri. 20.1. Yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsinə bu Məcəllənin və şəhərsalma haqqında qanunvericiliyin tələblərinin nəzərə alınması şərti ilə yol verilir. 20.2. Yaşayış sahəsindən qeyri-yaşayış sahəsinə keçirilən sahəyə gediş-gəliş yaşayış sahələrinə gediş-gəlişi təmin edən sahələrdən istifadə etmədən mümkün olmadıqda və ya belə gediş-gəlişi qurmağa texniki imkan olmadıqda, keçirilən sahə eyni zamanda, mənzilin tərkib hissəsi kimi qaldıqda, yaxud həmin sahənin mülkiyyətçisi və ya başqa şəxs tərəfindən daimi yaşayış yeri kimi istifadə edildikdə, habelə keçirilən sahəyə mülkiyyət hüquqları digər şəxslərin hüquqları ilə yüklü edilmiş olduqda (xeyrinə yüklülük qeydə alınmış şəxslərin yazılı razılığı olduğu hallar istisna olmaqla), yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsinə yol verilmir. 20.3. Çoxmənzilli binalarda mənzillərin qeyri-yaşayış sahələrinə keçirilməsinə o halda yol verilir ki, belə mənzil həmin binanın birinci mərtəbəsində yerləşsin. Digər mərtəbədə yerləşən mənzilin qeyri-yaşayış sahəsinə keçirilməsinə qeyri-yaşayış sahəsinə keçirilən mənzilin bilavasitə altında yerləşən sahələrin yaşayış sahələri olmadığı hallarda yol verilir. 21.1. Yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi müvafiq icra hakimiyyəti orqanının və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumun qərarı əsasında həyata keçirilir. 21.2. Yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi üçün müvafiq sahənin mülkiyyətçisi və ya onun tərəfindən səlahiyyət verilmiş şəxs (bundan sonra bu fəsildə - ərizəçi) keçirilən sahənin yerləşdiyi ərazi üzrə keçirilməni həyata keçirən orqana aşağıdakı sənədləri təqdim edir: 21.2.1. sahənin keçirilməsi haqqında ərizə (ərizədə yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsinin məqsədləri göstərilməlidir); 21.2.2. keçirilən sahə üzərinə hüquqları müəyyənləşdirən sənədlər (əsli və ya notariat qaydasında təsdiqlənmiş surəti); 21.2.3. keçirilən sahənin texniki təsviri göstərilməklə planı (keçirilən sahə yaşayış sahəsi olduqda onun texniki pasportu); 21.2.4. keçirilən sahənin yerləşdiyi binanın mərtəbəli planı. 21.3. Sahənin keçirilməsini həyata keçirən orqan bu Məcəllənin 21.2-ci maddəsində göstəriləndən başqa, digər sənədləri tələb edə bilməz. Sahənin keçirilməsini həyata keçirən orqan tərəfindən sənədlərin qəbul edilməsi barədə onların siyahısı, qəbul edilmə tarixi göstərilməklə qəbz verilir. 22.1. Yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsindən imtinaya aşağıdakı hallarda yol verilir: 22.1.1. bu Məcəllənin 21.2-ci maddəsi ilə müəyyən edilmiş sənədlər təqdim edilmədikdə (bu Məcəllənin 21.2-1-ci maddəsinin tələbləri nəzərə alınmaqla); [9] 22.1.2. bu Məcəllənin 20-ci maddəsində nəzərdə tutulmuş sahənin keçirilməsi şərtlərinə riayət edilmədikdə; 22.1.3. yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması layihəsi tikinti norma və qaydalarına uyğun olmadıqda. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin icrasının təmin edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 24 may 2010-cu il tarixli Fərmanın 1.2-ci bəndinə əsasən həmin Məcəllənin 21.1-ci maddəsində birinci halda nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini yerli (rayon, şəhər və şəhər rayonu) icra hakimiyyəti orqanları (dövlət mülkiyyətində olan qeyri-yaşayış sahələrinin yaşayış sahələrinə keçirilməsinə münasibətdə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin, dövlət mühafizəsində olan daşınmaz tarixi və mədəniyyət abidələrinə münasibətdə isə həmçinin Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin, tabeliyindəki dövlət qoruqlarının ərazilərində Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyinin razılığı əsasında) həyata keçirir. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş Yerli icra hakimiyyətləri haqqında Əsasnamənin 4.9.11-ci yarımbəndinə əsasən Azərbaycan Respublikasının Mənzil Məcəlləsi ilə müəyyən edilmiş qaydada yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi barədə qərar qəbul etmək yerli icra hakimiyyətinin başçısının səlahiyyətindədir. Sadalanmış qanunvericiliyin və normativ hüquqi aktların tələblərindən göründüyü kimi yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi barədə qərar qəbul etmək yerli icra hakimiyyətinin başçısının səlahiyyətindədir. Nəzərə alınmalıdır ki, bu növ qərar qəbul edilərkən hüquqi qiymətləndirilmənin aparılması Azərbaycan Respublikası Mənzil Məcəlləsinin müddəaları əsasında həyata keçirilir. Məcəllənin İİİ fəslində yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi şərtləri, qaydası və imtina əsasları konkret olaraq göstərilmişdir. “İnzibati icraat haqqında” Qanunun 24-cü maddəsində qeyd olunmuşdur ki, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Həmin Qanunun 13.1 və 13.2-ci maddələrinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati Prosessual Məcəlləsinin: 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. 14.1. Mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. 14.2. İnzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçıların arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Qeyd olunmalıdır ki, hazırkı halda yaşayış sahəsindən qeyri-yaşayış sahəsinə keçirmə barədə imtinanı zəruri edən faktiki şərtlərin mövcudluğunu sübutetmə vəzifəsi cavabdehin üzərinə düşməsinə baxmayaraq, cavabdeh həmin halı sübut edə bilməmiş, zəruri sənədlər toplusunun təqdim edilməməsinə istinad edərək müraciətin təminindən imtina etmişdir. Halbuki, MM-nin 21.3.-cü maddəsinin tələbləri konkret olaraq müəyyən edir ki, Sahənin keçirilməsini həyata keçirən orqan bu Məcəllənin 21.2-ci maddəsində göstəriləndən başqa, digər sənədləri tələb edə bilməz. Təqdim edilməli olan sənədlərin siyahısı isə, sahənin keçirilməsi haqqında ərizə (ərizədə yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsinin məqsədləri göstərilməlidir), keçirilən sahə üzərinə hüquqları müəyyənləşdirən sənədlər (əsli və ya notariat qaydasında təsdiqlənmiş surəti), keçirilən sahənin texniki təsviri göstərilməklə planı (keçirilən sahə yaşayış sahəsi olduqda onun texniki pasportu) və keçirilən sahənin yerləşdiyi binanın mərtəbəli planıdır ki, iş materiallarında olan 25 aprel 2024-cü il tarixli müraciət məktubundan da göründüyü kimi, həmin sənədlər cavabdeh tərəfindən əldə edilmiş, lakin cavabdeh 21.3-cü maddənin tələblərinə uyğun olmadan imtina etmiş, imtina zamanı isə, ümumi olaraq sənədlər toplusunun təqdim edilməli olmasına istinad etmişdir. Halbuki, cavabdeh göstərilən sənədlər əlavə hər hansı sənədin təqdim edilməli olmasına istinad edə bilməzdi, bundan əlavə isə hər hansı sənədin çatışmazlığı halı mövcud olduğu halda məhz hansı sənədin təqdim edilməli olduğuna istinad zərurəti mövcud olmuşdur ki, həmin istinad da imtina məktubunda müəyyən edilməmiş, cavabdeh tərəfindən müraciət əsassız olaraq icra edilməmişdir. Məhkəmə, xüsusi olaraq qeyd etməyi zəruri hesab edir ki, hüquqi baxımından fərdi yaşayış evi, faktiki olaraq isə çoxmənzilli bina təyinatının mövcudluğu da mütləq nəzərə alınmalıdır. Belə ki, fərdi yaşayış evi kimi göstərilən tikilinin birinci mərtəbəsinin altında yerləşən 116,6 kv.m ölçüdə yarımzirzəmi tikinti xüsusiyyətləri baxımından faktiki olaraq qeyri-yaşayış sahəsi xüsusiyyətlərinə malikdir. Məhkəmə tərəfindən həyata keçirilmiş yerli baxış zamanı da onun qeyri-yaşayış təyinatı xüsusiyyətləri, iddia ərizəsində göstərildiyi kimi qeyri-yaşayış təyinatlı istifadəyə yararlılığı müəyyən edilmiş, ayrıca giriş-çıxışının mövcud olması, yaşayış üçün istifadə edilən sahələrə maneə olmaması, binanın mənzillərinin giriş-çıxışı ilə adıçəkilən yarımzirzəminin giriş-çıxışının fərqli yerlərdən olması öz təsdiqini tapmışdır. Beləliklə, yarımzirzəminin qeyri-yaşayış sahəsinə keçirilməsi üçün binanın çoxmənzilli xüsusiyyətləri, eləcə də yarımzirzəminin çoxmənzilli sahədə qeyri-yaşayış təyinatlı olması hazırkı iddianın təmininə əsas yaradır. Lakin, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, tikilinin fərdi yaşayış evi olması da, onun ayrıca bir hissəsinin qeyri-yaşayış sahəsinə keçirilməsini maneə olmamaqdadır. Belə ki, MM-nin 20.2-ci maddəsinin tələbindən görünür ki, məhz mənzilin tərkib hissəsi kimi qaldıqda sahənin keçirilməsindən imtina əsası qeyd edilmişdir. Lakin, MM-nin özündə fərdi yaşayış sahəsi, mənzil, otaq 13.1-ci maddədə xüsusi olaraq fərqləndirilmişdir ki, həmin fərqləndirmə isə onun qeyd edilməsinə əsas yaradır ki, mənzildən fərqli olaraq fərdi yaşayış evinin bir hissəsinin texniki imkanlar olduğu təqdirdə qeyri-yaşayış sahəsinə keçirilməsi ilə əlaqədar hər hansı qadağa mövcud olmamışdır. Odur ki, fərdi yaşayış evinin yarımzirzəmisi kimi də bina çoxmənzilli təyinatlı olmasaydı belə, sahə MM-nin tələblərinə zidd olmadığı halda keçirilmə ilə bağlı qadağaya məruz qalmamış, həmin qadağa məhz mənzillə əlaqədar olmuşdur. Beləliklə, məhkəmə hesab edir ki, AR İPM-nin 14-cü maddəsinə uyğun olaraq hazırkı iddianın təminini konkret istisna edən halların müəyyən edilməsi cavabdehin üzərinə düşdüyündən və cavabdeh konkret olaraq müraciətin təminini istisna edən halları sübuta yetirə bilmədiyindən, hazırki iddia təmin olunmalıdır. İnzibati Prosessual Məcəlləsinin: 58.7.Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1.Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2.Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci , 69-cu , 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. ünvan 1 (köhnə qaydalarla Səbail rayonu Badamdar qəsəbəsi) ünvanda yerləşən fərdi yaşayış evinin İddiaçı mülkiyyətində olan ümumi sahəsi 116,6 kv.m olan yarımzirzəminin təyinatının dəyişdirilərək qeyri-yaşayış sahəsinə keçirilməsinə dair qərar qəbul edilməsi vəzifəsi Cavabdehnə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. Hakim: Orxan Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar