Məhkəmə qərarları › İş №e-2-1(112)-10400/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-10400/2025

11.07.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-10400/2025 11.07.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qənbərova Səlma İsgəndər qızının sədrliyi, İddiaçı X2, İddiaçının nümayəndəsi Vəkil iştirakları ilə, İddiaçı X2 cavabdeh Bakı şəhər Səbail Rayon Polis İdarəsinə (üçüncü şəxslər X6 və X7) qarşı “qeydiyyatdan çıxarılma” tələbinə dair inzibati işə Bakı İnzibati Məhkəməsinin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq şifahi məhkəmə iclasında baxaraq, müəyyən etdi: İ. İşin halları:

1. xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən 11 saylı mənzil iddiaçı X2 (bundan sonra – İddiaçı) paylı mülkiyyətindədir (2/6 hissə).

2. İddiaçı ərizə ilə cavabdeh Bakı şəhər Səbail Rayon Polis İdarəsinə (bundan sonra – Cavabdeh) müraciət edərək, X6 və X4 ünvan 1də yerləşən 11 saylı evdən qeydiyyatdan çıxarılmasını xahiş etmişdir.

3. Cavabdeh xx.xx.2025-ci il tarixli məktubla iddiaçının tələbini təmin etməkdən imtina etmiş və bildirmişdir ki, ünvan 1də yerləşən 11 saylı mənzildən qeydiyyatda olan X6 və X4 göstərilən ünvandan qeydiyyatdan çıxarılması ilə əlaqədar mövcud qanunvericiliyin tələblərini nəzərə alaraq «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən məhkəmə orqanlarına müraciət etməsi məqsədəmüvafiqdir.

4. Bundan sonra iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 3-cü şəxslər X6 (AA2926488, FİN 1K01A63, təvəllüd xx.xx.1981) və X4 (AA2926483, FİN 7QKH7BN, təvəllüd xx.xx.2005) İddiaçı məxsus olan ünvan 2 ünvanında yerləşən mənzildən qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

5. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə X6 və X7 üçüncü şəxs qismində hazırkı inzibati məhkəmə icraatına cəlb edilmişlər. İİ. Tərəflərin əsaslandırması: İddiaçı tələbini bununla əsaslandırmışdır ki, üçüncü tərəflər iddiaçının keçmiş ailə üzvləridir. Aralarında çoxsaylı məhkəmə mübahisələri olmuş, nikahları pozulmuş, uşaqlar ananın yanında və istifadə hüquqlarının bir il müddətində saxlanılması qət edilmişdir. Sevda mənzilə köçürülmədən imtina etsə də, Jalə bir il müddətində atasının yanında qalmış və sonra çıxıb getmişdir. Lakin mənzildən qeydiyyatdan çıxmamışdır. Bu isə mülkiyyətçinin mülkiyyət hüquqlarını əsaslı şəkildə pozur, onun öz mənzilindən sərbəst formada istifadə etməsinə maneçilik yaradır. 3-cü şəxslər iddiaçıya məxsus olan mənzildə formal olaraq qeydiyyatda qalmaqdadır. Şifahi qaydada, eləcə də yazılı müraciət edilib, zəruri sənədlər təqdim edilsə də, Bakı şəhəri Səbail Rayon Polis idarəsi 3-cü şəxslərin onlar tərəfindən qeydiyyatdan çıxarılmasının mümkün olmayacağını, yalnız məhkəmə qərarı ilə qeydiyyatdan çıxarılmanın mümkün olmasını şifahi qaydada bildirmiş, yazılı cavab verməmişdir. Belə olan halda mübahisənin məhkəmə müstəvisində həll edilməsindən başqa yolu mövcud olmamışdır.

6. Cavabdeh iddiaya yazılı münasibətini məhkəməyə təqdim etməmişdir.

7. Məhkəmə iclasında iştirak edən iddiaçı və nümayəndəsi tələbi müdafiə edərək, onun təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdilər.

8. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh və üçüncü şəxslər məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, tərəfə təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədiyi halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). İİİ. Məhkəmənin mövqeyi:

9. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir.

10. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. 11.İnzibati Prosessual Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər.

12. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrıayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır.

13. Hazırkı iddia üçüncü şəxslərin qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulmasından ibarətdir ki, bu iddia öhdəliyin icrası haqqında iddia növünə uyğun iddiadır. Öhdəliyin icrası haqqında iddia növünə münasibətdə iddianın xüsusi mümkünlük şərti iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə cavabdeh orqana müraciət etməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmişdir.

14. İddia həm də əsaslıdır. Belə ki, işdə olan xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən 11 saylı mənzil Babayev X8 (4/6 hissədən qalan hissə), X3 (4/6 hissədən A tikilisi İİİ mərtəbə, 2 y/ot-22.3 kv.m), X1 (2/6 hissədən 3-cü mərtəbədən 3 otaq) və X2 (2/6 hissədəm qalan hissə) paylı mülkiyytindədir.

15. Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin xx.xx.2025-ci il tarixli, 18/2-16093 nömrəli məktubundan görünür ki, xx.xx.1981-ci il təvəllüdlü X6 ünvan 3 ünvanında xx.xx.2007-ci il tarixdən hazıradək; xx.xx.2005-ci il təvəllüdlü X7 ünvan 4 ünvanında xx.xx.2016-cı ildən hazıradək qeydiyyatdadırlar.

16. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-21-3-30/2-27364/2025 nömrəli sorğuya cavab məktubundan görünür ki, X5 və X4 mübahisəli əmlak üzərində mülkiyyət, istifadə hüququnun qeydiyyata alınmasına dair məlumat aşkar edilməmişdir.

17. İddiaçı hazırda ona məxsus yaşayış sahəsində yaşamadıqlarını və hüquqlarının olmadığını iddia etdiyi üçüncü şəxslərin qeydiyyatdan çıxarılmasını xahiş edir.

18. Məhkəmə qeyd edir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə — yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə — müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə — ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında.

19. Göründüyü kimi, qanunverici şəxsin qeydiyyatdan çıxarılması üçün əsasların siyahısını konkret olaraq müəyyən etmişdir.

20. Bu əsaslardan biri də şəxsin yaşayış sahəsindən çıxarılması və ya yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin mövcudluğudur.

21. Yaşayış sahəsindən çıxarılma barədə qətnamə məhkəmələr tərəfindən şəxsin yaşayış sahəsindən istifadə hüququnun olmaması müəyyən edildikdə qəbul edilir. Belə ki, yaşayış sahəsinin mülkiyyətçisi həmin yaşayış sahəsi üzrə qeydiyyatda olub orada yaşayan şəxsin qeydiyyatdan çıxarılması üçün məhkəmədə sonuncunun yaşayış sahəsindən çıxarılması haqqında iddia qaldırmalıdır. Bu halda şəxsin yaşayış sahəsindən çıxarılması haqqında məhkəmə qətnaməsi şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün əsas kimi çıxış edir. Yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə qətnamələr şəxsin yaşayış sahəsindən istifadə hüququ mövcud olduğu hallarda belə iddialara baxılması ilə əlaqədardır. Lakin əgər şəxsin həmin yaşayış sahəsinə istifadə hüququ yoxdursa, aydındır ki, istifadə hüququna xitam verilmə barədə qətnamə, şəxs həmin yaşayış sahəsində yaşamırsa, onun yaşayış sahəsindən çıxarılmasına dair qətnamə mövcud olmayacaqdır.

22. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumununun 24 sentyabr 2020-ci il tarixli qərarı ilə qərara alınmışdır ki:

1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir.

2. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir.

3. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər.

23. Həmin qərarında Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, “mükiyyətçiyə məxsus yaşayış sahəsinə qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsindən istifadə hüququ olmayan və orada faktiki yaşamayan şəxslərin qeydiyyatdan çıxarılması məsələsi ilə əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, bu hallarda qeydiyyatda olan şəxslərin mülkiyyətçinin ərizəsi əsasında inzibati orqan tərəfindən qeydiyyatdan çıxarılması məsələsi qanunvericilikdə birmənalı qaydada tənzimlənməsə də, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 1-ci bəndinin mənasına görə bu mümkün hesab edilməlidir. Belə ki, qeyd edilən norma məhz şəxsin yaşayış yerini dəyişdiyi halda müvafiq icra hakimiyyəti orqanının məlumatı əsasında onun əvvəlki yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasını müəyyən edir. Qanunun bu normasında nəzərdə tutulmuş “şəxsin yaşayış yerini dəyişməsi” ifadəsi “şəxsin həmin yaşayış sahəsində yaşamaması” mənasını da ehtiva edir... Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair 2012-ci il 21 dekabr tarixli Qərarında qeyd olunmuşdur ki, mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusion hüququn mahiyyətini dəyişməməlidir. Bu cür məhdudiyyətin mümkünlüyü və onun xarakteri layiqli həyat səviyyəsi də daxil olmaqla konstitusion əhəmiyyətli dəyərlərin müdafiəsi ilə şərtləndirilməlidir... Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunda əsas müddəa kimi təsbit edilən yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola biləcəyi nəzərə alınmaqla yaşayış sahəsinə münasibətdə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında müvafiq icra hakimiyyəti orqanı (inzibati orqan) tərəfindən qeydiyyatdan çıxarılması təmin olunmalıdır. Əks halda məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Konstitusiya Məhkəməsinin Plenumu bir daha qeyd edir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun “şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması” adlı 9-cu maddəsində yaşayış sahəsinə hər hansı əmlak hüquqları əldə etməyən şəxslərin vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi əsasında qeydiyyatdan çıxarılması imkanının birmənalı şəkildə nəzərdə tutulmaması həmin qanunvericilik normasının hüquqi müəyyənlik prinsipinin tələblərinə cavab vermədiyini göstərməklə yanaşı, Konstitusiyanın 149-cu maddəsinin İ hissəsi ilə də uzlaşmır. Konstitusiyanın qeyd olunan maddəsinə görə, normativ hüquqi aktlar hüquqa və haqq-ədalətə (bərabər mənafelərə bərabər münasibətə) əsaslanmalıdır.”

24. Beləliklə, Konstitusiya Məhkəməsinin bu qərarına istinad edərək məhkəmə qeyd edir ki, mülkiyyətçinin ərizəsi ilə digər şəxsin qeydiyyatdan çıxarılması üçün aşağıdakı şərtlər mövcud olmalıdır: 1. şəxs həmin yaşayış sahəsinə hər hansı əmlak hüququ əldə etməməlidir; 2. şəxs həmin yaşayış sahəsində faktiki olaraq yaşamamalıdır.

25. Birinci tələb, yəni üçüncü şəxslərin istifadə hüququ ilə bağlı məhkəmə qeyd edir ki, işdə olan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(103)-4416/2023 nömrəli qərarından görünür ki, iddiaçı X6 (bundan sonra, iddiaçı) cavabdeh İddiaçı (bundan sonra, cavabdeh) qarşı “istifadə hüququnun tanınması və mənzilə köçürülmə” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçınnı, övladı X7 ilə birlikdə ünvan 5 ünvanında yerləşən mənzilə istifadə hüquqları tanınaraq, ora köçürülməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-626/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddia tələbi təmin olunmuşdur. Cavabdeh birinci instansiya məhkəməsinin qeyd edilən qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunması, iddia tələbinin rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının həmin qərarı ilə İddiaçı X5 cavabdeh İddiaçı qarşı “istifadə hüququnun tanınması və mənzilə köçürülmə” dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-626/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən cavabdeh İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunmuş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-626/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ləğv olunmuş, iş üzrə yeni qətnamə çıxarılmış və iddia qismən təmin olunaraq, iddiaçı X6 övladı X7 ilə birlikdə istifadə hüquqları 1 (bir) il müddətinə müvəqqəti saxlanılmaqla, ünvan 5 ünvanında yerləşən, cavabdehin mülkiyyətində olan yaşayış sahəsinə köçürülmüş, iddia qalan hissədə təmin olunmamışdır. Məhkəmə qətnamədə göstərmişdir ki, “...Beləliklə, işin faktiki halları nəzərə alınmaqla, iddiaçının mübahisəli yaşayış sahəsinə köçən zamanı, oradan qanuni istifadə hüquqları yaranmamışdır. Çünki, iddiaçı ilə mülkiyyətçi arasında notariat qaydasında təsdiqlənən müvafiq yazılı razılaşma bağlanmamışdır (iddiaçının özü də qeyd edilən halları təkzib etməmişdir). Məhkəmə kollegiyası həmçinin, qeyd edir ki, iddiaçının mübahisəli ünvana pasport qeydiyyatına düşməsi faktı özü-özlüyündə tərəfin həmin mənzildə istifadə hüququnun olmasını ehtiva etmir. ... Göründüyü kimi, birinci instansiya məhkəməsinin, iddiaçının mübahisəli yaşayış sahəsinə köçən zamanı oradan istifadə hüquqlarının yaranması barədə mövqeyi əsassız olmaqla, işin halları və tədqiq olunmuş sübutlarla uzlaşmır. Lakin, mübahisəli yaşayış sahəsi 2021-ci il tarixdə cavabdehə bağışlandıqdan və sonuncunun mülkiyyət hüquqları dövlət qeydiyyatına alındıqdan sonra, həmin vaxtı qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsinin tələbləri baxımından iddiaçının həmin yaşayış sahəsindən istifadə etmək hüquqları yaranmışdır (cavabdehin mülkiyyət hüquqları 2009 cu il tarixdən sonra yarandığından yaşayış sahəsindən istifadə ilə bağlı mübahisəli məsələ Mülki Məcəllənin 228.5-ci maddəsi ilə tənzimlənə bilməz). Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Göründüyü kimi, iddiaçı qeyd edilən hüquq normasının 1-ci cümləsinin dispozitiv şərtləri çərçivəsində cavabdehin ailə üzvü hesab edilmiş, bu səbəbdən də mübahisəli yaşayış sahəsindən onun cavabdehin mülkiyyətinə keçdiyi andan qanuni istifadə etmək hüquqları olmuşdur. Lakin, tərəflər arasında nikah 2023-cü il tarixdə məhkəmə qətnaməsi ilə pozulduğundan və tərəflərin ailə münasibətlərinə faktiki xitam verilmiş, bu səbəbdən də iddiaçının həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Belə ki, Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Buna baxmayaraq, Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin ikinci cümləsinə əsasən yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Tərəflərin izahatlarından müəyyən olunur ki, iddiaçı özünün mənzil ehtiyaclarının qarşılanması üçün heç bir başqa imkan və vəsaitə malik olmamaqla (hazırda kirayədə qalır) mənzil ehtiyacının qarşılaya bilmir (bunun əksini sübut edəcək faktlar məhkəməyə təqdim olunmamaışdır). Bu səbəbdən də, Kollegiya Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin tələbləri baxımından iddiaçının mənzil ehtiyaclarının təmin olunması üçün heç bir başqa imkanı və vəsaiti olmayan keçmiş ailə üzvü kimi onun bu ehtiyaclarının ödənilməsi məqsədilə, mülkiyyətçinin (cavabdehin) hüquqlarını məhdudlaşdırmaqla, iddiaçının 1 (bir) il müddətinə mənzildən istifadə hüququnun tanınmasını məqsədə müvafiq hesab edir (cavabdeh tərəf də izahatında iddiaçının və onun yanında qalan övladının müəyyən müddətə müvəqqəti olaraq yaşayış sahəsinin bir hissəsindən istiadə etməsinə etiraz etməmişdir).”

26. İşdə olan Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(102)-457/2024 nömrəli qərarından görünür ki, iddiaçı X6 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 12 sentyabr 2023-cü il tarixli, 2(103)-4416/2023 nömrəli qətnaməsi iddianın təmin olunmayan hissəsində dəyişdirilmədən saxlanılmışdır.

27. Beləliklə, işin qeyd olunan halları ilə müəyyən olunur ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə üçüncü şəxslərin mübahisəli yaşayış sahəsinə əşya hüququ kimi istifadə hüquqlarının olmaması təsbit edilmiş, lakin mənafelər nəzərə alınmaqla yaşayış sahəsindən istifadə etmək imkanı 1 il müddətinə saxlanılmış, həmin müddət artıq bitmişdir.

28. Üçüncü şəxslərin hazırda mübahisəli yaşayış sahəsinə hər hansı bir hüquqlarının olması, habelə həmin evdə yaşamaları iş materialları ilə müəyyən olunmur. Deməli, onların 11 saylı evdən qeydiyyatdan çıxarılmaları üçün tələb olunan bütün şərtlər hazırkı işdə mövcuddur.

29. Buna görə də məhkəmə hesab edir ki, cavabdehin imtinası əsassızdır və iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. Buna görə də iddia təmin edilməlidir.

30. Məhkəmə onu da qeyd edir ki, şəxsin yaşayış yerindən qeydiyyatdan çıxarılması onun üçün hər hansı əlverişsiz hüquqi nəticələr yaratmamaqla yanaşı, yaşayış sahəsi üzrə, ümumiyyətlə qeydiyyatsız qalmalarına da səbəb olmur. Belə ki, həmin şəxslər özlərinin yeni yaşayış yerləri üzrə və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 9 aprel 2003-cü il tarixli, 55s nömrəli Sərəncamına uyğun olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin şəxsiyyət vəsiqəsi verən müvafiq orqanının ünvanı üzrə qeydiyyata alına bilərlər.

31. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

32. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, qərara aldı: İddia təmin olunsun. Üçüncü şəxslər xx.xx.1981-ci il təvəllüdlü X5 və xx.xx.2005-ci il təvəllüdlü X4 ünvan 2 ünvanında yerləşən yaşayış sahəsi üzrə qeydiyyatdan çıxarılması öhdəliyi cavabdeh Bakı şəhər Səbail Rayon Polis İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Səlma Qənbərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar