Məhkəmə qərarları › İş №e-2-1(112)-10417/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-10417/2024

14.11.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-10417/2024 14.11.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclas katibi İbazadə Aytən Əhəd qızının katibliyi, iddiaçının vəkili və nümayəndəsi Vəkil, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə qərarların ləğvi” iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: I. Mübahisəli hüququn qısa xülasəsi

1. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin xx.xx.2024-cü il tarixli **********056500 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərarının ləğv edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir.

2. Məhkəmənin qərardadı ilə iddiaçının ərizəsi əsasında iddia tələbi “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2024-cü il tarixli **********056500 nömrəli və xx.xx.2024-cü il tarixli, 3-21-2-3/2-45031/2024 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarlarının ləğv edilməsi” kimi dəyişdirilmişdir.

3. Məhkəmənin qərardadı ilə iddiaçının ərizəsi əsasında iddia tələbi “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-2-3/2-45031/2024 nömrəli və xx.xx.2024-cü il tarixli, 3-21-2-3/2-270016 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarlarının ləğv edilməsi” kimi dəyişdirilmişdir.

4. Tələb onunla əsaslandırılmışdır ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2024-cü il tarixli **********056500 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərarı ilə "xxxx" MMC-yə (VÖEN:**********) kameral vergi yoxlaması ilə 2024-cü ilin mart ayı üçün əlavə dəyər vergisi üzrə 89.640,00 (89 min 640 manat) manat vergi borcu hesablanmışdır. Hesablamanın əsası kimi “xx.xx.2023-cü il tarixli EBDW seriyalı 320132 nömrəli elektron qaimə-faktura üzrə aparılan əməliyyatlar riskli hesab olunduğundan əvəzləşdirilməyə əsas vermir” göstərilmişdir: Bildiririk ki, vergi orqanının mövqeyi əsassızdır və aşağıda qeyd olunanlara əsasən kameral vergi yoxlamasının nəticələri ilə razılaşmırıq. Belə ki, vergi orqanının riskli hesab etdiyi (iddia etdiyi) əməliyyatlar "xxxx" MMC (VÖEN:**********) ilə "xxxx" MMC arasında 2023-cü ilin dekabr ayında olmuşdur. "xxxx" MMC həmin vaxt riskli vergi ödəyicisi olmamışdır. Lakin vergi orqanı qeyd olunan halı nəzərə almamışdır və iddiaçının əvəzləşmələrini əsassız olaraq ləğv etmişdir. Vergi orqanı tərəfindən göndərilmiş uyğunsuzluq məktubunda əməliyyatların riskli hesab olunmasına istinad olunmaqla həmin iş və xidmətlər şübhə altına almış və aparılmış əməliyyatlar üzrə ödənilmiş əvəzləşmələr nəzərə almamışdır. Sifarişçi "xxxx" MMC ilə icraçı riskli vergi ödəyicisi olan "xxxx" MMC arasında hər hansı bir riskli əməliyyat (əmtəəsiz əməliyyat) aparılmamışdır. Belə ki, görülmüş xidmətlərə görə tərəflər arasında xx.xx.2023-cü il tarixli AR/0812-032 saylı xidmət müqaviləsi bağlanmış, icraçının verdiyi elektron qaiməyə əsasən xidmətlərin dəyəri "xxxx" MMC tərəfindən ödəniş tapşırığı ilə satıcının bank hesablarına ƏDV məbləğləri isə ƏDV depozit hesabına nağdsız qaydada ödənilmişdir. Həmçinin qeyd olunan əməliyyatlar aparılan zaman "xxxx" MMC riskli vergi ödəyiciləri qrupuna daxil edilməmişdir. "xxxx" MMC "xxxx" MMC-nin gələcəkdə riskli vergi ödəyiciləri qrupuna daxil ediləcəyini bilə bilməzdi. "xxxx" MMC-nin sonradan başqa vergi ödəyiciləri ilə apardığı riskli əməliyyatlara görə riskli vergi ödəyiciləri qrupuna daxil edilməsinə görə iddiaçı ilə həmin şəxs arasında aparılan əməliyyatların əmtəəsiz əməliyyat kimi qiymətləndirilərək həmin əməliyyat görə ödənilmiş ƏDV məbləğlərinin əvəzləşdirilməsinin ləğv edilməsi qanunsuz və əsassızdır. Vergi Məcəlləsinin 13.2.81-ci maddəsinə görə, əmtəəsiz əməliyyat – vergi nəzarəti tədbiri zamanı aşkarlanan, başqa əməliyyatı pərdələmək məqsədilə aparılan və faktiki olaraq mallar, işlər və xidmətlər təqdim edilmədən mənfəət əldə etmək məqsədilə rəsmiləşdirilən əməliyyatlardır. Cavabdeh iddiaçı ilə sadalanan vergi ödəyiciləri arasında aparılan əməliyyatın əmtəəsiz olmasını heç bir nəzarət tədbiri zamanı aşkar etməyib, həmçinin başqa əməliyyatın pərdələnməsinə dair hər hansı əsas göstərməyib, faktiki iş-xidmətlərin təqdim edilmədiyini müəyyən etməyib. Yalnız həmin şəxsi riskli vergi ödəyicisi qrupuna salmaqla həmin şəxslərlə hətta qərardan əvvəlki əməliyyatları belə “əmtəəsiz” hesab edilməsi isə tam qanunsuz haldır. Əməliyyatın “əmtəəsiz” hesab olunması üçün isə operativ vergi nəzarəti və ya digər tədbirlə aparılan əməliyyatın mal (iş, xidmət) mövcud olmadan baş verdiyinə dair sübutlar olmalıdır. Bundan başqa, riskli vergi ödəyicisi hesab olunan "xxxx" MMC ilə "xxxx" MMC arasında mal alışı olmamışdır. "xxxx" MMC "xxxx" MMC-yə xidmət göstərmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 iyul 2020ci il tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları” 3-cü bəndinə əsasən aşağıdakı əməliyyatlar riskli hesab olunur. 3.1.1. vergi ödəyicilərinin təqdim etdiyi elektron qaimə-fakturalarda aldığı və ya idxal etdiyi mal çeşidlərindən fərqli mal çeşidlərinin göstərildiyi aşkar edildikdə; 3.1.2. vergi ödəyicilərinin aldığı və ya idxal etdiyi malların həcmindən artıq həcmdə mallar təqdim etməsi halı aşkar edildikdə (artıq həcmdə təqdim edilmiş mallara münasibətdə). Göründüyü kimi, qeyd olunan qərar ilə əməliyyatın riskli hesab olunması yalnız malların alışı və təqdim edilməsi ilə bağlı (malların hərəkəti - alışı və satışına dair) müəyyən edilmişdir. Müəssisə tərəfindən göstərilmiş xidmətlərə münasibətdə əməliyyatın riskli hesab olunması meyarları müəyyən edilməmişdir. Riskli vergi ödəyicisi hesab olunmuş müəssisə ilə iddiaçı arasında mal alışı olmamış, yalnız xidmət göstərilmişdir. Lakin buna baxmayaraq, vergi orqanı qeyd olunan halı da nəzərə almayaraq iddiaçının əvəzləşmələrini əsassız ləğv edilmişdir. İddiaçıya xidmətlər qanunvericiliyin tələblərinə uyğun olaraq müqavilə, elektron qaimə-faktura ilə rəsmiləşdirilməklə göstərilmişdir.

5. İddia ərizəsinə əlavə onunla əsaslandırılmışdır ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2024-cü il tarixli **********056500 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərarı ilə "xxxx" MMC-yə (VÖEN:**********) kameral vergi yoxlaması ilə 2024-cü ilin mart ayı üçün əlavə dəyər vergisi üzrə 89.640,00 (89 min 640 manat) manat vergi borcu hesablanmışdır. Hesablamanın əsası kimi “xx.xx.2023-cü il tarixli EBDW seriyalı 320132 nömrəli elektron qaimə-faktura üzrə aparılan əməliyyatlar riskli hesab olunduğundan əvəzləşdirilməyə əsas vermir” göstərilmişdir. Vergi orqanının riskli hesab etdiyi (iddia etdiyi) əməliyyatlar "xxxx" MMC (VÖEN:**********) ilə "xxxx" MMC arasında 2023-cü ilin dekabr ayında olmuşdur. Hesablama isə mart ayına aparılmışdır. Vergi Məcəlləsinin 12-ci maddəsində vergilərin müəyyən edilməsinin əsas şərtləri sadalandırmışdır. Belə ki, vergi o halda müəyyən edilmiş hesab olunur ki, bu zaman vergi ödəyicisi və aşağıdakı vergitutma elementləri müəyyən edilmiş olsun: 12.1.1. vergitutma obyekti; 12.1.2. vergitutma bazası; 12.1.3. vergi dövrü; 12.1.4. vergi dərəcəsi; 12.1.5. verginin hesablanması qaydası; 12.1.6. verginin ödənilməsi qaydası və müddəti. Vergi Məcəlləsinin 178-ci maddəsinə əsasən ƏDV üzrə hesabat dövrü təqvim aydır. 173.2-ci maddəsinə əsasən vergi tutulan dövriyyə hesabat dövrü ərzində vergi tutulan əməliyyatların ümumi dəyərindən ibarətdir. 174.1-ci maddəsinə əsasən bu Məcəllənin 166cı maddəsinə uyğun olaraq hesabat dövrü ərzində vergi tutulan dövriyyədən büdcəyə ödənilməli olan ƏDV-nin məbləği bu Məcəllənin 173.1-ci maddəsinə uyğun olaraq vergi tutulan dövriyyədən hesablanan verginin məbləği ilə bu Məcəllənin 175-ci maddəsinə uyğun olaraq əvəzləşdirilməli olan verginin məbləği arasındakı fərqlə müəyyən olunur. Göründüyü kimi ƏDV üzrə vergi dövrü təqvim ayıdır və vergi öhdəliyi təqvim ayı ərzində aparılan əməliyyatlara görə müəyyən olunmalıdır. Yəni ƏDV bəyannaməsində 1 təqvim ayı ərzində aparılan əməliyyatlar üzrə yaranan vergi öhdəlikləri göstərilməlidir. Başqa sözlə bir təqvim ayı üzrə verilən bəyannamədə digər aylarda aparılan əməliyyatlar üzrə yaranan vergi məbləğləri, o cümlədən ƏDV əvəzləşdirilməsi göstərilə bilməz. Bu səbəbdən də vergi orqanı tərəfindən ƏDV üzrə kameral vergi yoxlamaları aparılarkən hər ay üzrə aparılır. Yəni kameral qaydada ƏDV məbləği hesablanan zaman təqvim ayında baş vermiş əməliyyatlar nəzərə alınmalıdır. Lakin hazırki iş üzrə vergi orqanı vergi ödəyicisinin 2023-cü il dekabr ayında apardığı əməliyyata görə yaranmış əvəzləşməsini 2024-cü ilin mart ayı üzrə təqdim edilmiş ƏDV bəyannaməsində nəzərə almamışdır. Halbuki vergi ödəyicisi tərəfindən 2024-cü ilin mart ayı üzrə təqdim edilmiş ƏDV bəyannaməsinə 2023-cü ilin dekabr ayında aparılan əməliyyata görə əvəzləşdirmə göstərilməmişdir. Vergi orqanı bu hesablama zamanı sübut etməlidir ki, vergi ödəyicisi 2024-cü ilin mart ayı üzrə qeyd olunan əməliyyat üzrə əvəzləşdirmə aparmışdır. Lakin vergi orqanı heç bir araşdırma aparmadan vergi ödəyicisinə əsassız hesablama aparmışdır. Formalaşmış vahid məhkəmə təcrübəsinə, yəni AR Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(102)-2025/2022 saylı, xx.xx.2023-cü il tarixli 2-1(102)-2270/2023 saylı və s. qərarlarında əks etdirilən mövqeyə görə: “Bundan başqa qeyd edilən hüquq normalarına əsasən vergitutma elementlərindən biri də vergi dövrüdür. Yəni kameral qaydada ƏDV məbləği hesablanan zaman təqvim ayında baş vermiş əməliyyatlar nəzərə alınmalıdır. Vergi Məcəlləsinin 178-ci maddəsinə əsasən ƏDV üzrə hesabat dövrü təqvim ayı sayılır. Vergi orqanı 2020-ci ilin sentyabr ayı üçün kameral qaydada ƏDV hesabladığı zaman hesabat dövründə, yəni 2020-cü ilin sentyabr ayında baş vermiş əməliyyatları əsas götürməlidir. ƏDV üçün vergitutma obyekti malların təqdim edilməsi, işlərin görülməsi, xidmətlərin göstərilməsi və vergi tutulan idxaldır (maddə 159.1). Vergi tutulan əməliyyatın vaxtı isə təqdim edilən mallar (işlər və xidmətlər) üçün ödəmənin aparıldığı vaxtdır ki, bu da Vergi Məcəlləsinin 166.1-ci maddəsi ilə tənzimlənir. Vergi tutulan dövriyyədən büdcəyə ödənilməli olan ƏDV məbləği isə Vergi Məcəlləsinin 174.1-ci maddəsi ilə tənzimlənir. Həmin maddəyə əsasən Vergi Məcəlləsinin 166-cı maddəsinə uyğun olaraq hesabat dövrü ərzində vergi tutulan dövriyyədən büdcəyə ödənilməli olan ƏDV-nin məbləği bu Məcəllənin 173.1-ci maddəsinə uyğun olaraq vergi tutulan dövriyyədən hesablanan verginin məbləği ilə bu Məcəllənin 175-ci maddəsinə uyğun olaraq əvəzləşdirilməli olan verginin məbləği arasındakı fərq vergi tutulan dövriyyədən büdcəyə ödənilməli olan ƏDV-ni təşkil edir. Yuxarıda qeyd olunan maddələrə nəzər yetirdikdə aydın olun ki, 2020-cü ilin sentyabr ayında vergi ödəyicisinin vergitutma obyekti (təqdim edilən mallar (işlər və xidmətlər)) olmalıdır ki, həmin vergitutma obyektinin dəyərini vergi dərəcəsinə vurmaqla alınan ədəddən əvəzləşdirilmiş ƏDV-nı çıxaraq yaranan fərqi büdcəyə büdcəyə hesablanmış olsun.”

6. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz təqdim edilərək bildirilmişdir ki, vergi ödəyicisinin uçot-baza məlumatlarına əsasən xx.xx.2021-ci il tarixdən vergi ödəyicisi kimi dövlət qeydiyyatına alındığı, əsas fəaliyyət növünün “tikinti sahələrinin təmizlənməsi, torpaq işləri, torpağın ekskavasiyası, tikinti sahələrinin hamarlanması və dərəcələrə bölünməsi, qazıntılar, daşların kənar edilməsi, partlayış işləri və sair” olduğu müəyyən edilmişdir. Kameral vergi yoxlaması zamanı uçot-baza məlumatlarına əsasən vergi ödəyicisi xx.xx.2024-cü il tarixdə 2024 mart ayı üçün dəqiqləşdirilmiş ƏDV bəyannaməsini vergi orqanına təqdim etmiş və təqdim edilmiş bəyannamədə elektron uyğunsuzluq müəyyən olunmuşdur. Belə ki, vergi ödəyicisi tərəfindən 2023 dekabr ayı üzrə təqdim edilmiş ƏDV bəyannaməsində əvəzləşmə üçün təqdim edilmiş elektron qaimə-faktura (EBDW seriyalı 320132 nömrəli) üzrə aparılan əməliyyatların riskli hesab olunduğundan əvəzləşdirilməyə əsas verməmişdir. Kənarlaşma ilə bağlı vergi ödəyicisinə xx.xx.2024-cü il **********954400 nömrəli kameral uyğunsuzluq məktubu (ƏDV MART 2024) göndərilmiş və müvafiq təsdiqedici sənədlər və dəqiqləşdirilmiş vergi bəyannaməsinin vergi orqanına təqdim edilməsi bildirilmiş, lakin vergi ödəyicisi tərəfindən müvafiq uyğunsuzluqlara cavab verilmədiyindən xx.xx.2024-cü il tarixli **********056500 nömrəli ƏDV MART 2024 “X2” haqqında Qərar göndərilmişdir.

7. Cavabdeh tərəfindən etiraza əlavə təqdim edilərək bildirilmişdir ki, iddiaçı "xxxx" MMC (VÖEN: **********) Bakı İnzibati Məhkəməsinə müraciət edərək, cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il **********056500 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığorta haqlarının hesablanması barədə” qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı sonradan dəqiqləşmiş ərizə verərək, xx.xx.2024-cü il 3-21-2-3/2- 45031/2024 saylı "Vergilərin, sosial sığorta və işsizlik sığorta haqlarının hesablanması barədə” qərarın da ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh iddiaçının dəqiqləşmiş ərizəsində göstərilənlərlə razılaşmır və aşağıdakıları qeyd edərək iddiaya etiraz edir. İddiaçı tərəfindən 2023-cü il üzrə təqdim edilmiş Mənfəət vergisinin bəyannaməsində aşağıdakı uyğunsuzluqlar ortaya çıxmışdır: İddiaçı tərəfindən hesablama metodu üzrə təqdim edilmiş mənfəətdən vergi bəyannaməsinin 200-cü (Malların təqdim edilməsindən (işlərin görülməsindən, xidmətlərin göstərilməsindən) gəlir sətrində 1036427.51 manat + 201-ci (Amortizasya olunan əsas vəsaitlərin təqdim edilməsindən gəlir) sətrində 0.00 manat + 202-ci (Amortizasya olunmayan aktivlərin təqdim edilməsindən gəlir) sətrində 0.00 manat + 203-cü (Daşınan və daşınmaz əmlakın icarəyə verilməsindən gəlir) sətrində 0.00 manat + 206-cı (Əvəzsiz əsasla təqdim edilmiş aktivlərin dəyəri) 0.00 manat + 217-ci (digər gəlirlər - o cümlədən mənfəət vergisindən azad edilən gəlirlər) sətrində 0.00 manat, cəmi 1036427.51 manat məbləğ, təqvim ili üzrə təqdim edilən ƏDV bəyannamələrinin 305-ci (Əməliyyatlar üzrə cəmi) sətirlərinin "Təqdim edilmiş mal, iş və xidmətlərin dəyəri (ƏDV nəzərə alınmadan)" sütunlarındakı (dəqiqləşdirilən dövriyyələr nəzərə alınmaqla) 1036537.51 manat - həmin bəyannamələrin 3 № əlavələrinin 301.1.4-cü (ƏDV üzrə qeydiyyatı ləğv edilmə tarixinə olan mal qalığının məbləği) sətrində 0.00 manat - təqvim ili üzrə təqdim edilən Aksiz bəyannamələrinin 409cu sətrində (Cəmi hesablanmış aksiz) 0.00 manat məbləğin fərqindən kiçik olduğuna görə uyğunsuzluq yaranmışdır. Təqdim edilmiş bəyannamənin 1 nömrəli Əlavəsinin 1.1 kodlu (Əsas vəsaitlərinin dəyəri) və 1.3 kodlu (Ehtiyatlar) sətirlərinin “Dövr ərzində daxil olmuşdur” sütunundakı göstəricilərin cəmi (0 manat) bəyannamənin aid olduğu ilin müvafiq dövründə iddiaçı tərəfindən idxal edilmiş (0.00 manat), elektron-qaimə fakturalar (256771.86 manat) və alış aktları (0.00 manat) əsasında alınmış mallar (işlər, xidmətlər) barədə vergi orqanının məlumat bazasında olan cəmi (256771.86 manat) məbləğdən 256771.86 manat fərqli olduğu üçün kənarlaşma yaranmışdır. 2023 təqvim ilinin ayları üzrə təqdim edilmiş ƏDV bəyannamələrinin Əlavələrində təqdim ediləcək malların, işlərin və xidmətlərin hesabına əvvəlcədən alınmış ödənişlərin (301.1.8 + 301.2.7 + 302.8 + 303.42-ci) cəmi 13080.85 manat avans məbləğləri ilə həmin hesabat ili üzrə təqdim edilmiş "Mənfəət vergisinin bəyannaməsi”nin 1 №-li Əlavəsinin 2.2.1.2-ci (Alınmış avanslar) sətrinin “Dövr ərzində daxil olmuşdur” sütununda göstərilən 0.00 manat məbləği arasında 13080.85 manat məbləğində fərq müəyyən edildiyindən kənarlaşma aşkar edilmişdir. İddiaçı tərəfindən təqdim edilən “Mənfəət vergisinin bəyannaməsinin 1 N-li Əlavəsinin 2.1.2 Hesabat dövrünün xalis mənfəəti sətrindəki "Hesabat dövrünün əvvəlinə olan 0.00 manat məbləğ, əvvəlki müvafiq dövr üzrə təqdim olunmuş (2022-Mənfəət vergisi bəyannaməsi) Əlavənin eyni sətrinin "Hesabat dövrünün sonuna" olan 54443.78 manat məbləğ arasında 54443.78 manat məbləğində fərq müəyyən edilmişdir. İddiaçı tərəfindən təqdim edilən “Mənfəət vergisinin bəyannaməsinin 1 N-li Əlavəsinin 2.1.3 Əvvəlki illər üzrə bölüşdürülməmiş mənfəət sətrindəki "Hesabat dövrünün əvvəlinə olan 54443.78 manat məbləğ, əvvəlki müvafiq dövr üzrə təqdim olunmuş (2022-Mənfəət vergisi bəyannaməsi) Əlavənin eyni sətrinin "Hesabat dövrünün sonuna" olan 0.00 manat məbləğ arasında 54443.78 manat məbləğində fərq müəyyən edilmişdir. Yuxarıda kənarlaşmalarla bağlı vergi ödəyicisinə xx.xx.2024-cü il **********513300 nömrəli kameral uyğunsuzluq məktubu göndərilmiş və müvafiq təsdiqedici sənədlər və dəqiqləşdirilmiş vergi bəyannaməsinin vergi orqanına təqdim edilməsi bildirilmiş, lakin vergi ödəyicisi tərəfindən müvafiq uyğunsuzluqlara cavab verilmədiyindən xx.xx.2024-cü il tarixli 3-21-2-3/2-45031/2024 nömrəli (Mənfəət 2023) “X2” haqqında Qərar göndərilmişdir.

8. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən verilən “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 3-21-2-3/2-45031/2024 saylı, 07 avqust 2024-cü il tarixli qərara əsasən “496726,56 manat məbləğində sənədlərlə təsdiq edilməyən gəlirdən çıxılan xərclər müəyyən edilmişdir”.

9. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən verilən “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 3-21-2-3/2-270016 saylı, 01 noyabr 2024-cü il tarixli qərara əsasən “Tərəfinizdən ƏDV bəyannaməsində (12.2023) əvəzləşmə üçün təqdim edilmiş EBDW seriyalı 320132 nömrəli elektron qaimə-faktura üzrə apanlan əməliyyatlar riskli hesab olunduğundan əvəzləşdirilməyə əsas vermir. Qeyd edilən elektron qaiməfaktura üzrə 89640.0 manat ƏDV məbləğinin tərəfinizdən əvəzləşdirildiyini nəzərə alaraq cari ay üçün təqdim edilmiş bəyannamənin 324-cü sətrində bərpa edilən ƏDV məbləğinin 0.0 manat olması nəticəsində 89640,0 manat kənarlaşma yaranmışdır.

10. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi haqqında xx.xx.2024-cü il tarixli **********321700 nömrəli qərarına əsasən vergi ödəyicisi "xxxx" MMC (**********) riskli vergi ödəyicisi hesab edilmiş və riskli vergi ödəyiciləri siyahısına daxil edilmişdir.

11. Məhkəmənın hazırlıq icraatı üzrə iclasında, eləcə də şifahi məhkəmə dinləmələri zamanı (məhkəmə baxış iclası) iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia tələbini müdafiə edərək onun təmin olunmasını xahiş etdilər.

12. Məhkəmənın hazırlıq icraatı üzrə iclasında, eləcə də şifahi məhkəmə dinləmələri zamanı (məhkəmə baxış iclası) iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinə yazılı etirazın məzmununa uyğun izahat verməklə iddianın təmin olunmamasını xahiş etdi.

II. İddianın növü və mümkünlüyü

13. İPM-in 2.2.1-ci maddəsinə görə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

14. Mübahisələndirilən aktlar iddiaçıya münasibətdə hüquqi nəticə yaradır.

15. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 59.1.5-ci maddəsinə əsasən, yazılı inzibati aktda həmin akta qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə müddəti və bununla bağlı maraqlı şəxsin şikayət (iddia) verə biləcəyi orqan (orqanlar, o cümlədən məhkəmə) haqqında məlumat əks olunmalıdır. 73.2-ci maddəsinə əsasən, inzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər.

16. Vergi Məcəlləsinin 49.4-cü maddəsinə əsasən, vergi orqanının qərarının surəti və tələbnamə vergi ödəyicisinə və ya onun nümayəndəsinə verilmə tarixini təsdiq edən üsulla təqdim edilir. Vergi ödəyicisi və ya onun nümayəndəsinin bilərəkdən hərəkətləri nəticəsində vergi orqanının qərarının surəti və (və ya) tələbnaməsi ona təqdim oluna bilinmirsə, bu sənədlər (sənəd) onların (onun) sifarişli məktubla alınması günündən təqdim edilmiş hesab edilir.

17. Məhkəmə qeyd edir ki, mübahisələndirilən qərarın iddiaçıya sifarişli məktubla çatdırılması müəyyən edilmir. Odur ki, məhkəmə iddiaçı tərəfindən prosessual müddətlərin ötürüldüyü qənaətinə gəlmir.

18. İddia mümkündür.

İİİ. Məhkəmənin mövqeyi

19. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 3-21-2-3/2-45031/2024 saylı, 07 avqust 2024-cü il tarixli qərara əsasən iddiaçının 2023-ci il üzrə (hesabat dövrü üzrə) təqdim etdiyi bəyannaməyə əsasən malların təqdim edilməsi (işlərin görülməsi, xidmətlərin göstərilməsi) üzrə 99.945,31 manat (vergi orqanı tərəfindən aparılmış kameral yoxlama nəticəsində müəyyən edilmiş vergi məbləği 116.431,51 manat – təqdim edilmiş bəyannamə, hesabat üzrə ödəyici tərəfindən hesablanmış 17.086,20 manat vergi çıxılmaqla) əlavə vergi məbləği (mənfəət vergisi) hesablanmışdır. 496726,56 manat məbləğində sənədlərlə təsdiq edilməyən gəlirdən çıxılan xərclər müəyyən edilmişdir.

20. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 3-21-2-3/2-270016 saylı, 01 noyabr 2024-cü il tarixli qərara əsasən iddiaçı təqdim edilmiş EBDW seriyalı 320132 nömrəli elektron qaimə-faktura üzrə apanlan əməliyyatlar riskli hesab olunduğundan əvəzləşdirilməyə əsas vermir. Qeyd edilən elektron qaimə-faktura üzrə 89640.0 manat ƏDV məbləğinin tərəfinizdən əvəzləşdirildiyini nəzərə alaraq cari ay üçün təqdim edilmiş bəyannamənin 324-cü sətrində bərpa edilən ƏDV məbləğinin 0.0 manat olması nəticəsində 89640,0 manat kənarlaşma yaranmışdır.

21. Hər iki qərar üzrə mübahisənin yaranmasının səbəbi iddiaçı vergi ödəyicisi İddiaçı MMC tərəfindən ƏDV bəyannaməsində 2023-cü ilin dekabr ayında əvəzləşmə üçün təqdim edilmiş EBDW seriyalı 320132 nömrəli elektron qaimə-faktura üzrə aparılan əməliyyatlar riskli hesab olunduğundan əvəzləşdirilməyə əsas verməməsi olmuşdur ki, bu əməliyyatlar da iddiaçı ilə vergi ödəyicisi "xxxx" MMC arasında aparılmışdır.

22. Belə ki, Dövlət Vergi Xidməti tərəfindən vergi ödəyicisi "xxxx" MMC-nin (**********) riskli vergi ödəyicisi hesab olunması barədə xx.xx.2024-cü il tarixli **********321700 nömrəli qərar qəbul edilmişdir.

23. Həmin əməliyyatlar Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 265 nömrəli qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”na uyğun olaraq vergi orqanı tərəfindən əmtəəsiz əməliyyatlar hesab edilərək nəzərə alınmamışdır.

24. Cavabdeh tərəfindən riskli hesab edilən vergi ödəyicisi riskli əməliyyat apardığı tarix aralıqlarında məhz İddiaçı MMC-yə təqdim etdikləri mallar (iş, xidmət) üzrə elektron qaimə-fakturalarda qeyd olunan malların e-qaimə üzrə alışında müəyyən edilməməsi, yəni vergi ödəyicisinin təsdiqedici sənədlərlə almadığı halının konkret olaraq iddiaçıya münasibətdə müəyyən edilməsinə dair sübutlar təqdim edilməmişdir.

25. Azərbaycan Respublikası Vergi Məcəlləsinin: 13.2.82. riskli vergi ödəyicisi – müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi meyarlara cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxsdir. Vergi ödəyicisinin riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qəbul edilir.

26. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”na əsasən: 1.4. Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə uyğun olaraq riskli vergi ödəyicisi olması barədə qərar çıxarılmış vergi ödəyicilərinə dair məlumat vergi ödəyiciləri tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsi portalında elektron qaimə-faktura sistemi vasitəsilə aparılan əməliyyatlar zamanı xəbərdarlıq xarakterli bildirişlərdə əks olunur. 2.1. Aşağıdakı meyarlardan ən azı birinə cavab verən vergi ödəyicisi riskli vergi ödəyicisi hesab olunur: 2.1.1. bu Meyarların 3-cü hissəsində nəzərdə tutulan riskli əməliyyatları aparan şəxs olduqda; 2.1.2. aparılmış vergi nəzarət tədbirləri çərçivəsində vergi ödəyicisinin əmtəəsiz əməliyyatlar aparması aşkar edildikdə;

27. Qeyd edilməlidir ki, Vergi Məcəlləsinə xx.xx.2020-ci il tarixdən “riskli vergi ödəyicisi” anlayışı daxil edilmişdir. Belə ki, həmin tarixdən Məcəlləyə daxil edilən 13.2.82-ci maddəyə əsasən riskli vergi ödəyicisi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi meyarlara cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxsdir. 28.Qanunvericilik “əmtəəsiz əməliyyat”a Məcəllədə anlayış versə də (əmtəəsiz əməliyyat – vergi nəzarəti tədbiri zamanı aşkarlanan, başqa əməliyyatı pərdələmək məqsədilə aparılan və faktiki olaraq mallar, işlər və xidmətlər təqdim edilmədən mənfəət əldə etmək məqsədilə rəsmiləşdirilən əməliyyatlar), “riskli əməliyyatlar” anlayışına Məcəllədə aydınlıq gətirilməmişdir. Bununla belə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın 3-cü bəndi riskli əməliyyatları aşağıdakı kimi təsbit etmişdir: - vergi ödəyicilərinin təqdim etdiyi elektron qaimə-fakturalarda aldığı və ya idxal etdiyi mal çeşidlərindən fərqli mal çeşidlərinin göstərilməsi; - vergi ödəyicilərinin aldığı və ya idxal etdiyi malların həcmindən artıq həcmdə mallar təqdim etməsi halı (artıq həcmdə təqdim edilmiş mallara münasibətdə). 29.Vergi Məcəlləsinin 13.2.82, o cümlədən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın müddəalarının birgə təhlili onu deməyə əsas verir ki, riskli və (ya) əmtəəsiz əməliyyat aparan vergi ödəyicisi riskli vergi ödəyicisi hesab olunur. Başqa sözlə, vergi ödəyicisinin riskli və (ya) əmtəəsiz əməliyyat aparması onun barəsində “riskli vergi ödəyicisi olma barədə” qərarın qəbulu ilə nəticələnir. 30.Bundan əlavə, Vergi Məcəlləsi riskli və (ya) əmtəəsiz əməliyyat aparan vergi ödəyiciləri ilə bağlı barələrində “riskli vergi ödəyicisi olma barədə” qərarın qəbulu ilə yanaşı, həmin əməliyyatın iştirakçısı olan tərəflərin, yəni vergi ödəyicilərinin vergi öhdəliklərinin müəyyən edilməsi ilə bağlı əlavə tənzimləmələr də nəzərdə tutmuşdur. 31.Belə ki, Vergi Məcəlləsinin 109.9-cu maddəsinə əsasən əmtəəsiz əməliyyatlar çərçivəsində əldə edilmiş sənədlər gəlirdən çıxılan xərcləri təsdiq edən sənəd hesab edilmir və təqdim edilən malların (işlərin, xidmətlərin) dəyəri bu Məcəllənin 14-cü, 14-1-ci və 67-ci maddələri nəzərə alınmaqla gəlirdən çıxılır. Həmin Məcəllənin 175.11-ci maddəsinə əsasən isə əmtəəsiz və (və ya) riskli əməliyyatların rəsmiləşdirildiyi sənədlər bu Məcəllənin 175-ci maddəsinin məqsədləri üçün verginin əvəzləşdirilməsinə əsas vermir. 32.Yuxarıda qeyd edildiyi kimi, əmtəəsiz əməliyyatlar çərçivəsində əldə edilmiş sənədlər gəlirdən çıxılan xərcləri təsdiq edən sənəd hesab edilmir. Həmçinin, Məcəllənin 13.2.81ci maddəsi əmtəəsiz əməliyyata başqa əməliyyatı pərdələmək məqsədilə aparılan və faktiki olaraq mallar, işlər və xidmətlər təqdim edilmədən mənfəət əldə etmək məqsədilə rəsmiləşdirilən əməliyyatlar kimi anlayış vermişdir. 33.Şübhəsizdir ki, əmtəəsiz əməliyyatın iştirakçısı olan hər iki vergi ödəyicisi bu cür pərdələnmiş əməliyyatın baş tutmasında təqsirlidir və bu haldan irəli gələn hüquqi nəticələrə tabedirlər. 34.Lakin, burada vacib şərt ondan ibarətdir ki, vergi ödəyiciləri arasında baş tutan əməliyyatın həqiqətən əmtəəsiz baş tutması halının mötəbər sübutlarla təsdiqini tapması zəruridir. Bu zaman, məsuliyyət tədbirinin tətbiqi üçün alıcının barəsində də mütləq riskli vergi ödəyicisi hesab olunmaya dair qərarın qəbul edilməsinə ehtiyac yoxdur. Həlledici olan əməliyyatın özünün əmtəəsiz olduğunun sübuta yetirilməsidir. Bunun üçün əməliyyatın həqiqətən əmtəəsiz olduğu, eləcə də tərəflərin (satıcının və alıcının) bu barədə əvvəlcədən öz iradələrinə uyğun hərəkət etdikləri halı müəyyən olunmalıdır. Başqa sözlə, əmtəəsiz əməliyyat hər iki tərəfin birgə iradəsi və iştirakçılığı ilə baş tutmalıdır. 35.Bu mənada, hazırkı işdə olduğu kimi, malın satıcısının idxalında və e-qaimə üzrə alışında məhz həmin malların müəyyən edilməməsi, yəni, vergi ödəyicisinin təsdiqedici sənədlərlə almadıqları malları satması, özlüyündə birmənalı olaraq əməliyyatın əmtəəsiz baş tutması kimi qiymətləndirilməməli və xüsusilə malın alıcısına münasibətdə Vergi Məcəlləsinin 109.9-cu maddəsinin tətbiqinə əsas verməməlidir.

36. Sözügedən normanın malın alıcısına münasibətdə tətbiqi üçün vergi orqanı tərəfindən aparılan inzibati icraat zamanı malların faktiki olaraq təqdim edilib-edilməməsi, yəni əmtəəsiz əməliyyatın mövcudluğu halı hərtərəfli araşdırılmalıdır (malların mövcudluğuna dair sübutların tələb edilməsi, operativ vergi yoxlaması və ya digər yoxlama tədbirlərinin keçirilməsi və sair). Başqa sözlə, vergi orqanı tərəfindən vergi ödəyicilərinin təsdiqedici sənədlərlə almadıqları malları satması ilə bağlı bütün hallar əlavə araşdırma aparılmadan əmtəəsiz əməliyyat kimi alıcıya münasibətdə əlavə vergi öhdəliklərinin yaradılmasına əsas olmamalıdır. Yalnız əməliyyatın özünün əmtəəsiz olduğu sübut edilərsə, bu halın mövcudluğuna istinadla alıcıya münasibətdə məsuliyyət tədbiri tətbiq oluna bilər. 37.Nəzərə alınmalıdır ki, bu cür hallarda subutetmə yükü İPM-in 14.1-ci maddəsinə əsasən cavabdeh inzibati orqanının üzərindədir. 38.Belə ki, inzibati icraat və proses hüququnun konsepsiyasına görə, inzibati məhkəmə inzibati orqanın əvəzinə icraat aparmaq öhdəliyi daşımır, məhkəmə ona təqdim olunmuş icraat materialları (inzibati icraat materialları və ya işi) əsasında inzibati orqanın qəbul etdiyi qərarın qanunauyğunluğunu məhkəmə nəzarəti qaydasında yoxlayır. 39.Bu zaman məhkəmə tərəfindən iş üzrə qanuni qərarın qəbulu üçün əlavə araşdırmanın aparılması zərurətinin yaranması mümkündür və belə hallarda məhkəmə də İPM-in 12-ci maddəsinin tələblərinə uyğun davranmağa və tələb olunan həcmdə əlavə araşdırma aparmağa borcludur. Lakin İPM-in 12-ci maddəsinin müddəaları və məhkəmənin həmin müddəalardan irəli gələn obyektiv araşdırma vəzifəsi inzibati orqanın əvəzinə məhkəmə tərəfindən inzibati icraat aparılması anlamında təfsir oluna və qiymətləndirilə bilməz. Belə yanaşma hakimiyyətlər bölgüsü ilə bağlı konstitusion prinsipə zidd olardı. Eyni zamanda, məhkəmənin apardığı araşdırma inzibati orqanın zəruri araşdırma aparmadan gəldiyi nəticənin haqlı sayılmasına yönəlmiş məzmunda, həcmdə və həddə ola bilməz. Məhkəmə tərəfindən aparılan araşdırma yalnız inzibati orqanda aparılmış araşdırmanı tamamlayan xarakterdə ola bilər. 40.Nəzərə almaq lazımdır ki, inzibati icraatın gedişində inzibati orqan tərəfindən lazımi araşdırma aparılmadığı halda, sonradan məhkəmədən inzibati icraatı əvəz edəcək qaydada araşdırma aparılmasını tələb etməkdə cavabdeh haqlı sayıla bilməz. Bu, məhkəmənin inzibati orqanı əvəz etməsi ilə nəticələnəcəyi üçün yolverilməzdir. Çünki inzibati məhkəmə icraatı inzibati orqanlar tərəfindən aparılmış inzibati icraat üzərində nəzarəti ehtiva edir. Həmin nəzarət şəxsə münasibətdə mahiyyətcə yeni bir inzibati icraatın aparılması kimi qəbul edilə və qiymətləndirilə bilməz. Bu mənada cavabdeh inzibati icraatın gedişində lazımi icraat, yəni obyektiv qərarın qəbulu üçün tələb olunan həcmdə və həddə inzibati icraat aparmadan vergi hesabladıqdan sonra, məhkəmə icraatının gedişində məhkəmə tərəfindən inzibati icraat anlamında araşdırma aparılmasını tələb edə bilməz. Məhkəmə araşdırması inzibati icraatda aparılmalı olan araşdırmanı əvəz edəcək qaydada yox, onu tamamlayacaq qaydada həyata keçirilə bilər. 41.Vergi Məcəlləsinin 175.11-ci maddəsinə əsasən əmtəəsiz və (və ya) riskli əməliyyatların rəsmiləşdirildiyi sənədlər bu Məcəllənin 175-ci maddəsinin məqsədləri üçün verginin əvəzləşdirilməsinə əsas vermir. 42.“Əmtəəsiz əməliyyat”la bağlı yuxarıda qeyd olunanlar Məcəllənin 175.11-ci maddəsinin tətbiqi zamanı da nəzərə alınmalıdır. 43.Riskli əməliyyatlarla bağlı isə aşağıdakılar qeyd edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın 3-cü bəndi riskli əməliyyatları aşağıdakı kimi təsbit etmişdir: - vergi ödəyicilərinin təqdim etdiyi elektron qaimə-fakturalarda aldığı və ya idxal etdiyi mal çeşidlərindən fərqli mal çeşidlərinin göstərilməsi; - vergi ödəyicilərinin aldığı və ya idxal etdiyi malların həcmindən artıq həcmdə mallar təqdim etməsi halı (artıq həcmdə təqdim edilmiş mallara münasibətdə). 44.Qeyd edilən normaların təhlili onu deməyə əsas verir ki, Meyarların 3-cü bəndində qeyd edilən hallar malların satıcısı ilə bağlı 175.11-ci maddənin tətbiqini labüd edir. 45.Lakin malların alıcısına münasibətdə riskli əməliyyata görə 175.11-ci maddənin tətbiqi isə o halda mümkün olardı ki, Meyarların 3-cü bəndinə qeyd olunan halların əvvəlcədən malların alıcısı olan vergi ödəyicisi tərəfindən araşdırılmalı olması ilə bağlı qanunvericilikdə öhdəlik müəyyən edilmiş olsun. 46.Hazırda Vergi Məcəlləsinin 16-cı maddəsi vergi ödəyicisinin vəzifələrini təsbit etmiş, həmin vəzifələrin arasında malların alınması zamanı satıcının idxalında və ya onun tərəfindən rəsmi qaydada həmin malların alınmasının araşdırılması göstərilməmiş, o cümlədən rəsmi qaydada alış sənədləri olmayan satıcıdan malların alınmasını qadağan edən də hər hansı imperativ norma mövcud deyildir. 47.Belə olan halda, məhkəmə hesab edir ki, satıcı tərəfindən riskli əməliyyatın aparılması malların alıcısı üçün əlavə vergi öhdəliyi yaratmamalıdır.

48. Beləliklə, məhkəmə qeyd edir ki, iddiaçının riskli əməliyyat aparması müəyyən edilməmişdir. İddiaçının əmtəəsiz dövriyyəsi kimi riskli vergi ödəyiciləri ilə aparılmış qarşılıqlı əməliyyatları (həmin riskli vergi ödəyicilərinin konkret olaraq iddiaçı ilə aparılmış qarşılıqlı əməliyyatlarının əmtəəsiz olduğu müəyyənləşdirilmədən) qiymətləndirilmişdir. Lakin nəzərə alınmalıdır ki, qeyd edilən riskli vergi ödəyicilsi ilə iddiaçı arasında EBDW seriyalı 320132 nömrəli elektron qaiməl-faktura üzrə aparılmış qarşılıqlı əməliyyatlar vergi orqanı "xxxx" MMC-nin riskli vergi ödəyicisi olması barədə müvafiq (xx.xx.2024-cü il tarixli) qərar qəbul edilməmişdən və həmin məlumat açıqlanmamışdan əvvəl, yəni 2023-cü ilin dekabr ayında aparılmışdır. Qeyd edilən vergi ödəyicisinin digər şəxslərlə riskli əməliyyatlar aparmış olması və ya gələcəkdə riskli vergi ödəyicisi hesab olunması iddiaçının məsuliyyət riski ilə əhatə olunmur və yalnız sonradan riskli vergi ödəyicisi hesab olunması əsası ilə müvafiq qərar qəbul edilməmişdən və bu barədə məlumat açıqlanmamışdan əvvəl İddiaçı MMC ilə aparılmış əməliyyatların əmtəəsiz kimi qiymətləndirilməsi ehtimallara əsaslanmaqla iddiaçının hüquqlarını və qanunla qorunan maraqlarını pozulmasına səbəb olmuşdur.

49. İPM-in 14.1-cü maddəsinə əsasən, mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir.

50. Vergi Məcəlləsinin 53.3-cü maddəsinin müvafiq hissələrinə əsasən: Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur.

51. Odur ki, məhkəmə hesab edir ki, cavabdeh inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməmişdir.

52. Vergi Məcəlləsinin 94.0-cı maddəsinə əsasən verginin hesablandığının səhv olduğunu sübut etmək vəzifəsi bu Məcəllə ilə müəyyən edilmiş hallarda: 94.0.1. vergi ödəyicisinin hesablamalarının səhv olduğunu vergi orqanının; 94.0.2. vergi orqanının hesablamalarının səhv olduğunu vergi ödəyicisinin üzərinə düşür.

53. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.

54. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

55. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia təmin edilsin. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən iddiaçı "ARAN TİKİNTİ-İNŞAAT” MMC barəsində qəbul edilmiş 2xx.xx.2024-cü il tarixli, 3-21-2-3/2-45031/2024 nömrəli və xx.xx.2024-cü il tarixli, 3-21-2-3/2-270016 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarlar ləğv edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim Ləman Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar