Məhkəmə qərarları › İş №e-2-1(112)-10427/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-10427/2024

03.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-10427/2024 03.12.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclas katibi İbazadə Aytən Əhəd qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X2, üçüncü şəxs Dövlət Neft Şirkətinin vəkili Vəkil2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxs Bakı şəhəri Qaradağ rayonu Ələt Bələdiyyəsi və Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) “çıxarışın, plan və ölçünün verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Ələt Bələdiyyəsinin xx.xx.2003-cü il tarixli 01 saylı Qərarına əsasən Ələt qəsəbəsi Şıxlar massivində sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün İddiaçı ayrılmış 9600 kv.m torpaq sahəsinin onun adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaqla mülkiyyət hüququna dair çıxarışın, torpaq sahəsinin plan və ölçüsünün verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Məhkəmənin qərardadı ilə iş üzrə Bakı şəhəri Qaradağ rayonu Ələt Bələdiyyəsi və Azərbaycan Respublikası Dövlət Neft Şirkəti üçüncü şəxs qismində (zəruri cəlbetmə) inzibati məhkəmə icraatına cəlb edilmişdirlər.

3. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə sahibkarlıq fəaliyyəti ilə əlaqədar bələdiyyə qərarı əsasında dəyəri ödənilməklə alınmış torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması, mülkiyyət hüququna dair Çıxarışın və torpaq sahəsinin plan-ölçüsünün verilməsi barədə iddiaçının müraciətinə xx.xx.2024-cü il tarixli, 3-21-3-30/2-Q0304-8/2024 **********68 nömrəli məktubla imtina edilmişdir. İmtina məktubu poçt vasitəsi ilə xx.xx.2024-cü il tarixdə alınmışdır. Həmin məktubda imtinanın əsası kimi göstərilir ki, Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi, Şıxlar massivində yerləşən 9600 kv/m torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat alınmasına dair xx.xx.2024-cü il tarixli, ********** nömrəli müraciətinizə tərəfimizdən baxılmışdır. Müraciətinizlə əlaqədar olaraq bildiririk ki, torpaq sahəsinə dair Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli fərmanının həmin dövrdə qüvvədə olan bəndinə əsasən ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən torpaqların alqı-satqısına dair akt təsdiq edilməmişdir. Həmçinin torpaq sahəsinin yerləşməsini müəyyən etməyə imkan verən sənəddə (yerləşmə cizgisi) bələdiyyə qərarına istinad edilməmişdir. İşin qısa mahiyyəti ondan ibarətdir ki, hazırda iş üzrə cavabdeh inzibati orqan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə yazılı ərizə ilə müraciət edərək sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün Ələt Bələdiyyəsindən alınmış Ələt qəsəbəsi Şıxlar massivində yerləşən 9600 kv.m torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq mülkiyyət hüququna dair Çıxarışın və torpaq sahəsinin plan-ölçüsünsün verilməsini xahiş etmişdir. Ələt Bələdiyyəsinin 12 avqust 2003-cü il tarixli 01 saylı qərarına əsasən iddiaçıya Ələt qəsəbəsi, Şıxlar massivində sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün 9600 kv.m torpaq sahəsi ayrılmışdır. Ayrılmış torpaq sahəsinin dəyəri 12 avqust 2003-cü il tarixli kassa mədaxil orderi əsasında tərəfindən bələdiyyəyə ödənilmişdir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.1997-ci il tarixli, 534 №-li Fərmanı ilə təsdiq edilmiş “Torpaqların alqı-satqı qaydaları’na əlavəyə uyğun olaraq ayrılmış 9600 kv.m torpaq sahəsinin satılması barədə “Torpaqların alqı-satqısına dair” Akt tərtib edilərək təsdiq edilmişdir. Sahibkarlıq fəaliyyəti üçün ayrılmış torpaq sahəsinin cizgisi də tərtib edilib Bələdiyyə sədri tərəfindən təsdiq edilmişdir. Torpaq sahəsi bələdiyyənin qərarına uyğun həcmdə yerində ayrılıb ona təhvil verilmişdir və həmin vaxtdan sahibliyində və istifadəsindədir. İddiaçı sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün Ələt qəsəbəsi, Şıxlar massivində 9600 kv.m torpaq sahəsi ayrılmasına dair sənədlərin Bələdiyyənin arxivində mövcud olmasına dair Ələt qəsəbə bələdiyyəsi tərəfindən xx.xx.2024-cü il tarixli, 12/95 nömrəli Arayış verilmişdir. Yerli (bələdiyyə) büdcəsinin vergi ödəyicisi olan fiziki şəxsin uçota alınması haqqında Şəhadətnaməyə əsasən Ələt Bələdiyyəsi tərəfindən vergi ödəyicisi kimi qeydiyyata alınmış və Ələt qəsəbə bələdiyyəsinin 09 aprel 2024-cü il 12/84 nömrəli Arayışına əsasən 2024-cü il də daxil olmaqla torpaq vergisi üzrə borcu yoxdur. Cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən müraciətə imtina edilməsini əsassız hesab edir. Belə ki, sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün ona ayrılmış torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq müvafiq çıxarışın və həmin çıxarışın ayrılmaz tərkib hissəsi olan torpaq sahəsinin plan və ölçüsünün verilməsi üçün hüquqi əsaslar mövcuddur. İmtinada ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən torpağın alqısatqısına dair aktın təsdiq edilməməsini, həmçinin torpaq sahəsinin yerləşməsini müəyyən etməyə imkan verən sənəddə (yerləşmə cizgisi) bələdiyyə qərarına istinad edilməməsinin göstərilməsini də əsassız hesab edir. Belə ki, cavabdehə təqdim etdiyi ərizəyə Ələt Bələdiyyəsinin sədri tərəfindən imzalanaraq təsdiq edilmiş X1 torpaq sahəsinin yerləşmə cizgisi əlavə edilmişdir.

4. Cavabdehin iddiaçının müraciətinə imtina məktubu onunla əsaslandırılmışdır ki, torpaq sahəsinə dair Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli fərmanının həmin dövrdə qüvvədə olan bəndinə əsasən ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən torpaqların alqı-satqısına dair akt təsdiq edilməmişdir. Həmçinin torpaq sahəsinin yerləşməsini müəyyən etməyə imkan verən sənəddə (yerləşmə cizgisi) bələdiyyə qərarına istinad edilməmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 15.1.2-ci maddəsinə əsasən (hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun olmaması) hüquqların dövlət qeydiyyatından imtina edilmişdir.

5. Cavabdehin etirazı onunla əsaslandırılmışdır ki, aparılan araşdırma zamanı məlum olmuşdur ki, təqdim edilmiş “torpaqların alqı-satqısına dair akt” Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 1997-ci il tarixli, 534 nömrəli fərmanının həmin dövrdə qüvvədə olan bəndinə əsasən ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təsdiq edilməmişdir. O cümlədən təqdim edilmiş yerləşmə cizgisində dəqiq istinad və məsafələr olmadığından sənədin göstərilən sahəyə aid olub-olmamasını müəyyənləşdirmək mümkün olmamışdır. Eyni zamanda elektron kadastr məlumatına əsasən göstərilən sahə dövlət mülkiyyəti torpağıdır, bələdiyyə ərazisi olması barədə bazada məlumat aşkar edilməmişdir. Bundan əlavə torpaq sahəsi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş kontrakt ərazisində (Qobustan Əməliyyat Şirkəti) yerləşir. O cümlədən idarənin mütəxəssisləri tərəfindən ünvana texniki baxış keçirilən zaman torpaq sahəsinin sənəd üzrə ölçüsünün 9600 kv.m qeyd edilsə də, faktiki 5865 kv.m təşkil etdiyi məlum olmuşdur. Yuxarıda qeyd olunanlara əsasən, iddia tələbinin rədd edilməsini xahiş etmişdir.

6. İddiaçı adına Sahibkarlıqla məşğul olmaq ücün torpaq sahəsi ayrılması barədə Ələt Bələdiyyəsinin 01 saylı 12 avqust 2003-cü il tarixli Protokolundan çıxarışa əsasən qərara alınmışdır: 1.İddiaçı Ələt Bələdiyyəsinə müraciəti qənaətbəxş hesab edilsin və ona Bələdiyyə iclasının 01 saylı 12 avqust 2003-cü il tarixli qərarına əsasən Ələt qəsəbəsi, Şıxlar massivində sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün 9600 kv.m.torpaq sahəsi ayrılsın. 2.Torpağın normativ qiyməti Ələt Bələdiyyəsinin hesabına ödənilsin. 3.Vətəndaş İddiaçı tapşırılsın ki, sahibkarlıq fəaliyyətinə başlayarkən, Vergilər Departamentində müvafiq sənədləşmənin qeydiyyatını aparsın. 4.Tikiləcək tikintinin layihəsi Qaradağ rayon Memarlıq xidməti ilə razılaşdırılması vətəndaşa tapşırılsın. 5.Tikinti inşaat işləri kommunikasiya xətlərinə nəzarət edən aidiyyatı təşkilatların verdiyi texniki şərtlərə əməl etməklə həyata keçirilsin . Torpaq təyinatı üzrə istifadə edilsin. 6.Tikinti işlərinə nəzarəti və torpaq sahəsinin alqı-satqı ilə rəsmiləşdirilməsi Bələdiyyənin İcra aparatına tapşırılsın.

7. Ələt bələdiyyəsinin sədri tərəfindən təsdiq edilmiş sahibkarlıqla məşğul olmaq ücün İddiaçı ayrılmış torpaq sahəsinin cizgisi - eskiz sxemi verilmişdir.

8. Torpaqların alqı-satqısına dair akta əsasən Ələt bələdiyyəsi ərazisində 9600 kv.m. torpaq sahəsinin satılması haqqında xx.xx.2003-cü il tarixli 01 saylı qərar qəbul edilmişdir. Bunun müqabilində İddiaçı tərəfindən bələdiyyənin hesabına müvafiq haqq ödənilmişdir.

9. Qaradağ rayonu Ələt qəsəbə bələdiyyəsinin xx.xx.2024-cü il tarixli 12/84 saylı arayışına əsasən Şıxlar massivində, İddiaçı adına olan 4800 kv.m, 9600 kv.m, 6000 kv.m qeyriyaşayış sahələrinə Ələt bələdiyyəsinə 2024-cü il daxil olmaqla heç bir torpaq vergisi borcu yoxdur.

10. Qaradağ rayonu Ələt qəsəbə bələdiyyəsinin xx.xx.2024-cü il tarixli 12/95 saylı arayışına əsasən Ələt Bələdiyyəsinin 01 saylı xx.xx.2003-cü il tarixli qərarı ilə, sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün Ələt qəsəbəsi, Şıxlar massivində 9600 kv.m verilmiş torpaq sahəsi Ələt bələdiyyəsinin arxivində mövcuddur.

11. Qaradağ rayonu Ələt qəsəbə bələdiyyəsinin xx.xx.2024-cü il tarixli 12/229 saylı arayışına əsasən Bələdiyyələrlə iş Mərkəzi 2006-cı ildə yaradılmışdır. 2024-cü ildən Bələdiyyələrlə iş Baş İdarəsi adlanır. 2006-cı ilə qədər Bələdiyyə tərəfindən verilən torpaq sahələri Bələdiyyənin arxivində saxlanılır. 2006-cı ildən sonrakı dövrlərdə Bələdiyyə tərəfindən verilən torpaq sahələrinin protokollarının bir nüsxəsi Bələdiyyələrlə iş Mərkəzinə təqdim edilib.

12. İş materiallarına kassa mədaxil orderi və yerli büdcənin vergi ödəyicisi olan fiziki şəxsin uçota alınması haqqında şəhadətnamə əlavə edilmişdir.

13. Məhkəmənin sorğusuna əsasən Dövlət Arxivinin Bakı Filialının xx.xx.2024-cü il tarixli 3-48- 2F/2-1990/2024 nömrəli məktubunda qeyd edilmişdir ki, Ələt Bələdiyyəsinin arxiv sənədləri Dövlət Arxivinin Bakı filialına təhvil verilməmişdir. Bununla əlaqədar olaraq Ələt Bələdiyyəsinə müraciət edilməsi tövsiyə olunur.

14. Məhkəmənin sorğusuna əsasən Bələdiyyələrlə İş Baş İdarəsinin xx.xx.2024-cüü il tarixdə məhkəməyə daxil olan məktubunda bildirilmişdir ki, Bakı şəhəri Qaradağ rayonu Ələt bələdiyyəsinin xx.xx.2003-cü il tarixli 01 nömrəli qərarının Bələdiyyələrlə iş baş idarəsində qeydiyyatdan keçməsi barədə məktuba baxılmışdır. Qeyd edilən qərar Baş idarədə qeydiyyata alınmamışdır.

15. Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən xx.xx.2024-cü il tarixli müayinə (baxış) aktına əsasən, vətəndaş tərəfindən göstərilən torpaq sahəsinin sərhədləri şərtidir. Torpaq sahəsi üzərində tikili yoxdur. Ərizəyə əlavə olunmuş müayinə aktının və koordinatların sözügedən torpaq sahəsinə (0.96ha) aidiyyatı yoxdur. Məlumat üçün faktiki göstərilən sahənin cizgisi və koordinatları əlavə olundu.

16. Məhkəmənin iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək onun məzmununa uyğun izahat verərək onun təmin olunmasını məhkəmədən xahiş etdi.

17. Məhkəmənin iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya yazılı etirazın məzmununa uyğun izahat verərək onun təmin olunmamasını xahiş etdi.

18. Məhkəmənin iclasında iştirak edən üçüncü şəxs Dövlət Neft Şirkətinin vəkili iddianın təmin olunmamasını xahiş etdi.

İİ. İddianın növü və mümkünlüyü

19. İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli №4 Qərarının 17-ci bəndinə əsasən, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz.

20. Odur ki, iddianın növü öhdəliyin icrasına dair iddiadır.

21. “İnzibati icraat haqqında” Qanunun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur.

22. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Bu normaya görə inzibati akt hakimiyyət tədbiri olmaqla aşağıdakı əlamətləri ilə səciyyələnir - inzibati orqan tərəfindən qəbul edilməli; ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmalı; ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaratmalı; qanunvericilikdə nəzərdə tutulmuş formalardan birinə uyğun olmalıdır. Beləliklə, inzibati akt hüquqi nəticələr yaradır, yəni ünvanlandığı hüquqi və ya fiziki şəxsin (şəxslərin) hüquqi vəziyyətini dəyişdirir, onun üzərinə vəzifə və öhdəliklər qoyur və ya ona bu və ya digər hüququn həyata keçirilməsinə şərait yaradır, bununla da hüquq münasibətlərinin formalaşması, mövcud münasibətlərin dəyişdirilməsi və ya onlara xitam verilməsinin faktiki əsası kimi çıxış edir (“Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında" Azərbaycan Respublikasının 2016-cı il 30 dekabr tarixli 474VQ №-li Qanununun tətbiqi ilə bağlı vergi ödəyicilərinin şəxsi hesab vərəqələrində əməliyyatların edilməsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 13 avqust 2020-ci il tarixli Qərardadı, №02, 24-cü bənd).

23. İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

24. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Məcəllənin 2.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır.

25. Məhkəmə qeyd edir ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış inzibati orqan tərəfindən həyata keçirilmiş faktiki xarakterli hərəkətin (hüquqların qeydiyyatının) nəticəsi olaraq, aparılmış qeydiyyatın ifadəsi olduğundan özlüyündə hüquqi nəticə yaratmır. Çıxarış qeydiyyatın (hüquqi aktın) nəticəsinin hüquq sahibinə təqdim edilməsidir. Hüquq sahibi üçün hüquqi nəticə məhz cavabdeh qurumun faktiki xarakterli hərəkəti ilə yarandığından (qeydiyyatın aparılmasına dair hüquqi akt) hazırki iddiaya öhdəliyin icrası haqqında iddia kimi baxılmalıdır.

26. İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.

27. İddiaçının tələbi torpaq sahəsi üzərində hüquqların qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması ilə bağlıdır.

28. İddia mümkündür.

İİİ. Məhkəmənin mövqeyi

29. «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun: 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir; 10-cu maddəsinə əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Kollektiv bağlar özəlləşdirilərkən torpaq sahəsi bağçılığın hər üzvünün mülkiyyətinə verilir. Dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların torpaqları hər bir icarəçinin, kooperativ bağların torpaqları hər bir kooperativ üzvünün mülkiyyətinə verilir. Bağ sahələrinin torpaqları özəlləşdirilərkən onların üzərindəki tikililər, ağaclar və digər obyektlər əvəzsiz olaraq bağ sahiblərinin xüsusi mülkiyyətinə keçir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir.

30. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun: 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır; 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır; 8.0-cı maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 10.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən ərizəsi əsasında aparılır. Ərizədə hüquq əldə edən fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənəd, hüquqi şəxsin isə tam adı, ünvanı, qeydiyyatı haqqında şəhadətnamə, icra hakimiyyəti orqanının tam adı və ünvanı, xahişin məzmunu və əlavə olunan sənədlər göstərilməlidir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 10.2-ci maddəsinə əsasən qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd; 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır; 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.

31. Məhkəmə ilk növbədə qeyd edir ki, Ələt Bələdiyyəsinin 01 saylı 12 avqust 2003-cü il tarixli Protokolundan çıxarışa əsasən Bələdiyyənin 01 saylı 12 avqust 2003-cü il tarixli qərarı ilə bağ sahəsi kimi istifadə etmək üçün ayrılmış 9600 kv.m. torpaq sahəsinin yerləşmə sxeminin iş materiallarında mövcud olmasına baxmayaraq, torpaq sahəsinin təqdim edilmiş yerləşmə cizgisində istinad və məsafələr olmadığından sənədin göstərilən sahəyə aid olub-olmamasını müəyyən etmək mümkün olmamışdır.

32. Həmçinin İddiaçı torpaq sahəsinin ayrılması ilə bağlı Bakı şəhəri Qaradağ rayonu Ələt Bələdiyyəsi tərəfindən 12 avqust 2003-cü il tarixli 01 saylı qərarı Dövlət Arxivinin Bakı filialına təhvil verilməmişdir, bununla bərabər qərar Bələdiyyələrlə İş Baş İdarəsində qeydiyyata alınmamışdır.

33. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 6.5-ci maddəsinin 2008-ci il 12 dekabr tarixinədək, yəni mübahisəli münasibətlər yarandığı zaman qüvvədə olan redaksiyasına əsasən, torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir.

34. Məhkəmə qeyd edir ki, dövlət mülkiyyətində olan torpaqlar üzrə müvafiq icra hakimiyyəti orqanları, bələdiyyə mülkiyyətində olan torpaqlar üzrə bələdiyyələr səlahiyyətlidir.

35. Torpaq Məcəlləsinin 5-ci maddəsinə əsasən:

2. Mülkiyyət hüququnun subyektləri — dövlət mülkiyyətində olan torpaq sahələri üzərində — Azərbaycan dövləti, bələdiyyə mülkiyyətində olan torpaq sahələri üzərində — bələdiyyələr, xüsusi mülkiyyətdə olan torpaq sahələri üzərində — Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləridir.

36. Göründüyü kimi, Qaradağ rayonu Ələt Bələdiyyəsinin 01 saylı 12 avqust 2003-cü il tarixli qərarı və onun qəbul edilməsi üçün əsas olan sənədlərin Dövlət Arxiv İdarəsinin arxivindən əldə edilməsi mümkün olmamışdır. Ələt qəsəbə bələdiyyəsinin arayışına əsasən qərarın bələdiyyənin arxivində mövcud olduğu göstərilsə də, həmin sənədin, eyni zamanda onun verilməsinə əsas olan sənədlərin təsdiq edilmiş surəti və ya əsli məhkəməyə təqdim edilməmişdir.

37. Həmçinin qeyd olunan ərazi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazilərdə yerləşir və torpaq sahəsinin qonşuluğunda qeydiyyatdan keçmiş torpaq sahələri mövcud deyil.

38. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısının təsdiq edilməsi" barədə Azərbaycan Respublikasının Prezidentinin 13 yanvar 2015-ci il tarixli 439 nömrəli Fərmanında qeyd olunmuşdur:

2. Müəyyən edilsin ki, bu Fərmanın 1-ci hissəsi ilə təsdiq olunan Siyahıda nəzərdə tutulmuş sənədlər müvafiq əmlaka hüququn əmələ gəldiyi anda həmin əmlak magistral boru kəmərlərinin, yüksək gərginlikli elektrik şəbəkələrinin, nəqliyyat infrastrukturu obyektlərinin və suların mühafizə zonalarında, neft və qaz yataqlarının işlənməsi üçün təsərrüfat subyektlərinin istifadəsində olan torpaq sahələrində yerləşmədiyi hallarda daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsas hesab edilir.

39. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 22.2-ci maddəsinə əsasən əhalinin təhlükəsizliyinin təmin olunması, sənaye, nəqliyyat, rabitə, mühafizə və digər təyinatlı obyektlərin istismarına lazımi şərait yaradılması üçün onların ətrafında xüsusi (qoruyucu, sanitariya və s.) hüquqi rejimli mühafizə zonaları yaradılır.

40. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli 42 nömrəli Qərarı ilə təsdiq edilmiş “Sənaye, nəqliyyat, rabitə və digər təyinatlı torpaqların istifadəsi” Qaydalarının 2-ci bəndinə əsasən, sənaye obyektlərinin yerləşdirilməsi (tikinti, yenidənqurma, genişləndirmə işlərinin aparılması) və fəaliyyəti üçün qanunvericiliklə müəyyən edilmiş qaydada ayrılan və əldə edilən torpaq sahələri sənaye təyinatlı torpaqlar sayılır. Göründüyü kimi sənaye təyinatlı torpaqlarda yalnız sənaye obyektlərinin yerləşdirilməsi (tikinti, yenidənqurma, genişləndirmə işlərinin aparılması) və fəaliyyəti nəzərdə tutulmuşdur.

41. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Təhlükə potensiallı təbiət və texnogen xarakterli hadisələrin baş vermə ehtimalının yüksək olduğu zonalarda mühafizə tədbirlərinin növləri və onların tətbiqi halları”nın təsdiq edilməsi haqqında 06 fevral 2017-ci il tarixli 31 nömrəli Qərarının 3.3-cü bəndinə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 07 iyul 2022-ci il tarixli 259 nömrəli Qərarı ilə edilən dəyişikliyə əsasən, əhalinin sağlamlığını, ətraf mühiti və əmlakı dənizdə və quruda neft-qaz əməliyyatları zamanı yarana biləcək qəzalardan mühafizə etmək üçün neftqazçıxarma sənayesi obyektləri ətrafında xüsusi mühafizə zonaları müəyyən edilmişdir. Qərara əsasən, yaşayış binaları, fərdi yaşayış evləri, yataqxanalar, inzibati binalar və müvəqqəti salınmış qəsəbələrlə ləğv olunmuş quyular arasındakı məsafə minimum 75 metr müəyyən olunmuşdur.

42. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.

43. Beləliklə məhkəmə hesab edir ki, cavabdehin imtinası nəticəsində iddiaçının qanunla qorunan hüquqları pozulmamışdır. İddia əsassız olduğundan rədd edilməlidir.

44. Göstərilənlərə əsasən və İPM-in 4.1, 23.1, 58.7, 69, 75, 78–79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ: İddia rədd edilsin. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim Ləman Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar