Məhkəmə qərarları › İş №e-2-1(112)-10433/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-10433/2024

11.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-10433/2024 11.09.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, Həsənov İlkin Mürşüd oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 11 sentyabr 2024-cü il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: Bakı şəhəri X3 İcraiyyə Komitəsinin 15 fevral 1989-cu il tarixli 1/12 №-li qərarından çıxarışa əsasən X5 massivində 48 №-li bağ-tikinti kooperativinə üzv qəbul edilmiş və ona BTK nəzdində torpaq sahəsi ayrılmışdır. 20 avqust 1989-cu il tarixli 44 nömrəli Orderə əsasən Bakı Şəhəri X3 İcraiyyə Komitəsinin 15 fevral 1989-cu il tarixli 1/12 №-li qərarına əsasən, X2 48 №-li BTK-nın tərkibində Ləhiş massivində 0,12 ha torpaq sahəsi olan 4628 saylı bağ sahəsi ayrılmışdır. 20 avqust 1989-cu il tarixli 45 nömrəli Orderə əsasən Bakı Şəhəri X3 İcraiyyə Komitəsinin 15 fevral 1989-cu il tarixli 1/12 №-li qərarına əsasən, X2 48 №-li BTK-nın tərkibində Ləhiş massivində 0,12 ha torpaq sahəsi olan 4627 saylı bağ sahəsi ayrılmışdır. İddiaçı həmin bağ sahələrinə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması barədə ərizə ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra – cavabdeh) müraciət etmişdir. Cavabdeh xx.xx.2024-cü il tarixli cavab məktubunda qeyd etmişdir ki, “idarənin arxiv məlumatlarına əsasən eyni Bağ-Tikinti Kooperativi nəzdində eyni nömrəli və tarixli qərarla “34” nömrəli order əsasında “4641” saylı torpaq sahəsi sizin adınıza daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Bundan başqa, təqdim edilmiş orderləri nüsxəsi idarənin arxivində aşkar edilməmişdir. Bu səbəbdən tərəfimizdən ərizənin icrası mümkün olmamışdır”. İddia tələbi, iddiaçının əsaslandırması, cavabdehin etirazları və digər prosessual hərəkətlər: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus Bakı şəhəri, Kürdəxanı qəsəbəsi, Ləyiş bağ massivində 4627 və 4628 saylı torpaq sahəsinə dair mülkiyyət hüququnun qeydə alınması və müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qəbul edilməsini xahiş etmişdir. (İddia tələbi dəqiqləşdirilmişdir). İşin yuxarıda sadalanan hallarına istinad edilərək iddia tələbi onunla əsaslandırılmışdır ki, 1989-cu ildə Bağlar İdarəsinin 48 saylı bağ tikinti kooperativindən Bakı şəhəri, Kürdəxanı qəsəbəsi, Ləyiş bağ massivində 4627 və 4628 saylı torpaq sahələrini alıb və həmin sahələrə 44 və 45 nömrəli orderlər verilmişdir. 1991-1992-ci illərdə iddiaçı tərəfindən həmin sahələr daş hasara alınıb, bir otaqlı ev tikilib və hal-hazırda da iddiaçı həmin bağda yaşayır. 2006-cı ildən Kürdəxanı bələdiyyəsi ilə müqavilələr əsasında torpaq və ev vergiləri bu vaxta qədər ödəmişdir. Həmçinin su, elektrik və qazdan istifadəyə görə də davamlı ödəmələr olunur. Sahələrin hər biri 12 sot olmaqla elektrik və qaz xətlərindən, dəmir yolundan kənardadır, başqa şəxslərin həmin sahələrə iddialara yoxdur, sahələr abadlaşdırılıb, meyvə ağacları və üzüm tənəkləri əkilmişdir. Cavabdeh iddiaya yazılı etiraz təqdim edərək iddia tələbinin rədd olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Etirazın dəlilləri imtina məktubunun dəlilləri ilə eyni məmzunludur.. Əlavə olaraq qeyd edilmişdir ki, elektron kadastr məlumatlarına əsasən iddiaçı tərəfindən şərti göstərilən torpaq sahəsində hasarlanma işləri bağların bölgüsünə dair sxematik xəritəyə uyğun aparılmadığından və torpaq sahələrinə dair ayrı-ayrılıqda koordinat cədvəli olmadığından sənəd üzrə torpaq sahəsinin yerləşməsini təyin etmək mümkün olmamışdır. İdarənin mütəxəssisləri tərəfindən texniki baxış keçirilən zaman torpaq sahəsinin şərq hissəsindən yüksək gərginlikli elektrik xəttinin keçdiyi məlum olmuşdur. Torpaq sahəsinin faktiki ölçüsü 0.2405 ha təşkil edir. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə etdi və iddia ərizəsində göstərilənləri təsdiqləyərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımi qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu iddiaçının müraciətinə cavab vermədiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: İşin hallarına görə, iddiaçıya 20 avqust 1989-cu il tarixli 44 nömrəli Orderə əsasən Bakı şəhəri X3 İcraiyyə Komitəsinin 15 fevral 1989-cu il tarixli 1/12 №-li qərarına əsasən, 48 №-li BTK-nın tərkibində Ləhiş massivində 0,12 ha torpaq sahəsi olan 4628 saylı bağ sahəsi, 20 avqust 1989-cu il tarixli 44 nömrəli Orderə əsasən Bakı Şəhəri X3 İcraiyyə Komitəsinin 15 fevral 1989-cu il tarixli 1/12 №-li qərarına əsasən, X2 48 №-li BTK-nın tərkibində Ləhiş massivində 0,12 ha torpaq sahəsi olan 4627 saylı bağ sahəsi ayrılmışdır. İddiaçı həmin bağ sahələri üzərində mülkiyyət hüququnun qeydə alınaraq müvafiq çıxarışın verilməsini xahiş edir. Cavabdeh iddiaçının müraciətinin təmin edilməsindən imtina etmişdir. Məhkəmə iddiaçının iddia tələbini aşağıda göstərilənlərə görə əsaslı hesab edir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8.0. və 8.0.7-ci maddələrinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsasdır. Mülki Məcəllənin 139-1.1. və 139-1.1.7-ci maddlərinə görə, 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı: Bənd 1.4. rayon, şəhər, qəsəbə və kənd zəhmətkeş deputatları sovetləri və xalq deputatları sovetləri tərəfindən torpaq sahələrinin ayrılması barədə qəbul edilmiş qərarlar İddiaçı həmin normada göstərilən hüquqmüəyyənedici sənəd kimi Bakı Şəhəri X3 İcraiyyə Komitəsinin 15 fevral 1989-cı il tarixli 1/12 №-li qərarını və adına olan X1 və İstismarı Birliyinin orderlərini təqdim edir. Cavabdeh aşağıdakı dəlillərə istinad edərək iddiaçının tələbini təmin etməkdən imtina edir və iddia tələbinə etiraz edir: 1) İdarənin arxiv məlumatlarına əsasən eyni Bağ-Tikinti Kooperativi nəzdində eyni nömrəli və tarixli qərarla “34” nömrəli order əsasında “4641” saylı torpaq sahəsi iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır; 2) təqdim edilmiş orderləri nüsxəsi idarənin arxivində aşkar edilməmişdir. 3) elektron kadastr məlumatlarına əsasən iddiaçı tərəfindən şərti göstərilən torpaq sahəsində hasarlanma işləri bağların bölgüsünə dair sxematik xəritəyə uyğun aparılmadığından və torpaq sahələrinə dair ayrı-ayrılıqda koordinat cədvəli olmadığından sənəd üzrə torpaq sahəsinin yerləşməsini təyin etmək mümkün olmamışdır; 4) İdarənin mütəxəssisləri tərəfindən texniki baxış keçirilən zaman torpaq sahəsinin şərq hissəsindən yüksək gərginlikli elektrik xəttinin keçdiyi məlum olmuşdur; 5) Torpaq sahəsinin faktiki ölçüsü 0.2405 ha təşkil edir. Məhkəmə aşağıda qeyd edilənlərə əsasən cavabdehin imtinasının və etirazının əsası kimi istinad etdiyi halları əsassız hesab edir. Belə ki, 1-ci halla bağlı məhkəmə qeyd edir ki, cavabdehin istina etdiyi “34” nömrəli order əsasında “4641” saylı torpaq sahəsinə dair sənədlər sorğu edilərək iş materiallarına əlavə edilmiş və müəyyən edilmişdir ki, istinad edilən torpaq sahəsi Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2006-cı il tarixli qərarına əsasən iddiaçıya ayrılmışdır. Hazırkı iddia tələbində isə iddiaçı Bakı şəhəri X3 İcraiyyə Komitəsinin 15 fevral 1989-cu il tarixli 1/12 №li qərarına istinad edir. Göründüyü kimi, cavabdehin həmin imtinası əsassızdır və iş materialları ilə təkzib edilir. 2-ci halla bağlı məhkəmə qeyd edir ki, yuxarıda qeyd edildiyi kimi iddiaçı qeyd edilən normalarda sadalanmış hüquqmüəyyənedici sənəd kimi həm Bakı Şəhəri X3 İcraiyyə Komitəsinin 15 fevral 1989-cu il tarixli 1/12 №-li qərarını, həm də, Bağlar Təsərrüfatının orderlərini təqdim etmişdir. İddiaçı orderləri təqdim etməsə belə, iddiaçının təqdim etdiyi Bakı Şəhəri X3 İcraiyyə Komitəsinin 15 fevral 1989-cu il tarixli 1/12 №-li qərarı torpaq sahəsi üzərində hüquqların qeydə alınması üçün hüquqmüəyyənedici sənəd hesab edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının 9 fevral 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2016-cı il tarixli Qərarında “Daşınmaz əmlakın dövlət reyestri haqqında” AR Qanununun 10.2-ci maddəsi şərh edilərək, göstərilmişdir ki, “… Qanunun 10.2.1-ci maddəsində vurğulanır ki, hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinin olması kifayətdir. Bu normanın mətninə və məzmununa görə, Qanunun 8-ci maddəsində təsbit olunmuş əsaslardan (sənədlərdən) hər hansı biri təqdim olunduqda, qeydiyyat orqanı əlavə olaraq digər əsaslardan (sənədlərdən) başqasının da təqdim olunmasını tələb etməyə haqlı deyil.” Göründüyü kimi, qanunvericiliyin tələbi ondan ibarətdir ki, daşınmaz əmlakla bağlı mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması üçün normativ-hüquqi aktlarla nəzərdə tutulan əsaslardan biri qeydiyyat orqanına mütləq təqdim olunmalıdır, hansı ki, hazırkı halda iddiaçı həmin sənədi cavabdehə təqdim etmişdir. Həmçinin orderin surələrtinin idarənin arxivində olmaması iddiaçının təqsiri deyil. 3-cü halla bağlı məhkəmə qeyd edir ki, məhkəmənin sorğusuna əsasən torpaq sahəsinin texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktı, koordinatlar qeyd olunmuş sxemi məhkəməyə təqdim edilmişdir. Həmin məktuba əlavə olunmuş xx.xx.2020-ci il tarixdə tərtbi edilmiş Torpaq sahəsinin planına əsasən Sabunçu rayonu Ləhiş qəsəbəsi, faktiki 1200.0 kv.m BTİ və İB-nin 48saylı BTK-nin 4628 saylı bağ sahəsi iddiaçının istifadəsindədir. Digər tərəfdən iddiaçı torpaq sahəsinin yerini bilməklə, torpaq sahəsinin koordinaltrı əlavə olunmuş müayinə aktı cavadeh tər4əfindən təqdim edilmişdir. Qeyd ediln torpaq sahəsinə hər hansı digər şəxsin hüququ qeydə alınmamış və ya həmin torpaq sahəsinə başqa şəxsin müraciəti olmamışdır. Bununla bağlı olaraq həmçinin nəzərə alınmalıdır ki, “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 07 mart 2016-cı il tarixli 818 nömrəli Fərmanının 2.3-cü bəndində göstərilmişdir ki, torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsi zamanı fiziki və hüquqi şəxslərin mülkiyyətindəki və qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqlarda və torpaq islahatı zamanı verilmiş pay torpaqlarında hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqların (sərhəd, yerləşmə və konfiqurasiya fərqlərinin) Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43-cü maddəsinə uyğun olaraq yerquruluşu qaydasında aradan qaldırılmasını aşağıdakı tələblərə riayət etməklə həyata keçirsin: ... 2.3.5. ərazi vahidləri üzrə layihələrin, torpaqla bağlı normativ hüquqi aktların tələblərinə zidd olmadığı və digər şəxslərin hüquqlarının pozulmadığı hallarda, torpaqların faktiki istifadə vəziyyəti əsas götürülməklə tərtib edilməsi. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli 516 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə”nin 3.0.29-cu maddəsində isə təsbit edilmişdir ki, vətəndaşların qanuni istifadəsindəki yaşayış evlərinin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların onların mülkiyyətinə verilməsini yerquruluşu işlərini aparmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud olan uyğunsuzluqlar aradan qaldırılmaqla rəsmiləşdirmək Xidmətin vəzifəsidir. Məhkəmə 4-cü halla bağlı qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 10 iyun tarixli, 103 nömrəli qərarı ilə təsdiq edilmiş “Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi Qaydaları”na əsasən: - bənd 6. Elektrik şəbəkələrinin mühafizə zonalarına daxil olan torpaq sahələri torpaq mülkiyyətçisinin və yaxud istifadəçisinin istifadəsində qalır və onlar tərəfindən bu Qaydaların tələblərinə riayət edilməklə, kənd təsərrüfatı və digər işlərin aparılması məqsədi ilə istifadə oluna bilər. - bənd 7. Torpaq mülkiyyətçisi və yaxud istifadəçisi tərəfindən hava elektrik ötürücü xətlərinin mühafizə zonalarında həmin xətlərin istismarçılarını qabaqcadan xəbərdar etməklə kənd təsərrüfatı, suvarma və digər işlər aparılır. - bənd 12. Elektrik şəbəkələrinin mühafizə zonalarında həmin şəbəkələrin istismarçılarının və yaxud mülkiyyətçilərinin rəsmi razılığı olmadan aşağıda göstərilən işlərin yerinə yetirilməsi qadağandır: a) binaların və qurğuların tikintisi, quraşdırılması, təmiri, yenidən qurulması və sökülməsi; Göründüyü kimi, qanunverici elektrik şəbəkələrinin mühafizə zonalarına daxil olan torpaq sahələrinin mülkiyyətə verilməsi ilə bağlı deyil, həmin torpaq sahəsində görülən işlərlə bağlı məhdudiyyətlər nəzərdə tutmuş, bu zaman həmin işlərin görülməsini şəbəkələrin istismarçılarının və yaxud mülkiyyətçilərinin rəsmi razılığından asılı etmişdir. Qeyd edilənlərə əsasən məhkəmə cavabdehin imtinasını və etirazının dəlilləri kimi istinad etdiyi halları əsassız hesab edir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 25-ci maddəsinə görə Qanunun 9-cu maddəsinin müddəaları 2007ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən dövlət mülkiyyətində olan torpaqlardan vətəndaşlara ayrılmış bağ sahələrinin altındakı torpaqlara da şamil edilir. Beləliklə, göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı qanunvericiliklə nəzərdə tutulan hüquqmüəyyənedici sənədə malik olmuş, buna görə də istifadəsində olan bağ sahəsinə yaranmış mülkiyyət hüququnu qeydə aldırmaq hüququna malik olmuşdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə, qərara aldı: İddia təmin olunsun. İddiaçı məxsus Bakı şəhəri, Kürdəxanı qəsəbəsi, Ləyiş bağ massivində 4627 və 4628 saylı torpaq sahəsinə dair mülkiyyət hüququnun qeydə alınması və müvafiq çıxarışın verilməsi öhdəliyi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı m0əhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Bəhlul Cəlalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar