Məhkəmə qərarları › İş №e-2-1(112)-10467/2023

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №e-2-1(112)-10467/2023

30.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-1(112)-10467/2023 30.05.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızı, Tərəflərin iştirakı olmadan, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəz Filialınına qarşı “pensiyadan tutulmalar edilməsinə dair qərarın ləğvi və pensiyanın əvvəlki məbləğdə ödənilməsi” öhdəliyinin tələbinə dair iş üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, pensiya məbləğinin azaldılması, pensiya məbləğindən tutulmalar edilməsi barədə qərarın ləğv edilməsi; hesablanmış təqaüdün əvvəlki məbləğdə (2734,60 manat) hesablanaraq ödənilməsinin, habelə buna müvafiq ödənilməyən pensiya məbləğinin əlavə olaraq verilməsinin, 2023-cü ilin mart ayından pensiya məbləğindən "artıq ödəmə" kimi tutduğu vəsaitin (aylıq 250.60 manat) cavabdehdən alınaraq qaytarılması barədə qərar çıxarılmasını tələb etmişdir.

2. Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.1951-ci ildə Gəncə şəhərində anadan olmuşdur. Əmək fəaliyyətinə aviasiya sahəsində başlamış, müxtəlif vəzifələrdə çalışmış və hazırda da "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində Keyfiyyətə nəzarət üzrə mühəndis (planer və mühərriklər) vəzifəsində əmək fəaliyyətimi davam etdirir. İddiaçı qeyd edir ki, aviasiya sahəsində iş fəaliyyətinin xüsusiyyətləri nəzərə alınaraq xx.xx.2006-ci il tarixdən DSMF-nin Gəncə Kəpəz şöbəsi tərəfindən iddiaçıya güzəştli şərtlərlə ilk pensiya təyin edilmişdir. “Əmək pensiyaları haqqında” Qanuna edilmiş dəyişikliklərə uyğun olaraq 2020ci ildən bəri hər il təyin edilən pensiyanın indeksasiyası aparılmış və müvafiq olaraq 2020ci il üzrə 1881,42 manat, 2021-ci il üzrə 2095,91 manat, 2022-ci il üzrə 2167,17 manat və nəhayət 2023-cü ildə 2504,85 manat pensiya təyin edilmişdir. Cari ilin mart ayından başlayaraq iddiaçıya hələ də məlum olmayan səbəblərdən təyin edilən pensiyanın məbləği azaldılmış, habelə “artıq ödəmə” kimi pensiyasından hər ay 250,49 manat tutulma aparılmağa başlanılmışdır. Bu qanunsuz tutulma halları ilə bağlı iddiaçı xx.xx.2023-cü il tarixdə 2 saylı DOST Mərkəzinə müraciət etsə də, hələ də bu günə qədər bunun səbəbləri barədə rəsmi məlumat verilməmişdir. Şifahi olaraq qəbulda olan zaman pensiya hesablanmasının səhv aparıldığı və bu səbəbdən təqaüd məbləğinin yenidən hesablanması (azaldıldılması) ilə bağlı müvafiq qərar qəbul edildiyi və “səhv hesablama ilə bağlı artıq ödənilmiş vəsaitin” aylıq olaraq tutulacağı bildirilmişdir. İddiaçı həmin qərarı tələb etsə də, müraciətinə baxılacağı və bundan sonra ünvanına göndəriləcəyi bildirilmişdir. Lakin, bu günə qədər qərarın surəti rəsmi qaydada göndərilməmişdir. Daha sonra xx.xx.2023-cü il tarixində yenidən məsələ ilə bağlı müraciəti zamanı, qəbulda elektron sistemdən çıxarış (cədvəl) təqdim edilmişdir. Həmin çıxarışda (cədvəldə) tutulmanın səbəb əsasları barədə heç bir məlumat göstərilməsə də, təyin edilən pensiya, pensiyanın azalması və tutulmaları görmək mümkündür. Belə ki. ölən ilin dekabr ayına qədər aldığım pensiya məbləği 2367.47 manat olmuş, cari ildən yenidən pensiya hesablanması nəticəsində pensiya məbləği 2734.60 manat olaraq müəyyən edilmişdir. Buna müvafiq olaraq xx.xx.2023-cü il tarixdə iddiaçıya ödəniş edilmiş, əlavə olaraq həmin tarixdə cari ilin yanvar ayından qalan və artım olaraq hesablanan qalan hissə - 350.47 manat da ödənilmişdir. Göründüyü kimi cari ilin yanvar ayından təyin edilən pensiya məbləği 2734.60 manat təşkil etmişdir. Daha sonra iddiaçıya məlum olmayan səbəbdən, qanunsuz olaraq pensiya məbləği azaldılmış və hazırda olduğu kimi 2504.85 manat təyin edilmişdir. Eyni zamanda mart ayından başlayaraq "artıq ödənilmiş məbləğ" adı altında hər ay pensiyasından 250.60 manat tutulmağa başlanmışdır. Artıq 3 aydır ki, ümumilikdə 751.08 manat pul vəsaiti iddiaçının pensiya hesabından qeyri-qanuni olaraq tutulmuşdur. İddiaçı hesab edir ki, cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının pensiya məbləğinin azaldılması, yəni pensiyanın 2734.60 manatdan 2507.85 manat endirilməsi, habelə pensiya məbləğindən tutulmalar edilməsi barədə qərarı qanunsuzdur və əsassızdır. Məhkəmə tərəfindən həmin qərar ləğv edilməli və əvvəlki məbləğdə pensiya almaq hüququnun təmin olunması (3-17-1/3-3-2279/2023 nömrəli sərəncam üzrə), pensiyanın ödənilməyən hissəsinin ödənilməsi, habelə son aylar (cari ilin mart ayından başlayaraq) qanunsuz olaraq tutulmuş pensiya məbləğinin cavabdeh Dödət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialından alınaraq qaytarılması barədə qərar qəbul edilməlidir.

3. İddiaçının vəkili ərizə ilə məhkəməyə (elektron məhkəmə sistemi vasitəsilə) müraciət edərək iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin baxılmadan geri qaytarılmasını xahiş etmişdir.

II. İddianın geri götürülmüş sayılması

4. Məhkəmə qeyd edir ki, inzibati icraat qaydasında iddiaçının müraciəti əsasında iddia ərizəsinin geri qaytarılmasına dair birbaşa norma olmasa da, İPM-in 55.3-cü maddəsi iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edilməsi halını müəyyən edir.

5. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13-cü maddəsinə əsasən konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir.

6. Qanunun analogiya üzrə tətbiqi zamanı hüquq münasibətləri arasında əhəmiyyətli oxşarlıq olmalıdır. Məhz bu cür əhəmiyyətli oxşarlıq (eynicinslik) həmin münasibətlərdən birini tənzimləyən hüquq normasının analogiya üzrə digər münasibətlərə də tətbiqini mümkün edir. Buna görə, oxşar hüquq norması eyni hüquq institutunda, hüquq yarımsahəsində və sahəsində axtarılmalıdır (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli qərarı).

7. İPM-in 55.3-cü maddəsinə əsasən, məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia geri götürülmüş sayılır. Belə hallarda məhkəmə iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edir.

8. Məhkəmə hesab edir ki, İPM-in 55.3-cü maddəsi iddiaçının məhkəmə icraatından yayınmasının passiv formasını müəyyən edir, iddia ərizəsinin geri qaytarılmasına dair müraciət isə iddiaçının məhkəmə icraatından yayınmasının aktiv forması olmaqla iddiaçının iddiaya həmin ana prosessual marağının olmamasını ifadə edir. Odur ki, oxşar münasibət olduğundan həmin norma analogiya qaydasında tətbiq edilə bilər.

9. Bu səbəbdən məhkəmə hesab edir ki, oxşar münasibət İPM-lə tənzimlədiyindən Mülki Prosessual Məcəllənin iddianın baxılmamış saxlanmasına dair institutu tətbiq edilməməlidir. Belə ki, prorsessual qanunvericiliyin analogiyası ya normanın özündə göstərilmiş olduqda, ya da prosessual qanunvericilikdə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda tətbiq edilə bilər. Mülki Prosessual Məcəllənin 259-cu maddəsində nəzərdə tutulmuş iddianın baxılmamış saxlanmasına dair əsaslar inzibati icraatda bir qayda olaraq iddianın qeyri-mümkünlüyü üçün əsaslardır. İddia ərizəsinin qaytarılması MPM-in 152-ci maddəsi ilə tənzimlənir. İnzibati prosesdə isə həmin formal xətalar olduğu təqdirdə məhkəmə İPM-in 13-cü maddəsinə əsasən, hüquqi yardım göstərərək onların aradan qaldırılmasına kömək etməlidir. Belə ki, İPM-in 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Bu o deməkdir ki, iddia ərizəsinin qaytarılması və bu əsasla iddianın baxılmamış saxlanması inzibati icraat üzrə prosesə ziddir.

M.Məmmədovun şikayəti əsasında Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55-ci maddəsinin bəzi müddəalarının Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 aprel 2014-cü il tarixli qərarından

10. ...İddianın geri götürülmüş sayılması iddiadan imtina olunmasının passiv növüdür və hüquq nəzəriyyəsində iddiadan imtina edilməsinin fiksiyası adlandırılır. Belə növ iddiadan imtina edilməsi üçün iddiaçının aktiv hərəkət etməsi vacib deyil. (Konstitusiya Məhkəməsi Plenumunun “X1 şikayətinə dair” 8 iyul 2013-cü il tarixli Qərardadı).

11. İddianın geri götürülmüş sayılması mübahisənin mahiyyəti üzrə həlli ilə nəticələnmədiyindən məhkəməyə müraciət etmək hüququnu məhdudlaşdırır. Burada nəzərə almaq lazımdır ki, məhkəməyə müraciət etmək hüququ yalnız icraatın başlanmasını əhatə etmir, o həmçinin mübahisənin məhkəmə vasitəsilə həllini də nəzərdə tutur. Fərdlərə məhkəmədə iddia qaldırmaq hüququ verməklə həmin iş üzrə yekun qərarın qəbul olunmasının təmin edilməməsi məhkəməyə müraciət etmək hüququnu qeyri-real edərdi. (Avropa Məhkəməsinin Kutic Xorvatiyaya qarşı iş üzrə 1 mart 2002-ci il tarixli Qərarı, § 25).

12. Həmin məhdudlaşdırmanın Konstitusiyaya uyğun olub-olmamasını isə qeyd edildiyi kimi, legitim məqsədlərə nail olmağın və məhdudiyyətin mütənasibliyinin təhlilindən sonra müəyyən etmək mümkündür.

13. İPM-in 55.3-cü maddəsinin mənasına görə, iddiaçının məhkəmə icraatından yayınması faktiki olaraq onun prosessual marağının itməsi səbəbindən müvafiq qərardadın verilməsi ilə nəticələnə bilər. Burada ədalət mühakiməsinin lazımınca həyata keçirilməsi məqsədi əsas götürülür. Bu məqsəd konstitusiya əhəmiyyətli olduğundan legitim sayılmalıdır...

14. ...İPM-in 81.1-ci maddəsində müəyyən edilmiş əsas qaydaya müvafiq olaraq qanunla ayrı qayda nəzərdə tutulmayıbsa, qərardadlardan şikayət verilməsi mümkündür. Qanunverici icraata xitam verilməsi barədə qərardaddan fərqli olaraq, İPM-in 55.3-cü maddəsi əsasında qəbul edilən qərardadın mübahisələndirilməsinin qeyri-mümkünlüyünü müəyyən etməmişdir. Digər tərəfdən, İPM-in 83.3-cü maddəsində mübahisələndirilməyən qərardadların siyahısında İPM-in 55.3-cü maddəsi göstərilməmişdir...

15. ...Konstitusiya Məhkəməsinin Plenumu qeyd edilənlərə və Konstitusiyanın 60-cı maddəsinin İ hissəsindən irəli gələn tələblərə uyğun olaraq hesab edir ki, İPM-in 55.3-cü maddəsi həmin Məcəllənin 55.5-ci maddəsi ilə birlikdə deyil, İPM-in 81.1-ci və 83.3-cü maddələri ilə sistemli şəkildə tətbiq olunmaqla maraqlı şəxsin apellyasiya şikayətinin verilməsi hüququ təmin edilməlidir.

16. Konstitusiya məhkəməsinin plenumunun qeyd edilən qərarına əsasən ifadə edilən hüquqi mövqeyə əsaslanaraq məhkəmə hesab edir ki, İPM-in 55.3-cü maddəsi iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edilməsini müəyyən etdiyindən iddiaçının iddia ərizəsinin geri qaytarılmasına (bu əsasla baxılmamış saxlanmasına) dair müraciəti olduqda İPM-in 55.5-ci maddəsinə istinad etmədən məhkəmə tərəfindən məhz qeyd edilən məhkəmə aktı qəbul edilməlidir.

17. Məhkəmə hesab edir ki, iddiaçının iddiaya münasibətdə artıq prosessual marağı olmadığından prosessual qənaət prinsipindən çıxış edərək iddianın əsaslılığını yoxlamaq və aidiyyət məsələsinə münasibət bildirmək zərurəti mövcud deyildir.

18. İddianın geri götürülmüş sayılması barədə qərardadın qəbul edilməsi ilə məhkəməyə müraciət etmək hüququ məhdudlaşdırılmış olur. Həmin hüquq mütləq hüquq olmadığından (yəni məhdudlaşdırıla bilər) qərardadın (məhdudlaşdırmanın) legitim məqsəd daşıması və ağlabatan mütənasiblik əlaqəsinin mövcudluğu aydınlaşdırılmalıdır. Həmin mütənasiblik əlaqəsi qəbul edilən məhkəmə aktından şikayət verilməsi və yenidən iddia qaldırmaq imkanının mümkünlüyündə ifadə olunur. Hazırki iş üzrə icraata xitam verilmədiyindən (iddiaçı məhkəmədən yayınmadığı üçün iddiadan imtina etmiş sayılmır) iddiaçının yenidən iddia qaldırma imkanı istisna edilmir.

19. Göstərilənlərə əsasən və İPM-in 55.3, 81.1, 83.1 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ:

İddia geri götürülmüş sayılsın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar