Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-10482/2025 16.07.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qənbərova Səlma İsgəndər qızının sədrliyi, İddiaçının nümayəndəsi Nümayəndə, Cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “bağ sahəsinə dair mülkiyyət hüququnun qeydiyyata alınması” tələbinə dair inzibati işə Bakı İnzibati Məhkəməsinin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq şifahi məhkəmə iclasında baxaraq, müəyyən etdi: I. İşin halları: İddiaçı (bundan sonra – İddiaçı) xx.xx.2025-ci il tarixdə ərizə ilə cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra – Cavabdeh) müraciət edərək, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsində yerləşən “233a” saylı torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmişdir. Cavabdeh xx.xx.2025-ci il tarixli məktublarla iddiaçının ərizəsini təmin etməkdən imtina etmiş və bildirmişdir ki, idarənin arxiv əsaslarında təqdim edilmiş qeyd olunan bağ sahəsinin istifadəyə verilməsinə dair keçmiş Bağlar Təsərrüfatı İdarəsi ilə bağlanılmış xx.xx.2005-ci il tarixli, 34299 nömrəli müqavilənin arxiv nüsxəsi aşkar edilməmişdir. Həmçinin idarənin mütəxəssisləri tərəfindən ünvana keçirilmiş texniki baxış zamanı göstərilən torpaq sahəsinin “233” saylı sahə ilə bir hasar daxilində yerləşdiyi və ara sərhədlərinin şərti olduğu müəyyən edilmişdir. Bundan başqa, torpaq sahəsinin sənəd üzrə sahəsi 0.12 ha qeyd edilsə də, faktiki göstərilmiş sahə 0.1030 ha təşkil edir. İdarənin arxiv əsaslarında mövcud olan arxiv cizgisinə əsasən torpaq sahəsinin bir hissəsi “234” saylı sahənin ərazisinə uyğun gəlir. Cavabdehin imtinasını qanunsuz hesab edən iddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra isə iddianın dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri İcra Hakimiyyəti Başçısı Aparatının Abadlaşdırma və Park -Bağ təsərrüfatının İnkişafı Departamenti X2 və istismarı birliyi 14 fevral 2005-ci il tarixində 24299 saylı müqavilə ilə iddiaçının sahibliyinə verilmiş Maştağa ərazisində yerləşən 233a nömrəli 0.1030 ha sahəsi olan bağa mülkiyyət hüququnun qeydiyyata alınması və bu barədə çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İİ. Tərəflərin əsaslandırması: İddia tələbi bununla əsaslandırılmışdır ki, 14 fevral 2005-ci il tarixində 24299 saylı müqavilə ilə Bakı şəhəri İcra Hakimiyyəti Başçısı Aparatının Abadlaşdırma və Park-Bağ təsərrüfatının inkişafı departamenti X2 və istismarı birliyi Maştağa ərazisində yerləşən 0.12 ha sahəsi olan 233a nömrəli bağı iddiaçının sahibliyinə verilmişdir. Həmin ərazidə yerləşən 233 saylı bağ isə 14 fevral 2005-ci il tarixində X4 istifadəsinə verilmişdir. Hər ikisi 22 yanvar 2025-ci il tarixində Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə müraciət edərək əmlakların rəsmi reyestrdə qeydiyyata alınmasını xahiş etmişdir. X4 hüquqları qeydiyyata alınmaqla 09 aprel 2025-ci il tarixli ********** saylı qeydiyyat vəsiqəsi verilmişdir. Lakin iddiaçıya 18 fevral 2025-ci il tarixli 321- 3-30/2-6434/2025 saylı məktubla Daşınmaz əmlakın dovlət reyestri haqqında qanunun 15ci maddəsinə əsasən hüquqlarının qeydiyyata alınmasından əsassız olaraq imtina edilmişdir. İmtina onunla əsaslandırılmışdır ki, idarənin arxiv əsaslarında təqdim edilmiş qeyd edilən bağ sahəsinin istifadəyə verilməsinə dair keçmiş Bağlar Təsərrüfatı idarəsi ilə bağlanmış 14 fevral 2005-ci il tarixli, 34299 nomrəli müqavilənin arxiv nüsxəsi aşkar edilməmiş, texniki baxış zamanı torpaq sahəsinin "233" saylı bağ sahəsi ilə bir hasar daxilində yerləşməsi, 012 ha qeyd edilsə də, faktiki sahənin 0.1030 ha olması, arxivdə mövcud olan arxiv cizgisinə əsasən torpaq sahəsinin DƏDRX qeydiyyatında 234 saylı sahəsinin ərazisinə uyğun gəlməsi qeyd edilmişdir. Sonradan tərəfindən qeyd edilən iradlar düzəldilərək yenidən 08 aprel 2025-ci il tarixində müraciət olunmuş, 01 may 2025-ci il tarixində 3-21-3-30/2-7-0505-8/2025 saylı cavab məktubunda əvvəlki məktubdakı iradların aradan qaldırılmaması qeyd edilərək təkrar imtina edilmişdir. Göründüyü kimi hər iki imtina əsassız olmaqla yanaşı iddiaçının hüquqlarını kobud şəkildə pozmuşdur. Cavabdeh “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə məhkəməyə təqdim etdiyi iddiaya yazılı etirazında imtina məktubunda qeyd edilənlərə istinad etmiş və əlavə olaraq bildirmişdir ki, elektron kadastr məlumatına əsasən, torpaq sahəsinin yaxınlığından (4 metr) 76 mm-lik qaz xətti keçir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddianı müdafiə edərək onun təmin olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi etiraza uyğun çıxış edərək iddianın təmin olunmamasını xahiş etdi. İİİ. Məhkəmənin mövqeyi Məhkəmə tərəflərin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İnzibati Prosessual Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9-cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Hazırkı iddia torpaq sahəsinə mülkiyyət hüququnun qeydə alınması öhdəliyinin cavabdehin üzərinə qoyulmasından ibarətdir ki, bu iddia öhdəliyin icrası haqqında iddia növünə uyğun iddiadır. Öhdəliyin icrası haqqında iddia növünə münasibətdə iddianın xüsusi mümkünlük şərti iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə cavabdeh orqana müraciət etməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmişdir. İddia həm də əsaslıdır. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən: - X2 və istismar Birliyinin xx.xx.2005-ci il tarixli 93 saylı protokolundan görünür ki, vətəndaşların rəsmi-notariat qaydada ərizələrinə əsasən qanuni istifadələrindəki bağ sahələri aşağıdakı vətəndaşların adlarına sənədləşdirilmişdir: 1.19. Maştağadakı 233a saylı bağ – İddiaçı. - X2 və İstismarı Birliyinin protokolunun təsdiq edilməsi haqqında” Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.2005-ci il tarixli, 31 nömrəli sərəncamından çıxarışdan görünür ki, “Vətəndaşların rəsmi-notariat qaydada ərizələrinə əsasən qanuni istifadələrindəki bağ sahələrinin digər vətəndaşların adlarına keçirilməsi, vətəndaşlara bağ sahələrinin ayrılması barədə” “təhkim etmə" barədə X2 və İstismarı Birliyinin xx.xx.2005-ci il tarixli, 93 nömrəli protokolu təsdiq edilmişdir. -X2 və istismar Birliyi Maştağa ərazisindəki 233a nömrəli bağın istifadəyə verilməsi haqqında 34299 saylı, xx.xx.2005-ci il tarixli müqavilədən görünür ki, birlik Bakı şəhəri İcra Hakimiyyətinin xx.xx.2005-ci il tarixli 31 nömrəli Sərəncamı əsasında Maştağa ərazisində 0.12 hektar torpaq sahəsi olan 233a nömrəli bağı müqavilədə göstərilən tikintilər, qurğular və ağaclarla istifadəçiyə-İddiaçı istifadəsinə verilmişdir. Müqavilənin müddəti xx.xx.2015-ci ilədək müəyyən edilmişdir. İddiaçı hazırda sadalanan sübutlara istinad edərək, istifadəsindəki sahəsi 0,1030 ha olan 233a saylı bağ sahəsinə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını xahiş edir. Məhkəmə qeyd edir ki, "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 25-ci maddəsinə görə həmin Qanunun 9-cu maddəsinin müddəaları 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən dövlət mülkiyyətində olan torpaqlardan vətəndaşlara ayrılmış bağ sahələrinin altındakı torpaqlara da şamil edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun: -2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. - 8.0-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. Göründüyü kimi, qanunverici daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsi əsaslarını müəyyən etmiş, 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə münasibətdə isə bu əsaslara icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış aid edilmişdir. İddiaçı bu sənədlərdən bağ sahəsinin ayrılması barədə icarə müqaviləsini təqdim edir. Məhkəmə qeyd edir ki, “Yerli icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 22 may 2007-ci il tarixli 2186 nömrəli sərəncamı ilə yerli icra hakimiyyəti orqanlarının, o cümlədən Bakı Şəhər İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, arxivlərinin Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə verilməsi qərara alınmışdır. Azərbaycan Respublikasının qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatı nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Məhz buna görə xx.xx.2007-ci il tarixdə bağlar təsərrüfatı idarələri ləğv edilərkən onlara məxsus arxiv sənədlərinin daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatını aparan və bu qeydlərin dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdeh olan Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə verilməsi qərara alınmışdır. Bununla dövlət yalnız mühafizə üçün verilən sənədlərə təminat verməklə, həmin qeydlərin dəqiqliyinə görə məsuliyyəti öz üzərinə götürmüş və «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8.0.7-ci maddəsində də həmin tarixədək verilmiş sənədlərə əsasən hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını təsbit etmişdir. İşin istinad olunan hallarından məlum olur ki, 233a saylı bağ sahəsinin iddiaçıya ayrılması barədə müvafiq dövlət qurumuna təhvil verilmiş etibarlı sənədləri mövcuddur. Belə ki, cavabdeh Bakı şəhər icra Hakimiyyəti tərəfindən iddiaçıya bağ sahəsinin ayrılması barədə protokol və sərəncamdan çıxarışın surətini məhkəməyə təqdim etmişdir. Məhkəmə qeyd edir ki, Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.1997-ci il tarixli 233 saylı sərəncamı ilə təsdiq edilmiş “Bakı şəhərində icarəyə, bağ-tikinti koorperativlərinin və bağçılıq yoldaşlıqlarının tərkibində bağ sahəsi götürmək istəyən vətəndaşların növbəyə götürülmələri və bağ sahələri ilə təmin edilmələri barədə” Əsasnamənin 1-ci hissəsində qeyd olunmuşdur ki, icarəyə, bağ-tikinti koorperativlərinin və bağçılıq yoldaşlıqlarının tərkibində bağ sahəsi götürmək istəyən vətəndaşlar X2 və istismarı birliyində növbəyə götürülürlər. Bu məqsədlə Bağlar təsərrüfatı birliyinin nəzdində komissiya təşkil olunur. Komissiya vətəndaşlar tərəfindən Birliyə tədqim olunmuş sənədlərə baxır və vətəndaşların bağ növbəsinə götürülmələri barədə müvafiq Protokol imzalayır. Protokol imzalanan vaxtdan həmin protokolda qeyd edilmiş vətəndaşlar bağ növbəsinə götürülmüş hesab edilirlər. Həmin Əsasnamənin 2-ci bəndinə əsasən Bakı şəhərində bağ sahələrinin verilməsi hazırkı Əsasnamə ilə həyata keçirilir. Vətəndaşlara bağ sahələri ya idarəyə, ya da bağtikinti koorperativlərinin və bağçılıq yoldaşlıqlarının tərkibində ayrılır. Dövlət imtiyazlı vətəndaşlar bağ sahələri ilə təmin edilmələrində müəyyən üstünlüklərə malikdirlər. Qeyd edilən Əsasnamənin 4-cü hissəsinə əsasən rəsmi sənədi olmadan 10 ildən artıq müddət ərzində bağ sahəsi götürüb abadlaşdıran vətəndaşların sənədlərinə Bakı şəhər İcra Hakimiyyəti aparatının nəzdində təşkil olunmuş komissiya tərəfindən baxılır və müvafiq sərəncam qəbul edilir. Sərəncama əsasən ümumi torpaq sahəsi 0,12 hektara qədər olduqda həmin bağ sahəsi (yaxud artıq olduqda 0, 12 hektarlıq hissəsi) aidiyyəti vətəndaşın adına təhkim edilir. Bunun üçün Bağlar Təsərrüfat birliyinə aşağıda qeyd olunan sənədlər təqdim edilir: - Bağ sahəsini abadlaşdıran vətəndaşın ərizəsi; - Yaşayış yerindən 2№-li forma arayışı; - İş yerindən arayış, - Üç bağ qonşusunun təsdiq olunmuş qaydada ərizəsi; - Bağlar təsərrüfatı birliyinin mühəndisləri tərəfindən tərtib edilmiş yoxlama aktı; - Bağ sahəsinin planı Göründüyü kimi, 1997-ci ildən qüvvəyə minmiş qanunvericiliyə əsasən bağ sahəsinin rəsmi sənədi olmadan 10 ildən artıq müddət ərzində istifadə edən şəxsin ərizəsi və bağ qonşularının ərizəsi əsasında həmin şəxsin adına rəsmiləşdirilməsi mümkün olmuş və bu rəsmiləşmənin sərəncam vasitəsilə həyata keçirilməsi nəzərdə tutulmuşdur. İşdən görünür ki, 233a saylı bağ sahəsi Bakı şəhər İcra Hakimiyyətinin sərəncamı əsasında iddiaçının adına rəsmiləşdirilmişdir və bu sənədlər hazırda qüvvədədir. Buna görə də məhkəmə hesab edir ki, iddiaçı ona ayrılmış bağ sahəsi ilə bağlı hüquqlarının qeydə alınmasını tələb etməkdə haqlı olmuşdur. İşdən görünür ki, cavabdeh iddiaçının tələbini təmin etməkdən imtina edərkən:
1. idarənin arxiv əsaslarında təqdim edilmiş qeyd olunan bağ sahəsinin istifadəyə verilməsinə dair keçmiş Bağlar Təsərrüfatı İdarəsi ilə bağlanılmış xx.xx.2005-ci il tarixli, 34299 nömrəli müqavilənin arxiv nüsxəsinin aşkar edilməməsinə;
2. torpaq sahəsinin “233” saylı sahə ilə bir hasar daxilində yerləşməsinə;
3. torpaq sahəsinin bir hissəsinin “234” saylı bağın ərazisinə uyğun gəlməsinə;
4. torpaq sahəsinin yaxınlığından (4 metr) 76 mm-lik qaz xətti keçməsinə istinad etmişdir. Məhkəmə aşağıda göstərilənlərə əsasən cavabdehin bu dəlilləri ilə razılaşmır. Belə ki, birincisi, Qanunun 8.0.7-ci maddəsində 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə münasibətdə hüquqmüəyyənedici sənəd kimi icarə müqaviləsi, sərəncam və orderin eyni anda deyil, həmin sənədlərdən yalnız birinin təqdim edilməsi hüququn qeydə alınması üçün kifayət hesab edilmiş, iddiaçıya bağ sahəsinin ayrılması barədə sərəncam İdarənin arxivində mövcud olmuşdur. Belə olan halda aydındır ki, iddiaçı xx.xx.2005-ci il tarixli müqaviləni təqdim etməsə belə, cavabdeh xx.xx.2005-ci il tarixli sərəncam əsasında iddiaçının 233a saylı bağ sahəsinə mülkiyyət hüququnu qeydə almalı idi. İkincisi, 233a saylı bağla 233 saylı bağın bir hasar daxilində yerləşməsi hüququn qeydə alınmasından imtina üçün əsas ola bilməz. Çünki cavabdehin də bildirdiyi kimi, ara sərhədlər şərti olsa da, müəyyən edilmiş, iddiaçının sahibliyindəki torpaq sahəsinin ölçüsü 0.1030 ha olmuşdur. Bu isə həmin torpaq sahəsinin yerləşmə yerini müəyyən etməyə imkan verdiyini göstərir. Torpaq sahəsinin bir hissəsinin “234” saylı bağın ərazisinə uyğun gəlməsinə münasibətdə məhkəmə qeyd edir ki, işdə olan Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2019-cu il tarixli çıxarışdan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, 234 saylı bağ sahəsi artıq X1 mülkiyyətindədir. Göründüyü kimi, cavabdeh bir tərəfdən mübahisəli ərazinin bir hissəsinin 234” saylı bağın ərazisinə uyğun gəldiyini bildirmiş, digər tərəfdən həmin bağ sahəsinə digər şəxsin mülkiyyət hüququnu fərqli ərazidə qeydə almışdır. Belə olan halda müəyyən olunur ki, ya İdarənin 234 saylı bağ kimi qeydə aldığı sahə həmin nömrəli bağın ərazisinə uyğun gəlmir, ya da hazırkı dəlili həqiqəti əks etdirmir. Hər bir halda iddiaçının istifadəsində olan mübahisəli torpağa digər şəxsin iddiasının olmamasını, həmçinin cavabdehin eyni hala fərqli münasibət bildirməsini nəzərə alan məhkəmə belə qənaətə gəlir ki, bu dəlil də əsaslı sayıla bilməz. Torpaq sahəsinin yaxınlığından (4 metr) 76 mm-lik qaz xətti keçməsinə gəldikdə, işdə olan “Azəriqaz” İB-nin xx.xx.2025-ci il tarixli 14-2-2/2-2661/2025 nömrəli məktubundan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsində yerləşən (koordinatlar: X40.539293; Y49.985701) ərazidə Birliyə məxsus qaz xətləri və qaz avadanlıqları mövcud deyil. Həmin torpaq sahəsinin daş hasarının yanından L=0,1-0,3 p/m məsafədən Birliyə məxsus diametri 76 mm-lik aşağı təzyiqli yerüstü dayaqlar üzərində 2012-ci ildə istismara verilmiş qaz xətti keçir. Bununla bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 21 iyun tarixli 103 nömrəli qərarı ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”na əsasən: 3.2. Şəhər, qəsəbə və kənd yaşayış məntəqələrinin ərazisindəki, həmçinin sənaye, kənd təsərrüfatı, kommunal və məişət istehlakçılarının qaz kəmərləri, nəql edilən qazın təzyiqindən asılı olaraq: aşağı təzyiqli (0,05 kqq/sm2-ə, yaxud 500 daPa qədər), orta təzyiqli (0,05-dən 3 kqq/sm2-ə qədər, yaxud 500 daPa-dan 0,3 Pa-ya qədər) və yüksək təzyiqli (3 kqq/sm2-dən, yaxud 0,3 Pa-dan artıq) qaz kəmərlərinə ayrılır. 3.4. Şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin ərazisində qaz kəmərləri, bir qayda olaraq, torpağa basdırılır, sənaye və kommunal müəssisələri ərazisində isə yerin üstü ilə çəkilir. Məhəllələrarası (həyətlərarası) qaz kəmərlərinin çəkilməsi həm yeraltı, həm də yerüstü aparıla bilər (dayaqlar üzəri ilə, yaxud yaşayış və ictimai binaların xarici divar boyu ilə). 3.41. Qaz kəməri ilə onun çəkildiyi divar arasındakı məsafə elə olmalıdır ki, qaz kəmərinə və onun üzərində quraşdırılan avadanlığa nəzarət etmək mümkün olsun və təmir işləri aparmağa imkan olsun. İstinad olunan normalardan görünür ki, qanunverici qaz kəmərlərinin yaşayış binalarının xarici divar boyu ilə aparılmasını qadağan etməmiş, əksinə bunu mümkün hesab etmiş, bu zaman yeganə tələb kimi quraşdırılan avadanlığa nəzarət etmək və təmir işləri aparmaq üçün məsafə saxlanılmasını müəyyən etmişdir. Həmçinin Qaydalarda yalnız boru kəmərləri və qazdoldurma stansiyalarına münasibətdə mühafizə zonası müəyyən edilmişdir. İşdən iddiaçının istifadəsinə olan torpaq sahəsinin boru kəmərləri və qazdoldurma stansiyalarının mühafizə zonasında yerləşməsi müəyyən olunmur. Belə olan halda isə, məhkəmə hesab edir ki, cavabdehin bu dəlili əsassız olmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının 9 fevral 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2016-cı il tarixli Qərarında “Daşınmaz əmlakın dövlət reyestri haqqında” AR Qanununun 10.2-ci maddəsi şərh edilərək, göstərilmişdir ki, “… Qanunun 10.2.1-ci maddəsində vurğulanır ki, hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinin olması kifayətdir. Bu normanın mətninə və məzmununa görə, Qanunun 8-ci maddəsində təsbit olunmuş əsaslardan (sənədlərdən) hər hansı biri təqdim olunduqda, qeydiyyat orqanı əlavə olaraq digər əsaslardan (sənədlərdən) başqasının da təqdim olunmasını tələb etməyə haqlı deyil.” Göründüyü kimi, qanunvericiliyin tələbi ondan ibarətdir ki, daşınmaz əmlakla bağlı mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması üçün normativ-hüquqi aktlarla nəzərdə tutulan əsaslardan biri qeydiyyat orqanına mütləq təqdim olunmalıdır. İşin yuxarıda istinad olunan hallarından isə müəyyən olunur ki, iddiaçı bu əsası cavabdehə təqdim etmişdir. Beləliklə, göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddiaçı qüvvədə olan etibarlı hüquqmüəyyənedici sənədləri təqdim etməklə istifadəsində olan bağ sahəsinə mülkiyyət hüququnun qeydə alınmasını tələb etməkdə haqlı, cavabdeh isə bu hüququn qeydə alınmasından imtina etməkdə haqsız olmuşdur. Buna görə də iddia təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq,
qərara aldı:
İddia təmin olunsun. Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsində yerləşən 1030 kv.metr sahəsi olan 233a saylı bağ sahəsinə dair İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə ona dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Səlma Qənbərova