Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-10486/2025 17.09.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı üçüncü şəxs – Bakı şəhər Mənzil-Kommunal Təsərrüaftı Departamenti “mənzilə mülkiyyət hüququnun ölmüş şəxsə məxsus olması barədə arayışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, Həsənov İlkin Mürşüd oğlunun katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (Bakı şəhər Mənzil-Kommunal Təsərrüaftı Departamenti üçüncü şəxs qismində cəlb edilməklə) “mənzilə mülkiyyət qeydə alıması vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 17 sentyabr 2025-ci il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: "xxxx" ASC tərəfindən tərtib edilmiş, xx.xx.2002-ci il tarixli, 52 saylı Orderə əsasən N.Hacıyev küçəsi ünvanında yerləşən Səttərxan adına zavoda məxsus yataqxananın iki otaqdan ibarət olan, sahəsi 32,0 kv.m. olan 33-34 nömrəli mənzil Səttarxan adına zavodda fəhlə vəzifəsində işləyən X3 verilmişdir. (Əsas: Zavod rəhbərliyi ilə zavod HİK-nin birgə iclasının xx.xx.2002-ci il tarixli, 9 saylı protokolu) Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bakı şəhər 9 saylı Notariat Ofisinin xx.xx.2024-cü il tarixli, 3323 nömrəli məktubda qeyd edilmişdir ki, xx.xx.1951-ci il təvəllüdlü, xx.xx.2024-cü ildə vəfat etmiş, ünvan 1 ünvanında qeydiyyatda olmuş X2 verəsəlik işi ilə əlaqədar olaraq müraciət etmiş vərəsələrinin dairəsi müəyyən edilmişdir. Vərəsəsi: oğlu – İddiaçıdur (bundan sonra – iddiaçı). Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bakı şəhər 9 saylı Notariat Ofisi tərəfindən Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə ünvanlanmış xx.xx.2024-cü il tarixli, 2638 nömrəli məktubda bildirilmişdir ki, vərəsə İddiaçı, Bakı şəhəri 9 saylı notariat ofisinə müraciət edərək, xx.xx.2024-cü ildə vəfat etmiş, ünvan 3 ünvanda qeydiyyatda olmuş, xx.xx.1951-ci il təvəllüdlü X1 (FİN 335UBAG) miras qalmış əmlaka (Bakı şəhəri, N.Hacıyev küçəsi 6, m. №33-34) vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmişdir. Miras əmlakın üzərində (ünvan 4 ünvanında yerləşən əmlaka, miras qoyan xx.xx.2024-cü ildə vəfat etmiş, ünvan 5 ünvanda qeydiyyatda olmuş, xx.xx.1951-ci il təvəllüdlü X2 hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmadığından, “Daşınmaz əmlakın dövlət reyestri haqqında5' Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsinə və “Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmağına (yüklülüyünə) dair dövlət reyestrindən arayışın verilməsi haqqında” Təlimatın 7-ci bəndinə uyğun olaraq miras əmlak üzərində miras qoyanın adına tərtib edilmiş arayışı (forma 37), sorğunu təqdim edən vərəsə- İddiaçı vasitəsi ilə verilməsini təmin etməyinizi xahiş edilmişdir. İddiaçı xx.xx.2024-cü il tarixdə ünvan 6 saylı evin, 34-35 saylı mənzil üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ərizə ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra – cavabdeh) müraciət etmişdir. Cavabdeh xx.xx.2024-cü tarixli məktubla iddiaçının müraciətini təmin etməyərək bildirmişdir ki, “...mərhumun vərəsələrindən birinin Bakı şəhəri, Nənmanov rayonu, Nazim Hacıyev küçəsi 6 saylı evin. 33-34 saylı mənzilinin kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışı (2 №-li forma), razılıq ərizələri və mənzilə dair kirayə müqaviləsinin bağlanması haqqında müvafiq icra hakimiyyəti orqanının sərəncamı ilə (qeyd olunan mənzildə yaşayış yeri üzrə qeydiyyatda olmaq şərti ilə) “ASAN xidmət" mərkəzlərinə müraciət edəcəyi təqdirdə ərizədə qeyd olunan məsələyə qanunamüvafiq qaydada baxılacaqdır. “Mənzil fondunun özəlləşdirilməsi haqqında" Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən vətəndaş yaşadığı mənzili (evi) özəlləşdirmək barədə müvafiq icra hakimiyyəti orqanına verdiyi ərizəyə mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin ərizəsi; mənzilə (evə) hüququ olan şəxslər və mənzilin (evin) kommunal-məışət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışı (2 №-li forma); mənzil sahəsinə dair order və ya mənzil kirayə müqaviləsi, yaxud onun verilməsinə dair sərəncam əlavə edilməlidir”. İddia tələbi, iddiaçının əsaslandırması, cavabdehin etirazları və digər prosessual hərəkətlər: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 6 ünvanında yerləşən 33-34 saylı mənzilə X2 adına mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrindən arayışın (çıxarışın) verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşin yuxarıda sadalanan hallarına istinad edilərək iddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 7 ünvanında yerləşən 33-34 saylı mənzil şəxsi ülkiyyət olaraq 23 may 2002-ci il tarixli Orderə əsasən X3 verilmişdir. İddiaçının anası həmin mənzildə eydiyyatda olmaqla, daimi olaraq həmin mənzildə oğlu ilə birlikdə yaşamış, lakin mənzilə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almadan xx.xx.2024-cü ildə vəfat etmişdir. Daha sonra Bakı şəhəri 9 saylı Notariat Ofisində vərəsəlik işi açılmış və İddiaçı vərəsə kimi tanınmışdır. Notariat fisinin müvafiq məktubu və digər hüquqmüəyyənedici sənədlər əsasında vərəsə İddiaçı cavabdeh orqana müraciət etmişdir. Cavabdeh inzibati orqanın imtinası əsassız və qanunsuzdur. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” zərbaycan Respublikası Qanununun 8.0.11-ci maddəsinin məzmununa əsasən müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya ənzil kirayə müqaviləsindən hər hansı birinin olması mülkiyyət hüquqlarının qeydiyyatı üçün əsasdır. Maddənin də məzmunundan göründüyü mi qeyd olunan əsasların hər birinin eyni anda olması deyil, hər hansı birinin olması hüquqların qeydiyyatı üçün əsasdır. Həmçinin, həmin mənzildə qeydiyyatda heç kim yoxdur. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanunun 8-ci maddəsinin tələbinə əsasən vətəndaş yaşadığı ənzili özəlləşdirmək barədə müvafiq icra hakimiyyəti orqanına verdiyi ərizəyə mənzil sahəsinin orderi və ya mənzil kirayə müqaviləsi, yaxud onun verilməsinə dair sərəncam əlavə etməlidir. Əlavə olaraq həmin binada yerləşən mənzillərin böyük əksəriyyəti eyni hüquqmüəyyənedici sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Cavabdeh iddiaya yazılı etiraz təqdim edərək iddia tələbinin mümkün sayılmaması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Etiraz imtina məktubu ilə eyni məzmunludur. İddiaçının imtina məktubuna qeyd olunan sənədlərin təqdim olunmamasına görə, iddianın mümkün sayılmaması xahiş edilir. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və iddiaçının vəkili iddia tələbini müdafiə edərək və iddia ərizəsində göstərilənləri təsdiqləyərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdilər. Cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və səbəbləri barədə məhkəməyə hər hansı məlumat verilməmişdir. Üçüncü şəxs məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və səbəbləri barədə məhkəməyə hər hansı məlumat daxil olmamışdır. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərinə əsasən işə cavabdehin və üçüncü şəxsin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımi qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu iddiaçının müraciətinə cavab vermədiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Məhkəmə cavabdehin iddia tələbinin mümkün sayılmaması barədə vəsatəti ilə bağlı qeyd edir ki, cavabdeh iddiaçıdan imtina məktubunda göstərilən sənədlər tələb edir. İddiaçı isə heasb edir ki, mənzilə dair təqdim etdiyi order hüququn qeydə alınması üçün əsasdır və cavabdehin hərəkətsizliyui ilə onun hüququ pozulur.. Ona görə, məhkəmə cavabdehin vəsatətini əsassız hesab edir və mahiyyəti üzrə imtina kimi qiymətləndirir. Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: İşin hallarına əsasən "xxxx" ASC-nin xx.xx.2002-ci il tarixli, 52 saylı Orderə ilə, Zavod rəhbərliyi ilə zavod HJK-nin birgə iclasının xx.xx.2002-ci il tarixli, 9 saylı protokolu əsasında N.Hacıyev küçəsi ünvanında yerləşən Səttərxan adına zavoda məxsus yataqxananın iki otaqdan ibarət olan, sahəsi 32,0 kv.m. olan 33-34 nömrəli mənzillər Səttarxan adına zavodda fəhlə vəzifəsində işləyən X3 verilmişdir. X4 xx.xx.2024-cü il tarixdə ölmüşdür. İddiaçı X2 vərəsəsi hesab edilmişdir. İddiaçının hazırkı iddianı qaldırmaqda hüquqi marağı Bakı şəhəri, ünvan 6 saylı evin, 34-35 saylı mənzil üzərində hüququn anasına məxsus olmasına dair arayışın verilməsinə yönəlmişdir. Cavabdeh mərhumun vərəsələrindən birinin Bakı şəhəri, Nənmanov rayonu, Nazim Hacıyev küçəsi 6 saylı evin. 33-34 saylı mənzilinin kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışı (2 №-li forma), razılıq ərizələri və mənzilə dair kirayə müqaviləsinin bağlanması haqqında müvafiq icra hakimiyyəti orqanının sərəncamı ilə (qeyd olunan mənzildə yaşayış yeri üzrə qeydiyyatda olmaq şərti ilə) “ASAN xidmət" mərkəzlərinə müraciət edəcəyi təqdirdə ərizədə qeyd olunan məsələyə qanunamüvafiq qaydada baxılacağını bildirmişdir. Məhkəmə iddia tələbini əsassız, cavabdehin imtinasını isə əsaslı hesab edir. İddiaçı hüquqmüəyyənedici sənəd kimi "xxxx" ASC tərəfindən tərtib edilmiş, xx.xx.2002-ci il tarixli, 52 saylı Orderin surətini təqdim etmişdir. Həmin Orderdə qeyd edilmişdir ki, N.Hacıyev küçəsi ünvanında yerləşən Səttərxan adına zavoda məxsus yataqxananın iki otaqdan ibarət olan, sahəsi 32,0 kv.m. olan 33-34 nömrəli mənzillər Səttarxan adına zavodda fəhlə vəzifəsində işləyən X3 verilmişdir. Məhkəmə tərəfindən həmin mənzilin hansı növ mənzil fonduna (xüsusi, dövlət və ya bələdiyyə mənzil fonduna) aid olması, kimin balansında olması barədə; həmin mənzilin xüsusi təyinatlı (xidməti) mənzil olub-olmaması; həmin mənzildə faktiki yaşayan və qeydiyyatda olan şəxslər barədə (tarixləri göstərilməklə); mənzilə dair bütün hüquqmüəyyənedici və texniki sənədlərin təsdiq edilmiş surətinin: mənzilin arxiv sənədlərində məktuba əlavə edilmiş "xxxx" ASC-nin xx.xx.2002-ci il tarixli, 52 saylı orderinin olub-olmaması barədə məlumatların məhkəməyə təqdim edilməsi üçün xx.xx.2025-ci il tarixdə Bakı şəhər Mənzil Kommunal Təsərrüfatı Departamentinə; 3 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliynə; Daxili İşlər Nazirliyi Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinə, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə, Dövlət Arxivinin Bakı Filialına, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinə və cavabdehə müvafiq sorğular göndərilmişdir. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialı tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, "xxxx" ASC-nin arxiv sənədləri Dövlət Arxivinin Bakı filialına təhvil verilməmişdir. Məhkəmə sorğusu əsasında Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Mirqasiya İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubda bildirilmişdir ki, qeyd edilən ünvan 9 ünvanında qeydiyyatda olan şəxslər barədə məlumat aşkar edilməmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli məktuba əlavə edilmiş sözügedən ünvanda yerləşən binaya dair dövlət əmlakın Registrində qeydiyyata alınmış məlumatlarlardan müəyyən edilir ki, sözügedən binanın balanssaxlayıcısı Bakı şəhər Mənzil-Kommunal Təsərrüaftı Departamentidir. Cavabdeh tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli məktuba əsasən, sözügedən ünvanda yerləşən mübahisə predmeti olan mənzillərin qeydiyyat keçməsi ilə bağlı məlumat aşkar edilməmişdir. Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti 2 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubda qeyd edilmişdir ki, Nərimanov rayonu, Nazim Hacıyev küçəsi, ev 6, mənzil 33-34 saylı mənzil 2 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin balansındadır, dövlət mülkiyyətinə aiddir, xidməti mənzil deyil. Həmin mənzil balansa verilən zaman mənzilə aid hüquqverici heç bir sənəd təhvil verilməmişdir. Mənzilin bir otağında X4 yaşamışdır və mənzil qəzalı olduğu üçün başqa yerə köçürülmüşdür. Digər 2-ci otaqda isə Zəngilan rayonundan olan məcburi köçkün X7 5 nəfər ailə üzvləri ilə məskunlaşmışlar. X4 1996-cı ildən pasport qeydiyyatında olub və xx.xx.2024-cü ildə vəfat etmişdir. Hal-hazırda mənzildə qeydiyyatda heç kim yoxdur. İddiaçı mənzil növbəsində olması barədə heç bir məlumat yoxdur. İddiaçı və X4 ilə kirayə müqaviləsi bağlanması üçün sərəncam verilməmişdir. Məhkəmə qeyd edir ki, mübahisə predmetinin təşkil edən mənzil iddiaçının anasına mənzil zavodun işçisi kimi verilmiş və yataqxana təyinatlı olmuşdur. Həmçinin işin mübahisələndirilməyən halıdır ki, mənzilin yerəşdiyi binanın hazırkı balanssaxlayıcısı ilə iddiaçı (və ya anası) arasında mənzilin daimi olaraq verilməsi barədə mənzil kirayə müqaviləsinin bağlanmasına dair Sərəncam verilməmişdir. Məhkəmə qeyd edir ki, yataqxana tipli mənzillər təhsil, iş müddəti üçün müəvvəqqəti olaraq verilir. Oxşar hüquqi mövqe Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-1265/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarında da qeyd edilmişdir. Qərarda məhkəmə kollegiyası qeyd etmişdir ki, “kassasiya şikayətinin dəlillərindən aydın olur ki, iddiaçının hüquqi marağı orderlə istifadəsinə verilmiş yataqxanaya aid mənzilə kirayə müqaviləsinin bağlanmasına nail olmaqdan ibarətdir. Yataqxana əvvəllər "xxxx" ASC-nin balansında olmuşdur. 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olan Mənzil Məcəlləsinin 106-cı maddəsinə əsasən fəhlələrin, qulluqçuların, tələbələrin, məktəblilərin, habelə digər vətəndaşların iş və ya təhsil dövründə yaşaması üçün yataqxanalardan istifadə edilə bilər. Eyni zamanda həmin Məcəllənin 107-ci maddəsinə əsasən yataqxanada mənzil sahəsi fəhlələrə, qulluqçulara, tələbələrə, məktəblilərə və başqa vətəndaşlara iş və ya təhsil dövründə, yataqxanalar üçün müəyyən olunmuş normaya əməl edilməklə müəssisə, idarə, təşkilat müdiriyyətinin, həmkarlar ittifaqı komitəsinin və komsomol komitəsinin birgə qərarı ilə verilir. Bu müddəa hazırda qüvvədə olan Mənzil Məcəllənin 93-cü maddəsində də əksini tapmışdır. Normaların mənasından görünür ki, yataqxanalar fəhlələrə, qulluqçulara və başqa vətəndaşlara iş və ya təhsil dövründə verilir. Bundan əlavə, Mənzil Məcəlləsinin 104.2-ci maddəsinə əsasən yataqxanalarda yaşayış sahəsinin kirayə müqaviləsi əmək münasibətləri, xidmət keçdiyi və ya təhsil aldığı müddətləri əhatə edir. Əmək münasibətlərinin, təhsilin xitamı, habelə xidmətkeçmədən azad edilmə yataqxanalarda yaşayış sahəsinin kirayə müqaviləsinə xitam verilməsi üçün əsasdır. Məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarına əlavə edilmiş iddiaçıya məxsus əmək kitabçasının surətindən görünür ki, iddiaçı 21 fevral 2005-ci il tarixdə ona mənzil ayıran "xxxx" ASC-dən öz xahişi ilə işdən çıxmışdır və həmin vaxtdan iddiaçının "xxxx" ASC ilə əmək müqaviləsi mövcud olmamışdır. Başqa sözlə yataqxanaya aid mənzilə kirayə müqaviləsi əmək münasibətlərində olan dövrü əhatə etdiyinə görə işçinin işdən çıxması onun həmin mənzilə kirayə müqaviləsini bağlanmasını mümkün etmir. Məhkəmə kollegiyası onu da nəzərə alır ki, iddiaçının kirayə müqaviləsi bağlamaq istədiyi yataqxana 2009-cu ildən cavabdehin balansındadır və iddiaçı 2009-cu ildən həm cavabdehlə əmək münasibətlərində olmamış, həm də ötən müddət ərzində iddiaçının adına mənzilə şəxsi hesab vərəqi tərtib edilməmişdir”. Göründüyü kimi, oxşar mübahisə ilə bağlı Ali Məhkəmənin hüquqi mövqeyi mövcuddur. İddiaçının istinad etdiyi orderin surətində, hər-hansı müvafiq İcra Hakimiyyəti orqanın qərarına, sərəncamına istinad edilməmiş, mənzilin ayrılması yerli icra hakimyyəti orqanı tərəfindən təsdiq edilməmişdir. Həmçinin iddiaçı sözügedən mənzildə qeydiyyatda olmamaqla, yaşamır və mənzil onun istifadəsində deyil. 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olan Mənzil Məcəlləsi: Maddə 4. Mənzil fondu Mənzil fondunu Azərbaycan SSR ərazisində olan yaşayış evləri, habelə başqa tikililərdəki yaşayış sahələri təşkil edir. Mənzil fonduna aşağıdakılar daxildir: dövlətə məxsus yaşayış evləri və başqa tikililərdəki yaşayış sahələri (dövlət mənzil fondu); kolxozlara və başqa kooperativ təşkilatlarına, onların birliklərinə, həmkarlar ittifaqı təşkilatlarına və digər ictimai təşkilatlara məxsus yaşayış evləri və başqa tikililərdəki yaşayış sahələri (ictimai mənzil fondu); mənzil-tikinti kooperativlərinə məxsus yaşayış evləri (mənzil-tikinti kooperativləri fondu); vətəndaşların xüsusi mülkiyyətində olan yaşayış evləri və mənzilləri (fərdi mənzil fondu). Dövlət-kolxoz və başqa dövlət-kooperativ birliklərinə, müəssisələrinə və təşkilatlarına məxsus yaşayış evləri də mənzil fonduna daxil edilir. İctimai mənzil fondu üçün müəyyən olunmuş qaydalar SSR İttifaqının və müttəfiq respublikaların mənzil qanunvericiliyi Əsaslarına uyğun surətdə bu evlərə tətbiq edilir. Yaşayış evlərində ticarət, məişət ehtiyacları və qeyri-sənaye xarakterli digər ehtiyaclar üçün nəzərdə tutulan qeyriyaşayış sahələri mənzil fonduna daxil deyildir. Maddə 5. Dövlət mənzil fondu Dövlət mənzil fondu yerli xalq deputatları Sovetlərinin (yerli Sovetlərin mənzil fondu) və nazirliklərin, dövlət komitələrinin və baş idarələrin (idarə mənzil fondu) ixtiyarındadır. SSR İttifaqının və müttəfiq respublikaların mənzil qanunvericiliyi Əsaslarına uyğun olaraq şəhərlərdə və şəhər tipli qəsəbələrdə idarə mənzil fondunun evləri SSRİ Nazirlər Sovetinin və Azərbaycan SSR Nazirlər Sovetinin müəyyən etdikləri qaydada və müddətlərdə tədricən yerli xalq deputatları Sovetlərinin ixtiyarına verilməlidir. Maddə 10. Vətəndaşların mənzil hüquqları və vəzifələri Azərbaycan SSR vətəndaşları müəyyən edilmiş qaydada dövlət və ya ictimai mənzil fondu evlərində yaxud mənzil-tikinti kooperativləri evlərində yaşayış sahəsi almaq hüququna malikdirlər. Vətəndaşlara dövlət və ictimai mənzil fondu evlərində, habelə mənzil-tikinti kooperativləri evlərində yaşayış sahələri müddətsiz istifadə üçün verilir. Maddə 45. İdarə mənzil fondu evlərində yaşayış sahəsi verilməsi qaydası İdarə mənzil fondu evlərində yaşayış sahəsi vətəndaşlara müəssisənin, idarənin, təşkilatın müdiriyyətinin və həmkarlar ittifaqı komitəsinin rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Sovetinin icraiyyə komitəsi tərəfindən təsdiq edilmiş birgə qərarı üzrə, SSRİ Nazirlər Sovetinin nəzərdə tutduğu hallarda isə müəssisənin, idarənin, təşkilatın müdiriyyətinin və həmkarlar ittifaqı komitəsinin birgə qərarı üzrə verilir və köçürülmək üçün yaşayış sahəsi verilməsi haqqında sonra müvafiq xalq deputatları Sovetinin icraiyyə komitəsinə məlumat verilir. Maddə 51. Yaşayış sahəsini icarə müqaviləsi. Yaşayış sahəsini icarə müqaviləsinin bağlanması Dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsini icarə müqaviləsi yaşayış sahəsi orderi əsasında kirayədarla—mənzil-istismar təşkilatı (belə təşkilat olmadıqda isə müvafiq müəssisə, idarə, təşkilat) ilə icarədar — adına order verilmiş vətəndaş arasında yazılı şəkildə bağlanır. Dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsindən yaşayış sahəsini icarə müqaviləsinə uyğun olaraq istifadə edilir. Yaşayış sahəsini birtipli icarə müqaviləsini, yaşayış sahəsindən istifadə, yaşayış evini və evyanı ərazini saxlamaq qaydalarını Azərbaycan SSR Nazirlər Soveti təsdiq edir. Yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn münasibətlərə müvafiq hallarda SSR İttifaqının və Azərbaycan SSR-in mülki qanunvericiliyi qaydaları da tətbiq edilir. Maddə 106. Yataqxanalar Fəhlələrin, qulluqçuların, tələbələrin, məktəblilərin, habelə digər vətəndaşların iş və ya təhsil dövründə yaşaması üçün yataqxanalardan istifadə edilə bilər. Yataqxanalar xüsusi tikilmiş və ya həmin məqsədlər üçün yenidən qurulmuş yaşayış evlərində yerləşdirilir. Yataqxanalar orada qalan vətəndaşların yaşaması, məşğul olması və istirahəti üçün lazım olan mebellə, digər ev müxəlləfatı və mədəni-məişət predmetləri ilə komplektləşdirilir. SSR İttifaqı qanunvericiliyinə uyğun olaraq yataqxanalar haqqında nümunəvi əsasnaməni müvafiq həmkarlar ittifaqı və komsomol orqanları ilə razılaşdırmaqla Azərbaycan SSR Nazirlər Soveti, SSRİ nazirlikləri, dövlət komitələri və baş idarələri təsdiq edirlər. Maddə 107. Yataqxanalarda mənzil sahəsi verilməsi və ondan istifadə qaydası Yataqxanalarda mənzil sahəsi verilməsi və ondan istifadə qaydası SSR İttifaqı qanunvericiliyi, bu Məcəllə və Azərbaycan SSR-in digər qanunvericiliyi ilə müəyyən edilir. Yataqxanada mənzil sahəsi fəhlələrə, qulluqçulara, tələbələrə, məktəblilərə və başqa vətəndaşlara iş və ya təhsil dövründə, yataqxanalar üçün müəyyən olunmuş normaya əməl edilməklə müəssisə, idarə, təşkilat müdiriyyətinin, həmkarlar ittifaqı komitəsinin və komsomol komitəsinin birgə qərarı ilə verilir. Ətrafdakıları vərəmlə yoluxdurmaq təhlükəsi olan xəstələri yataqxanalarda yerləşdirmək qadağandır. Mənzil sahəsi verilməsi haqqında qərar əsasında yataqxanada mənzil sahəsini tutmaq üçün müdiriyyət tərəfindən. order verilir. Yataqxanada mənzil sahəsi tutmaq üçün order formasını Azərbaycan SSR Nazirlər Soveti müəyyən edir. Müddətli hərbi xidmətə. çağırılmaqla əlaqədar yataqxanadan getmiş şəxslər hərbi xidmətini başa vurduqdan sonra həmin müəssisəyə, idarəyə, təşkilata və ya məktəbə qayıtdıqda, yataqxanada onlara yenə də mənzil sahəsi verilməlidir. Maddə 108. Yataqxanalardan çıxarma İşi dayandırmış mövsümi, müvəqqəti işçilər və müddətli əmək müqaviləsi əsasında işləmiş şəxslər, habelə məktəblərdə oxumuş və oradan getmiş şəxslər iş və ya təhsil ilə əlaqədar yer aldıqları yataqxanadan digər yaşayış sahəsi verilmədən çıxarılmalıdırlar. Müəssisələrin, idarələrin, təşkilatların işlə əlaqədar olaraq yataqxanada yer almış başqa işçiləri üzürlü səbəblər olmadan öz arzusu ilə, əmək intizamını pozduğuna və ya cinayət etdiyinə görə işdən çıxarıldıqda digər yaşayış sahəsi verilmədən çıxarıla bilərlər. Başqa əsaslara görə işi dayandırmış şəxslər, habelə bu Məcəllənin 105-ci maddəsində göstərilən şəxslər yalnız digər yaşayış sahəsi verilməklə çıxarıla bilərlər. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi (hal hazırda qüvvədə olan) Maddə 91. Xüsusi təyinatlı mənzil fondunun yaşayış sahələrinin növləri 91.1. Xüsusi təyinatlı mənzil fondunun yaşayış sahələrinə (bundan sonra – xüsusi təyinatlı yaşayış sahələri) aşağıdakılar aiddir: 91.1.1. xidməti yaşayış sahələri; 91.1.2. yataqxanalarda yaşayış sahələri; 91.1.3. manevr fondu yaşayış sahələri; 91.1.4. əhaliyə sosial xidmət sisteminə daxil olan binalarda yaşayış sahələri; 91.1.5. məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri; 91.1.6. qaçqın statusuna malik olan şəxslərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri; 91.1.7. ayrı-ayrı kateqoriyalardan olan vətəndaşların sosial müdafiəsi üçün yaşayış sahələri. 91.2. Xüsusi təyinatlı yaşayış sahələri qismində dövlət və bələdiyyə mənzil fondunun yaşayış sahələri istifadə edilir. Yaşayış sahəsinin xüsusi təyinatlı yaşayış sahəsi qismində istifadəsinə yalnız həmin sahə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qayda və tələblərə riayət etməklə xüsusi təyinatlı mənzil fonduna aid edildikdən sonra yol verilir. Yaşayış sahəsinin xüsusi təyinatlı yaşayış sahələrinin növlərindən birinə aid edilməklə xüsusi təyinatlı mənzil fonduna daxil edilməsi və ondan çıxarılması dövlət və ya bələdiyyə mənzil fondunun idarəetməsini həyata keçirən orqanın qərarı əsasında həyata keçirilir. 91.3. Xüsusi təyinatlı yaşayış sahələri özgəninkiləşdirilə, icarəyə və kirayəyə verilə bilməz. Maddə 93. Yataqxanalarda yaşayış sahələrinin təyinatı 93.1. Yataqxanalarda yaşayış sahələri vətəndaşların işlədiyi, xidmət keçdiyi və təhsil aldığı müddət ərzində yaşaması üçün nəzərdə tutulur. 93.2. Yataqxanalar bu məqsədlər üçün xüsusi olaraq inşa edilmiş və yenidən təchiz edilmiş binalar və ya onların hissələrində yerləşir. 93.3. Yataqxanalarda yaşayış sahələri mebel ilə və vətəndaşların orada yaşaması üçün zəruri olan digər əşyalarla təmin edilir. Maddə 98. Xüsusi təyinatlı yaşayış sahələrinin verilməsi üçün əsaslar 98.1. Ayrı-ayrı kateqoriyalardan olan vətəndaşların sosial müdafiəsi üçün əvəzsiz istifadə müqavilələri əsasında verilən yaşayış sahələri istisna olmaqla, xüsusi təyinatlı yaşayış sahələri onların mülkiyyətçilərinin (mülkiyyətçilərin adından çıxış edən səlahiyyətli dövlət orqanı və ya bələdiyyələrin) və ya onların səlahiyyətli şəxslərinin qərarları ilə xüsusi təyinatlı yaşayış sahələrinin kirayə müqavilələri əsasında verilir. 98.2. Xüsusi təyinatlı yaşayış sahələri bu Məcəllədə müəyyən edilmiş əsaslarla müvafiq yaşayış məntəqəsində yaşayış sahəsi ilə təmin olunmayan vətəndaşlara verilir. Maddə 99. Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi 99.1. Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə görə bir tərəf xüsusi təyinatlı yaşayış sahəsinin mülkiyyətçisi (mülkiyyətçinin adından çıxış edən səlahiyyətli dövlət və ya bələdiyyə orqanı) və ya onun səlahiyyətli şəxsi (kirayəyə verən) həmin yaşayış sahəsini haqqı ödənilməklə müvəqqəti yaşamaq üçün digər tərəfə - vətəndaşın (kirayəçinin) sahibliyinə və istifadəsinə verir. 99.2. Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi həmin sahənin verilməsi haqqında qərar əsasında bağlanılır. Maddə 104. Yataqxanalarda yaşayış sahələrinin verilməsi 104.1. Yataqxanalarda yaşayış sahələri adambaşına düşən yaşayış sahəsinin altı kvadratmetrdən az olmaması şərti ilə verilir. 04.2. Yataqxanalarda yaşayış sahəsinin kirayə müqaviləsi əmək münasibətləri, xidmət keçdiyi və ya təhsil aldığı müddətləri əhatə edir. Əmək münasibətlərinin, təhsilin xitamı, habelə xidmətkeçmədən azad edilmə yataqxanalarda yaşayış sahəsinin kirayə müqaviləsinə xitam verilməsi üçün əsasdır. Məhkəmə iddiaçının iddia tələbində qeyd etdiyi eyni hüquqmüəyyənedici sənədlər əsasında hüquqların qeydə alınması ilə bağlı dəlili ilə razılaşmayarq qeyd edir ki, X8 və X5 hüquqları hüquqmüəyyənedici sənəd qismində yalnız mənzilə dair zavod tərəfindən verilmiş orderə deyil, həmçinin Nərmanov rayon İcra Hakimiyyəti başçısının xx.xx.2000-ci il tarixli, 58 nömrəli Sərənamına istinad edilmişdir. Məhkəmə, yuxarıda sadalanan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, cavabdehin imtinası əsaslı və qanunvericiliyin yuxarıda göstərilmiş tələblərinə uyğundur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8.0. və 8.1.11-ci maddələrinə əsasasən, Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi daşınmaz əmlak üzərinə hüquqların qeydə alımnası üçün əsasdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: 15.1-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; İPM-in: 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia rədd edilsin. Qərardan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı m0əhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Bəhlul Cəlalov
Məhkəmə qərarları › İş №e-2-1(112)-10486/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-10486/2025
17.09.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver