Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-10498/2025 12.02.2026 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə qarşı Bakı şəhəri Səbail rayonu Səbail Bələdiyyəsi zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmaqla “hüquqların Daşınmaz əmlakın Dövlət reyestrində qeydiyyata alınması və çıxarışın verilməsi” tələbinə dair GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə qarşı Bakı şəhəri Səbail rayonu Səbail Bələdiyyəsi zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmaqla “hüquqların Daşınmaz əmlakın Dövlət reyestrində qeydiyyata alınması və çıxarışın verilməsi” haqqında iddia tələbi üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, Təbriz küçəsi 29) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi 32 ünvanında yerləşən 1200 kv. m. torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, bu barədə İddiaçı adına çıxarış və torpaq sahəsinin planı və ölçüsünün verilməsi öhdəliyinin DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhər Səbail rayonu, Səbail Bələdiyyəsinin xx.xx.2003-cü il tarixli, № 680 nömrəli sərəncamı ilə Səbail rayonu, Salyan şossesi 32 ünvanında yerləşən 1200 kv. m torpaq sahəsi alqı-satqı yolu ilə vətəndaş İddiaçı (bundan sonra iddiaçı) mülkiyyətinə verilmişdir. Həmin qərarın icrası məqsədi ilə “Torpaqların alqı-satqısına dair akt” tərtib edilmiş, torpağın dəyəri ödənilmiş, bələdiyyə və iddiaçı tərəfindən imzalanmışdır. Həmçinin Səbail bələdiyyəsi tərəfindən sərəncamla ayrılmış torpaq sahəsinin yerləşmə cizgisi tərtib edilmiş, torpaq sahəsi təhvil verilmiş, hazırda iddiaçının istifadəsindədir. Qeyd edilən torpaq sahəsinin üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə xx.xx.2025ci il tarixində müraciət etmişdir. 1 saylı Bakı Ərazi İdarəsi (bundan sonra cavabdeh) xx.xx.2025-ci il tarixli, № 3-21-3-30/2-B-0208/8/2025, **********62 saylı məktubu ilə daşınmaz əmlak üzərində hüquqlarının dövlət qeydiyyatına alınmasından imtina etmiş və imtinada göstərilmişdir ki, “Bakı şəhəri, Səbail rayonu, Salyan şosesi 32 ünvanında yerləşən torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair xx.xx.2025-ci il tarixli, ********** nömrəli müraciətinizə tərəfimizdən baxılmışdır. Müraciətinizlə əlaqədar olaraq bildiririk ki, X1 X3 Bakı şəhərində yerləşən torpaq sahələrinə münasibətdə bələdiyyə mülkiyyətində olan torpaq sahələri barədə məlumat mövcud olmadığından ərizənizin icrası tərəfimizdən mümkün olmamışdır. Bundan əlavə, torpaq sahəsinin yerləşməsini müəyyən etməyə imkan verən sənəddə (yerləşmə cizgisi) bələdiyyənin sərəncamına istinad olunmamışdır”. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra işin hazırlıq icraatına başlanılmış, məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə Bakı şəhəri Səbail Bələdiyyəsi üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmiş və həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin xx.xx.2025-ci il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana və üçüncü şəxs Bakı şəhəri Səbail Bələdiyyəsinə təqdim edilmiş, cavabdehdən və üçüncü şəxs Bakı şəhəri Səbail Bələdiyyəsindən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, həmçinin, tərəflər və üçüncü şəxs işin halları, mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. Məhkəmənin xx.xx.2026-cı il tarixli qərardadı ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi əsl cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi ilə əvəz olunmuşdur xx.xx.2025-ci il tarixdə “Elektron məhkəmə” sistemi vasitə ilə cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin iddia tələbinə dair yazılı münasibəti (etirazı) məhkəməyə təqdim edilmişdir. Üçüncü şəxs Bakı şəhəri Səbail Bələdiyyəsinin iddia tələbinə dair yazılı mülahizəsi məhkəməyə təqdim edilməmişdir. Cavabdeh inzibati orqanın iddia tələbinə dair yazılı mülahizəsi (etirazları): Cavabdeh inzibati orqanın iddia tələbinə dair yazılı etirazı onunla əsaslandırılmışdır ki, İddiaçı Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi 32 ünvanında yerləşən 1200 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, bu barədə çıxarışın və torpaq sahəsinin plan və ölçü sənədinin verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə iddiası etirazla qarşılanır. İddiaçı iddia tələbində qeyd olunanlar ilə bağlı ********** nömrəli ərizə ilə İdarəyə müraciət etmiş ********** xaricolma nömrəli məktubla cavab verilmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, təqdim edilən Səbail rayonu Səbail Bələdiyyəsinin xx.xx.2003-cü il tarixli, 680 nömrəli sərəncamın arxiv arayışı və ya torpaq sahəsinin ayrıldığını təsdiq edən bələdiyyənin məktubu təqdim edilməmişdir. Bundan başqa, torpaq sahəsinin yerləşməsini müəyyən etməyə imkan verən sənəddə (yerləşmə cizgisi) bələdiyyənin sərəncamına istinad olunmamışdır, həmçinin torpaqların alqı-satqısına dair aktda tarix qeyd olunmamışdır. Elektron kadastr məlumatlarına əsasən sərhədləri şərti olaraq göstərilən torpaq sahəsi sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı olmaqla dövlət mülkiyyəti torpağıdır. Həmçinin təqdim olunan cizgidə istinad, istinad məsafələri qeyd edilməmişdir. “Bələdiyyə torpaqlarının idarə edilməsi” haqqında Azərbaycan Respublikası Qanununun 4.0.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və onlar barədə sərəncam verməyin bələdiyyələrin səlahiyyətində olduğu göstərilmişdir Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 22.1-ci maddəsinə əsasən sənaye, rabitə, nəqliyyat, ticarət, ictimai-iaşə və digər istehsal və xidmət obyektlərinin yerləşdirilməsi və fəaliyyəti üçün qanunvericiliklə müəyyən edilmiş qaydada, ayrılan və əldə edilən torpaq sahələri sənaye, nəqliyyat, rabitə və digər təyinatlı torpaqlar sayılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23.1ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Yuxarıda qeyd olunanlara əsasən iddia tələbinin rədd edilməsi xahiş olunmuşdur. Tərəflərin iştirakı və izahatları: Şifahi məhkəmə baxışı iclasının yeri və vaxtı barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar olunmuş cavabdeh və üçüncü şəxs Bakı şəhəri Səbail Bələdiyyəsi nümayəndələrinin məhkəmə iclasında iştirakını təmin etməmiş və gəlmədikləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə İPM-nin 62.3-cü maddəsinə əsasən işə cavabdeh və üçüncü şəxs Bakı şəhəri Səbail Bələdiyyəsinin səlahiyyətli nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı nümayəndəsi və vəkili iddianı müdafiə edərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. ƏSASLANDİRMA HİSSƏSİ İddianın növü və mümkünlüyü. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 may 2014-cü il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri tərəfindən verilən Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış ilə bağlı inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən irəli gələn mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 2.2.3-cü və 34.1-ci maddələrinə əsasən cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb etmək hüququnu müəyyən edən öhdəliyin icrası haqqında iddia üzrə ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə-iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan hərəkətlər nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. Məhkəmə hesab edir ki, iddiaçının hazırki iddianı qaldırmağa subyektiv hüququ vardır. İddianın növü öhdəliyin icrasına dair iddiadır. İddiaçı hazırki tələblə cavabdeh orqana müraciət etmiş, sonuncu tərəfindən müraciəti təmin olunmadığından, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia mümkündür. Faktiki hallar və sübutlar: İş materiallarında olan: Bakı şəhəri Səbail Bələdiyyəsinin “Bələdiyyə mülkiyyətində olan 1200 kv. metr torpaq sahəsinin İddiaçı adına sənədləşdirilməsi haqqında” xx.xx.2003-cü il tarixli 680 №-li sərəncamın surətindən müəyyən olunur ki, Səbail rayonu Salyan şossesi 32 ünvanında yerləşən 1200 kv.m torpaq sahəsinin əlavə olunmuş cizgi əsasında alqı satqı qaydasında vət. İddiaçı adına sənədləşdirilməsi qərara alınmışdır. İddiaçı ilə Bakı şəhəri Səbail Rayonu Səbail Bələdiyyəsi arasında bağlanmış “Torpaqların alqı-satqısına dair” aktın surətindən müəyyən olunur ki, Bakı şəhəri Səbail Bələdiyyəsi tərəfindən bələdiyyə ərazisində 1200 kv. metr torpaq sahəsinin satılması barədə xx.xx.2003-cü il tarixli, 680 saylı qərar qəbul edilmişdir. Bunun müqabilində İddiaçı bələdiyyənin hesabına 4992 manat ödəmişdir (xx.xx.2005-ci il tarixli, Bİİ № 026897 qəbz). İddiaçı Bakı şəhəri Səbail Bələdiyyəsinin xx.xx.2003-cü il tarixli, 680 №-li sərəncamına əsasən ayrılmış 1200 kv. metr torpaq sahəsinin planı Bakı şəhəri Səbail Bələdiyyəsi tərəfindən tərtib və təsdiq olunmuşdur. İddiaçının hazırki tələblə bağlı müraciətinə cavab olaraq DƏDKR 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, **********62 saylı cavab məktubunda göstərilmişdir ki, “... X1 X3 Bakı şəhərində yerləşən torpaq sahəsinə münasibətdə bələdiyyə mülkiyyətində olan torpaq sahələri barədə məlumat mövcud olmadığından ərizənin icrası mümkün olmamışdır. Əlavə olaraq bildirir ki, torpaq sahəsinin yerləşməsini müəyyən etməyə imkan verən sənəddə (yerləşmə cizgisi) bələdiyyənin qərarına istinad olunmamışdır. “Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında” Azərbaycan Respublikası Qanununun 6- cı maddəsinə əsasən dövlət torpaq kadastrının məlumatları dövlət torpaqlarının, bələdiyyələrin və məhkəmələrin qərarları üçün əsasdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15.1.2-ci maddəsinə əsasən (hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun olmaması) hüquqların dövlət qeydiyyatından imtina edilmişdir”. Məhkəmənin müvafiq sorğularına əsasən: Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bələdiyyələrlə İş Baş İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-16-9/2-38163/2025 №-li cavab məktubunda qeyd olunmuşdur ki, Bakı şəhəri Səbail Bələdiyyəsinin xx.xx.2003-cü il tarixli 680 saylı qərarı Bələdiyyələrlə iş baş idarəsində qeydiyyata alınmamışdır. Bakı şəhəri Səbail Bələdiyyəsinin xx.xx.2025-ci il tarixli, 07-61-06-319/2025 №-li cavab məktubunda qeyd olunmuşdur ki, Səbail Bələdiyyəsi tərəfindən 2007-ci ilədək qəbul olunmuş qərarlar və ona əsas olan sənədlərin dövriyyəsinə dair qeydiyyat kitabları, eləcə də həmin dövrə aid olan inzibati aktlar və ona əsas olan icraat materialları (iclas protokolları və s). Bələdiyyənin son 5 il ərzində fəaliyyətdə olan icra orqanına təhvil verilməmişdir. Bələdiyyədə həmin dövrə aid arxiv bazası mövcud olmadığından həmin sənədlərin təqdim edilməsi mümkün deyildir. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin Bakı Filialı xx.xx.2025-ci il tarixli, 3-48-2F/2-1172/2025 №-li cavab məktubunda qeyd olunmuşdur ki, Səbail Bələdiyyəsinin arxiv sənədləri Dövlət Arxivinin Bakı filialına təhvil verilməmişdir. Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-35-1/2- 2061/2025 saylı cavab məktubunda qeyd olunmuşdur ki, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Ərazi Tikinti-Planlaşdırma Mərkəzinin arxivində mövcud olan müvafiq sənədlərə baxış nəticəsində qeyd edilən məsələ ilə bağlı sənəd aşkar edilməmişdir. DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-21-3-30/2- 31328/2025 №-li məktubu ilə bildirilmişdir ki, vahid elektron kadastr baza məlumatlarına əsasən koordinatlarla verilmiş torpaq sahəsi “yaşayış məntəqələrinin torpaqları” kateqoriyasına aid olmaqla dövlət mülkiyyətindədir. DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-21-3-30/2- 31328/2025 №-li məktubu ilə təqdim edilmiş xx.xx.2025-ci il tarixdə tərtib olunmuş “Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktı”nda göstərilmişdir ki, Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi 32 ünvanında yerləşən torpaq sahəsi hüquqmüəyyənedici sənəd üzrə 1200 kv.metr və faktiki olaraq 1200.0 kv.metr təşkil edir. Torpaq sahəsi sərhədləri 4 tərəfdən şərtidir. Torpaq sahəsinin sərhədləri şərtidir. DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-21-3-30/2- 52823/2025 №-li məktubu ilə “Bakı şəhəri, Səbail rayonu, Səbail Bələdiyyəsinin ərazisində 1200 kv.m olan torpaq sahəsinin qonşuluğunda qeydiyyatdan keçmiş torpaq sahələrinə dair” aşağıda qeyd olunan müvafiq sənədlər təqdim edilmişdir. - Bakı şəhəri Səbail Bələdiyyəsinin “Bələdiyyə ərazisində olan 800 kv. metr torpaq sahəsinin X2 adına sənədləşdirilməsi haqqında” xx.xx.2004-cü il tarixli 649 №-li sərəncamın surətindən müəyyən olunur ki, Səbail rayonu Salyan şossesi 32 ünvanında yerləşən 800 kv.m torpaq sahəsinin əlavə olunmuş cizgi əsasında alqı satqı qaydasında vət. X2 adına sənədləşdirilməsi qərara alınmışdır X7 ilə Bakı şəhəri Səbail Rayonu Səbail Bələdiyyəsi arasında bağlanmış “Torpaqların alqı-satqısına dair” aktın surətindən müəyyən olunur ki, Bakı şəhəri Səbail Bələdiyyəsinin tərəfindən bələdiyyə ərazisində 800 kv. metr torpaq sahəsinin satılması barədə qərar qəbul edilmişdir. Bakı şəhəri Səbail Bələdiyyəsinin “Bələdiyyə ərazisində olan 1200 kv. metr torpaq sahəsinin X4 adına sənədləşdirilməsi haqqında” xx.xx.2003-cü il tarixli 446 №-li sərəncamın surətindən müəyyən olunur ki, Səbail rayonu Salyan şossesi 32 ünvanında yerləşən 1200 kv.m torpaq sahəsinin əlavə olunmuş cizgi əsasında alqı satqı qaydasında vət. X4 adına sənədləşdirilməsi qərara alınmışdır X9 ilə Bakı şəhəri Səbail Rayonu Səbail Bələdiyyəsi arasında bağlanmış “Torpaqların alqı-satqısına dair” aktın surətindən müəyyən olunur ki, Bakı şəhəri Səbail Bələdiyyəsinin tərəfindən bələdiyyə ərazisində 1200 kv. metr torpaq sahəsinin satılması barədə xx.xx.2003-cü il tarixində qərar qəbul edilmişdir. Bunun müqabilində X9 bələdiyyənin hesabına 24960000 manat ödəmişdir (Bİİ № 055275 qəbz). Bakı şəhəri Səbail Bələdiyyəsinin “Bələdiyyə ərazisində olan 1200 kv. metr torpaq sahəsinin X5 adına sənədləşdirilməsi haqqında” xx.xx.2003-cü il tarixli 461 №-li sərəncamın surətindən müəyyən olunur ki, Səbail rayonu Salyan şossesi 32 ünvanında yerləşən 1200 kv.m torpaq sahəsinin əlavə olunmuş cizgi əsasında alqı satqı qaydasında vət. X5 adına sənədləşdirilməsi qərara alınmışdır X10 ilə Bakı şəhəri Səbail Rayonu Səbail Bələdiyyəsi arasında bağlanmış “Torpaqların alqı-satqısına dair” aktın surətindən müəyyən olunur ki, Bakı şəhəri Səbail Bələdiyyəsinin tərəfindən bələdiyyə ərazisində 1200 kv. metr torpaq sahəsinin satılması barədə xx.xx.2003-cü il tarixində 461 saylı qərar qəbul edilmişdir. Bunun müqabilində X11 bələdiyyənin hesabına 34960000 manat ödəmişdir (Bİİ № 052772 qəbz). Azərbaycan Respublikası adından 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2014-cü il tarixli 2-1(81)-3204/2014 №-li qərarına əsasən Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş A seriyalı № 519900 saylı “Torpaq sahəsinin planı və ölçüsün”dən müəyyən olunur ki, X6 fərdi yaşayış evinin tikintisi üçün Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi 32 ünvanında ayrılmış 1200 kv.m torpaq sahəsi ilə bağlı tərtib olunmuşdur və şəhadətnamə xx.xx.2014-cü il tarixdə 40056 № ilə kitabda qeydə alınmışdır. Azərbaycan Respublikası adından 1 saylı Bakı İnzibati-İqtisadi məhkəməsinin xx.xx.2014-cü il tarixli 2-1(81)-3204/2014 №-li qərarına əsasən Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş A seriyalı № 519891 saylı “Torpaq sahəsinin planı və ölçüsün”dən müəyyən olunur ki, X8 fərdi yaşayış evinin tikintisi üçün Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi 32 ünvanında ayrılmış 1200 kv.m torpaq sahəsi ilə bağlı tərtib olunmuşdur və şəhadətnamə xx.xx.2014-cü il tarixdə 40055 № ilə kitabda qeydə alınmışdır. TƏTBİQ EDİLƏN HÜQUQ Azərbaycan Respublikasının Mülki Məcəlləsi ... Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. ... Maddə 152.1. Mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi: ... Maddə 8. Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin səlahiyyətləri. Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin öz inzibati əraziləri daxilində səlahiyyətləri aşağıdakılardır: qanunvericiliklə müəyyən olunmuş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və həmin torpaqlar barədə sərəncam verilməsi; qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi. ... Maddə 47. Bələdiyyənin torpaq üzərində mülkiyyət hüququ 1. Torpaq üzərində bələdiyyə mülkiyyəti “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, bələdiyyə mülkiyyətinə ayrılan torpaqlar, habelə qanunvericiliklə müəyyən edilmiş qaydada, başqa torpaq mülkiyyətçilərindən bələdiyyələrə keçən torpaqlar hesabına yaranır. ... Maddə 56. Torpaq sahələrinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsinin ümumi əsasları Bələdiyyələrin ehtiyat fondunun özəlləşdirilə bilən torpaqları xüsusi mülkiyyətə satıla bilər. Bələdiyyələrin ehtiyat fondunun yaşayış məntəqələrinin perspektiv inkişafı üçün cəlb olunan torpaq sahələri, habelə kənd təsərrüfatına azyararlı və yararsız torpaqları özəlləşdirilə bilər. Özəlləşdirilməsi barədə qərar qəbul edilənədək bu torpaqlar ərazinin perspektiv inkişaf proqramına xələl gətirməmək şərtilə hüquqi və fiziki şəxslərin icarəsinə verilə bilər. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu: (bələdiyyə qərarı qəbul edilərkən qüvvədə olan redaksiyası) ... Maddə 6.1. Bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. Maddə 6.2. Bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. .... Maddə 6.5. Torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. Torpaqayırma sənədlərinin hazırlanması və razılaşdırılması qaydaları Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edilən əsasnamə ilə tənzimlənir. .... Maddə 7. Xüsusi mülkiyyətə verilən bələdiyyə torpaqları 7.1. Azərbaycan Respublikasının qanunvericiliyi ilə bələdiyyələrin ehtiyat fondunun aşağıdakı torpaqları xüsusi mülkiyyətə verilə bilər: 7.1.1. yaşayış məntəqələrinin perspektiv inkişafı üçün cəlb olunan torpaqlar; 7.1.2. kənd təsərrüfatına az yararlı və yararsız torpaqlar; (çıxarılmışdır) 7.2. Ümumi istifadədə olan küçələrin, meydanların, bələdiyyə yollarının və təsərrüfatdaxili yolların, parkların, meşə parkların, bulvarların, çimərliklərin, sahillərin, keçidlərin, sututarların, stadionların, idman meydançalarının və qəbiristanlıqların altındakı torpaqlar, tarlaqoruyucu meşə zolaqlarının, yerli əhəmiyyətli su təsərrüfatı obyektlərinin, hidrotexniki qurğuların, ümumi istifadədə olan yerli əhəmiyyətli obyekt və qurğuların yerləşdiyi torpaqlar, əhalinin mal-qarası üçün istifadə olunan örüş sahələrinin torpaqları, habelə hüquqi və fiziki şəxslərin istifadəsində və icarəsində olan bələdiyyələrin kənd təsərrüfatı təyinatlı, eləcə də meşə və su fondu torpaqları xüsusi mülkiyyətə verilə bilməz. Azərbaycan Respublikasının 15 mart 2002-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamə: Bənd 1. Bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyət, istifadə və icarə hüququ ilə hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Bənd 7. Ərazinin planlaşdırılması və tikintisi layihələri olmadıqda, bu Əsasnamənin 5-ci bəndində göstərilmiş obyektlərin yerləşdirilməsi və ya tikintisi üçün, habelə fərdi yaşayış və bağ evlərinin, fərdi və kooperativ qarajların tikintisi zərurəti yarandığı hallarda yeni yaşayış məhəllələrinin salınması üçün bələdiyyələr torpaq sahələrinin seçilməsini və ayrılmasını dəqiqləşdirmək məqsədi ilə ərazinin yerquruluşutəsərrüfat planı, yaşayış məntəqəsinin baş planı əsasında yaxın dövr üçün şəhərsalma və tikinti normalarına uyğun olaraq ərazinin planlaşdırılması və tikintisi layihələrinin hazırlanmasını və həyata keçirilməsini təşkil edirlər. Bələdiyyələr ərazinin planlaşdırılması və tikintisi layihələrini müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırırlar. Müvafiq icra hakimiyyəti orqanı memarlıq-planlaşdırma baxımından obyektlərin yerləşdirilməsinə təklif verə bilər. Torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir. ... Bənd 16. Ayrılması nəzərdə tutulan torpaq sahəsinin məqsədli təyinatı həmin ərazinin yerquruluşu-təsərrüfat planına, yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olarsa və həmin yer başqa hüquqi və fiziki şəxsin mülkiyyətinə, istifadəsinə və ya icarəsinə verilməmişdirsə, habelə elektrik, rabitə, nəqliyyat, qaz, su, kanalizasiya və digər kommunikasiya xətlərinin mühafizə zolağında və sürüşmə zonasında yerləşməmişdirsə, bələdiyyə hərrac və ya müsabiqənin keçirilməsi məqsədilə torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınma proseduruna başlanmasının və ya bu Əsasnamənin 10-cu bəndində nəzərdə tutulmuş hallarda müraciət edən hüquqi və fiziki şəxsə torpaq sahəsinin ayrılmasının məqsədəuyğunluğu barədə qərar qəbul edir Azərbaycan Respublikası Prezidentinin "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” xx.xx.2001-ci il tarixli 548 nömrəli Fərmanı: Müəyyən edilsin ki: "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 6.5-ci maddəsində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin (əvvəllər Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin yerli qurumları) yerli qurumları (kənd təsərrüfatı və qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair), Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi (tikinti məqsədləri üçün ayrılan torpaq sahələrinə (məlumatlandırma icraatı qaydasında yaşayış evlərinin tikintisi üçün ayrılan torpaq sahələri istisna olmaqla) dair) və rayon, şəhər icra hakimiyyəti orqanlarının memarlıq xidmətləri (qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair) həyata keçirirlər.+ “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. ... Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; ... Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. 15.2. Hüquqların dövlət qeydiyyatından əsaslandırılmış imtina barədə ərizəçiyə 5 gün müddətində bildiriş göndərilir. Bildirişin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: ... Maddə 2. Qanunda istifadə olunmuş əsas anlayışlar 2.0. Bu Qanunda istifadə olunmuş əsas anlayışlar aşağıdakı mənalara malikdir: ... 2.0.8. qarşılıqlı etimad - inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inam; ... Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar ... Maddə 13. Etimad hüququnun qorunması prinsipi 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Maddə 15.1. Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Maddə 15.2. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Maddə 15.3. İnzibati orqanlar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunmuş sənədlərdə yazı və hesab zamanı yol verilmiş aşkar və düzəldilməsi mümkün olan səhvlərə görə həmin sənədləri qəbul etməkdən imtina edə bilməz. Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 19.1 İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. ... Maddə 64. İnzibati aktın hüquqi qüvvəsi və etibarlılığı ... 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 4 may tarixli 516 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında” Əsasnamə: 1.1. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti (bundan sonra — Xidmət) daşınmaz əmlakın dövlət reyestrinin (bundan sonra — dövlət reyestri) tərtib edilməsini və aparılmasını təmin edən icra hakimiyyəti orqanıdır. 2.0. Xidmətin fəaliyyət istiqamətləri aşağıdakılardır: 2.0.1. dövlət reyestrində daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatının (bundan sonra — hüquqların dövlət qeydiyyatı) həyata keçirilməsini təmin edir; 2.0.2. daşınmaz əmlakın dövlət reyestrini tərtib edir və aparır; Azərbaycan Respublikası iqtisadiyyat nazirinin 28 oktyabr 2021-ci il tarixli F-144 nömrəli əmri ilə təsdiq edilmiş “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin nizamnaməsi” 1.1. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin (bundan sonra Xidmət) tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri (bundan sonra - DƏDKR) daşınmaz əmlakın dövlət reyestrinin (bundan sonra - dövlət reyestri), daşınmaz əmlakın vahid dövlət kadastrının (bundan sonra - dövlət kadastrı), dövlət torpaq kadastrının tərtibi və aparılması, ünvan reyestrinin, yerquruluşu və xüsusi (sahəvi) təyinatlı geodeziya işlərinin aparılması sahəsində (bundan sonra – müvafiq sahə) fəaliyyət göstərən Azərbaycan Respublikası Prezidentinin 26 iyun 2021-ci il tarixli 1382 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin və Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin əsasında Xidmətin tabeliyində yaradılmış publik hüquqi şəxsdir. DƏDKR-in fəaliyyət istiqamətləri 2.0. DƏDKR-in fəaliyyət istiqamətləri aşağıdakılardır: 2.0.1. dövlət reyestrini tərtib etmək və aparmaq, dövlət reyestrində daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatını (bundan sonra hüquqların dövlət qeydiyyatı) həyata keçirmək; MƏHKƏMƏNİN MÖVQEYİ: İşin faktiki hallarından da göründüyü kimi iddiaçı istifadəsində olan torpaq sahəsinin bələdiyyə orqanının qərarı əsas götürülməklə mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı cavabdehə müraciət etmişdir ki, cavabdeh həmin hüququn dövlət qeydiyyatına alınmasından imtinanı onunla əsaslandırır ki, mübahisə predmenti olan torpaq sahəsi dövlət torpağıdır və yerləşmə cizigisində istinad məsafələri qeyd edilməmişdir. İlkin olaraq qeyd edilməlidir ki, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin (bundan sonra – Torpaq Məcəlləsi) 4-cü maddəsinin 3-cü bəndinə müvafiq olaraq, torpaq sahəsinin hüquqi statusu onun məqsədli təyinatını, torpaq sahəsi üzərində hüququn forması (mülkiyyət, istifadə və ya icarə hüququ), habelə torpaq sahəsindən istifadəyə dair müəyyən edilmiş yüklənməni (məhdudiyyətləri) əhatə edir. Həmin Məcəllənin 10-cu maddəsinin 1, 4 və 5-ci bəndlərinə əsasən, torpaqların məqsədli təyinatı — torpağın kateqoriyasına uyğun olaraq, onun konkret məqsədlər üçün istifadəsinin bu Məcəllədə və digər normativ-hüquqi aktlarda müəyyən edilmiş qaydaları, şərtləri və həddidir. Torpaq kateqoriyalarının məqsədli təyinatı və hüquqi rejimi qanunvericiliklə müəyyən edilir, şəhərsalma və yerquruluşu sənədlərində əks etdirilir. Kateqoriyalar daxilində torpaqlardan istifadə qaydaları onların təbii-təsərrüfat rayonlaşdırılması, zonalaşdırılması, istifadəsinin ərazi planlaşdırılması və yerquruluşu sənədlərinə uyğun olaraq mülkiyyətçilər, istifadəçilər və icarəçilər tərəfindən müəyyən edilir. Torpağın kateqoriyaları torpağın verilməsi barədə müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarında, dövlət torpaq kadastrı sənədlərində, torpaq qeydiyyatı kitablarında və bu Məcəllədə göstərilən digər sənədlərdə əks olunur. Torpaq mülkiyyətçisinə, istifadəçisinə və icarəçisinə torpaq sahəsi həmin sahə üçün müəyyən edilmiş məqsədli təyinatına və hüquqi statusuna uyğun olaraq verilir (Torpaq Məcəlləsinin 48-ci maddəsinin 4-cü bəndi). Bununla yanaşı, “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 7 mart tarixli Fərmanına uyğun olaraq, dövlət və bələdiyyə mülkiyyətində, habelə xüsusi mülkiyyətdə olan bütün kateqoriyalı torpaqların elektron uçotunun aparılması və xəritələşdirilməsi yolu ilə torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsi nəzərdə tutulub ki, bunun da məqsədlərindən biri torpaqlardan məqsədli təyinatına və hüquqi rejiminə uyğun istifadəyə və onların mühafizəsinə nəzarət etməkdir.” Nəzərə alınmalıdır ki, “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən bələdiyyə mülkiyyətinin tərkibinə yerli vergilər və ödənişlər hesabına formalaşan yerli büdcənin vəsaiti, bələdiyyənin büdcədənkənar fondları, bələdiyyə əmlakı, habelə bələdiyyə torpaqları, bələdiyyə müəssisələri və təşkilatları, bələdiyyə mənzil fondları və qeyri-yaşayış binaları, dövlət və xüsusi mülkiyyətdə olmayan yollar, bələdiyyə təhsil, səhiyyə, mədəniyyət və idman müəssisələri, digər daşınar və daşınmaz əmlak daxildir. Bələdiyyələr bələdiyyə mülkiyyətini idarə edirlər. Bələdiyyə mülkiyyətinin tərkibinə daxil olan əmlak barəsində mülkiyyət hüququnu bələdiyyələr, Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş hallarda isə bilavasitə əhali həyata keçirir. Qanuna uyğun olaraq bələdiyyələr bələdiyyə mülkiyyəti obyektlərini fiziki və hüquqi şəxslərin müvəqqəti və ya daimi istifadəsinə, icarəsinə verə bilər, qanunla müəyyənləşdirilmiş qaydada özgəninkiləşdirə bilər, habelə bələdiyyə mülkiyyətində olan əmlak barəsində başqa əqdlər bağlaya bilər, özəlləşdirilən və ya istifadəyə verilən obyektlərdən istifadə şərtlərini müqavilə və sazişlərdə müəyyənləşdirə bilərlər. Həmçinin qeyd edilməlidir ki, bələdiyyə torpaqları üzərində hər hansı hüququn həyata keçirilməsi Azərbaycan Respublikasının qanunvericiliyində xüsusi qaydalarla tənzimlənir. Bu torpaqlar yerli özünüidarəetmə orqanlarının – bələdiyyələrin balansında olan əraziləri əhatə edir və onların istifadəsi, icarəyə verilməsi və ya mülkiyyətə keçirilməsi qanuni əsaslarla mümkündür. Qeyd olunmalıdır ki, bələdiyyə torpaqları üzərində mülkiyyət, icarə və ya istifadə hüququ, qanun çərçivəsində həm cəmiyyətin maraqlarını, həm də fərdi mülkiyyət hüququnu təmin edən vacib mexanizmdir. Bu mexanizm isə daha dəqiq desək, torpaq sahələrinin ayrılması proseduru “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanunu ilə tənzimlənir. Eyni zamanda iddia tələbinin hüquqi əsasını təşkil edən “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanunun 2.1-ci maddəsinə əsasən, müvafiq inzibati ərazi daxilində qanunvericiliklə müəyyən olunmuş qaydada dövlət mülkiyyətində saxlanılmış və xüsusi mülkiyyətə verilmiş torpaqlar çıxılmaqla qalan torpaqlar bələdiyyə torpaqlarıdır. Həmin Qanunun 4-cü maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və onlar barədə sərəncam vermək, müəyyən edilmiş qaydada bələdiyyə torpaqlarını ümumi istifadəyə, bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə, fiziki və hüquqi şəxslərin icarəsinə və Azərbaycan Respublikasının vətəndaşlarının və hüquqi şəxslərinin mülkiyyətinə vermək torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin öz inzibati əraziləri daxilində səlahiyyətlərinə aiddir. Həmin Qanunun 6.2-ci maddəsinə əsasən, bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Yuxarıda istinad edilən normalardan aydın olur ki, torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin öz inzibati əraziləri daxilində qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə yalnız mülkiyyətində olan torpaq sahələrinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi səlahiyyətlərinə malikdirlər. Beləliklə, imtinası əsası kimi göstərdiyi torpaq sahəsinin bələdiyyə mülkiyyətində olmaması iddianın həllində mühüm rol oynayır. Lakin bələdiyyə qərarı əsasında ayrılan torpaq sahəsinin bələdiyyənin mülkiyyətində olub-olmaması ilə bağlı müvafiq araşdırma aparılmalıdır. Məhkəmə də göstərilən halların araşdırılması məqsədi ilə iddaçıya ayrılmış torpaq sahəsinin qonşuluğunda qeydiyyatdan keçmiş torpaq sahələrinə dair müvafiq araşdırma aparılması məqsədilə sənədlərin təqdim edilməsilə bağlı cavabdehə müraciət etmişdir. Təqdim edilmiş sənədlər əsasında müəyyən edilmişdir ki, oxşar hüquqmüəyyənedici sənədlər (bələdiyyə qərarı) əsasında cavabdehin özü tərəfindən torpaq sahələri üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatı həyata keçirilmişdir. Belə ki, təqdim edilmiş sənədlərindən görünür ki, bələdiyyə qərarında ayrılmış torpaq sahələri Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər şöbəsi tərəfindən verilmiş “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə əsasında fiziki şəxslərin mülkiyyətinə verilmişdir. Bu isə torpaq sahəsinin bələdiyyə mülkiyyətində olmasını təsdiq edən əsas kimi çıxış edir. Belə ki, nəzərə alınmalıdır ki, “Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi haqqında” Əsasnamədən də göründüyü kimi Azərbaycan Respublikasının inzibati ərazi bölgüsünə uyğun olaraq rayon, şəhər, şəhər tipli qəsəbələr və digər yaşayış məntəqələrinin və bələdiyyələrin sərhədlərini naturada müəyyən etmək və xəritələşdirilməsini həyata keçirmək həmin qurumun funksiyalarına aid olmuşdur. Göründüyü kimi bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin fiziki şəxslərə ayrılması zamanı Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin mövqeyi hüquqi əhəmiyyət daşımaqla həlledici olmuşdur. Qeyd olunur ki, cavabdehin istinad etdiyi elektron kadastr baza məlumatlarının tərtib edilməsinin əsasında həmin vaxt torpaq sahələrinə münasibətdə məlumatların müstəsna daşıyıcısı olan DTXK çıxış etmişdir ki, həmin Komitə tərəfindən torpaq sahəsinin bələdiyyə mülkiyyətində olmasına dair mövqe nümayiş etdirilsə də, torpaq bələdiyyə torpağı hesab edilsə də, cavabdehin baza məlumatlarında DTXK-dan alınmış məlumatlara zidd olaraq torpaq sahəsinin bələdiyyə mülkiyyətində olmadığının göstərilməsi inandırıcı hesab edilmir. Həmin rəyə istinadən verilən ekspert rəyi də bu əsaslardan torpaq sahəsinin bələdiyyə mülkiyyətində olmamasına münasibətdə məhkəmə hesab edir ki, həqiqəti əks etdirmir. Başqa sözlə, kadastr planı tərtib edildiyi dövrdə torpaq sahəsini bələdiyyə mülkiyyətində olub-olmamasına dair müstəsna məlumat bazasına malik inzibati orqan tərəfindən tərtib edilmiş kadastr planı mötəbərdir, ləğv edilməmişdir. Yuxarıda istinad edilən Əsasnamənin tələbindən də göründüyü kimi bələdiyyələrin sərhədlərini naturada müəyyən etmək və xəritələşdirilməsini həyata keçirmək fəaliyyətdə olduğu dövrdə məhz DTXK-nin səlahiyyətləri daxilində olmuşdur. Belə ki, cavabdeh tərəfindən təqdim edilmiş qonşu torpaq sahələrinə dair Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər şöbəsi tərəfindən tərəfindən verilmiş “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamələrdən görünür ki, həmin sənəd Bakı şəhəri Səbail bələdiyyəsinin qərarlarına əsasən torpaq sahəsi ilə bağlı tərtib edilmişdir. Həmin sənəddə torpaq sahəsinin kadastr göstəricisi, baş planınan çıxarış və əsas döngə nöqtələrinin koordinatlatı göstərilmişdir. Göründüyü kimi Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi bələdiyyə qərarı əsasında ayrılmış torpaq sahəsinin bələdiyyə mülkiyyətində olmasını qəbul etmişdir. Bu hal isə hazırki iş üzrə məhkəmə tikinti-texniki ekspertizanın təyin edilməsi, mütəxəssis rəyinin alınması və ya yerində müayinə növündə əlavə araşdırmanın aparılmasına zərurətin olmadığına səbəb olur. Odur ki, məhkəmənin sorğusu əsasında cavabdeh orqandan alınmış və iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, iddiaçı ilə qonşuluqda yerləşən və eyni hüquq müəyyənedici sənədləri (Səbail bələdiyyəsinin qərarları əsasında) olan torpaq sahələri üzərində sakinlərin mülkiyyət hüququ cavabdeh tərəfindən daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Lakin iddiaçıya cavabdeh tərəfindən fərqli münasibətin göstərilməsi konstitusion hüquq olan bərabərlik hüququnun da pozulmasına gətirib çıxarmışdır. Belə olan halda, məhkəmə hesab edir ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçının qanuni əsaslarla əldə etdiyi daşınmaz əmlaka dair mülkiyyət hüququnun qeydə alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsindən imtinasını iddiaçının hüquqlarının və qanunla qorunan mənafelərinin pozulması kimi hesab edir. Eyni zamanda hazırkı mübahisəyə münasibətdə cavabdeh Reyestr Xidməti tərəfindən bərabərlik (bərabər yanaşma) prinsipi pozulmuşdur. “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsinə müvafiq olaraq, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. Qeyd etmək lazımdır ki, bərabər əsasla əldə edilmiş daşınmaz əmlaka dair digər şəxslərin hüquqları qeydə alındığı və bu barədə müvafiq çıxarışın verildiyi halda, eyni vəziyyətdə olan, tələbi eyni faktiki hallara və hüquqi əsaslara söykənən iddiaçıya münasibətdə hüququn qeydiyyata alınmasından və çıxarışın verilməsindən cavabdeh tərəfindən imtina olunmuşdur. Cavabdeh inzibati orqan tərəfindən iddiaçının müraciətinin icra edilməməsi üçün gətirdiyi imtina səbəbləri əsaslı və qanuni olmamış, inzibati icraatın bərabərlik prinsipi pozulmuşdur ki, bu da “İnzibati icraat haqqında” Qanunun 12, 13, 17, 19, 24-cü maddələrinin pozulmasıdır. Belə ki, eyni statusda və vəziyyətdə olan şəxslərə qarşı müxtəlif (fərqli) münasibət “bərabərlik prinsipi”nə və “inzibati praktika”ya ziddir. Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqan tərəfindən “bərabərlik hüququ” kobud şəkildə pozulmuşdur. Belə ki, inzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Hazırkı halda isə cavabdeh orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməmiş, iddiaçıya münasibətdə fərqli münasibət bildirmişdir. Məhkəmə təqdim olunmuş yerləşmə cizgisində dəqiq istinadlar, istinad məsafələrinin qeyd edilməməsi münasibətdə qeyd edir ki, torpaq sahəsinin yerləşmə cizgisində istinad və məsaflərin qeyd edilməməsinə münasibətdə cavabdehin imtinası məhkəmə tərəfindən qanuni və əsaslı hesab edilmir. Belə ki, yerləşmə cizgisində istinad və məsafələrin qeyd edilməməsi və bələdiyyənin qərarına istinad olunması iddiaçının təqsir sferasından kənar olmaqla, aidiyyəti torpaq ayırmanı həyata keçirən qurumun səlahiyyətləri daxilində olan məsələdir. Adıçəkilən yerləşmə cizgisi iddiaçı tərəfindən tərtib edilməmiş, tərtibetmə zamanı da iddiaçının iştirakı olmamışdır, bununla bağlı iddiaçının spesifik sahə üzrə məlumatı da olmamışdır ki, həmin hallar nəzərə alınmaqla imtinanın göstərilən dəlili də məhkəmə tərəfindən əsassız hesab edilməlidir. Beləliklə, məhkəmə cavabdehin imtinasında və iddia tələbinə dair yazılı etirazda istinad etdiyi əsaslarla bağlı qeyd edir ki, hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün müəyyən olunmuş hallar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsində sadalanmışdır və həmin hallar aşağıdakılardan ibarətdir: 15.1.1 – dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2 – hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3 – hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4 – daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5 – daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6 – bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Göründüyü kimi, qanunverici hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsaslarını dəqiq müəyyən etmişdir. Hazırkı mübahisəyə münasibətdə iş üzrə aparılmış araşdırma zamanı həmin hallardan hər hansı birinin mövcudluğu müəyyən edilməmişdir. Göründüyü kimi hüquqların dövlət qeydiyyatına alınmasından imtina əsasları konkret olaraq təsbit edilmişdir ki, hazırkı iş üzrə həmin hallar mövcud deyil. Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 14 oktyabr tarixli 135 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestrinin aparılması” Qaydalarının 23-cü bəndinin (Bina və qurğularla bağlı xüsusi məlumatların daxil edilməsi) müddəalarına görə, İ fəslin “İnventar nömrəsi” və “Liter" qrafalarında bina və qurğuların texniki uçot pasportlarındakı müvafiq eyniləşdirmə nömrələri göstərilir (23.1). İ fəslin “Mərtəbə” və “Yeraltı mərtəbə” qrafalarında müvafiq olaraq bina və qurğuların mərtəbələrinin və zirzəmidəki səviyyələrin sayı göstərilir. Bundan başqa, “Mərtəbə” qrafasında müvafiq sahənin (mənzilin) yerləşdiyi mərtəbənin (mərtəbələrin) nömrəsi qeyd edilir (23.2). İ fəslin “Mərtəbələr üzrə plandakı nömrələr” qrafası yalnız binanın və ya qurğunun mərtəbələr üzrə planındakı nömrələrindən başqa, heç bir ayrı nömrəsi olmayan sahələrə olan hüquqların qeydiyyatı zamanı doldurulur (23.3). Daşınmaz əmlak obyektində əsaslı dəyişikliklər (yenidənqurma işləri, obyektin birləşməsi, bölünməsi, ayrılması) aparılmadığı hallarda, obyektin mülkiyyətçisi, icarəçisi və ya istifadəçisi dəyişdirildikdə daşınmaz əmlakın dövlət reyestrində daşınmaz əmlaka yeni yaranan hüquqların dövlət qeydiyyatı yeni texniki pasport tərtib edilmədən, mövcud texniki pasportun göstəriciləri nəzərə alınmaqla aparılır. Daşınmaz əmlak obyektinin texniki pasportu dövlət texniki inventarlaşdırma orqanları tərəfindən verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 5 oktyabr tarixli 319 nömrəli qərarı ilə təsdiq edilmiş “Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün sənədlərin qəbulu, yoxlanılması və verilməsinin prosedur Qaydaları”nın 4.2-ci bəndinə əsasən, mərzçəkmə və texniki inventarlaşdırma işlərinin nəticəsində torpaq sahələrinə münasibətdə torpaq sahəsinin planı və ölçüsü, onlar üzərindəki daşınmaz əmlak obyektlərinə münasibətdə texniki pasport, plan-cizgi tərtib edilir. Azərbaycan Respublikası İqtisadiyyat nazirinin 28 oktyabr 2021-ci il tarixli F-144 nömrəli əmri ilə təsdiq edilmiş “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin nizamnaməsi”nin 3.1, 3.1.16-cı bəndlərinə əsasən, daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri (texniki pasport və torpaq sahəsinin planı və ölçüsünü) tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün yerquruluşu planlarını hazırlamaq DƏDKR-in vəzifələrinə aid edilmişdir. Normaların əlaqəli təhlilindən göründüyü kimi, daşınmaz əmlak kimi bina və qurğulara münasibətdə “texniki pasport”, torpaq sahələrinə münasibətdə isə “torpaq sahəsinin planı və ölçüsü” tərtib edilir.Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalıdır. İPM-nin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. NƏTİCƏVİ HİSSƏ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 612-ci , 69-cu , 75-ci və 125-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Bakı şəhəri, Səbail rayonu, Salyan şosesi 32 ünvanında yerləşən, ümumi sahəsi 1200 kv. metr olan torpaq sahəsi üzərində İddiaçı xüsusi mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və çıxarış və plan ölçü sənədinin verilməsi öhdəliy Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Nəriman Abıyev
Məhkəmə qərarları › İş №e-2-1(112)-10498/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-10498/2025
12.02.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver