Məhkəmə qərarları › İş №e-2-1(112)-10505/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-10505/2024

17.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-10505/2024 17.09.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “bağ torpaq sahəsinə dair xüsusi mülkiyyət hüquqlarının qeydə alınmaqla, reyestrdən çıxarışın və plan və ölçünün verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi ” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “bağ torpaq sahəsinə dair xüsusi mülkiyyət hüquqlarının qeydə alınmaqla, reyestrdən çıxarışın və plan və ölçünün verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” haqqında iddia tələbi üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra mətndə DƏDKR 1 saylı Bakı Ərazi İdarəsi) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhərinin Sabunçu rayonundakı Kürdəxanı qəsəbəsində yerləşən Ləhiş bağlarında olan 4500 a saylı bağ sahəsinə onun hüquqlarının qeydiyyata alınmaqla, bu sahəyə ayrıca çıxarış verilməsi, eləcə də torpaq sahəsinin planı və ölçüsünün tərtib edilmə öhdəliyinin cavabdeh DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçı məhkəməyə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 54-cü maddəsinə əsasən iddianın dəyişdirilməsi barədə ərizə təqdim edərək, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsində yerləşən faktiki ölçüsü 0,1085 ha olan 4500 a saylı bağ sahəsinə dair İddiaçı mülkiyyət hüquqlarının qeydiyyata alınmaqla, bu sahəyə dair ayrıca çıxarışın verilməsi, eləcə də torpaq sahəsinin planı və ölçüsünün tərtib edilməsi öhdəliyinin cavabdeh DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmasına dair qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 22 iyul 2023-cü il tarixində X1 Bakı şəhərinin Sabunçu rayonunda yerləşən Kürdəxanı qəsəbəsindəki Ləhiş bağ sahəsindən bir-birinə bitişik ümumilikdə 2400 kv. m. torpaq sahəsi (bağ nömrəsi 4500 və 4500 a) alsa da, həmin gün bağlanmış daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən bu sahələrdən 0,12 ha ərazisi olan 4500 saylı bağ sahəsinin ona satılması göstərilmişdir. Nəticədə, bu alqı-satqı müqaviləsinə əsasən 25 iyul 2023-cü il tarixdə Bakı şəhərinin Sabunçu rayonundakı Kürdəxanı qəsəbəsində yerləşən Ləhiş bağlarında olan 4500 saylı bağ sahəsi adına mülkiyyət hüquqları əsasında dövlət qeydiyyatına alınmışdır. İstifadəsində faktiki olaraq bir-birinə bitişik ümumilikdə 2400 kv. m. torpaq sahəsi (bağ nömrəsi 4500 və 4500 a) olmasına baxmayaraq, bu sahələrdən 0,12 ha ərazisi olan 4500 a saylı bağ sahəsi adına rəsmiləşdirilməmiş qalmışdır. Bu səbəbdən də, 0,12 ha ərazisi olan 4500 a saylı bağ sahəsinə mülkiyyət hüquqlarının tanınması və həmin sahəyə müvafiq çıxarışın alınması, torpaq sahəsinin planı və ölçüsünün tərtib edilməsi məqsədilə dəfələrlə yazılı və şifahi DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etsə də, müraciətinə aidiyyatı qurum tərəfindən hər hansı bir cavab verilməmişdir. Beləliklə, Bakı şəhərinin Sabunçu rayonundakı Kürdəxanı qəsəbəsində yerləşən Ləhiş bağlarında olan 4500 saylı bağ sahəsinə bitişik 4500 a saylı bağ sahəsi faktiki istifadəsində olmasına baxmayaraq (bu hal Sabunçu rayonu Kürdəxanı Bələdiyyəsi tərəfindən təqdim edilmiş istifadə olunan torpaq sahəsinin sxeminin surəti ilə də təsdiq edilir), ora dair qeyrimüəyyənliyin davam etməsi və həmin torpaq sahəsinin adına sənədləşdirilməməsi nəticəsində sözügedən torpaq sahəsi üzərində mülkiyyət hüquqları tanınmamış, o cümlədən sərəncam vermək imkanı məhdudlaşmışdır. Bununla da, hesab edir ki, qeyd olunanlara əsasən, həmçinin bu və ya digər şəxslərin hüquq və mənafeyinə toxunmadığına görə sahəsi 0,12 ha olan 4500 a saylı bağ sahəsi adına mülkiyyət üzrə dövlət qeydiyyatına alınmalı, həmin torpaq sahəsinə dair ona çıxarış verilməli, eləcə də bu torpaq sahəsinin planı və ölçüsü tərtib edilməlidir. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış, və həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin 21 iyun 2024-cü il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş, cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, həmçinin, tərəflər işin halları, mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. Cavabdehin etirazları: xx.xx.2024-cü il tarixdə cavabdeh DƏDKR 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən “Elektron məhkəmə” sistemi vasitəsilə məhkəməyə təqdim olunmuş iddia ərizəsinə dair etirazda göstərilmişdir ki, İddiaçı Bakı şəhərinin Sabunçu rayonundakı Kürdəxanı qəsəbəsində yerləşən Ləhiş bağlarında olan 4500 a saylı bağ sahəsinə hüquqların qeydiyyata alınmaqla, bu sahəyə ayrıca çıxarışın verilməsi, eləcə də torpaq sahəsinin planı və ölçüsünün tərtib edilmə öhdəliyinin DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə iddiası etirazla qarşılanır. İddiaçı iddia tələbində qeyd olunanlar ilə bağlı ********** nömrəli ərizə ilə İdarəyə müraciət etmiş və **********43 xaricolma nömrəli məktubla cavab verilmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, əlavə torpaq sahəsinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış təqdim edilməlidir. İdarənin mütəxəssisləri tərəfindən texniki baxış keçirilən zaman torpaq sahəsinin faktiki ölçüsünün 0.1085 ha olduğu məlum olmuşdur. “Yerli İcra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli sərəncamı ilə yerli İcra hakimiyyəti orqanlarının, o cümlədən, Bakı şəhəri İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, ləğv olunan bağ təsərrüfatı idarələrinin arxivlərinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə verilməsini təmin edilməsi və ləğvetmə ilə bağlı digər məsələləri qanunvericiliyə uyğun olaraq həll edilməsi Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılması qərara alınmışdır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Yuxarıda qeyd olunanlara əsasən, İPM-nin 48.2-ci maddəsini rəhbər tutaraq iddia tələbinin təmin edilməməsi xahiş olunmuşdur. Tərəflərin iştirakı və izahatları: Şifahi məhkəmə baxışı iclasının yeri və vaxtı barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar olunmuş cavabdeh inzibati orqan məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və gəlmədikləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə İPM-nin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddianı müdafiə edərək və iddianın mahiyyəti üzrə izahat verərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. ƏSASLANDİRMA HİSSƏSİ İddianın növü və mümkünlüyü. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 may 2014-cü il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri tərəfindən verilən Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış ilə bağlı inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən irəli gələn mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-nin 2.2.3-cü və 34.1-ci maddələrinə əsasən cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb etmək hüququnu müəyyən edən öhdəliyin icrası haqqında iddia üzrə ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə-iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan hərəkətlər nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. Məhkəmə hesab edir ki, iddiaçının hazırki iddianı qaldırmağa subyektiv hüququ vardır. İddianın növü öhdəliyin icrasına dair iddiadır. İddiaçı hazırki tələblə cavabdeh orqana müraciət etmiş, sonuncu tərəfindən müraciəti təmin olunmadığından, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia mümkündür. Faktiki hallar və sübutlar: İş materiallarında olan: xx.xx.2023-cü il tarixdə 12 notariat ofisində X3 (Satıcı) ilə İddiaçı (Alıcı) arasında bağlanmış AN –İ seriyalı ******* №li “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi”ndən müəyyən olunur ki, “Satıcı” mülkiyyət hüququ ilə özünə məxsus olan Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi, 4500 saylı bağ sahəsi ünvanında yerləşən ümumi sahəsi 0,12 ha olan torpaq sahəsini “Alıcı”nın mülkiyyətinə vermişdir. DƏDKR 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” Çıxarışın surətindən müəyyən olunur ki, Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, Ləhiş bağ sahəsi, 4500 saylı bağ sahəsi (Yeni qaydalarla: AZ 1059 ünvan 2ləşən 0,12 ha-dan ibarət yaşayış məntəqələri kateqoriyasına aid olan torpaq sahəsi üzərində xx.xx.2023-cü il tarixdə ********** qeydiyyat, **********35 reyestr nömrəsi ilə Daşınmaz əmlakın dövlət reyestrində 703 nömrəli reyestr kitabının 66580 nömrəli vərəqində İddiaçı xüsusi mülkiyyət hüquqları qeydiyyata alınmışdır. DƏDKR 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixdə İddiaçı adına tərtib olunmuş B seriyalı 149897 №li “Torpaq sahəsinin planı və ölçüsü”ndən görünür ki, qeyd olunan plan və ölçü ünvan 1 ünvan: ünvan 2ləşən sonuncuya xüsusi mülkiyyət hüququ ilə məxsus olan 0,12 ha-dan ibarət yaşayış məntəqələri kateqoriyasına aid olan torpaq sahəsinə (reyestr nömrəsi **********35) dair tərtib olunmuşdur. Məhkəmənin müvafiq sorğusuna cavab olaraq DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli məktubu ilə məhkəməyə təqdim olunmuş; - Lenin Rayonu Kürdəxanı XDS-nin deputatı Ə.Hüseynov, Bağlar təsərrüfatının inkişafı və istismarı birliyinin mühəndisləri E.İ.Qazıyev və D.G.Zeynalovun iştirakları ilə 18 fevral 1991-ci il tarixdə Ləhiş sahəsinə dair tərtib olunmuş aktın surətindən müəyyən olunur ki, X3 tərəfindən idarəyə verilmiş ərizəyə əsasən yerində yoxlama aparılarkən aşkar olunmuşdur ki, həmin vətəndaş Ləhiş bağlar sahəsində 4500 №-li bağdan istifadə edir. Belə ki, qonşu bağ icarədarları ilə aparılmış sorğular və onların yazılı surətdə təqdim etdikləri izahatlardan məlum olmuşdur ki, Y.A.Ağayevə 1970-ci ildə 4500 №-li bağ sahəsi göstərilmiş və bu illər ərzində onun ailə üzvləri bağdan istifadə etmişlər. Bağda müvəqqəti ev tikmiş, 100 ədəd meynə ağacı, 2 ədəd əncir ağacı və 2 ədəd badam ağacı əkmişdir. - Bağlar təsərrüfatının inkişafı və istismarı birliyi ilə X3 arasında bağlanmış “Bağın icarəyə verilməsi haqqında” 23103 №li 16 may 1991-ci il tarixli müqavilənin surətindən müəyyən olunur ki, Ləhiş qəsəbəsində yerləşən 0,12 ha bağ torpaq sahəsi sonuncunun istifadəsinə verilmişdir. - Qeyd olunan müqavilə əsasında Bağlar təsərrüfatının inkişafı və istismarı birliyinin əməkdaşları tərəfindən tərtib olunmuş torpaq sahəsinin sxemindən müəyyən olunur ki,0,12 ha-dan ibarət 4500 saylı bağ torpaq sahəsi ilə 0,11 ha-dan ibarət 4500 a saylı bağ torpaq sahələri bir-birinə bitişik vahid torpaq sahəsi kimi göstərilmişdir. - ƏMDK yanında DƏDRX Bakı Ərazi İdarəsi tərəfindən verilmiş “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” RX seriyalı ******* №li Çıxarışın surətindən müəyyən olunur ki, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi, 4500 saylı bağ sahəsi (ünvanında yerləşən 0,12 ha-dan ibarət yaşayış məntəqələri kateqoriyasına aid olan torpaq sahəsi üzərində xx.xx.2017-ci il tarixdə ********** qeydiyyat, **********35 reyestr nömrəsi ilə Daşınmaz əmlakın dövlət reyestrində 703 nömrəli reyestr kitabının 66580 nömrəli vərəqində X2 xüsusi mülkiyyət hüquqları qeydiyyata alınmışdır. - xx.xx.2024-cü il tarixdə DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinin mühəndisi tərəfindən tərtib edilmiş “Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktı”ndan müəyyən olunur ki, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsində yerləşən torpaq sahəsinin faktiki ölçüsü 0,1085 ha təşkil edir. İddia olunan 4500 a saylı bağ sahəsi özəl 4500 saylı bağ sahəsi ilə bir hasar daxilindədir. Tikili yoxdur. İddiaçı mülkiyyətində olan 4500 saylı bağ sahəsi ilə bir hasar daxilindəki Kürdəxanı Bələdiyyəsi tərəfindən təqdim edilmiş istifadədə olan torpaq sahəsi Ləhiş bağ sahəsi olmaqla 4500 a saylı bağa uyğun gəlir. “X4” tərəfindən tərtib olunmuş 143 №li xx.xx.2024-cü il tarixli mütəxəssis rəyində göstərilmişdir ki;

1. Tədqiqat zamanı Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, Ləhiş bağları massivində İddiaçı faktiki sahibliyində olan bağ sahəsinin Kürdəxanı bələdiyyəsi tərəfindən xx.xx.2012-ci il tarixdə tərtib edilmiş sxemdə göstərilmiş bağ sahəsi ilə üst-üstə düşməsi müəyyən edilmişdir.

2. Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, Ləhiş bağları massivində İddiaçı faktiki sahibliyində olan bağ sahəsi naturada tədqiq olunan 0,0952 ha torpaq sahəsi və 0,0187 ha keçid sahəsi ********** qeydiyyat nömrəli **********35 reyestr nömrəli çıxarışla İddiaçı xüsusi mülkiyyətində olan 0,12 ha bağ sahəsilə eyni hasar daxilində olması müəyyən edilmişdir.

3. İddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, Ləhiş bağları massivində faktiki sahibliyində olan bağ sahəsi ayrıca hasar daxilində olmaqla qonşu bağ sahələri ilə üst-üstə düşmür, heç bir maneəçilik törətmir.

4. İddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, Ləhiş bağları massivində faktiki sahibliyində olan bağ sahəsində tətqiq olunan daş hasarın inşa edilməsi Gooqle Earth xəritə proqramına əsasən 2008-ci ildən əvvəlki tarixlərə təsadüf edir. İddiaçının hazırkı iddia tələbi ilə bağlı müraciətinə cavabdeh inzibati orqan DƏDKRin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş **********43 №-li, xx.xx.2024-cü il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, əlavə torpaq sahəsinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.7-ci maddəsində və Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nda nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir.

Tətbiq edilən hüquq.

Azərbaycan Respublikası Konstitusiyasının; - 13-cü maddəsinin İ hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o, cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. “Yerli İcra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə’’ Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli sərəncamı ilə yerli icra hakimiyyəti orqanlarının, o cümlədən Bakı Şəhər icra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilmiş, ləğv olunan bağ təsərrüfatı idarələrinin arxivlərinin Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə verilməsinin təmin edilməsi və ləğvetmə ilə bağlı digər məsələlərin qanunvericiliyə uyğun olaraq həll edilməsi və bu Sərəncamın qüvvəyə mindiyi tarixədək vətəndaşların qanuni mülkiyyətində olan bağ sahələrinin “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9cu maddəsinə müvafiq olaraq əvəzsiz qaydada onların mülkiyyətinə verilməsinin aidiyyəti dövlət orqanları tərəfindən rəsmiləşdirilməsini təmin edən tədbirlərin görülməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinə tapşırılmışdır. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 10-cu maddəsinin 1-ci abzasına əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Həmin maddənin 4-cü abzasına əsasən fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 1997-ci il tarixli, 534 saylı Fərmanı ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında” Əsasnamənin 1-ci bəndinə əsasən vətəndaşların qanuni istifadəsində və ya icarəsindəki fərdi həyətyanı sahələrin altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həyətyanı sahələrin altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununa əsasən: - 4.1. Bu Qanun qüvvəyə mindiyi günədək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. - 4.2. Bu Qanun qüvvəyə mindikdən sonra daşınmaz əmlaka hüquqların məhdudlaşdırılmasının (yüklülüyünün) dövlət qeydiyyatı üçün həmin daşınmaz əmlak üzərində mövcud olan hüquqlar dövlət reyestrində qeydiyyata alınmalıdır. - 8.0.7-cı maddəsinə görə daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış əsas hesab olunur. Həmin Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.3-cü maddəsinə əsasən, daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli Qərarında göstərilir ki, “Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər hansı fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir”. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. İPM. 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

Məhkəmənin mövqeyi.

Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqan olaraq “İnzibati icraat haqqında" Qanunun tələbləri baxımından üzərinə qoyulmuş vəzifələrini icra etməyərək, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsində nəzərdə tutulmuş əsaslar olmadığı halda iddiaçının qanunla qorunan mülkiyyət hüquqlarını pozulmuşdur. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Məhkəmə araşdırması zamanı DƏDKR 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəməyə təqdim olunmuş arxiv sənədlərindən müəyyən olunur ki, Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, Ləhiş bağ sahəsində yerləşən 0,11 ha-dan ibarət 4500 a saylı bağ torpaq sahəsi 0,12 ha-dan ibarət 4500 saylı bağ torpaq sahəsi ilə faktiki olaraq bir-birinə bitişik vahid torpaq sahəsi kimi 1970-ci ildən X2 istifadəsində olmuş, daha sonra Bağlar təsərrüfatının inkişafı və istismarı birliyi ilə X3 arasında bağlanmış “Bağın icarəyə verilməsi haqqında” 23103 №li 16 may 1991-ci il tarixli müqaviləyə əsasən 4500 saylı bağ torpaq sahəsi qanuni əsaslarla sonuncunun istifadəsinə verilmiş və xx.xx.2017-ci ildə onun həmin bağ sahəsinə dair xüsusi mülkiyyət hüquqları qeydiyyata alınmışdır. Daha sonra X3 ilə iddiaçı arsında notarial qaydada bağlanmış alqı-satqı müqaviləsinə əsasən qeyd olunan bağ torpaq sahəsinə dair iddiaçının xüsusi mülkiyyət hüquqları qeydə alınmışdır. “Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktı”ndan və mütəxəssis rəyindən müəyyən olunur ki, faktiki ölçüsü 0,1085 ha təşkil edən 4500 a saylı bağ torpaq sahəsi iddiaçının mülkiyyətində olan 4500 saylı bağ sahəsi ilə bir hasar daxilində yerləşməklə, qonşu bağ sahələri ilə üst-üstə düşmür, heç bir maneəçilik törətmir. Beləliklə 4500 a saylı bağ torpaq sahəsinin 1970-ci ildən X2, daha sonra isə iddiaçının sahibliyində olması işin mübahisəsiz halıdır. Cavabdeh iddiaçının tələbini təmin etməkdən imtina edərkən əlavə torpaq sahəsinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.7-ci maddəsində və Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nda nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlərin təqdim edilmədiyinə istinad etmişdir. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli sərəncamı ilə yerli icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilmiş, bağ təsərrüfatı idarələrinin arxiv sənədləri Əmlak Məsələləri Dövlət Komitəsinə təhvil verilmişdir. Sərəncamın tələbləri baxımından bağ torpaq sahələri “Torpaq islahatı haqqında” Qanuna əsasən vətəndaşların mülkiyyətinə verilməlidir. Eyni zamanda, bağ torpaq sahələri üzərində hüquqların dövlət qeydiyyatı üçün tələb olunan sənədlərin dairəsi müəyyən edilmiş və bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarışlar hüquqların dövlət qeydiyyatı üçün əsasdır. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli sərəncamı ilə Bakı şəhər İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilməklə, ləğv olunan bağ təsərrüfatı idarələrinin arxivlərinin Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə verilməsi qərara alındığından, ləğv olunmuş bağ təsərrüfatı idarəsi ilə hazırda mübahisəli torpaq sahəsinə dair yeni icarə müqaviləsinin bağlanmasının mümkünsüz olduğunu, bağ torpaq sahəsinin 0,12 ha hissəsinin 4500 nömrə ilə xüsusi mülkiyyət hüququ ilə iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığını, mübahisəli 0,1085 ha torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış həmin torpaq sahəsinin ayrılmaz hissəsi olduğunu nəzərə alaraq, məhkəmə hesab edir ki, qeyd olunan torpaq sahəsinin 0,1085 ha-dan ibarət hissəsi rəsmi sənədlərdə müəyyən olunmuş 4500 a nömrəsi ilə iddiaçının adına xüsusi mülkiyyət hüququ ilə qeydiyyata alınmalıdır. Beləliklə məhkəmə qeyd edir ki, məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə cavabdeh imtinasını zəruri edən şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin olunmalıdır.

NƏTİCƏVİ HİSSƏ

Şərh olunanlara əsasən və İPM-nin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:

İddia təmin edilsin. Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, Ləhiş bağ sahəsində yerləşən faktiki ölçüsü 0,1085 ha olan 4500 a saylı bağ torpaq sahəsi üzərində İddiaçı xüsusi mülkiyyət hüquqlarının qeydiyyata alınmaqla, qeyd olunan bağ torpaq sahəsinə dair onun adına ayrıca Daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın, plan və ölçünün tərtib olunaraq, verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Nəriman Abıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar